Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

Erməni təxribat-diversiya qrupu Xocavənddə DİN əməkdaşlarına qarşı terror aktı törədib

by Gozetci 10:54, 19 Sentyabr 2023
written by Gozetci

Qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən terror aktı nəticəsində 4 polis həlak olub.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib.

Qeyd olunub ki, sentyabrın 19-u DİN-in əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edərkən saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlamış, törədilmiş terror aktı nəticəsində DİN-in əməkdaşları olan 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olublar.

Bundan başqa, sentyabrın 19-da saat 01:00 radələrində Füzuli rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi nəticəsində polis serjantları Ələsgər Əsgərov, Seyfi Abdullayev və Elşən Həsənov həyatını itirib.

Həmçinin, mina partlayışı nəticəsində AAYDA-nın 2 əməkdaşı – 21.11.1970-ci il təvəllüdlü Sadıxov Samir Sabiroviç və 02.05.1965-ci il təvəllüdlü Quliyev Fərhad Hüseynağa oğlu həlak olublar.

10:54, 19 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Hüquq müdafiəçisi Azərbaycanda özbaşına həbslər olduğunu bildirir

by Gozetci 10:35, 19 Sentyabr 2023
written by Gozetci

Emin Hüseynov

Cenevrədə Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının 54-cü sessiyası zamanı özbaşına həbslərlə bağlı müzakirələrdə Azərbaycandakı vəziyyətə toxunulub.

Hüquq müdafiəçisi Emin Hüseynov Azərbaycanda özbaşına həbs hallarının artmasına diqqəti yönəldib. Belə ki, siyasi məhbusların sayı 200-ü ötüb. Onların arasında 145 dindar, 6 jurnalist, 2 hüquq müdafiəçisi və 7 nəfər müxalifət partiyasının üzvü var.

“Azərbaycan hökuməti tənqidi səsləri susdurmaq və müstəqil jurnalistikaya mane olmaq üçün uydurma cinayət işlərindən istifadə edir. Jurnalist Əvəz Zeynallı və hüquq müdafiəçisi Bəxtiyar Hacıyev kimi hökumət tənqidçiləri dəfələrlə özbaşına həbsə məruz qalıblar”, hüquq müdafiəçisi deyib.

Hüseynov həmçinin Şuranın diqqətini Türkmənistan vətəndaşlarının Türkiyədən məcburi ekstradisiyasına və sonradan onların saxlanmasına yönəldib. Belə ki, gənc bloqer Fərhad Maymanquliyev Aşqabada ekstradisiya edilib və orada amansız işgəncələrə məruz qalıb. Sonradan 18 il həbs cəzasına məhkum edilib və sağlamlıq vəziyyəti narahatlıq doğurur.

Azərbaycanın Cenevrədəki diplomatik missiyasının nümayəndəsi tədbirdə çıxış edərək, diqqəti azaraq qonşu ölkənin ərazisinə keçmiş iki azərbaycanlı hərbçinin Ermənistanda özbaşına həbsinə yönəldib. Azərbaycanlı diplomat qeyd edib ki, Ermənistanda gəncləri qondarma ittihamlarla uzunmüddətli həbs cəzasına məhkum ediblər.

Apreldə Azərbaycan hərbçiləri Hüseyn Axundov və Aqşin Bəbirov azaraq Ermənistan ərazisinə keçiblər. Axundov “sərhədi qanunsuz keçmək” və “gözətçinin qətli” işi üzrə 20 il, Bəbirov isə “sərhədi qanunsuz keçmək” işi üzrə 11,5 il müddətinə azadlıqdan məhrum edilib.

Sessiya çərçivəsində Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun təşkilatçılığı ilə “postpandemiya dövründə Azərbaycanda insan hüquqları” mövzusunda “paralel tədbir” keçirilib.

Təşkilatın rəhbəri Emin Hüseynov bildirib ki, pandemiyanın başa çatmasına baxmayaraq, Azərbaycanın quru sərhədləri hələ də bağlıdır.

Tədbirdə həbsdə olan müxalifətçi Qubad İbadoğlunun qızı Jalə Bayramova da çıxış edib. O, hökuməti tənqid etdiyinə görə atasının qanunsuz təqib edilməsindən danışıb.

Azərbaycan hökuməti ölkədə fundamental hüquqların tam təmin edildiyini, insanların əqidəsinə görə təqib edilmədiyini bildirir. Rəsmi Bakı siyasi məhbus ifadəsini qəbul etmir və ölkədə siyasi məhbusların olmadığını bildirir.

Amerikanın Səsi

10:35, 19 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBərabərlik hüququBölgəHüquq PozuntularıSliderXƏBƏRLƏR

Həbsdə olan ictimai fəal saxlanma şəraitindən narazıdır

by Gozetci 17:24, 18 Sentyabr 2023
written by Gozetci

Ayxan İsrafilov

Ayxan İsrafilov: “Bizi 10 nəfərlik kamerada 21 nəfər saxlayırlar”

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan funksioneri Ayxan İsrafilov saxlanma şəraitindən narazıdır. Abzas Media-ya bu barədə onun bacısı Sevinc İsrafilova məlumat verib. İctimai fəal 3 saylı İstintaq Təcridxanasında saxlanılır.

Ayxan İsrafilovun bacısı deyir ki, qardaşı ilə sonuncu dəfə sentyabrın 16-da görüşüblər:

“Şüşənin arxasından görüşdük. Dedi ki, saxlanma şəraitindən narazıdır, 10 nəfərlik kamerada 21 nəfər saxlanılırlar. Şəraiti çox pisdir. Kitab oxumağa belə şəraiti yoxdur, kamera çox darısqaldır. Biz təcridxana rəhbərliyinə və Ədliyyə Nazirliyinə müraciət etmişik.

Ayxanın həbsi qanunsuzdur. O, heç enerji içkiləri içməyən, siqaret çəkməyən adamdır. Narkotiklə şərlənməsi çox absurddur. Bizdə narkotiklə şərlənmək artıq normal şey sayılır”, – deyə Sevinc İsrafilova bildirib.

Penitensiar Xidmətin mətbuat xidmətindən sorğumuzun rəhbərliyə məruzə edildiyi, yaxın müddətdə cavab veriləcəyi bildirilsə də, sonradan heç bir cavab gəlmədi.

Ayxan İsrafilovu bu il avqustun 11-də Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları saxlayıb. Avqustun 12-də onun haqqında Nərimanov rayon Məhkəməsinin qərarı ilə 4 ay həbs-qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 234-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə ittiham olunur.

Həmkarlar İttifaqları Konfederasiyası isə kuryer kimi çalışan, eyni zamanda işçi hüquqlarının müdafiəsi ilə məşğul olan Ayxan İsrafilovun həbsinin siyasi sifariş hesab edib. Belə ki, avqustun 1-də bir qrup kuryer “Yol hərəkəti haqqında” Qanuna dəyişiklik ediləndən sonra qüvvəyə minən moped və moped sürücülərilə bağlı yeni tələblərə etiraz olaraq aksiya keçiriblər. Bundaun sonra Həmkarlar İttifaqları Konfederasiyasının 3 üzvü həbs edilib, daha biri təqibə məruz qaldığını bildirib.

Daxili İşlər Nazirliyi isə iddiaları rədd edib, şəxslərin konkret əməllərilə bağlı saxlanıldıqlarını bildirib.

Abzas Media

17:24, 18 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıQazax–TovuzSliderXƏBƏRLƏR

Qazaxda Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları saxlanılıb (YENİLƏNIB)

by Gozetci 13:55, 18 Sentyabr 2023
written by Gozetci

Azərbaycan Xalq Cəbhəsi Partiyasının Qazax şöbəsinin fəalı Fərid Əliyev 30 sutka həbs edilib. Məhkəmə onu İnzibati Xətalar Məcəlləsinin 206.1-ci maddəsilə (şəxsi istehlak üçün zəruri miqdarda narkotik vasitənin qanunsuz istehlakı) günahkar bilib. Bu barədə onun atası Fazil Əliyev bildirib.

*  *   *

Sentyabrın 17-də Qazax rayonunda Azərbaycan Xalq Cəbhəsi Partiyasının yerli fəalları Tahir Vəliyev, Fəzail Əliyev və oğlu Fərid Əliyev saxlanılıb.

Gecə yarısına yaxın Vəliyev sərbəst buraxılıb, Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin üzvü Ramil Carçıyev Turan-a bildirib.

Vəliyev özü isə Turan-a bildirib ki, o 90-cı illərin əvvəlindən erməni işğalı altında olan Qazaxın yeddi kəndinin sakinlərindən aldığı müsahibəyə görə saxlanılıb.

Bu gün Fəzail Əliyev məhkəməyə aparılıb, yerli fəalların məlumatına görə, ona inzibati xəta törətməklə bağlı ittiham – “polisə tabe olmamaq” ittihamı irəli sürülüb.

Bazar ertəsi yerli məhkəmə onu “polisə müqavimət göstərdiyinə görə” 200 manat cərimələyib.

Onun oğlu Fərid Əliyev hələ də rayon polis bölməsində saxlanılır, həmin mənbələrə görə, ona qarşı narkotik maddə işi hazırlanır.

Daxili İşlər Nazirliyindən şərh almaq mümkün olmayıb.

Turan

13:55, 18 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Məktublar və sənədlər Qubad İbadoğluna çatdırılmır

by Gozetci 12:01, 18 Sentyabr 2023
written by Gozetci

Qubad İbadoğlu. Foto: Meydan TV

Qardaşı: “Sənədlərin, ədəbiyyatların verilməsində hələ də qadağalar var”

Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının həbsdə olan sədri, professor Qubad İbadoğluna sənədlərin və kitabların çatdırılmasında qadağaların olduğu bildirilir.

Bu barədə Meydan TV-yə qardaşı Qalib Bayramov məlumat verib.

Qardaşı deyir ki, Avropa İnsan Hüquqları Məhkəməsi Qubad İbadoğlunun işi üzrə Azərbaycan hökumətinə 4 sual göndərmişdi:

“Hökumət də həmin sualları cavablandırmışdı. Məhkəmə hökumətin cavablarını xəbərdar ola bilmələri üçün Qubad İbadoğlunun vəkillərinə də göndərib”.

“Əlbəttə, o cavabları bilmək Qubad bəyin də haqqıdır. Ona görə təcridxanaya yanına gedəndə həmin cavabları çap edib aparmışdım ki, özü də oxusun, tanış olsun. Amma buraxmadılar. Ümumiyyətlə, sənədlərin, ədəbiyyatların verilməsində hələ də qadağalar var”, – Qalib Bayramov bildirib.

O əlavə edib ki, poçt vasitəsilə göndərilən məktublar da çatdırılmır.

Avqustun 15-də həm Qalib Bayramov, həm də anası Bakının Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasına poçt vasitəsilə məktublar göndəriblər.

Onun sözlərinə görə, məktublar təcridxanaya çatsa da, Qubad İbadoğluna verilməyib:

“Sənədlərdən görünür ki, mənim məktubum avqustun 30-da, anamın məktubu isə sentyabrın 7-də təcridxanaya çatıb. Amma bu günə qədər məktublar qardaşıma verilməyib. Təkcə bizim məktublar deyil, qardaşıma məktub yazan çox olub. Avqustda təcridxanaya onlarla məktub yola salınıb”.

Qalib Bayramovun sözlərinə görə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyinin əməkdaşlarının da Qubad İbadoğlu ilə görüşünə şərait yaradılmır:

“Qubad İbadoğlu həbsdə olduğu 57 gündə Beynəlxalq Qızıl Xaçın Azərbaycan nümayəndəliyi ona baş çəkə, tam şəkildə müayinə və analiz nəticələri ilə tanış ola, saxlanma şəraitini yerində yoxlaya bilməyib. 57 gündür ki, Penitensiar Xidmət Qızıl Xaçı Qubad müəllimlə görüşdürməmək üçün dirənir…”.

Qalib Bayramov. Foto: “abzas.net”

Penitensiar Xidmətdən istər sənədlərin çatdırılmasına qadağalar, istərsə də Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin görüşünə maneə ilə bağlı iddialara münasibət öyrənmək mümkün olmayıb.

Eyni zamanda, London İqtisadiyyat Məktəbinin əməkdaşı olan Qubad İbadoğlu iyulun 23-də saxlanılıb, ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldəetmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Ertəsi gün Nərimanov Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.

ADR sədri daha dörd nəfərlə əlbirlikdə ittiham olunur.

Onların adları ilk dəfə iyulun 23-də Türkiyə mediasında açıqlanmışdı.

FETÖ (Fətullah Gülən Terror Örgütü) ilə əlaqəli şəxslər kimi təqdim olunan bu dörd nəfərə qarşı da Qubad İbadoğlu ilə eyni – Cinayət Məcəlləsinin 204.3.1 maddəsi ilə ittiham irəli sürülüb.

Sözügedən dörd nəfər Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov, Ruslan Əliyev və Anar Əliyevdir.

Qubad İbadoğlu saxlandıqdan sonra yayılan məlumatlarda iddia olunurdu ki, Anar Əliyev ifadəsində onun adını çəkib. Amma Qubad İbadoğlu ümumiyyətlə, bu şəxsi tanımadığını deyib.

Qubad İbadoğlu saxlandığı gün ofisdə keçirilən axtarışda 40 min dollar pul tapıldığı, onun bir hissəsinin saxta olduğu iddia olunur.

Lakin ADR sədri bildirib ki, həmin pulun ona heç bir aidiyyəti yoxdur.

Avqustun 25-də ona Cinayət Məcəlləsinin 167-3.1-ci (Dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddəsilə yeni ittiham elan olunub.

Qubad İbadoğlu bu ittihamın da absurd olduğunu deyib və etiraz əlaməti olaraq, ifadə verməkdən imtina edib.

Qubad İbadoğlu həbs olunduğu gün axtarışdan sonra məkandan çıxarılıb aparılarkən Prezident İlham Əliyevin sifarişilə həbs olunduğunu bildirib.

Bundan başqa, avqustun 6-da Türkiyədə yaşayan və orada universitetdə işləyən azərbaycanlı alim Fazil Qasımov saxlanılaraq, Azərbaycana gətirilib.

Avqustun 8-də Nərimanov Rayon Məhkəməsinin qərarıyla onun haqqında həbs qətimkan tədbiri seçilib.

Ona qarşı da eyni maddə ilə ittiham irəli sürülüb.

Meydan TV 

12:01, 18 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

ADR Partiyasının üzvü Allahverdi Babayev tənqidi çıxışından sonra həbs edilib

by Gozetci 10:04, 17 Sentyabr 2023
written by Gozetci

Qubad İbadoğlu və Allahverdi Babayev. Foto: Facebook

Sentyabrın 16-da Bakının Xəzər rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının Xəzər rayon təşkilatının sədri Allahverdi Babayevi 30 sutka inzibati həbsə məhkum edib.

Bu barədə ADR Partiyası məlumat yayıb.

Məlumata görə, Allahverdi Babayev İnzibati Xətalar Məcəlləsinin 535-cm maddəsi (polisin qanuni tələbinə tabe olmamaq) ilə təqsirli bilinib.

“Allahverdi bəy dünən Qubad bəyin apellyasiya məhkəməsi zamanı bir müsahibədə sərt mövqe bildirdikdən sonra həbs edilib. O, siyasi məhbusdur!” ADR Partiyası bildirib.

Hüquq müdafiəçisi Rüfət Səfərov Allahverdi Babayevin həbsini “növbəti absurd” kimi dəyərləndirib.

“Ölkə məhkəməsi adına daha bir ədalətsiz qərara şahid olduq. Əslində ədalətin dəfn edildiyi ölkədə başqa gozləntimiz də yox idi”, o Facebook səhifəsində yazıb.

Rəsmi qurumlar ADR Partiyasının fəalının həbsinə hələ münasibət bildirməyib. Bununla yanaşı, Daxili İşlər Nazirliynin Mətbuat xidməti siyasi səbəblərlə həbslər barədə bəyanatları qəbul etmir və bu münasibəti özünümüdafiə kimi əsaslandırır.

Xatırlatma

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs-qətimkan tədbiri seçib.

Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bu günədək bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.

Amerikanın Səsi

10:04, 17 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

ABŞ Qubad İbadoğlunun dərhal azad edilməsinə çağırış edib

by Gozetci 15:07, 15 Sentyabr 2023
written by Gozetci

Bir neçə senator da Azərbaycan hökumətini İbadoğlunu humanitar əsaslarla azad etməyə çağırıb

Sentyabrın 14-də ABŞ Azərbaycan hökumətini növbəti dəfə Qubad İbadoğlunu dərhal azad etməyə çağırıb.

Bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller gündəlik keçirdiyi brifinqdə Bakıya çağırış edib.

“Daha əvvəl İbadoğlunun həbsindən və saxlanılmasından narahat olduğumuzu demişdim, biz onu dərhal azad etməyə çağırırıq”, – deyə Metyu Miller “Turan”ın suallarına cavabında bildirib.

ABŞ Dövlət Departamenti bir müddət əvvəl də Qubad İbadoğlunun ciddi xəstəliyinin olması fonunda onun səhhətindən dərin narahatlığını ifadə etmiş, Azərbaycanı onun hüquqlarını və əsas azadlıqlarını müdafiə etməyə çağırmışdı. Amerikanın bir neçə senatoru da Azərbaycan hökumətini İbadoğlunu humanitar əsaslarla azad etməyə çağırıb.

Metyu Miller. Foto: “Turan”

Metyu Millerin açıqlaması Senatın Beynəlxalq münasibətlər komitəsində Azərbaycanla bağlı keçirilən dinləmələrdən bir neçə saat sonra yayılıb.

Dinləmələr zamanı iki senator – Ben Kardin və Tim Keyn Qubad İbadoğlunun məsələsini qaldırıblar və Dövlət Departamentinin nümayəndəsindən bu məsələyə münasibət bildirməyi xahiş ediblər.

“Azərbaycanda bir hadisəyə toxunmaq istəyirəm, bu, fəal Qubad İbadoğlunun həbs edilməsidir. Bu işlə tanış olub-olmadığınızı bilmirəm. Lakin ABŞ kənarda dayanıb fəalların çıxışlarına görə həbs edilməsinə imkan verməməlidir, xüsusən, strateji, o cümlədən maliyyə münasibətlərimiz olan ölkələrdə. Biz bu cür əməllər üçün sanksiyaları nəzərdən keçiririk”, – deyə Ben Kardin qeyd edib. O, dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi səlahiyyətlərini icra edən Yuri Kimdən Dövlət Departamentinin İbadoğlunun işi ilə bağlı mövqeyinə dəqiqlik gətirməyi xahiş edib.

 

Ben Kardin

Virciniya ştatından senator Tim Keyn də qeyd edib ki, İbadoğlu 2015-ci ildə Milli Demokratiyaya Dəstək Fondunun təqaüdçüsü olub, o, Nyu-Cersi və Virciniyada, son vaxtlar isə Şimali Karolinada yaşayıb və işləyib:

“İbadoğlu Şimali Karolina Universiteti də daxil olmaqla, Amerika universitetləri ilə əməkdaşlıq edib. O, məşhur azərbaycanlı alimdir. Və neft gəlirlərinin çox vaxt korrupsiya və pis idarəçiliyə sərf olunduğunu yazırdı. Bu məqalələr Azərbaycan hökumətinin xoşuna gəlmədiyinə görə alimi və həyat yoldaşını hüquqi əsas olmadan həbs ediliblər”.

“Qubad İbadoğlu çox pis şərtlərdə həbsxanada saxlanılır, səhhətində çoxsaylı problemlər var. Nə etmək olar? İbadoğlunun işi ilə bağlı idarənin Azərbaycan hökuməti ilə əməkdaşlığı haqqında danışa bilərsiniz?“- deyə senator sual verib. Buna cavab olaraq dövlət katibinin köməkçisi Kim bildirib ki, ABŞ bu məsələni qaldırıb və qaldırmağa davam edəcək:

“Senat Azərbaycanda səfir vəzifəsinə bizim namizədimizi təsdiq etsə, sizi inandıra bilərəm ki, bu şəxs onun diqqət mərkəzində olacaq”.

Sentyabrın 14-də Avropa Parlamenti Qubad İbadoğlunun işi ilə bağlı qətnamə qəbul edib.

Avropa Parlamenti bildirir ki, daha öncə Azərbaycanla bağlı qəbul etdiyi qətnamələri nəzərə alaraq iqtisadçı Qubad İbadoğlunun azad edilməsi vacibdir:

“O, iyulun 23-də zorakılıq tətbiq olunaraq qanunsuz şəkildə həbs olunub. Hazırda əsassız ittihamlarla həbsxanada saxlanılır, ailəsi və vəkilləri ilə əlaqə saxlamasına məhdudiyyətlər qoyulub, qeyri-insani rəftara məruz qalıb” .

İyulun 24-də barəsində 3 ay 26 gün həbs-qətimkan tədbiri seçilən iqtisadçıya qarşı saxta pul hazırlama, dini-ekstremist materialların hazırlanması, saxlanması və ya yayılması ittihamları irəli sürülüb.

Azərbaycan Daxili İşlər Nazirliyi onun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib. Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bu günədək bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) iqtisadçı Qubad İbadoğlunun işinə dərhal baxılmasına qərar verib. Məhkəmə 39-cu qaydanı (müvəqqəti məcburiyyət tədbirləri) əsas götürərək Azərbaycan hökumətinə suallar göndərib.

15:07, 15 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Avropa Məhkəməsi jurnalistlər və ictimai fəalların işi ilə bağlı qərarını açıqlayacaq

by Gozetci 15:03, 15 Sentyabr 2023
written by Gozetci

Avropa Məhkəməsi

Ərizəçilər ədalətli məhkəmə araşdırması aparılmamasından, hərəkət və ifadə azadlığının məhdudlaşdırılmasından şikayətçidir

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) sentyabrın 21-də Azərbaycandan göndərilmiş azı 13 ərizə üzrə 9 qərar və qərardadını elan edəcək.

“Natiq Cavadlı Azərbaycana qarşı” məhkəmə işi tanınmış jurnalist olan ərizəçinin ölkədən çıxışına qadağa qoyulması və onun hava limanında sərhədçilər tərəfindən saxlanılması ilə bağlıdır. Mərkəzi ofisi Azərbaycandan kənarda olan Meydan TV-nin əməkdaşı olan ərizəçi xaricə səyahət edərkən hava limanında saxlanılıb. Ölkədən çıxışına qadağa qoyulması əsası ilə saxlanılan ərizəçiyə izah edilib ki, bu qadağa ərizəçinin və onun həmkarlarının əməkdaşlıq etdiyi Meydan TV-yə prokurorluqda cinayət işinin açılması ilə bağlıdır. Ərizəçi ölkədən çıxışına qadağa tətbiq edilməsinin qanunsuzluğunu məhkəmələr qarşısında mübahisələndirsə də, məhkəmələr onun şikayətini mahiyyəti üzrə araşdırmaqdan imtina edib. Ərizəçi AİHM qarşısında iddia edib ki, ədalətli məhkəmə araşdırması, hərəkət azadlığı, ifadə azadlığı və effektiv hüquqi müdafiə imkanlarına sahib olmaq hüquqlarına müdaxilə baş verib. Ərizəçi həmçinin, ona tətbiq edilmiş məhdudiyyətlərin Konvensiyada nəzərdə tutulmuşlardan fərqli məqsədlərə (18-ci maddə) xidmət etdiyini iddia edir.

“Aytac Əhmədova Azərbaycana qarşı” işi jurnalist olan ərizəçinin ölkədən çıxışına qadağa qoyulmasının və onun hava limanında saxlanılıb axtarışa məruz qalmasının qanunsuzluğu iddiaları ilə bağlıdır. Meydan TV-nin əməkdaşı olan ərizəçi həmkarları ilə birlikdə ölkədən xaricə səyahət edərkən hava limanında saxlanılıb. Saxlanılmasına ölkədən çıxışına qadağa qoyulması əsas göstərilib. Qadağa ərizəçinin və onun həmkarlarının əməkdaşlıq etdiyi Meydan TV-yə prokurorluqda cinayət işinin açılması və onların həmin iş çərçivəsində şahid qismində cəlb edilmələri ilə izah edilib.

Ərizəçi müxtəlif tarixlərdə onun ölkədən çıxışına qadağa tətbiq edilməsinin qanunsuzluğunu məhkəmələr qarşısında mübahisələndirib. Daxili məhkəmələr onun və onun həmkarlarının şikayətini mahiyyəti üzrə araşdırmaqdan imtina ediblər. Ərizəçi AİHM qarşısında iddia edib ki, onun ədalətli məhkəmə araşdırması, hərəkət azadlığı, ifadə azadlığı və effektiv hüquqi müdafiə imkanlarına sahib olmaq hüquqlarına müdaxilə baş verib. Ərizəçi həmçinin, ona tətbiq edilmiş məhdudiyyətlərin Konvensiyada nəzərdə tutulmuşlardan fərqli məqsədlərə (18-ci maddə) xidmət etdiyini iddia edib.

“Aynur Qənbərova Azərbaycana qarşı” işində də ərizəçi Meydan TV-nin əməkdaşıdır. N.Cavadlı və A.Əhmədova işində olduğu kimi bu işdə də ərizəçi səyahət edərkən hava limanında saxlanılıb, ölkədən çıxışına qadağa qoyulduğu bildirilib. Ərizəçi həm də axtarışa məruz qalıb. İşin halları qeyd edilən iki ərizəçinin işində olduğu kimidir. Qənbərova həmin işlərdəkindən əlavə olaraq, həm də axtarışa məruz qalmasının qanunsuzluğunu (8-ci maddə) iddia edir.

“Zaur Məmmədov və başqaları Azərbaycana qarşı” işində ərizəçilər inzibati qaydada cəzalandırılıblar. Siyasi baxımdan müxalif mövqeli olan ərizəçiləri polis əməkdaşları evlərindən polis bölməsinə aparıb. Onlar sonradan polisin qanuni tələbinə əməl etməmək əsası ilə inzibati məsuliyyətə cəlb olunublar. Ərizəçilər iddia edir ki, onlar hər hansı pozuntuya yol vermədikləri halda cəzalandırlıblar. Məhkəmələrinin ədalətsiz olduğunu, istədikləri vəkilə çatımlarının təmin edilmədiyini, barələrindəki məhkəmə qərarlarının heç bir hüquqi əsasının olmadığını bildirən ərizəçilər AİHM qarşısında Konvensiyanın 5-ci və 6-cı maddələrinin pozuntusunu qaldırblar.

“Murad Muradov Azərbaycana qarşı” işi ərizəçinin etiraz nümayişi zamanı həbs edilməsi və sonradan İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsinə əsasən (polis əməkdaşının qanuni əmrini yerinə yetirməmək) inzibati qaydada məhkum edilməsi ilə bağlıdır. Daxili məhkəmələr ona on sutka inzibati həbs cəzası verib.

Ərizəçi Konvensiyanın 6 və 11-ci maddələrinə əsaslanaraq, daxili məhkəmələrin öz qərarları üçün əsaslar təqdim etməməsindən, inzibati məhkumluğunun onun sərbəst toplaşmaq hüququna qanunsuz və əsassız müdaxiləni təşkil etməsindən şikayət edib. Ərizəçi bundan başqa ona münasibətdə 7 Saylı Protokolun 2-ci maddəsinin pozulduğunu iddia edir. Belə ki, Bakı Apelyasiya Məhkəməsi onun şikayətinə gec, on sutkalıq inzibati həbs müddəti başa çatdıqdan sonra baxıb.

AİHM qeyd edilən işlərdən başqa daha 4 qərardadını elan edəcək. Azı 7 ərizə üzrə elan olunacaq həmin işlərin detalları haqda Məhkəmənin sənədlər bazasında məlumat yoxdur.  Bu işlər “Əliyev və Babayev Azərbaycana qarşı”, “Aşurov və Başqaları Azərbaycana qarşı”, “Babayev və Başqaları Azərbaycana qarşı”, “Vəliyev Azərbaycana qarşı”dır.

Meydan TV 

15:03, 15 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
XƏBƏRLƏR

Avropa Parlamenti Qubad İbadoğlunu həbs edən məmurlara qarşı sanksiyalara çağırıb

by Gozetci 21:47, 14 Sentyabr 2023
written by Gozetci

Cümə axşamı Avropa parlamenti Azərbaycanda həbs olunmuş müxalifətçi və iqtisadçı-alim Qubad İbadoğlunun işi üzrə qətnamə qəbul edib.

Sənəddə İbadoğluna qarşı uydurma və siyasi motivli ittihamlarla cinayət təqibi pislənilir və insan hüquqlarını kobud şəkildə pozan azərbaycanlı rəsmi şəxslərə qarşı Avropa İttifaqının qlobal insan hüquqları sanksiya rejimi çərçivəsində sanksiyaların tətbiqinə çağırılır.

Qətnaməni 569 deputatdan 539-u dəstəkləyib, 24-ü bitərəf qalıb, 6 nəfər sənədin əleyhinə səs verib.

*İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlunu saxta pul hazırlamaq ittihamı ilə 3 ay 26 gün müddətinə həbs edib. Azərbaycan Daxili İşlər Nazirliyi  İbadoğlunun 2016-cı ildə Türkiyədə dövlət çevrilişi cəhdində ittiham olunan Fətullah Gülənin tərəfdarları ilə əlaqəsi olduğunu bildirib.

Avqustun 25-də ona qarşı “dini ekstremizmyönlü materialların hazırlanması, saxlanması və ya yayılması” barədə daha bir ittiham irəli sürülüb.

Qubad İbadoğlu ittihamları absurd hesab edərək rədd edir. Bir çox beynəlxalq təşkilatlar və rəsmi şəxslər rəsmi Bakını siyasətçini dərhal azad etməyə çağırıblar.

Avropa parlamentində müzakirələri müşahidə edən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun direktoru Emin Hüseynov Avropa parlamentinin qətnaməsini şərh edərkən deyib ki, ilk dəfədir ki, bu qurum Avropa İttifaqını insan hüquqlarını kobud şəkildə pozan Azərbaycan rəsmilərinə qarşı Qlobal Maqnitski Aktı çərçivəsində sanksiyalar tətbiq etməyə çağırıb.

Bundan əlavə, hüquq müdafiəçisi qeyd edib ki, qətnamədə Azərbaycanda 200-dən çox siyasi məhbusun olduğu deyilir, Qubad İbadoğlu şəxsən göstərilir. Bununla yanaşı, Avropa parlamenti vurğulayır ki, nə qədər ki bütün siyasi məhbuslar azad edilməyib, Avropa İttifaqı Azərbaycanla hərtərəfli tərəfdaşlıq haqqında yeni saziş imzalamamalıdır.

Turan

21:47, 14 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq Pozuntularıİfadə azadlığıİşgəncə və pis rəftarSliderXƏBƏRLƏR

Jurnalist Nurlan Qəhrəmanlı DTX-də təhdid olunduğunu deyir

by Gozetci 15:49, 14 Sentyabr 2023
written by Gozetci

Nurlan Libre (Qəhrəmanlı)

Sentyabrın 13-də jurnalist Nurlan Qəhrəmanlı (Libre) Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) çağırılıb. Bu barədə Amerikanın Səsinə jurnalistin özü məlumat verib.

Nurlan Qəhrəmanlının sözlərinə görə, o, DTX-də paylaşımlarına görə zorlama ilə təhdid olunub:

“Dedilər ki, müharibə əleyhinə paylaşımlarına davam eləmə. Konkret olaraq orada iki DTX əməkdaşı ilə danışdım, biri mülayim, digəri isə zorakı dillə danışırdı. İki saata yaxın orada oldum. Tələb bu idi ki, müharibə əleyhinə heç nə yazmayım. Dedilər ki, biz müharibə şəraitindəyik, sənin yazdıqların bizim ümumi işimizə ziyandır, paylaşımların Ermənistanın xüsusi xidmət orqanlarına xidmətdir”.

Jurnalist bildirib ki, Dövlət Təhlükəsizlik Xidmətinə çağırılması və orada aldığı təhdidə görə məhkəməyə müraciət edəcək.

Nurlan Librenin sözlərinə görə, o, bundan əvvəl də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən təhdid olunub və zorakılığa məruz qalıb.

“2020-ci ilin oktyabrında özünü şöbə rəisi adlandıran şəxs məni yarım saat dizim üstə saxladı, zorakılıq göstərdi. Məni erməni xüsusi xidmət orqanlarına, həmçinin Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinə işləməkdə (iki tərəfli agentlikdə) ittiham etdi. Onun sözlərinə görə mən cəbhədən Ermənistana videogörüntülər ötürmüşəm”, deyə o, bildirib.

Jurnalist idarədə zorla üzristəmə videosu çəkdirildiyini, həm də idarənin bu məsələni ictimailəşdirməməsini tələb etdiyini bildirib, daha sonra həmin gün axşam saat 20 radələrində sərbəst buraxılıb.

Bu hadisədən sonra Daxili İşlər Nazirliyindən Nurlan Qəhrəmanlnın MCQMİ-yə dəvət edilməsilə bağlı bildirilmişdi ki, Daxili İşlər Naziriyinin 102 xidmətinə zəng edən şəxs Nurlan adlı sosial şəbəkə istifadəçisinin dövlətin, ordunun əleyhinə paylaşımlar etdiyini, bu adamla bağlı araşdırma aparılmasını istədiyini bildirib:

“Bununla bağlı oktyabrın 29-da Nurlan MCQMİ-yə dəvət edilib. Orada onun öz razılığı ilə videogörüntülü izahatı alınıb. Ondan sonra sərbəst buraxılıb. Bu dövlətin təhlükəsilziyi ilə bağlı məsələdir deyə dəvət edilib, görüntülü izahatı alınıb. Özünə də izah edilib ki, nəyə görə, dəvət edilib. Hazırda araşdırmalar davam edir. Nurlanın MCQMİ-də fiziki təzyiqlərə məruz qalması ilə bağlı dedikləri isə əsassızdır”.

Məsələ ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətindən, hələlik, mövqe almaq mümkün olmayıb.

Amerikanın Səsi 

15:49, 14 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir

  • Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib

  • Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir
20:17, 25 Mart 2026
Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib
22:20, 23 Mart 2026
Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir
16:26, 19 Mart 2026
Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia