Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhkəmə “Müdafiə xətti”nin şikayətini təmin etməyib

by Gozetci 15:47, 25 Avqust 2023
written by Gozetci

“Müdafiə xətti” hüquq- müdafiə təşkilatının təsisçiləri Azərbaycan Ədliyyə Nazirliyinin bu ictimai birliyi qeydiyyata almaqdan imtina etməsilə əlaqədar məhkəməyə müraciət ediblər.

Ədliyyə Nazirliyi imtinanı təşkilatın adında “onun fəaliyyətinin xarakterinin” göstərilməməsi və sənədlərdə bütün təsisçilərin imzaları və anket məlumatlarının olmaması ilə əsaslandırıb.

Avqustun 23-də Bakı İnzibati Məhkəməsində məhkəmə zamanı çıxış edən “Müdafiə xətti”nin vəkili Fariz Namazlı deyib ki, təşkilat insan hüquqlarının müdafiəsilə məşğuldur və bu, qurumun adında göstərilib.

İmzalara və anket məlumatlarına gəlincə, təşkilat öz  sədrini seçib və ona qurumu təmsil etmək səlahiyyəti verib.

Lakin məhkəmə şikayəti təmin etməyib.

“Müdafiə xətti” nin icraçı direktoru Rüfət Səfərov bildirib ki, məhkəmənin qərarından apellyasiya şikayəti veriləcək.

Turan

15:47, 25 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBərabərlik hüququBölgəHüquq PozuntularıSliderXƏBƏRLƏR

Həbsdə Qubad İbadoğluna təzyiq davam edir

by Gozetci 15:14, 25 Avqust 2023
written by Gozetci

Qubad İbadoğlu

Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı alim, həbs olan Qubad İbadoğluna psixoloji təzyiq davam edir. Bu barədə Turan-a onun qardaşı Qalib Toğrul bildirib.

“Kürdəxanı İstintaq Təcridxanasının administrasiyası Qubada psixoloji təzyiqləri davam etdirir. Belə ki, 33 gündür ki, gecələr onun kamerasında  işığı söndürmürlər. Bu, artıq psixoloji təzyiq deyil, fiziki işgəncədir”,- o deyib.

Qalib Toğrulun sözlərinə görə, İbadoğlu normal yata bilmir, bu da xəstəliyini ağırlaşdırır. Qanda şəkəri azalmır, təzyiq enmir, nəbz yüksək olaraq qalır.

Öz növbəsində, Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

* İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlunu saxta pul hazırlamaqda ittiham edərək 3 ay 26 gün müddətinə həbs edib. Azərbaycan Daxili İşlər Nazirliyindən bildiriblər ki, İbadoğlu 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülənin tərəfdarları ilə əlbirdir.

Qubad İbadoğlu ittihamları absurd hesab edərək rədd edir. Bir çox beynəlxalq təşkilatlar və rəsmi şəxslər rəsmi Bakını siyasətçini dərhal azad etməyə çağırıblar .

Turan 

15:14, 25 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Adekvat yaşayış standartıHüquq PozuntularıMərkəzi AranSliderXƏBƏRLƏRYerli İcmalar

Anomal istilər, susuzluqdan əziyyət çəkən kəndlilər, əkinə dəyən ziyan…

by Gozetci 12:20, 25 Avqust 2023
written by Gozetci

Aidiyyəti qurumlar susur, mütəxəssislər həyəcan təbili çalır

“Yaz fəslindən su qıtlığı hiss olunurdu. Elə ki, yay fəsli başladı, vəziyyət daha da çətinləşdi. Kəndlərin içərisindəki arxlarda iyul – avqust aylarında nadir vaxt su tapmaq olur. Bir gün su gəlir az da olsa, 2-3  həftəni gözləməli oluruq. Susuzluq bu yay çox özünü göstərdi”.

“Su tapmıram ki, istixanaları suvarım”

Göyçaylı kəndlilər su üzünə həsrətdir. Söhbət suvarma suyundan gedir. Bir hektar bağı, əkini susuz qalan Gündüz İsayevi də  narahat edən budur.

Deyir ki, rayonun 55 kəndinin əksəriyyəti yayda suvarma suyu axtarışında olur ki, bu da çox vaxt kəndlilərin əziyyətinin hədər getməsi ilə nəticələnir. Daha çox rayondan 25-30 kilometr uzaq məsafədə yerləşən kəndlərin sakinləri problemi ciddi şəkildə yaşayır. Nə həyətyanı  əkin, nə pay torpaqlarını suvarmağa su tapan kəndlilər bu il çəkdikləri əziyyətin hədər getdiyini deyirlər.

Ən çox əziyyəti istixanaları olan kəndlilər çəkir. 100 hektar pay torpaq sahəsi və mindən çox istixanası olan Mırtı -Alıkənd sakinləri suyun ərşə çəkildiyini deyir. Onlar nəinki əkinə, heyvana  belə içməli su tapmırlar.

“60 sot həyətyanı sahəm var. Dörd istixanada payızlıq xiyar və pomidor əkdim. İki aydır becərilən şitillər, gah ölür, gah dirilir. Su tapmıram ki, istixanaları suvarım. Mindən çox şitilim  qızmar günəşdən yandı, xəstəlik tapdı. Payızda məhsul çox az olacaq. Məcbur olub uzaq məsafədə olan, Qobu deyilən axar lilli sudan su çəkdirmişəm, onun da suyu azalıb. Arxın içində dərin hovuz qazmışam, günlərlə oraya damla – damla tökülən su yığılır, təhnələrdən, bərələrdən yığılıb qalan suyu  heyvana içirirəm”,– deyə kənd sakini Mobil Musayev bildirir.

“Biçimlik ot  da yoxdur”

Aylarla pay torpaqlarını suvara bilməyən kəndlilər yay fəslinin qızmar istisindən torpaqların çox əziyyət çəkdiyini bildirirlər. Nəticədə suvarılmayan sahələrdə salınan meyvə bağları solub, ot sahələrindən isə 3-4 dəfə az ot bağı götürüblər. Bu isə payızda  ot və məhsul  qıtlığına səbəb olacaq.

Elcan Əliyev  də  üç aydır sahəsini suvarmağa su tapmayanlardandır:

“Hər il pay torpağından 80-100 bağlama ot götürürdüm. İndi ilk biçimdə 20 bağlama götürdüm. Sonrakı biçimlərdə də daha az. Payıza qədər biçim olurdu, su yoxdursa, biçimlik ot  da yoxdur. Əkdiyim meyvə ağaclarından bəziləri qurudu. Nə həvəslə, əziyyətlə əkmişdim. Məhsulu da yoxdur. Gəlirəm hər həftə ki, suyu çəkib bağa salım, ya suvarma arxı quruyur, ya da daha əvvəldən sakinlər suyu bənd qoyub öz sahəsinə çəkir deyə su zəif gəlir. O su ilə ancaq həyətdə iş görmək olur, bağı, sahəni suvarmaq olmur”.

“1700 hektar sahə suvarmadan əziyyət çəkir”

Göyçay kəndlərinin su mənbələri  Göyçay çayı,  Yuxarı Şirvan kanalı və Yekəxana su anbarıdır. Çaydan yararlananların sayı çox olduğundan suvarma  işi daha qəliz olur. Çünki çay yatağı ildən-ilə daralır, quruyur, su ehtiyatı azalır. Yağıntının az olması da çaydan su ehtiyatını götürən yaxın kəndlərin işini çətinləşdirir.

Potu və Ulaşlı-Şıxlı kənd sakinləri də susuzluqdan beş ildir əziyyət çəkənlərdəndir.

Bələdiyyə sədri Zamiq İbrahimov deyir ki, son iki həftədə kəndlərdə vəziyyət daha da kritikləşib. İllərdir çaydan həmin kəndlərə əsaslı  su çəkilişi isə qadağadır.

“Yağıntı olmadı deyə Göyçay çayında su azaldı, bizim dörd kəndə də oradan su gəlirdi. Əsas iki kənddə vəziyyət kritikdir. 1700 hektar sahə suvarmadan əziyyət çəkir.  Üç min təsərrüfat sahəsi olan bu kəndlər beş ildir sudan əziyyət çəkir. Çünki əvvəl Göyçay çayının  körpüsünün altında  bənd qurulmuşdu, 2018-ci ilin selində körpü uçdu deyə su bəndini də apardı. Sonradan bənd qurmağa icazə vermədilər ki, şəhər sıxlaşıb, özünün suya ehtiyacı var. Beş ildir problem yaşayırıq. Müraciət etmişik, deyirlər, 700 min manatlıq layihə var körpünün altından su verilməsi üçün, ancaq iş görülmür hələ”.

“İki min şitil pomidor yandı”

Alpoud, Bəydövül və Ləkçıplaq kimi iri kəndlərdə isə minlərlə istilikxana, hektarla bağ əkini olan əhalinin müəyyən hissəsi su tapdığını, digər hissəsi isə ancaq yeraltı su ehtiyatı ümüdünə əkin əkdiyini deyir.

Ləkçıplaq kənd sakini Elnur  Kərimov deyir ki, məhz susuzluqdan iki minlik pomidor əkini məhv olub.

“Güclü istilər birillik əkini məhv elədi. Sellofanın altında əkilən bütün şitilə yandı kökündən, çünki 45-50 dərəcə istidir, bu da sellofanla olur 100 dərəcə. Bitki o istidə necə qalsın? İki min şitil pomidor yandı, çıxarıb xiyar əkdik. Xiyara da su lazımdır, suyu tapmaq olmur. Zülmlə, “kaçalka” üsulu ilə su çıxarırıq yerin altından. Çaya, kanala yaxın kəndlər, evlər suyu götürür, bu istidə digər kəndlərə su çatmır.  25-30 manata aldığımız içməli suyu məişətdə, əkində istifadə edirik. Payızda məhsul qıtlığı özünü göstərəcək. Artıq qiymətlərdə artım var”.

“Nə əkirəm, yayda batır”

Çaxırlı kənd sakini Bəkir Qasımov da iki hektar pay torpağını suvara bilmədiyindən işi  məhkəməyə qədər gedib çıxıb. Çünki bir çox pay torpaqlarının birbaşa su ehtiyatına çıxışı yoxdur.

“İki hektar pay torpağım var, taxıl əkmişəm. Üç ildir qonşum su vermir ki, mən onu suvarım. Nə əkirəm, yayda batır, qışda yenə yağış az-çox suvarır. Məhkəmələrdə belə oldum, lehimə üç dəfə qərar verildi, xeyri yoxdur, suyu vermirlər ki, suvarım. Bəzi torpaqlara su çatmır, illərdir susuz qalır. Bələdiyyə də kömək edə bilmir. Sadəcə bəziləri olan – qalan suyu zəbt edir, çəkib gətirə bilmirsən. Onunku əkindir, bizimki nədir?”

“Ağaclar susuzluqdan saralıb solur”

Alpoud kənd sakini Əliheydər Rzayev isə deyir ki, qızmar yayı nəzərə alıb kənd sakinləri payızlıq əkin əkməyiblər. Çünki kəndin su ehtiyatı əkinə görə əlçatmazdır.

“Alpoud ən səhra, ən isti kənddir. Bizim kəndə Qobu deyilən su axarından gəlir. Bəydövül kəndinin də müəyyən hissəsi bizdən suvarır deyə problem çətinləşir. İnsanlar qorxdu, bu il payızlıq əkin əkmədi. Kütləvi əkin olsa, qıtlıq çox göstərərdi. Çünki tək Qobunun suyu ilə çatdırmaq olmazdı. Su gəlir, ancaq lilli. İki min əhalisi var. İstilər   bağlara mənfi  təsir göstərib, ağaclar susuzluqdan saralıb solur”.

“Su qıtlığına doğru gedirik”

Göyçay Aqrar İnkişaf Mərkəzinin rəhbəri Elçin İsmayılov Meydan TV-yə  rayonda su ehtiyatının normal olduğunu, ancaq artan  tərəvəzçilik və bağçılıqdan dolayı suvarmada növbəlilik prosesinin pozulduğunu deyib. Əlavə edib ki, rayon üzrə 30 min əkin sahəsindən 26 mini suvarılan sahələrdir:

“Əslində üç mənbəyimizdə su ehtiyatı azalmayıb. Çaydan demək olar bütün kəndlər yararlanır. Körpü uçandan sonra Potu – Ulaşlı kəndlərinə çaydan suyun verilişi bərpa  olunmayıb. Heç yer də qalmayıb indi. Nazirlər Kabineti, Su Meliorasiya İdarəsi əraziyə  baxış keçirdi, bərpası üçün söz verdilər. Ancaq biz də bilmirik bu vəd nə vaxt reallaşacaq”.

“Su kəndlərə çatır, ancaq bölgüsünü, bərabər çatımını düzgün icra etmirlər. Su Meliorasiya İdarəsinin və bizim qurumun işi suyu kəndə çatdırmaqdır. Qalan iş kənddəki qurum və vətəndaşların üzərinə düşür. Su birlikləri, bələdiyyələr, icra nümayəndəlikləri, kəndlilər bölgü və növbəlilik sistemi ilə suvarmanın təminatını həyata keçirməlidirlər. Kimsə qarşısını alır, günlərlə bənd qoyur suvarma arxına, suyu mənimsəyir. Nəticədə digərlərinin əkini, bağı, heyvanı  susuz qalır. Meliorasiya İdarəsinin işçiləri də səhlənkarlıq edir, suvarma kanalları, arxları qazılmalıdır ki, hansısa kəndin sakinləri sonra su problemi yaşamasın. Nəzarət olmalıdır”, – Elçin İsmayılov deyib.

Onun sözlərinə görə, pay torpaqlarında suyun çatışmazlığı  zamanında torpaqların düzgün bölünməməsi, su hövzələrinə çıxışın olmaması ilə bağlıdır:

“İslahat dövründə su axarını da nəzərə almalı idilər”.

Mərkəz rəhbəri kəndlilərə dəyən ziyanı isə istidən mühafizə tədbirlərinin görülməməsi ilə əlaqələndirib:

“Düzdür, bir müddət sel, daşqınlar zamanı drenajları məcbur olub kəsdik, bir həftə, on gün sular o vaxt kəsildi. Sonradan suyun azalması istilərlə bağlıdır. Onsuz da su qıtlığına doğru gedirik. Çalışırıq ki, intensiv suvarma metoduna keçirilsin. Son ay həm də güclü istilər oldu, belə istilərlə mübarizə təcrübəmiz də yoxdur. Kəndlərdə əkinlə bağlı ziyan oldusa istilərdən dolayı, bunun da səbəbkarı özləridir. Çünki istidən mühafizə tədbirləri görülməyib. İstixanalar palçıq örtüklə, yaşıl bitki kütləsi ilə günəş şüasından mühafizə olunmalı idi. Dərmanla, gübrələrlə bu iş olmaz”.

Göyçay Suvarma Sistemləri İdarəsinin rəhbəri Orxan Mahmudovdan isə  kəndlilərin yaşadığı  su problemi ilə bağlı münasibət öyrənmək mümkün olmadı. Edilən zənglər və göndərilən sorğu cavabsız qaldı.

“Müasir suvarma sistemlərinin qurulması üçün dövlət proqramına ehtiyac var”

İqtisadçı Natiq Cəfərli deyir ki, ölkədə içməli su ilə yanaşı, suvarma suyu ciddi problemdir. Onun sözlərinə görə, yaxın 20-30 ildə su ölkədə ciddi problem kimi ilk üçlikdə olacaq. O, problemin həllini  daxili su ehtiyatı itkisinin qarşısının alınması məqsədilə  dövlətin həyata keçirəcəyi uğurlu təşviq siyasətində görür. Hansı ki, illərdir bu siyasət  öz həllini tapmır, laqeyd münasibət bəslənilir:

“Cənubi Qafqazda ən az su mənbələri olan ölkəyik. Əhali çox, su ehtiyatı azdır. Həm də mövcud su mənbələrinin sonuncu istifadəçisiyik. Kür və Araz çayları digər ölkələrdən keçərkən kifayət qədər istifadə olunur. Bizə daha az istifadə imkanı yaranır. Buna görə də su ehtiyatı ciddi problemdir. Ancaq daxili problemlər də var. Hələ də suvarma kanallarının çoxu  torpaqdır. Bu da nəql olunarkən suyun 40-45 faizinin itkisinə səbəb olur. Ölkədaxili suvarma kanalları beton və dəmir borulardan təşkil olunmalıdır ki, su itkisi olmasın”.

“İkinci ciddi problem odur ki, fermerlər, kəndlilər müasir suvarma sistemlərinə malik deyillər. Təəssüf ki, su resurslarından da effektiv istifadə etmək mümkün olmur. Bu da, ciddi itkilərə səbəb olur. İri holdinqlər, sahibkarlar istifadə edir. Səbəbi o deyil ki, kəndlilər  bacarmır, səbəbi o suvarma sistemlərinin baha olmasıdır, əlçatan deyil. Bu istiqamətdə dövlətin təşviq siyasəti yürütməsi yaxşı olar”, – Natiq Cəfərli deyib.

Onun fikrincə, fermerlərə uzunmüddətli faizsiz kreditlər şəklində müasir suvarma sistemlərinin qurulması üçün dövlət proqramına ehtiyac var:

“Damcılı, yaxud qənaətli suvarma sistemi qurularsa, kəndlilər üçün həm məhsuldarlığa, həm su itkisinin qarşısının alınmasına effektiv təsir göstərər”.

“Daxili bazarda qiymətlər artacaq”

Natiq Cəfərli düşünür ki, isti hava şəraiti ilə əlaqədar kəndlilərin qarşılaşdığı ziyanının bazara da ciddi təsiri olacaq:

Natiq Cəfərli. Foto: Meydan.TV

“İsti hava şəraiti məhsulu məhv edibsə, əkilən məhsul azdırsa, qiymət də artacaq.  Son bir aydakı  isti hava şəraiti kənd təsərrüfatına təsiri göstərdiyi kimi bazara da təsir göstərir. Nəzərə alsaq ki, ölkə kənd təsərrüfatı məhsullarının ixracına da maraqlıdır, onda birbaşa daxili bazarda qiymətlər artacaq”.

12:20, 25 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Avropa Məhkəməsi Azərbaycandan göndərilmiş yeni qərarları elan edəcək

by Gozetci 17:48, 24 Avqust 2023
written by Gozetci

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) avqust ayının 31-də Azərbaycandan göndərilmiş 8 ərizə üzrə 3 qərar və qərardadını elan edəcək.

Nabat Bağırova və başqa 5 ərizəçi Azərbaycana qarşı

Bu işdə mülkiyyət hüququnun pozuntusu mübahisələndirilir.

Ərizəçilərə məxsus əmlaklar – fərdi evlər, evlərə aid sahələr və ya mənzillər 2015-16-cı illərdə Bakıda yolun abadlaşdırılması layihəsi çərçivəsində sökülmüşdü. Onlar qeyd edilən mülkiyyətlərinin özgəninkiləşdirilməsinin qanunsuz olduğunu, 1 saylı Protokolun 1-ci maddəsi ilə təminat altına alınan mülkiyyət hüququnu pozduğunu iddia edirlər.

Yerli məhkəmələr onların şikayətlərini rədd edib.

Sugra Quliyeva Azərbaycana qarşı

Quliyeva Azərbaycana qarşı işi ərizəçinin Saray Bələdiyyəsindən aldığı 0,3 hektar torpaq sahəsinin əlindən alınması ilə bağlıdır. Ərizəçi həmin sahədə kənd təsərrüfatı təyinatlı tikili və ev inşa etmişdi. Sahə ərazinin Milli Təhlükəsizlik Nazirliyinə verilməsindən sonra ərizəçidən alınmışdı. Müvafiq qərarda ona təzminat ödənilməsi nəzərdə tutulsa da ərizəçiyə pul ödənilməmişdi. O, 178 min AZN məbləğində təzminat tələbi ilə Saray Bələdiyyəsi və MTN-ni məhkəməyə vermiş, amma iddiası təmin olunmamışdı.

Avropa Məhkəməsi bu işlə bağlı 2021-ci ildə qərarını açılayıb, hesab edib ki, ərizəçiyə münasibətdə 1 saylı Protokolun 1-ci maddəsi pozulub.

Bu işdə ərizəçi maddi ziyana görə 232.750 Azərbaycan manatı, “itirilmiş fayda”ya görə təzminat, mənəvi zərərə görə 20.000 avro və xərc məsrəflər üçün qeyri-müəyyən məbləğ tələb etmişdi. 2021-ci ildə təzminat məsələləri ilə bağlı qərar verməyə hazır omadığını vurğulayan AİHM hökumətin ərizəçi ilə razılaşmasının mümkünlüyünü ifadə etmişdi. AİHM avqustun 31-də ərizəçinin təzminat tələbləri ilə bağlı yekun qərarını açıqlayacaq.

Nəsimi Musayev Azərbaycana qarşı

Bu işdə 1993-cü ildə anadan olmuş ərizəçi Nəsimi Musayev Azərbaycan vətəndaşıdır, Lerikdə yaşayır. 2011-ci ildə Lerik Hərbi Komissiyası ərizəçinin şəkərli diabet xəstəsi olması səbəbindən sülh dövründə hərbi xidmətə yararsız, müharibə vaxtı isə qismən yararlı olmasına qərar verib. Ərizəçi dəfələrlə komissiyaya müraciət edərək hərbi statusunu təsdiq edən hərbi biletin ona verilməsini xahiş edib, ancaq bileti ala bilməyib.

Ərizəçi 2011-ci ildə ali məktəblərə qəbul imtahanında iştirak etmək istəyib, ancaq abituriyent olaraq, hərbi biletini təqdim edə bilmədiyindən imtahana buraxılmayıb. İmtahan mövsümü başa çatandan sonra hərbi bilet ərizəçiyə təqdim edilib.

Ərizəçi 2011-ci ilin dekabrında Lerik Hərbi Komissarlığına və Müdafiə Nazirliyinə qarşı hüquqlarının, xüsusən də təhsil hüququnu pozmaları əsası ilə iddia qaldırıb, 100.000 Azərbaycan manatı məbləğində mənəvi ziyan əvəzi tələb edib. Yerli məhkəmələr ərizəçinin şikayətlərini rədd edib.

Ərizəçi AİHM qarşısında ədalətli məhkəmə araşdırması (6-cı maddə) və təhsil hüququnun (Protokol 1, maddə 2) pozulduğunu iddia edir.

aihmaz.org

17:48, 24 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Amerikalı senator və AŞPA məruzəçisi Qubad İbadoğlunun azad edilməsinə çağırıb

by Gozetci 15:48, 24 Avqust 2023
written by Gozetci

Ben Kardin

Amerikalı Senator Ben Kardin həbsdə olan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri və iqtisadçı alim Qubad İbadoğlunun dərhal azadlığa buraxılmasına çağırıb.

“Azərbaycan hökumətinin azərbaycanlı müxalifət lideri və iqtisadçı Qubad İbadoğlunun siyasi motivli həbsi ölkədə müstəqil səsləri dəhşətli şəkildə boğması diqqəti daha da artırır”, o, X-də ( keçmiş Twitter) qeyd edib.

Senator paylaşımında iqtisadçı alimin və həyat yoldaşının saxlanılan zaman fiziki təzyiqə məruz qalması barədə yayılan məlumatlara da münasibət bildirib.

“O, təkcə saxta cinayətlərdə ittiham olunmayıb, o həm də özü və həyat yoldaşının həbsi zamanı şiddətli döyüldüyü və həbsdə olarkən ona tibbi yardım göstərilmədiyi barədə xəbərlər eşidirik. Mən onu dərhal azad etməyə çağırıram”, o bildirib.

Sunna Evarsdottir

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi məhbuslar üzrə baş məruzəçisi Sunna Evarsdottir də azərbaycanlı alim, Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun dərhal azadlığa buraxılmasına çağırıb.

“Cənab İbadoğlunun iyulun 23-də zorakılıqla saxlanılması və daha sonra həbs olunması ilə bağlı xəbərlər məni şoka salıb. O, “mütəşəkkil qrup şəklində saxta pul hazırlamaq, əldə etmək və ya satmaq”da ittiham olunur və günahı sübuta yetirilərsə, onu 12 ilə qədər həbs cəzası gözləyir. Mən ona qarşı ittihamların onun fəallığından irəli gəlməsi və siyasi motivli olmasından narahatam”, AŞPA məruzəçisi avqustun 24-ü yaydığı bəyanatda vurğulayıb.

Bəyanatda qeyd edilir ki, Qubad İbadoğlu müstəqil iqtisadçı, siyasətçi və Azərbaycan hökumətinin tənqidçisidir. Onun akademik araşdırmalarının bir hissəsi Azərbaycanın dövlət qurumları daxilində korrupsiyaya yönəlib.

2023-cü ilin iyununda Qubad İbadoğlunun gənc azərbaycanlılar üçün təhsil fondu yaratdığını bildirən islandiyalı deputat, fondun korrupsiya ilə məşğul olduğu iddia edilən elitalardan müsadirə edilən ianələr və xarici aktivlər hesabına maliyyələşdiriləcəyini bildirib.

Qubad İbadoğlunun bu yaxınlarda ürək əməliyyatı keçirməsinə və çoxsaylı xəstəliklərdən əziyyət çəkməsinə baxmayaraq, lazımi qidaya çıxışı olmadığı və sürətlə arıqlaması ilə bağlı məlumatların olduğunu qeyd edən AŞPA məruzəçisi İbadoğlunun saxlanma şəraiti və həkimə müraciət edə bilməməsi ilə bağlı iddiaların ciddi narahatlıq doğurduğunu vurğulayıb.

“Mən Azərbaycan hakimiyyətini Qubad İbadoğlu üçün insani şəraiti, o cümlədən zəruri qida və tibbi yardıma çıxışını təmin etməyə, Azərbaycan hökumətini siyasi motivli ittihamların götürülməsi və onun dərhal azad edilməsi üçün lazım olan bütün addımları atmağa çağırıram”, Sunna Evarsdottir əlavə edib.

Xatırlatma

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs-qətimkan tədbiri seçib.

Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.

Azərbaycan Daxili İşlər Nazirliyi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bu günədək bir sıra ölkə və beynəlxalq təşkilatlar İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.

Amerikanın Səsi

15:48, 24 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəSliderXƏBƏRLƏR

Jurnalist Cəmil Məmmədli məhkəmə zalında həbs olunub

by Gozetci 13:46, 24 Avqust 2023
written by Gozetci

Cəmil Məmmədli

Zərərçəkənlər polisin nəzarətinə vermənin həbs qətimkan tədbiri ilə əvəz olunmasını istəyiblər

Avqustun 24-də Sumqayıt Şəhər Ağır Cinayətlər Məhkəməsi jurnalist Cəmil Məmmədli haqda həbs qərarı çıxarıb. Jurnalist məhkəmə zalındaca həbs edilib.

Bu barədə Meydan TV-yə jurnalistin vəkili Fariz Namazlı açıqlama verib.

Fariz Namazlı bildirib ki, Cəmil Məmmədli Cinayət Məcəlləsinin 178.2.4, 182.2.1, 182.2.2 və 221.2.2 maddələri (hədə-qorxu ilə tələb etmə, xuliqanlıq, dələduzluq) ilə ittiham olunurdu.

Vəkilin sözlərunə görə, hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən hazırlıq iclasında dövlət ittihamçısı və zərərçəkənlər polisin nəzarətinə vermənin həbs qətimkan tədbiri ilə əvəz olunması vəsatətini qaldırıblar:

“Onlar iddia edirdilər ki, Cəmil Məmmədli proses iştirakçılarına media və sosial şəbəkələr vasitəsilə təzyiq edir. Bundan sonra Cəmil Məmmədli məhkəmə zalında həbs olundu”.

F.Namazlı deyib ki, məhkəmə hökm çıxarana qədər C.Məmmədli həbsdə qalacaq. Vəkil onu da bildirib ki, jurnalistə qarşı bir neçə nəfər şikayətçidir:

Fariz Namazlı

“Əsasən Həbibovlar ailəsidir, onların anası 2010-cu ildə öldürülüb, indiyə qədər də qətlin üstü açılmayıb. Ailə iddia edir ki, guya, Cəmil Məmmədli onların etimadından sui-istifadə edərək 10 min manat alıb, amma qaytarmayıb. Yəni konflikt əsasən Həbibovlar ailəsilədir və onlar da Cəmil Məmmədlini həbs etdirmək istəyirlər. Buna görə də Xaçmaz Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət veriblər. Məhkəmə islah işləri haqda qərar çıxarandan sonra apelyasiya şikayəti verdilər ki, jurnalist həbs olunsun”.

Cəmil Məmmədli ölkənin şimal bölgəsində fəaliyyət göstərən jurnalistdir. O, bir müddət əvvəl Quba Rayon İcra Hakimiyyətinin başçısının şikayəti üzrə islah işləri cəzasına məhkum olunub.

2023-cü ilin əvvəlində isə ona qarşı böhtan və təhqir ittihamı ilə bir neçə məhkəmə işi başlayıb. Jurnalistə həmçinin xuliqanlığa görə cinayət işi açılıb. Jurnalist bütün ittihamları rədd edir, təzyiqlərin onu susdurmağa, sıradan çıxarmağa xidmət etdiyini bildirir.

Meydan TV 

13:46, 24 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq Pozuntularıİşgəncə və pis rəftarSliderTibbi yardım hüququXƏBƏRLƏR

Həbsdə olan Müsəlman Birliyi Hərəkatının üzvü xəstəxanaya yerləşdirilib

by Gozetci 13:11, 24 Avqust 2023
written by Gozetci

Ceyhun Balaşov

Müsəlman Birliyi Hərəkatının  həbsdə olan fəalı Ceyhun Balaşov avqustun 23-də polis nəzarətinə verilərək mülki xəstəxanaya köçürülüb.

Müsəlman Birliyi Hərəkatından Turan-a bildirilib ki, Ceyhun Balaşovun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi və həbsdən azad edilməsi barədə qərarı Lənkəran Ağır Cinayətlər Məhkəməsi çıxarıb.

Avqustun 23-də 1 saylı Bakı İstintaq Təcridxanasında onun vəziyyəti kəskin pisləşib və Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.

“Xəstəxanadan bizə bildirilib ki, Balaşov süni nəfəs aparatına qoşulmuş vəziyyətdə daxil olub. Aldığı travma nəticəsində beynində qematoma və çuxurlar yaranıb”, – Müsəlman Birliyi Hərəkatından bildirilib.

İyulda Balaşov məhkəmədə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı iddiaları təkzib etdikdən və narkotiki onun üzərinə polis əməkdaşlarının özləri qoyduğunu dedikdən sonra istintaq təcridxanasında fiziki təzyiqə məruz qalıb.

Həbsdə onun fiziki təzyiqə məruz qaldığı bildirilsə də, Penitensiar Xidmət bu xəbərləri təkzib edib (https://www.turan.az/ext/news/2023/7/free/Social/ru/6543.htm).

* Balaşov bu il fevralın 2-də Beyləqan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 234.4.3 maadəsi (Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları hazırlama, əldə etmə, saxlama, göndərmə, daşıma və ya satma – külli miqdarda törədildikdə) ilə ittiham olunur, bu maddə 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Turan 

13:11, 24 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq PozuntularıSliderXƏBƏRLƏRYaşamaq hüququ

Samir Aşurovun ailəsinə təzyiq edildiyi deyilir

by Gozetci 11:02, 24 Avqust 2023
written by Gozetci

Samir Aşurov

Avqustun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində Almaniyadan deportasiya edilərək Azərbaycana qaytarılan və aprelin 19-da Bakıda həbs edilən Samir Aşurovun növbəti məhkəmə iclası keçirilib.

Prosesdə iştirak edən hüquq müdafiəçisi Zəfər Əhmədov Amerikanın Səsinə bildirib ki, proses 24-cü polis bölməsinin əməkdaşlarından olan Nəriman Səfərov adlı şəxsin dindirilməsi ilə davam edib:

“Şahid ifadəsində hadisə yerinə gələn zaman artıq hadisənin bitdiyini söyləyib. Şahidin sözlərinə görə, o, nə zərərçəkəni, nə də hadisəni görüb. Samir Aşurovun vəkili Elçin Sadıqov və Samir Aşurov dindirilən şahidə suallar verdi. Lakin, gözlədiyimiz kimi, şahid suallara cavab vermədi. O detalları xatırlamadığını bildirərək suallardan yayındı”.

Növbəti məhkəmə iclası sentyabrın 6-na təyin edildi.

Samir Aşurovun həyat yoldaşı Nuranə Aşurova Amerikanın səsinə açıqlamasında bildirib ki, təzyiqlərə məruz qaldığı üçün Azərbaycanı tərk etməli olub:

“Həyat yoldaşım Samir Aşurovu müdafiə etdiyim üçün, eyni zamanda, ictimai fəallığıma, tədbir və toplantılarda aktiv iştirak etdiyim görə, məni xarici nömrələr vasitəsilə hədələyiblər. Uşaqlarımla təhdid edirlər. Bir çox izləmələrin şahidi olmuşam. “Facebook” profillərdən hədə-qorxu mesajı göndərirdilər. Yaşadığım yerə polis əməkdaşları gəlib məni sorğu-sual etdi və ev sahibinin nömrəsini istədi. Mən də verdim. 2 gün sonra ev sahibi müxtəlif bahənələr gətirərək evi tərk etməyimi tələb etdi. Bir çox evlərə baxdım, anlaşdım, sonra isə zəng edib alınmayacağını bildirirdilər. Eyni zamanda “ailən var, uşaqların var” deyə Samirə də psixoloji təzyiq edirdilər. Mən bu təzyiqlə tap gətirə bilmədim və ölkəni növbəti dəfə tərk etmək məcburiyyətində qaldım’’, deyə Nuranə Aşurova bildirib.

Xatırlatma

Samir Aşurov martın 29-da Almaniyadan deportasiya olunub, 20 gündən sonra isə Bakıda polis tərəfindən saxlanılıb. O, Elşən Nəbiyevə bıçaqla xəsarət yetirməkdə ittiham edilib (Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi – xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır ziyan vurma). Bu ittihamla o, 6 ildən 11 ilədək azadlıqdan məhrum edilə bilər.

İyulun 21-də Aşurova qarşı Cinayət Məcəlləsinin daha bir maddəsi – 221.3 (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq törətmək) ilə ittiham irəli sürülüb. Hüquq müdafiəçiləri Samir Aşurovu siyasi məhbus kimi tanıyıblar.

2014-cü ildə “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” saziş imzalanıb. Saziş imzalanan gündən indiyə qədər 2013 nəfərin readmissiyası artıq baş tutub və daha 2147 nəfərin readmissiyası gözlənilir.

Dövlət Miqrasiya Xidməti bildirir ki, 2021-ci ildə ölkəyə readmissiya olunan 420 şəxsdən 39 nəfəri Almaniyadan qaytarılıb. Ötən ilin oktyabr ayından Almaniyadan Azərbaycana readmissiya olunan beş fəal – Mütəllim Orucov, Malik Rzayev, Pünhan Kərimli, Cəfər Mirzəyev və Samur Aşurov müxtəlif səbəblərlə həbs olunublar. Lakin Daxili İşlər Nazirliyi Almaniyadan readmissiya olunanların siyasi sifarişlə həbs olunduqları ilə bağlı iddialarını təkzib edir.

Amerikanın Səsi

11:02, 24 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBərabərlik hüququBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Nazim Bəydəmirliyə ailəsi ilə görüş verilmədiyi bildirilir

by Gozetci 16:23, 23 Avqust 2023
written by Gozetci

Nazim Bəydəmirli

Milli Məclisin keçmiş deputatı, 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Nazim Beydəmirli məhkəmənin qərarına baxmayaraq, hələ də ailə üzvlərilə görüşə bilmir.

Onun xanımı Fəridə Bəydəmirli bildirib ki, məhkəmənin qərarı hələ də ailəyə təqdim edilməyib və  Penitensiar Xidmətin elektron sistemində yerləşdirilməyib.

“Nazim saxlanma şəraitindən razı deyil. Kamerada Onunla birlikdə 13-14 nəfər var”, – o deyib.

Penitensiar Xidmət Nazim Beydəmirlinin saxlanma şəraiti və ailəsilə görüşlərinin gecikməsinin səbəbləri barədə sorğuya hələlik cavab verməyib.

Avqustun 23-də Nazim Bəydəmirlinin qaynatası, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Rüfət Rüstəmov prezident İlham Əliyevə açıq məktubla müraciət edib.

O qeyd edir ki, Nazim Bəydəmirli öz vətəndaş mövqeyini ifadə etdiyinə görə təqib olunduğunu düşünür. Professor yazır: “Siz özünüz dəfələrlə vətəndaşları vacib məsələlərlə bağlı fikirlərini bildirməyə çağırmısınız”.

İndiki halda söhbət Gədəbəy rayonunun Söyüdlü kəndindəki qızıl mədənində ekoloji pozuntulardan gedir.

Rüfət Rüstəmov dövlət başçısından Bəydəmirlinin işini öz şəxsi nəzarətinə götürməyi xahiş edir.

Bu arada “Müdafiə xətti” hüquq- müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov bildirib ki, heç kəsdə şübhə yoxdur ki, Nazim Bəydəmirliyə qarşı “ittihamın siyasi əsası var”.

“Heç kimə sirr deyil ki, keçmiş deputat i Söyüdlü kəndindəki ekoloji problemləri sosial şəbəkələrdə, KİV-də qaldırıb, müvafiq dövlət orqanlarının qanunazidd hərəkətlərini, ya da hərəkətsizliyini tənqid edib. Etirazçılar və kəndlilər polis və yerli hakimiyyətin hücumuna məruz qalanda səsini ilk qaldıran ziyalılardan olub.

Məhz bu məmurlar dövlət başçısını Bəydəmirlinin yerli sakinlərin etirazlarının təşkilatçısı olduğuna inandırıblar”, – o bildirib.

İyulun 5-də hakim Vüsal Qurbanovun sədrliyilə Nərimanov Rayon Məhkəməsi Nazim Bəydəmirlinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbirini seçib. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsilə (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) ittiham irəli sürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Bəydəmirli bir vətəndaşın müraciəti əsasında saxlanılıb. Həmin şəxs bildirib ki, Nazim Bəydəmirli ondan 50 min manat tələb edib. İmtina edəcəyi təqdirdə onu rüsvayedici görüntülərin dərcilə hədələyib.

Turan 

16:23, 23 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Adekvat yaşayış standartıBakıBölgəHüquq PozuntularıSliderXƏBƏRLƏR

Yeni Ramana sakinlərinin işıq problemi var

by Gozetci 14:26, 23 Avqust 2023
written by Gozetci

“Çox əziyyət çəkirik, isti havalarda soyuducular, kondisionerlər işləmir”

“Elektrik enerjisi çox zəif olduğundan məişət əşyalarımız yanır. Yayda işıq çox zəif olduğu üçün soyuducu işləmir. İçindəki ərzaqlar da xarab olur. İki il öncə yeni televizor almışdım, işıq zəif olduğu üçün partlayıb yandı”.

Bunu Meydan TV-yə Yeni Ramananın Şuşa şəhərciyində yaşayan Mahmud Yusubov deyir.

Vətəndaş bildirir ki, səkkiz ildir ki, ərazidə transformatorun olmaması ilə əlaqədar “Azərişıq”a etdiyi müraciətlər nəticəsiz qalıb:

“Yay-qış işıqlarımız çox zəif olur. Bu problem fərdi yaşayış evlərindədir. Elektrik xətlərimiz yaxınlıqda məcburi köçkünlər üçün tikilmiş binanın transformatoruna qoşulub. Bu da yüklənməyə səbəb olur”.

Şikayətçi bildirir ki, elektik yüklənməsi adətən, axşam saatlarında olur:

“Çünki səhər saatlarında hamı işə gedir. Adamlar evdən çıxarkən məişət avadanlıqlarını elektrikdən ayırırlar. Çünki burada bir neçə dəfə yanğın hadisəsi olub. Mühəndislər də ancaq səhərlər gəlib, yoxlama aparırlar. Onda da yükləmə olmur. Çox əziyyət çəkirik, isti havalarda soyuducular, kondisionerlər işləmir”. Mahmud Yusubovun sözlərinə görə, eyni vəziyyət qış aylarında da davam edir:

“Qışda nə kombi, nə də qızdırıcı qoşmaq olmur. Uşaqlar, qocalar soyuqdan tez-tez xəstələnirlər. 2015-ci ildən bu yana dəfələrlə müraciət edirəm. Deyirlər ki, əlavə transformator yoxdur, Qarabağa göndərmişik. Hər dəfə aldadırlar ki, yaxşı olacaq”.

“Azərişıq”dan məsələyə münasibət bildirilməyib.

Meydan TV

14:26, 23 Avqust 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir

  • Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib

  • Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir
20:17, 25 Mart 2026
Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib
22:20, 23 Mart 2026
Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir
16:26, 19 Mart 2026
Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia