Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
BakıBölgəHüquq PozuntularıSliderTibbi yardım hüququXƏBƏRLƏR

Həbsdə olan AXCP fəalı cəzaçəkmə müəssisəsinin tibb-sanitar hissəsindəki durumdan narazılığını bildirib

by Gozetci 18:10, 05 Avqust 2023
written by Gozetci

Zamin Salayev

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon təşkilatının sədri Zamin Salayev saxlanıldığı 11 saylı Cəzaçəkmə Müəssisəsinin tibb-sanitar hissəsində dərmanların məhbuslara pulla satıldığını iddia edib.

“Adətən həbsxanadan zəng edənlər həbsxana adminstrasiyasından şikayətlənirlər. Amma bu dəfə fərqli oldu. Zamin Salayevin cəzaçəkmə müəssisəsinin adminstrasiyasından heç bir şikayəti olmasa da tibb-sanitar hissəsinin baş həkimi Elşad İsayevdən və Yusif həkimdən çox şikayət etdi. Zamin bəyin verdiyi məlumata görə xəstələr baxımsız qalıblar. Müalicə olunmurlar. Həkimlər dərmanları pulla satır. Pulsuz iynə və sistemlər qoşulmur. Baxımsızlıqdan hətta ölənlər olub. Etiraz edən məhkumlara həkim deyir “canın çıxardı tutulmazdın”, avqustun 5-də Zamin Salayevlə telefon danışığından sonra AXCP Rəyasət Heyətinin üzvü Asif Yusifli facebook hesabında yazıb.

Asif Yusifli Amerikanın Səsinin müxbirinə deyib ki, Zamin Salayev 114 gün aclıq keçirib, azı 50 kiloqram çəki itirib. O ürək və böyrək çatışmamazlığından əziyyət çəkir.

Bununla yanaşı, Penitensiar Xidmət Zamin Salayevin iddiaları ilə bağlı Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.

Həmçinin 11 saylı Cəzaçəkmə Müəssisəinin növbətçi hissəsindən Amerikanın Səsinə bildiriblər ki, sanitar-tibb hissəsi ilə telefon əlaqəsi olmadığından onlarla əlaqə saxlamaq mümkün deyil. Bununla yanaşı, sanitar-tibb hisəsinin baş həkimi və həkimi də hələ Zamin Salayevin iddialarına münasibət bildirməyib.

Xatırlatma

Zamin Salayev bu il fevralın 7-də saxlanılıb.

Fevralın 8-də Bakının Qaradağ Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq – silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) ilə cinayət işi açılıb.

Salayev həbsinin sifariş olduğunu hesab edir və məhkəmə qərarına etiraz olaraq 114 gün aclıq edib. İyunun 1-də o, aclığı dayandırıb.

Mayın 22-də Qaradağ Rayon Məhkəməsi hakim Rufan Mürsəlovun sədrliyi ilə Zamin Salayevin 4 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Çoxsaylı beynəlxalq təşkilatlar, ABŞ Dövlət Departamenti Azərbaycan hökumətini Zamin Salayevlə bağlı işə ədalətli baxılmasına çağırıb.

Amerikanın Səsi

18:10, 05 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq PozuntularıSliderXƏBƏRLƏRYaşamaq hüququ

Qardaşı Qubad İbadoğlunun ölüm təhlükəsində olduğunu deyir

by Gozetci 13:01, 05 Avqust 2023
written by Gozetci

Qubad İbadoğlu. Foto: Meydan TV

Qalib Bayramov çağırış etdi

Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı Qubad İbadoğlunun səhhətinin kəskin şəkildə pisləşdiyi deyilir. O, Bakı İstintaq Təcridxanasında saxlanılır.
Avqustun 4-də bu barədə “Facebook”da yazan iqtisadçının qardaşı Qalib Bayramov bildirib ki, həkimlər Qubad İbadoğluya aortanın  genişlənməsi diaqnozu qoyublar:

“Aortanın partlaması ölümlə nəticələnə bilər”.

Qalib Bayramovun sözlərinə görə, 13 gündür şəkəri və qan təzyiqi normadan xeyli yüksək olan iqtisadçı sürətlə çəki itirir:

“Hətta dərmanları vaxtında və normasında qəbul etsə belə, bunun heç bir faydası olmayacaq. Çünki hazırki saxlanma şəraiti ilə (havasızlıq, hərəkətsizlik, antisanitariya, ailəsi ilə görüşə icazə verilməməsi və digər yollarla formalaşdırılan davamlı psixoloji təzyiq səbəbindən) səhhətindəki yaxşılaşmadan danışmaq yersizdir”.

“Məsələnin ciddiliyini görüb qorxuya düşən təcridxana rəhbərliyi bu gün qardaşımın ürəyinin exokardioloji müayinəsinin aparılmasını təşkil edib, məlum olub ki, aortanın kökündəki genişlənmə son 2 həftədə 37 mm-dən 41 mm-ə yüksəlib. Bu, artıq sonuncu həyəcan siqnalıdır. Aortanın anevrizması xəstəliyində reqres mümkün deyil, yəni böyümənin geri dönüşü yoxdur, bu xəstəliyin müalicəsində məqsəd proqresin qarşısını almaqdır. Qubad İbadoğlunun arterial təzyiqi hər gün 150-100, şəkəri normadan 2-3 qat artıq olur. Bu gedişlə aortanın genişlənən hissəsinin partlaması, yəni ölüm riski qaçılmazdır”,-Qalib Bayramov belə yazıb.

Qalib Bayramov. Foto: “abzas.net”

O, qardaşının ölüm təhlükəsilə qarşılaşdığını qeyd edərək,  beynəlxalq və yerli insan hüquqları təşkilatlarını, ölkədəki diplomatik korpusları, hər kəsi – bütün gücü və iradəsi çatanları Qubad İbadoğlunun həyatının itirməməsi üçün səylərini əsirgəməməyə çağırıb.

Xatırlatma

Qubad İbadoğlu iyulun 23-də saxlanılıb, ertəsi gün Nərimanov Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

ADR sədri daha dörd nəfərlə əlbirlikdə ittiham olunur.

Onların adları ilk dəfə iyulun 23-də Türkiyə mediasında açıqlanmışdı.

FETÖ (Fətullah Gülən Terror Örgütü) ilə əlaqəli şəxslər kimi təqdim olunan bu dörd nəfərə qarşı da Qubad İbadoğlu ilə eyni – Cinayət Məcəlləsinin 204.3.1 maddəsi ilə ittiham irəli sürülüb.

Sözügedən dörd nəfər Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov, Ruslan Əliyev və Anar Əliyevdir.

Qubad İbadoğlu saxlandıqdan sonra yayılan məlumatlarda iddia olunurdu ki, Anar Əliyev ifadəsində onun adını çəkib. Amma Qubad İbadoğlu ümumiyyətlə, bu şəxsi tanımadığını deyib.

Qubad İbadoğlunun ofisində, mənzilində, bağ evində axtarışlar aparılıb. Ofisdən 40 min dollar pul tapıldığı iddia olunur. Lakin ADR sədri bildirib ki, həmin pulun ona heç bir aidiyyəti yoxdur. Həmin məkan rəsmən onun adına olsa da, uzun illərdir ki, xaricdə yaşadığına görə ora gəlib-getmirdi.

Qubad İbadoğlu axtarışdan sonra məkandan çıxarılıb aparılarkən siyasi sifarişlə həbs olunduğunu bildirib.

Meydan TV 

 

13:01, 05 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Həbsdə olan “İnqilabın Səsi” platformasının üzvü Məhərrəm Əkbərovun təhdid olunduğu bildirilir

by Gozetci 17:03, 04 Avqust 2023
written by Gozetci

Məhərrəm Əkbərov

Hazırda inzibati həbsdə olan Türkiyənin Orta Doğu Texnik Universitetinin (ODTÜ) tələbəsi, “İnqilabın Səsi” platformasının üzvü Məhərrəm Əkbərovun Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsində təhdid olunduğu bildirilir. Bu barədə Amerikanın Səsinə “Demokratiya 1918” Hərəkatının sədri Əhməd Məmmədli məlumat verib.

Onun sözlərinə görə, Məhərrəm Əkbərov həbs olunandan sonra onun barəsində araşdırma aparılıb və ailəsi ilə təhdid olunub:

“Məhərrəmi Türkiyədəki fəaliyyətinə görə atası ilə təhdid ediblər. Sorğu-sual ediblər ki, “sənin oradakı solçularla nə əlaqən var?”. Atası da iki il əvvəl şərlənərək həbs olunub, hazırda həbsdədir. Anası isə Azərbaycanda bankların birində işləyir. Anasını da işdən çıxarmaqla hədələyiblər”.

Məmmədli bildirib ki, Məhərrəm Əkbərov hakimiyyətə müxalif mövqedə olduğu üçün təhdid olunur.

“Deyiblər ki, “əgər fəaliyyətinə davam eləsən, atan barəsində daha bir maddə ilə iş açarıq”. Atasının həbsini ona qarşı istifadə edirlər”, deyə o, bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin bölmə rəisi Zeyni Hüseynov Amerikanın Səsinə bildirib ki, siyasi baxışına və fəaliyyətinə görə heç kim həbs olunmur. O, bu iddianı təkzib etdiklərini deyib:

“İddialar əsassız olmaqla yanaşı şəxsi mülahizədir”.

Xat;rladaq ki, Məhərrəm Əkbərovun iyulun 15-də Xırdalanda, yaşadığı evin yaxınlığında saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin müvəqqəti rəisi Elşad Hacıyev Amerikanın Səsinə bildirib ki, Məhərrəm Əkbərova 30 sutka inzibati həbs cəzası verilib.

Elektron Məhkəmə Sistemində Məhərrəm Əkbərova Xətai Rayon Məhkəməsinin qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə 1 ay inzibati həbs cəzası verildiyi yazılıb.

Həbs xəbəri yayılan zaman “Demokratiya 1918” Hərəkatının üzvü Afiəddin Məmmədov bildirib ki, Məhərrəm Əkbərov Türkiyədəki Sosialist Əməkçilər Partiyasının tərkibindəki “İnqilabın Səsi” platformasının üzvüdür:

“Platforma Gədəbəyin Söyüdlü kəndindəki hadisələrlə bağlı müxtəlif paylaşımlar edib. Fəalın Bakı Şəhər Baş Polis İdarəsinin mülki əməliyyatçıları tərəfindən aparıldığı bildirilir, amma ailəsinə heç bir məlumat verilmir. Onun hansı səbəbdən saxlanıldığı haqda məlumat yoxdur”.

Dostları onun saxlanılmasının siyasi olduğunu deyirlər.

Sosial Əməkçilər Partiyasının Twitter hesabında da bu barədə məlumat paylaşılıb.

“Yoldaşımız Məhərrəm Əkbərov bir müddət Azərbaycan polisi tərəfindən təqib olunduqdan sonra evinin yaxınlığından qaçırılıb. Ailəsinin gərgin səyləri qarşısında onun Bakı şəhər Baş Polis İdarəsinə aparıldığı öyrənilib. Xalqı soyan Əliyev oliqarxiyası ancaq kobud güclə sağ qalmağa çalışır”, bəyanatda deyilir.

Amerikanın Səsi

17:03, 04 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Apellyasiya Məhkəməsi AXCP üzvü Elxan Əliyevi həbsdə saxlayıb

by Gozetci 16:16, 04 Avqust 2023
written by Gozetci

Elxan Əliyev

Bu gün Bakı Apellyasiya Məhkəməsi (BAM) Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Elxan Əliyevin həbsindən verilən apellyasiya şikayətinə baxaraq, onu təmin etməyib.

Bu barədə Turan-a onun vəkili Nemət Kərimli məlumat verib.

“Elxan Əliyevin dələduzluqda və sənədləri saxtalaşdırmaqda ittiham olunmasına baxmayaraq, onun əməllərində bu cinayətlərin heç bir əlaməti yoxdur. İttihamda torpaq alqı-satqısından söhbət gedir. Alqı-satqı prosesi də başa çatmayıb”, – vəkil bildirib.

Əgər torpağın sənədləri hətta saxtalaşdırılıbsa, o zaman Əliyevin bununla heç bir əlaqəsi olmayıb, çünki o, sadəcə vasitəçi olub və saxtakarlıqdan xəbəri olmayıb, deyə müdafiə tərəfi hesab edir.

Əliyev ittihamı rədd edir və hesab edir ki, o, siyasi motivlərlə təqib olunur.

“Həbsdən əvvəl o, video yayıb və ona qarşı mümkün təxribat barədə məlumat verib. Bu gün isə o, məhkəmədə ona qarşı təxribat törədildiyini və bunun onun siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirib”, – vəkil bildirib.

Əliyev son vaxtlar partiya işləri ilə bağlı tez-tez rayonlara gedib, AXCP üzvlərinin yenidən qeydiyyatdan keçmək üçün siyahılarını hazırlayırdı. AXCP-dən bildiriblər ki, ona bu “fəaliyyətin” “nəticələri” olacağı barədə xəbərdarlıq edilib.

AXCP sədri Əli Kərimli fəalın həbsini pisləyib.

“Elxana bəyə qarşı itttiham qəddarlığın və insafsızlığın bariz nümunəsidir. Elxan Əliyevin həbsi təkcə qanunsuzluq,s iyasi sifasriş deyil, birbaşa cinayətdir. Elxan bəy imkan tapıb, bir video çəkib dostlarına göndərmişdi ki, onun həbsi üçün plan var. O demişdi ki, plana görə onu hansısa saxta bir işə cəlb etmək istəyirlər. O bu işdə istifadə olunacaq adamən adını da demişdi. Burada təkcə qasnunusuz, şərlənərək həbs edilməkdən yox, Elxan bəyə qarşı cinayətin törədilməsindən söhbət gedir”, deyə Kərimli bildirib.

O, hesab edir ki, hakimiyyət “əsl müxalifəti sıradan çıxarmaq” üçün AXCP-yə təzyiqlərini davam etdirir.

“Ancaq bu cür həbslər bizi əzməyə bilməz. İndiyə qədər belə həbslər çox olub, amma biz hələ də ayaq üstə dayanırıq. Mübarizəmiz davam edəcək”, – deyə Kərimli bildirib.

Elxan Əliyev iyulun 26-da günorta saatlarında Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, İ.Əliyevlə yanaşı daha iki nəfər – Yusif Əliyev və Vəfadar Axundov da saxlanılıb.

Daxili İşlər Nazirliyinin versiyasına görə, hər üç şəxs Nardaran kəndindəki torpaq sahəsini saxta sənədlərlə satmaqda şübhəli bilinir. Onlara üç maddə – 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 320.1 (hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlama) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə torpaq alıcısı olan bir vətəndaşın tələbi ilə cinayət işi başlanılıb.

Həbsdən əvvəl Əliyev ona qarşı mümkün təxribat olduğunu açıqladığı videonu yayıb. İyulun 27-də Sabunçu Rayon Məhkəməsi Əliyev barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Turan 

16:16, 04 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

16 Azərbaycan vətəndaşı Suriyadan repatriasiya olunub

by Gozetci 12:26, 04 Avqust 2023
written by Gozetci

Avqustun 3-də 16 Azərbaycan vətəndaşı Suriyadan vətənə qaytarılıb. Cerablus şəhərindəki Amerna düşərgəsində saxlanılan 3 qadın və 13 uşaq Türkiyə ərazisindən tranzitlə Bakıya gətirilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Azərbaycan hökuməti həmin şəxslərin reinteqrasiyası və reabilitasiyası üçün bütün lazımi tədbirlərin görülməsini təmin edir.

Rəsmi məlumata görə, indiyədək İraq və Suriyadan Azərbaycana 436 Azərbaycan vətəndaşı, o cümlədən 410 uşaq və 35 qadın repatriasiya edilib.

Onlar qanunsuz silahlı birləşmələrin üzvlərinin ailə üzvləri kimi bu ölkələrdə yaşayıblar.

2018-ci ildə Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndə heyəti ilə görüşdə Azərbaycan nümayəndələri bildiriblər ki, Suriya və İrana terror təşkilatlarında iştirak etmək üçün 1477 Azərbaycan vətəndaşı (1136 kişi və 341 qadın) gedib. Onlardan 903 nəfəri (749 kişi və 154 qadın) ölüb və ya itkin düşüb.

Mətbuatda yayılan məlumatlara əsasən, Suriya və İraqda həbsxana və düşərgələrdə hələ də xeyli Azərbaycan vətəndaşı var.

Bu ilin mart ayında Bağdad həbsxanasında saxlanılan 120 azərbaycanlı qadın vətənlərinə qaytarılmalarını tələbilə audiomüraciət yayıb.

Turan 

12:26, 04 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Afiəddin Məmmədov həbsinə etiraz olaraq aclıq aksiyasına başlayıb

by Gozetci 18:59, 03 Avqust 2023
written by Gozetci

Afiəddin Məmmədov

Avqustun 3-də ictimai fəal, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində aclıq aksiyasına başlayıb. Bu barədə Amerikanın Səsinə “Demokratiya 1918” Hərəkatının sədri Əhməd Məmmədli məlumat verib.

“Vəkil bildirdi ki, Afiəddin barəsində iki məhkəmə qanunsuz hökm çıxarıb. Xətai Rayon Məhkəməsi onu 500 manat məbləğində cərimə edib. Yasamal Rayon Məhkəməsi isə 30 sutka inzibati həbs cəzası verib. O da buna etiraz olaraq aclıq aksiyasına başlayıb. Üstəlik, onun telefonla danışmaq hüququ da əlindən alınıb”.

Əhməd Məmmədli bildirib ki, Afiəddin Məmmədov artıq üçüncü dəfədir siyasi fəaliyyətinə görə həbs olunur.

“Son 10 ayda Afiəddin üçüncü dəfədir ki, şərlənərək həbs olunur. O, son 10 ayın 90 gününü həbsdə keçirməli olacaq”, deyə Məmmədli qeyd edib.

Xatırladaq ki, avqustun 2-də Xətai Rayon Məhkəməsinin qərarı ilə ictimai fəal, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci (Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi) maddəsi ilə 500 manat məbləğində cərimə olunub.

Yasamal Rayon Məhkəməsi isə onun barəsində İXM-nin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə 30 sutka inzibati həbs cəzası verib.

Avqustun 1-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası və Kuryer Birliyi Həmkarlar İttifaqı yeni qüvvəyə minmiş qanunla bağlı bəyanat yayıb.

Elə həmin gün bir qrup moped sürən kuryer polislərin onların nəqliyyat vasitələrini cərimə meydançasına aparmasına etiraz edib. Afiəddin Məmmədov da aksiyadan sonra saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, məhkəmə qərarı ilə müəyyən edilən borc öhdəliyindən yayındığına görə axtarışda olan Afiəddin Məmmədovun yeri müəyyən olunaraq saxlanılıb:

“Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Məmmədova məhkəmənin qərarı ilə 30 gün müddətinə inzibati həbs cəzası verilib”.

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası 2022-ci il martın 1-də bir qrup işçi fəallar tərəfindən qurulub.

İttifaqın məqsədi Azərbaycanda baş verən işçi istismarına qarşı mübarizə aparmaq, işçilərə ödənişsiz hüquqi yardım göstərmək, həmkarlar ittifaqı ənənəsini yenidən bərpa etmək, işçiləri təşkilatlandırmaq və birgə mübarizəyə təşviq etməkdir.

Amerikanın Səsi

18:59, 03 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq Pozuntularıİşgəncə və pis rəftarSliderXƏBƏRLƏRYaşamaq hüququ

62 gün aclıq aksiyası keçirən şəxs təcridxanada dünyasını dəyişdi

by Gozetci 16:43, 03 Avqust 2023
written by Gozetci

1 saylı Bakı İstintaq Təcridxanasında 62 gün aclıq aksiyası keçirdiyi bildirilən Şaiq Kazımov vəfat edib.

Onun anası Nərminə Ələkbərova bildirir ki, oğlu aclığı şərləndiyinə görə başlamışdı.

Ananın sözlərinə görə, oğlu may ayının 24-də 19-cu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb:

“Mənim balamı arxadan 20 nəfər mülki geyimli şəxs əlində tapança, dəyənək evin blokunda çoxlu döyüblər. Oğlum səbəbini soruşanda uşağımın başını təpikləyib ciblərinə 700 qram nəşə doldurublar”.

Ələkbərova bildirir ki, oğlunun saxlanılması ilə bağlı ona Nəsimi Rayon Polis İdarəsindən məlumat verilib, onun narkotik satan olduğu deyilib:

“Dedim, axı biz kasıb adamlarıq, oğlum idmançıdır, çəkən deyil, satan deyil. Durub idarəyə getmişəm, eyni cavab verdilər”.

Bundan sonra polisin 102 xidmətinə şikayət etdiyini deyən N.Əkbərovanın sözlərinə görə, idarədə övladına ağır işgəncələr verilib.

Şikayətçi qeyd edib ki, oğlu təcridxanaya köçürüldükdən sonra ona zəng edib və şərləndiyini, bədənində bir sağlam yerin olmadığını deyib:

“İki gün sonra oğlum damarını doğradı. Oğlum mənə zəng vurub ora çağırdı ki, bəlkə bir də səni görmədim”.

Nərminə Ələkbərova qeyd edib ki, görüşdə oğlu ona İbrahim adlı polis əməkdaşının göstərişi ilə şərləndiyini deyib. Buna etiraz olaraq o, işinə obyektiv yanaşılması tələbi ilə aclıq aksiyasına başlayıb.

Şikayətçinin sözlərinə görə, övladının məsələsi ilə bağlı dəfələrlə yuxarı instansiyalara müraciət etsə də, şikayətləri nəticəsiz qalıb:

“Prezidentə, vitse-prezidentə, Baş prokurora, Ombudsmana iki aydır müraciət etmişəm ki, uşağım ölür. Həkimləri göndəriblər, həkimlər onlara deyiblər ki, aclıq yoxdur”.

Nərminə Ələkbərova bildirib ki, aclıq aksiyası zamanı övladı 66 kiloqram çəki itirdikdən sonra həyatını itirib:

“Aclığın 62-ci günü mənə deyiblər ki, uşağının halı pisləşib. Aparıblar müalicə müəssisəsinə orada guya sistem vurublar. Getmişəm uşağımı görməyə, dedilər ki, uşaq öldü. Mən tələb edirəm ki, uşağımın qanı yerdə qalmasın”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis vəzifəsini icra edən Elşad Hacıyev Meydan TV-yə iddiaların əsassız olduğunu deyib. Onun fikrincə ananın sözləri müdafiə xarakterlidir və müraciət olunarsa, araşdırıla bilər.

Penitensiar Xidmətdən isə araşdırıldıqdan sonra məsələyə münasibət bildiriləcəyini deyiblər.

Meydan TV 

16:43, 03 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Qubad İbadoğlunun evində aparılan axtarışla bağlı verilən şikayət təmin olunmayıb

by Gozetci 15:42, 03 Avqust 2023
written by Gozetci

Qubad İbadoğlu

Avqustun 2-də Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri, iqtisadçı, London İqtisadi və Siyasi Elmlər Məktəbinin professoru Qubad İbadoğlunun mənzilində və bağ evində aparılan axtarışla bağlı Nərimanov Rayon Məhkəməsinin qərarından apellyasiya şikayətinə baxılıb.

Vəkil Zibeydə Sadıqova bildirib ki, onlar Bakı Apellyasiya Məhkəməsinə Qubad İbadoğlunun Yasamalda və Novxanıdakı evlərində aparılan axtarışla bağlı məhkəmə qərarının əsassız olduğunu bildiriblər:

“Çünki heç bir əsaslandırma olmamışdı. Axtarışda Qubad müəllimin və evin mülkiyyətçisinin iştirakı təmin olunmamışdı. Məhkəmədən xahiş etdik ki, həmin qərarı qanunsuz hesab etsin, lakin təəssüf ki, məhkəmə bizim şikayətimizi təmin etmədi”.

Vəkilin sözlərinə görə, Qubad İbadoğlu özü də məhkəmədə iştirak edib.

“Qubad müəllim şikayətini müdafiə etdi və birinci axtarışda iştirak etmişdi, həmin məsələlərə məhkəmədə aydınlıq gətirdi. Məhkəmə bizim arqumentlərimizi nəzərə almadı”.

İyulun 24-də Nərimanov Rayon Məhkəməsində Qubad İbadoğlu barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.

İyulun 28-də Qubad İbadoğlu barəsində seçilmiş həbs qətimkan tədbirindən verilmiş apellyasiya şikayəti təmin olunmayıb.

Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.

Azərbaycan Daxili İşlər Nazirliyi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamı qəbul etmir. O, məhkəmədə irəli sürülən ittihamı saxta adlandrıb.

Qubad İbadoğlu vaxtı ilə Fulbrayt proqramı çərçivəsində ABŞ-da təhsil alıb. O, ölkədə və beynəlxalq aləmdə iqtisadiyyat sahəsində tanınan alimlərdəndir. İqtisad elmləri doktoru İbadoğlu London İqtisadiyyat Məktəbi, ABŞ-ın Duke və Ratqers Universitetlərinin professoru olub. İqtisadiyyat üzrə ən nüfuzlu beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edib.

Uzun illər xaricdə yaşadıqdan sonra bu yaxınlarda Azərbaycana qayıdan İbadoğlu ötən ay mühacirətdə olan bir neçə aparıcı azərbaycanlı siyasətçi və fəalla birlikdə Londonda Azərbaycan Gənclərinin Təhsil Fondunun yaradılmasını elan edib. Qubad İbadoğlu Azərbaycan məmurlarının xarici ölkələrdə olan qanunsuz yolla qazandıqları vəsaitlərin bu fonda köçürülməsinə və gənclərin təhsilinə sərf olunmasına çağırıb.

Amerikanın Səsi

15:42, 03 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

İranda saxlanılan azərbaycanlı tələbəyə son söz üçün vaxt verilib

by Gozetci 14:08, 02 Avqust 2023
written by Gozetci

Fərid Səfərli

Fərid Səfərliyə yaxın günlərdə hökm oxunacaq

İranda həbs edilən azərbaycanlı tələbə Fərid Səfərliyə avqustun 3-dək məhkəmədə son söz üçün vaxt verilib.

Bu barədə anası Dilarə Əsgərova məlumat verib.

O bildirib ki, oğluna yaxın günlərdə hökm oxunacaq.

Onun sözlərinə görə, oğlu son vaxtlar məhkəmədə ciddi psixoloji təzyiqə məruz qalır. Bəzi məsələrlə bağlı vəkilə ehtiyacı var, lakin təmin edilmir:

“Azərbaycanın İrandakı konsulluğu bir neçə vəkil məsləhət görsə də, razılaşa bilmədik. Xidmət haqqını fantastik həddə yüksək tələb edirlər, vəkillər İran azərbaycanlılarıdırlar. Təkcə, Fəridin telefon zənglərinə cavab verməyə görə 5000 dollar məbləğ istəyirlər. Prosesdə iştiraka görə isə ağlasığmaz bir məbləğ tələb edirlər. Hələ minnət də qoyurlar ki, öz azərbaycanlımızsan”.

Dilarə Əsgərova bildirir ki, oğlu ilə məsləhətləşib.

Fərid ona deyib ki, vəkilin məhkəmənin qərarına təsir etmək imkanı demək olar, sıfırdır və üstəlik, ona qarşı irəli sürülən ittihama dair heç bir sübut yoxdur. Yalnız məsləhət almaq üçün bu məbləği vermək mənasızdır:

“Üstəlik, mənim bu məbləği ödəməyə imkanım olmadığını da nəzərə alıb, Fəridlə qərara aldıq ki, İrandan vəkil tuta bilmirik, buna görə də Azərbaycandan Fəridi bir vəkillə əlaqələndirək ki, zəng edib suallar verə bilsin məhkəməyə qədər. İki vəkil canla, başla heç bir ödəniş olmadan Fəridə kömək edə biləcəklərini dedilər. Nədənsə Azərbaycanın İrandakı Konsulluğu Fəridlə vəkillər arasında telefon əlaqəsi yarada bilməyəcəklərini bildirdilər. Bu ümidimiz də puç oldu. Fərid çox gərgin danışırdı. Hakimin psixoloji təzyiqləri, bu günə qədər vəkillə təmin olunmaması, məhkəmədə Azərbaycan tərəfdən heç kimin iştirak etməməsi onu çox narahat edir”.

Ana bildirir ki, hər yerdən əli üzüldüyü üçün özü oğluna bəzi məsləhətlər verib:

“Məsələn, Fərid onun ifadəsinin farsca yazılı variantını başa düşmür, tapşırdım ki, altına “başa düşmürəm” yaz, sonra qol çək və s”.

Ana Azərbaycan hökumətinin vətəndaşına sahib çıxmamasından təəssüflənir.

Fərid Səfərli nə vaxt həbs olunub?

Almaniyanın Yena şəhərində magistratura təhsili alan 27 yaşlı Fərid Səfərlinin İrana səfərindən sonra ondan xəbər almaq mümkün olmayıb.

Anası deyib ki o, İrana bir zamanlar Yena Universitetində təcrübə keçən həkim qız dostunu görmək üçün gedib.

Fevralın 20-də Almaniyadan çıxan Fərid İranda olarkən dostları və ailəsi ilə əlaqə saxlayıb.

Martın 3-də Almaniyadakı dostlarından ona bilet almalarını da rica edib.

O, martın 4-də Tehran-İstanbul-Berlin reysi ilə Almaniyaya dönməliymiş, lakin həmin gündən onunla əlaqə saxlamaq mümkün olmayıb.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) martın 9-da Fərid Səfərli ilə bağlı İrana nota verib.

Fərid Səfərlinin anası Dilarə Əsgərova oğlunun İranda həbs olunması ilə bağlı rəsmi məktubu iyunun 1-də alıb.

XİN-dən tələbənin anasına deyiblər ki, Fərid Səfərli İranda casusluq ittihamı ilə saxlanılıb.

İran hüquq-mühafizə orqanları onun saxlanılmasını 3 ay gizlədiblər.

Meydan TV 

14:08, 02 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBərabərlik hüququBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

İctimai fəal Afiəddin Məmmədov saxlanılıb (YENİLƏNİB)

by Gozetci 10:16, 02 Avqust 2023
written by Gozetci

Afiəddin Məmmədov

Afiəddin Məmmədova 30 sutka həbs cəzası verildiyi bildirilir

O, məhkəmə qarşısına öz vəkili olmadan çıxarılıb

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri, avqustun 1-də saxlanılan Afiəddin Məmmədova 30 sutka inzibati həbs cəzası verilib. Meydan TV-nin əldə etdiyi məlumata görə, onun haqqında Xətai Rayon Məhkəməsinin hakimi Rəfail Sadıxov bu barədə qərar çıxarıb. O, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi) maddəsilə cəzalandırılıb.

Afiəddin Məmmədovun üzv olduğu “Demokratiya-1918” Hərəkatının sədri Əhməd Məmmədli bildirib ki, ictimai fəalın məhkəmədə müdafiə hüququ da pozulub. O, məhkəmə qarşısına öz vəkili olmadan çıxarılıb:

“Məhkəmənin katibi deyir ki, “hələ məhkəmə keçirilməyib, qərar verilməyib”, amma bu biri tərəfdə Daxili İşlər Nazirliyi ona 30 sutka həbs cəzası verilməsi barədə məlumat yayır. Əvvəl heç olmasa, saxta məhkəmə qurulurdu, indi ona da ehtiyac duyulmur”.

*   *   *

Polis onunla bağlı araşdırma aparıldığını deyir

İctimai fəal, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov saxlanılıb. Onun eyni zamanda, üzv olduğu D-18 Hərəkatından verilən məlumata görə, Afiəddin Məmmədov avqustun 1-də axşam saatlarında evə gedərkən onu mülki geyimlilər saxlayaraq, zorla maşına mindirib. Sonradan həmin şəxslərin Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları olduğu müəyyənləşdirilib.

“Hazırda Afiəddin Məmmədovu şərləyib həbs etməyə hazırlaşırlar. Üç saat əvvəl Kuryerlər Birliyinin aksiyası zamanı artıq mülki geyimli polis əməliyyatçılarının bizi izlədiyini hiss etmişdik”, – D-18 Hərəkatının sədri Əhməd Məmmədli bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti Afiəddin Məmmədovun saxlandığını təsdiqləyib:

“Hazırda araşdırma aparılır, əlavə məlumat veriləcək”.

Afiəddin Məmmədov bundan əvvəl polisə müqavimət ittihamıyla bir neçə dəfə həbs olunub. Lakin o, bu ittihamların saxta olduğunu, ictimai fəaliyyətinə görə cəzalandırıldığını bildirib. Bu həbslərin birində ictimai fəal bildirmişdi ki, Bakı şəhər Baş Polis İdarəsində ondan telefonuna daxil olmaq üçün parolu verməyi tələb ediblər. O isə parolu verməkdən imtina edib. Buna görə orada işgəncəyə məruz qalıb.

Meydan TV 

10:16, 02 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir

  • Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib

  • Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir
20:17, 25 Mart 2026
Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib
22:20, 23 Mart 2026
Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir
16:26, 19 Mart 2026
Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia