Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

Qarabağ müharibəsi veteranının saxlanıldığı deyilir

by Gozetci 10:53, 24 Oktyabr 2023
written by Gozetci

Şahin Amanov

Oktyabrın 23-də Qarabağ müharibəsi iştirakçısı Şahin Amanov saxlanılıb. Bu barədə məlumatı “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa yayıb.

Onun sözlərinə görə, ötən gün bir polis əməkdaşı iki dəfə Şahin Amanovun qapısını döyüb, uşaqları ona zəng edib xəbər veriblər:

“Şahin evə gəlib və yolda polislə rastlaşıb. Soruşub ki, qapını niyə döyürsünüz? Deyib ki, qeydiyyat aparırıq və çıxıb gedib, daha sonra sağollaşıb ayrılıblar. Dedi ki, səmimi davrandı. Bu gün həmin Xosrov adlı polis zəng edib ki, 24-cü bölmənin rəisi sizinlə görüşmək istəyir. Şahin də deyib ki, evdə deyiləm, nə məsələdir? Deyib ki, sadəcə, söhbət etmək istəyir”.

Şəmşad Ağa bildirib ki, bu gün Şahin Amanova bir neçə saat öncə isə yenidən zəng ediblər ki, bəs müavin görüşmək istəyir.

“Şahin də deyib ki, həyətdəyəm. Deyiblər, gözlə gəlib orada söhbətləşək. İndicə mənə yazdı ki, 24-cü polis bölməsi məni saxladı. Ondan sonra nə zəng çatdı, nə mesaj. Şahin son günlər yaşadığı binanın təmiri ilə bağlı Nizami Rayon İcra Hakimiyyəti ilə bağlı çəkişmədə idi. Su damdığı üçün binanın üstünü öz vəsaiti ilə təmir etdirmişdi. Bu problemə görə şəxsən icra başısı da onu dəvət edib görüşmüşdü. Demişdi ki, problemi həll edərik, deyəsən, başçı problemi belə həll edir”, deyə Şəmşad Ağa qeyd edib.

Şahin Amanovun saxlanılması ilə bağlı Daxili İşlər Nazirliyindən məlumat almaq mümkün olmayıb.

Amerikanın Səsi

10:53, 24 Oktyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

AŞPA deputatları Azərbaycanda siyasi təqiblərin araşdırılmasına çağırır

by Gozetci 20:45, 23 Oktyabr 2023
written by Gozetci

Avropa Şurası

Avropa Şurası Parlament Assambleyasının bir qrup deputatı Azərbaycanda siyasi motivli təqibləri araşdırmaq üçün məruzəçi təyin edilməsinə çağırır.

“Azərbaycanda siyasi motivli təqibin araşdırılması zərurəti” başlıqlı qətnamə təklifində Azərbaycanda 2023-cü ilin əvvəlindən jurnalistlərə, həmkarlar ittifaqı fəallarına, ekologiya fəallarına, müxalifətçilərə və vicdan məhbuslarına qarşı repressiyaların güclənməsi ilə bağlı narahatlıq ifadə edilir.

AŞPA-nın 24 deputatın imzası ilə irəli sürülən qətnamə təklifində Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı repressiyaların həmişəkindən daha aydın göründüyü, hökumətin siyasi təqiblər, qondarma cinayət işləri vasitəsilə tənqidi səsləri susdurmağa çalışdığı qeyd edilir. Bu baxımdan son 12 ayda Azərbaycanda siyasi məhbusların sayının iki dəfə artdığı və 200 nəfərdən çox olduğu vurğulanır.

Hüquq müdafiəçisi Emin Hüseynov Amerikanın Səsinə bildirib ki, AŞPA-nın siyasi məhbuslarla bağlı ümumi məruzəçisi olsa da, Azərbaycanda siyasi məhbus sayı çox olduğu üçün ayrıca məruzəçi təyin edilməsinə ehtiyac var.

“AŞPA 2020-ci ilin yanvarında Azərbaycanda siyasi məhbus məsələsi ilə bağlı qətnamə qəbul edərək Azərbaycanı siyasi məhbus problemini, siyasi motivli həbsləri aradan qaldırmağa çağırıb. Buna baxmayaraq, Azərbaycan hakimiyyəti problemi həll etməməkdə israr edir və son bir ildə vəziyyət daha pisləşib. Ona görə Azərbaycanla bağlı ayrıca məruzəçi təyin edilməsi və ətraflı hesabat hazırlanması məqsədəuyğundur”, Hüseynov vurğulayıb.

Parlamentarlar qətnamə təklifində Qubad İbadoğlunun əssasız həbsi və həbsxanada səhhətinin pisləşməsi, habelə Bəxtiyar Hacıyev, Rəşad Ramazanov və Əvəz Zeynallının həbsləri ilə bağlı narahatlıq ifadə edib.

Sənəddə AŞPA-nın “getdikcə artan siyasi məhbus problemini və Azərbaycan hökumətinin törətdiyi hədə-qorxu aktlarını araşdıracaq” məruzəçi təyin etməli olduğu və bununla bağlı hərtərəfli hesabat hazırlanmalı olduğunu vurğulanır.

“Assambleya Azərbaycan hakimiyyətini Avropa İnsan Hüquqları Konvensiyasına əməl etməyə və insan hüquqlarının pozulmasına son qoymağa, habelə bütün siyasi məhbusları dərhal və qeyd-şərtsiz azad etməyə çağırmalıdır”, qətnamə təklifində qeyd edilir.

Qaydalara əsasən, qətnamə təklifi yaxın gələcəkdə AŞPA bürosunda müzakirəyə çıxarılacaq. Təklif qəbul edilərsə, AŞPA-nın müvafiq komitəsi hesabat hazırlanmaq üçün məruzəçi təyin edəcək.

Azərbaycanda siyasi məhbus problemi, o cümlədən Qubad İbadoğlunun həbsi AŞPA-nın 9-13 oktyabr tarixlərində baş tutan payız sessiyası çərçivəsində təşkil edilən tədbirdə də müzakirə edilib. Tədbirə qatılan AŞPA deputatları və insan hüquqları təşkilatlarının nümayəndələri Qubad İbadoğlunun azad edilməsinə, Azərbaycanda siyasi məhbus probleminin həlli və ümumilikdə insan hüquqlarının vəziyyəti ilə bağlı Avropa Şurası tərəfindən daha effektiv addımlar atılmasına çağırıblar.

Digər tərəfdən, ötən ay Avropa Parlamenti Azərbaycanda insan hüquqlarının vəziyyəti və siyasi motivli həbslərlə qətnamə qəbul edərək insan hüquqlarını pozan məmurlara qarşı sanskiyalar tətbiq edilməsinə çağırıb. Parlamentin mövzu üzrə müzakirələrində iştirak edən Avropa İttifaqı komissarı Eliza Ferreyra qeyd edib ki, “İnsan hüquqları və qanunun aliliyi Azərbaycanla münasibətlərimizin əsasında durur”.

Yerli insan hüquqları təşkilatlarının bu ayın əvvəli dərc etdiyi siyahıya əsasən, hazırda Azərbaycanda jurnalistlər, hüquq müdafiəçiləri və siyasi müxalifət üzvləri də daxil olmaqla, 235 siyasi məhbus var.

Beynəlxalq və yerli təşkilatlar Azərbaycanda hökumət tənqidçilərinə qarşı siyasi motivli təqiblər və həbslər barəsində narahatlıq ifadə etsə də, rəsmi Bakı bir qayda olaraq bu ittihamları qəbul etmir. Azərbaycan hakimiyyəti ölkədə bütün əsas hüquq və azadlıqların qorunduğunu, heç kimin siyasi iradəsinə görə təqib edilmədiyini bildirir.

Amerikanın Səsi 

20:45, 23 Oktyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

İctimai fəal Zəka Mirağayev həbs edilib

by Gozetci 17:12, 23 Oktyabr 2023
written by Gozetci

Zəka Mirağayev

Vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib ki, Zəka Mirağayev oktyabrın 11-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və Səbail rayon Məhkəməsi barəsində 4 ay həbs qətimkan tədbiri seçib.

“Mirağayev özünü təqsirli bilmir. Məhkəmədə bildirdi ki, onu evindən polis aparıb. Narkotik vasitəni də cibinə polis qoyub”, vəkil qeyd edib.

Vəkil həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə məhkəmə qərarından verdiyi şikayəti oktyabrın 20-də Bakı Apellyasiya Məhkəməsinin təmin etməyib. Sadıqov Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərcəyini deyib.

Zəka Mirağayevin yaxınları Amerikanın Səsinə deyib ki, onun həbsi yazdığı açıq məktubla bağlıdır. Həmin məkubda o, Daxili İşlər Nazirliyinin rəhbərliyini tənqid edib.

“Məktubu sosial şəbəkələrdə yayılan günün səhərisi onu evdən aparıblar”.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan bildiriblər ki, iddialar əsassızdır və şəxsi mülahizələrdir.

“Zəka Mirağayev barəsində araşdırma aparılır, araşdırma çərçivəsində o, saxlanılıb. Onun yaxınlarının iddiaları araşdırma predmeti olduğu üçün tövsiyə edilir ki, istintaqa müraciət etsinlər”.

İctimai fəal Zəka Mirağayev həbsindən öncə hüquq müdafiəçisi Rüfət Səfərova müraciət edib ki, hökuməti, polisi sərt tənqid etmək qərarına gəlib.

“O yazmışdı ki, bilir tənqidi münasibətindən sonra onu şərləyib həbs edəcəklər. Həbs edilərsə onu müdafiəsiz qoymayaq. Mirağayev daxili işlər naizirliyinin rəhbərliyi barədə tənqidi post yayan kimi şərləyib həbs ediblər”, Səfərov facebook səhifəsində yaydığı videoda deyir.

Hüquq müdafiəçisi hesab edir ki, son dövrlər demək olar hər gün hökumətin tənqidçiləri, müxalifətçilər, icitimai fəallar həbs edilir.

“Bu hökumət, bu idaretmə sistemi hesab edir ki, onlar sanki müqəddəsləşib, onları tənqid etmək olmaz. Ölkənin ərazi bütövlüyü təmin ediləndən sonra bunlar sanki tam müqəddəsə çevrilib. Yəni bu müqəddəsləri tənqid etmək ya cinayət hadisəsi sayılır, ən yaxşı halda isə inzibati xəta hesab olunur”, o qeyd edib.

Hüquq müdafiəçisi hökuməti bu addımından əl çəkməyə çağırıb.

Amerikanın Səsi 

17:12, 23 Oktyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Adekvat yaşayış standartıHüquq PozuntularıLənkəran–AstaraSliderXƏBƏRLƏRYerli İcmalar

Ləj sakinləri yolun təmiri üçün növbəti seçkini gözləyir

by Gozetci 16:46, 23 Oktyabr 2023
written by Gozetci

Kənd yolları, Foto: Meydan TV

Kəndlilər deyir ki, seçki zamanı yolla bağlı vədlər verilir, sonra unudulur

“Kəndimizin yolları elə vəziyyətdir ki, hər gediş-gəlişdən sonra avtomobili təmir etdirməli oluruq. Yol başdan-başa kələ-kötürdür. Bir az yağış yağan kimi bataqlıq yaranır”.

Bunu Meydan TV-yə Lənkərann Ləj kəndinin sakinləri bildiriblər. Onların sözlərinə görə, yağışlı günlərdə kəndə gediş-gəliş çətinləşir.

Sakinlərdən Arif Əliyev deyib ki, kəndlə rayon mərkəzi arasında 12 kilometrlik məsafə var. Məhz yollara görə rayon mərkəzinə köçməyə məcbur qalıb. Hərçənd ki, rayon mərkəzində də küçələrin əksəriyyəti təmirsiz və baxımsızdır.

“Kəndlilərin dolanışığı əkin-biçinlə yanaşı yoldan çıxır. Yol keçilməzdirsə, dolanışıq da çətinləşir. Yola görə taksilər qiyməti iki-üç dəfə bahalaşdırırlar. Kəndimizin şəhidləri var, heç olmasa onlara görə təmir etsinlər”.

Kəndlilər deyirlər ki, rayonun imkanı heç də pis deyil, amma Lənkəran bəlkə də respublikada yolların təmirinə görə ən geridə qalmış rayonlardan birinə çevrilib.

Şikayətçilər söyləyirlər ki, yolları son onillikdə təmir olunmayıb. Hələ illər əvvəldən müxtəlif təşkilatlara müraiətlər ediblər. Bildiriblər ki, onsuz da təmirsiz olan yolları ağırtonajlı maşınlar daha da bərbad vəziyyətə salıb. Seçkiönəsi hətta namizədlər də yolların vəziyyəti ilə bağlı çıxışlar edib, sakinlərə vədlər verilib. Ancaq seçki bitəndən sonra yolların təmiri ilə bağlı vədlər unudulub. Sakinlər növbəti seçkiləri gözləyirlər.

Deyirlər ki, Ləj kəndinin turist cəlb etmək üçün cəlbedici təbiəti var. Yollar təmir edilərsə, o cümlədən şərait yaradılarsa, onlarla ailənin dolanışığı yaxşılaşar.

Lənkəran Rayon İcra Hakimiyyətindən isə bildiriblər ki, Ləj kəndinin yollarından xəbərdardılar. Kərgəlan-Talışlı-Ləj avtomobil yolunun, o cümlədən 4 km-lik Ləj yolunun yenidən qurulması Dövlət İnvestisiya Proqramına daxil edilib. Vəsait ayrılandan sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yolun əsaslı təmiri həyata keçiriləcək.

Meydan TV 

16:46, 23 Oktyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

General Bəkir Orucovun vəkili Mais Bərxudarovu ittiham edir

by Gozetci 11:40, 23 Oktyabr 2023
written by Gozetci

Məhkəmə. Foto: Meydan TV

“Kimisə qorumaq üçün onu qurban veriblər…”

2017-ci ilin mayında Tərtərlə paralel Beyləqanda da xəyanət, casusluq şübhəsiylə əsgər və zabitlərə qarşı kütləvi işgəncələr olub, nəticədə bir nəfər – baş leytenant Adil Sabirli həyatını itirib. 2021-ci ilin dekabrında “Tərtər işi” üzrə yenidən istintaq aparılanda bu hadisə ilə bağlı da icraat təzələndi və biri general olmaqla, 5 nəfər cinayət məsuliyyətinə cəlb olundu. Sözügedən 5 nəfərin işi üzrə yarım ildən çox davam edən məhkəmə istintaqı başa çatıb. Hazırda onların məhkəməsində müdafiə tərəfinin çıxışları mərhələsidir.

Söhbət həmin dövrdə Beyləqan korpusunun qərargah rəisi olmuş, 2022-ci ildə həbs ediləndə isə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Bəkir Orucov, korpusda təlimatçı olmuş Ülvi Rəşidov, snayper bölüyünün komandiri Ziya Kazımov, təhqiqatçı Rahib Məmmədov və Müdafiə Nazirliyinin Hüquq İdarəsində təhqiqat bölməsinin rəis müavini olmuş İntiqam Məmmədovdan gedir.

Adları çəkilən şəxslər hərbçilərə qarşı işgəncələr, pis rəftar, vəzifə səlahiyyətlərini aşma və s. hərəkətlərdə ittiham olunur. Prokuror general Bəkir Orucov və Ziya Kazımovun hər birinə 12 il 6 ay, Ülvi Rəşidov və İntiqam Məmmədova 10 il 6 ay, Rahib Məmmədova isə 8 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib. Təqsirləndirilən şəxslərdən Ziya Kazımov və Ülvi Rəşidov barəsində həbs qətimkan tədbiri seçilməyib. Bu səbəbdən prokuror Vüsal Mehrəliyev bildirib ki, hökm çıxarılarkən onlar məhkəmə zalında həbs olunmalıdır.

Təqsirləndirilən polkovnik Ziya Kazımov hazırda da Azərbaycan Ordusunda xidmət edir. O, sentyabrın 19-20-də Qarabağda keçirilən anti-terror əməliyyatlarında iştirak edib.

Ziya Kazımov.Foto: sosial şəbəkə

Son məhkəmə iclasında zərərçəkmişlər prokurorun Ziya Kazımova 12 il 6 ay həbs tələbinə etiraz ediblər. Onun həm Azərbaycan ərazilərinin işğaldan azad olunmasındakı xidmətlərini vurğulayıblar, həm də işgəncələrdə iştirak etmədiyini bildiriblər.

“Mən konkret Ziya Kazımova istənilən cəza tələbilə razı deyiləm. Prokuror çıxışında zərərçəkmiş ifadələrinə istinad edib, mənim adımı çəkib ki, guya mən Ziya Kazımovun işgəncə verdiyini demişəm. Mən elə söz deməmişəm. Əsas işgəncələr Daşburunda olub. Adama elə işgəncə vermişdilər, dizimin üstündə can verirdi. Orada da Ziya Kazımov yox idi. Hər şey gözümün qabağında olub.

Ən əsası, bu adam cinayətkardısa, anti-terror əməliyyatında bir batalyonu niyə ona etibar edib döyüşə göndərirdilər? 44 günlük müharibədə də, 19 sentyabrda 1 günlük döyüşlərdə də onun elədiyi qəhrəmanlıqları çoxu bilir. Şəhid olsaydı, hamı deyəcəkdi qəhrəmandı. İndi niyə bu cür davranılmalıdır ona qarşı? Ziya Kazımovun kimisə döydüyünü, söydüyünü burada oturan zərərçəkmişlərin heç biri görməyib. Mümkündürsə, ona heç bir cəza verilməsin…”, – zərərçəkmiş Zaur Əliyev şıxışında bildirib.

O əlavə edib ki, bu cinayətlərin başında dayananların heç biri hazırda məhkəmə qarşısında dayanmayıb.

Müdafiəçilərin çıxışları mərhələsi öncə təqsirləndirilən Ülvi Rəşidovun vəkili ilə başlayıb. O, hüquqlarını müdafiə etdiyi şəxs haqqında bəraət hökmü çıxarılmasını istəyib. Vəkilin sözlərinə görə, Ülvi Rəşidovun kiməsə işgəncə verməsi təsdiqini tapmayıb:

“Mais Bərxudarov onu çağırıb, müəyyən göstərişlər verib, o da yerinə yetirib. Adil Sabirlini polkovnik Elşad Əbilov gətirib. O, öldüyü vaxt Ülvi Rəşidov Beyləqanda taborun ərazisində olmayıb. Anten məlumatlarından da görünür ki, Ağcabədi ərazisində olub”.

Ardınca Bəkir Orucovun vəkilləri çıxış edib. Əvvəlcə vəkillərdən Elvin Rzayev bildirib ki, Beyləqan hadisələrindən 6 il keçsə də, indiyədək orada baş verənlərə kimlərin rəhbərlik etdiyi məlum deyil. Vəkil narazılıq edib ki, bu işdə əsas fiqurlardan biri korpus komandiri, general-leytenant Mais Bərxudarov olsa da, hakimlər onu çağırıb dindirməkdən imtina elədi. Məhkəmədə onun dindirilməsi barədə qaldırılan çoxsaylı vəsatətlər təmin olunmadı.

Bəkir Orucov. Mənbə: MN

“Düşmənlə əməkdaşlıq şübhəsi varsa, araşdırmanı Dövlət Təhlükəsizlik Xidməti və Hərbi Prokurorluq aparmalıdır. Bunu Bəkir Orucov korpusun qərargah rəisi olaraq, korpus komandirinə deyib. Amma Bərxudarov deyib ki, ehtiyac yoxdur. Araşdırmanı istintaqçılara yox, gizirlərə həvalə eləyib, nəticə də bu olub. Adil Sabirlinin atasının ifadəsi var işin içində. Deyir ki, oğlu bu hadisədən az əvvəl məzuniyyətdə olarkən evə gəlib. Onda deyib ki, həm Mais Bərxudarovla, həm də hərbi hissə komandiri ona problem yaradır”.

Vəkili vurğulayıb ki, kiminsə günahını Bəkir Orucovun üstünə atırlar. Müdafiəçi xatırladıb ki, prokuror çıxışında Bəkir Orucovdan 30-a qədər zərərçəkmişin şikayətçi olduğunu bildirmişdi:

“Bu, doğru deyil. Biz də ifadələri qeyd edirik. 7 nəfər şikayətçi olduğunu deyib. Onlar da konkret işgəncə faktına görə yox, qərəzli olaraq. Bəkir Orucov səngər generalı olub. Ona aprel döyüşlərində xidmətlərinə görə general-mayor rütbəsi, “İgidliyə görə” medalı verilib. İndi kimisə qorumaq üçün onu qurban veriblər. Tərtərdəki işgəncələrdə 14 nəfər həyatını itirib. Amma heç o işdə buradakı qədər cəza istəməyib”.

Mais Bərxudarovun məhkəməyə çağrılıb dindirilməsi haqda vəsatətlərə prokuror etiraz edərkən arqumenti belə olurdu ki, Adil Sabirli işgəncədən ölən ərəfədə Mais Bərxudarov məzuniyyətdə olub. Vəkil çıxışında korpus komandirinin həmin dövrdə məzuniyyətdə olması məsələsinə də toxunub.

Mais Bərxudarov. Foto: oxu.az

Cinayət işinin materiallarına əsasən, işgəncələr mayın 1-dən başlayıb. Adil Sabirli mayın 6-dan 7-nə keçən gecə saat 3 radələrində ölüb:

“Həmin vaxt Bərxudarov məzuniyyətdə olmayıb. Onun məzuniyyət əmri mayın 8-dən 13-nə qədərdir. O, mayın 7-də axşam saat 5-də ölkəni tərk edib. Halbuki, 6-dan 7-nə keçən gecə rəhbərlik elədiyi korpusda belə bir ölüm hadisəsi baş vermişdi. Birincisi, hələ məzuniyyətdə deyil. İkincisi, korpusda belə hadisələr baş verir, necə istirahətə gedirdi? O versiya da var ki, dərhal ayın 8-nə məzuniyyət əmri verilib ki, sonradan bu hadisələr araşdırılacağı halda, lazım ola bilərdi”.

Vəkil əlavə edib ki, Bəkir Orucov Adil Sabirlinin ölümü barədə ertəsi gün hərbi prokurorluğa məlumat verib. Lakin prokurorluq lazım olan addımları atmayıb:

“Faktla bağlı niyə dərhal cinayət işi başlanmayıb? Niyə dərhal gəlib hadisə yerinə baxış keçirməyiblər? Bəlkə gəlib orada elə işgəncə alətləri tapacaqdılar? Prokurorluq buna görə məsuliyyət daşıyır”.

Digər vəkil Fuad Şirinov məhkəmə istintaqının natamam aparılmasından narazılığını dilə gətirib. O hesab edir ki, məhkəmə obyektiv araşdırma aparsaydı, Mais Bərxudarov, müdafiə naziri Zakir Həsənov, hərbi prokuror Xamlar Vəliyev, onun müavini Şəfahət İmranov, keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkov və digərlərini çağırıb dindirməliydi.

Vəkil Bəkir Orucovun səhhətində problemlər olduğunu, həyat yoldaşının xərçənd xəstəliyindən əziyyət çəkdiyini də məhkəmənin nəzərinə çatdırıb.

Daha sonra təqsirləndirilən Ziya Kazımovun müdafiəçisi Bəhruz Bayramov çıxış edib. O bildirib ki, mütəşəkkil dəstə ittihamı tamamilə əsassızdır. Çünki Ziya Kazımov təqsirləndirilən şəxslərdən İntiqam və Rahib Məmmədovları məhkəmədə tanıyıb:

“Bunlar necə mütəşəkkil dəstə oldular ki, bir-birini tanımırlar? İttiham tərəfinin hansı sübutu var ki, Ziya Kazımova 12 il 6 ay həbs cəzası istəyir? Ona Adil Sabirliyə işgəncə verib, ehtiyatsızlıqdan onun ölümünə səbəb olmaq ittihamı verilib. Buna aid nə sübut var? Əksinə, sübutlar var ki, ona zəng olunub, deyilib ki, bu adamın vəziyyəti pisdir, o da gəlib süni nəfəs verib”.

Vəkili Ziya Kazımovun xidmətlərindən də danışıb. O bildirib ki, 2020-ci ildə 44 günlük müharibədə o yaralanıb. Amma onu yaralı vəziyyətdə hospitaldan çıxarıb həbs eləyiblər:

“44 günlük müharibədə iki dəfə yaralanıb. Hadruta ilk girənlərdən olub. Budəfəki 1 günlük anti-terror əməliyyatlarında da xidmətlərini bilənlər bilir. 22 ildir qulluq edir, kirayə yaşayır. Kreditlə maşından başqa heç nəyi yoxdur”.

Bəhruz Bayramov müvəkkilinin əməlində cinayət tərkibi olmadığını əsas gətirərək, ona bəraət verilməsini istəyib.

Məhkəmə prosesi noyabrın 2-də digər iki təqsirləndirilən şəxsin – Rahib Məmmədov və İntiqam Məmmədovun vəkillərinin çıxışı, ardınca özlərinin son sözlərilə davam edəcək. Daha sonra hökm oxunacaq.

11:40, 23 Oktyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Qalib Toğrul: Qubad İbadoğlunun müayinə nəticələri ailəsinə təqdim olunmur

by Gozetci 11:00, 23 Oktyabr 2023
written by Gozetci

Qalib Toğrul

Oktyabrın 22-də hazırda həbsdə olan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun qardaşı Qalib Toğrul onun səhhəti ilə bağlı məlumat yayıb. O bildirib ki, 13 oktyabr 2023-cü ildə Mərkəzi Klinik Xəstəxanada MRT və KT müayinəsindən keçirildikdən sonra elə həmin gün nəticələrin ailəsinə təqdim edilməsi üçün Ədliyyə Nazirliyinin Tibb baş idarəsinə rəsmi müraciət ediblər, lakin o vaxtdan müayinə nəticələri ilə bağlı məlumat verilmir.

“Qardaşımın belindəki (onurğasındakı) problem daha da dərinləşib, əvvəllər l4 seqmentində problemlər qeydə alınmışdı. Artıq l3 və l5 disklərində də analoji sinir problemləri aşkar olunub. Problemin hansı ciddilikdə olduğunu yalnız MRT diski bizə verildikdən sonra qiymətləndirə bilərik. Dediyim kimi diskləri vermirlər. Ona görə tam məlumatsızıq, Bakı İstintaq Təcridxanasındakı Tibbi-sanitar hissənin rəisi Rəşad Hüseynli “osteoxondrozdur” deyib, bizi başından eləyir”, Qalib Toğrul bildirib.
Qalib Toğrul bildirib ki, şəkərlə bağlı problem isə daha da kəskinləşib.
“Tibb baş idarəsinin endokrinoloqu tabletka əvəzinə insulin təyin etsə də, heç nə dəyişməyib, toxluq şəkəri ən yaxşı halda 300-ə yaxın olur. Şəkər uzun müddət yüksək olduğundan qardaşımın daxili orqanlarında, xüsusilə, gözlərində və böyrəklərində neqativ proseslərin getməsi ehtimalı bizi qorxudur. Tibb baş idarəsinin endokrinoloqu hər iki orqanın nüayinə olunması ilə bağlı tibbi göstəriş versə də, tələb olunan prosedurlar ya aparılmır, ya da başdansovdu edilir. Guya oftalmoloq gəlib qardaşımın gözlərini müayinə edib, yaxın və uzaq görməsini kustar yolla yoxlamaqla (müxtəlif ölçülü hərfləri göstərməklə) işini bitmiş sayıb. Halbuki,şəkər xəstələrinin mütləq göz dibi müayinəsi (oftalmoskopiya – gözün daxili hissəsinin tor qişası, optik sinir diski, qan damarları və periferiya ilə birlikdə olan hissənin yoxlanılması) aparılmalıdır. Böyrəklərin müayinəsindən də hər hansı xəbər yoxdur. Qanda kreatinin miqdarını yoxlamaq üçün götürülən qan analizinin taleyindən bir həftədir xəbər yoxdur, mütləq tələb olan USM müayinəsini aparmağa isə lüzum görməyiblər”, o deyib.
Qardaşının sözlərinə görə Qubad İbadoğlunun ürəyindəki problemlərin (aortanın anevrizması, hipertrofiya (ürək əzələsinin qalınlaşması), diastolik disfunksiya) vəziyyətindən də xəbərsizdirlər.
“Dediyim kimi, nə təcridxanadakı Tibbi sanitar hissədən, nə də Ədliyyə Nazirliyindən bizə son KT müayinəsi barədə məlumat verilir.
Son görüşlərdən sonra məni ən çox narahat edən qardaşımda müşahidə elədiyim sinir sistemi pozğunluqlarıdır. Bu ayrıca bir problem olmaqla bərabər, yanaşı xəstəliklərin (ürək, şəkər və sair) daha da irəliləməsinə münbit şərait yaradır”, Qalib Toğrul bildirib.
Penitensiar Xidmətin Qızıl Xaçın Azərbaycan Nümayəndəliyinin həkiminin qardaşının müayinə etməsinə icazə vermədiyini bildirən Qalib Toğrul deyir ki, bununla bağlı rəsmi sorğuya “belə məlumatların sizə təqdim olunması qanunvericilikdə nəzərdə tutulmayıb” cavabı verilib.
“Qatır inadına sahib Ombudsman susur, bizdən aldığı məktubları təkrarən Ədliyyə Nazirliyinə və onun idarələrinə göndərməklə işini bitmiş sayır, təcridxanaya yolladığı ağzı qatıq kəsməyən əməkdaşları qardaşımın saxlandığı kameraya girməyə belə cəsarət etmirlər” – deyə, o bildirib.
Qeyri-iş günü olduğu üçün Penitensiar Xidmətdən məsələ ilə bağlı mövqe almaq mümkün olmayıb.
İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs qətimkan tədbiri seçib. Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.

Amerikanın Səsi

11:00, 23 Oktyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

AXCP-nin daha bir fəalı Ayət İsmayılov saxlanılıb

by Gozetci 10:23, 21 Oktyabr 2023
written by Gozetci

Ayət İsmayılov

Oktyabrın 20-də Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi hakim Vüsal Tağıyevin sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının Beyləqan Rayon Şöbəsinin fəalı Ayət İsmayılovu İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə günahlı bilərək 30 sutka inzibati qaydada həbsə məhkum edilib.

Bu barədə Məhkəmə-Hüquq Şurasının elektron məhkəmə portalında məlumat yayılıb.

AXCP bildirir ki, son günlər bu partiyanın sosial şəbəkələrdə tənqidi çıxışlarından sonra 8 fəalı inzibati qaydada həbs edilib.

AXCP fəalların həbsini siyasi hesab edir.

“Demişdik axı, xalqın övladlarının qanı və canı bahasına əldə olunmuş hərbi zəfəri azad, müxalif fikirli insanların kütləvi repressiyası fürsətinə çevirməyin. Qarabağdakı anti – terror əməliyyatından sonra repressiyalar xüsusi vüsət alıb. Demək olar ki, hər gün hansısa ictimai – siyasi fəalı, cəbhəçini (AXCP üzvü-red) həbs edirlər. Hakimiyyət qalib xalqdan ram edilmiş, itaətkar xalq düzəltmək istəyir. Heç kim susub, öz repressiya olunmaq növbəsini gözləməsin. Həbs olunan hər bir ictimai – siyasi fəalı hamılıqla müdafiə etməli, həbs olunan fəalların da əvəzindən yazıb, tənqid etməliyik. Birimiz hamımız üçün, hamımız birimiz üçün!” AXCP sədri Əli Kərimli Facebook səhifəsində yazıb.

Bununla yanaşı, Daxili İşlər Nazirliyi fəalın saxlanılması ilə bağlı hələ şərh verməyib.

Amerikanın Səsi 

10:23, 21 Oktyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq Pozuntularıİşgəncə və pis rəftarSliderXƏBƏRLƏR

Müsəlman Birliyi Hərəkatının üzvü Samir Babayev təcridxanada döyülüb

by Gozetci 10:17, 21 Oktyabr 2023
written by Gozetci

Samir Babayev

Oktyabrın 19-u məhkəmədən qayıdarkən 1 saylı İstintaq Təcridxanasına gətirilən Müsəlman Birliyi Hərəkatının üzvü Samir Babayev təcridxana işçiləri tərəfindən döyülüb.

Bu barədə siyasi məhbus Samir Babayev özü məlumat verib.

O, bildirib ki, hər dəfə məhkəməyə gedib qayıtdığı zaman yoxlanış aparan Kürdəxanı Pentensiar xidmətinin əməkdaşları Əlibala və Aydın ondan müxtəlif bəhanələrlə pul tələb ediblər. Son məhkəmə qərarından sonra dönüş zamanı aralarında insident yaşanıb. İşçilərin pul tələbinə neqativ cavab onları qəzəbləndirib. Nəticədə onlar Samir Babyevi döyublər.

Verilən məlumata görə müəsisəsdə pul tələbi o qədər geniş vüsət alıb ki, qorxudulan məhbusların əksəriyyəti vəziyyətə tale olaraq idarə işçilərinə pul verməyə məcburdurlar. Nə zaman ki, onların istəyi ödənilmədiyi halda Samir Babayevin üzləşdiyi problem istənilən məhbusun düşdüyü vəziyyətə çevrilir.
Samir Babayev yaşadığı vəhşi zorakılıqla bağlı təcridxana rəhbərliyinə rəsmi məktub hazırlayıb. Eyni halda o, hadisə ilə bağlı İnsan Hüquqları üzrə Müvəkkilliyə (Ombudsman) müraciət olunmasını istəyib.
Xatırladaq ki, oktyabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsi dekabrın 2-də həbs ediımiş siyasi məhbus Samir Babayevi 234.1-1-ci maddə ilə günahkar bilərək onu 4 il müddətinə azadlıqdan mərhum edib. İnanclı bundan öncə də dəfələrlə inzibatı həbs olunmuşdu. Sonuncu həbsində ona bildirilmişdi ki, MBH-dən ayrılmayacağı halda onu uzunmüddətli həbs gözləyir.
10:17, 21 Oktyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

AXCP fəalı Ramid Nağıyev saxlanılıb

by Gozetci 16:52, 20 Oktyabr 2023
written by Gozetci

Ramid Nağıyev (Mənbə: Facebook)

 

Oktyabrın 20-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının Binəqədi rayon təşkilatının sədri Ramid Nağıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin yaxınlığında polis tərəfindən saxlanılaraq Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə aparılıb.

Bu barədə AXCP-nin məlumatında deyilir.

AXCP Nağıyevin saxlanılmasının onun ölkə rəhbərlərini sosial şəbəkələrdə tənqid edən statusu ilə bağlı olduğunu güman edir.

AXCP bildirir ki, son günlər bu partiyanın sosial şəbəkələrdə tənqidi çıxışlarından sonra 7 fəalı inzibati qaydada həbs edilib.

Bununla yanaşı, Daxili İşlər Nazirliyi fəalın saxlanılması ilə bağlı hələ şərh verməyib.

Amerikanın Səsi 

16:52, 20 Oktyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Vəkillər Kollegiyası Xalid Bağırovu məhkəməyə verib

by Gozetci 14:46, 20 Oktyabr 2023
written by Gozetci

Xalid Bağırov

Kollegiya hüquqşünasın üzr istəməsini və təzminat ödəməsini istəyir

Azərbaycan Vəkillər Kollegiyası hüquqşünas Xalid Bağırovu məhkəməyə verib.

Səbəb hüquqşünasın Meydan TV-də dərc olunmuş “Hakim oğlunun idman-fitnes biznesi” araşdırmasında Vəkillər Kollegiyasının ünvanına səsləndirdiyi fikirlərdir.

Araşdırmada söhbət Pirallahı Rayon Məhkəməsinin hakimi və sədri olan Faiq Qasımovun oğluna məxsus, Azərbaycanın idman və fitnes sektorunda böyük paya sahib “Push30” şirkətindən gedir.

Yazıda həmçinin, Adil Faiq oğlu Qasımovun xarici işlər nazirinin oğlu ilə bağlılığı da diqqətə çatdırılıb.

Qeyd olunub ki, ölkədəki böyük şirkətlərlə yanaşı, Vəkillər Kollegiyası da “Push30”la müqavilə bağlayıb və bu səbəbdən kollegiyanın üzvləri endirimlərdən istifadə edir.

Xalid Bağırov isə Vəkillər Kollegiyasının müqavilə bağlamasını sorğulayır:

“Vəkillər Kollegiyası bu müqaviləni necə bağlayıb? Vəkillər Kollegiyasının büdcəsi necə formalaşır? Əlbəttə ki, vəkillərin verdiyi ödənişlər hesabına formalaşan büdcəsi var. O zaman bu büdcə necə xərclənir? Vəkillər Kollegiyasının Rəyasət Heyəti bu pulları necə xərcləyir? Necə olur ki, vəsaitin harasa xərclənməsi ilə əlaqədar müqavilə bağlayır?”.

“Bazarda bu sahədə fəaliyyət göstərən digər şirkətlər var idimi? O şirkətlər arasında müsabiqə keçirildimi? Niyə müsabiqə keçirilmədən müqavilə bağlanılır? Bax bu sualların açıq qalması, bu məqam özü göstərir ki, Vəkillər Kollegiyasının büdcəsinin xərclənməsində şəffaflıq yoxdur”, – hüquqşünas fikrini tamamlayıb.

Xalid Bağırovun dediklərindən narazı qalan Vəkillər Kollegiyasının sədri Anar Bağırov Meydan TV əməkdaşı ilə əlaqə saxlayıb narazılığını bildirsə də, fikirlərinin dərc olunmasını istəməyib.

O, bunu Xalid Bağırovla münasibətlərinin gərginləşməməsi səbəbindən istəmədiyini deyib. Lakin kollegiyanın iki üzvü – Anar Qasımlı ilə Ruslan Mustafazadənin imzasıyla redaksiyaya göndərilmiş etiraz məktubu dərc olunub.

Həmin müraciətdə vəkillər Xalid Bağırovun ünvanına daha sərt təndiqlər səsləndiriblər.

Bundan sonra Vəkillər Kollegiyası Xalid Bağırovu məhkəməyə verib.

Kollegiya Meydan TV-nin yazısına görə Xalid Bağırovu məhkəməyə verərək iddia edir ki, hüquqşünas üzr istəsin, mətn də saytda “Təkzib” başlığı ilə yayılsın və Vəkillər Kollegiyasının hesabına 1000 (min) manat cərimə ödənilsin.

“Mən üzr istəyəcək heç bir fikir bildirməmişəm”, – Xalid Bağırov Meydan TV-yə deyib.

Hüquqşünas şikayətlə hələ tanış olmadığını, oxuduqdan sonra geniş cavab verəcəyini bildirib.

Xalid Bağırov 2014-cü ilin dekabrında Vəkillər Kollegiyasından çıxarılıb.

Onun sözlərinə görə, Vəkillər Kollegiyası səbəb kimi onun Şəki Apelyasiya Məhkəməsində çıxışını əsas gətirib və bildirib ki, o,  dövlətçiliyə qarşı çıxış edib, vəkilliyi nüfuzdan salıb:

“Mən demişdim ki, Azərbaycanda ədalətli məhkəmə yoxdur, olsaydı belə qərar verilməzdi. Ona görə də vəkillikdən uzaqlaşdırılmağım sırf fəaliyyətimlə bağlıdır”.

2020-ci ildə Avropa Məhkəməsi hüquqşünasın hüquqlarının pozulmasını tanıyıb və Azərbaycan hökumətinin təzminat ödəməsinə dair qərarını açıqlayıb.

Bundan sonra da Xalid Bağırov Vəkillər Kollegiyasına bərpa edilməyib.

Adının açıqlanmasını istəməyən kollegiya üzvləri iddia edirlər ki, bu, sırf Anar Bağırovun istəyidir. Bu yolla vaxtilə tələbə yoldaşı olmuş Xalid Bağırovdan qisas alır.

Qisasa səbəb kimi tələbə olarkən hüquqşünasın ona yumruq vurması göstərilir. Lakin Xalid Bağırov bu barədə danışmaq istəmir.

Anar Bağırov isə Xalid Bağırovun kollegiyaya bərpası ilə bağlı sualları ətraflı cavablandırmır.

Meydan TV 

14:46, 20 Oktyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir

  • Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib

  • Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir
20:17, 25 Mart 2026
Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib
22:20, 23 Mart 2026
Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir
16:26, 19 Mart 2026
Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia