Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Keçmiş diplomat Emin İbrahimova 30 sutka həbs cəzası verildi

by Gozetci 09:18, 21 Sentyabr 2023
written by Gozetci

Emin Şaiq İbrahimov

Azərbaycanın ABŞ-dakı səfirliyində və başqa qurumlarda çalışmış diplomat Emin İbrahimov həbs olunub.

Emin İbrahimovun sosial media hesabında Qarabağdakı son hərbi əməliyyatlar barədə paylaşımlarına görə cəzalandırıldığı bildirilir.

Emin İbrahimovun həbsi barədə siyasətçi Azər Qasımlı məlumat verib.

Onun sözlərinə görə, Emin İbrahimov sentyabrın 20-də evdən çıxarkən saxlanılıb.

Emin İbrahimova 30 sutka inzibati həbs cəzası verildiyi bildirilir.

Vəkil Aqil Layıc Emin İbrahimovun hüquqlarının müdafiəsinə qoşulacağını deyib.

Emin İbrahimov “Facebook” hesabında Qarabağda baş verən əməliyyatlarda Rusiyanın maraqları çərçivəsində həyata keçirildiyini yazmışdı.

Sentyabrın 20-də Azərbaycanda müharibə əleyhdarı olan çoxsaylı gənclər həbs olunub.

Onlardan bir neçəsinə 30 sutka inzibati həbs cəzası verilib.

Bir nəfər haqqında isə xuliqanlıq ittihamıyla cinayət işi başlanıb.

Meydan TV

09:18, 21 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

İctimai fəallar Nemət Abbasov və Əmrah Təhməzova 30 sutka inzibati həbs cəzası verilib

by Gozetci 09:00, 21 Sentyabr 2023
written by Gozetci

Nemət Abbasov və Əmrah Təhməzov

Sentyabrın 20-də  ictimai fəal Nemət Abbasov Nərimanov rayon Məhkəməsinin qərarı ilə inzibati həbs cəzası alıb. Bu barədə Amerikanın Səsinə fəalın yaxınları məlumat verib.

Fəalın İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə həbs olunduğu deyilir. Nemət Abbasovun yaxınları deyir ki, o, əslində müharibə əleyhinə paylaşımlarına görə həbs olunub:

“Baxmayaraq ki, Nemətin özü də 2020-ci ildə müharibə iştirakçısı olub, hazırda o, müharibə əleyhinə çıxır, paylaşımlar edir və buna görə də cəzalandırılır”.

Daha bir ictimai fəal Əmrah Təhməzova da 30 sutka inzibati həbs cəzası verilib. Bu barədə ictimai fəal Qiyas İbrahimov məlumat verib.

Təhməzov sentyabrın 19-da Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) çağırıldığı barədə paylaşım edib. O bildirib ki, çağırılma səbəbi sosial şəbəkələrdə müharibə əleyhinə yazdıqlarıdır.

Bu gün isə Əmrah Təhməzov evinə Baş Prokurorluğun əməkdaşlarının gəldiyi haqqında məlumat yayıb.

Təhməzov İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə ittiham olunur.

İctimai fəal Əmrah Təhməzov bu ilin may ayında da 30 sutka inzibati həbs cəzası alıb. Fəal İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə ittiham olunub.

Təhməzov o zamankı həbsinin səbəbinin hazırda həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Zamin Salayev üçün İlham Əliyevə vurğu ilə yazdığı tənqidi statusun olduğunu deyib.

Amerikanın Səsi 

09:00, 21 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq Pozuntuları

Afiəddin Məmmədovun saxlanıldığı bildirilir

by Gozetci 18:51, 20 Sentyabr 2023
written by Gozetci

Afiəddin Məmmədov

Sentyabrın 20-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədovun saxlanıldığı bildirilir. Bu barədə Amerikanın Səsinə ictimai fəal Əhməd Məmmədli bildirib.

Onun sözlərinə görə Afiəddin Məmmədov evinin yaxınlığında polis tərəfindən saxlanılıb: “Səbəb kimi də onun yaşadığı binadan çıxarkən bir şəxsi bıçaqlaması göstərilib. Plan elə qurulub ki, Afiəddin binadan çıxarkən bir nəfər ona yaxınlaşaraq özünə bıçaqla xəsarət yetirib və bıçağı Afiəddinin üstünə atıb. Polis dərhal Afiəddini saxlayıb”.

Əhməd Məmmədli bildirib ki, Afiəddin Məmmədov Xətai Rayon Polis İdarəsində saxlanılır.

Vəkil Zibeydə Sadıqovanın məlumatına görə Afiəddin Məmmədov barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıqla silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi açılıb.

Bu maddə ilə 2 ildən 5 ilədək müddətə həbs cəzası düşür.

Xatırlatma

Afiəddin Məmmədov avqustun 31-i xırda xuliqanlıq və polis işçisinin əmrinə tabe olmama ittihamları ilə 30 günlük həbs cəzasından sonra azadlığa buraxılıb.

Təşkilatın üzvləri Elvin Mustafayev və Ayxan İsrafilova qarşı daha ağır ittiham irəli sürülüb. Onlar narkotik maddələrin hazırlanması, daşınması və satışı da daxil olmaqla müxtəlif ittihamlarla həbs olunublar və hər ikisi barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Bu ittihamlarla Elvin Mustafayevi 5 ildən 12 ilədək, Ayxan İsrafilovu isə 3 ilədək həbs cəzası gözləyə bilər.

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası 2022-ci il martın 1-də bir qrup işçi fəallar tərəfindən qurulub. İttifaqın məqsədi Azərbaycanda baş verən işçi istismarına qarşı mübarizə aparmaq, işçilərə ödənişsiz hüquqi yardım göstərmək, həmkarlar ittifaqı ənənəsini yenidən bərpa etmək, işçiləri təşkilatlandırmaq və birgə mübarizəyə təşviq etməkdir.

Amerikanın Səsi 

18:51, 20 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Qarabağda hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə olundu

by Gozetci 16:02, 20 Sentyabr 2023
written by Gozetci

Sentyabrın 20-də Bakı vaxtı ilə saat 13-də Qarabağda hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə edilib. Razılığa əsasən Qarabağın erməni nümayəndələri Azərbaycan hökumətinin əsas şərtlərini qəbul edib.

Azərbaycan Prezidentinin Administrasiyası bildirir ki, Azərbaycan Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə sentyabr 21-də Yevlaxda görüş keçiriləcək.

Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Qarabağın erməni sakinlərinin nümayəndələri Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq silahı yerə qoymağa, döyüş mövqelərindən və hərbi postlardan çıxmağa və tam şəkildə tərksilah olunmağa razılıq veriblər. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilməsi barədə anlaşma əldə olunub.

Sentyabrın 20-nə olan rəsmi məlumata görə, erməni hərbi birləşmələrinin 90-dan artıq döyüş mövqeyi, eləcə də bir neçə strateji əhəmiyyətli yüksəklik Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçib. Eyni zamanda qarşı tərəfə məxsus 7 ədəd hərbi nəqliyyat vasitəsi, 4 ədəd minaatan, 1 ədəd tank, 2 ədəd piyadanın döyüş maşını və xeyli sayda silah-sursat qənimət olaraq ələ keçirilib.

Öz növbəsində, Ermənistanın İnsan Hüquqları Komissiyasının məlumatında deyilir ki, Dağlıq Qarabağda atışma nəticəsində erməni tərəfindən 32 nəfər ölüb, 200-dən çox insan yaralanıb.

Qarabağda hərbi qüvvə saxlamadığını israr edən Ermənistan hərbi münaqişədə iştirak etmədiyini bəyan edib. Rəsmi Yerevan Bakını Qarabağda etnik təzmiləmə siyasəti aparmaqda ittiham edib.

BMT Təhlükəsizlik Şurası sentyabrın 21-də Qarabağda baş verənlərlə bağlı növbədəkənar iclas keçirməyi planlaşdırır.

BMT Baş Katibi Antonio Quterreş savaşın dərhal dayandırılmasına və bütün tərəfləri regiona uzunmüddətli sülh gətirmək üçün səylərə diqqət cəmləməyə çağırıb.

ABŞ Dövlət katibi Antoni Blinken sentyabın 19-da Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ayrı-ayrı telefon danışığı zamanı Qarabağda hərbi əməliyyatları müzakirə edib.

Dövlət Departamentinin sözçüsü Metyu Millerin açıqladığı bəyanatda dövlət katibi Antoni Blinkenin Azərbaycan prezidenti İlham Əliyevlə telefon söhbəti zamanı Azərbaycanı Dağlıq Qarabağda hərbi əməliyyatları dərhal dayandırmağa və gərginliyi azaltmağa çağırdığı bildirilir.

Ermənistanın baş naziri Nikol Paşinyanla telefon söhbəti zamanı Blinken Dağlıq Qarabağdakı vəziyyətlə bağlı dərin narahatlığını ifadə edib və ABŞ-ın Azərbaycanı dərhal hərbi əməliyyatları dayandırmağa və dərhal dialoqa qayıtmağa çağırdığını vurğulayıb.

“O, baş nazir Paşinyana ABŞ-ın Ermənistanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü tam dəstəklədiyini bildirib,” Metyu Millerin açıqladığı bəyanatda bildirilir.

Amerikanın Səsi

16:02, 20 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Məhkəmə İbadoğlunun səhhəti ilə bağlı Tibb İdarəsinə sorğu göndərdi

by Gozetci 12:40, 20 Sentyabr 2023
written by Gozetci

Qubad İbadoğlu. Foto: Meydan TV

Vəkilləri  qurumun nümayəndəsinin də məhkəmədə iştirakını istədilər

Sentyabrın 19-da Nərimanov Rayon Məhkəməsində Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri, professor Qubad İbadoğlunun sağlamlıq problemlərilə bağlı vəkillərinin verdiyi şikayətə baxılıb.

Vəkilləri onun həbsdə olduğu dövrdə müayinə və müalicəsinin gecikdirilməsi, analizlərinin nəticələrilə bağlı tibbi sənədlərin gec və yarımçıq təqdim olunması kimi hallardan məhkəməyə şikayət ediblər.

Hakim Vüsal Qurbanovun sədrliyilə keçirilən məhkəmə iclasında ADR sədri özü də iştirak edib.

Vəkillər Zibeydə Sadıqova və Bəhruz Bayramov hüquqlarını müdafiə etdikləri şəxsin səhhətindəki problemlərə diqqət çəkərək bildiriblər ki, Qubad İbadoğlu kəskin ürək, şəkər, təzyiq və s. xəstəliklərdən əziyyət çəkir.

Onun qapalı şəraitdə saxlanması sağlamlıq problemlərini daha da kəskinləşdirib. Üstəlik, vaxtında müayinə olunmaması, lazımi şəkildə müalicə ala bilməməsi də durumu kritikləşdirir.

Qubad İbadoğlu özü də çıxış edərək həbsin ona yeni xəstəliklər qazandırdığını bildirib.

Onun sözlərinə görə, həbsdən öncə sağlamlıq problemi olsa da, vaxtlı-vaxtında həkimə gedir, dərmanlarını qəbul edirdi.

O, səhhətində kəskin problemlər olduğu halda, qapalı şəraitdə saxlanmasını, müayinənin nəticələrinin ona verilməməsini və s. halları qeyri-insani rəftar kimi qiymətləndirib.

Qubad İbadoğlu deyir ki, dərmanları ona verirlər, lakin həmişə əlinin altında olmur deyə vaxtında qəbul edə bilmir:

“Nə vaxt mənə verilirsə, onda qəbul edə bilmirəm. Yaxud da gedirəm, təzyiqimi ölçürlər. Onlar ölçəndə guya normal olur. Amma gəlirəm, öz təzyiqölçən aparatımla ölçəndə başqa nəticə olur”.

Qubad İbadoğlunun müayinəsinin nəticələrini əldə etmək üçün vəkilləri dəfələrlə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə sorğular göndərmişdilər. Lakin ya sorğuya cavab verilməyib, ya imtina edilib.

Vəkillərin bildirdiyinə görə, bir neçə müraciətdən sonra alınan cavab isə onları qane etməyib. Onlar hesab edir ki, müayinənin nəticələrinə dair cavablar tam olmayıb.

Hakim Vüsal Qurbanov qərara gəlib ki, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə sorğu verilsin, Qubad İbadoğlunun müayinə və müalicəsilə bağlı sənədlər bu qurumdan alınsın.

Onun vəkilləri bu qurumun nümayəndəsinin də məhkəmədə iştirak etməsini istəyib.

Hakim qərar verib ki, Qubad İbadoğlunun müayinə və müalicəsinə dair şikayətlə bağlı məhkəmə prosesi sentyabrın 22-də davam etdirilsin.

Xatırlatma

London İqtisadiyyat Məktəbinin əməkdaşı olan Qubad İbadoğlu iyulun 23-də saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Ertəsi gün Nərimanov Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.

ADR sədri daha dörd nəfərlə əlbirlikdə ittiham olunur.

Onların adları ilk dəfə iyulun 23-də Türkiyə mediasında açıqlanmışdı.

FETÖ (Fətullah Gülən Terror Örgütü) ilə əlaqəli şəxslər kimi təqdim olunan bu dörd nəfərə qarşı da Qubad İbadoğlu ilə eyni – Cinayət Məcəlləsinin 204.3.1 maddəsi ilə ittiham irəli sürülüb.

Sözügedən dörd nəfər Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov, Ruslan Əliyev və Anar Əliyevdir.

Qubad İbadoğlu saxlandıqdan sonra yayılan məlumatlarda iddia olunurdu ki, Anar Əliyev ifadəsində onun adını çəkib. Amma Qubad İbadoğlu ümumiyyətlə, bu şəxsi tanımadığını deyib.

Qubad İbadoğlu saxlandığı gün ofisdə keçirilən axtarışda 40 min dollar pul tapıldığı, onun bir hissəsinin saxta olduğu iddia olunur. Lakin ADR sədri bildirib ki, həmin pulun ona heç bir aidiyyəti yoxdur.

Avqustun 25-də ona Cinayət Məcəlləsinin 167-3.1-ci (Dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddəsilə yeni ittiham elan olunub.

Qubad İbadoğlu bu ittihamın da absurd olduğunu deyib və etiraz əlaməti olaraq, ifadə verməkdən imtina edib.

Qubad İbadoğlu həbs olunduğu gün axtarışdan sonra məkandan çıxarılıb aparılarkən Prezident İlham Əliyevin sifarişilə həbs olunduğunu bildirib.

Bundan başqa, avqustun 6-da Türkiyədə yaşayan və orada universitetdə işləyən azərbaycanlı alim Fazil Qasımov saxlanılaraq, Azərbaycana gətirilib.

Avqustun 8-də Nərimanov Rayon Məhkəməsinin qərarıyla onun haqqında həbs qətimkan tədbiri seçilib.

Ona qarşı da eyni maddə ilə ittiham irəli sürülüb.

Meydan TV 

12:40, 20 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

İctimai fəal Rail Abbasov saxlanılıb

by Gozetci 10:07, 20 Sentyabr 2023
written by Gozetci

Rail Abbasov

 

Sentyabrın 19-da ictimai fəal Rail Abbasov Nəsimi rayon Polis İdarəsi tərəfindən saxlanılıb.

Vəkil Zibeydə Sadıqova Amerikanın Səsinə deyib ki, Rail Abbasov Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə şübhəli şəxs qismində saxlanılıb.

Vəkil bildirib ki, bu gün istintaq hərəkətləri aparılıb və istintaq hərəkətləri sabah da davam etdirləcək.

“Rail Abbasov ittihamı qəbul etmir və həbsdə olan insan hüquqları fəalı Bəxtiyar Hacıyevi aktiv müdafiədən uzaqlaşdırmaq üçün onu həbs etdiklərini bildirir”, vəkil Abbasova istinadən qeyd edib.

Hüquq müdafiəçisi Rüfət Səfərov Amerikanın Səsinə ictimai fəal Rail Abbasovun Bəxtiyar Hacıyevi müdafiə etdiyinə görə təqib edildiyini deyib.

“O, Bəxtiyar Hacıyevin müdafiəsini yaxından və gündəlik işləyirdi. Hesab edirəm ki, Rail Abbasov şərlənib və Bəxtiyar Hacıyevi ciddi müdafiə etdiyinə görə belə təqib edilir. Bu, qisas aktıdır,” o qeyd edib.

Daxili İşlər Nazirliyi hələ fəalın saxlanılması ilə bağlı açıqlama verməyib.

Amerikanın Səsi

10:07, 20 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Fəallar Dövlət Təhlükəsizlik Xidmətinə çağırıldıqlarını deyirlər

by Gozetci 09:35, 20 Sentyabr 2023
written by Gozetci

Sentyabrın 19-da ictimai fəallar Cavid Əhmədov və Əmrah Təhməzovun Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) çağırıldığı bildirilir. Bu barədə fəallar özləri məlumat yayıblar.

Hər iki fəal müharibə əleyhinə paylaşımlarına görə DTX-yə dəvət olunduqlarını deyirlər.

Cavid Əhmədov Dövlət Təhlükəsizlik Xidmətinə çağırıldıqdan sonra, eyni gün ora gedib və bir neçə saatdan sonra sərbəst buraxılıb. Əhmədov bildirib ki, DTX-ya rəsmi bildiriş olmadan çağırılıb:

“Rəsmi bildirişi soruşanda dedilər ki, “lazım olsa göndərərik”. Söhbət həddindən artıq uzun oldu, əsasən indiki vəziyyətdə müharibə əleyhinə yazmağımla bağlı danışırdılar, arqumentlər qururdular. 4 saatdan sonra sərbəst buraxıldım”.

Əhmədovun sözlərinə görə DTX-da müharibə əleyhinə yazanları təxribat törətməkdə ittiham ediblər.

“Məlum oldu ki, bura çağırılan təkcə mən deyiləm. Bir neçə AXCP üzvünü gördüm, vətəndaş cəmiyyətindən olmayan adamlar da var idi. Bizim hazırda baş verənlərə alternativ fikir bildirməyimiz onlar üçün qəbuledilməzdir. Sanki hər kəs susmalıdır, heç kim danışmamalıdır. Hamı dəmir yumruğun altında birləşməlidir. Alternativ fikir deyən insanlar isə necəsə cəzalandırılmalıdır”, deyə o, bildirib.

Fəal deyir ki, ona psixoloji təzyiq göstərməyə çalışıblar:

“Fiziki zorakılıq olmadı, amma Cinayət Məcəlləsinin maddələrini açıb oxutdururdular. Bu formada təzyiq edilirdi. Mənə deyirdilər ki, sən çox rahatsan, bir növ bu şey onlarda qıcıq yaradırdı. Dedim ki, heç bir cinayət törətməmişəm və mən başıaşağı deyiləm ki, bura gəlim qorxum”.

Dövlət Təhlükəsizlik Xidmətinə çağırılan digər fəal Əmrah Təhməzov 2020-ci ildə də müharibə vaxtı DTX-yə çağırıldlğını bildirir: “Dövlət Təhlükəsizlik Xidmətindən zəng ediblər, məni yenə çağırırlar”.

Təhməzov 2023-cü ilin mayında İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə 30 sutka inzibati həbs cəzası alıb. Fəal ittihamın saxta olduğunu, sosial şəbəkədəki paylaşımlarına görə cəzalandırıldığını bildirib.

Məsələ ilə bağlı DTX-dən münasibət öyrənmək mümkün olmayıb.

Amerikanın Səsi 

09:35, 20 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Taleh Xasməmmədov 3 ay müddətinə həbs olunub

by Gozetci 18:29, 19 Sentyabr 2023
written by Gozetci

Taleh Xasməmmədov

Bu gün Göyçay Rayon Məhkəməsi yerli fəal Taleh Xasməmmədov barəsində 3 ay həbs qətimkan tədbiri seçib. Ona qarşı CM-in 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalardan istifadə ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, bu barədə Turan-a fəalın anası Gülbuta Xasməmmədova bildirib.

O, hesab edir ki, oğlu uydurma ittihamla həbs olunub.

“Məhkəmə binasında oğlumun işi üzrə qərarı gözləyərkən mülki geyimli bir əməkdaş mənə dedi ki, “nə fikirləşirdin, oğlunun polisi tənqid etməsi cəzasız qalacaq?”. Bu, onun yalan ittihamla həbs edildiyini təsdiq edir. Əslində oğlum vətəndaşların hüquqlarını müdafiə edirdi”, deyə G.Xasməmmədova bildirib.

Onun sözlərinə görə, fəal sentyabrın 17-də iki şəxsin “böhtan xarakterli şikayəti” əsasında saxlanılıb.

Xatırladaq ki, Taleh Xasməmmədov əvvəllər iki dəfə – xuliqanlığa və adam döyməyə görə həbs olunub. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Hər iki həbsdən sonra o, vaxtından əvvəl azad edilib (əfv olunub).

2018-c ildə ona qarşı üçüncü dəfə rüşvət tələb etmə ittihamı ilə cinayət işi açılıb, lakin sonradan o, azad edilib.

Turan 

18:29, 19 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

ADR Partiyasının fəalı Ənvər Ağamalızadə saxlanılıb

by Gozetci 16:50, 19 Sentyabr 2023
written by Gozetci

Ənvər Ağamalızadə

Polislər Ənvər Ağamalızadəni yaşadığı evin həyətində saxlayıblar

Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) üzvü Ənvər Ağamalızadənin saxlandığı bildirilir.

Yaxınlarının verdiyi məlumata görə, Ənvər Ağamalızadə sentyabrın 19-da səhər saatlarında evdən mağazaya getmək adıyla çıxıb. Elə yaşadığı binanın həyətində də saxlanılıb.

“Onu maşına mindirib aparıblar. Hara apardıqları məlum deyil. Onu aparanda saat təxminən 9 olardı. O vaxtdan onunla əlaqə saxlamaq mümkün deyil”, – partiyadan belə deyilib.

Ənvər Ağamalızadənin hara aparıldığı və hazırda harada saxlandığı barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən də məlumat almaq mümkün olmayıb.

40 ildən çox riyaziyyat müəllimi işləmiş Ənvər Ağamalızadə bundan əvvəl də bir neçə dəfə qısamüddətli saxlanılıb. Hətta avqust ayında da onu polislərin gəlib yaşadığı mənzildən aparması haqda məlumat yayılmışdı.

Sonradan Ənvər Ağamalızadə açıqlamasında saxlanılarkən ona qarşı zorakılıq olduğunu da bildirmişdi. Lakin Daxili İşlər Nazirliyinin mətbuat xidməti bu barədə məlumatları təkzib etmişdi.

Ənvər Ağamalızadə Milli Şuranın 19 oktyabr 2019-cu ildə keçirdiyi mitinqdə gündəmə gəlmişdi. Həmin mitinqdə o, polislərin vətəndaşlara qarşı zorakılığına etiraz edirdi.

Meydan TV 

16:50, 19 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Adekvat yaşayış standartıHüquq PozuntularıLənkəran–AstaraSliderXƏBƏRLƏRYerli İcmalar

Göytəpə məktəbliləri bu il də qəzalı binada dərs keçirlər

by Gozetci 14:43, 19 Sentyabr 2023
written by Gozetci

“Heç bir məmur öz övladının elə məktəbdə oxumasına razı olmaz”

Cəlilabadın ən böyük kəndlərindən biri olan Göytəpədə 2 məktəb var. Ancaq bu məktəb binalarının köhnə, qəzalı vəziyyətdə olması yerli sakinləri ən çox narahat edən məsələlərdəndir. İllərdir hər dərs ili başa çatanda yeni ilə ümidlə hazırlaşırlar. Təəssüflənirlər ki, bu tədris ilində də ümidləri cücərməyib.

“Göytəpə kənd məktəbinin binası qəzalı vəziyyətdədir, hətta sinif otaqlarında çatlar o qədər dərindir ki, bir sinifdən digər sinfi görmək mümkündür. Pəncərələr qırılıb, binanın damı hər an uça bilər”, – valideynlər deyir.

Kənd sakini Rizvan Məmmədovun sözlərinə görə, məktəblərin qəzalı vəziyyətdə olması ilə bağlı illərdir hər tədris mövsümündə məsələ qaldırırlar. Lakin onlara səbirli olmaq tövsiyə edilir:

“Məktəbin vəziyyətini sözlə ifadə etmək çətindir. Heç bir məmur öz övladının elə məktəbdə oxumasına razı olmaz. Qışda odun sobası yandırılır, amma bina köhnə olduğundan isinmir”.

Şikayətçilərin sözlərinə görə, hələ soyuqlar düşməyib, indidən təlaş içərisindədirlər. Hava bir az soyuyan kimi uşaqları məktəbə göndərmək istəmirlər. Çünki bir gün dərsə gedib, əvəzində bir həftə xəstə yatırlar.

Sakinlər deyirlər ki, məktəblərin təmiri işə yaramayacaq. Çünki bina olduqca köhnədir. Yeni məktəb binasının tikintisinə ehtiyac yaranıb:

“Uşaqlar həvəslə dərsə hazırlaşırlar, valideyn isə məktəbdə onların başına bəla gələcəyindən narahatdır. Halbuki Azərbaycan xarici ölkələrdə məktəb tikir”.

Göytəpə bələdiyyəsinin sədri İlqar Həsənov Meydan TV-yə bildirib ki, kəndin 15 min 500-dən çox sakini var.

“1 nömrəli məktəb uzun illər əvvəl tikilib. İkinci Dünya müharibəsində hospital kimi istifadə edilib. Təxminən 1980-ci illərdə məktəb üçün yeni korpus tikilib. Həmin məktəbə 1800 şagird gedir. Məktəbin binası digər məktəbə nisbətən təmirlidir”,- bələdiyyə sədri deyib.

İlqar Həsənov bildirib ki, məktəblərin vəziyyətindən aidiyyatı qurumlar xəbərdardılar:

“Kənddə qaz var, amma istilik sistemi çəkilmədiyindən məktəblərdə odun peçi yandırılır. Məktəbi odunla Təhsil İdarəsi təmin edir”.

Təhsil Nazirliyi məktəblərin nə zaman təmir olunacağı ilə bağlı sorğunu cavablandırmayıb.

Meydan TV 

14:43, 19 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir

  • Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib

  • Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir
20:17, 25 Mart 2026
Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib
22:20, 23 Mart 2026
Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir
16:26, 19 Mart 2026
Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia