Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Müsəlman Birliyi Hərəkatının daha bir üzvü Həsən Abbaszadə həbs olunub

by Gozetci 11:38, 14 Sentyabr 2023
written by Gozetci

Həsən Abbaszadə

Həsən Abbaszadə barəsində ilkin istintaq dövrü üçün həbs qətimkan tədbiri seçilib

Müsəlman Birliyi Hərəkatından Meydan TV-yə verilən məlumatda bildirilir ki, Həsən Abbaszadəni sentyabrın 11-də axşam saat 20 radələrində Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində bir neçə nəfər mülki geyimli saxlayıb. Lakin onun saxlanması, hara aparılması barədə ailə üzvlərinə heç bir məlumat verilməyib:

“Ailəsi gecədən səhərə qədər onun yeri barədə məlumat almağa çalışıb. Lakin heç bir xəbər öyrənə bilməyib. Sentyabrın 12-də məlum olub ki, Həsən Abbaszadəyə Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 234.4.3 maddəsilə (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) ittiham verilib”.

Artıq Həsən Abbaszadə barəsində ilkin istintaq dövrü üçün həbs qətimkan tədbiri seçilib.

Hərəkatdan o da bildirilib ki, Həsən Abbaszadə Moskvada işləyib ailəsini dolandırırdı. O, bir müddət əvvəl Bakıya gəlibmiş.

Son vaxtlar dini inanclıların, o cümlədən Müsəlman Birliyi Hərəkatı üzvlərinin narkotik ittihamıyla kütləvi həbsini nəzərə alaraq, Həsən Abbaszadə Azərbaycana gəlməmişdən əvvəl video çəkib. Orada vurğulayıb ki, əgər onu da narkotik və ya başqa bir ittihamla həbs eləsələr, hər kəs əmin olsun ki, şər-böhtandır.

“Mən bir müddət əvvəl Moskvaya işləməyə gəlmişdim. Səhhətimdəki problemlər, belimdəki yırtıq işləməyə imkan vermir. İşim də fiziki olduğuna görə vətənimə qayıtmaq istəyirəm. Son zamanlar baş verənlər heç ürəkaçan deyil. Xeyli dostumu, qardaşımı narkotik, İrana bağlılıq və başqa çirkin ittihamlarla şərləyib həbs eləyiblər. Bu hal mənim də başıma gəlməsin deyə, bu videonu çəkib sizə əmanət buraxıram. Əgər mən Bakıya qayıdanda başıma belə bir hal gəlsə, əmin olasınız ki, quramadır, yalançı ittihamdır. Biz vətənimizə, millətimizə, el-obamıza canıyanan insanlarıq. Mən özüm aprel döyüşlərinin iştirakçısı olmuşam. Qardaşım İkinci Qaradağ Müharibəsində, atam Birinci Qarabağ Müharibəsində 6 il döyüşüb. Bizim kimi insanlar heç vaxt öz millətinə xəyanət eləməz”, – videomüraciətdə Həsən Abbaszadə belə deyir.

Onun ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3 maddəsində 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Müsəlman Birliyi Hərəkatından bildirilib ki, son aylarda təşkilatın 30-a yaxın üzvü narkotik ittihamıyla şərlənərək həbs olunub:

“Artıq olkə gündəmini inanclıların narkotik ittihamıyla saxlanılma xəbərinin saxta və məcbur təmizlənmə olaraq icrası heç kəs üçün gizli deyil. Bu sıranın həbs dalğası 2023-cü ilin gəlişilə eyni ittiham üzərindən yüzlərlə inanclını əqidə sədaqətinə görə azadlıqdan məhrum edib. Müsəlman Birliyi Hərəkatı ailəsinin 30-a yaxın üzvü də onlar arasında yer alıb”.

Hüquq müdafiəçilərinin məlumatına görə, narkotik ittihamıyla həbs olunan dini inanclıların ümumi sayı isə 500 nəfərdən çoxdur.

Müsəlman Birliyi Hərəkatının daha bir üzvü Ağəli Yəhyayev avqustun 31-də narkotik ittihamıyla həbs olunub. Ailə üzvləri onun da şərlənərək həbs olunduğunu, işgəncələrə məruz qaldığını bildirir.

Hazırda Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə də daxil olmaqla, təşkilatın ümumilikdə 50-yə qədər üzvü həbsdədir.

Daxili İşlər Nazirliyi həbs olunanların şərlənməsi, narkotik ittihamının böhtan olması haqda iddiaları rədd edir. Nazirlik həmin şəxslərin konkret cinayətlərə görə həbs olunduqlarını bəyan edir.

Meydan TV 

11:38, 14 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Birləşmiş Millətlər Təşkilatı İnsan Hüquqları Şurasının sessiyasında Azərbaycanda siyasi məhbuslar məsələsi

by Gozetci 10:21, 14 Sentyabr 2023
written by Gozetci

Emin Hüseynov

Azərbaycan hakimiyyəti Qubad İbadoğlu, Bəxtiyar Hacıyev və digər siyasi məhbusları azad etməli və ölkənin vətəndaş cəmiyyətinə qarşı repressiyalara son qoymalıdır.

Sentyabrın 13-də Cenevrədə Birləşmiş Millətlər Təşkilatı İnsan Hüquqları Şurasının 54-cü sessiyasında azərbaycanlı hüquq müdafiəçisi, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun direktoru Emin Hüseynov belə çağırışla çıxış edib.

O, Birləşmiş Millətlər Təşkilatının insan hüquqları üzrə ali komissarının fəaliyyətini alqışlayıb, Azərbaycanda həbs olunmuş müxalifətyönlü siyasətçi və iqtisadçı alim Qubad İbadoğlunun işilə bağlı onun bəyanatını qeyd edib.

Bununla yanaşı, Hüseynov sentyabrın 13-də Birləşmiş Millətlər Təşkilatı İnsan Hüquqları Şurasının sessiyasında çıxış edən Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun bəyanatı ilə bağlı narahatlığını bildirib, belə ki, Bayramov hökumətlərin fikirlərini nəzərə almamasına görə Birləşmiş Millətlər Təşkilatının xüsusi məruzəçilərinin fəaliyyətini tənqid edib.

Hüseynov xatırladıb ki, xüsusi məruzəçilərin qərəzsizliyi elə onunla təmin olunur ki, onlar insan hüquqları sahəsində beynəlxalq standartlara əməl edilməməsi hallarından söhbət getdiyində dövlətlərin mövqelərini nəzərə almamalıdırlar.

Daha sonra o, diqqəti Azərbaycanda antikorrupsiya fəaliyyətilə tanınan Qubad İbadoğlu və Bəxtiyar Hacıyevə qarşı cinayət təqibinə yönəldib.

Hüseynov Azərbaycan hakimiyyətini vətəndaşların azadlıqlarına hörmət etməyə, hesabatlılığı və şəffaflığı təmin etməyə, vətəndaş cəmiyyətinə qarşı repressiyalara son qoymağa və bütün siyasi məhbusları azad etməyə çağırıb.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Birləşmiş Millətlər Təşkilatı İnsan Hüquqları Şurasında tərəfdaş təşkilat statusuna malikdir.

Turan 

10:21, 14 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Məhkəmə “Hurriyyet TV” internet kanalına girişi məhdudlaşdırır

by Gozetci 18:00, 13 Sentyabr 2023
written by Gozetci

Nərimanov Rayon Məhkəməsi, Foto: Meydan TV

Baş Prokurorluğun müraciəti təmin edilib

Nərimanov Rayon Məhkəməsinin hakimi Aytən Novruzova “Hürriyyət” qəzetinin “Youtube”dakı eyni adlı kanalına girişin məhdudlaşdırılması barədə qərar çıxarıb. Bu qərar Baş Prokurorluğun müraciəti əsasında çıxarılıb.

Baş Prokurorluq isə Müdafiə Nazirliyinin xahişilə “Hurriyyet TV” kanalını bağlatdırmaq üçün iddiaçı qismində çıxış etməyə razılıq verib.

Məhkəmədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi də maraqlı şəxs qismində çıxış edib.

Baş Prokurorluğun ərizəsində iddia olunub ki, “Hurriyyet TV” “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunun tələblərini pozub, orada yayılması qadağan edilən məlumat və fikirlər səsləndirilir. Xüsusən efirdə ekspert qismində çıxış edən ehtiyatda olan polkovnik Elnur Məmmədovun Azərbaycan Ordusu, Müdafiə Nazirliyinin rəhbər şəxsləri haqqında həqiqətə uyğun olmayan məlumatlar səsləndirdiyi, ordunun nüfuzuna zərbə vurduğu iddia olunur.

Baş Prokurorluq bundan əvvəl iyulun 24-də “Hürriyyət”in baş redaktoru Vüqar Məmmədov və polkovnik Elnur Məmmədovun həbs olunması üçün məhkəməyə müraciət etmişdi. Həmin müraciət əsasında onların hər ikisinə Nərimanov Rayon Məhkəməsinin qərarıyla 30 sutka inzibati həbs cəzası verilmişdi. Onlar İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1 (internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, yaxud qarşısının alınmaması) maddəsilə ittiham olunurdu.

Elnur Məmmədov çıxışlarında Müdafiə Nazirliyi sistemində yeyintilər, qohumbazlıq və s. məsələlərdən bəhs edirdi. O, müdafiə naziri Zakir Həsənovu da ittiham edirdi.

Meydan TV 

18:00, 13 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Norveç Helsinki Komitəsi Qubad İbadoğlunu dərhal azad etməyə çağırıb

by Gozetci 12:06, 13 Sentyabr 2023
written by Gozetci

Norveç Helsinki Komitəsi müxalifətyönlü siyasətçi və alim Qubad İbadoğlunu dərhal həbsdən azad etməyə çağırıb.

Bu çağırış sentyabrın 12-də, siyasətçinin 52 yaşının tamam olduğu gün səslənib.

Xatırlatma 

İyulun 23-dən Qubad İbadoğlu saxta və siyasi motivli ittihamlarla həbsdədir. O, hökumətin siyasətilə razılaşmadığını və şəxsi fikrini açıq şəkildə bildirməkdən başqa bir şey etməyib.

Uzun illər İbadoğlu Azərbaycanda vətəndaş cəmiyyətinin cəsarətli liderlərindən biri olub, korrupsiya, insan hüquqlarının pozulması kimi təhlükəli mövzuları araşdırmağa hazır olub, Azərbaycanda insan hüquqları və demokratik prinsipləri müdafiə edib.

Onun fəallığı Azərbaycan hakimiyyətinin gizlətməyi üstün tutduğu bir çox həqiqətlərə işıq salır və  siyasətçinin cəsarətli və qanuni fəaliyyəti ona baha başa gəlir.

Fəallığına və fədakarlığına heyran olan NHK, dərhal və qeyd – şərtsiz azadlığa çağırışını təkrarlayır” dedi

Onun fəallığına və fədakarlığına heyran olan Norveç Helsinki Komitəsi Qubad İbadoğlunun dərhal və qeyd-şərtsiz azadlığa buraxılması çağırışını təkrarlayır”, – təşkilatın bəyanatında deyilir.

Turan 

12:06, 13 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Avropa Şurasının nümayəndə heyəti Azərbaycanda AİHM qərarlarının icrası ilə bağlı müzakirələr aparıb

by Gozetci 17:07, 12 Sentyabr 2023
written by Gozetci

Avropa İnsan Hüquqları Məhkəməsi

Avropa Şurası katibliyinin İnsan Hüquqları və Qanunun Aliliyi Direktoratlığının İnsan Hüquqları üzrə direktoru Kristof Puarelin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edərək Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarının icrası ilə bağlı hakimiyyət orqanları ilə müzakirələr aparıb.

Avropa Şurasının sentyabrın 11-də yaydığı məlumatda bildirilir ki, 4-5 sentyabr tarixlərində Bakıda olan nümayəndə heyəti Azərbaycan Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, Ədliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi, Baş Prokurorluq, Ombudsman Aparatı və Prezident Administrasiyasında səmərəli görüşlər keçirib.

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası Departamentinin də iştirak etdiyi görüşlərdə “Məmmədli qrupu” işləri də daxil olmaqla Azərbaycanla bağlı icrasına nəzarət edilən AİHM qərarlarına və onların icrası üçün atılmalı olan ümumi və fərdi tədbirlərə dair müzakirələr aparılıb.

Azərbaycan hakimiyyət orqanları AİHM-in müvafiq qərarlarının icrası üçün görülən və ya nəzərdə tutulan tədbirlər haqqında məlumat təqdim ediblər. Hökumət həmçinin, Korrupsiyaya Qarşı Dövlətlər Qrupunun (GRECO) Azərbaycanda məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin edilməsinə dair uzunmüddətli tövsiyələrinin həyata keçirilməsi və bu sahədə yaranmış problemlərin həlli məqsədilə Məhkəmə-Hüquq Şurası haqqında Qanuna edilmiş son dəyişikliklər barədə məlumat verib.

Azərbaycan Konstitusiya Məhkəməsinin məlumatına görə, Avropa Şurasının nümayəndə heyəti ilə görüşdə tərəflər arasında səmərəli hüquq əməkdaşlığının davam etdirilməsinin vacibliyi qeyd edilib, məhkəmə-hüquq sahəsində aparılan islahatlar, insan hüquqlarının təmin olunması sahəsində məhkəmələrin qarşısında duran vəzifələrə, habelə AİHM ilə əməkdaşlığın əhəmiyyətinə toxunulub.

Azərbaycan Avropa Şurasına üzv ölkələr arasında AİHM qərarlarının icrasına dair ən pis göstəriciyə sahib olan ölkədir. Avropa Şurasının son hesabatına əsasən, Məhkəməninin Azərbaycanla bağlı çıxardığı qərarların 76 faizi icra edilməyib.

Avropa Şurası Parlament Assambleyası AİHM qərarlarının icrasının gecikdirilməsi ilə bağlı bu ilin aprel ayında qəbul etdiyi qətnaməsində Azərbaycan hökumətinə problemin həlli üçün çağırış edib.

Avropa Şurasının Nazirlər Komitəsi, AŞPA Monitorinq Komitəsinin Azərbaycanla bağlı həmməruzəçiləri də Azərbaycanda qərarlarının icrasının gecikdirilməsi ilə bağlı dəfələrlə narahatlıq ifadə ediblər.

Avropa Şurasının Azərbaycan üçün 2022-2025-ci illər üzrə Fəaliyyət Planı çərçivəsində ötən il “Avropa Məhkəməsi qərarlarının Azərbaycan tərəfindən icrasının gücləndirilməsinə dəstək” adlı layihəyə start verilib. Layihə strateji sahələrdə islahatlar, əməkdaşlıq proqramları vasitəsilə Azərbaycanın milli qanunvericiliyinin, institutlarının və təcrübələrinin Avropa Şurası standartlarına uyğunlaşdırılmasını nəzərdə tutur. Ancaq Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatlar və vətəndaş cəmiyyəti üzvləri bu cür layihələrin adətən nəticəsiz qaldığını bildirir.

Hüquqşünas Xalid Ağaliyev Amerikanın Səsinə müsahibəsində Avropa Məhkəməsinin qərarlarının Azərbaycanın Sovet İttifaqından çıxdığı dövrdən bu yana ortada qalan, oturuşan sistemli problemləri üzə çıxardığını bildirib.

“Biz Avropa Məhkəməsinin qərarlarına baxdıqda Azərbaycanda ən çox pozulan hüquqları sıralasaq, məsələn ədalətli məhkəmə araşdırılması hüququ gəlir. Azadlıq və toxunulmazlıq hüququnun pozuntuları gəlir. Daha sonra seçki hüququnun pozuntuları gəlir. Bunlar elə pozuntlardır ki, bunu ortadan qaldırmaq üçün mütləq siyasi iradə lazımdır. Bu olmadıqca biz Avropa Məhkəməsinin qərarlarının icrasında ciddi tərəqqi əldə olunacağını görməyəcəyik”, Xalid Ağaliyev vurğulayıb.

Amerikanın Səsi

17:07, 12 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Daha bir beynəlxalq təşkilatdan Qubad İbadoğlu ilə bağlı çağırış

by Gozetci 13:16, 12 Sentyabr 2023
written by Gozetci

Foto: “pwyp.org”

“Biz onun dərhal azad edilməsini tələb edirik”

“Publish What You Pay” (PWYP) 50 gün əvvəl saxlanılan azərbaycanlı iqtisadçı, eyni zamanda, PWYP Azərbaycan koalisiyasının üzvü Qubad İbadoğlunun dərhal azadlığa buraxılmasına çağırıb.

PWYP – hasilat sənayesində maliyyə şəffaflığını müdafiə edən vətəndaş cəmiyyəti təşkilatları qrupudur. Həm də xeyriyyə təşkilatı kimi fəaliyyət göstərən qurum İngiltərə və Uelsdə qeydiyyatdan keçib, qlobal miqyasda fəaliyyət göstərir.

“Biz onun dərhal azad edilməsini tələb edirik. Azərbaycanla əlaqəsi olan şirkətləri və beynəlxalq qurumları Qubad İbadoğluna qarşı humanist davranmaq və dərhal azad etmək üçün öz təsir rıçaqlarından istifadə etməyə çağırırıq”, – bəyanatda deyilir.

PWYP dünyanın hər yerindən olan həmkarlarını, üzvlərini və tərəfdaşlarını Qubad İbadoğlunun işi ilə bağlı həmrəylik nümayişinə çağırıb.

Onlara hazırladıqları bu bəyanatı imzalamaqla Qubad İbadoğlunun azad edilməsi üçün Azərbaycan hökumətinə təzyiqləri artırmağa çağırıb:

“İmza formamız sentyabrın 25-dək doldurulmalıdır və sonra Azərbaycanın səlahiyyətli orqanlarına, bu ölkədə fəaliyyət göstərən beynəlxalq maliyyə institutlarına, şirkətlərə göndəriləcək”.

Foto: “pwyp.org”

İyulun 24-də barəsində 3 ay 26 gün həbs-qətimkan tədbiri seçilən iqtisadçıya qarşı saxta pul hazırlama, dini-ekstremist materialların hazırlanması, saxlanması və ya yayılması ittihamları irəli sürülüb.

Azərbaycan Daxili İşlər Nazirliyi onun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bu günədək bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) iqtisadçı Qubad İbadoğlunun işinə dərhal baxılmasına qərar verib.

Məhkəmə 39-cu qaydanı (müvəqqəti məcburiyyət tədbirləri) əsas götürərək Azərbaycan hökumətinə suallar göndərib.

13:16, 12 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“Müdafiə Xətti” Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair hesabat yayıb

by Gozetci 12:06, 12 Sentyabr 2023
written by Gozetci

 

“Son üç ayda Azərbaycan Konstitusiyasının, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın tələbləri əsasən gözlənilməyib. İnsan hüqüqları, xüsusilə, siyasi azadlıqlar kobud surətdə tapdanılıb”.

Bu barədə “Müdafiə Xətti” İnsan Haqları Təşkilatının 2023-cü ilin iyun, iyul, avqust ayları üçün Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair hesabatında deyilir.

Hüquq müdafiə təşkilatı bildirir ki, Konstitusiyada təsbit edilmiş əsas insan və vətəndaş hüquqları və azadlıqları – hamının qanun və məhkəmə qarşısında bərabərliyi, ədalətli mühakimə, şərəf və ləyaqətin müdafiəsi, təhlükəsiz yaşamaq, sağlam ətraf mühitdə yaşamaq hüquqları, sərbəst toplaşmaq, vicdan, söz və fikir, mətbuat və məlumat azadlıqları pozulub, qanunsuz cəzalandırmalar geniş vüsət alıb.

“Dövlət hər bir vətəndaşın hüquq və azadlıqlarının müdafiəsinə təminat verməyib. Cəmiyyətin və dövlətin siyasi həyatında iştirak hüququ məhdudiyyətlərlə müşayiət edilib. Azərbaycan hökuməti hüquqi və siyasi açılımlara maraq göstərməyib, əksinə, tənqidçilərə qarşı repressiv tədbirləri genişləndirib. Hakimiyyət qollarına demokratik idarəetmə yad olub. Dövlət hakimiyyəti orqanları vətəndaş cəmiyyətinin, azad KİV-in, müstəqil hüquq-müdafiə institutlarının, bütövlükdə siyasi sistemin inkişafına maraq göstərməyib. Heç bir hüquqla məhdudlaşamayan möhkəmlənmiş avtoritarizm dövlət və cəmiyyət həyatının təməllərinə nüfuz edib. Parlamentin, məhkəmələrin üzərində ali icra hakimiyyətinin təsiri artıb”, sənəddə qeyd edilir.

Hesabatda bildirilir ki, ölkədə işgəncə, ləyaqəti alçaldan davranış, qeyri-insani rəftar halları çoxalıb.

“Siyasi məhbusların sayı 200-ü ötüb. Şəxsi həyata zorakı müdaxilə, ifadə, mətbuat azadlığının məhdudlaşdırılması, diffamasiyanın kriminallaşdırılması, jurnalistlərin, ictimai aktivistlərin, hüquq müdafiəçilərinin, siyasi xadimlərin, müxalif yönlü partiya rəhbərlərinin, iqtisadçıların, mühacir fəalların həbsi adiləşib”, hüquq müdafiə təşkilatı belə hesab edir.

Sənəddə həmçinin deyilir ki, dövlət aparatında korrupsiya sistemli hal alıb, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” formal-deklarativ xarakter daşıyıb. 2005-ci il yanvarın 1-dən qüvvədə olan “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna, eləcə də “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları”na riayət edilməyib, həmin Qaydalarda göstərilən vəzifəli şəxslərin və ailə üzvlərinin əmlakı, maliyyə və əmlak xarakterli öhdəlikləri haqqında məlumatlar-bəyannamələr açıq mənbələrdə yerləşdirilməyib. Bunun nəticəsididr ki, Transparency International – Beynəlxalq Şəffaflıq Təşkilatı Korrupsiyanı Qavrama İndeksində (Corruption Perception Index-CPI) Azərbaycan 180 ölkə içində 157-ci yerdə qərarlaşıb”.

“Müdafiə Xətti” hesab edir ki, dindarlara, xüsusilə, Müsəlman Birliyi Hərəkatının üzvlərinə qarşı sərt repressiv tədbirlər tətbiq edilib.

“Həbs edilən dindarlar bir qayda olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham edilsələr də, hökumətin nəzarətində olan yazılı və elektron mediada “casuslar”, “dövlətə xəyanət edənlər” qismində göstəriliblər. İbtidai və məhkəmə istintaqında sübut növü kimi əməlliyyat müvəkkilərinin, polis idarə, şöbə və bölmələrində ştatdankənar “xidmət edən” şəxslərin “şahid” ifadələri diqqət çəkib. Azərbaycan və İran arasında siyasi, diplomatik münasibətlər sistemi gərgin fazaya qədəm qoyub, paralel olaraq şiə məzhəbinə etiqad edən, hakim siyasətlə razılaşmayan dindarlar qurama ittihamlar əsasında cəmiyyətdən təcrid ediliblər, saxlanılarkən psixi və fiziki zorakılıqlara məruz qalıblar. Bəzi hallarda saxlanılan dindarlar zorlanacaqları ilə hədələniblər”, sənəddə qeyd edilir.

Hesbatda siyasi partiyalara qarşı tətbiq ediləcək cərimələrə də diqqət çəkilib.

“Avropa Şurası Venesiya Komissiyasının, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun tənqid etdiyi “Siyasi partiyalar haqqında” yeni qanun qüvvəyə mindikdən sonra İnzibati Xətalar Məcəlləsinə əlavələr edilməklə cərimələr müəyyənləşdirilib. Bundan sonra siyasi partiyanın səlahiyyət müddəti bitmiş orqanları (struktur qurumları) tərəfindən partiyanın fəaliyyətilə əlaqədar hər hansı hərəkətlərin edilməsinə, o cümlədən qərarların qəbul edilməsinə və ya sənədlərin imzalanmasına görə fiziki şəxslər 700 manatdan 1 000 manatadək məbləğdə cərimələnəcək. Bu və buna bənzər mürtəce xarakterli qanuni normaların qüvvəyə minməsi siyasətin icazəli xarakter almasından, sanksiyalaşdırılmasından xəbər verib, demokratik cəmiyyətin fəaliyyəti üçün əsas olan assosiasiyalar azadlığı hüququnun, birləşmə azadlığının, söz azadlığının həyata keçirilməsilə bağlı ciddi narahatlıq doğurub”, “Müdafiə Xətti” hesabatında bildirir.

Azərbaycanın rəsmi qurumları insan hüquqları ilə bağlı tənqidləri qəbul etmir. Yüksək rəsmilər ölkədə fundamental hüquqların tam təmin edildiyini, insanların əqidəsinə görə təqib edimədiyini, söz və mətbuat azadlığının təmin edildiyini bildirir.

Hüquq mühafizə orqanlarının rəhbərləri isə işgəncə, qeyri-insani rəftarla bağlı deyilənləri bir qayda olaraq təkzib edir və bu kimi bəyanatları özünümüdafiə kimi qiymətləndirir.

Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc bildirib ki, ölkədə korrupsiyaya qarşı ciddi mübarizə aparılır. Son illərdə hətta yükəsk ranqlı məmurlar korrupsiya ittihamı ilə həbs edilir.

“Ölkə rəhbəri indi öz komanda üzvlərinə ona xəyanət edən, uzun illər müxtəlif cinayətlər törədən şəxslərə qarşı daha sərt tədbirlərdədir. Məsələn, gördüyünüz kimi yeni təyin olunmuş nazir də çox qısa bir dövrdən sonra öz vəzifəsindən azad olundu. Ona görə də ölkə rəhbəri deyirdi ki, biz 21-ci əsrin tələbləri çərçivəsində fəaliyyət aparmalıyıq. 2020-ci ildə müqəddəs savaşdan sonra Azərbaycanda idarəetmə sisteminə tələblər artıb. Qalib xalq özünün məmurundan daha maksimalist, yaxşı yaşaması üçün istəklərdə bulunur. Ona görə də korrupsiyaya qarşı mübarizə bundan sonrakı dövrdə hökumətin, dövlətin ən başlıca prioritet hədəfində olmalıdır”, Zahid Oruc bu yaxınlarda Amerikanın Səsinə müsahibədə deyib.

Amerikanın Səsi 

12:06, 12 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Qardaşı Qubad İbadoğlunun tibbi müayinəsinin nəticələrinin saxtalaşdırıldığını deyir

by Gozetci 10:12, 12 Sentyabr 2023
written by Gozetci

Qubad İbadoğlu

“Hətta o qədər uzağa gediblər ki, qardaşımın dediklərini də saxtalaşdırıblar”

Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının həbsdə olan sədri, professor Qubad İbadoğlunun qardaşı onun müayinə və analizlərinin nəticələrinin saxtalaşdırıldığını deyir. Söhbət Avropa İnsan Haqları Məhkəməsinə təqdim etmək üçün tərtib olunmuş sağlamlıq sənədlərindən gedir.

Qalib Bayramovun sözlərinə görə, Qubad İbadoğlunun vəkili Zibeydə Sadıqova müvəkkilinin müayinəsinin nəticələrilə bağlı tibbi sənədləri almaqdan ötrü 10-a yaxın sorğu göndərib. Lakin uzun müddət ona professorun müayinə və analizlərinin nəticələri təqdim olunmayıb – vəkilin sorğularına ya imtina cavabı gəlib, ya da ümumiyyətlə, cavab verilməyib.

“Sonuncu sorğu ilə əlaqədar sentyabrın 4-də Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin Bakı İstintaq Təcridxanası üzrə kuratoru Elnur Məmmədovla danışdım, nəticələri istədim. Dedi ki, 10 günə versək, şükr edin. Ancaq ertəsi gün tələsik vəkilə zəng edib ki, “gəlin, sənədləri götürün”. Yarımçıq nəticələri veriblər. Cəmi 21 səhifə veriblər, halbuki, tam nəticə 80 səhifəyə yaxındır. Belə tələsik qərar dəyişikliyinin səbəbi nədir? Cavab məktubunu Avropa Məhkəməsinə göndərilən sənədlərə əlavə etsinlər ki, “nəticələri verdik”, – Qalib Bayramov bildirib.

O deyir ki, sənədlərlə tanış olanda gerçək vəziyyətin təhrif olunduğunu görüblər. Yazılanlardan belə aydın olur ki, Qubad İbadoğluda müayinənin nəticələri normaldır:

“Obyektiv görünmək xatirinə yalnız qanda şəkərlə bağlı göstəricini bir qədər atrırıblar. Onu da olduğu kimi yazmağa cəsarət etməyiblər. Hətta o qədər uzağa gediblər ki, qardaşımın dediklərini də saxtalaşdırıblar. “Məhkumun tibbi kitabçası”nda bir neçə dəfə yazıblar ki, guya Qubad İbadoğlu səhhəti ilə bağlı heç bir şikayəti, narahatlığı olmadığını deyib”.

Qalib Bayramov əlavə edib ki, saxtakarlığı təsdiqləyən faktlar da var. Məsələn, analizlərin nəticə hissəsinin qələmlə, əllə (manual) yazılması; nəticələrdən bəzilərinin sonunda həkim-laborantın kimliyinin göstərilməməsi və s.

Qalib Bayramov. Foto: “abzas.net”

“Hazırda bütün kliniklarada xəstənin ID göstəriciləri kompüterə daxil edilir və kompüter özü nəticələri emal etdikdən sonra onları avtomatik qeyd edir, göstəriciləri əllə yazmağa ehtiyac qalmır. Nəticələrin bəzilərinin sonunda həkimin yalnız imzası var, adı, soyadı yoxdur. Guya qanın biokimyəvi analizinin bütün göstəriciləri norma daxilindədir. Halbuki, ürəyində aortanın anevrizması, sol mədəciyin hipertrofiyası və diastolik disfunksiya kimi ciddi problemləri, yüksək şəkəri və arterial təzyiqi olan, iki aya yaxın müddətdə həbsxanada oturaq həyat tərzi keçirən şəxsin qan analizi nəticələri bu qədər ideal ola bilməz”, – Qalib Bayramov vurğulayıb.

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi Qubad İbadoğlunun yaxınlarının dediklərinə münasibət bildirməyib.

Təxminən bir həftə öncə Avropa Məhkəməsi 39-cu Qaydaya əsaslanıb, onun həyat və sağlamlığına təhlükəni nəzərə alaraq, Qubad İbadoğlunun işi üzrə müraciəti operativ şəkildə araşdırmaq qərarı verib. Məhkəmədən bu məsələ ilə əlaqədar Azərbaycan hökumətinə suallar göndərib.

Eyni zamanda, London İqtisadiyyat Məktəbinin əməkdaşı olan Qubad İbadoğlu iyulun 23-də saxlanılıb, ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Ertəsi gün Nərimanov rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.

ADR sədri daha dörd nəfərlə əlbirlikdə ittiham olunur. Onların adları ilk dəfə iyulun 23-də Türkiyə mediasında açıqlanmışdı. FETÖ (Fətullah Gülən Terror Örgütü) ilə əlaqəli şəxslər kimi təqdim olunan bu dörd nəfərə qarşı da Qubad İbadoğlu ilə eyni – Cinayət Məcəlləsinin 204.3.1 maddəsi ilə ittiham irəli sürülüb.

Sözügedən dörd nəfər Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov, Ruslan Əliyev və Anar Əliyevdir.

Qubad İbadoğlu saxlandıqdan sonra yayılan məlumatlarda iddia olunurdu ki, Anar Əliyev ifadəsində onun adını çəkib. Amma Qubad İbadoğlu ümumiyyətlə, bu şəxsi tanımadığını deyib.

Qubad İbadoğlu saxlandığı gün ofisdə keçirilən axtarışda 40 min dollar pul tapıldığı, onun bir hissəsinin saxta olduğu iddia olunur.

Lakin ADR sədri bildirib ki, həmin pulun ona heç bir aidiyyəti yoxdur.

Avqustun 25-də ona Cinayət Məcəlləsinin 167-3.1-ci (Dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddəsilə yeni ittiham elan olunub. Qubad İbadoğlu bu ittihamın da absurd olduğunu deyib və etiraz əlaməti olaraq, ifadə verməkdən imtina edib.

Qubad İbadoğlu həbs olunduğu gün axtarışdan sonra məkandan çıxarılıb aparılarkən Prezident İlham Əliyevin sifarişilə həbs olunduğunu bildirib.

Bundan başqa, avqustun 6-da Türkiyədə yaşayan və orada universitetdə işləyən azərbaycanlı alim Fazil Qasımov saxlanılaraq, Azərbaycana gətirilib. Avqustun 8-də Nərimanov Rayon Məhkəməsinin qərarıyla onun haqqında həbs qətimkan tədbiri seçilib. Ona qarşı da eyni maddə ilə ittiham irəli sürülüb.

Meydan TV 

10:12, 12 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Cəfər Mirzəyev həbsdə aclığa başlayıb

by Gozetci 09:59, 12 Sentyabr 2023
written by Gozetci

Cəfər Mirzəyev

O, Almaniya səfirliyinin nümayəndələri ilə görüşmək istəyir

Readmissiya qaydasında Almaniyadan Bakıya deportasiya olunandan az sonra narkotik ittihamıyla həbs olunan Cəfər Mirzəyevin saxlandığı 2 saylı cəzaçəkmə müəssisəsində aclıq aksiyası keçirdiyi bildirilir. Onun yaxınlarının verdiyi məlumata görə, Cəfər Mirzəyev sentyabrın 9-dan aclığa başlayıb.

Özünü və ailəsini “readmissiya sazişinin qurbanı” adlandıran Cəfər Mirzəyevin tələblərindən biri Almaniyanın Azərbaycandakı səfirliyinin nümayəndələrilə görüşməkdir.

“Biz dövlətlərarası readmissiya anlaşması əsasında Almaniyadan Azərbaycana göndərilsək də, readmissiya şərtlərinin heç birinə əməl olunmayıb. Sifarişli həbsim nəticəsində mənim və ailəmin psixoloji, həm də maddi durumu acınacaqlı həddə çatıb. Bir sözlə, biz və bir çox bizim kimi ailə readmissiya sazişinin qurbanı olmuşuq”, – Cəfər Mirzəyevin sözləridir.

O vurğulayıb ki, 20 aydır ki, şərlənərək həbs olunub. Bu qədər uzun müddət həbsdə saxlanmasına və ailəsinin maddi baxımdan acınacaqlı vəziyyətdə olmasına baxmayaraq, müxtəlif bəhanələrlə onlara ünvanlı sosial yardım verməkdən imtina olunur.

Yaxınları əlavə edib ki, aclıq edən Cəfər Mirzəyev səfirlik əməkdaşlarıyla görüşdən əlavə, həm də ailəsinə ünvanlı sosial yardım verilməsini, readmissiya şərtlərinə əməl olunmasını tələb edir.

Cəfər Mirzəyevin aclıq aksiyası keçirməsi barədə deyilənlərə Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.

Cəfər Mirzəyev 2021-ci ilin noyabrında Almaniyadan Azərbaycana deportasiya olunub, 2022-ci ilin yanvarında isə həbs olunub. O, 5 il azadlıqdan məhrum edilib.

Cəfər Mirzəyev 2021-ci ilin oktyabrından indiyədək Almaniyadan deportasiya edildikdən az sonra həbs edilən 6 nəfər siyasi fəaldan biridir. Həbs olunanların əksəriyyətinə qarşı narkotik ittihamı irəli sürülüb. Onların arasında Pünhan Kərimli, Malik Rzayev, Samir Aşurov və başqaları var.

Bu siyasi fəalların heç biri özlərini təqsirli bilmir, narkotik ittihamının cəfəngiyyat olduğunu, sosial şəbəkələrdəki tənqidlərinə, Almaniyada olarkən Azərbaycanda siyasi məhbus problemi, insan haqlarının pozulması hallarıyla bağlı etiraz aksiyalarında iştiraklarına görə cəzalandırıldıqlarını bildirirlər.

Daxili İşlər Nazirliyi isə onların bu haqda dediklərinin əsassız olduğunu, konkret cinayətə görə həbs olunduqlarını bəyan edib.

Meydan TV 

09:59, 12 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Aqil Hümbətov ikinci dəfə aclıq aksiyasına başlayıb

by Gozetci 13:47, 11 Sentyabr 2023
written by Gozetci

Aqil Hümbətov

Həbs cəzası çəkən AXCP fəalı Aqil Hümbətov ailəsinin sosial problemlərinin həlli və xəstəliklərinin müalicəsinə başlanması tələbi ilə bu gündən etibarən cəzaçəkmə müəssisəsində aclığa başlayıb. Bu barədə Turan-a onun həyat yoldaşı Aygün Hümbətova bildirib.

Onun sözlərinə görə, A.Hümbətov xüsusən ailəsinin aztəminatlı ailələr üçün ayrılan ünvanlı sosial yardımdan məhrum edilməsinə etiraz edir.

“Bu, Aqilin ikinci aclıq aksiyasıdır, o, eyni tələblərlə birinci aksiyaya avqustun 12-də başlamışdı, lakin cəzaçəkmə müəssisəsi rəhbərliyinin tələblərinin yerinə yetiriləcəyinə dair vədlərinə inanaraq, etiraz aksiyasını dayandırmışdı. Yoldaşımı aldadıblar, o, etiraz aksiyasını dayandırıb, amma mən hələ də sosial yardım almıram, evi təmir etdirmək və kommunal xidmətləri ödəmək üçün vəsait yoxdur. Bizim üç xəstə övladımız var, mən işləmirəm və dövlətdən yardım almıram”, deyə Aygün Hümbətova bildirib.

O, həmçinin ona təhqiramiz mesajlar göndərən Mərdəkan qəsəbəsi sakininin saxlanıldığını bildirib. Mesajlarda prezidentə şikayət etməmək tələbi ilə təhdidlər yer alır. Bu günlərdə Hümbətova bu qəsəbənin polis bölməsinə dəvət olunub, burada ona mesajları atan şəxsi və onun atasını göstəriblər. Polis bölməsində deyiblər ki, mesajları göndərən şəxs əsəb xəstəliyindən əziyyət çəkir. Lakin Aygün Hümbətova əmindir k i, polis mesaj göndərən şəxsi məsuliyyətdən yayındırmaq üçün onu yanıldır.

2021-ci ilin noyabr ayında Aqil Hümbətov xuliqanlıq məqsədi ilə vətəndaşın sağlamlığına ziyan vurmaq ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Hümbətov təqsirsiz olduğunu və müxalifətin etiraz aksiyalarında fəal iştirakına görə təqib  olunduğunu iddia edir.

Ədliyyə Nazirliyinin Penitensiar Sisteminin mətbuat xidmətindən şərh almaq mümkün olmayıb.

Turan 

13:47, 11 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir

  • Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib

  • Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir
20:17, 25 Mart 2026
Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib
22:20, 23 Mart 2026
Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir
16:26, 19 Mart 2026
Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia