Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

Vəkil: Qubad İbadoğlu “Palmalı” şirkətlər qrupunun sahibi ilə əlaqələri barədə yayılan məlumatları təkzib etdi

by Gozetci 16:50, 14 Avqust 2023
written by Gozetci

Qubad İbadoğlu

“Qubad İbadoğlunun səhhətində problemlər qalmaqdadır. Havaların isti keçməsi probleməri daha da artırır. Onun ürək-damar sistemində problemlər var, qan təzyiqi tez-tez dəyişir. Eyni zamanda şəkər xəstəliyindən əziyyət çəkir. Son günlər qanda şəkərin səviyyəsi daha da yüksəlib”.

Bu barədə vəkil Bəhruz Bayramov avqustun 14-də 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu ilə görüşündən sonra Amerikanın Səsinə bildirib.

Vəkilin dediyinə görə, Qubad İbadoğlu hər hansı təqsirinin olmadığını bir daha bildirib.

“Dünya şöhrətli bir alimə, müəllimə qarşı belə bir ittihamın ümumiyyətlə motivi yoxdur. Qubad İbadoğlu bu gün, avqustun 14-də Çində dünyadakı beyin mərkəzlərinin toplantısında iştirak etməli idi. Amma, təəssüf ki, o həbsdə olduğu üşün iştirak edə bilmədi”.

Türkiyədə həbs edilərək Azərbaycana gətirilən iqtisadçı alim Fazil Qasımovla Qubad İbadoğlunun əlaqələrinə gəlincə vəkil deyib ki, onların ünsiyyətinin olub-olmaması hələ məlum deyil.

“Amma, Qubad bəyə onlarla tələbə, iqtisadçı müraciət edərək məsləhətlər alıb. Bu təbii haldır. Onun çoxsaylı tələbləri bunu edib. Yəni, Qubad İbadoğlunun kiminləsə saxta pul hazırlaması, hansısa dəstə yaratması, bu mümkün olan hal deyil”.

Qubad İbadoğlu “Palmalı” şirkətlər qrupunun sahibi Mübariz Mənsimovla əlaqələri barədə yerli mediada yayılan məlumatları təkzib edib.

“Qubad bəy bildirdi ki, Mübariz Mənsimovla heç zaman görüşməyib. Dedi ki, ümumiyyətlə onunla heç bir əlaqəsi olmayıb”, Bayramov qeyd edib.

Beynəlxalq təşkilatların Qubad İbadoğlunun hüquqlarının müdafiəsi ilə bağlı məsələyə gəlincə İbadoğlu bildirib ki, beynəlxalq təşkilatlar iş aparsa da, faktiki bir nəticəsi yoxdur.

Vəkil sabah, avqustun 15-də Qubad İbadoğlu ilə bağlı istintaq hərkətlərinin aparılacağını deyib.

Bununla yanaşı, Qubad İbadoğlunun qardaşı Qalib Toğrul facebook səhifəsində yazıb ki, “saxta ittihamlarla saxlanıldığı gündən Qubad İbadoğluna qarşı həyata keçirilən psixoloji təzyiq davam etdirilir”.

“Ailə üzvləri ilə görüşə qadağa qoyulması, övladlarl ilə telefon əlaqəsinə icazə verilməməsi azmış kimi, bu gün məlum olub ki, qardaşımdan vəkillərinin telefon nömrələrinin siyahısı olan qeydlləri də alıblar. Halbuki, təqsirləndirilən şəxs kimi onun vəkillərlə istənilən vaxt əlaqə saxlamaq hüququ var”, o qeyd edib.

Öz növbəsində vəkil Bayramov Qalib Toğrulun yazdıqlarını Amerikanın Səsinə təsdiq edib.

“O vəkillərinin telefon nömrələri olan qeydlərini təcridxana nəzarətçiləri tərəfindən əlindən alındığını bildirdi. Mən vəkillərin telefon nömrələrini yenidən yazıb ona təqdim etdim”, vəkil qeyd edib.

Penitensiar Xidmət Amerikanın Səsinin Qubad İbadoğlu ilə bağlı sorğusuna hələ cavab verməyib.

Xatırlatma

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu barəsində 3 ay 26 gün həbs qətimkan tədbiri seçib.

Qubad İbadoğlu barəsində seçilmiş həbs qətimkan tədbirindən verilmiş apellyasiya şikayətləri təmin olunmayıb.

Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.

Azərbaycan Daxili İşlər Nazirliyi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamı qəbul etmir. O, məhkəmədə irəli sürülən ittihamı saxta adlandrıb.

Qubad İbadoğlu vaxtı ilə Fulbrayt proqramı çərçivəsində ABŞ-da təhsil alıb. O, ölkədə və beynəlxalq aləmdə iqtisadiyyat sahəsində tanınan alimlərdəndir. İqtisad elmləri doktoru İbadoğlu London İqtisadiyyat Məktəbi, ABŞ-ın Duke və Ratqers Universitetlərinin professoru olub. İqtisadiyyat üzrə ən nüfuzlu beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edib.

Uzun illər xaricdə yaşadıqdan sonra bu yaxınlarda Azərbaycana qayıdan İbadoğlu ötən ay mühacirətdə olan bir neçə aparıcı azərbaycanlı siyasətçi və fəalla birlikdə Londonda Azərbaycan Gənclərinin Təhsil Fondunun yaradılmasını elan edib. Qubad İbadoğlu Azərbaycan məmurlarının xarici ölkələrdə olan qanunsuz yolla qazandıqları vəsaitlərin bu fonda köçürülməsinə və gənclərin təhsilinə sərf olunmasına çağırıb.

Çoxsaylı yerli və beynəlxalq hüquq müdafiə təşkilatları, həmçinin ABŞ Dövlət Deparatmenti Qubad İbadoğlunun həbsindən narahatlığını bildirib, onun azad edilməsini tələb edib.

“İnsan hüquqları hər zaman Birləşmiş Ştatlar üçün masadadır və biz öz narahatlığımızı açıq və fərdi qaydada ifadə edirik,” Dövlət Departamentinin sözçüsü Metyu Miller İbadoğlunun həbsinə münasibət bildirərkən deyib.

Amerikanın Səsi

16:50, 14 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBərabərlik hüququBölgəHüquq Pozuntularıİşgəncə və pis rəftarSliderXƏBƏRLƏR

Taleh Bağırzadəyə görə döyülən məhbusun qaşıq udduğu bildirilir

by Gozetci 16:04, 14 Avqust 2023
written by Gozetci

Taleh Bağırzadə. Foto: Meydan TV

“Məhbuslardan Siyavuş Əsədov rəisin otağında döyülüb, karsa salınıb”

Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadənin saxlandığı 12 saylı cəzaçəkmə müəssisəsində onunla yaxşı münasibəti olan məhbusların işgəncəyə məruz qaldığı, əsassız cəzalandırıldığı bildirilir.

Məlumata görə, Elvin Məmmədov adlı məhbus işgəncələrə etiraz olaraq, qaşıq udub.

Bu barədə Meydan TV-yə Müsəlman Birliyi Hərəkatından məlumat verilib.

Bildirilir ki, məhbuslardan Siyavuş Əsədov bir neçə gün əvvəl Taleh Bağırzadə ilə münasibətlərinə görə cəzaçəkmə müəssisəsinin rəisi Mehman Əliyevin otağına çağırılaraq, döyülüb:

“Mehman Əliyev onu otağında döydürüb, ardınca da onu “karsa” göndəriblər. Bununla da kifayətlənməyiblər. Ertəsi gün eyni vəhşilik “kars”da davam edib. Siyavuş Əsədova “kars”da rəis müavini Babək İsgəndərov ağlasığmaz işgəncələr verib. Taleh Bağırzadə Siyaviş Əsədova qarşı bu vəhşiliklər törədiləndə onun hüquqlarını müdafiə edib, bu da onları qəzəbləndirib. Başqa bir məhbus İsmayıl İbrahimov da Taleh Bağırzadə ilə münasibətlərinə görə işgəncəyə məruz qalıb – ona 2 ay “kars” cəzası verilib. Amansız işgəncələr ucbatından digər məhbus Elvin Məmmədov qaşıq udub, o vəziyyətdə “kars”a salınıb. Bütün bu işgəncələr hara qədər davam etməlidir ki, rəhbər şəxslər buna əhəmiyyət versinlər, qarşısını almaq üçün tədbir görsünlər?”

Müsəlman Birliyi Hərəkatından bildirilib ki, Taleh Bağırzadə özü də gündəlik ibadətlə məşğul olarkən, dua edərkən ona maneələr yaradılır.

Təşkilatdan verilən məlumata görə, o, bununla əlaqədar bir sıra qadağalarla üzləşir:

“Qanunsuzluq mühitində cəzalanmayacağına əmin olan Mehman Əliyev kimi müəssisə rəhbərləri bir zamanlar Yezidin İmam Səccada qadağan etmədiyi dua ilə məşğul olmağı belə, indi qadağan edir…”

Hərəkat Taleh Bağırzadə və onunla ünsiyyətdə olan məhbuslara qarşı təzyiqlərlə əlaqədar Penitensiar Xidmətin rəhbərliyinə müraciət edib.

Həmçinin Ombudsman Aparatının əməkdaşlarının 12 saylı cəzaçəkmə müəssisəsinə baş çəkib, araşdırma aparmalarını xahiş edib:

“Biz həm də vətəndaş cəmiyyətinə, hüquq müdafiəçilərinə, beynəlxalq təşkilatlara müraciət edirik. İnsanlara qarşı işgəncələrə, təməl hüquqların tapdanmasına biganə qalmasınlar”.

İşgəncə iddialarına Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.

12 saylı cəzaçəkmə müəssisəsində işgəncə hallarıyla bağlı şikayətlər bundan əvvəl də dəfələrlə səslənib. Hətta bu müəssisənin və onun rəis müavini Babək İsgəndərovun adı işgəncə iddialarıyla əlaqədar beynəlxalq təşkilatların sənədlərində də yer alıb. Lakin Penitensiar Xidmət işgəncə iddialarını təkzib edib.

Xatırlatma

Taleh Bağırzadə 2015-ci ilin noyabrında Nardaran hadisələri zamanı həbs olunub.

O, həmin hadisələrlə əlaqədar terrorçuluq, qəsdən adam öldürmə, dövlət çevrilişinə cəhd və s. ittihamlarla 20 il azadlıqdan məhrum edilib. Lakin ilahiyyatçı bu ittihamların hamısının saxta olduğunu bəyan edib.

O bildirib ki, siyasi sifarişlə həbs olunub, səbəb isə hakimiyyətin ünvanına səsləndirdiyi tənqidi fikirlərdir.

İlahiyyatçı ona verilmiş cəzanın 7 ilini qapalı həbsxana rejimində çəkib.

O, 2022-ci ildə 12 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb.

Meydan TV 

16:04, 14 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

AXCP kuryerlərə və İşçi Masası fəallarına qarşı təzyiqlərə etiraz etdi

by Gozetci 15:25, 14 Avqust 2023
written by Gozetci

“İlham Əliyev hakimiyyəti ölkədə onun nəzarətindən kənar hər cür təşkilatlanmaya və etirazlara böyük təhlükə kimi baxır”

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) kuryerlərə və İşçi Masası fəallarına qarşı repressiyalara etiraz bəyanatı yayıb.

Bəyanatda bildirilir ki, avqustun 1-dən bəri İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının üzvlərinə qarşı repressiyaya başlanılıb. Səbəb onların mopedlərlə müştərilərə qida sifarişləri daşıyan kuryerlərin pozulan hüquqlarını müdafə etməsidir.

Sənəd müəllifləri xatırladır ki, avqustun 1-də bir qrup kuryer idarə etdikləri mopedləri yol polislərinin saxlayaraq cərimə meydançasına aparmasına etiraz edib. Həmin etiraz aksiyasından dərhal sonra İşçi Masasının sədri Afiəddin Məmmədov saxlanılıb və 30 sutka inzibati həbsə məhkum edilib. Sonrakı günlərdə isə İşçi Masası İdarə Heyətinin üzvləri Ayxan İsrafilov və Elvin Mustafayev narkotik maddələrin əldə edilməsi, saxlanılması və satışı ittihamı ilə həbs olunublar. İşçi Masası İdarə Heyətinin daha bir üzvü Orxan Zeynalov isə onu təqib edənlərin əlindən qaçaraq yayına bilib və həbs təhlükəsi barədə sosial şəbəkə üzərindən məlumatlar yaydıqdan sonra Daxili İşlər Nazirliyi onun barəsində hər hansı icraat tədbiri olmadığı haqda açıqlama verib.

AXCP həbs edilən İşçi Masası üzvlərinə qarşı rəsmi ittihamları qurama hesab edir və həmin şəxslərin bilavasitə ictimai fəaliyyətlərinə görə hədəfə alındıqlarını bildirir:

“Sərt avtoritar mahiyyəti və repressiya vərdişləri ilə tanınan İlham Əliyev hakimiyyəti ölkədə onun nəzarətindən kənar hər cür təşkilatlanmaya və etirazlara böyük təhlükə kimi baxır. İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası da məhz işçilərin, konkret halda kuryerlərin hüquqlarını müdafiə edən müstəqil ictimai təşkilat olaraq hakimiyyətin qəzəbinə və hədəfinə tuş gəlib”.

“AXCP İşçi Masasına qarşı hakimiyyətin repressiv münasibətini kəskin şəkildə pisləyir, təskilatın həbs edilən üzvlərinə azadlıq tələb edir”, – bəyanatda vurğulanır.

AXCP hakimiyyətdən tələb edir ki, ölkədə müxalif və müstəqil ictimai-siyasi qüvvələrə qarşı düşmən münasibətə son qoysun:

“Son aylarda başda dünyaca məşhur professor, ADR partiyasının sədri Qubad İbadoğlu olmaqla, çox sayda siyasətçi və ictimai fəal, eləcə də dini etiqadlı şəxslər siyasi mülahizələrlə həbs edilib. Hazırda təkcə AXCP-nin həbsdə 8 fəalı var. AXCP bütün siyasi məhbusların təcili qaydada azadlığa buraxılmasını tələb edir”.

“Azərbaycan cəmiyyəti onun hüquq və azadlıqları uğrunda mübarizəyə atılan bütün qüvvələrə sahib çıxmağı bacarmalı, onları repressiv Əliyev rejiminin qarşısında tək qoymamalıdır. İndiki halda belə bir müdafiəyə İşcı Masası üzvlərinin və ağır zəhmətlə özlərini dolandırmağa çalışan kuryerlərin ehtiyacı yaranıb. Xalqımız özünün bu zəhmətkeş təbəqəsinin də əzilib məhv edilməsinə imkan verməməlidir”, – partiyanın bəyanatında deyilir.

AXCP dünyanın demokratik kəsimini, beynəlxalq birliyi Azərbaycandakı getdikcə daha da sərtləşən avtoritar rejimə qarşı təcili qaydada təsirli cəza tədbirləri görməyə çağırır:

“İlham Əliyev rejimi Azərbaycanı inadla Şimali Koreya tipli bir ölkəyə çevirmək istəyir və buna yol verməmək həm də beynəlxalq birliyin öhdəsinə düşür”.

Meydan TV 

15:25, 14 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Adekvat yaşayış standartıHüquq PozuntularıLənkəran–AstaraSliderXƏBƏRLƏRYerli İcmalar

Biləsər kəndinin keçilməz yolları

by Gozetci 13:34, 14 Avqust 2023
written by Gozetci

Sakinlər: “Heç olmasa şəhid məzarlığına gedən yolu təmir etsinlər”

“Kəndimiz get-gedə boşalır. Çünki kənddə dolanışıq üçün normal şərait yoxdur”.

Bunu Meydan TV-yə Lənkəranın Biləsər kənd sakinləri bildiriblər.

Biləsər kəndi rayon mərkəzindən 38 kilometr uzaqda yerləşir. Sakinlərin sözlərinə görə, əksəriyyət iş üçün Bakıya üz tutub. Hazırda kəndin ən böyük problemi yolla bağlıdır. Şikayətçilər deyir ki, yola görə ailələrini görmək üçün kəndə tez-tez gedib-gələ bilmirlər.

“Kənddə 4 şəhid ailəsi var. Yollar o qədər bərbad gündədir ki, hətta şəhidləri ziyarət etməyə də gedib-gələ bilmirik. Həm kəndə gələn yol, həm də kəndiçi yollar dağılıb. Şəhidlərin məzarına gedən yola nə avtomobillə, nə də piyada qalxmaq mümkündür”, – sakinlərdən Eldəniz Məmmədov deyib.

“Az məsafə olsaydı, birtəhər öz hesabımıza təmir etməyə çalışardıq. Bütün yollar o vəziyyətdədir. Kəndə bir dəfə gedib-gəlmək kifayət edir ki, avtomobili təmirə verəsən”,- şikayətçi vurğulayıb.

Sakinlər bildiriblər ki, şəhid anaları da məzarlığa gedən yolun təmiri üçün müraciət ediblər, amma nəticəsiz qalıb.

Rəsmi məlumatlara görə kəndin 1300-dən çox sakini var. Kəndlilər deyirlər ki, rayon mərkəzinə gedib-gəlmək mümkün deyil. Yollar yayda toz-torpaqdan, payızda, qışda isə yağışdan keçilməz olur. Halbuki Biləsər kəndi təbiətinə görə turist cəlb edə bilər:

“Təxminən 10 il bundan qabaq kəndin yoluna asfalt çəkiləcəyi, rayonun turizm marşrutuna daxil edilmiş Lənkəran-Lerik və Hirkan-Daşdatük-Biləsər yolunun əsaslı təmiri çərçivəsində kəndin yollarının yenidən qurulacağı bildirilirdi. Sakinlərin bununla bağlı dəfələrlə müraciətlərinə reaksiya verilmir”.

Meydan TV 

13:34, 14 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Vəkil: Bəxtiyar Hacıyev psixoloji cəhətdən çox gərgindir

by Gozetci 12:22, 13 Avqust 2023
written by Gozetci

Bəxtiyar Hacıyev

1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan insan hüquqları fəalı Bəxtiyar Hacıyev fiziki olaraq normal görünsə də psixoloji olaraq çox gərgindir.

Bu barədə vəkil Rövşanə Rəhimli onunla görüşündən sonra avqustun 12-də Amerikanın Səsinə deyib.

Vəkilin sözlərinə görə, Hacıyevə qarşı qaldırılmış yeni cinayət işi üzrə istintaq davam etdirilir.

“Ona qarşı qanunsuz sahibkarlıq, rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma, qaçaqmalçılıq və digər yeni ittihamlar üzrə bir sıra insanlar, o cümlədən Bəxtiyarın dostları şahid qismində istintaqda dindirilir. Bütün bunlar Bəxtiyarı çox narahat edir. O insanların ona görə incidilməsindən çox narahatdır”, vəkil qeyd edib.

Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib.

Dekabrın 15-də Hacıyev azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başlayıb. O, ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra dekabrın 28-də aclıq aksiyasına son qoyub. Lakin yanvarın 9-da Bakı Apellyasiya Məhkəməsi onun həbsdən azad olunmasını rədd etdikdən sonra o, aclıq aksiyasını bərpa edib. Hacıyev aclıq aksiyasının 51-ci günündə aclığı dayandırıb.

Bu il iyunun 16-da istintaq orqanı Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 192-ci (Qanunsuz sahibkarlıq), 193-cü (Yalançı sahibkarlıq), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma), 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 206.1-ci (Qaçaqmalçılıq) maddələri ilə yeni ittihamlar irəli sürüb.

Vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib ki, ittihamlar Bəxtiyar Hacıyevin ictimai və hüquq müdafiəçisi kimi fəaliyyəti ilə bağlıdır.

“Yeni ittihamlar QHT işlərində olan ittihamlardır. Guya Bəxtiyar Hacıyev qrantlar alıb və təyinatı üzrə xərcləməyib. Bəxtiyar Hacıyev ittihamları qəbul etmir. O bildirdi ki, ittihamlar onun ictimai və hüquq müdafiəçisi fəaliyyəti ilə bağlıdır. Bu ittihamlar təqibin əsas mahiyyətini göstərir,” vəkil bildirib.

Məhkəmə Hacıyev barəsində müxtəlif vaxtlarda həbs qətimkan tədbirinin uzadılması barədə qərarlar qəbul edib. Sonuncu dəfə isə iyulun 22-də Xətai Rayon Məhkəməsi istintaq orqanının vəsatəti əsasında fəal barəsində həbs qətimkan tədbirini oktyabrın 8-dək uzadıb.

ABŞ Dövlət Departamenti, ABŞ Helsinki Komissiyası, Avropa İttifaqı, Avropa Şurası və bir sıra beynəlxalq QHT nümayəndələri dəfələrlə Bəxtiyar Hacıyevin həbsdən azad olunmasını tələb edib.

Amerikanın Səsi

12:22, 13 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Qarabağ qazisi özünü Hərbi Prokurorluğun qarşısında yandırıb

by Gozetci 11:51, 13 Avqust 2023
written by Gozetci

Əsgər. Foto: Meydan TV

“Hazırda qazi Reanimasiya şöbəsindədir”

Avqustun 12-də Bakıda Hərbi Prokurorluğun qarşısında özünəqəsd hadisəsi baş verib.

Meydan TV-nin əldə etdiyi məlumata görə, hadisə səhər saat 10-11 radələrində yaşanıb.

“Təxminən 30 yaşlarında olan kişi Hərbi Prokurorluğun qarşısında üstünə benzin töküb və özünü yandırıb”, – mənbə bildirib.

Özünə qəsd edən şəxsin Qarabağ qazisi olduğu, Hərbi Prokurorluqdan narazılığına görə özünə qəsd etdiyi deyilir.

Yaralı Təcili Tibbi Yardım maşınıyla Respublika Yanıq Mərkəzinə aparılıb.

Respublika Yanıq Mərkəzindən Meydan TV-yə bildiriblər ki, özünü yandıran qazi 35 yaşlı Babaşov Muxtar Rafiq oğludur və hazırda Reanimasiya şöbəsindədir.

Onun vəziyyətinin stabil olduğu bildirilib.

Meydan TV 

11:51, 13 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Azadlıq və təhlükəsizlik hüququBakıBölgəHüquq PozuntularıSliderXƏBƏRLƏR

İşçi Masasının İdarə Heyəti üzvü polis tərəfindən təqib oldunduğunu bildirir

by Gozetci 09:42, 13 Avqust 2023
written by Gozetci

Orxan Zeynalov

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyəti üzvü Orxan Zeynalov avqustun 12-də gecə saatlarında polis tərəfindən təqib olduğunu deyir. Kuryer fəaliyyəti ilə məşğul olan Zeynalova qarşı İnzibati Xətalar Məcəlləsinin 528.1-ci və Cinayət Məcəlləsinin 306.1-ci maddələri ilə ittiham irəli sürülüb. O bildirib ki, 2012-ci ildə banka 3000 manat borcu olub, həmin işi yenidən qaldıraraq onun əleyhinə istifadə edirlər:

“Həmin məbləği ödəməyim üçün 10 gün vaxt veriblər, əgər ödəməsəm həbs olunacağımı dedilər. Sosial şəbəkələrdən uzaq qalıb gecə-gündüz işləyirdim, 3000 manatı yığmaq üçün yox, evə pul qoymağım üçün. Mən həbsdə olarkən evdəkilər dolana bilsin deyə. Avqustun 12-də məhləmizdə dostum məni gördü, məni tanımırmış kimi yanımdan keçib asta səslə “səni axtarırlar” dedi. Təqib edən şəxsə doğru mopedimi sürdüm və nə lazım olduğunu soruşdum. Dedi qaqaş, bütün günü çiyinlərində çanta daşıyırsan, mavi rəng, o ağır olur? Daha sonra əli ilə kürəyimə möhkəm üç dəfə şappıldadaraq “bu dəfə yükün daha ağır olacaq, az qalıb” dedi”.

Orxan Zeynalovun sözlərinə görə, ardınca həmin şəxs telefonla binanın yanına kiminsə gəlməsini istəyib, o isə mopedi ilə oradan uzaqlaşıb.
“Hansı sürətlə sürdüyümü, necə sürdüyümü bilmirəm. Yolda görünməməyim üçün mopedin işığını söndürüb sadəcə sürətlə sürürdüm. Yadıma düşdü ki, yoldaşım arxamdadır və kaskasızdır. Qəza etsəm, ona nəsə ola bilər. Onu başqa yerdə endirib dostumgilə getməsini istədim. Nərimanovda meşəlik tərəfə sürdüm, kuryer işlədiyimdən bu ərazinin təhlükəsiz, görünməz yer olduğunu bilirdim. Ağaca söykənib özümə gəlməyə çalışdım. Gördüm ki, ağacların arasından post-patrul maşını görünür. Avtomobildən düşüb mənə tərəf addımladılar. Başa düşdüm ki, mopedə “GPS” (naviqasiya sistemi, red.) qoyublar və məni izləyirlər. Mopedi oradaca buraxıb qaçdım” – deyə, o bildirib.

O qeyd edib ki, gecə saat 4 radələrinə qədər küçələrdə gizlənib, daha sonra dostunun evinə gedib:

“Bilirəm ki, gizlənməyimin axırı yoxdur və mənasızdır. Lakin nə edim, axı üzə çıxsam narkotiklə, yaxud da başqa bir maddə ilə şərlənəcəm. Mənim günahım kiminsə müdafiəsi üçün status yazmaqdırmı? Niyə birbaşa belə bir qanun çıxarmırlar ki, etiraz edənin filan aydan, filan ilədək həbs cəzası var? Biz də işimizi bilərik. Mən bundan sonra necə rahat yaşayacağam? Mən haradan bilim ki, sabah mən yolda olarkən mopedimi avtomobil ilə vurub, qəza adıyla öldürməyəcəklər?”.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, kuryerlik fəaliyyəti ilə məşğul olan Orxan Zeynalov barəsində polis əməkdaşları tərəfindən əməliyyat tədbiri keçirilməsi ilə bağlı iddialar yalandır, yazılanlar şəxsi mülahizələrdir.

“Orxan Zeynalov üzərindən təşkil olunub qurulan kampaniyadır. Onunla bağlı DİN-in qurumları tərəfindən barəsində hər hansı müraciət araşdırılmır, icraat tədbiri yoxdur, saxlanılması nəzərdə tutulmayıb” – deyə, açıqlamada deyilir.

Xatırlatma

Avqustun 2-də Xətai Rayon Məhkəməsinin qərarı ilə ictimai fəal, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci (Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi) maddəsi ilə 500 manat məbləğində cərimə olunub.

Yasamal Rayon Məhkəməsi isə onun barəsində İXM-nin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə 30 sutka inzibati həbs cəzası çıxarıb.

Avqustun 1-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası və Kuryer Birliyi Həmkarlar İttifaqı yeni qüvvəyə minmiş qanunla bağlı bəyanat yayıb.

Elə həmin gün bir qrup moped sürən kuryer polislərin onların nəqliyyat vasitələrini cərimə meydançasına aparmasına etiraz edib. Afiəddin Məmmədov da aksiyadan sonra saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, məhkəmə qərarı ilə müəyyən edilən borc öhdəliyindən yayındığına görə axtarışda olan Afiəddin Məmmədovun yeri müəyyən olunaraq saxlanılıb:

“Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Məmmədova məhkəmənin qərarı ilə 30 gün müddətinə inzibati həbs cəzası verilib”.

Avqustun 7-də Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Anar Qafarov bildirib ki, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Elvin Mustafayev Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə şübhəli şəxs qismində saxlanılıb. Onun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

“Demokratiya 1918” Hərəkatının sədri Əhməd Məmmədlinin məlumatına görə, Elvin Mustafayev həbs olunduğu gündən etibarən aclıq aksiyasına başlayıb və hazırda səhhəti pisləşib:

“O, hazırda təcridxanadadır və həkimə ehtiyacı var. Elvin Mustafayevin bütün həyati məsuliyyətini başda İlham Əliyev olmaqla bu yarıtmaz hakimiyyət daşıyır”.

Elvin Mustafayevin də üzv olduğu “Son Ümid” Hərəkatının sədri Ramin Əliyev onun həbsini siyasi hesab edir və həbsini siyasi repressiyaların davamı adlandırıb:

“Elvinin dərhal sərbəst buraxılmasını tələb edirəm. Elvin Mustafayev spirtli içki belə içmir. Onun tək günahı motokuryer fəaliyyətinin məhdudlaşdırılmasına görə etiraz etməsidir”.

Elvin Mustafayev məhkəmədə ittihamı qəbul etmədiyini, özünü təqsirli bilmədiyini bildirib.

Avqustun 11-də İşçi Masasının İdarə Heyəti üzvü Ayxan İsrafilov da həbs olunub. Onun barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilıb. İsrafilovun da Cinayət Məcəlləsinin 234-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə ittiham olunduğu bildirilir.

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası 2022-ci il martın 1-də bir qrup işçi fəallar tərəfindən qurulub.

İttifaqın məqsədi Azərbaycanda baş verən işçi istismarına qarşı mübarizə aparmaq, işçilərə ödənişsiz hüquqi yardım göstərmək, həmkarlar ittifaqı ənənəsini yenidən bərpa etmək, işçiləri təşkilatlandırmaq və birgə mübarizəyə təşviq etməkdir.

Amerikanın Səsi
09:42, 13 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

İşçi Masasının daha bir üzvü saxlanılıb (YENİLƏNİB)

by Gozetci 11:40, 12 Avqust 2023
written by Gozetci

Ayxan İsrafilov

“Demokratiya 1918” Hərəkatı yanında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyətinin üzvü Ayxan İsrafilov barəsində avqustun 12-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə 4 ay həbs-qətimkan tədbiri seçilıb.

Bu barədə Amerikanın Səsinə “Demokratiya 1918” Hərəkatının sədri Əhməd Məmmədli bildirib.

Onun sözlərinə görə, İsrafilov Cinayət Məcəlləsinin 234-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə ittiham olunur.

“Bu ittiham tam siyasidir. Hakimiyyət son siyasi həbslərlə “Demokratiya 1918” Hərəkatının və İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının strukturunu məhv etmək istəyir. Narkotiklə ittiham olunan Ayxan hətta siqaret belə çəkməyib. Ona qarşı irəli sürülən ittiham yalnız gülüş doğurur”, o qeyd edib.

Məmmədli məhkəmənin Ayxan İsrafolov barəsində həbs-qətmkan tədbiri qərarından apellyasiya şikayəti veriləcəyini bildirib.

Rəsmi qurumlar İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının fəallarının həbsini və saxlanılmasını təsdiq etsə də, təşkilatın siyasi bəyanatlarına hələ münasibət bildirməyib. Bununla yanaşı, rəsmi Bakı bir qayda olaraq tənqidləri qəbul etmir, insanların qanun qarşısında bərabər olduğunu, belə bəyanatların özünümüdafiə xarakteri daşıdığını bildirir.

*  *   *

Avqustun 11-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyəti üzvünün saxlanıldığı bildirilir. Bu barədə Amerikanın Səsinə İşçi Masasının İdarə Heyətinin üzvü Tural Fərzili bildirib.

“Ayxan İsrafilov Nərimanov Rayon Polisi tərəfindən heç bir səbəb olmadan saxlanılıb. Ondan hər hansısa məlumat ala bilmirik. Artıq avqust ayı ərzində saxlanılan üçüncü üzvümüzdür. İşçi Masasının sədri Afiəddin Məmmədov 30 sutka inzibati həbs cəzası alıb. İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının Kuryerlər Birliyi Həmkarlar İttifaqının üzvü Elvin Mustafayev Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə həbs olunub. Daha bir İdarə Heyəti üzvümüz Orxan Zeynalova qarşı isə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi) və Cinayət Məcəlləsinin 306.1-ci (Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmək) maddələri ilə ittiham irəli sürülüb, məhkəmənin hansı qərarı verəcəyini bilmirik. Bu, İşçi Masasına qarşı repressiyadır”.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə Ayxan İsrafilov polis tərəfindən saxlanılıb və barəsində araşdırma aparılır. “İctimaiyyətə əlavə məlumat veriləcək”, deyə qeyd edilib.

Avqustun 2-də Xətai Rayon Məhkəməsinin qərarı ilə ictimai fəal, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci (Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi) maddəsi ilə 500 manat məbləğində cərimə olunub.

Yasamal Rayon Məhkəməsi isə onun barəsində İXM-nin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə 30 sutka inzibati həbs cəzası verib.

Avqustun 1-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası və Kuryer Birliyi Həmkarlar İttifaqı yeni qüvvəyə minmiş qanunla bağlı bəyanat yayıb.

Elə həmin gün bir qrup moped sürən kuryer polislərin onların nəqliyyat vasitələrini cərimə meydançasına aparmasına etiraz edib. Afiəddin Məmmədov da aksiyadan sonra saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, məhkəmə qərarı ilə müəyyən edilən borc öhdəliyindən yayındığına görə axtarışda olan Afiəddin Məmmədovun yeri müəyyən olunaraq saxlanılıb:

“Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Məmmədova məhkəmənin qərarı ilə 30 gün müddətinə inzibati həbs cəzası verilib”.

Avqustun 7-də Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Anar Qafarov bildirib ki, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Elvin Mustafayev Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə şübhəli şəxs qismində saxlanılıb. Onun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

“Demokratiya 1918” Hərəkatının sədri Əhməd Məmmədlinin məlumatına görə, Elvin Mustafayev həbs olunduğu gündən etibarən aclıq aksiyasına başlayıb və hazırda səhhəti pisləşib:

“O hazırda təcridxanadadır və həkimə ehtiyacı var. Elvin Mustafayevin bütün həyati məsuliyyətini başda İlham Əliyev olmaqla bu yarıtmaz hakimiyyət daşıyır.”

Elvin Mustafayevin də üzv olduğu “Son Ümid” Hərəkatının sədri Ramin Əliyev onun həbsini siyasi hesab edir və həbsini siyasi repressiyaların davamı adlandırıb:

“Elvinin dərhal sərbəst buraxılmasını tələb edirəm. Elvin Mustafayev spirtli içki belə içmir. Onun tək günahı motokuryer fəaliyyətinin məhdudlaşdırılmasına görə etiraz etməsidir.”

Elvin Mustafayev məhkəmədə ittihamı qəbul etmədiyini, özünü təqsirli bilmədiyini bildirib.

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası 2022-ci il martın 1-də bir qrup işçi fəallar tərəfindən qurulub.

İttifaqın məqsədi Azərbaycanda baş verən işçi istismarına qarşı mübarizə aparmaq, işçilərə ödənişsiz hüquqi yardım göstərmək, həmkarlar ittifaqı ənənəsini yenidən bərpa etmək, işçiləri təşkilatlandırmaq və birgə mübarizəyə təşviq etməkdir.

Amerikanın Səsi

11:40, 12 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Apellyasiya məhkəməsi ictimai fəalı həbsdə saxlayıb

by Gozetci 19:22, 11 Avqust 2023
written by Gozetci

Elvin Mustafayev

Avqustun 11-də Bakı Apellyasiya Məhkəməsi “Demokratiya 1918” Hərəkatının İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Elvin Mustafayev barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı şikayətini təmin etməyib.

Bu barədə Amerikanın Səsinə “Demokratiya 1918” Hərəkatının rəhbəri Əhməd Məmmədli bildirib.

Onun sözlərinə görə, Elvin Mustafayev məhkəmədə ittihamı qəbul etmədiyini, özünü təqsirli bilmədiyini bildirib.

Məmmədli bildirib ki, müdafiə tərəfi Elvin Mustafayev barəsində həbs qətimkan tədbrinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə Binəqədi Rayon Məhkəməsinə vəsatət verəcək.

Avqustun 7-də Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Anar Qafarov bildirib ki, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Elvin Mustafayev Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə şübhəli şəxs qismində saxlanılıb. Onun barəsində Binəqədi rayon məhkəməsi 4 aylıq həbs qətimkan tədbiri seçilib.

“Demokratiya 1918” Hərəkatının sədri Əhməd Məmmədli bildirib ki, Elvin Mustafayevin həbsi sifarişlidir və onun həbsinə görə hakimiyyət məsuliyyət daşıyır.

Elvin Mustafayevin də üzv olduğu “Son Ümid” Hərəkatının sədri Ramin Əliyev də onun həbsini siyasi hesab edir və həbsini siyasi repressiyaların davamı adlandırıb.

“Elvinin dərhal sərbəst buraxılmasını tələb edirəm. Elvin Mustafayev spirtli içki belə içmir. Onun tək günahı motokuryer fəaliyyətinin məhdudlaşdırılmasına görə etiraz etməsidir”, o qeyd edib

Avqustun 1-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası və Kuryer Birliyi Həmkarlar İttifaqı yeni qüvvəyə minmiş qanunla bağlı bəyanat yayıb.

Elə həmin gün bir qrup moped sürən kuryer polislərin onların nəqliyyat vasitələrini cərimə meydançasına aparmasına etiraz olaraq aksiya keçirib. Elvin Mustafayev aksiyanın təşkilatçılarından biri olub.

Elvin Mustafayev bundan öncə 2023-cü ilin yanvarında Saatlı Rayon Məhkəməsinin qərarıyla 25 sutka inzibati qaydada həbs olunmuşdu. Həmin vaxt o, İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535-ci (polisin qanuni tələbinə tabe olmama) maddələri ilə cəzalandırılmışdı. Fəal bu ittihamları qəbul etmirdi və həbsinin Saatlıda sakinlərin su tələbinə yerli hakimiyyət təmsilçilərinin, polisin buna sərt reaksiyasını tənqid etdiyinə görə cəzalandırıldığını bildirmişdi.

Avqustun 1-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədovun da aksiyadan sonra saxlanıldığı bildirilir.

Avqustun 2-də Yasamal Rayon Məhkəməsi onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə 30 sutka inzibati həbs cəzası verib.

Eyni gündə Xətai Rayon Məhkəməsi isə Afiəddin Məmmədovu İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi) maddəsi ilə 500 manat məbləğində cərimə edib.

Amerikanın Səsi

19:22, 11 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Qalib Toğrul: “Qubad İbadoğluna qarşı psixoloji təzyiq davam edir”

by Gozetci 16:12, 11 Avqust 2023
written by Gozetci

Qubad İbadoğlu

Həbs olunduğu 20 gün ərzində Qubad İbadoğlunun təzyiqi və şəkəri bir gün olsa belə, normallaşmayıb.

Bu barədə Amerikanın Səsinə Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı alim Qubad İbadoğlunun qardaşı Qalib Toğrul bildirib.

Onun sözlərinə görə, iqtisadçı alimin səhhətində geriləmələr davam edir.

“Əksinə sinir sistemi pozulduğundan qalxanabənzər vəzində düyünlər əmələ gəlib, böyrəklərində problemlər yaranıb, ödündə və mədəaltı vəzində neqativ dəyişikliklər müşahidə olunub, sol gözü əhəmiyyətli dərəcədə zəifləyib”.

Onun sözlərinə görə, Qubad İbadoğlu 20 gündür ailəsi ilə görüşə bilmir.

“Avropada təhsil alan övladları ilə telefon əlaqəsinə qadağa qoyulub, kitab, jurnal verə bilmirik, qəbul etmirlər. Qubad İbadoğluna qarşı psixoloji təzyiq davam edir”, o bildirib.

Penitensiar Xidmət Qubad İbadoğlunun sağlamlıq durumu ilə bağlı hələ şərh verməyib.

Xatırlatma

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu barəsində 3 ay 26 gün həbs qətimkan tədbiri seçib.

Qubad İbadoğlu barəsində seçilmiş həbs qətimkan tədbirindən verilmiş apellyasiya şikayətləri təmin olunmayıb.

Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.

Azərbaycan Daxili İşlər Nazirliyi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamı qəbul etmir. O, məhkəmədə irəli sürülən ittihamı saxta adlandrıb.

Qubad İbadoğlu vaxtı ilə Fulbrayt proqramı çərçivəsində ABŞ-da təhsil alıb. O, ölkədə və beynəlxalq aləmdə iqtisadiyyat sahəsində tanınan alimlərdəndir. İqtisad elmləri doktoru İbadoğlu London İqtisadiyyat Məktəbi, ABŞ-ın Duke və Ratqers Universitetlərinin professoru olub. İqtisadiyyat üzrə ən nüfuzlu beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edib.

Uzun illər xaricdə yaşadıqdan sonra bu yaxınlarda Azərbaycana qayıdan İbadoğlu ötən ay mühacirətdə olan bir neçə aparıcı azərbaycanlı siyasətçi və fəalla birlikdə Londonda Azərbaycan Gənclərinin Təhsil Fondunun yaradılmasını elan edib. Qubad İbadoğlu Azərbaycan məmurlarının xarici ölkələrdə olan qanunsuz yolla qazandıqları vəsaitlərin bu fonda köçürülməsinə və gənclərin təhsilinə sərf olunmasına çağırıb.

Çoxsaylı yerli və beynəlxalq hüquq müdafiə təşkilatları, həmçinin ABŞ Dövlət Deparatmenti Qubad İbadoğlunun həbsindən narahatlığını bildirib, onun azad edilməsini tələb edib.

“İnsan hüquqları hər zaman Birləşmiş Ştatlar üçün masadadır və biz öz narahatlığımızı açıq və fərdi qaydada ifadə edirik”, Dövlət Departamentinin sözçüsü Metyu Miller İbadoğlunun həbsinə münasibət bildirərkən deyib.

Amerikanın Səsi

16:12, 11 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir

  • Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib

  • Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir
20:17, 25 Mart 2026
Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib
22:20, 23 Mart 2026
Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir
16:26, 19 Mart 2026
Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia