Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

“Siyasi partiyalar haqqında” qanunun pozulması ilə bağlı cərimələrin miqdarı müəyyən edilib

by Gozetci 16:00, 16 Avqust 2023
written by Gozetci

Azərbaycanda “Siyasi partiyalar haqqında” qanunvericiliyin pozulmasına görə yeni cərimələr müəyyənləşib.

Bu, dövlət başçısının imzaladığı qanun əsasında “İnzibati Xətalar Məcəlləsinə”edilən  dəyişiklik sonra baş verib.

Dəyişikliklə Azərbaycan ərazisində xarici dövlətlərin siyasi partiyalarının, habelə onların bölmələrinin və təşkilatlarının təsis edilməsinə və ya fəaliyyətinə görə fiziki şəxslər 700 manatdan 1000 manatadək, vəzifəli şəxslər isə 1 500 manatdan 2 000 manatadək, hüquqi şəxslər isə 6 000 manatdan 8 000 manatadək cərimə olunacaq.

Səlahiyyət müddəti bitmiş siyasi partiyanın hər hansı fəaliyyətinə görə fiziki şəxslər 700 manatdan 1 000 manatadək, vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək, hüquqi şəxslər isə 2 000 manatdan 3 000 manatadək cərimə olunacaq.

Siyasi partiya üzvlərinin reyestrində baş vermiş sonrakı dəyişikliklər barədə məlumatın təqdim edilməməsinə görə vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək, hüquqi şəxslər isə 2 000 manatdan 3 000 manatadək cərimə olunacaq.

İctimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materiallarının hazırlanması, həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına görə siyasi partiya əldə edilən gəlirin 2 mislindən 4 mislinədək miqdarda cərimə ediləcək.

Siyasi partiya tərəfindən dövlət orqanlarının, yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinə, həmçinin digər şəxslərin sahibkarlıq fəaliyyətinə müdaxilə edilməsinə görə fiziki şəxslər 500 manatdan 700 manatadək məbləğdə, hüquqi şəxslər 3 000 manatdan 5 000 manatadək məbləğdə cərimə olunacaq.

Siyasi partiyanın digər ölkələrin siyasi partiyaları ilə sazişin bağlanması və ya siyasi partiyaların beynəlxalq ittifaqlarına üzvlüyə daxil olması barədə dövlt orqanına məlumat verməməsinə görə cərimə 1 500 manatdan 2 000 manatadək qədər təşkil edəcək.

Siyasi partiya “Siyasi partiyalar haqqında” qanunun tələblərini pozmaqla qəbul etdiyi ianəni həmin qanunla müəyyən edilmiş müddətdə geri qaytarmasa, ianə məbləğinin 60 faizindən 80 faizinədək məbləğdə cərimə olunacaq.

Turan

16:00, 16 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Qubad İbadoğlu ilə bağlı istintaq hərəkətləri davam etdirilib

by Gozetci 12:13, 16 Avqust 2023
written by Gozetci

Qubad İbadoğlu. Foto: Meydan TV

Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) həbsdə olan sədri, eyni zamanda, London İqtisadi və Siyasi Elmlər Məktəbinin müəllimi Qubad İbadoğlu ilə bağlı avqustun 15-də bir sıra istintaq hərəkətləri aparılıb. Bu barədə onun qardaşı Qalib Bayramov məlumat verərək bildirib ki, istintaq hərəkətləri Qubad İbadoğlunun saxlandığı Bakı İstintaq Təcridxanasında vəkilinin iştirakıyla həyata keçirilib. O cümlədən, onun işi üzrə ekspertizanın nəticələri də açıqlanıb.

“Bugünkü istintaq hərəkətləri onu deməyə əsas verir ki, Qubad İbadoğlunu FETÖ-ya bağlamaq üçün bütün şər-şəbədə yaratma və böhtanatma imkanlarını işə salıblar”, – Qalib Bayramovun sözləridir.

Qubad İbadoğlunun sağlıq durumuna gəlincə, qardaşı bildirib ki, səhhətindəki problemlər qalmaqdadır. Onun sözlərinə görə, xüsusən havaların çox isti keçməsi onun səhhətindəki ürək-damar problemlərini daha da kəskinləşdirir:

“Qan təzyiqilə bağlı problem kəskinləşir. Şəkəri də qalxır. Bədən temperaturu yüksək olur…”.

O, əlavə edib ki, Qubad İbadoğlu hələ də yaxınlarıyla görüşə bilmir. Onun ailə üzvlərilə görüşmək hüququna istintaqın qoyduğu qadağa davam edir.

Qalib Bayramov. Foto: “abzas.net”

Qubad İbadoğlu iyulun 23-də saxlanılıb, ertəsi gün Nərimanov Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

ADR sədri daha dörd nəfərlə birlikdə ittiham olunur. Onların adları ilk dəfə iyulun 23-də Türkiyə mediasında açıqlanmışdı. FETÖ (Fətullah Gülən Terror Örgütü) ilə əlaqəli şəxslər kimi təqdim olunan bu dörd nəfərə qarşı da Qubad İbadoğlu ilə eyni – Cinayət Məcəlləsinin 204.3.1 maddəsi ilə ittiham irəli sürülüb.

Sözügedən dörd nəfər Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov, Ruslan Əliyev və Anar Əliyevdir.

Qubad İbadoğlu saxlandıqdan sonra yayılan məlumatlarda iddia olunurdu ki, Anar Əliyev ifadəsində onun adını çəkib. Amma Qubad İbadoğlu ümumiyyətlə, bu şəxsi tanımadığını deyib.

Qubad İbadoğlunun ofisində, mənzilində, bağ evində axtarışlar aparılıb. Ofisdən 40 min dollar pul tapıldığı, onun bir hissəsinin saxta olduğu iddia olunur.

Lakin ADR sədri bildirib ki, həmin pulun ona heç bir aidiyyəti yoxdur.

Qubad İbadoğlu axtarışdan sonra məkandan çıxarılıb aparılarkən siyasi sifarişlə həbs olunduğunu bildirib.

Bundan başqa, avqustun 6-da Türkiyədə yaşayan və orada universitetdə işləyən azərbaycanlı alim Fazil Qasımov saxlanılaraq, Azərbaycana gətirilib. Avqustun 8-də Nərimanov Rayon Məhkəməsinin qərarıyla onun haqqında həbs qətimkan tədbiri seçilib. Ona qarşı da eyni maddə ilə ittiham irəli sürülüb.

Meydan TV 

12:13, 16 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhkəmə Nazim Bəydəmirlini ev dustaqlığına buraxmayıb

by Gozetci 09:53, 16 Avqust 2023
written by Gozetci

Nazim Bəydəmirli

Avqustun 15-də Bakının Nərimanov rayon Məhkəməsi hakim Hafiz Kamranovun sədrliyi ilə Milli Məclisin keçmiş deputatı Nazim Bəydəmirli barəsində seçilmiş həbs qətimkan tədbirİnin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə vəsatəti təmin etməyib.

Bu barədə Amerikanın Səsinə vəkil Cavanşir Seyidov bidlirib.

Onun sözlərinə görə, bu gün Nərimanov rayon Məhkəməsində başqa bir prosesdə hakim Vüsal Qurbanovun sədrliyi ilə Nazim Bəydəmirlinin ailə üzvləri ilə telefon danışığı və görüşünə icazə verilməsi ilə bağlı vəsatət təmin edilib.

Bu arada “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov Facebook profilində bildirib ki, Nazim Bəydəmirliyə qarşı təzyiqlər davam etdirilir.

“Narahatedici odur ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Nazim Bəydəmirliyə qarşı təhdidlərini daha da artırıb. Ona hədə-qorxu gəlirlər ki, əgər bundan sonra özünü “ekologiya məhbusu” kimi təqdim etsə, həbsini Gədəbəy rayonunun Söyüdlü kəndində baş verən hadisələrlə əlaqələndirsə ona qarşı daha ağır ittihamlar (dələduzluq, mənimsəmə və başqa) irəli sürüləcək”, o qeyd edib.

“Müdafiə Xətt” hüquq müdafiə təşkilatı hesab edir ki, Nazim Bəydəmirlinin daha bir neçə “saxta ittiham” üzrə məsuliyyətə cəlb edilməsi gözlənilə bilər.

“Çox təəssüf ki, bu gün hökumət iqtisadçı alimi bu cür təhdidə məruz qoyur. Bu səbəbdən hesab edirəm kİ, bütün siyasi məhbusların, o cümlədən Nazim Bəydəmirlinin hüquqları maksimum dərəcədə qorunmalıdır”, hüquq müdafiəçisi qeyd edib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti hüquq müdafiəçisinin Nazim Bəydəmirliyə qarşı təzyiqlərlə bağlı dedikləri barədə sorğusuna hələ cavab verməyib.

Xatırlatma

İyulun 5-də Nərimanov Rayon Məhkəməsi hakim Vüsal Qurbanovun sədriyi ilə Nazim Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Keçmiş deputata qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İlkin olaraq Bəydəmirlinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Gədəbəy rayonunun Söyüdlü kəndində yerli sakinlərin etiraz aksiyaları ilə bağlı şübhəli şəxs qismində saxlanılması barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatında deyilir ki, Bəydəmirli vətəndaşın müraciəti əsasında saxlanılıb.

“Belə ki, vətəndaş polisə müraciət edərək Nazim Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, cari il iyunun 14-də Bəydəmirliyə 10 min manat versə də sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib”, mətbuat xidməti bildirib.

İyulun 10-da Bakı Apellyasiya Məhkəməsi iqtisadçı barəsində Nərimanov Rayon Məhkəməsinin seçdiyi həbs qətimkan tədbiri qərarını qüvvədə saxlayıb.

Hüquq müdafiəçiləri keçmiş deputatın həbsini siyasi hesab edir və onun Gədəbəy rayonunun Söyüdlü kəndindəki qızıl mədəni ilə bağlı yerli sakinlərin etirazını müdafiə etdiyinə görə saxlanıldığı qənaətindədirlər.

Amerikanın Səsi

09:53, 16 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Anar Məmmədli: Azərbaycanda insan hüquqlarını böhranlı vəziyyətdən çıxarmaq üçün siyasi iradə çatışmır

by Gozetci 18:36, 15 Avqust 2023
written by Gozetci

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi mərkəzinin rəhbəri Anar Məmmədli Amerikanın Səsinə müsahibəsində Azərbaycanda insan hüquqlarının hazırkı durumu, ölkənin üzərinə götürdüyü beynəlxalq öhdəliklərin yerinə yetirilməsi sahəsindəki vəziyyətdən danışıb.

Amerikanın Səsi: Bu ilin noyabr ayında BMT İnsan Hüquqları Şurasının 44-cü Universal Dövri Icmal (UDİ) müzakirələri çərçivəsində Azərbaycandakı vəziyyətə baxılacaq. Bu müzakirələrin əhəmiyyəti nədir?

Anar Məmmədli: Bu müzakirələr beş ildən bir keçirilir. Həmin beş il ərzində ölkələr BMT-nin İnsan Hüquqları Şurasında üzərinə götürdükləri öhdəliklərlə bağlı konkret insan hüquqlarının müxtəlif sahələri üzrə fəaliyyətlə məşğul olur və beş ilin sonunda hesabat verirlər. Bu prosesdə vətəndaş cəmiyyəti təşkilatları da iştirak edə bilir. Mütəmadi olaraq mənim təmsil etdiyim SMDT (Seçkilərin Monitorinqi və Seçkilərin Tədrisi Mərkəzi) prosesdə iştirak edir. Biz 2013-2018-ci illərdə BMT-nin İnsan Hüquqları Şurasınna Universal Dövri İcmal ilə bağlı hesabatlarımızı, sənədlərimizi göndərmişik. Artıq 2023-cü ilin noyarbında olacaq müzakirələr zamanı təqdimn ediləcək hesabatımız da BMT-nin İnsan hüquqları Şurasına göndərilib. Əsasən siyasi azadlıqlarla bağlı vəziyyətə dair ölkədəki durumu, siyasi repressiyalar, sərbəst toplaşma azadlığı sahəsində məhdudiyyətlər, seçkilərlə bağlı ötən beş il ərzində görülməyən işlərə dair hesabatımızda təkliflərimizi, tövsiyələrimizi göndərdik. Yəni mənim düşüncəmə görə, Azərbaycan höküməti bu prosesə əvvəlki dövrlərlə müqayisədə daha acınacaqlı vəziyyətdə gedir. Çünki 2018-ci ildə üzərinə götürdüyü xeyli sayda öhdəliklər var ki, heç biri icra olunmayıb. Elementar sahələrdə, sosial-iqtisadi hüquqlarla bağlı, mülki hüquqların müdafiəsi ilə bağlı, ədalətli mühakimə hüququnun təmin olunması ilə bağlı, sərbəst toplaşma azadlığı, vətəndaş cəmiyyəti hüquqları ilə bağlı onların fəaliyyəti və bu sahədə görülən işlərlə bağlı demək olar ki, ortada daha da geriləmə var. Mən düşünürəm ki, bu sessiya üçün Azərbaycan hakimiyyətinin verəcəyi hesabat başdan-başa ötən illər ərzində görülməmiş işlərə həsr oluna bilər. Bu sahədə elə bir nəaliyyət yoxdur.

Amerikanın Səsi: Müzakirələr öncəsi Azərbaycan QHT-ləri ölkədə insan hüquqları sahəsində problemlərlə bağlı öz təkliflərini göndərib. Sizcə, bu təkliflər Azərbaycan üzrə tövsiyyələrdə nəzərə alınacaqmı?

Anar Məmmədli: Bəzi dövlətlər yəqin ki, bu təklifi dəstəkləyəcəklər. O dövlətlər ki, Azərbaycanda insan hüquqları məsələsinə önəm verirlər və çox ciddi siyasi maraqları yoxdur. Yəni tutalım neft, qaz, geopolitik maraqları yoxdur. Çox rahat şəkildə bu məsələləri qoya bilirlər. Məsələn İrlandiya, Norveç, Danimarka, Hollandiya kimi ölkələr çox rahatlıqla bu məsələləri qaldıra bilirlər. Mən bunu əvvəlki BMT sessiyalarına əsaslanaraq deyirəm. Bu il də vətəndaş cəmiyyətinin bu tövsiyyələri beynəlxalq təşkilatlar və o cümlədən, həmin şurada iştirak edən üzv dövlətlərin nümayəndələri tərəfindən dəstəklənə bilər. Amma məsələ burasındadır ki, Azərbaycan hakimiyyəti bu təkliflərə, tövsiyyələrə nə dərəcədə diqqətli yanaşacaq? Bax problem buradadır ki, Azərbaycan hakimiyyətinə biz illərdir tövsiyyələr veririk ki, sərbəst toplaşma azadlığı haqqında qanunu ATƏT-in və Avropa Şurasının Venesiya Komissiyasının tövsiyyələri əsasında təkmilləşdir. Amma bu yetmirmiş kimi “Siyasi partiyalar haqqında” qanununu dəyişirlər. Dəyişərkən də həm ATƏT-in, həm də Avropa Şurasının ekspertlərinin rəyi əsas götürülmür. Bütün bu məsələlər tövsiyyələrdə öz yerini alıb. Bəzi dövlətlər bunu səsləndirəcək. Amma top yenə Azərbaycan hökümətinin qapısındadır. O topu öz qapısına qəbul etmək istəyir, yoxsa topu çıxarmaq istəyir. Həqiqətən ölkədə gərçək islahatlar aparmaq istəyir? Siyasi iradə yoxdur. Bunun yeganə səbəbi ölkədə insan hüquqlarını böhranlı vəziyyətdən çıxarmaq üçün siyasi iradə çatışmazlığıdır. Azərbaycan höküməti özündə siyasi təpər, siyasi iradə tapa bilmir ki, insan hüquq və azadlığına dair normativ aktlar qəbul eləsin. Məhkəmələrin işinə müdaxilə etməsin. Siyasi repressiyaları dayandırsın. Vətəndaş cəmiyyətinə, siyasi partiyalara, mediaya normal şərait yaratsın. Bunun üçün siyasi iradə olmalıdır.

Amerikanın Səsi: ADR Partiyasının sədri, iqtisadçı alim Qubad İbadoğlunun həbsi yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarının etirazları ilə qarşılanıb. İddia olunur ki, həbsin əsl səbəbləri siyasidir. Siz necə qiymətləndirirsiniz?

Anar Məmmədli: Qubad İbadoğlunun həbsi birmənalı şəkildə siyasi sifariş və siyasi motivdir. Qubad İbadoğlu cinayətkar ola bilməz. Çünki onun illər ərzində fəaliyyətində hansısa cinayətkar bir element aşkarlana bilməz. Yəni bu insan daim Azərbaycanda korrupsiya ilə bağlı , şəffaflıqla bağlı, idərəçilikdə təkmilləşmə ilə bağlı, ölkədə hüquq və azadlıqların müdafiəsi ilə bağlı çağırışları ilə yadda qalan insandır. O ona görə həbs olunub ki, siyasi iradə ortaya qoyub. Siyasi iddia ortaya qoyub. Azərbaycanda dinc yolla hakimiyyətin dəyişilməsi üçün bir hərəkat yaradıb və həmin hərəkatın lideridir. Niyyəti də Azərbaycana daha fərqli gələcək vəd etməkdir. Yəni ölkədə siyasi bir alternativ yaratmaqdır. Ölkədə 4-5 siyasi qrup var ki, müstəqil, müxalifyönlü fəaliyyət göstərirlər. Onlardan da biri Demokratiya və Rifah hərəkatıdır. Tamaşaçılar bu məsələdə yanlışlığa yol verirlər, bu siyasi partiya deyil, bu hərəkatdır. Vaxtilə “Siyasi partiyalar haqqında” qanun qəbul olunandan sonra Qubad İbadoğlu bildirdi ki, hərəkat kimi fəaliyyətlərini davam etdirəcəklər. Çünki siyasi partiya kimi qeydiyyatdan keçmək, mövcud olmaq mümkün deyil. Yəni bu hakimiyyət Qubad İbadoğlunun rəhbərlik etdiyi hərəkata öz pisliyini eləmişdir. Öz təzyiqini göstərmişdir. Mən onun həbsində birmənalı şəkildə “siyasi çalar” görürəm. Onun əməlində heç bir cinayətdən söhbət gedə bilməz. O, Azərbaycanda fərqli siyasi mövqe nümayiş etdirdiyi üçün həbs olunan yüzlərlə siyasi məhbusdan biridir. Bu ölkədə siyasi repressiya dayanmayıb. Qubad İbadoğlu da növbəti siyasi repressiyanın qurbanıdır.

Amerikanın Səsi: Son zamanlar Azərbaycanda alternativ həmkarlar ittifaqları təşkilatları yaranmaqdadir. Buna misal kimi “Demokratiya 1918” Hərəkatının nəzdində yaradılmış Həmkarlar İttifaqları Konfeserasiyasının İşçi Masasını göstərmək olar. Ölkədə vətəndaşların əmək hüquqlarını müdafiə edəcək müstəqil həmkarlar hərəkatı varmı?

Anar Məmmədli: Vətəndaşların peşə birlikləri, həmkarlar ittifaqları bütün inkişaf etmiş, gəlişməkdə olan ölkələr üçün səciyyəvi bir məsələdir. Əgər bir ölkədə istehsalat varsa, əmək münasibətləri varsa orada işçi və işə götürən münasibətləri də var. İşçilərin haqlarını, hüquqlarını müdafiə edən qrupların peşə birliklərinin olması labüddür. Bu müəllimlərə də aiddir, həkimlərə də aiddir. Bax, İşçi Masası da çox parlaq işlər gördü. Xüsusilə də son dövrlər haqları pozulan qruplardan biri kimi kuryerlərin haqlarının müdafiəsi yönündə çalışmalar elədi. Fəaliyyətdə oldular. Mən hesab edirəm ki, bu qrupa qarşı aparılan basqı o təzyiqlər birmənalı şəkildə birləşmək azadlığına qarşı təzyiqdir. Çünki hər bir vətəndaşın istədiyi niyyət naminə dinc məqsədlərlə birləşmək haqqı var. Həmkarlar ittifaqı da bu ittifaqlardan biridir. Onlara təzyiq etməklə birləşmək haqqından məhrum qoymuş olurlar. İkincisi, bu da yetmirmiş kimi həmin qrupun liderlərini həbslərə, təzyiqlərə məruz qoyurlar. Bütün bunlar Azərbaycanda əmək hüququnda, sosial-iqtisadi hüquqlar uğrunda təşkilatlanmaq istəyən insanları susdurmağa yönəlib.

Qeyd: Bunlar Anar Məmmədlinin fikirləridir. Rəsmi Bakı ölkədə davamlı islahatların aparıldığını bildirir. İnsanların əqidəsinə görə təqib edilmədiyini, vətəndaşların qanun qarşısında bərabər olduğunu bəyan edir. Dövlət rəhbərləri ölkədə siyasi məhbusların oldğunu qəbul etməsə də Avropa Şurası Parlament Assambleyasında Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi fəaliyyət göstərib.

Amerikanın Səsi

18:36, 15 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

AXCP üzvünün məhkəməsi davam edib

by Gozetci 18:01, 15 Avqust 2023
written by Gozetci

Pünhan Kərimli

Avqustun 15-də Bakı Apellyasiya Məhkəməsində Almaniyadan Azərbaycana readmissiya olunandan bir qədər sonra narkotik ittihamı ilə həbs olunanlardan biri – Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Pünhan Kərimlinin işi üzrə məhkəmə prosesi davam edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə ona 6 il həbs cəzası verilib, daha sonra Apellyasiya Məhkəməsi bu müddəti 1 il azaldıb. Mayın 16-da Ali Məhkəməyə kassasiya şikayətində də bəraətverici əsaslarla barəsindəki cinayət işinə xitam verilməsini istəyib.

Hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə Pünhan Kərimlinin saxlanıldıqdan somra bədənində xəsarətlərin olub-olmaması ilə bağlı İstintaq Təcridxanasına sorğu göndərilməsinə qərar verilib.

Pünhan Kərimlinin vəkili Cavad Cavadov Amerikanın Səsinə müsahibəsində bildirib ki, hər hansı xəsarətin qeydə alınmadığı artıq məlumdur. Onun sözlərinə görə, bu sorğu tələbi yalnız məhkəmənin müddətini uzatmaq məqsədi daşıyır.

Pünhan Kərimlinin sözlərinə görə, o, siyasi baxışlarına, sosial şəbəkələrdə hökumət əleyhinə tənqidi fikirlərinə və Almaniyada olarkən Azərbaycanda insan haqlarının pozulması ilə əlaqədar keçirilən etiraz aksiyalarında iştirakına görə cəzalandırılır.

Məhkəmə iclasında jurnalistlər, hüquq müdafiəçiləri və Almaniyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi iştirak edib. Məhkəmə baxışı avqustun 29-na təyin edilib.

“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” saziş 2014-cü ildə imzalanıb. Saziş imzalanan gündən indiyə qədər 2013 nəfərin readmissiyası artıq baş tutub və daha 2147 nəfərin readmissiyası gözlənilir.

Dövlət Miqrasiya Xidməti bildirir ki, 2021-ci ildə ölkəyə readmissiya olunan 420 şəxsdən 39 nəfəri Almaniyadan qaytarılıb. 2022-ci ilin oktyabr ayından Almaniyadan Azərbaycana readmissiya olunan beş fəal – Mütəllim Orucov, Malik Rzayev, Pünhan Kərimli, Cəfər Mirzəyev və Samur Aşurov müxtəlif səbəblərlə həbs olunub. Daxili İşlər Nazirliyi Almaniyadan readmissiya olunanların siyasi sifarişlə həbs olunduqları ilə bağlı iddiaları təkzib edir.

Amerikanın Səsi

18:01, 15 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Hüquq PozuntularıQuba–XaçmazSliderSosial təminat hüququXƏBƏRLƏRYerli İcmalar

Xaçmazlı fermerlər: “Qara günlərimiz məmurların pomidor üçün yatırımlarından sonra başladı”

by Gozetci 15:52, 15 Avqust 2023
written by Gozetci

Mütəxəssis hesab edir ki, kənd təsərrüfatı məhsullarının sahədə ucuz, bazarda baha olmasının qarşısı hökumət tərəfindən tənzimlənməlidir

Pomidor yetişdirən fermerlər məhsulun aşağı qiymətə satılmasından, eləcə də bazarlardakı vəziyyətdən narazılıq edirlər.

“Qara günlərimiz oliqarx məmurların bu sahəyə yatırımlarından sonra başladı. Hazırda sahələrdə pomidor 20 qəpikdən təklif edilir. 20 qəpik isə çəkilən xərcin heç 30 faizini ödəmir”, – xaçmazlı fermer Məhəmməd Məmmədov belə deyir.

Onun sözlərinə görə, pomidoru soyuducu anbarlarda saxlamaq sərfəli deyil. Kütləvi satış üçün bazar da yoxdur. Fermerlərin çoxuna məhsulu topdansatış 15 qəpikdən satmağı təklif edirlər:

“Rusiya bazarına da oliqarxların istixana şəraitində yetişdirdiyi pomidorlar daşınır. Oliqarx məmurlar damcı suvarılma sistemindən istifadə etdiyinə görə dövlətdən yardım da alırlar. Bəzən ziyana düşsələr də, 5-10 min manat onlar üçün heç nədir, amma kəndli aylarla əziyyət çəkir ki, banklardan götürdüyü kreditləri, aldığı borcları məhsul hesabına ödəsin. Üstəlik bir müddət ailəsini də dolandıra bilsin”.

Adının açıqlanmasını istəməyən başqa bir fermer deyir ki, Xaçmazda hektarlarla pomidor sahəsi olan oliqarxlar var. Həmçinin onun kimi bu il ziyana düşən fermerlər də çoxdur:

“Kasıb təbəqənin bir manat qazancına da göz tikiblər”.

Xaçmaz Aqrar İnkişaf Mərkəzindən fermerlərin qiymətlə bağlı şikayətinə şərh vermək istəməyiblər. Bildiriblər ki, pomidorun qiymətini dövlət tənzimləmir.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli isə Meydan TV-yə bildirib ki, bu sahə dövlət tərəfindən tənzimlənməlidir.

“Kənd təsərrüfatı məhsullarının sahədə ucuz, bazarda baha olmasının qarşısı hökumət tərəfindən tənzimlənməli, xüsusi tədbirlər həyata keçirilməlidir, tənzimləmə proqramları tətbiq edilməlidir”,- Akif Nəsirli deyib.

Mütəxəssisin sözlərinə görə, görüləcək tədbirlərin biri də fermerlərin anbarlara əlçatanlığıdır:

“Fermerlər məhsullarını anbarlarda saxlaya bilmirlər və bu da qiymətlərə təsir göstərir. Fermerin məhsulu saxlaması üçün mütləq anbarlara ehtiyacı ödənilməlidir”.

Akif Nəsirlinin fikrincə, fermerlərlə maariflənmə işi də aparılmalı, onlara başa salınmalıdır ki, aşağı keyfiyyətli bol məhsul əvəzinə yüksək keyfiyyətli məhsul yetişdirmək daha səmərəlidir. Fermerlərlə maarifləndirmə işi istənilən səviyyədə aparılmır. Nəticədə məhsul bol, keyfiyyət isə aşağı olur. Fermer qazancdan çox ziyanla üzləşir.

Mütəxəssis deyib ki, əksər ölkələrdə məhsullar bağlı konkret standartlar var. Aşağı standartlı məhsul qəbul edilmir:

“Doğrudur, Rusiya Azərbaycan pomidoru ilə bağlı bəzi məsələlərdə bu standartlara diqqət yetirmir. Yəni fermerlər get-gedə dünya bazarlarına çıxarılacaq standartlarda məhsullar yetişdirməklə məşğul olmalıdırlar ki, Rusiya bazarına çıxış məhdud olduqda başqa bazar axtara bilsinlər”.

Hazırda Xaçmaz bazarında pomidorun kiloqramı 20-22 qəpik, Bakı bazarlarında isə 60 qəpik-1 manat, iri ticarət mərkəzlərində isə 1 manat-2 manat arasında dəyişir.

Meydan TV 

15:52, 15 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBərabərlik hüququBölgəHüquq Pozuntularıİşgəncə və pis rəftarSliderXƏBƏRLƏR

Məhbus həbsxana rəisinə etiraz edərək ölüm aclığına başladı: ağzını tikdi…

by Gozetci 11:27, 15 Avqust 2023
written by Gozetci

Qobustan həbsxanası. Foto: “azvision.az”

Nahid Eyvazov ölkə rəhbərliyindən kömək istəyir

Sosial şəbəkələrdə 8 saylı cəzaçəkmə müəssisəsində ağzını tikərək aclıq aksiyası keçirdiyi bildirilən məhbusun videogörüntüləri yayılıb.

Həmin görüntülərdə şəxs bildirir ki, müəssisənin rəisi Azər Seyidovun özbaşınalıqlarına etiraz olaraq, ölüm aclığı keçirmək qərarına gəlib.

Bu məqsədlə də qidadan və sudan imtina edərək ağzını tikib.

Videonu aclıq aksiyasının 3-cü günü yaydığını deyir:

“Mən ustayam, müəssisədəki sexdə işləyirdim. Pulumu kəsdi. Uşaqlarım ac qalıb. Ailəm kirayə pulunu verə bilmir. Azər Seyidov mənə qarşı haqsızlıqlar elədi. 4 ay qanunla, hüquqla danışdım, alınmadı. Axırda məcbur oldum, ölüm aclığına başladım. Ağzımı tikmişəm. Üç gündür, nə yemək yeyirəm, nə su içirəm…”.

Meydan TV dəqiqləşdirib ki, ağzını tikən şəxs Nahid Qədir oğlu Eyvazovdur.

O, videogörüntülərdə Prezident İlham Əliyev, Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidov, Ombudsman Səbinə Əliyevaya da müraciət edərək kömək istəyib.

Nahid Eyvazov. Foto: screenshot

Onun fikrincə, Mirsaleh Seyidovun həmin cəzaçəkmə müəssisəsində baş verənlərdən xəbəri olsa, operativ şəkildə qarşısını alar:

“Mirsaleh Seyidovun xəbəri yoxdur, yoxsa imkan verməz. O bilmir ki, burada başıma bu oyunları gətirirlər. Yoxsa belə şeylərə heç vaxt göz yummaz. Ona da xəbər eləyə bilmirəm…”.

Nahid Eyvazov əlavə edib ki, aclıq və sussuzluq onu taqətdən salıb, ağzını tikməsi dözülməz ağrılar verir.

“Allahdan ölüm istəyirəm ki, bu ağrıları hiss eləməyim. Halsız vəziyyətdəyəm. Cənab prezident, siz bu dövlətin rəhbərisiniz. Sizin humanizminizdən sui-istifadə edirlər. Buna imkan verməyin. Xahiş edirəm, mənə, ailəmə kömək edin…”.

Cəzaçəkmə müəssisəsində məhbusun ağzını tikərək aclıq etməsinə Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.

Bu qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən Meydan TV-nin telefonlarına cavab verən olmayıb.

Meydan TV

11:27, 15 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“Volt Azərbaycan” MMC-nin çatdırılma şirkətinin fəaliyyəti dayandırıldı (YENİLƏNİB)

by Gozetci 11:06, 15 Avqust 2023
written by Gozetci

“Tətbiqimiz aktivdir və müştərilər öz sifarişlərini həmişəki qaydada yerləşdirə bilərlər”

“Volt Azərbaycan” MMC (Wolt) Qida Təhlükəsizliyi Agentliyinin iddialarına cavab verib.
Şirkət bu barədə sosial şəbəkələrdə məlumat yayıb. Bildirilir ki, “Wolt” şirkəti öz fəaliyyətini davam etdirir:

“Tətbiqimiz aktivdir və müştərilər öz sifarişlərini həmişəki qaydada yerləşdirə bilərlər. AQTA tərəfindən irəli sürülən iddialara gəldikdə isə “Wolt” öz fəaliyyətini heç bir qanun pozuntusu olmadan həyata keçirir və bu məhkəmənin qüvvəyə minmiş qərarı ilə təsdiqlənib”.

“AQTA tərəfindən “Volt Azərbaycan” MMC-nin fəaliyyətində pozuntuların aşkar edilməsi barədə yayılan məlumatların həqiqətlə heç bir əlaqəsi yoxdur. Təəssüflər olsun ki, AQTA şirkətimizə təzyiq göstərmək üçün nüfuzumuza xələl gətirən natamam və həqiqətə uyğun olmayan məlumatların sosial şəbəkələrdə yayılması yolunu seçib”, – şirkətin məlumatında deyilir.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi “Volt Azərbaycan” (“Wolt”) Məhdud Məsuliyyətli Cəmiyyətin fəaliyyətinin dayandırılması ilə bağlı məhdudlaşdırıcı qərarın təkrar tətbiqi barədə qərar qəbul edilib.

*   *   *

AQTA şirkətlə bağlı qərar qəbul edib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi “Volt Azərbaycan” (“Wolt”) Məhdud Məsuliyyətli Cəmiyyətin fəaliyyətinin dayandırılması ilə bağlı məhdudlaşdırıcı qərarın təkrar tətbiqi barədə qərar qəbul edilib.

Qurumun yaydığı məlumatda deyilir ki, bu MMC-yə məxsus qida məhsullarının çatdırılması (daşınması) müəssisəsində  aparılmış planlı yoxlama çərçivəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların bir sıra tələblərinin pozulması faktları aşkarlanıb.

AQTA iddia edir ki, müəssisə ”Qida təhlükəsizliyi haqqında” Qanuna zidd olaraq qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərib, qida məhsullarının istehlakçılara çatdırılması zamanı isti və soyuq zənciri qorunmayıb, məhsulların temperatur rejimi və mal qonşuluğu qaydaları pozulmaqla daşınıb, həmin nəqliyyat vasitələrində dezinfeksiya işləri aparılmayıb, qida məhsullarının çatdırılmasında iştirak edən şəxslərin tibbi müayinədən keçmədikləri müəyyən olunub.

AQTA-dan bildirilib ki, aşkarlanmış nöqsanlarla əlaqədar sözügedən müəssisə tərəfindən qida məhsullarının çatdırılması fəaliyyətinin dayandırılması, ilkin və dövri tibbi müayinədən keçməyən şəxslərin müəssisədən kənarlaşdırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.

Həmçinin MMC-nin məsul şəxsi barəsində müvafiq tədbir görülüb.

Bildirilir ki, qəbul edilmiş qərarın icra vəziyyətinin yoxlanılması ilə əlaqədar “Volt Azərbaycan” MMC-də plandankənar yoxlama keçirilib. Yoxlama zamanı şirkət tərəfindən nöqsanların aradan qaldırılmadığı, həmçinin fəaliyyətinin dayandırılmasına baxmayaraq, fəaliyyət göstərdiyi müəyyən olunub.

“Göstərilənlərə əsasən, AQTA insanların həyat və sağlamlığının qorunması, istehlakçıların hüquqlarının müdafiəsi məqsədilə bir daha ictimai iaşə müəssisələrinin rəhbərlərini  qidaların daşınmasını və istehlakçılara çatdırılmasını yalnız qeydiyyatdan keçmiş və temperatur rejimi təmin olunan avadanlıqlara (nəqliyyat vasitələrinə) malik, qida ilə təmasda olan şəxsləri tibbi müayinədən keçmiş qida subyektləri tərəfindən həyata keçirilməsini təmin etməyə çağırır”, – məlumatda qeyd olunur.

Son bir ildə daşınma şirkətləri ilə bağlı məsələlər tez-tez gündəmin əsas mövzusu olur.

Ötən il aprelin 21-də “Wolt” şirkətinin kuryerləri xidmət haqlarının aşağı olması ilə əlaqədar sosial şəbəkələrdə etiraz ediblər.

Bu il avqustun 1-də isə bir qrup kuryer idarə etdikləri mopedləri yol polislərinin saxlayaraq cərimə meydançasına aparmasına etiraz edib. Həmin etiraz aksiyasından dərhal sonra İşçi Masasının sədri Afiəddin Məmmədov saxlanılıb və 30 sutka inzibati həbsə məhkum edilib. Sonrakı günlərdə isə İşçi Masası İdarə Heyətinin üzvləri Ayxan İsrafilov və Elvin Mustafayev narkotik maddələrin əldə edilməsi, saxlanılması və satışı ittihamı ilə həbs olunublar. İşçi Masası İdarə Heyətinin daha bir üzvü Orxan Zeynalov isə onu təqib edənlərin əlindən qaçaraq yayına bilib və həbs təhlükəsi barədə sosial şəbəkə üzərindən məlumatlar yaydıqdan sonra Daxili İşlər Nazirliyi onun barəsində hər hansı icraat tədbiri olmadığı haqda açıqlama verib.

11:06, 15 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

İctimai fəallar “Təqibi Dayandır” platforması yaradıblar

by Gozetci 19:45, 14 Avqust 2023
written by Gozetci
Avqustun 13-də bir qrup vətəndaş cəmiyyəti nümayəndəsi “Təqibi Dayandır” platforması yaradıblar. Platformanın təsisçiləri bəyanatda deyir ki, onlar bu təşəbbüsü həbs olunan fəalların müdafiəsi və təqiblərə qarşı ortaq fəaliyyət məqsədilə yaradıblar.
“Azərbaycanda siyasi və ictimai fəallara qarşı həyata keçirilən təqiblərin və qanunsuz həbslərin sayı ciddi şəkildə artır. Həbs dalğası hər gün yeni bir fəalı hədəf alır və hər kəs ümidsizcə öz sırasını gözləyir”.
Komanda təqiblərin sonlandırılması istiqamətində fəaliyyət göstərəcəyini bəyan edib. Onlar həmçinin, #TəqibiDayandır həştəqi ilə avqust ərzində həbs olunan İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının üzvlərinə həmrəylik göstərdiklərini elan ediblər.
“Biz rahat evimizdə oturub yemək sifarişi edərkən, 5 dəqiqə sifarişimiz gecikəndə hiddətlənirik. Bu insanlar isə ağır sosial rifah şəraitindən dolayı kuryerlik fəaliyyəti ilə məşğuldurlar, bir tikə çörək üçün gecə-gündüz, yağış, qızmar günəş altında min bir əziyyətlə bu işi görürlər. Həmin insanlara dövlət daha bir çətinliklə sınağa çəkir, şərləyib həbs edir. Necə olur ki, bu qədər ehtiyac içində yaşayan insanlar narkotik satışında günahlandırılırlar? Narkotik satışı ilə məşğul olanın 3000 manat borcu olarmı heç?!”, deyə bəyanatda qeyd olunub.
Xatırlatma
Avqustun 2-də Xətai Rayon Məhkəməsinin qərarı ilə ictimai fəal, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci (Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi) maddəsi ilə 500 manat məbləğində cərimə olunub.

Yasamal Rayon Məhkəməsi isə onun barəsində İXM-nin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə 30 sutka inzibati həbs cəzası çıxarıb.

Avqustun 1-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası və Kuryer Birliyi Həmkarlar İttifaqı yeni qüvvəyə minmiş qanunla bağlı bəyanat yayıb.

Elə həmin gün bir qrup moped sürən kuryer polislərin onların nəqliyyat vasitələrini cərimə meydançasına aparmasına etiraz edib. Afiəddin Məmmədov da aksiyadan sonra saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, məhkəmə qərarı ilə müəyyən edilən borc öhdəliyindən yayındığına görə axtarışda olan Afiəddin Məmmədovun yeri müəyyən olunaraq saxlanılıb:

“Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Məmmədova məhkəmənin qərarı ilə 30 gün müddətinə inzibati həbs cəzası verilib”.

Avqustun 7-də Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Anar Qafarov bildirib ki, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Elvin Mustafayev Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə şübhəli şəxs qismində saxlanılıb. Onun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

“Demokratiya 1918” Hərəkatının sədri Əhməd Məmmədlinin məlumatına görə, Elvin Mustafayev həbs olunduğu gündən etibarən aclıq aksiyasına başlayıb və hazırda səhhəti pisləşib:

“O, hazırda təcridxanadadır və həkimə ehtiyacı var. Elvin Mustafayevin bütün həyati məsuliyyətini başda İlham Əliyev olmaqla bu yarıtmaz hakimiyyət daşıyır”.

Elvin Mustafayevin də üzv olduğu “Son Ümid” Hərəkatının sədri Ramin Əliyev onun həbsini siyasi hesab edir və həbsini siyasi repressiyaların davamı adlandırıb:

“Elvinin dərhal sərbəst buraxılmasını tələb edirəm. Elvin Mustafayev spirtli içki belə içmir. Onun tək günahı motokuryer fəaliyyətinin məhdudlaşdırılmasına görə etiraz etməsidir”.

Elvin Mustafayev məhkəmədə ittihamı qəbul etmədiyini, özünü təqsirli bilmədiyini bildirib.

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyəti üzvü Orxan Zeynalov avqustun 12-də gecə saatlarında polis tərəfindən təqib olduğunu deyir. Kuryer fəaliyyəti ilə məşğul olan Zeynalova qarşı İnzibati Xətalar Məcəlləsinin 528.1-ci və Cinayət Məcəlləsinin 306.1-ci maddələri ilə ittiham irəli sürülüb. O bildirib ki, 2012-ci ildə banka 3000 manat borcu olub, həmin işi yenidən qaldıraraq onun əleyhinə istifadə edirlər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, kuryerlik fəaliyyəti ilə məşğul olan Orxan Zeynalov barəsində polis əməkdaşları tərəfindən əməliyyat tədbiri keçirilməsi ilə bağlı iddialar yalandır, yazılanlar şəxsi mülahizələrdir.

Avqustun 11-də İşçi Masasının İdarə Heyəti üzvü Ayxan İsrafilov da həbs olunub. Onun barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilıb. İsrafilovun da Cinayət Məcəlləsinin 234.1-1-ci (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma)maddəsi ilə ittiham olunduğu bildirilir.

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası 2022-ci il martın 1-də bir qrup işçi fəallar tərəfindən qurulub.

İttifaqın məqsədi Azərbaycanda baş verən işçi istismarına qarşı mübarizə aparmaq, işçilərə ödənişsiz hüquqi yardım göstərmək, həmkarlar ittifaqı ənənəsini yenidən bərpa etmək, işçiləri təşkilatlandırmaq və birgə mübarizəyə təşviq etməkdir.

Amerikanın Səsi

19:45, 14 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Təngivanlılar: “İlk dəfədir üfunətsiz gecə keçiririk”

by Gozetci 17:24, 14 Avqust 2023
written by Gozetci

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq qrupu kənddədir

Lənkəran rayonunun Təngivan kənd sakinləri deyir ki, son 1-2 gündür gecələr havadan üfunət iyi çəkilib, amma çayda hələ də lillənmə müşahidə edilir.

Təngivanlılar uzun illərdir Lerikin Piran kəndində yerləşən “Lerik Broyler MMC”yə məxsus “Lebro” quşçuluq təsərrüfatının havanı və Lənkəran çayı çirkləndirdiyindən şikayətlənirlər. Sakinlər bir neçə dəfə etiraz aksiyası keçirməyə də cəhd ediblər. Onların sözlərinə görə, hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq qrupu kənddədir. Şikayətçi tərəf kimi kənd sakinləri də monitorinqdə iştirak edirlər.

Kənd sakini Vüqar Əliyev Meydan TV-yə bildirib ki, əvvəlki illərdə də şirkət cərimələnib. Amma cəriməni ödəməyib və işini davam etdirib.

“Əvvəllər də belə olub. Məsələ ictimailəşəndən sonra toyuq tullantılarını yandırmağı dayandırıblar. Prezidentin ekoloji məsələləri diqqətdə saxlamasından sonra çox ümidliyik. Yəqin ki, uzun müddət ətraf mühitin çirkləndirilməsi dayandırılacaq”,- sakinlər bildiriblər.

Vüqar Əliyev isə deyib ki, bir neçə gün bundan əvvəl çay yenidən lilli olub:

“Broyler şirkəti deputat İqbal Məmmədovundur, yaxınları tərəfindən işlədilir. Bundan başqa, deputatın Lerikdə karxanası da var. Çay 3 mənbədən broyler təsərrüfatı, deputatın karxanası və Təngivandakı tanınmış rəssamlardan birinin karxanası tərəfindən çirkləndirilir. Nazirlik hazırda əsasən broyler təsərrüfatı ilə məşğuldur”,- sakinlər deyib.

Onlar bildiriblər ki, uzun aylardan bəri ilk dəfədir üfunətsiz gecə keçirirlər.

“Lerik Broyler MMC”-dən məsələ ilə bağlı məlumat verə bilməyəcəklərini deyiblər və “şirkətimiz ölkənin ən iri broyler şirkətidir” deyə suala aidiyyatı olmayan açıqlama verməklə kifayətləniblər.

Lerikin Piran Kənd Bələdiyyəsindən isə deyiblər ki, onlar sakinlərin narazılığından xəbərdar deyillər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə monitorinq aparıldığını, nəticələrlə bağlı açıqlama verəcəklərini deyiblər.

Meydan TV 

17:24, 14 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir

  • Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib

  • Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir
20:17, 25 Mart 2026
Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib
22:20, 23 Mart 2026
Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir
16:26, 19 Mart 2026
Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia