Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

Azərbaycanlı hüquq müdafiəçiləri Gürcüstanda təqib olunduqlarını deyirlər

by Gozetci 12:16, 20 Oktyabr 2023
written by Gozetci

Gürcüstan, Tbilisi. Foto: Efired/shutterstock

Onlar sosial şəbəkələrdən təhdid mesajları alıblar

Hüquq və Azadlıqların Müdafiəsi İnstitutunun rəhbəri və əməkdaşları Gürcüstanda təqibə məruz qaldıqlarını deyirlər.

Hüquq müdafiəçilərinin yaydığı müraciətdə deyilir ki, Avtandil Məmmədov, Sərhədsiz Təqiblər və Repressiya Qurbanlarının Müdafiəsi Komitəsinin əməkdaşı Nuranə Aşurova, Müstəqil Reportyorlar Komitəsinin idarə heyətinin üzvü, jurnalist Bəhruz Əliyev Gürcüstanda naməlum şəxslər tərəfindən təzyiqlərə məruz qalıb.

Bildirilir ki, Nuranə Aşurovanın həyat yoldaşı Samir Aşurov siyasi baxışlarına görə təqiblərə məruz qaldığı üçün 2018-ci ildə Almaniyaya mühacirət edib. Lakin Aşurovlar ailəsi 2022-ci ildə Almaniyadan Azərbaycana deportasiya edilib və Aşurovlar deportasiya edildikdən sonra Samir Aşurov həbs edilib.

Məlumatda deyilir ki, Nuranə Aşurova ailəsinin və digər fəalların müdafiəsini təşkil etdiyinə görə Azərbaycanda təqiblərə və təhdidlərə məruz qalıb. O, müvəqqəti olaraq Gürcüstana köçüb. Gürcüstana köçdükdən bir neçə həftə sonra, oktyabrın 15-də saat 12:30 radələrində yaşadığı ərazidə naməlum şəxs tərəfindən yaxından izlənilib.

Bundan başqa, həmin gün, oktyabrın 15-də, Avtandil Məmmədov evdə olmadığı vaxtda, gecə 23:10 radələrində ailəsi ilə yaşadığı mənzilin qapısı çalınıb, ailə üzvləri və azyaşlı uşaqları qorxudulub.

Hadisə baş verən zaman Nuranə Aşurova azyaşlı uşaqları ilə birlikdə Avtandil Məmmədovun evində olub. Bundan bir neçə dəqiqə sonra, saat 23:53 radələrində Nuranə Aşurovanın “Facebook” hesabına saxta profildən təhdid mesajı gəlib.

“Oktyabrın 15-dən 16-na keçən gecə saat 00:30 radələrində Azərbaycanda məruz qaldığı təqiblərdən yaxa qurtarmaq üçün Gürcüstana gələn təşkilatın digər əməkdaşı, jurnalist Bəhruz Əliyev “Opel” markalı avtomobillə təqib edilib. Belə ki, bu zaman onun üzərinə “Opel” markalı avtomobil sürülüb və o, müvəqqəti yaşadığı ünvana qaçaraq hadisədən xilas olub”, – məlumatda deyilir.

Bəhruz Əliyev Gürcüstanda təqiblərə məruz qaldığı üçün oktyabrın 17-də Gürcüstanı tərk etməli olub.

Bundan sonra oktyabrın 16-da saat 03:00 radələrində Hüquq və Azadlıqların Müdafiə İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Avtandil Məmmədova da “Facebook” üzərindən təhdid mesajı gəlib.

Avtandil Məmmədov deyir ki, əvvəllər də həmin saxta profildən təhdid mesajları alıb.

“Oktyabrın 17-də səhər saat 08:30 radələrində Avtandil Məmmədovun həyat yoldaşı uşaqları məktəbə apararkən onu avtomobillə naməlum şəxslər təqib edib.Təqib edən edən şəxs, Avtandil Məmmədovun həyat yoldaşı və uşaqlarını, yaşadığı ərazidən məktəbə qədər təqib edib”, – məlumatda vurğulanır.

Avtandil Məmmədov Azərbaycanda da bir neçə QHT-də təmsil olunub. O, 2017-ci ildə təqiblərə məruz qaldığı üçün Gürcüstana mühacirət edib.

Bildirilir ki, 2018-2019-cu illərdə Gürcüstanda naməlum şəxslər tərəfindən təqiblərə məruz qalıb. 2019-cu ildə Azərbaycanın tələbi ilə Gürcüstanda saxlanılıb və onun Azərbaycana ekstradisiyasına cəhd edilib.

Avtandil Məmmədov 2018-ci ildə yaranmış Hüquq və Azadlıqların Müdafiəsi İnstitutunun təsisçisi və rəhbəridir.

Hüquq və Azadlıqların Müdafiəsi İnstitutunun nəzdində Sərhədsiz Təqiblər və Repressiya Qurbanlarının Müdafiəsi Komitəsi və Müstəqil Reportyorlar Komitəsi fəaliyyət göstərir. Nuranə Aşurova komitənin koordinatoru, Bəhruz Əliyev isə institutun media üzrə koordinatorudur.

Bu, ictimai-siyasi fəalların Gürcüstanda ilk təqibi deyil. 2017-ci ildə AXCP sədrinin müavini Gözəl Bayramova Gürcüstana qayıdarkən Azərbaycan sərhədində həbs edilmişdi.

Elə həmin il mayın 29-da Tbilisidə müvəqqəti yaşayan jurnalist Əfqan Muxtarlı “yoxa çıxıb“, səhərisi gün Azərbaycanda həbs edilib. Jurnalistin evinə gedərkən oğurlandığı, başına torba keçirilərək Bakıya gətirildiyi məlum olub.

2018-ci ildə siyasi fəal Mehman Qələndərov Gürcüstandan Azərbaycana qayıtdıqdan sonra həbs edilib və həbsxanada həyatını itirib.

2021-ci ildə Azərbaycanda işgəncələrə məruz qaldığı bildirilən bloger Hüseyn Bakıxanov Gürcüstana mühacirət edəndə onun ölümü ilə nəticələnən insident baş verib.
Siyasi fəal, bloger Rəşad Ramazanov 2022-ci ildə Gürcüstana qayıtdıqdan sonra Azərbaycanda həbs edilib.

Meydan TV 

12:16, 20 Oktyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq Pozuntularıİşgəncə və pis rəftarSliderXƏBƏRLƏR

Gənc fəal Möhyəddin Orucov inzibati qaydada həbs edilib

by Gozetci 10:24, 20 Oktyabr 2023
written by Gozetci

Məhəddin Orucov

 

Möhyəddin Orucov sosial şəbəkədəki səhifəsində prezidenti tənqid etdiyinə görə polisə çağırılıb

İctimai fəal Möhyəddin Orucov həbs olunub. Oktyabrın 18-də ictimai fəala 30 sutka həbs cəzası verilib. Bu barədə Meydan TV-yə Möhyəddin Orucovun yaxınları məlumat verib.

Yaxınlarının bildirdiyinə görə, oktyabrın 18-də axşam saatlarında polislər zəng edərək, onu Suraxanı rayonu, 32-ci polis bölməsinə çağırıblar:

“Sosial şəbəkədəki səhifəsində prezidenti tənqid edib, ona görə çağırıblar. Açıq şəkildə dedilər. Möhyəddin də getdi. O gedən, bir də buraxılmadı. Bu gün eşitdik ki, haqqında həbs qərarı çıxarılıb”.

Yaxınları əlavə edib ki, Möhyəddin Orucov 32-ci polis bölməsində döyülüb, pis rəftara məruz qalıb.

İctimai fəalın həbs olunması haqda məlumatı Suraxanı Rayon Məhkəməsindən də Meydan TV-yə təsdiqləyiblər. Məlum olub ki, Möhyəddin Orucov oktyabrın 18-də saxlanılsa da, onun həbs olunması haqda məhkəmə qərarı oktyabrın 19-da çıxarılıb.

“Möhyəddin Orucov oktyabrın 19-da saat təxminən 16.00 radələrində Suraxanı rayon Məhkəməsinə gətirilib. Onun haqqında 32-ci polis bölməsində inzibati xəta işi başlanıb, protokol tərtib olunub. Bunun əsasında məhkəmə qarşısına çıxarılıb. Bu işə məhkəmədə hakim Nərminə Rzayeva baxıb. Yekunda onun haqqında İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrilə qərar çıxarılıb”. – məhkəmədən bildirilib.

Son bir ayda 20-yə yaxın ictimai-siyasi fəal polisin tələbinə tabe olmama ittihamıyla inzibati qaydada həbs olunub.

Meydan TV 

10:24, 20 Oktyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Avropa Məhkəməsi Azərbaycanla bağlı yeni qərarlarını elan edib

by Gozetci 16:27, 19 Oktyabr 2023
written by Gozetci

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) oktyabr ayının 19-da Azərbaycandan göndərilmiş 15-dən artıq ərizə üzrə 10 qərar və qərardadını elan edib.

Samir Əliyev Azərbaycana qarşı

Bu məhkəmə işi ərizəçinin məhkəməyəqədər həbs edilməsi ilə bağlı idi. Ərizəçi onun məhkəməyə qədər həbs edilməsi və həbs müddətinin uzadılması barədə qərarlardan daxili məhkəmələrə şikayət edib. Daxili məhkəmələrsə məhkəməyəqədər həbsdə saxlanılması üçün əsasların olmaması ilə bağlı ərizəçinin şikayətlərini rədd etmişdi. Ərizəçi ona münasibətdə 5.3-cü maddənin pozulduğunu iddia edirdi.

AİHM bu işdə hesdab edib ki, ərizəçinin məhkəməyəqədər 1 il 6 ay 22 gün həbs edilməsi üçün əsaslar olmayıb və beləliklə, ərizəçinin azadlıq və toxunulmazlıq hüququna müdaxilə baş verib. Qərara görə, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 5100 avro, 500 hüquqi xidmət əvəzi ödəməlidir.

Mehman Hüseynov Azərbaycana qarşı

Bu məhkəmə işi tanınmış bloqer olan ərizəçinin ölkədən çıxışına yerli hakimiyyət orqanları tərəfindən qadağa qoyulması ilə bağlı idi. Ərizəçi AİHM qarşısında hərəkət azadlığı hüququ ilə yanaşı, Konvensiyanın 10-cu və 18-ci maddələri ilə təminat altına alınan hüquqlarının pozulduğunu iddia edirdi.

Kommunikasiya zamanı hökumət ərizəçinin hərəkət azadlığı hüququnun pozuntusu iddiasını etiraf edib, buna görə, ərizəçiyə 5 min avro mənəvi zərər əvəzi ödəməyi təklif edib. Ərizəçi bundan imtina edib. Ancaq AİHM hökumətin bəyannaməsini yetərli sayıb – ərizəçiyə mənəvi zərər əvəzi ödəniləcək. Ərizəçini vəkillər Elçin və Zibeydə Sadıqovlar təmsil edib.

Əlövsət Osmanlı Azərbaycana qarşı

Bu işdə ərizəçi təhsil məsələləri üzrə tanınmış ekspert idi. Məhkəmə işi 2013-cü ildə qəflətən vəfat edən ərizəçinin məqalələri ilə bağlı idi. İşin hallarına görə, “Azadlıq” qəzetində ərizəçinin “Mərdanovun qaraguruhları” sərlövhəli məqaləsi dərc edilmişdi. Həmin məqalədə təhsil sahəsindəki problemlər sərt tənqid edilirdi. Təhsil Nazirliyinin Təhsil Problemləri İnstitutu həmin məqaləyə görə,ərizəçini mülki qaydada məhkəməyə vermis, iddiası təmin edilmiş, milli məhkəmələr ərizəçinin üzərinə ictimai qaydada üzr istəmək və ifadələrini təkzib etmək vəzifəsi qoymuşdu. Ərizəçi AİHM-ə şikayətində ifadə azadlığı hüququna müdaxilə baş verdiyini, milli məhkəmələrin faktlarla qiymətləndirici mülahizələr arasında fərq qoymamasından, dövlət orqanının işgüzar nüfuzunun olub-olmamasına layiqli qiymət verməməsindən şikayət edirdi.

Kommunikasiya zamanı Hökumət mərhum ərizəçinin doğmalarının ərizənin araşdırılması ilə bağlı aydın niyyət ifadə etmədiyini iddia edərək, ərizəni baxılacaq işlərin siyahısından çıxarmağı xahiş edib. Məhkəmə bunu nəzərə alaraq, ərizənin baxılacaq işlərin siyahısından çıxarılması haqda qərardad qəbul edib.

Şakir Əhmədov və başqaları Azərbaycana qarşı

Ərizələr Konvensiyanın 11-ci maddəsinin pozuntusu iddiaları – ictimai toplantıların təşkilatçılarına və iştirakçılarına qarşı qeyri-qanuni və qeyri-proporsional tədbirlərin tətbiqi ilə bağlı idi. Bu işdə tərəflər kommunikasiya zamanı dostca anlaşıblar.

AİHM-in qərardadına görə, hökumət ərizəçilərdən Şakir Əhmədov, Bəxtiyar Hüseynov, İsmayıl Həsənovun hər birinə 3900, Araz Məmmədov, Ramiz Cəfərov, Cabbar Savalanlı, Nemət Abbasov, və Nurlan Eldarovun hər birinə isə 2600 avro mənəvi zərər əvəzi ödəməlidir. Ərizəçilərin hər birinə həmçinin, 250 avro hüquqi xərc əvəzi ödənilməlidir. Bu işdə ərizəçiləri hüquşunaslar Tural Ağayev təmsil edib.

Azər Qasımlı Azərbaycana qarşı

Bu ərizə də Konvensiyanın 11-ci maddəsinin pozuntusu iddiaları – ictimai toplantıların təşkilatçılarına və iştirakçılarına qarşı qeyri-qanuni və qeyri-proporsional tədbirlərin tətbiqi ilə bağlı idi. Bu işdə tərəflər kommunikasiya zamanı dostca anlaşmadan imtina ediblər, Hökumət məhkəməyə iddia olunan pozuntunun etiraf edildiyi təktərəfli bəyannamə təqdim edib.

AİHM-in qərardadına görə, hökumət ərizəçiyə mənəvi zərər və hüquqi xərclər əvəzi 2850 avro ödəməlidir. Bu işdə ərizəçini vəkil Elçin Sadıqov təmsil edib.

Füzuli Hüseynov Azərbaycana qarşı

Bu məhkəmə işi ictimai toplantıların təşkilatçılarına və iştirakçılarına qarşı qeyri-qanuni və qeyri-proporsional tədbirlərin tətbiqinə görə Konvensiyanın 11-ci maddəsinin pozuntusu iddiaları ilə bağlı idi. Bu işdə tərəflər kommunikasiya zamanı dostca anlaşıblar.

AİHM-in qərardadına görə, hökumət ərizəçiyə mənəvi zərər və hüquqi xərclər əvəzi 2850 avro ödəməlidir. Bu işdə ərizəçini hüquqşunas Yalçın İmanov və vəkil Bəhruz Bayramov təmsil edib.

Cavid İbrahimov və Saqif Qurbanov Azərbaycana qarşı

Bu məhkəmə işində də ictimai toplantı iştirakçıları olan ərizəçilərə qarşı qeyri-qanuni və qeyri-proporsional tədbirlərin tətbiqi səbəbindən Konvensiyanın 11-ci maddəsinin pozuntusu qaldırlmışdı.Tərəflər kommunikasiya zamanı dostca anlaşıblar.

Qərardad ərizəçilərin hər birinə 2500 avro mənəvi zərər, 350 avro hüquqi xərc əvəzi ödənilməsini nəzərdə tutur. Ərizəçiləri AİHM-də vəkil Cavad Cavadov təmsil edib.

Elnur Cabbarov və Kənan Əliyev Azərbaycana qarşı

Bu məhkəmə işi ərizəçilərin məhkəməyə qədər həbs edilməsinin qanunsuzluğu iddiaları ilə bağlı idi.

Kommunikasiya zamanı tərəflərin uğursuz dostca anlaşma müzakirələrinin ardınca hökumət AİHM-ə təktərəfli bəyannamə təqdim edib. Hökumət, iddia olunan pozuntuları etiraf edib, ərizəçilərə təzminat ödəməyi təklif edib. Həmin bəyannaməyə əsaslanan qərardada görə, hökumət 3 ay ərzində ərizəçilərin hər birinə 3500 avro (mənəvi zərər 3000, hüquqi xərclər üçün 500) təzminat ödəməlidir. Ərizəçiləri AİHM-də vəkillər Azər Rəsulov və Nemət Kərimli təmsil edib.

Maniyev və başqaları Azərbaycana qarşı

Ərizələr inzibati icraatlar zamanı məhkəmələrin ədalətsilziyi (6-cı maddə) iddiaları ilə bağlı idi. Kommunikasiya zamanı tərəflər dostca anlaşıblar.

AİHM-in qərardadına görə, hökumət ərizəçilərdən Emil Maniyev, Emin Axundov, Tərlan Muradov və Rəşad Abbasovun hər birinə mənəvi zərər əvəzi 1000, ərizəçilərdən Bəşir Tarıverdiyev və Cavid Hacıbəylinin hər birinə isə 2000 avro ödəməlidir. Hüquqi xidmətə görə hər ərizəçiyə 250 avro ödənilməlidir. Bu işdə ərizəçiləri hüquşunaslar Samirə Ağayeva, Tural Ağayev və Elvin Ələmov təmsil edib.

Solmaz Ağayeva Azərbaycana qarşı

Bu işdə mülkiyyət hüququnun pozuntusu mübahisələndirilmişdi – ərizəçiyə məxsus əmlak (qaraj) müxtəlif dövlət orqanlarının sərəncamları əsasında sökülmüş, ona kompensasiya verilməsi nəzərdə tutulsa da ödəniş edilməmişdi. Ərizəçi mülkiyyət hüquqlarının pozulmasından, xüsusən də əmlakının sökülməsinin qanunvericiliyə uyğun həyata keçirilməməsindən şikayət edirdi.

Məhkəmə bu ərizəni qəbul edilməz hesab edib – ərizəçi vəfat edib, məhkəmə onun varislərinin şikayəti davam etdirməsi kontekstindəki yazışmaları, ərizəyə baxılmasının davam etdirilməsi üçün yetərli hesab etməyib.

Aihmaz.org

16:27, 19 Oktyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

AXCP sədrinin mühafizəçisinin apellyasiya şikayəti təmin edilməyib

by Gozetci 16:11, 19 Oktyabr 2023
written by Gozetci

Kənan Zeynalov

Oktyabrın 19-da Bakı Apellyasiya Məhkəməsi hakim Elbəy Allahverdiyevin sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Kənan (Basqal) Zeynalovun inzibat həbsə məhkum edilməsi barədə Surxanaı rayon Məhkəməsinin qərarından verilən şikayəti təmin etməyib.

Kənan Zeynalovun özü məhkəmədə iştirak edib. O, həbsinin siyasi olduğnu bildirib.

Vəkil Fəxrəddin Mehdiyev Kənan Zeynalovun Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin mühafizəçisi olduğunu, müharibə iştirakçısı olduğunu bildirərək məhkəmədən həbs qəraraının dəyişdirilməsini istəyib. Lakim hakim heyəti qərarı dəyişmədən saxlayıb.

Vəkil bildirib ki, qərardan Avropa İnsan Haqları Məhkəməsinə şikayət verəcək.

Xatırlatma

Oktyabrın 5-də Suraxanı rayon Məhkəməsi Kənan Zeynalovu İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən (polisin qanuni tələbəinə tabe olmamaq) təqsirli bilərək 25 sutka inzibati həbsə məhkum edib.

“Mübariz, əqidəli cəbhəçi (AXCP üzvü-red), 1-ci Qarabağ savaşı qazisi, vətən torpaqlarının müdafiəsi zamanı ağır xəsarətlər almış, mənim ictimai əsaslarla mühafizəçim Kənan Basqal şərlənərək həbs edilib. Kənan bəy polisə müqavimət adı ilə şərlənib və inzibati qaydada 25 sutka müddətinə həbs olunub. Demişdik axı, millətin övladlarının qanı, canı bahasına əldə olunmuş hərbi qələbəni xalqın vətənpərvər, seçilmiş övladlarına qarşı repressiya fürsətinə çevirməyin”, AXCP sədri Əli Kərimli Facebook hesabında yazıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

AXCP bildirir ki, son bir neçə gün beş fəalı inzibati həbsə məhkum edilib.

Amerikanın Səsi

16:11, 19 Oktyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

“Müsəlman Birliyi” Hərəkatının iki fəalı 4 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib

by Gozetci 15:39, 19 Oktyabr 2023
written by Gozetci

Samir Babayev və Bəxtiyar Babaşov

Oktyabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan “Müsəlman Birliyi” Hərəkatının (MBH) üzvü Samir Babayevə hökm oxunub.

O, 2022-ci il dekabrın 2-də saxlanılıb, 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə ittiham irəli sürülüb və o, 4 ay müddətinə həbs edilib.

İstintaqın iddiasına görə, Babayevin üzərindən içərisində ümumilikdə 9,695 qram metamfetamin olan üç ədəd paket tapılıb.

Vəkil Fariz Namazlı Turan-a bildirib ki, fəalın təqsirinin etibarlı dəlilləri təqdim edilməyib. İttiham polislərin özlərinin və iki hal şahidinin ifadələrinə əsaslanıb. Polis bölməsində göstərilən təzyiqə baxmayaraq, Babayev etirafedici ifadə verməyib.

Bundan başqa, Babayevin üzərində “axtarış” Strasburq məhkəməsinin presedent qərarlarında nəzərdə tutulduğu kimi onun saxlanıldığı yerdə deyil, bir neçə saat sonra polis bölməsində aparılıb. Vəkilin sözlərinə görə, hökmdən şikayət veriləcək.

Bir gün əvvəl, oktyabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində MBH-nin daha bir fəalı – Bəxtiyar Babaşova da hökm oxunub. O da eyni ittihamla 4 il müddətinə həbs edilib. Bu barədə Turan-a onun həyat yoldaşı, jurnalist və hüquq müdafiəçisi Arzu Abdulla bildirib.

Onun sözlərinə görə, Babaşov martın 9-da saxlanılıb, həmin vaxt onu faktiki olaraq oğurlayıblar və bir neçə gün ailəsi onun aqibətindən xəbərsiz olub. Saxlanılan şəxsin ailə üzvləri ilə əlaqə saxlamasına, seçdiyi vəkili dəvət etməsinə icazə verilməyib.

Məhkəmə istintaqı zamanı Babaşovun təqsirinin dəlilləri təqdim edilməyib və o, yalnız polislərin ifadələri əsasında mühakimə olunub.

Yerli hüquq müdafiəçilərinin məlumatına görə, son bir ildə Azərbaycanda yüzlərlə dindar və dini fəal saxlanılıb. Onların bir hissəsi sonradan azad edilib, amma əksəriyyəti narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunaraq həbs olunub. Analitiklər şiə dindarların kütləvi həbslərini Azərbaycan və İran arasında münasibətlərin gərginləşməsi ilə əlaqələndirir.

Turan 

15:39, 19 Oktyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq Pozuntularıİşgəncə və pis rəftarSliderXƏBƏRLƏR

Bakı sakini polis bölməsində təzyiqə məruz qaldığını deyir

by Gozetci 13:31, 19 Oktyabr 2023
written by Gozetci

İlkin Cəlilovun bölmədə təhqir olunduğu, videoya çəkildiyi bildirilir

Bakı şəhər sakini İlkin Cəlilov Meydan TV-nin paylaşımına şərh yazdıqdan sonra Sabunçu rayon 12-ci polis bölməsinə çağırılıb.

Bu barədə Meydan TV-yə onun qardaşı, videobloger Manaf Cəlilzadə məlumat verib. Onun sözlərinə görə, oktyabrın 18-də polis bölməsində İlkin Cəlilova təzyiq göstərilib:

“Qardaşımı təhqir ediblər, vurublar. Daha sonra isə onu videoya çəkiblər. Videoda məcbur ediblər desin ki, qələt etmişəm prezident barədə paylaşıma rəy bildirmişəm, bir daha etməyəcəm”.

Meydan TV İlham Əliyevin bu fikirlərini paylaşıb: “Bizim təbii sərvətlərimiz Azərbaycan xalqının mənafeyi naminə istifadə edilib”.

İlkin Cəlilov isə həmin paylaşıma “Yaxşı olardı ki, neft gəlirləri vətəndaşlar arasında ədalətli bölünərdi” yazıb. Bundan sonra o, təzyiqə məruz qalıb.

İlkin Cəlilov. Foto: Meydan TV

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Meydan TV-yə bildirib ki, ötən gün İlkin Cəlilov barədə 12-ci polis bölməsinə müraciət daxil olub.

“Vətəndaş polis bölməsinə dəvət edilib, araşdırma aparılıb və sərbəst buraxılıb. Onun polis bölməsində təzyiqlərə məruz qalması ilə bağlı iddialar isə şəxsi mülahizələridir”, – DİN sözçüsü deyib. Nurlan Əliyev İlkin Cəlilovun hansı müraciət əsasında çağırıldığını açıqlamayıb.

Vətəndaşların sosial şəbəkələrdə paylaşımlarına görə təzyiqlərə məruz qalması ilk hadisə deyil. Hazırda təcridxanada paylaşımlarından sonra müxtəlif maddələrlə ittiham edilib həbs olunan xeyli ictimai-siyasi fəal var. Onların əksəriyyəti polisin qanuni əmrinə tabe olmamaqda ittiham olunur.

İlham Əliyev isə çıxışlarında Azərbaycanda söz və ifadə azadlığının toxunulmazlığından danışır.

Meydan TV 

13:31, 19 Oktyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Qalib Toğrul: “Qubad İbadoğlunun müayinə nəticələri hələ də təqdim edilməyib”

by Gozetci 10:59, 19 Oktyabr 2023
written by Gozetci

Qalib Toğrul

Oktyabrın 18-də vəkil Zibeydə Sadıqova hazırda həbsdə olan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu ilə görüşüb.

Qubad İbadoğlu oktyabrın 13-də mülki xəstəxanada, Mərkəzi Klinik Xəstəxanada həm kompüter tomoqrafiyasından, həm də maqnit rezonans tomoqrafiyasından keçirilmişdi. Ancaq nəticələr barədə Qubad ibadoğluna və vəkilinə hələ də məlumat verilməyib.

Bu barədə Qubad İbadoğlunun qardaşı Qalib Toğrul Amerikanın Səsinə bildirib.

“Bizə konkret bir məlumat verilməyib. Təxminən belə bir şey deyiblər ki, L3, L4, L5 disklərində problem var. Ancaq problemin nədən ibarət olduğunu demirlər. Əslində ürəyin deyil, döş qəfəsininin kompüter tomoqrafiyası edilib. Orda yalnız ürək deyil, ağciyər, bronxlar nəzərdən keçirilir. Bununla bağlı da hər hansı bir məlumat verilməyib bizə. Vəkil kompüter tomoqrafiyası keçirilən gündən Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinə müraciət edib ki, həmin diskləri bizə təqdim etsinlər. Hələ ki, ondan da bir cavab yoxdur. Qubad İbadoğlunun son müayinəsindən sonra həkimlərin rəyi necədir, biz bilmirik. Müayinə zamanı qanunvericiliyin tələblərinə zidd olaraq, xəstəxanada Qubad İbadoğlunun qollarına qandal vurulub. Müayinə bitən kimi onu oradan götürüb geri qaytarıblar. İmkan verməyiblər ki, o, müayinəni aparan həkimlə ünsiyyətdə olsun. ”, o qeyd edib.

Qalib Toğrul sonuncu dəfə oktyabrın 14-də 1 saylı Bakı İstintaq Təcridxanasında qardaşı ilə görüşüb.

Xatırlatma

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs-qətimkan tədbiri seçib. Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir. Bu günədək bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.

Amerikanın Səsi

10:59, 19 Oktyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Avropa Məhkəməsi Qarabağda hərbi cinayətlərə görə Ermənistanın məsuliyyət daşıdığını tanıyıb

by Gozetci 16:00, 18 Oktyabr 2023
written by Gozetci

Oktyabrın 18-də Avropa İnsan Hüquqları Məhkəməsi “Ohanesyan və Karapetyan Ermənistana qarşı” işi üzrə qərar qəbul edib.

Bu iş üzrə ərizəçilər Ermənistan vətəndaşları Mikael Ohanesyan və Svetlana Karapetyandır. Onların  oğulları R.Ohanesyan və A.Sarqsyan Qarabağda xidmət zamanı həlak olublar. https://hudoc.echr.coe.int/eng#{%22itemid%22:[%22001-228148%22]}

Hər iki əsgər 2009 və 2008- ci illərdə Ermənistandan orduya çağırılıb və “Dağlıq Qarabağ Respublikasında” (Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında dırnaq işarəsilə yazılıb- red.) yerləşən hərbi hissəyə xidmətə göndərilib.

2010-cu il iyulun 28-də saat 18:00-a yaxın Ohanesyan, Sarqsyan və digər dörd hərbçi güllə yarasından ölmüş vəzyyətdə tapılıb. Ərizəçilərin bildirdiyinə görə, onların övladları nizamnamədənkənar münasibətlərin qurbanı olublar, işgəncələrə, döyülmələrə məruz qalıblar və öldürülüblər.

Ərizəçilər hesab edirlər ki, Ermənistan hakimiyyəti bütün günahkarların, o cümlədən  yüksək vəzifəli komandirlərin müəyyən edilməsi və cəzalandırılması üçün effektiv araşdırma aparmayıb.

Avropa İnsan Hüquqları Məhkəməsi Avropa İnsan Hüquqları və Azadlıqları Konvensiyasının 2-ci (yaşamaq hüququ) maddəsi üzrə ərizəçilərin hüquqlarının pozulduğunu tanıyıb. Strasburq məhkəməsi hər bir ərizəçiyə 30 min avro kompensasiya ödənilməsini qərara alıb.

Azərbaycanlı hüquqşünas, Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Muxtar Mustafayev  Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktının beynəlxalq məhkəmə instansiyasında bir daha təsdiqi baxımından Avropa İnsan Hüquqları Məhkəməsinin bu qərarını çox vacib hesab edir.

O, Turan-ın müxbirilə söhbətində qeyd edib ki, Ermənistanın öz vətəndaşlarını Azərbaycanın işğal olunmuş ərazisinə orduya xidmətə göndərməsi Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında təsdiqlənir.

Bundan əlavə, Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisində törədilmiş cinayətlərə görə Ermənistanın məsuliyyət daşıdığını tanıyır.

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Strasburq məhkəməsinin “Çıraqov və başqaları Ermənistana qarşı” işi üzrə digər qərarına da istinad var. Burada Ermənistan Laçın rayonundan bir qrup şəxsin doğma yurdundan qovulmasına və əmlakından məhrum edilməsinə görə məsuliyyət daşıdığı tanınıb.

“Öz- özlüyündə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı öz əraziləri üzərində suverenliyinin bərpasına görə Azərbaycanın ünvanına ittihamlarla çıxış edənlərə cavabdır”, – Muxtar Mustafayev deyib.

Turan

16:00, 18 Oktyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Vaqif Xaçaturyan: “Meşəli qətliamının planı bir gün əvvəl Xankəndidə hazırlanmışdı”

by Gozetci 15:25, 18 Oktyabr 2023
written by Gozetci

Vaqif Xaçaturyan

Milli Qəhrəmanın qardaşı: “Qardaşımın külünü gətirib verdilər…”

1991-ci ildə Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qətliamda ittiham olunan Vaqif Xaçaturyanın Bakıda mühakiməsi davam edir. Onun haqqındakı cinayət işini Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev və hakimləri – Camal Ramazanovla Rafiq Abbasov araşdırır. Məhkəmə prosesi Yasamal Rayon Məhkəməsinin inzibati binasında keçirilir.

Xaçaturyana qarşı cinayət işi üzrə 59 zərərçəkmiş var. Onlardan 58-i fiziki şəxslər, biri isə Xocalı Rayon İcra Hakimiyyətidir. Zərərçəkmişlərin bir qismi oktyabrın 16-da keçirilən məhkəmə iclasında dindirilib. Oktyabrın 17-də onların dindirməsi davam edib.

Zərərçəkənlərdən Bəsti Behbudova deyir ki, Meşəlidə qətliam baş verəndə uşaq idi. Həmin hadisədə atası güllə yarası alıb. Onun sözlərinə görə, təqsirləndirilən şəxsin adını kənd camaatından eşitmişdi. Atasının həmin hadisələr vaxtı aldığı travma nəticəsində sonradan vəfat etdiyini deyən zərərçəkmiş Vaqif Xaçaturyana ən ağır cəza verilməsini tələb edib.

Digər zərərçəkmiş Bayram Hacıyev deyir ki, o dövrdə 20 yaşı vardı. Vaqif Xaçaturyanı sürücü kimi tanıyırdı:

“Kənddə hamı bir ağızdan deyirdi ki, bunu eləyən Vaqifin dəstəsidir. Ernest, Armayis kimi adamların da adlarını çəkirdilər. Vaqif onlarla birlikdə eləyib. Çaydandan qaynar su töküb uşağı yandırmışdılar…”.

O da Vaqif Xaçaturyana ömürlük həbs cəzası verilməsini istəyib.

Təqsirləndirilən şəxs isə ünvanına səslənən ittihamın doğru olmadığını vurğulayıb. O bildirib ki, bu zərərçəkənin atasını tanıyırdı.

Zərərçəkən Ədalət Salmanov bildirib ki, dekabrın 23-də səhər tezdən kəndə hücum olub. Səsgücləndirici vasitəsilə kənd sakinlərinə xəbərdarlıq ediblər. Onun sözlərinə görə, səsgücləndirici ilə xəbərdarlıq edən də Armayis adlı erməni idi. Amma Azərbaycan dilində danışırdı:

“Hadisələrin başında duran Vaqifin dəstəsi idi. Daşbulaqda maşınımı yandırdılar. Bizə eləmədikləri əzab-əziyyət qalmayıb”.

Zərərçəkmiş Fazil Hacıyev də Meşəli qətliamında Vaqif Xaçaturyanı ittiham edib. Onun sözlərinə görə, təqsirləndirilən şəxsi qonşu kəndin sakini kimi tanıyırdı, sürücü idi:

“Bir evdə beş nəfəri yandırdılar. Kəndin giriş-çıxışını bağlamışdılar. Biz kəndi mühafizə edirdik. Məktəbdə adamları diri-diri yandırmışdılar. Dəstəsilə divan tutdu əhaliyə. Bunlar təcili yardımda polis əməkdaşını güllələyiblər”.

Vaqif Xaçaturyan bu zərərçəkmişə də deyib ki, Meşəli qətliamında heç bir rolu olmayıb.

Prokuror təqsirləndirilən şəxsdən soruşub ki, bəs niyə zərərçəkmişlər məhz onun adını çəkir, onu ittiham edir?

“Mən həbs olunmuşam, ona görə də mənim adımı çəkirlər”, – Vaqif Xaçaturyanın cavabı belə olub.

Hakim Zeynal Ağayev bu yerdə əlavə edib ki, zərərçəkmişlər hələ 10 il əvvəl onun adını çəkiblər. Bu səbəbdən onun haqqında qiyabi həbs qərarı çıxarılıb, beynəlxalq axtarışa verilib.

Daha bir zərərçəkmiş Arzu Rüstəmov bildirib ki, Milli Qəhrəman Hidayət Rüstəmovun qardaşıdır. Onun sözlərinə görə, qardaşı polis əməkdaşı olub və həmin hadisələr vaxtı Meşəli kəndinə ezam edilib.

Arzu Rüstəmovun sözlərinə görə, onların özləri Ağdamın Xıdırlı kəndində yaşayırdılar:

“Qardaşımı Meşəlidə yandırmışdılar. Bizə külünü gətirib verdilər. Əynindəki jaket olan hissə qalmışdı. Biz külü basdırmışıq”.

Zərərçəkmişin hüquqi varisi qismində ifadə verən Arzu Rüstəmov Vaqif Xaçaturyana ən ağır cəza verilməsini tələb edib.

Təqsirləndirilən şəxs zərərçəkmişlərin onun ünvanına səsləndirdiyi ittihamları rədd etməklə yanaşı, Meşəli hadisələrinin təşkilatçıları haqda danışıb. O bildirib ki, Meşəli qətliamı hadisədən bir gün əvvəl Xankəndidə hazırlanıb:

“Təşkilatçılar Ermənistandan, xaricdən gələnlər və Daşnaksütyunun üzvləri idi”.

O vurğulayıb ki, hadisə günü Meşəli kəndində yox, Badara kəndində, öz evində olub. Qətliamdan da hadisədən bir gün sonra xəbər tutub.

“Mən bütün günü işləyirdim ki, ailəmi dolandırım. Azərbaycanlılarla birlikdə işləyirdim. Odun yığırdıq”, – o, məhkəmədə belə deyib.

Məhkəmə prosesi oktyabrın 24-də davam edəcək.

Xatırlatma 

1953-cü il təvəllüdlü Vaqif Xaçaturyan iyulun 29-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyilə Ermənistana getmək istəyərkən Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.

Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, Vaqif Xaçaturyan hələ 2013-cü ilin noyabrından Azərbaycan Cinayət Məcəlləsinin 103 (soyqırım) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə beynəlxalq axtarışa verilmişdi

Meşəli kəndindəki hadisələr zamanı 25 azərbaycanlının öldürüldüyü, 14 nəfərin xəsarət aldığı, 358 nəfərin isə yaşadığı yerdən didərgin düşdüyü bildirilir.

Meydan TV

15:25, 18 Oktyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

4 azərbaycanlı dənizçinin Ərəb Əmirliklərində girov saxlanıldığı bildirilir

by Gozetci 11:35, 18 Oktyabr 2023
written by Gozetci

Foto: Arxiv

Ailələri XİN-ə müraciət edib, hələ ki nəticə yoxdur

Azərbaycan vətəndaşı olan 4 dənizçinin Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) girov saxlanıldığı bildirilir.

Dənizçilərdən birinin nişanlısı İlahə Fətullayeva Meydan TV-yə bildirib ki, İlyas Eyvazov Elman oğlu, Mazay Qurbanov Sarı oğlu, Elçin Nəcəfov Elşad oğlu və Əbülfəz Həmidov Əyyub oğlu bu il avqustun 20-dən Abu-Dabidə saxlanılır.

Həmin şəxslər “ST Shipping Survey Technical Consultancy Co” şirkəti ilə müqavilə bağlayaraq, 2022-ci ilin dekabrından “Gelibolu” gəmisində işləməyə başlayıblar.

İlahə Fətullayevanın sözlərinə görə, dənizçilər 2023-cü il avqustun əvvəlində Birləşmiş Ərəb Əmirliklərindəki “Mina Saqr” limanında 1200 ton ammonium nitrat olan yükü təhvil verdikdən sonra avqustin 9-da lövbər salaraq, növbəti yükü gözləyiblər:

“Lakin avqustun 20-də onları limana geri qaytararaq, yükün az olması barədə məlumat veriblər. Yükü təhvil alan şirkət iddia edib ki, məhsul kəmdir. Dənizçiləri hansısa polis bölməsinə aparıblar. Sonuncu məlumata görə, onlar Abu-Dabidədirlər”.

Şikayətçinin sözlərinə görə, ailələri dənizçilərlə əlaqə saxlaya bilmirlər:

“Üstəlik, şirkət də bizə heç nə demir, zəng edirik, cavab vermirlər. Şirkətin rəhbəri Kaan Akıncı valideynlərin zənglərini iqnora qoyur. Şirkət deyir ki, məhkəməni gözləyin. Dənizçilər iki dəfə aclıq aksiyası ediblər. Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət etdik. XİN Abu-Dabidəki Səfirliyimizə yazdı. Səfirliyimiz də onların Baş Prokurorluğuna yazıb. Məktublara cavab vermirlər. İş o yerə çatdı ki, səfirliyimizin əməkdaşı onlara nota göndərdi. “Araşdırıb, sizə geri dönəcəyik”, – deməklə kifayətləndilər”.

Azərbaycan Dənizçilərinə Dəstək İctimai Birliyinin sədri İlham Nəsirov Meydan TV-yə bildirib ki, dənizçilərin valideynləri məsələ ilə əlaqədar Birliyə müraciət ediblər:

“Dörd dənizçi haqqında məlumatları toplayıb, Azərbaycanın Dövlət Dəniz və Liman Agentliyinə, XİN-ə, ölkəmizin BƏƏ-dəki Səfirliyinə, beynəlxalq təşkilatlara və “Gelibolu” gəmisinin sahibinə birbaşa müraciət etdik. Təəssüf ki, aidiyyəti şirkət həm dənizçilərin ailələrinə, həm də bizə aqressiv cavablar verir. Doğru məlumat vermir, nə baş verdiyini gizlədir. Kimin nədə ittiham olunması barədə dəqiq məlumat vermirlər. Biri yazır ki, narkotik vasitələrlə tutulub, digəri yazır ki, yük kəmdir. Dənizçilərin isə aqibətindən xəbərimiz yoxdur. Onların harada saxlanıldıqları bəlli deyil. Onu bilirik ki, 40 gündən çoxdur ki, həbsdədirlər”.

Meydan TV məsələ ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinə sorğu göndərib.

Sorğuya cavab verilməyib.

“ST Shipping Survey Technical Consultancy Co” şirkətinin Əməliyyatlar üzrə meneceri Kaan Akıncı da Meydan TV-nin zənglərini cavabsız buraxıb.

Kaan Akıncı “Linkedin”də yazıb ki, yük heç bir problem olmadan alıcıya çatdırılıb.

Meydan TV 

11:35, 18 Oktyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir

  • Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib

  • Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir
20:17, 25 Mart 2026
Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib
22:20, 23 Mart 2026
Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir
16:26, 19 Mart 2026
Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia