Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Bəxtiyar Hacıyevin həbs müddəti daha 3 ay artırıldı

by Gozetci 10:56, 03 Oktyabr 2023
written by Gozetci

Bəxtiyar Hacıyev

Vəkillər bunu qanun pozuntusu hesab edirlər

Oktyabrın 2-də Xətai Rayon Məhkəməsində ictimai fəal Bəxtiyar Hacıyev haqqında həbs qətimkan tədbirinin müddətinin daha 3 ay artırılması barədə Baş prokuror Kamran Əliyevin təqdimatına baxılıb.

Məhkəmədə Bəxtiyar Hacıyevin işi üzrə istintaqı aparan müstəntiq təqdimatı əsaslandırarkən deyib ki, onun həbsdə saxlanma müddətinin artırılmasına ehtiyac var. Çünki istintaq davam edir, hələ bir sıra zəruri istintaq hərəkətləri aparılmalıdır və s.

Vəkillər Rövşanə Rəhimli, Cavad Cavadov, Aqil Layıc və Elçin Sadıqov isə təqdimata etiraz ediblər. Deyiblər ki, bu təqdimat təmin oluna bilməz. Onun təmin olunması qanun pozuntusu olacaq. Çünki qanunvericiliyə görə, Bəxtiyar Hacıyev haqqında istintaq müddəti 12 aydan çox ola bilməzdi. Yalnız, xüsusilə ağır cinayətlərin istintaqı bir ildən çox ola bilər. 3 aylıq müddət təmin olunsa, 12 aylıq müddət keçəcək və qanun pozulmuş olacaq.

Bəxtiyar Hacıyev haqqında cinayət işi 2022-ci il oktyabrın 17-də başlanıb. Əvvəl cinayət işi fakt üzrə – onunla bloger Ülviyyə Alovlu (Muradova) arasında mübahisəyə görə başlayıb. Daha sonra dekabrın 9-da Bəxtiyar Hacıyevə qarşı ittiham irəli sürülüb və o, həbs olunub.
Bəxtiyar Hacıyev özü də aylardır hüquqlarının pozulduğunu, saxta ittihamlarla həbsdə saxlandığını deyib.

Məhkəmənin gedişində hakim Fuad Axundov xəstə olduğunu deyib, dərman içmək üçün fasilə elan edib. Fasilə isə təxminən bir saatdan çox çəkib. Geri qayıdandan sonra isə Baş prokurorun təqdimatını təmin edib və Bəxtiyar Hacıyev haqqında həbs qətimkan tədbirinin müddəti daha 3 ay artırılıb.

Onun vəkili Rövşanə Rəhimli Xətai Rayon Məhkəməsinin bu qərarından apellyasiya şikayəti verəcəyini bildirib.

Rövşanə Rəhimli. Foto: Meydan TV

Xatırlatma

Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında həbs olunanda Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunurdu. Onunla Ülviyyə Alovlu arasında Yasamal Rayon Məhkəməsində gedən mübahisədə məhkəmə zalında insident baş verdiyi iddia olunur.

İyunun 16-da ona qarşı yeni ittihamlar irəli sürülüb. Bu ittihamlar əsasən maliyyə məsələlərilə – ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır. Ona həmçinin Cinayət Məcəlləsinin (CM) 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206 (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham verilib.

Bir müddətdir ki, Bəxtiyar Hacıyevin 2020-ci ildə İkinci Qarabağ Müharibəsi dövründə orduya yardım kampaniyası çərçivəsində topladığı yardımlarla bağlı da Bakı şəhər Baş Polis İdarəsində araşdırma gedir.

Meydan TV

10:56, 03 Oktyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıQazax–Tovuz

Tənqidi statusuna görə iki ADR üzvü saxlanılıb

by Gozetci 10:11, 01 Oktyabr 2023
written by Gozetci

Hər iki şəxs inzibati həbs cəzası alıb

Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) Qazax rayon təşkilatının üzvü Vüsal Zeynalovun həbs olunduğu bildirilir. Bu barədə partiya sədrinin təşkilati məsələlər üzrə müavini Ədalət Yusibov məlumat verib.

Onun sözlərinə görə, Vüsal Zeynalov sosial media hesabında Qazaxda həkim çatışmazlığından bəhs edən status paylaşıb, Prezident İlham Əliyevi tənqid edib. Bundan sonra o, Qazax Rayon Polis Şöbəsinə çağırılıb, orada onun barəsində protokol tərtib olunub, ardınca məhkəməyə aparılıb. Qazax Rayon Məhkəməsində isə onun haqqında 20 günlük inzibati həbs qərarı çıxarılıb.

ADR-in sədr müavini deyir ki, Vüsal Zeynalovun həbsinin əsl səbəbi onun hansısa inzibati xətaya yol verməsi yox, bu paylaşımı olub.

“Prezident İlham Əliyev, Qazax rayonunda həkim yoxdur, qırılıb hamısı.

Biz bu ölkədə dərdimizi kimə deyək?  Əgər vətəndaş olaraq, dərdimizi deməyə yer yoxdursa,  mən və ailəm  bu ölkədən imtina edəkmi? Dərdimizi kimə deyək?

İlham Əliyev, rayonlarda vətəndaşa xidmət edəcək heç kim yoxdur. Açıq-aşkar de ki, “kasıb təbəqə, qırılın, ya da rədd olun bu ölkədən”.  Mən neçə gündür həkim tapıb uşağımı göstərə bilmirəm”.

Sentyabrın 16-da ADR-in Xəzər Rayon Təşkilatını sədri Allahverdi Babayev də həbs olunub. Xəzər Rayon Məhkəməsində ona polisə müqavimət ittihamıyla 30 sutka inzibati həbs cəzası kəsilib.

Allahverdi Babayev haqqında tərtib olunmuş protokolda iddia olunur ki, Xəzər rayonu, 1-ci polis bölməsinin sahə inspektoru Pərviz Aslanov onu evindəki tikinti işiylə əlaqədar bölməyə çağırıb. Lakin o, tabesizlik göstərib, səs-küy salıb, söyüş söyüb, “mən Allahdan başqa heç kimsən qorxmuram” deyib və s.

48 yaşlı Allahverdi Babayev özü də məhkəmədə bildirib ki, onun haqqında protokolda yazılanlar başdan-ayağa yalandır.

Partiyadan bildirilib ki, Allahverdi Babayev saxlanmamışdan bir gün öncə – sentyabrın 15-də verdiyi müsahibəyə görə cəzalandırılıb. Söhbət ADR sədri Qubad İbadoğlunun işinə Bakı Apelyasiya  Məhkəməsində baxılarkən məhkəmənin binası önündə verilən müsahibədən gedir. O, internet televiziyalarından birində açıqlamasında İlham Əliyev və onun rəhbərlik etdiyi hakimiyyətə qarşı etiraza səsləyib.

Daxili İşlər Nazirliyindən həbslərlə bağlı münasibət öyrənmək mümkün olmayıb.

Meydan TV 

10:11, 01 Oktyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq Pozuntularıİşgəncə və pis rəftarSliderXƏBƏRLƏR

İctimai fəal: ‘Elə vurmuşdu, Kürdəxanı türməsində iki gün burnumdan qan gəldi…’

by Gozetci 17:27, 30 Sentyabr 2023
written by Gozetci

Afiyəddin Məmmədov

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan sədri Afiyəddin Məmmədov deyir ki, onu kimisə bıçaqlamaqda ittiham eləsələr də, bu yalandı. Əslində, həmin şəxsin özü ona xəsarət yetirib.

“Mən bu cinayəti törətməmişəm. Əksinə, o adam mənə elə zərbə vurmuşdu ki, həbs eləyib Kürdəxanı türməsinə (Bakı İstintaq Təcridxanasına-red.) aparandan sonra iki gün orada burnumdan qan gəldi. Məni ekspertizaya göndərdilər”, – ictimai fəal sentyabrın 29-da məhkəmədə belə deyib.

“Həbsimin səbəbi də budur”

Bakı Apellyasiya Məhkəməsində Məmmədov haqqında həbs qərarından verilmiş şikayətə baxılıb. O vurğulayıb ki, həbs olunmasının əsl səbəbi başqadır:

“Mən İşçi Masası Həmkarlar İttifaqının təsisçisi olmuşam. Mənim işim də işçilərin hüquqlarının müdafiəsi olub. Həbsimin səbəbi də budur. Məhz buna görə əvvəl 3 dəfə şərlənib inzibati qaydada həbs olunmuşdum. Bu dəfə cinayət işi başladılar”.

Məmmədovun vəkili Zibeydə Sadıqova da onun təqsirsiz olduğunu vurğulayıb. O deyir ki, Afiyəddini həbsdə saxlamadan da istintaq aparmaq olar. Müvəkkilinin istintaqdan yayınmaq, qaçıb gizlənmək niyyəti yoxdur.

Ancaq istintaqı aparan müstəntiq deyilənlərlə razılaşmır. Məhkəmədə də Məmmədovun apellyasiya şikayətinin təmin olunmasına – həbsdən buraxılmasına etiraz edib.

Bakı Apellyasiya Məhkəməsi də şikayəti təmin etməyib. Xətai rayon Məhkəməsinin A.Məmmədovun istintaq dövründə həbsdə saxlanması haqda qərarı qüvvədə qalıb.

Vəkil Zibeydə Sadıqova AzadlıqRadiosuna bildirib ki, müvəkkilinin ev dustaqlığına buraxılması üçün məhkəməyə vəsatət verəcəklər:

“Zərərçəkmiş qismində tanınan şəxslə, yəqin ki, üzləşmə keçiriləcək. Hələ onun kim olduğunu bilmirik. Afiyəddin Məmmədov özünü təqsirli saymır. Deyir ki, həmin şəxs özü-özünə xəsarət yetirib, onu şərləyirlər”.

Xatırlatma

Afiyəddin Məmmədov sentyabrın 20-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 126.1 (qəsdən bədənə ağır xəsarət yetirmə) və 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələrilə ittiham irəli sürülüb. Bu maddələrdə 8 ilədək həbs cəzası nəzərdə tutulub.

A. Məmmədov sonuncu dəfə avqustun 1-də həbs olunmuşdu. Həmin vaxt polisə müqavimət ittihamıyla ona 30 sutka həbs cəzası verilmişdi.

O zaman da ictimai fəal özünü təqsirli bilmir, moped sürən kuryerlərin hüquqlarını müdafiə etdiyinə görə cəzalandırıldığını deyirdi.

AzadlıqRadiosu

17:27, 30 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq Pozuntularıİşgəncə və pis rəftarSliderXƏBƏRLƏR

İctimai fəal polis bölməsində işgəncələrdən danışır: “Saçımdan tutub, döşəmədə sürüyürdülər”

by Gozetci 17:26, 28 Sentyabr 2023
written by Gozetci

Ruslan Vahabov

“Müstəntiq onu hədələyib ki, “mən sənə göstərəcəm 23 saata nə olur”

Bakı Apellyasiya Məhkəməsində sentyabrın 22-də həbs olunmuş ictimai fəal Ruslan Vahabov haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilməsi haqda qərardan verilmiş şikayətə baxılıb. Hakim İbrahim İbrahimlinin sədrliyilə keçirilən məhkəmə prosesinə ictimai fəalın özünü də gətiriblər.

Bu barədə Meydan TV-yə məlumat verən yaxınları bildirib ki, Ruslan Vahabov narkotik ittihamını rədd edib. Deyib ki, onun cibindən çıxdığı iddia olunan narkotiki ora elə polislərin özləri qoymuşdu.

Ruslan Vahabov Apellyasiya məhkəməsində danışıb ki, sentyabrın 22-də saxlandıqdan sonra Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə gətirilib. Orada ona açıq şəkildə çatdırılıb ki, “Facebook”da yazdıqlarına görə həbs olunub. Qarşısına narkotik qoyulsa da, o, üzərinə götürmək istəməyib. Polis bölməsində ağır işgəncələrə, təhqirlərə məruz qaldığını deyən ictimai fəal bildirib ki, onu 23-cü Polis Bölməsində saçından tutub, döşəmədə sürüyüblər.

O, 6 qram narkotiki 100 manata alması barədə ifadəni imzalamasını da həmin işgəncələrlə izah edib.

Yaxınlarının sözlərinə görə, məhkəmədə müstəntiq Ruslan Vahabovu hədələyib:

“Ruslan Vahabov deyib ki, həbsinin səbəbi “Facebook”da yazdığı statuslarıdır. O, həbs olunmamışdan bir gün əvvəl belə bir status yazıb: “Sual: nə qazandıq 23 saat 43 dəqiqəyə? Xankəndidə “Bravo” tezliklə tikiləcək, yoxsa yox?” Müstəntiq də hakimlərin gözünün qarşısında onu hədələyib ki, mən sənə göstərəcəm 23 saata nə olur? Məhkəmə zallarında kameralar olur, bunu araşdırmaq da olar. Daha elədiklərini eləyiblər. Bundan artıq neyləmək istəyirlər? İki körpəsi var, kirayədə yaşayır”.

Apellyasiya məhkəməsi onun şikayətini təmin etməyib və Ruslan Vahabov haqqında Nizami Rayon Məhkəməsinin verdiyi həbs qərarı qüvvədə saxlanılıb.

Ruslan Vahabovun yaxınları bildirir ki, sentyabrın 22-də səhər o, işə getmək adıyla evdən çıxıb və az sonra onunla əlaqə kəsilib. Bir gün sonra Daxili İşlər Nazirliyinin “102” xidmətindən ailəyə bildirilib ki, ictimai fəal narkotik ittihamıyla saxlanılıb.

Daxili İşlər Nazirliyindən isə işgəncə iddialarının həqiqətə uyğun olmadığı bildirilib.

Son bir həftədə Azərbaycanda çoxsaylı ictimai-siyasi fəal həbs olunub. Onların əksəriyyəti hökumətin Qarabağda apardığı hərbi əməliyyatları sosial şəbəkələrdə tənqid edən fikirlər yazıblar. Bəziləri ümumiyyətlə, müharibə əleyhdarı olub

Həbs olunanlardan 4 nəfərə (Emin İbrahimov, Nurlan Qəhrəmanlı, Əmrah Təhməzov, Nemət Abbasov) qadağan olunmuş informasiya yayma, polisə müqavimət ittihamlarıyla 30 günlük inzibati həbs cəzası verilib. Digərləri haqqında müxtəlif ittihamlarla cinayət işi başlanıb və həbs qətimkan tədbiri seçilib.

Meydan TV

17:26, 28 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Avropa Məhkəməsi Azərbaycanla bağlı 6 qərarını elan edəcək

by Gozetci 15:09, 28 Sentyabr 2023
written by Gozetci

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) oktyabr ayının 5-də Azərbaycanla bağlı dan göndərilmiş 10-dan artıq ərizə üzrə la bağlı 6 qərarını elan edəcək.

Rəşad Həsənov və başqaları Azərbaycana qarşı

Bu ərizələr vətəndaş cəmiyyəti fəalları və NİDA vətəndaş hərəkatının üzvləri olan ərizəçilərin qanunsuz silah saxlama və kütləvi iğtişaşlar törətməkdə ittiham edilib, cinayət məsuliyyətinə cəlb olunmaları ilə bağlıdır. Ərizəçilər əsasən onlara qarşı cinayət işinin uydurma olduğunu və onların mühakimə olunmasının ifadə və dinc toplaşmaq azadlığı hüquqlarına qanunsuz müdaxilə təşkil etdiyini iddia edirlər.

Ərizəçilərə görə, barələrindəki milli icraatlar onların Konvemsiyanın 6-cı, 10-cu və 11-ci maddələri ilə təminat altına alınan ədalətli məhkəmə araşdırması, ifadə azadlığı və toplaşmaq azadlığı hüquqlarını pozub.

Cəlal Hüseynov və başqaları Azərbaycana qarşı

Bu iş müxtəlif ittihamlarla mühakimə olunan ərizəçilərin Bakı Ağır Cinayətlər Məhkəməsi, Gəncə Apellyasiya Məhkəməsi və Xəzər Rayon Məhkəməsindəki icraatlar zamanı metal qəfəsdə saxlanılmasının qanunsuzluğu iddiaları ilə bağlıdır. Ərizəçilər AİHM qarşısında Konvensiyanın 3-cü maddəsinin pozuntusuna – qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qaldığını iddia edirlər.

Ağahüseyn Gözəlov Azərbaycana qarşı

Bu ərizə 1 noyabr 2015-ci il tarixdə keçirilmiş parlament seçkiləri ilə bağlıdır. Seçkidə namizəd kimi iştirak edən ərizəçi, birmandatlı seçki dairələrində baş verdiyi iddia olunan müxtəlif seçki pozuntuları ilə bağlı şikayətlərinə səmərəli baxılmamasından şikayət edib.

Qazaryan və Bayramyan Azərbaycana qarşı

Ərizəçilər Ermənistanın Azərbaycanla sərhədindən bir neçə kilometr aralıda yerləşən Berdavan kəndində yaşayan Ermənistan vətəndaşları Armen Qazaryan və Astqik Bayramyandır. Məhkəmə işi ərizəçilərin 39 yaşlı oğlunun 2018-ci ilin iyulunda Azərbaycan hərbçiləri tərəfindən saxlanılması ilə bağlıdır. Onların övladları Azərbaycan məhkəmələri tərəfindən təxribat və terrorda təqsirli bilinərək 20 il müddətinə azadlıqdan məhrum olunub. Ardınca, 2020-ci ilin dekabrında əsirlərin mübadiləsi çərçivəsində Ermənistana qaytarılıb. Ərizəçilər övladlarının tutulması, həbsi və mühakiməsinin Konvemsiyanın 3-cü (qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın qadağan edilməsi) və 5-ci maddələrinin (azadlıq və təhlükəsizlik hüququ) pozuntusu ilə müşayət olunduğunu iddia edirlər.

Qarik Ohanyan və başqaları Azərbaycana qarşı

Bu işdə ərizəçilər bir vaxtlar Talış kəndində yaşamış ər və arvad, onların anası və övladlarıdır. Onların şikayətləri 2016-cı ilin aprel döyüşləri kontekstində verilib. Ərizəçilər döyüşlərin fonunda yaşadıqları evi tərk etməli olublar.

Ərizəçilər onlara münasibətdə Konvensiyanın 2-ci, 8-ci, 13-cü və 14-cü maddələrinin pozulduğunu, habelə, mülkiyyət hüquqlarına müdaxilənin baş verdiyini iddia edirlər.

Manvel Hakobyan Azərbaycana qarşı

Bu işdə ərizəçi 1936-cı il təvəllüdlü Ermənistan vətəndaşıdır. Onun şikayəti də 2016-cı ilin aprel döyüşləri kontekstində verilib. Ərizəçi döyüşlərin fonunda yaşadıqları evi tərk etməli olublar.

Bu işdə də Qarik Ohanyan və başqaları Azərbaycana qarşı işindəki kimi oxşar pozuntu iddiaları qaldırılıb.

AİHM oktyabrın 5-də eyni zamanda bir qrup Azərbaycan vətəndaşının Ermənistana qarşı şikayətləri üzrə 4 qərarını da elan edəcək.

Qurbanov Ermənistana qarşı

Bu işdə ərizəçi Azərbaycan vətəndaşıdır, Bakıda yaşayır. Onun Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan 22 yaşlı oğlu 29 dekabr 2016-cı il tarixdə Azərbaycan və Ermənistan sərhədində baş vermiş hərbi toqquşmalarda həlak olub. Onun meyiti Ermənistanın Tavuş rayonunda aşkar edilib. Məhkəmə işi həlak olmuş hərbçinin nəşinin verilməsinin gecikdirilməsi, yalnız 5 fevral 2017-ci il tarixdə ailəsinə təhvil verilməsi ilə bağlıdır.

Ərizəçi onlara münasibətdə Konvensiyanın 3-cü (qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın qadağan edilməsi), 8-ci (şəxsi və ailə həyatına hörmət), 13-cü (effektiv müdafiə vasitələrinə malik olmaq) və 14-cü (ayrı-seçkiliyin qadağan edilməsi) maddələrinin pozulduğunu iddia edir.

Firuzə ƏSGƏROVA və Albina VESELOVA Ermənistana qarşı

AİHM-ə 2015-ci ildə təqdim edilmiş bu işdə ərizəçilər Şəmkir rayonunun Çinarlı qəsəbəsinin sakini və Tərtər rayonunun Qarağacı kəndində yaşayan Rusiya vətəndaşıdır. Onlar erməni hərbçiləri tərəfindən tutulub məhkum edilmiş Dilqəm Əsgərov və Şahbaz Quliyevin həyat yoldaşlarıdır.

Ərizəçilər AİHM qarşısında iddia edirlər ki, D.Əsgərov və Ş.Quliyevin saxlanılması, mühakimə və məhkum olunması ilə bağlı icraatlar onların Konvensiyanın 3-cü, 5-ci, 6-cı, 8-ci, 13-cü və 14-cü maddələri ilə təminat altına alınan işgəncənin yolverilməzliyi, azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması, şəxsi həyata hörmət, effektiv müdafiə vasitələrinə malik olmaq və ayrı-seçkiliyin yolverilməzliyi hüquqlarını pozub.

Abbas Allahverdiyev Ermənistana qarşı

Bu işdə ərizəçi Goranboy rayonunun Tapqaraqoyunlu kəndi sakinidir. Ərizəçi 2016-cı il aprel döyüşləri zamanı təmas xəttindən bir neçə kilometr aralıda yerləşən Tapqaraqoyunlu kəndindəki evi davamlı atəşə tutulduğuna görə, evini tərk edərək qonşu kəndlərdə məskunlaşmalı olub. Ərizəçinin evinə mərmi düşüb, o, üz və göz nahiyələrindən xəsarətlər alıb. Mərmilər onun evinə də ziyan vurub, habelə, 60-dan artıq heyvanını tələf edib.

Ərizəçi AİHM qarşısında yaşamaq, işgəncəyə məruz qalmamaq, şəxsi həyata hörmət, mülkiyyət və effeltiv müdafiə vasitələrinə malik olmaq hüquqularının pozulduğunu iddia edir.

İslam Əliyev Ermənistana qarşı

Ərizəçi 1937-ci ildə doğulub, Tərtər rayonunun Qapanlı rayonunda yaşayır.

Bu işin halları Abbas Allahverdiyev Ermənistana qarşı işinin halları ilə oxşardır. 2016-cı il aprel döyüşləri zamanı ziyana məruz qalan ərizəçi AİHM qarşısında oxşar pozuntu iddiaları irəli sürüb.

Aihmaz.org

15:09, 28 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

İlahiyyatçıya 17 il həbs cəzası verildi

by Gozetci 14:18, 28 Sentyabr 2023
written by Gozetci

Sərdar Babayev

Sərdar Babayev dövlətə xəyanət ittihamını qəbul etmir

Dövlətə xəyanət ittihamıyla həbsdə olan ilahiyyatçı Sərdar Babayevin təxminən 6 aydır davam edən məhkəməsi yekunlaşıb. Sentyabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

Əhməd Quliyevin sədrlik etdiyi hakimlər kollegiyasının çıxardığı hökmə əsasən, Sərdar Babayev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirli bilinib və 17 il azadlıqdan məhrum edilib.

Sərdar Babayev İranın xüsusi xidmət orqanıyla əməkdaşlıqda, onlardan pul alıb göstərişlərini yerinə yetirməkdə ittiham olunur.

Lakin Sərdar Babayev bu ittihamı qəbul etmir. O bildirib ki, dövlətə xəyanət ittihamı əsassızdır. Sifarişlə həbs olunduğunu vurğulayan ilahiyyatçının sözlərinə görə, İranla Azərbaycan arasında siyasi münasibətlərin gərginləşməsi fonunda onu da qurban seçərək cəzalandırırlar.

Sərdar Babayevin işi üzrə məhkəmə araşdırmaları 2023-cü ilin martında başlayıb. Əvvəlcə məhkəmənin açıq keçirilməsinə qərar verilsə də, sonra qapalı elan olunub.

Açıq keçirilən hissədə vəkili Cavad Cavadov onun haqqında cinayət işinin əsassız olduğunu, ittihamları təsdiqləyən heç bir mötəbər sübut olmadığını vurğulayıb, bu işə xitam verilməsi barədə vəsatət qaldırmışdı. Lakin məhkəmə vəsatəti təmin etməmişdi.

Qeyd edək ki, Sərdar Babayev bundan əvvəl 2017-ci ilin fevralında da həbs olunmuş, Cinayət Məcəlləsinin 168-1.3.1 (dini ayinlər adı altında insanların hüquqlarına qəsd etmək) maddəsilə 3 il azadlıqdan məhrum edilmişdi.

O zaman iddia olunurdu ki, Sərdar Babayev ölkədən xaricdə dini təhsil alıb. Azərbaycanın mövcud qanunları isə onun dini mərasim idarə etməsinə imkan vermir.

Müdafiə tərəfi isə bildirirdi ki, Sərdar Babayev qanunvericiliyə həmin məhdudlaşdırıcı maddə əlavə edilməzdən öncə xaricdə dini təhsil alıb.

Üstəlik, Qafqaz Müsəlmanları İdarəsində vəzifə tutan bir çox şəxs də xaricdə dini təhsil alıb. Bundan başqa, həmin məhdudlaşdırıcı maddə 2017-ci ilin mayında yumşaldılıb. Artıq xaricidə dini təhsil alanlar da Qafqaz Müsəlmanlar İdarəsinin razılığından sonra ölkədə dini mərasimlər apara bilərlər.

Dövlətə xəyanət ittihamına gəlincə, Sərdar Babayev 2021-ci il oktyabrın 19-dan bu ittihamla həbsdədir.

Meydan TV 

14:18, 28 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Müdafiə Nazirliyi son əməliyyatlardakı itkilərin siyahısını açıqladı

by Gozetci 12:40, 27 Sentyabr 2023
written by Gozetci

Foto: Müdafiə Nazirliyi

192 hərbi qulluqçunun həlak olduğu, 511 nəfərin yaralandığı bildirilir

Sentyabrın 27-də Azərbaycan Müdafiə Nazirliyi 19-20 sentyabr tarixlərində keçirilən hərbi əməliyyatlarda həyatını itirən hərbçilərin siyahısını yayıb.

Nazirliyin siyahısında döyüşlərdə həlak olan 192 hərbçinin adı qeyd edilib.

Bildirilir ki, 180 nəfər Müdafiə Nazirliyinin, 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. Bir nəfər isə mülki şəxsdir.

Ümumilikdə, 193 nəfərin həlak olduğu bildirilir.

Bu gün Səhiyyə Nazirliyi əməliyyat zamanı 511 hərbi qulluqçunun və 1 mülki şəxsin yaralandığını bildirib.

Səhiyyə Nazirliyi həmçinin onu da əlavə edib ki, şəhid olan 11 nəfərin şəxsiyyəti Məhkəmə Tibbi Ekspertiza tərəfindən məhkəmə genetik müayinələr aparıldıqdan sonra müəyyənləşdiriləcək.

Meydan TV-nin yaydığı siyahıda həlak olanların sayı isə 200 nəfər idi.

Meydan TV 

12:40, 27 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq PozuntularıSliderTibbi yardım hüququXƏBƏRLƏR

Qardaşı Qubad İbadoğluna qarşı tibbi terror edildiyini deyir

by Gozetci 17:38, 26 Sentyabr 2023
written by Gozetci

Qubad İbadoğlu. Foto: Meydan TV

“Qan analizləri kamerada götürülür, daha doğrusu, saxlanılan şəxs qolunu qapıdakı nəfəslikdən bayıra uzadır, qan alırlar”

Həbsdə olan azərbaycanlı iqtisadçı Qubad İbadoğlunun səhhətində problem yaranıb. Onun günlərdir baş ağrısı və halsızlıqdan əziyyət çəkdiyi bildirilir.

Qardaşı Qalib Bayramov bildirir ki, onun durumu ötən həftənin şənbə və bazar günündən pisləşib. Baş ağrısının və halsızlığının səbəbinə gəlincə, Qalib Bayramov qardaşının müayinədən keçirilmədiyi üçün bunun bilinmədiyini deyir:

“Ondan analiz götürülmür. Özü ona verdiyimiz aparat vasitəsilə qanda şəkərini ölçüb, çox yüksək çıxıb”.

Qalib Bayramov düşünür ki, Azərbaycanın müvafiq hakimiyyət orqanları, o cümlədən Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi Qubad İbadoğluna qarşı tibbi terror həyata keçirir.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) sentyabrın 20-də Qubad İbadoğlunun 41-ci qayda üzrə prioritet (öncəlik) hüququnu tanıyıb.

Qərara əsasən, Azərbaycan hökuməti Qubad İbadoğlunun konkret istiqamətlər üzrə xüsusi klinikada müayinə və müalicələrinin aparılmasını həyata keçirməli və bu barədə məhkəməni mütəmadi məlumatlandırmalıdır.

Qalib Bayramov deyir ki, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi və Bakı İstintaq Təcridxanası AİHM-in qətnaməsini saymır və bu saymamazlığın Azərbaycan üçün hansı hüquqi nəticələr doğuracağı veclərinə deyil:

Qalib Bayramov. Foto: “abzas.net”

“Bakı İstintaq Təcridxanasında göstərilən tibbi xidmətin səviyyəsi bərbaddır. Məsələn, USM müayinəsindən sonra bədəndəki geli silmək üçün kağız dəsmal yerinə, A4 vərəqindən istifadə olunur, qan analizi götürən zaman gigiyenik normalara əməl edilmir. Analiz götürən şəxs əlinə əlcək taxmır, spirt və bu kimi digər dezinfeksiya məhlullarından istifadə etmir. Qan analizləri kamerada götürülür, daha doğrusu, saxlanılan şəxs qolunu qapıdakı nəfəslikdən bayıra uzadır, qan alırlar”.

Qalib Bayramov əlavə edir ki, analizlərin acqarına götürülməsindən söhbət gedə bilməz. Kefləri nə zaman istəyir, o zaman edirlər:

“Bir də ki, bunun heç mənası da yoxdur, çünki nəticələr saxtalaşdırılır. Bugünədək qardaşımın hərarəti ölçülməsə də, Avropa Məhkəməsinə göndərilən sənədlərdə bu tibbi prosedurun mütəmadi aparıldığı yazılıb”.

Meydan TV Penitensiar Xidmətə Qubad İbadoğlunun problemi ilə bağlı sorğu göndərib. Cavabda bildirilib ki, bu iş Baş Tibb İdarəsinin səlahiyyətindədir.

Baş Tibb İdarəsindən isə bu barədə məlumat almaq mümkün olmayıb.

2023-cü ilin dövlət büdcəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə penitensiar fəaliyyət və tabeliyindəki müəssisələrin saxlanılması üçün 144 milyon manat, tibbi xidmətlərin göstərilməsi üçün isə 13 milyon manata yaxın (ümumilikdə 157 milyon manat) vəsait ayrılıb.

Qalib Bayramov hesab edir ki, göstərilən xidmət ayrılan vəsaitə adekvat deyil.

Ən son açıqlanan, Avropa Şurasının “Prison Populations 2022” hesabatında qeyd edilir ki, Azərbaycanda məhbusların illik xərci 64,8 milyon avro təşkil edib. Həmin məbləğdən hər məhbusa günlük 7,97 avro (14 manat 36 qəpik) xərclənir.

Bu göstərici Ukrayna istisna olmaqla, Avropa Şurası məkanında ən aşağı göstəricidir.

Məsələn, Norveçdə hər məhbusa günlük 378, Lüksemburqda 327, İsveç 322 avro xərc nəzərdə tutulub. Ermənistanda bu rəqəm 32 avrodur (57 manat 65 qəpik).

Xatırladaq ki, Qubad İbadoğlu Bakı İstintaq Təcridxanasında saxlanılır. O, iyulun 23-də saxlanıb. Azərbaycan hökuməti onu saxta pul və ya qiymətli kağız hazırlamada təqsirli bilib. Özü və vəkilləri isə ittihamı siyasi sayıb.

Meydan TV 

17:38, 26 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Söyüdlüdə quyu suyunun tərkibində sianid aşkarlanıb

by Gozetci 17:10, 26 Sentyabr 2023
written by Gozetci

İki aydır Söyüdlüdə monitorinq aparan Britaniya şirkəti nəticələrlə bağlı hesabatı hökumətə təqdim edib

Gədəbəyin Söyüdlü kəndində yerləşən qızıl zavodunun ərazisindəki 3 quyu suyunda sianid aşkarlanıb. Məlumatı bu gün Nazirlər Kabinetinin iclasında ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev verib.

Böyük Britaniyanın “Micon” International Co Limited şirkəti 2 ay müddətində Söyüdlüdə keçirdiyi monitorinqlərin nəticələrinə dair hesabat hazırlayıb.

İclasda müzakirə olunan hesabatda bildirilib ki, şirkət Gədəbəy və Mis çaylarından su, torpaq nümunələri götürüb, atmosfer havasında zərərli qazların, eləcə də toz hissəciklərinin konsentrasiyası, radiasiya fonu və səs-küyün səviyyəsini ölçüb.

“Monitorinq zamanı zavod ərazisindəki üç müşahidə quyusunun suyunda kiçik miqdarlarda sianidin olduğu qeydə alınıb.

Qeyd olunan göstəricilər yol verilə bilən qatılıq həddindən dəfələrlə aşağı olsa da, bu fakt ətraf mühitə potensial risk kimi nəzərə alına bilər”,- Nazirlər Kabinetinin yaydığı məlumatda bildirilib.

Nümunələrin təhlillərinə əsasən, su obyektlərində bir sıra göstəricilərin normadan artıq olduğu aşkarlanıb, lakin bunun ətraf mühit və insan sağlamlığı üçün təhlükə mənbəyi olmaması müəyyənləşdirilib.

Bildirilib ki, torpaq nümunələrində bir sıra göstəricilərin miqdarı yol verilə bilən qatılıq həddindən çox olub. “Micon” şirkəti bunu regionun filizləşmə xüsusiyyətləri və tarixi mədənçiliyin mövcudluğu ilə izah edib.

“Micon” şirkəti ərazidə çalışan “Azərbaycan Beynəlxalq Mədən Şirkəti”nin (AIMC) 2016-cı ildə hazırlanmış sianidin idarəedilməsi planı ilə işlədiyini və bunun yenilənməsinə ehtiyac olduğunu bildirib.

İclasda “Azərbaycan Beynəlxalq Mədən Şirkəti” qarşısında insan sağlamlığına, texnogen təhlükəsizliyə, istehsalatın modernləşdirilməsinə aid bir sıra tələblərin qoyulduğu və tövsiyələrin verildiyi qeyd olunub.

İyunun 20-də Gədəbəyin Söyüdlü kənd sakinləri ekoloji problemlərə etiraz ediblər. Onlar bildiriblər ki, ərazidə fəaliyyət göstərən “Azərbaycan Beynəlxalq Mədən Şirkəti” kənddə zərərli, kimyəvi tullantıların atılacağı ikinci göl yaratmağa çalışır. Buna etiraz edən sakinlər polis zorakılğına məruz qalıblar. Onlara qarşı gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə olunub.

Rəsmi şəxslər aksiyadan sonra 5 nəfərin inzibati həbs cəzası aldığını bildirsə də, Bakıda Söyüdlü sakinlərinə dəstək üçün təşkil olunan İşçi Qrupu 11 nəfərin həbs olunduğunu açıqlayıb. Onlardan 8-i inzibati qaydada həbs olunub, 3 nəfərə narkotik ittihamı ilə cinayət işi açılıb. İnzibati həbs olunanların qərarlarında qeyd olunub ki, onlar  İnzibati Xətalar Məcəlləsinin 513-cü maddəsilə (toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) ittiham olunublar.

DİN ilk aksiyada zorakılıq göstərən polis əməkdaşları ilə bağlı xidməti yoxlama aparıldığını bildirsə də, sonradan cəzalandırılan polisin olmadığını açıqlayıb.

11 iyulda ölkə başçısı İlham Əliyev də hökumət üzvləri ilə keçirdiyi müşavirədə Söyüdlüdə baş verən hadisələrdən danışıb. O bildirib ki, etirazlarda özünü ləyaqətli aparan təkcə polislər olub və onlar dözümlü davranıblar.

4 sentyabrda kənd sakinləri məlumat veriblər ki, qızıl şirkətinin fəaliyyəti bərpa olunub. Amma kəndin girişindəki polis postu hələ də götürülməyib.

AbzasMedia

17:10, 26 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Qubad İbadoğlunun tərəfdarları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qarşısında piket keçiriblər

by Gozetci 16:47, 26 Sentyabr 2023
written by Gozetci

Qubad İbadoğlu

Bu gün Azərbaycan Demokratiya və Rifah Partiyasının üzvləri Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qarşısında etiraz aksiyası keçiriblər.

Onlar partiya lideri Qubad İbadoğlunun həbsdə saxlanmasına və səhhətinin pisləşməsinə baxmayaraq, klinikaya köçürülməməsinə etiraz ediblər.

Polis əməkdaşları etirazçılara idarənin binası qarşısında aksiya keçirməyə icazə verməyiblər və onlar Nərimanov Rayon Məhkəməsinin binasının yaxınlığına keçiblər.  binaya köçüblər.

Siyasətçinin tərəfdarları “Qubad İbadoğluna azadlıq!” azadlıq şüarını səsləndiriblər.

Qeyd olunub ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına baxmayaraq, İbadoğlu hələ də xüsusi klinikaya köçürülməyib

“Artıq 66 gündür ki, Qubad İbadoğlu saxta ittihamlarla həbs olunub və indiyədək heç bir istintaq hərəkəti olmayıb. Bu da sübut edir ki, onun həbsi siyasi xarakter daşıyır”, – partiya İdarə Heyətinin üzvü Ədalət Yusub deyib.

O deyib ki, partiyanın ofisi möhürlənib və axtarış zamanı onun sənədləri götürülüb və bu, təşkilatın fəaliyyət imkanlarını məhdudlaşdırır.

Aksiya iştirakçıları İbadoğlunun azad edilməsini, partiya sənədlərinin qaytarılmasını, partiyanın ofisindən istifadəyə qoyulan qadağanın aradan qaldırılmasını tələb ediblər.

Aksiya insidentsiz başa çatıb.

* İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlunu saxta pul hazırlamaqda ittiham edərək 3 ay 26 gün həbs edib. Azərbaycan Daxili İşlər Nazirliyindən bildiriblər ki, İbadoğlunun 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülənin tərəfdarları ilə əlaqəsi var.

Avqustun 25-də ona qarşı “dini ekstremizmyönlü materialların hazırlanması, saxlanması və ya yayılması” barədə daha bir ittiham irəli sürülüb.

Qubad İbadoğlu ittihamları absurd hesab edərək rədd edir. Bir çox beynəlxalq təşkilat və rəsmi şəxslər rəsmi Bakını siyasətçini dərhal azad etməyə çağırıblar.

Turan 

16:47, 26 Sentyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir

  • Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib

  • Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir
20:17, 25 Mart 2026
Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib
22:20, 23 Mart 2026
Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir
16:26, 19 Mart 2026
Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia