Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

AXCP sədri Əli Kərimlinin mühafizəçisi həbs edilib

by Gozetci 12:54, 06 Oktyabr 2023
written by Gozetci

Kənan Zeynalov

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin mühafizəçisi Kənan Zeynalovun oktyabrın 5-də inzibati qaydada həbs olunduğu bildirilir.

Partiyadan AzadlıqRadiosuna deyilib ki, Kənan Zeynalovu əvvəl mülki geyimli şəxslər Suraxanı rayon 33-cü polis bölməsinə aparıblar, sonra isə o, Suraxanı rayon Məhkəməsinə göndərilib:

“Kənan bəyi İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsini pozmaqda təqsirli biliblər və ona 25 sutka həbs cəzası verilib”.

AXCP-dən hesab edirlər ki, Kənan Zeynalovun həbsi siyasi motivlidir və onun fəaliyyəti ilə bağlıdır. Amma rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri qəbul etmirlər.

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi və Suraxanı rayon Məhkəməsindən münasibət almaq mümkün olmayıb.

Qeyd edək ki, AXCP sədrinin başqa bir mühafizəçi Niyaməddin Əhmədov isə terroru maliyyələşdirmə və başqa ittihamlarla 13 il həbs alıb. Partiya ona qarşı ittihamları da siyasi sayır.

AXCP-nin hazırda beşə qədər üzvü müxtəlif ittihamlarla həbsdə saxlanılır.

AzadlıqRadiosu

12:54, 06 Oktyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

AİHM Azərbaycanla bağlı 6 qərarını elan edib

by Gozetci 10:28, 06 Oktyabr 2023
written by Gozetci

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) oktyabr ayının 5-də Azərbaycanla bağlı 12 ərizə üzrə yekun qərar və qərardadlarını elan edib.

Rəşad Həsənov və başqaları Azərbaycana qarşı

Bu ərizələr vətəndaş cəmiyyəti fəalları və NİDA vətəndaş hərəkatının üzvləri olan ərizəçilərin (Rəşad Həsənov, Üzeyir Məmmədli, Rəşadət Axundov və Zaur Qurbanlı) qanunsuz silah saxlama və kütləvi iğtişaşlar törətməkdə ittiham edilib, cinayət məsuliyyətinə cəlb olunmaları ilə bağlıdır. Ərizəçilər əsasən, onlara qarşı cinayət işinin uydurma olduğunu və onların mühakimə olunmasının ifadə və dinc toplaşmaq azadlığı hüquqlarına qanunsuz müdaxilə təşkil etdiyini iddia edirdilər.

Ərizəçilər iddia edirdilər ki, barələrindəki milli icraatlar onların Konvensiyanın 6-cı, 10-cu və 11-ci maddələri ilə təminat altına alınan ədalətli məhkəmə araşdırması, ifadə azadlığı və toplaşmaq azadlığı hüquqlarını pozub.

Bu ərizənin kommunikasiyası zamanı hökumət AİHM-ə ərizəçilərin məruz qaldıqları pozuntuların aradan qaldırıldığını bildirib. Belə ki, ərizəçilərə qarşı cinayət işinə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən bəraətverici əsaslarla xitam verilib, ərizəçilərdən ikisinə 66 min 700, digər 2 ərizəçiyə isə 28 min 300 manat zərər əvəzi ödənilib. AİHM bunları nəzərə alaraq, ərizələri baxılacaq işlərin siyahısından çıxarmağa qərar verib. Qərara görə, ərizəçinin vəkillərinə ümumilikdə 4 min avro hüquqi məsrəf əvəzi, R.Axundov və Z.Qurbanlının nümayəndəsi Xalid Bağırova 1000 avro tərcümə və poçt xidmətləri əvəzi ödənilməlidir.

Cəlal Hüseynov və başqaları Azərbaycana qarşı

Bu iş müxtəlif ittihamlarla mühakimə olunan ərizəçilərin (Cəlal Hüseynov, Zaur Qənbərov, Natiq Məhəmmədsoy) Bakı Ağır Cinayətlər Məhkəməsi, Gəncə Apellyasiya Məhkəməsi və Xəzər Rayon Məhkəməsindəki icraatlar zamanı metal qəfəsdə saxlanılmasının qanunsuzluğu iddiaları ilə bağlıydı. Ərizəçilər AİHM qarşısında Konvensiyanın 3-cü maddəsinin pozuntusuna – qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qaldığını iddia edirdilər.

Bu işdə tərəflər dostca anlaşıblar. Qərardada görə, hökumət ərizəçilərin hər birinə 1700 avro mənəvi zərər, 600 avro hüquqi xərc əvəzi ödəməlidir.

Ağahüseyn Gözəlov Azərbaycana qarşı

Bu ərizə 1 noyabr 2015-ci il tarixdə keçirilmiş parlament seçkiləri ilə bağlı idi. Seçkidə namizəd kimi iştirak edən ərizəçi, birmandatlı seçki dairələrində baş verdiyi iddia olunan müxtəlif seçki pozuntuları ilə bağlı şikayətlərinə səmərəli baxılmamasından şikayət etmişdi.

Bu işdə hökumət AİHM-ə iddia edilən pozuntuların etiraf edildiyi təktərəfli bəyannamə təqdim edib. Həmin vaxt ərizəçi vəfat etdiyindən onun oğlu şikayəti davam etdirib, bu kontekstdə tərəflər dostca anlaşıblar. Həmin anlaşmaya əsaslanan qərardada görə, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 3000, hüquqi xərclər əvəzi 500 avro ödəməlidir.

Qazaryan və Bayramyan Azərbaycana qarşı

Ərizəçilər Ermənistanın Azərbaycanla sərhədindən bir neçə kilometr aralıda yerləşən Berdavan kəndində yaşayan Ermənistan vətəndaşları Armen Qazaryan və Astqik Bayramyandır. Məhkəmə işi ərizəçilərin 39 yaşlı oğlunun 2018-ci ilin iyulunda Azərbaycan hərbçiləri tərəfindən saxlanılması ilə bağlı idi. Onların övladları Azərbaycan məhkəmələri tərəfindən təxribat və terrorda təqsirli bilinərək 20 il müddətinə azadlıqdan məhrum olunmuş, ardınca, 2020-ci ilin dekabrında əsirlərin mübadiləsi çərçivəsində Ermənistana qaytarılmışdı. Ərizəçilər övladlarının tutulması, həbsi və mühakiməsinin Konvemsiyanın 3-cü (qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın qadağan edilməsi) və 5-ci maddələrinin (azadlıq və təhlükəsizlik hüququ) pozuntusu ilə müşayət olunduğunu iddia edirdilər.

Bu işdə AİHM hesab edib ki, ərizəçilərdən Xazaryana münasibətdə Konvensiyanın 3-cü, 5.1-ci və 5.3-cü maddələrinin pozuntusu baş verib. Məhkəmə ərizəçilərin digər pozuntu iddialarını rədd edib. Qərar görə, hökumət Karen Xazaryana mənəvi zərər əvəzi 10 min avro, xərc və məsrəflərə görəsə 3225 avro ödəməlidir.

Qarik Ohanyan və başqaları Azərbaycana qarşı

Bu işdə ərizəçilər bir vaxtlar Talış kəndində yaşamış ər və arvad, onların anası və övladlarıdır. Onların şikayətləri 2016-cı ilin aprel döyüşləri kontekstində verilmişdi. Ərizəçilər döyüşlərin fonunda yaşadıqları evi tərk etməli olmuşdular. Ərizəçilər onlara münasibətdə Konvensiyanın 2-ci, 8-ci, 13-cü və 14-cü maddələrinin pozulduğunu, habelə, mülkiyyət hüquqlarına müdaxilənin baş verdiyini iddia edirdilər.
AİHM bu şikayəti qəbul edilməz hesab edib.

Manvel Hakobyan Azərbaycana qarşı

Bu işdə ərizəçi 1936-cı il təvəllüdlü Ermənistan vətəndaşı idi. Onun şikayəti də 2016-cı ilin aprel döyüşləri kontekstində verilmişdi. Ərizəçi döyüşlərin fonunda yaşadıqları evi tərk etməli olmuşdu. Bu işdə də Qarik Ohanyan və başqaları Azərbaycana qarşı işindəki kimi oxşar pozuntu iddiaları qaldırmışdılar. AİHM bu şikayəti də qəbul edilməz hesab edib.

Aihmaz.org

10:28, 06 Oktyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Samir Aşurovun məhkəməsində şahidin ziddiyyətli ifadə verdiyi bildirilir

by Gozetci 10:47, 05 Oktyabr 2023
written by Gozetci

Samir Aşurov

Oktyabrın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində  Almaniyadan deportasiya edilərək həbs edilən Samir Aşurovun növbəti məhkəmə iclası keçirilib.

Vəkil Elçin Sadıqovun məlumatına görə bu gün məhkəmədə şahid dindirilib və əvvəlki şahidlərlə ziddiyyət təşkil edən ifadələr verib:

“Əvvəlki şahid demişdi ki, biz gələndə zərərçəkmiş yerdə uzanmışdı, amma bu şahid dedi ki, yerdə uzanmamışdı və qarnının sağ tərəfini tutub durmuşdu”.

Elçin Sadıqov deyir ki, Samir Aşurov məhkəmədə günahsız olduğunu və bıçağın ona cibinə qoyulduğunu bildirib.

Növbəti məhkəmə prosesi oktyabr 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutacaq.

Xatırlatma

Samir Aşurov ötən il martın 29-da Almaniyadan deportasiya olunub, 20 gündən sonra isə Bakıda polis tərəfindən saxlanılıb. O, Elşən Nəbiyevə bıçaqla xəsarət yetirməkdə ittiham edilib (Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi – xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır ziyan vurma). Bu ittihamla o, 6 ildən 11 ilədək azadlıqdan məhrum edilə bilər.

İyulun 21-də Aşurova qarşı Cinayət Məcəlləsinin daha bir maddəsi – 221.3 (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq törətmək) ilə ittiham irəli sürülüb. Hüquq müdafiəçiləri Samir Aşurovu siyasi məhbus kimi tanıyıblar.

2014-cü ildə “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” saziş imzalanıb. Saziş imzalanan gündən indiyə qədər 2013 nəfərin readmissiyası artıq baş tutub və daha 2147 nəfərin readmissiyası gözlənilir.

Dövlət Miqrasiya Xidməti bildirir ki, 2021-ci ildə ölkəyə readmissiya olunan 420 şəxsdən 39 nəfəri Almaniyadan qaytarılıb. Ötən ilin oktyabr ayından Almaniyadan Azərbaycana readmissiya olunan beş fəal – Mütəllim Orucov, Malik Rzayev, Pünhan Kərimli, Cəfər Mirzəyev və Samur Aşurov müxtəlif səbəblərlə həbs olunublar. Lakin Daxili İşlər Nazirliyi Almaniyadan readmissiya olunanların siyasi sifarişlə həbs olunduqları ilə bağlı iddialarını təkzib edir.

Amerikanın Səsi 

10:47, 05 Oktyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Siyasi məhbusların yeni siyahısına 235 nəfər daxil edilib

by Gozetci 18:50, 04 Oktyabr 2023
written by Gozetci

 

“Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda” İttifaq siyasi məhbusların yenilənmiş siyahısını dərc edib. Siyahıya 235 nəfər daxildir.

Siyahını Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov tərtib edib.

Siyahıda siyasi məhbuslar 8 qrupa bölünüb: Jurnalistlər və bloqerlər – 6 nəfər, hüquq müdafiəçiləri – 2 nəfər, müxalifət partiyaları və hərəkatların üzvləri – 11 nəfər, Almaniyadan deportasiya olunan siyasi mühacirlər – 5 nəfər, dindarlar – 171 nəfər, Tərtər işi üzrə mühakimə olunanlar – 7 nəfər, Gəncə işi üzrə mühakimə olunanlar – 22 nəfər, ömürlük məhkumlar – 11 nəfər.

“Jurnalistlər və bloqerlər” qrupunda jurnalistlər Polad Aslanov, Osman Rzayev, blogerlər Aslan Qurbanov, Rəşad Ramazanov və Bəxtiyar Hacıyev yer alıb. Bu siyahıda ölkənin şimal regionundan olan bloger Cəmil Məmmədli yenidir.

“Hüquq müdafiəçiləri”ndən ibarət ikinci qrup yenidir və iyulun 31-də açıqlanmış əvvəlki siyahıda (ümumilikdə, bu siyahıda 204 nəfər olub) olmayıb.

Hüquq müdafiəçisi Elşən Həsənov Amerikanın Səsinə bildirib ki, bu qrupda Göyçay rayonundan olan hüquq müdafiəçisi Taleh Xasməmmədov və fəal Bəxtiyar Hacıyevin ictimai müdafiəçisi Rail Abbasov var.

“Müxalifət partiyaları və hərəkatların üzvləri” qrupunda 11 nəfər var. Siyahıya Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları Zamin Salayev, Niyaməddin Əhmədov, Şahin Hacıyev, Aqil Hümbətov, Elxan Əliyev, Azərbaycan Demokratiya və Rifah Partiyasının rəhbəri Qubad İbadoğlu, keçmiş deputat Nazim Bəydəmirli daxildir. Həmkarlar İttifaqları fəalları Afiəddin Məmmədov, Elvin Mustafayev və Ayxan İsrafilov, eləcə də Azərbaycan Talışları İctimai Şurasının üzvü Ruslan Vahabov bu qrupda yenidir.

“Almaniyadan deportasiya edilmiş siyasi mühacirlər” qrupunda əvvəlkitək beş nəfər var: Siyasi fəallar Pünhan Kərimli, Cəfər Mirzəyev, Malik Rzayev, Mütəllim Orucov və Samir Aşurov.

“Dindarlar” qrupuna 171 soyad, o cümlədən “Nardaran işi” üzrə fiqurantlar, bir neçə ilahiyyatçı, habelə ötən ilin yayından bu ilin sentyabrına qədər həbs olunmuş dindar qrupu daxildir. Əvvəlki siyahı ilə müqayisədə bu kateqoriyadan bir dindar çıxıb (Ceyhun Babaşov səhhətinin kəskin pisləşməsi səbəbindən həbsdən azad edilib). Lakin siyahıda “Müsəlman Birliyi” Hərəkatı İdarə Heyətinin üzvü Ağəli Yəhya da daxil olmaqla, 25 yeni dindar yer alıb. Həbs olunanların hamısı narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunur.

Siyasi məhbusların siyahısında hələ də “Tərtər işi” üzrə 7, “Gəncə işi” üzrə 22 nəfər var. Digər 11 siyasi məhbus ömürlük həbs cəzası çəkir.

Sonuncu qrupdan olanlar 1995-ci ildə Xüsusi Təyinatlı Polis Dəstəsinin qiyamı və digər hərbi cinayətlərlə əlaqədar güllələnməyə məhkum ediliblər. 1998-ci ildə Milli Məclisin qərarı ilə ölüm hökmü ləğv edildikdən sonra onların barəsində ən yüksək cəza tədbiri ömürlük həbs cəzası ilə əvəz olunub. Ancaq qanunun geriyə qüvvəsi yoxdur. Odur ki, hüquq müdafiəçilərinin fikrincə, ölüm cəzası alternativ cəza, o ankı maksimum cəza – 15 il həbs müddətilə əvəz olunmalıydı.

Öz növbəsində, Azərbaycan hakimiyyəti bir qayda olaraq ölkədə siyasi iradəsinə görə insanların təqib edilmədiyini bildirir və siyasi məhbusların olmasını qəbul etmir. Rəsmi Bakı bəyan edir ki, Azərbaycanda insanların fundamental azadlıqları tam təmin olunub. İnsanların internetə tam sərbəst çıxışı var və sosial şəbəkəlrdən istifadə ilə bağlı hər hansı qadağa mövcud deyil. Bununla yanaşı Azərbaycan beynəlxal azadlıq indeksində 170 ölkə sırasında 151-ci yerdədir. Avropa Şurası Parlament Assambleyasında Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəçi fəaliyyət göstərir.

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı Amerikanın Səsinə deyib ki, Azərbaycanda insanlar siyasi baxışlarına görə, fundamental azadlıqlarından istifadə etdiklərinə görə mütəmadi olaraq təqiblərə məruz qalır.

Amerikanın Səsi

18:50, 04 Oktyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

İctimai fəal Nemət Abbasovun apellyasiya şikayəti təmin olunmayıb

by Gozetci 18:02, 04 Oktyabr 2023
written by Gozetci

Nemət Abbasov

Oktyabrın 4-də Bakı Apellyasiya Məhkəməsində ictimai fəal Nemət Abbasovun inzibati həbsindən verilmiş apellyasiya şikayətinə baxılıb. Bu barədə Amerikanın Səsinə vəkil Rövşanə Rəhimli məlumat verib.

Vəkilin sözlərinə görə məhkəmədə fəalın özü də iştirak edib:

“Nemət bölmədə yazdığı izahatı psixoloji təzyiq altında yazdığını qeyd elədi, biz bunu məhkəmənin nəzərinə çatdırdıq. Həm tutularkən baş verən pozuntuları, həm də prosessual pozuntuları məhkəməyə bildirdik. Lakin apellyasiya şikayətimiz təmin olunmadı”.

Rövşanə Rəhimli deyir ki, Nemət Abbasov həbsinin səbəbi kimi sosial şəbəkələrdə yazdığı tənqidi paylaşımları görür, polisə müqavimət göstərmədiyini bildirib.

“Dedi ki, o, ifadə azadlığı hüququndan istifadə edib və buna görə də qanunsuz həbsə məruz qalıb”, deyə vəkil bildirib.

Neməti Abbasova sentyabrın 20-də İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə 30 sutka inzibati həbs cəzası verilib.

Fəalın yaxınları deyir ki, o, əslində müharibə əleyhinə paylaşımlarına görə həbs olunub.

Amerikanın Səsi 

18:02, 04 Oktyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“Nərmin işi”ndə hakimə: “Siz özünüz də o zaman İlkinin bədənindəki işgəncə izlərini görmüşdünüz…”

by Gozetci 17:46, 04 Oktyabr 2023
written by Gozetci

Qanunda zərərçəkmişin dövlət hesabına vəkillə təmin olunması nəzərdə tutulmasa da, hakim Şərif Quliyevə söz verdi

Tovuz rayonunun Dondar Quşçu kəndində 2019-cu il noyabrın 21-də 11 yaşlı Nərmin Quliyevanın itkin düşməsi, 47 gün sonra kənddə yandırılmış meyitin tapılmasıyla bağlı cinayət işi hazırda Gəncə Apellyasiya Məhkəməsinin icraatındadır. Azyaşlını oğurlayıb öldürməkdə, meyiti isə yandırmaqda ittiham olunaraq, 18 il azadlıqdan məhrum edilmiş İlkin Süleymanov və onun vəkilləri istəyir ki, onların hökmdən verdiyi apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla baxılsın – şahidlər dindirilsin, sübutlar araşdırılsın. Üstəlik, jurnalistlərə də Apellyasiya məhkəməsində audio və video yazı aparmaq imkanı yaradılsın.

Vəkil Əlibaba Rzayev oktyabrın 3-də Gəncə Apellyasiya Məhkəməsində bu barədə vəsatətlər qaldırıb.

“Demirlər ki, İlkin Süleymanov cinayətkardır, bu işi görüb, faktlarla, sübutlarla ortaya qoyulsun, məhkəmədən görüntülərlə verilsin. İctimaiyyət bilsin ki, nə oldu bu məhkəmədə. İlkinin günahı var, yoxsa yox. Gəncə Ağır Cinayətlər Məhkəməsində hökmü alıb oxuyanda, protokollarla tanış olanda məlum olur ki, şahidlərin ifadələri saxtalaşdırılıb, adamların dedikləri fikirlər təhrif olunub”, – vəkil Əlibaba Rzayev bildirib.

Zərərçəkmişin hüquqi varisi – Nərminin atası Şərif Quliyev də, prokuror da jurnalistlərin audio yazı aparmasına, çəkiliş etməsinə etiraz edib. Teyyub Muxtarovun sədrlik etdiyi hakimlər kollegiyasının üzvləri də bu cinayət işi üzrə birinci instansiya məhkəməsində araşdırmaların iki il çəkməsində medianı ittiham edib.

Əlibaba Rzayev. Foto: Meydan TV

Videoçəkilişin zəruriliyi məsələsini vəkil bir də belə əsaslandırıb:

“Biz 2020-ci ilin yanvarında İlkin Süleymanov haqqında həbs qərarından apellyasiya şikayəti verəndə həmin şikayətə Bakıda Sabunçu Rayon Məhkəməsinin binasında siz baxırdınız. Həmin vaxt İlkin Süleymanov bu cinayətin onun boynuna işgəncə yoluyla qoyulduğunu bildirdi və bədənindəki işgəncə izlərini də göstərdi. Siz özünüz də o zaman gördünüz. Amma sonradan biz məhkəmədən o görüntüləri ala bilmədik. Prokurorluğa işgəncədən şikayət verəndə Sabunçu Rayon Məhkəməsinə müraciət etdik ki, bizə həmin gün o zalda olan videogörüntülər verilsin. Dedilər ki, yoxdur, olmayıb. Bu məhkəmədə olanları sabah biz necə sübut edəcəyik?”.

Vəkilin arqumentlərinə baxmayaraq, məhkəmə qərarını dəyişməyib – audio və video yazıya icazə verməyib.

Şərif Quliyev isə məhkəmədən ona dövlət hesabına vəkil təyin olunmasını istəyib. Ona bu məsələnin müsbət həll olunacağı bildirilib.

Nərmin Quliyevanın atası Şərif Quliyev, Foto: Meydan TV

Hərçənd, qanunda zərərçəkmişin dövlət hesabına vəkillə təmin olunması nəzərdə tutulmayıb.
İlkin Süleymanovun vəkilləri hakimlərin qərəzli mövqe tutduqlarını, açıq-aşkar işə birtərəfli yanaşdıqlarını vurğulayaraq, onların bu işə baxmasına yazılı şəkildə etiraz ediblər. Lakin etiraz baxılmamış saxlanılıb.

Bu iş üzrə məhkəmə baxışı oktyabrın 17-nə təyin olunub.

Məhkəmədən sonra İlkin Süleymanovun qardaşı Adil Süleymanov jurnalistlərə açıqlamasında bildirib ki, Apellyasiya məhkəməsindən qətiyyən ədalətli nəticə gözləmirlər:

“Hər şey göz önündədir – vəkillərə qarşı aqressiv münasibət, əsaslı vəsatətlərin heç birinin təmin olunmaması, qarşı tərəfin isə əsassız mövqeyinin can-başla müdafiə edilməsi. Məhkəmə açıq-aşkar tərəf tutur. Şərif Quliyevin apelyasiya şikayəti vermək üçün kifayət qədər vaxtı vardı, amma özü verməmişdi. Heç bir əsas olmadan vaxtı ötürüb. Sonra ona göstəriş verildi ki, “apelyasiya şikayəti verməlisən”. Şikayət vermək üçün 20 günlük müddət keçmişdi. Heç bir üzrlü səbəb ortada olmasa da, müddəti bərpa eləyib, şikayəti qəbul elədilər. Arzumuz budur ki, bu ədalətsizliyi edən hakimləri günün birində elə özləri kimi hakimlər mühakimə eləsin”.

Adil Süleymanov. Foto: Meydan TV

2009-cu il təvəllüdlü Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də yaşadığı Tovuz rayonunun Dondar Quşçu kəndində itkin düşüb. 2020-ci il yanvarın 6-da kənddə İlkin Süleymanovgilin evinin qarşısında yandırılmış meyit tapılıb.

1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.1 (oğurlanmış şəxsə əzab vermə), 133.2.4 (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam oğurluğu) maddələrilə ittiham olunur.

İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini övladlığa götürmək məqsədilə oğurlayıb. Daha sonra qətlə yetirərək meyiti evlərinin yaxınlığında yandırıb.

İlkin Süleymanov isə azyaşlının ölümünə aidiyyəti olmadığını, işgəncə nəticəsində cinayəti üzərinə götürdüyunü deyir. Onun sözlərinə görə, cinayət işinin materiallarında tutulduğu gün yanvarın 10-u göstərilsə də, əslində onu yanvarın 6-da saxlayıblar. 4 gün ərzində – yanvarın 10-na qədər işgəncələrə məruz qalıb. Bu üzdən dözə bilməyib və dörd gün sonra cinayəti üzərinə götürüb.

Baş Prokurorluq isə işgəncə iddialarını təkzib edib.

Gəncə Ağır Cinayətlər Məhkəməsində iki il davam edən məhkəmə prosesinin nəticəsində İlkin Süleymanov 18 il azadlıqdan məhrum edilib. Bu nəticədən tərəflər narazı qalıb.

İlkin Süleymanov və yaxınları hökmün sifarişli olduğunu hesab edir. Onlar iddia edir ki, azyaşlının başına gələnlərin arxasında dayanan və cinayətin açılması haqda Prezidentə yalan məlumat verən qüvvələr var. Onlar məhkəməyə təsir göstərərək, bu iş üzrə obyektiv və ədalətli qərar qəbul olunmasına imkan vermədilər.

Zərərçəkmiş tərəf isə İlkin Süleymanova ömürlük həbs cəzası verilməsini istəyir.

Meydan TV 

17:46, 04 Oktyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq PozuntularıSliderTibbi yardım hüququXƏBƏRLƏR

Qardaşı: “Qubad İbadoğlunun hərəkət qabiliyyəti məhdudlaşıb”

by Gozetci 17:00, 04 Oktyabr 2023
written by Gozetci

Qubad İbadoğlu. Foto: Meydan TV

İqtisadçının gündə üç dəfə ağrıkəsici qəbul etdiyi deyilir

Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) həbsdə olan sədri, professor Qubad İbadoğlunun səhhətindəki problemlərlə əlaqədar hərəkət qabiliyyətində məhdudiyyət yarandığı bildirilir.

Bu barədə Meydan TV-yə danışan qardaşı Qalib Bayramov deyir ki, hələ həbsdən öncə Qubad İbadoğlunu həkimlər onurğasındakı problemlə əlaqədar fizioterapiyaya göndərmişdi. Lakin həbs olunduğuna görə bu prosedur həyata keçirilə bilmədi.

ADR sədrinin kəskin ağrılardan əziyyət çəkdiyi, bu üzdən gündə üç dəfə ağrıkəsici qəbul etdiyi bildirilir.

Qardaşının sözlərinə görə, Qubad İbadoğlunun səhhətindəki ən ciddi problem onun ürəyi ilə bağlıdır. O xatırladıb ki, hətta buna görə Avropa İnsan Haqları Məhkəməsi sentyabrın 20-də qərar qəbul edərək, Azərbaycan hökumətinin üzərinə öhdəlik qoyub. Qərara əsasən, Qubad İbadoğlu daha ciddi müayinə olunmalı, analizləri götürülməli, nəticə haqda Avropa Məhkəməsi də məlumatlandırılmalıdır:

“Qardaşımın ürəyində olan aortanın anevrizması çox ciddi xəstəlikdir.  Ona görə Avropa Məhkəməsinin qərarında göstərilib ki, dərindən müalicə və analiz olunmalıdır. Lazım gəlsə, ixtisaslaşmış müayinə üçün uyğun klinikaya aparılmalıdır. Lakin sentyabrın 20-də qərar çıxarılandan bu yana heç bir addım atılmayıb”.

Qardaşıyla oktyabrın 3-də telefonla danışdığını deyən Qalib Bayramovun sözlərinə görə, Qubad İbadoğlunun təzyiqi və şəkəri də əvvəlki kimi yüksəkdir. Hərçənd, Bakı İstintaq Təcridxanasında onu müayinə edən həkimlər təzyiqin normada olduğunu bildirirlər.

Qalib Bayramov. Foto: “abzas.net”

Qubad İbadoğlunun özü də onun lazımi müayinədən keçirilməməsi və ehtiyacı olan tibbi yardımın göstərilməməsi haqda şikayətinə Nərimanov Rayon Məhkəməsində baxılanda demişdi ki, istintaq təcridxanasında həkimlər təzyiqini ölçəndən sonra özü də kameradakı təzyiqölçən aparatla bir daha ölçür və arada kəskin fərq yaranır:

“Bu məsələ hətta lətifəyə çevrilib təcridxanada. Hər dəfə ölçəndə deyirlər ki, guya qardaşımın təzyiq göstəricisi 110-70 və ya 120-80-di. Halbuki, ürəyində o cür problem olan adamın təzyiqi belə qaydasında ola bilməz. Dünən (oktyabrın 3-də) onunla danışanda dedi ki, şəkəri 370-di”.

ADR sədrinə lazımi tibbi yardım göstərilməməsilə əlaqədar Nərimanov Rayon Məhkəməsinə şikayət verilsə də, şikayət təmin olunmayıb. Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən bildirilib ki, bütün müayinə və tibbi yardımlar həyata keçirilib.

Nərimanov Rayon Məhkəməsinin bu qərarından apelyasiya şikayəti verilib.

London İqtisadiyyat Məktəbinin əməkdaşı olan Qubad İbadoğlu iyulun 23-də saxlanılıb, ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Ertəsi gün Nərimanov Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.

ADR sədri öncə dörd nəfərlə əlbirlikdə ittiham olunurdu. Onların adları ilk dəfə iyulun 23-də Türkiyə mediasında açıqlanmışdı. FETÖ (Fətullah Gülən Terror Örgütü) ilə əlaqəli şəxslər kimi təqdim olunan bu dörd nəfərə qarşı da Qubad İbadoğlu ilə eyni – Cinayət Məcəlləsinin 204.3.1 maddəsi ilə ittiham irəli sürülüb.

Sözügedən dörd nəfər Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov, Ruslan Əliyev və Anar Əliyevdir.

Qubad İbadoğlu saxlandıqdan sonra yayılan məlumatlarda iddia olunurdu ki, Anar Əliyev ifadəsində onun adını çəkib. Amma Qubad İbadoğlu ümumiyyətlə, bu şəxsi tanımadığını deyib.

Qubad İbadoğlu saxlandığı gün ofisdə keçirilən axtarışda 40 min dollar pul tapıldığı, onun bir hissəsinin saxta olduğu iddia olunur.

Lakin ADR sədri bildirib ki, həmin pulun ona heç bir aidiyyəti yoxdur.

Avqustun 25-də ona Cinayət Məcəlləsinin 167-3.1-ci (Dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddəsilə yeni ittiham elan olunub. Qubad İbadoğlu bu ittihamın da absurd olduğunu deyib və etiraz əlaməti olaraq, ifadə verməkdən imtina edib.

Qubad İbadoğlu həbs olunduğu gün axtarışdan sonra məkandan çıxarılıb aparılarkən Prezident İlham Əliyevin sifarişilə həbs olunduğunu bildirib.

Bundan başqa, avqustun 6-da Türkiyədə yaşayan və orada universitetdə işləyən azərbaycanlı alim Fazil Qasımov saxlanılaraq, Azərbaycana gətirilib. Avqustun 8-də Nərimanov Rayon Məhkəməsinin qərarıyla onun haqqında həbs qətimkan tədbiri seçilib. Ona qarşı da eyni maddə ilə ittiham irəli sürülüb.

Meydan TV 

17:00, 04 Oktyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

AİHM “Nardaran hadisələri” ilə bağlı hökumətə suallar göndərib

by Gozetci 13:47, 04 Oktyabr 2023
written by Gozetci

Məhkəmə 4 ay ərzində Azərbaycandan göndərilən 39 ərizənin araşdırılmasına başlayıb

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) bu ilin iyun-sentyabr aylarında Azərbaycandan göndərilmiş 39 ərizənin araşdırılmasına başlayıb.

Kommunikasiya edilən ərizələrin əksəriyyəti seçki hüququnun pozuntusu mübahisə edilən işlərlə bağlıdır. Avropa Məhkəməsi 27 belə ərizə ilə bağlı hökumətə suallar göndərib.

Dörd ay ərzində 39 ərizə ilə bağlı kommunikasiyanın başlanması işlərin baxılmasında artım olduğunu göstərir.

Məsələn, AİHM 2021-ci ildə Azərbaycandan göndərilmiş 65, 2022-ci ildə isə 54 şikayəti hökumətlə kommunikasiya etməyə başlamışdı.

Araşdırılan işlərin bəziləri jurnalistlərlə bağlıdır. Bu işlər Xədicə İsmayılova, Mirələm Həşimov və Elnur Məhərrəmlinin işləridir ki, ərizələrdə defamasiyaya görə mülki və cinayət cəzalarının tətbiqinin qanunsuzluğu mübahisələndirilib.

Araşdırılmasına başlanılan işlər arasında Cahangir Hacıyevin, Elgiz Qəhrəmanın, Murad Adilovun, “Nardaran hadisələri” ilə bağlı həbs edilən bir neçə vətəndaşın şikayətləri də var.

Defamasiya ilə bağlı ərizələr: “Xədicə İsmayılova Azərbaycana qarşı”, “Mirələm Həşimov Azərbaycana qarşı”, “Elnur Məhərrəmli Azərbaycana qarşı” və “Nazim Məmmədov Azərbaycana qarşı” işləridir.

Seçki hüququnun pozuntusu mübahisə edilən ərizələr: “Yadigar Sadıqlı və başqa 26 ərizəçi Azərbaycana qarşı” işidir.

Nardaran işi üzrə ərizələr: “Hüseynov və İsmayılov Azərbaycana qarşı” işidir.

AİHM həmçinin “Murad Adilov Azərbaycana qarşı”, “Cahangir Hacıyev Azərbaycana qarşı”, “Elgiz Qəhrəman Azərbaycana qarşı”, “Etibar Məmmədov Azərbaycana qarşı”, “Paşa Dadaşov Azərbaycana qarşı” və “İdris Axundov Azərbaycana qarşı” işlərinin də kommunikasiyasına başlayıb.

Meydan TV 

13:47, 04 Oktyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Afiəddin Məmmədov ev dustaqlığına buraxılmayıb

by Gozetci 18:34, 03 Oktyabr 2023
written by Gozetci

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov

Oktyabrın 3-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədovun barəsində seçilmiş 2 aylıq həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair məhkəmə prosesi keçirilib. Bu barədə Amerikanın Səsinə Məmmədovun vəkil Zibeydə Sadıqova məlumat verib.

Vəkilin sözlərinə görə, məhkəmə vəsatəti təmin etməyib:

“Biz dedik ki, Afiəddin ilk dəfədir cinayət əməlində ittiham olunur, daimi yaşayış ünvanı var və ümumiyyətlə, söyüş söyməyib. Afiəddin özü də bildirdi ki, başına nə gəlirsə ictimai fəaliyyətinə görə gəlir, çünki bundan əvvəl də 3 dəfə inzibati qaydada həbs olunub. Ümumiyyətlə, o bildirdi ki, belə bir cinayət hadisəsi baş verməyib, kiminsə bıçaqlanmasını görməyib”.

Zibeydə Sadıqova bildirib ki, zərərçəkmiş kimi tanınan şəxs özü Afiəddin Məmmədova xəsarət yetirib və nəticədə onun burnu zədələnib.

“Hətta məhkəmədə burnundakı şişkinliyi göstərdi, düzdür, gözünün altındakı qaralma çəkilib. Mənə dedi ki, ağrıkəsici dərman alım, çünki bəzən başağrıları olur. Məhkəmədə də bildirdi ki, zərərçəkəni tanımır, heç vaxt o adamla görüşməyib. Günahsızdır və əsassız olaraq həbsdədir, lakin məhkəmə bizim arqumentləri qiymətləndirmədi və vəsatətimizi təmin etmədi”, deyə vəkil deyib.

İşçi Masasının sədri bu ilin avqustun 31-i xırda xuliqanlıq və polis işçisinin əmrinə tabe olmama ittihamları ilə 30 günlük həbs cəzasından sonra azadlığa buraxılıb.

Təşkilatın digər üzvləri Elvin Mustafayev və Ayxan İsrafilova qarşı isə narkotik ittihamı ilə həbs olunublar və hər ikisi barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Afiəddin Məmmədov sentyabrın 20-də həbs olunub və barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin qəsdən bədənə ağır xəsarət yetirmə və silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq maddələrilə ittiham olunur. Rəsmi ittihama görə, Afiəddin Məmmədovun adı açıqlanmayan şəxsə bıçaqla xəsarət yetirdiyi bildirilir. Lakin Afiəddin Məmmədov özü bu ittihamları qəbul etmir və həbsinin siyasi motivli olduğunu deyir.

Təşkilatın digər üzvləri Elvin Mustafayev və Ayxan İsrafilov narkotik ittihamı ilə həbs olunublar və hər ikisi barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Amerikanın Səsi

18:34, 03 Oktyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Dilarə Əsgərova: Fəridin azad olunacağına böyük ümidim var

by Gozetci 18:00, 03 Oktyabr 2023
written by Gozetci

Fərid Səfərli

İranda həbsdə olan Azərbaycan vətəndaşı Fərid Səfərlinin cinayət işi baxılması üçün apellyasiya məhkəməsinə göndərilib. Məhkəmənin vaxtı hələ məlum deyil. Yəqin ki, yaxın iki həftədə apellyasiya baxışının vaxtı müəyyən ediləck.

Bu barədə Fərid Səfərlinin Almaniyada yaşayan anası Dilarə Əsgərova Amerikanın Səsinə deyib.

O bildirib ki, oğlu ilə günaşırı telefonla danışır, səhhəti normalıdr.

“Oğlum artıq təcridxanadan cəzaçəkmə müəssisəsinə köçürülüb. Burada Fəridin şərairi daha yaxşıdır. Vaxtaşırı açıq havaya çıxmağa şərait yaradırlar”, o qeyd edib.

Əsgərova Azərbaycan Baş Prokuroru Kamran Əliyevin sentyabrın 14-də Bakıda səfərdə olan İranın Baş prokuroru Mohammad Kazem Movahedi-Azadi ilə görüşündə Fərid Səfərli ilə bağlı məsələ qaldırmasından razıdır.

“Baş prokurorlar arasındakı görüşdən sonra Fəridin ya azad olunacağına, ya da Azərbaycana ekstradisiya olunacağına böyük ümidim var. Yaşayarıq görərəik”, Dilarə Əsgərova deyib.

O deyib ki, Fəridin həbsində əsas götürülən telefon danışığının səhv tərcüməsidir.

“Müdafiə tərəfi bununla bağlı məsələ qaldırdıqdan sonra dövlət tərəfindən daha təcrübəli tərcüməçi vasitəsi ilə telefon danışığı bir daha fars dilinə tərcümə olunub və tərcümə səhvi aradan qaldırılıb. İstintaq səhvin nəzərə alınacağını bildirib”, Əsgərova qeyd edib.

Rəsmi məlumata görə Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərlinin fevralın 20-də İrana səfərə getdiyi, lakin martın 4-dən ondan xəbər alınmaması ilə bağlı müraciət Xarici İşlər Nazirliyinə martın 9-da daxil olub.

Fərid Səfərli İrana səfərindən bir müddət əvvəl Almaniyanın Yena şəhərinə praktika üçün gəlmiş İran vətəndaşı olan bir qadınla tanış olub.

O, praktikası başa çatdıqdan sonra İrana qayıdıb. Buna baxmayaraq, onlar arasında telefon əlaqəsi olub. Qərarlaşıblar ki, İstanbulda görüşsünlər. Fərid İstanbula gedib və bu zaman onun tanış olduğu xanımın vizası düzəlməyib. Bundan sonra Fərid İstanbuldan İrana gedib.

Uzun müddət Fərid Səfərlinin taleyindən məlumat almaq mümkün olmayıb. Yalnız iyunun 1-də İranda casusluq ittihamı ilə həbs edildiyi məlum olub.

Sonradan ona qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub. Məhkəmə Fərid Səfərli barəsində 2 il həbs hökmü çıxarıb.

Fərid Səfərli ittihamı və məhkəmə hökmünü qəbul etmir.

“Fərid qərarla barışmır, heç bir sübut olmadan bu cəzanın verilməsini qəbul edə bilmir”, Dilarə Əsgərova oğluna istinadən deyib.

Amerikanın Səsi

18:00, 03 Oktyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir

  • Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib

  • Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir
20:17, 25 Mart 2026
Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib
22:20, 23 Mart 2026
Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir
16:26, 19 Mart 2026
Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia