Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Apellyasiya Məhkəməsi Həmkarlar İttifaqı fəalını azad etməyib

by Gozetci 12:53, 23 Avqust 2023
written by Gozetci

Ayxan İsrafilov

Çərşənbə günü Bakı Apellyasiya Məhkəməsi “Demokratiya 1918” Hərəkatı yanında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyətinin üzvü Ayxan İsrafilovun həbsindən şikayətə baxıb. Məhkəmə şikayəti təmin etməyib və İsrafilovu həbsdə saxlayıb. Bu barədə Turan-a  “Demokratiya 1918” Hərəkatının sədri Əhməd Məmmədli bildirib.

Onun sözlərinə görə, İsrafilov məhkəmədə bildirib ki, cinayət işini uydurma hesab edərək, irəli sürülən ittihamı rədd edir.

Xatırladaq ki, İsrafilov 234-cü maddə (narkotik maddələrin qanunsuz dövriyyəsi) ilə ittiham olunub və avqustun 12-də Nərimanov məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs edilib.

Tərəfdarları İsrafilovun həbsini onun Həmkarlar İttifaqı fəaliyyətilə əlaqələndirirlər. Avqustun 1-də kuryerlərin qida çatdırılması ilə bağlı etirazından sonra saxlanılan üçüncü fəaldır.

Konfederasiyanın rəhbəri Afiyəddin Məmmədov inzibati iş üzrə 30 sutka həbs edilib. Elvin Mustafayevə qarşı narkotik maddələrin qanunsuz dövriyyəsilə bağlı cinayət ittihamı irəli sürülüb və 4 ay müddətinə həbs edilib.

Turan

12:53, 23 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“Nərmin işi” birinci instansiya məhkəməsinə qaytarıldı

by Gozetci 11:36, 23 Avqust 2023
written by Gozetci

İlkin Süleymanov

“Şərif Quliyevgil bütün kənddə yayıblar ki, İlkinə ömürlük verdiriləcək”

Tovuz rayonunun Dondar Quşçu kəndində 11 yaşlı Nərmin Quliyevanın oğurlanması, 47 gün sonra kənddə yanmış meyitin tapılmasıyla bağlı cinayət işinin materiallarını Gəncə Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinə qaytarıb. Səbəb isə Nərmin Quliyevanın atası Şərif Quliyevin apelyasiya şikayəti verməsidir. O, azyaşlının ölümündə təqsirli bilinərək 18 il azadlıqdan məhrum edilmiş İlkin Süleymanovun cəzasının ağırlaşdırılmasını, ona ömürlük həbs cəzası verilməsini tələb edir.

Lakin Şərif Quliyev apellyasiya şikayəti vermək üçün qanunda nəzərdə tutulmuş 20 günlük müddəti ötürüb. Ona görə də bu müddət ya üzrlü səbəbdən ötürülmüş hesab edilib, şikayət qəbul edilməli, ya da üzrsüz səbəbdən müddət ötürüldüyünə görə qəbul edilməməlidir. Bu qərarı isə hökmü çıxarmış məhkəmə – Gəncə Ağır Cinayətlər Məhkəməsi verməlidir. Çünki apellyasiya şikayəti həmin hökmü çıxaran məhkəmə vasitəsilə verilir.

Bu səbəbdən Gəncə Apellyasiya Məhkəməsi Şərif Quliyevin şikayətinə baxılıb qərar verilməsi üçün iş materiallarını aşağı instansiya məhkəməsinə göndərib.

İlkin Süleymanovun yaxınları hesab edir ki, Şərif Quliyevin şikayəti qəbul olunarsa, bununla növbəti qanunsuzluğa imza atılacaq:

“Çünki şikayətin gecikdirilməsi üçün heç bir səbəb yox idi. Şərif Quliyevgil bütün kənddə yayıblar ki, İlkinə ömürlük verdiriləcək. Heç bir əsas olmadan müddəti keçən apelyasiya şikayətinin qəbulu da o demək olacaq ki, bu planın icrası istiqamətində addımlayırlar. Susmadığımıza görə bizi şantaj edirlər. Yəni siz susmursunuzsa, biz də belə eləyirik. Günahsız adamın başına açmadıqları oyun qalmadı…”.

2009-cu il təvəllüdlü Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də yaşadığı Tovuz rayonunun Dondar Quşçu kəndində itkin düşüb. 2020-ci il yanvarın 6-da kənddə İlkin Süleymanovgilin evinin qarşısında yandırılmış meyit tapılıb.

1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.1 (oğurlanmış şəxsə əzab vermə), 133.2.4 (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam oğurluğu) maddələrilə ittiham olunur.

Nərmin Quliyevanın atası Şərif Quliyev. (ön sırada). Foto: Meydan TV

İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini övladlığa götürmək məqsədilə oğurlayıb. Daha sonra qətlə yetirərək meyiti evlərinin yaxınlığında yandırıb.

İlkin Süleymanov isə azyaşlının ölümünə aidiyyəti olmadığını, işgəncə nəticəsində cinayəti üzərinə götürdüyunü deyir. Onun sözlərinə görə, cinayət işinin materiallarında tutulduğu gün yanvarın 10-u göstərilsə də, əslində onu yanvarın 6-da saxlayıblar. 4 gün ərizndə – yanvarın 10-na qədər işgəncələrə məruz qalıb. Bu üzdən dözə bilməyib və dörd gün sonra cinayəti üzərinə götürüb.

Baş Prokurorluq isə işgəncə iddialarını təkzib edib.

Gəncə Ağır Cinayətlər Məhkəməsində iki il davam edən məhkəmə prosesinin nəticəsi olaraq, iyunun 5-də çıxarılan hökmün nəticəsindən tərəflər narazı qalıb. İlkin Süleymanov və yaxınların hökmün sifarişli olduğunu hesab edir. Onlar iddia edir ki, azyaşlının başına gələnlərin arxasında dayanan və cinayətin açılması haqda prezidentə yalan məlumat verən qüvvələr var. Onlar məhkəməyə təsir göstərərək, bu iş üzrə obyektiv və ədalətli qərar qəbul olunmasına imkan vermədilər.

Meydan TV 

11:36, 23 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Qubad İbadoğlu ev dustaqlığına buraxılması üçün məhkəməyə müraciət edəcək

by Gozetci 10:50, 23 Avqust 2023
written by Gozetci

Qubad İbadoğlu

“Avqustun 22-də 1 saylı Bakı İstintaq Təcridxanasında Qubad İbadoğlu ilə görüşdüm. Görüşümüz 3 saatadək davam etdi. Saxlanma şəraitindən narazılığı yoxdur. Amma səhhətində problemlər qalmaqdadır. Həkim müayinəsindən keçir, dərmanlar qəbul edir”.

Bu barədə vəkil Bəhruz Bayramov həbsdə olan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu ilə görüşündən sonra Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, Qubad İbadoğlu bu günlərdə səhhəti ilə bağlı həbs qətimkan tədbirinin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi üçün məhkəməyə müraciət edəcək.

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs qətimkan tədbiri seçib.

Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.

Azərbaycan Daxili İşlər Nazirliyi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bu günədək bir sıra ölkələr və beynəlxalq təşkilatlar İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.

Amerikanın Səsi

10:50, 23 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Ali Məhkəmə AXCP fəalının cəzasını qüvvədə saxlayıb

by Gozetci 10:00, 23 Avqust 2023
written by Gozetci

Niyaməddin Əhmədov

Avqustun 22-də Ali Məhkəmədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Niyaməddin Əhmədov barəsində Bakı Apellyasiya məhkəməsinin 2 mart 2022-ci ildə qərarından verilmiş kassasiya şikayətinə baxılıb.

Bakı Apellyasiya məhkəməsi Niyaməddin Əhmədov haqqında Bakı Ağır Cinayətlər məhkəməsinin 13 illik həbs hökmünü qüvvədə saxlamışdı. Hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən bugünkü prosesdə kassasiya şikayəti təmin edilməyib.

Məhkəmə iclasında Niyaməddin Əhmədov iştirak etməyib.

Zibeydə Sadıqova

Niyaməddin Əhmədovun vəkili Zibeydə Sadıqova Amerikanın Səsinə açıqlamasında bildirib ki, prosesdə baş verən pozuntuları məhkəmənin diqqətinə çatdırıb.

“Çox təəssüf ki, bizim kassasiya şikayətimiztəmin edilmədi. Mən bəraətverici əsaslarla Bakı Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdim. Çünki Niyaməddin Əhmədov saxlanılan gündən onun fundamental hüquqları pozulmuşdu. Müdafiə hüququ pozulmuşdu, ailəsinə vaxtında məlumat verilməmişdi, mən uzun müddət onunla görüşüb, əlaqə saxlaya bilməmişdim, mənim iştirakım olmadan dəfələrlə dindirilmişdi. Bütün bu halları məhkəmənin diqqətinə çatdırdım. Təəssüf ki, məhkəmə bizim arqumentlərimizi qiymətləndirmədi”, o bildirib.

Bugünkü məhkəmə prosesində AXCP fəalının yaxınları, hüquq müdafiəçiləri və jurnalistlər iştirak edib.

Zəfər Əhmədov Hüquq müdafiəçisi

Hüquq müdafiəçisi Zəfər Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, Ali Məhkəmənin qərarını əsassız və qanunsuz hesab edir.

“Məhkəmədən bir gözləntimiz yox idi. Çünki işin gedişində, siyasi iradədə Niyaməddin Əhmədovla bağlı nəsə dəyişiklik yoxdur. Elə bir şey olsaydı hiss edilərdi. Əvvəldən bilinirdi ki, ciddi bir dəyişiklik olmayacaq”, o deyib.

Vəkil Zibeydə Sadıqova bildirib ki, Niyaməddin Əhmədovla müzakirə apardıqdan sonra növbəti addımları müəyyənləşdirəcəklər.

Niyaməddin Əhmədov 2020-ci ilin aprelindən həbsdədir. Öncə o, karantin rejimi qaydalarını pozma ittihamıyla bir ay inzibati həbsdə saxlanıb. Bu cəza müddəti başa çatdığı gün Cinayət Məcəlləsinin 214-1 (terroru maliyyələşdirmə) maddəsi ilə barəsində yeni iş başlanıb.

İstintaqın sonunda ona daha iki maddə ilə – 28.281 (dövlət əleyhinə yönəlik açıq çağırışlara hazırlıq) 233-1 (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) maddələri ilə ittiham verilib.

İddia olunur ki, Almaniyada siyasi mühacir kimi yaşayan və sosial şəbəkələrdə Azərbaycan hakimiyyətinin ünvanına tənqidlər, bəzən də təhqirlər səsləndirən Qabil Məmmədov terror məqsədilə ona pul göndərib. 2021-ci il oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsi Niyaməddin Əhmədovu 13 il azadlıqdan məhrum edib.

AXCP bu ittihamların qondarma və siyasi motivli olduğunu bildirib. Qabil Məmmədov da ittihamı yalan adlandırıb.

Hüquq müdafiəçiləri Niyaməddin Əhmədovu siyasi məhbus kimi tanıyıb.

Amerikanın Səsi

10:00, 23 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Drezden Texnologiya Universiteti və Amnesty İnternational təşkilatı Qubad İbadoğuna azadlıq istəyir

by Gozetci 17:41, 22 Avqust 2023
written by Gozetci

Qubad İbadoğlu

Drezden Texnologiya Universiteti və Amnesty İnternational hüquq müdafiə təşkilatı Qubad İbadoğlunun azadlığa buraxılması ilə bağlı Azərbaycan Prezidentinə müraciət edib.

Drezden Texnologiya Universitetinin rektoru Prof. Dr. Ursula Staudinger Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edərək Qubad İbadoğlunun həbsinin əsassız olduğunu bildirib.

“Universitetimizin bəxti gətirib ki, Qubad İbadoğlu kimi alim bu təhsil müəssisəsində çalışacaq. Biz Qubad İbadoğlunu dünya səviyyəli universitetlərdə pedaqoji fəaliyyətlə məşğul olmuş, elmə böyük töhfələr vermiş və əminəm ki, bundan sonra da töhfələr verəcək parlaq fikir sahibi, tədqiqatçı və müəllim kimi tanıyırıq.

Biz onu vicdanlı və xeyirxah insan kimi tanıyır və ona qarşı irəli sürülən ittihamları əsassız hesab edirik. Dünyada tanınmış alim Qubad İbadoğlunu azad edin, o, 2023-cü ilin oktyabrında universitetimizdə professor kimi işə başlamalıdır”, müraciətdə qeyd edilir.

Eyni zamanda Amnesty İnternational beynəlxalq hüquq müdafiə təşkilatı Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı alim Qubad İbadoğlunun həbsindən narahatdır.

Təşkilat iqtisadçı alimin dərhal həbsdən azad edilməsi ilə bağlı Azərbaycan prezidentinə müraciət edib.

Amnesty İnternational həmçinin müraciətdində Qubad İbadoğlunun təcridxanada lazimi dərman və qida ilə təmin olunmasına çağırıb.

“Həbs zamanı ona və həyat yoldaşı İradə Bayramovaya qarşı pis rəftar, habelə prosessual hüquqlarının pozulması ilə bağlı iddialar operativ və səmərəli şəkildə araşdırılmalı, bütün şübhəli şəxslər məsuliyyətə cəlb edilməlidir. Həmçinin sizi dinc hökumət tənqidçiləri və dissidentləri hədəf almaq üçün cinayət ədliyyə sistemindən sui-istifadəyə son qoymağa çağırıram”, müraciətdə deyilir.

Təşkilat hesab edir ki, Qubad İbadoğlunun həbsi və mühakimə olunması hökuməti, siyasi və ictimai fəaliyyəti tənqid etdiyinə, o cümlədən korrupsiyaya qarşı mübarizə çərçivəsində Azərbaycan vətəndaşlarından xaricdə müsadirə edilmiş xarici aktivlərdən azərbaycanlı tələbələrə vəsait ayırmaq istəyən fondun yaradılmasına kömək etdiyinə görə açıq-aşkar qisasdır.

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu barəsində 3 ay 26 gün həbs-qətimkan tədbiri seçib. Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.

Azərbaycan Daxili İşlər Nazirliyi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamı qəbul etmir. O, məhkəmədə irəli sürülən ittihamı saxta adlandırıb.

Uzun illər xaricdə yaşadıqdan sonra bu yaxınlarda Azərbaycana qayıdan İbadoğlu ötən ay mühacirətdə olan bir neçə aparıcı azərbaycanlı siyasətçi və fəalla birlikdə Londonda Azərbaycan Gənclərinin Təhsil Fondunun yaradılmasını elan edib. Qubad İbadoğlu Azərbaycan məmurlarının xarici ölkələrdə olan qanunsuz yolla qazandıqları vəsaitlərin bu fonda köçürülməsinə və gənclərin təhsilinə sərf olunmasına çağırıb.

Çoxsaylı yerli və beynəlxalq hüquq müdafiə təşkilatları, həmçinin ABŞ Dövlət Deparatmenti Qubad İbadoğlunun həbsindən narahatlığını bildirib, onun azad edilməsini tələb edib.

“İnsan hüquqları hər zaman Birləşmiş Ştatlar üçün masadadır və biz öz narahatlığımızı açıq və fərdi qaydada ifadə edirik,” Dövlət Departamentinin sözçüsü Metyu Miller İbadoğlunun həbsinə münasibət bildirərkən deyib.

Amerikanın Səsi

17:41, 22 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Bəxtiyar Hacıyevə qarşı yeni ittihamlar üçün əsaslar axtarılır

by Gozetci 15:35, 22 Avqust 2023
written by Gozetci

Bəxtiyar Hacıyev

İstintaq Bəxtiyar Hacıyevə qarşı yeni, uydurma ittihamlar hazırlayır. Bu barədə “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının rəhbəri Rüfət Səfərov videomüraciətində məlumat verib.

İstintaq xüsusilə, 44 günlük müharibə zamanı Bəxtiyar Hacıyevin Azərbaycan Silahlı Qüvvələrinin əsgərlərinə göstərdiyi yardımın mahiyyətini təhrif etməyə çalışır.

Belə ki, Bəxtiyarın yığılan yardımların bir hissəsini mənimsəməkdə ittiham etməyə cəhdlər edilir.

“Bəxtiyar Hacıyev bu iddiaları qəti şəkildə qınayır. Toplanan yardımların maliyyə mənbələri, onların cəbhəyə çatdırılması tam şəffaf olub. Yardımların çatdırılması Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyinin rəhbər şəxsəri ilə koordinasiyalı şəkildə həyata keçirilib. Bu yaxınlarda Bəxtiyar Hacıyev vəkilləri vasitəsi ilə də açıqlama yayacaq”, – deyə Rüfət Səfərov deyib.

Bəxtiyar və komandasını dövlət mükafatı təqdim etmək, ona təşəkkür etmək əvəzinə, ona qarşı yeni saxta ittihamlar irəli sürülür.

“Hətta bəziləri bəyan edir ki, Bəxtiyar hərbçilərə apardığı yardımları Corc Sorosdan alıb. Guya Sorosdan aldığı vəsaitin bir hissəsini hərbçilərə verib, bir hissəsini də mənimsəyib”, Səfərov qeyd edib.

“Çox təəəssüf ki, dövlət başçısı İlham Əliyev, daxili işlər naziri Vilayət Eyvazov siyasi məhbus Bəxtiyar Hacıyevə qarşı belə qisasçı münasibətini davam etdirməkdədir. Hakimiyyət orqanları belə qisasaçı münasibətdən, tənqidçilərinə qarşı düşmən münasibətdən çəkinməlidir. Dövlət adından çıxış edən liderlər vətəndaşla belə davranmamlıdır”, – deyə Rüfət Səfərov hesab edir.

Öz növbəsində Daxili İşlər Nazirliyinin Mətbuat xidməti yuxarıda deyilənlərlə bağlı sorğuya hələ münasibət bildirməyib.

*Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib. Hacıyev dekabrın 15-də azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başlayıb və ictimaiyyət nümayəndələrinin təkidli müraciətlərindən sonra dekabrın 28-də aclığı dayandırıb.

Yanvarın 9-da Bakı Apellyasiya Məhkəməsi onun azadlığa buraxılması ilə bağlı vəsatətini təmin etməyəndə aclıq aksiyasını bərpa edib. Hacıyev aclıq aksiyasının 51-ci günündə dayandırılıb.

Bu il iyunun 16-da istintaq orqanı Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 192-ci (Qanunsuz sahibkarlıq), 193-cü (Yalançı sahibkarlıq), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma), 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 206.1-ci (Qaçaqmalçılıq) maddələri ilə yeni ittihamlar irəli sürüb.

Yeni ittihamlar Bəxtiyar Hacıyevin qrant alması və onu təyinatı üzrə xərcləməməsi ilə bağlıdır.

ABŞ Dövlət Departamentinin, ABŞ Helsinki Komissiyasının, Avropa İttifaqının, Avropa Şurasının və bir sıra beynəlxalq QHT-lərin nümayəndələri dəfələrlə Bəxtiyar Hacıyevin həbsdən azad edilməsini tələb ediblər.

Turan 

15:35, 22 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Yenə atəşkəs pozulub, ölən və yaralanan var

by Gozetci 13:01, 22 Avqust 2023
written by Gozetci

Atəşkəsin pozulması. Foto: Meydan TV

Avqustun 21-də Azərbaycan və Ermənistan arasında atəşkəs pozulub. Nəticədə Azərbaycan ordusunun hərbçisi yaralanıb, Ermənistan ordusundan isə bir əsgər həyatını itirib.

Bu barədə tərəflərin müvafiq nazirlikləri məlumat yayıb.

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Ermənistanın törətdiyi təxribat zamanı Azərbaycan Ordusunun hərbi qulluqçusu İsmət Nəzərov açılan atəşin rikoşet etməsi nəticəsində yüngül yaralanıb:

“Yaralı hərbi qulluqçumuza dərhal ilkin tibbi yardım göstərilib və o, hərbi tibb müəssisəsinə təxliyə edilib. Onun həyatı üçün heç bir təhlükə yoxdur”.

Nazirlik baş verənlərə görə Ermənistanın hərbi-siyasi rəhbərliyinin məsuliyyət daşıdığını bildirir.

Ermənistanın Axpradzor ərazisində həlak olan 19 yaşlı əsgər Vanik Qazaryan Vayots Dzor bölgəsinin Getap kəndindən olub.

Bu barədə Getap kənd administrasiyasının nümayəndələri yerli mediaya məlumat verib. Vanik Qazaryan bir il əvvəl orduya çağırılıb.

Meydan TV 

13:01, 22 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Avropa Parlamentinin deputatları Qubad İbadoğlunun azad edilməsinə çağırıblar

by Gozetci 11:54, 22 Avqust 2023
written by Gozetci

Avropa Parlamentinin Cənubi Qafqaz üzrə nümayəndə heyətinin rəhbəri Mariya Kalyurand və Parlamentin Azərbaycan üzrə məruzəçisi Jelyana Zovko Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun həbsi və Azərbaycanda insan hüquqlarının pisləşən vəziyyəti barədə narahatlıq ifadə ediblər.

“Qubad İbadoğlu 23 iyul 2023-cü ildə saxtakarlıq ittihamı ilə həbs edilib və hələ də həbsdə saxlanılır. Onun həbsdə fundamental hüquqları pozularaq alçaldıcı rəftara məruz qaldığı, ailəsi və vəkili ilə təmasına, qida və həyati əhəmiyyət kəsb edən dərman preparatlarına çıxışına ciddi məhdudiyyətlər qoyulduğu bildirilir. Biz Azərbaycan hakimiyyətini təcili şəkildə İbadoğlunu zəruri tibbi yardımla təmin etməyə və onu dərhal azad edilməsinə çağırırıq”, Avropa Parlamenti deputatlarının 21 avqust tarixində yaydıqları bəyanatda vurğulanır.

Azərbaycan hakimiyyətini fundamental azadlıqları və insan hüquqlarını qorumağa çağıran parlamentarlar bəyanatda qeyd edir ki, Qubad İbadoğlunun işi Azərbaycanda insan hüquq və azadlıqlarının vəziyyətini və onun son aylarda daha da pisləşdiyini əks etdirir.

“Etibarlı müstəqil təşkilatlar hazırda Azərbaycanda 200-ə yaxın siyasi məhbusun olduğunu qeydə alıb. Müxalif siyasətçilər, o cümlədən Polad Aslanov və Bəxtiyar Hacıyev kimi tanınmış müstəqil jurnalistlər və hüquq müdafiəçiləri şübhəli ittihamlarla həbs edilib”, parlamentarlar əlavə edib.

Vəkil Elçin Sadıqova qarşı davam edən cinayət işi və onun vəkillik lisenziyasının dayandırılması ilə bağlı təəssüfünü ifadə edən Avropa Parlamenti üzvləri bütün siyasi məhbusların dərhal azad edilməsinə və siyasi motivli ittihamların ləğv edilməsinə çağırıblar.

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs qətimkan tədbiri seçib.

Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.

Azərbaycan Daxili İşlər Nazirliyi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bugünədək bir sıra ölkələr və beynəlxalq təşkilatlar İbadoğlunun azad edilməsi üçün çağırış ediblər.

Amerikanın Səsi

11:54, 22 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Zamin Salayevin səhhətində problemlər qalmaqdadır

by Gozetci 11:36, 22 Avqust 2023
written by Gozetci

Zamin Salayev

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon təşkilatının sədri Zamin Salayevin saxlanıldığı 11 saylı Cəzaçəkmə Müəssisəsinin tibb-sanitar hissəsində müalicəsi davam etdirilir, səhhəti normallaşamağa doğru gedir. Uzunmüddətli aclıqdan sonra onun ayaqlarında şiş yaranıb. Böyrəklərində və ürəyində problemlər var.

Bu barədə vəkil Nemət Kərimli Amerikanın Səsinə deyib.

Zamin Salayev həbsinə etiraz olaraq 114 gün aclıq keçirib, azı 50 kiloqram çəki itirib. O, ürək və böyrək çatışmazlığından əziyyət çəkir.

Xatırlatma

Zamin Salayev bu il fevralın 7-də saxlanılıb.

Fevralın 8-də Bakının Qaradağ Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq – silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) ilə cinayət işi açılıb.

Salayev həbsinin sifariş olduğunu hesab edir və məhkəmə qərarına etiraz olaraq 114 gün aclıq edib. İyunun 1-də o, aclığı dayandırıb.

Mayın 22-də Qaradağ Rayon Məhkəməsi hakim Rufan Mürsəlovun sədrliyi ilə Zamin Salayevin 4 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Çoxsaylı beynəlxalq təşkilatlar, ABŞ Dövlət Departamenti Azərbaycan hökumətini Zamin Salayevlə bağlı işə ədalətli baxılmasına çağırıb.

Amerikanın Səsi

11:36, 22 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Apellyasiya Məhkəməsi Qubad İbadoğlunun növbəti şikayətini təmin etməyib

by Gozetci 10:29, 22 Avqust 2023
written by Gozetci

Qubad İbadoğlu

Avqustun 21-də Bakı Apellyasiya Məhkəməsi həbsdə olan müxalifətçi və iqtisadçı Qubad İbadoğlunun şikayətini təmin etməyib. O, son 2 ildə olmadığı ofisində axtarış aparılması barədə Nərimanov məhkəməsinin qərarına etiraz edib.

Prosesdə Qubad İbadoğlu özü də iştirak edib. O, axtarış və həbsinin qanunsuz olduğunu bir daha bildirib.

İbadoğlunun qardaşı Qalib Turan-a bildirib ki, Qubad İbadoğlu çox arıqlayıb. Arterial  təzyiq və qanda yüksək qan şəkərdən əziyyət çəkir.

* İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlunu saxta pul hazırlamaqda ittiham edərək 3 ay 26 gün müddətinə həbs edib.

Azərbaycan Daxili İşlər Nazirliyindən bildiriblər ki, İbadoğlu 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülənin tərəfdarları ilə əlbirdir.

Qubad İbadoğlu ittihamları absurd hesab edərək qəbul etmir.

Turan 

10:29, 22 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir

  • Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib

  • Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir
20:17, 25 Mart 2026
Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib
22:20, 23 Mart 2026
Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir
16:26, 19 Mart 2026
Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia