Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

‘İnsan yönümlü şəhərlər’ platformasının həmtəsisçiləri saxlanılıb, sonra sərbəst buraxılıb

by Gozetci 10:09, 31 Oktyabr 2023
written by Gozetci

Anar Əliyev and Dilqəm İsmayilov

Oktyabrın 28-də “İnsan yönümlü şəhərlər” platformasının həmtəsisçiləri memar Dilqəm İsmayılov və urbanist Anar Əliyevin polis bölməsində saxlandıqdan sonra sərbəst buraxıldığı bildirilir.

Məlumata görə, onlar Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi tərəfindən saxlanılıblar. Hər ikisi bölmədə 5 saat saxlanıldıqdan sonra sərbəst buraxılıblar.

Dilqəm İsmayılov Amerikanın Səsi-nə bildirib ki, onlar “İnsan yönümlü şəhərlər” platforması üçün video çəkərkən saxlanılıblar.

“Əsasən İslam Səfərli küçəsini gələcəkdə necə transformasiya etmək olar, tarixi küçələr və tikililərlə bağlı video çəkirdik. Dilarə Əliyeva küçəsi ilə kəsişmədə olan məscidi çəkdik. Daha sonra sinaqoq haqqında məlumat verdik, əvvəl necə idi, hansı formada tikilib və sair. Axşam saat 6 radələrində videonu çəkərkən polis əməkdaşları yaxınlaşdı və kim olduğumuzu, hansı məqsədlə çəkdiyimizi soruşdular”, – o deyib.

İsmayılov saxlanılmaqlarına heç bir əsas olmadığını bildirib.

“Sadəcə, memarlıq elementlərini çəkirdik, bölməyə zəng elədilər və yarım saat sonra digər əməkdaşlar gəldi, bizi bölməyə apardılar. Eyni şeyləri həm yolda, həm də bölmədə soruşdular. Bizi 5 saat orada saxladılar, heç bir təzyiq olmadı, amma oradan çıxmağımız çox uzun çəkdi. Telefonlarımızı da növbətçi hissəyə vermişdilər. Sinaqoqla bağlı videonun silinməsini istədilər. Saxlanılmağımız ictimailəşəndən sonra isə sərbəst buraxıldıq”, – o deyib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, Dilqəm İsmayılov və Anar Əliyev Sinaqoq ətrafında çəkiliş apardıqlarına görə polis əməkdaşları tərəfindən polis bölməsinə dəvət ediliblər.

“Onlarla izahedici söhbətlər aparıldıqdan sonra sərbəst buraxılıblar” – deyə , DİN-dən məlumat verilib.

AzadlıqRadiosu

10:09, 31 Oktyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏmək hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Neftçi 9 il əvvəl cərimə olunduğu üçün indi işə qəbul edilmədiyini deyir

by Gozetci 16:00, 30 Oktyabr 2023
written by Gozetci

Hüquq müdafiəçisi işçinin ayrıseçkiliyə məruz qaldığı qənaətindədir

“2018-ci ildən SOCAR AQŞ-nin podratçı şirkətində çalışmışam, 2021-ci ildən bizi “Smart Technologies Solutions” QSC-yə keçiriblər. Ötən ayın sonunda isə məlum oldu ki, QSC ilə SOCAR AQŞ arasında razılaşma əldə edilib. Beləliklə, mən də daxil olmaqla QSC-nin təxminən 24 işçisi SOCAR AQŞ-də işlə təmin edilməli idi, amma məni və daha bir neçə nəfəri işlə təmin etmədilər”.

Bunu Meydan TV-yə “Smart Technologies Solutions” QSC-nin müəyyən səbəblərdən adının hələlik mətbuatda açıqlanmasını istəməyən keçmiş əməkdaşı bildirib. Onun sözlərinə görə, uzun illər SOCAR-da rəhbər vəzifələr tutub, direktor vəzifəsinədək yüksəlib. Sonradan qısa bir müddətlik neft sahəsindən uzaqlaşıb.

“Bizə dedilər ki, işdən çıxmaq üçün ərizə yazmalısız, çünki bir qurumdan işdən çıxıb digərinə qəbul ediləcəkdik. Hamı kimi işdən çıxmaqla bağlı ərizə yazdım. Bizdən məhkumluqla bağlı sənəd istədilər. Mənim adıma iki min manatlıq cərimə olduğu üçün işə qəbul etmədilər”,-keçmiş neftçi deyib.

Bildirib ki, 2014-cü ildə cərimələnib, məbləğ ödənilib və müddət bitdiyindən cəza qüvvədən düşüb. Lakin əhəmiyyət vermədiyindən cəriməni sistemdən sildirmək üçün müraciət etməyi yaddan çıxarıb:

“Sentyabrın 29-da məhkumluq haqqında sənədi tələb etdilər, vaxt vermədilər. Əks halda cərimənin sistemdən silinməsi üçün müraciət edərdim. Mən oğurluqla, qulduqluqla məşğul olmamışam, adam yaralamamışam. Ödənilmiş və vaxtı keçmiş cərimənin problem yaradacağını bilmirdim”.

Şikayətçi deyib ki, 50-dən çox yaşı var, ömrünün yarıdan çoxunu neft sahəsinə həsr edib. İşdən çıxarkən ödənilən ödənişdən də məhrum olub:

“Ailənin yükü mənim üzərimdədir, tək mən çalışırdım. Bu yaşdan sonra iş tapmaq çətindir, necə dolanacağımı bilmirəm”.

Mirvari Qəhrəmanlı. Foto: Gülzar Məmmədli

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatnın sədri Mirvari Qəhrəmanlı bildirib ki, işçilərdən Əmək Məcəlləsinin 48.6 maddəsinə zidd olaraq “məhkumluq haqqında” arayış tələb olunub. Üstəlik, həmin işçiyə qarşı ayrıseçkilik edilib. İşçi həm işsiz qalıb, həm də ixtisarla əlaqədar kompensasiya və işsizlik sığortasından məhrum olub.

SOCAR AQŞ 2007-ci ildə Dövlət Neft Şirkəti (SOCAR), “Nobel Energy” və Abşeron Qazma MMC (AQŞ) tərəfindən təsis edilmiş kompleks qazma və quyu xidmətlərinin idarə edilməsi şirkətidir. Şirkətə məxsus telefonlara üç gün ərzində cavab verilməyib.

Meydan TV 

16:00, 30 Oktyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Adekvat yaşayış standartıHüquq PozuntularıLənkəran–AstaraSliderXƏBƏRLƏRYerli İcmalar

Təngivanlılar: “Kənddə ekoloji terror yaşanır”

by Gozetci 15:34, 30 Oktyabr 2023
written by Gozetci

“Kənd başdan-başa yarğan və uçurum halına gətirilib”

Lənkəranın Təngivan kəndinin sakinləri yenə narazıdır. Onlar Meydan TV-yə deyirlər ki, kənddə illərdir ekoloji terror yaşanır, hansısa hadisə baş verəndə mətbuat ara-sıra yazır, sonra yenə tək qalırlar.

Okyabrın 24-də, saat təxminən 17 radələrində kənddəki karxananın ərazisində qəza baş verib. Qazıntı nəticəsində təhlükəli vəziyyətə düşən yolda avtomobil aşıb, bir nəfər ölüb, bir nəfər isə yaralanıb.

Adının açıqlanmasını istəməyən sakinlərdən biri deyib ki, kənddəki çay və çayın ətrafı on ilə yaxındır istismar edilir. Örüş torpaqları, kəndin yolları yararsız vəziyyətə düşüb, kəndlilər çaydan istifadə edə bilmirlər.

“Bir neçə istiqamətdə yol yararsız haldadır, çünki illərdir qazılır. Hadisə də məhz qazılan yolda baş verib. Zavoda məxsus “VAZ 21014” markalı avtomobil hərəkətdə olarkən dönmə manevri etmək istəyib. Avtomobil 10 metr aşağıya aşıb”,-zavod və broyler şirkətindən şikayət etdiklərinə görə təzyiqlərə məruz qaldıqlarından adlarının açıqlanmasını istəməyən sakinlər deyiblər.

Kəndlilər deyiblər ki, kənd başdan-başa yarğan və uçurum halına gətirilib. Hətta dəfələrlə mal-qara da qazıntı nəticəsidə yaranmış dərin çalaya düşərək tələf olub:

“Qəza nəticəsində daş istehsalı ilə məşğul olan zavodda fəhlə kimi çalışan 52 yaşlı Ümid Saleh oğlu Əliyev həlak olub. Hadisə nəticəsində xəsarət alan Loğman Məmmədov beynə qan sızması diaqnozu ilə hələ də Lənkəran Mərkəzi Xəstəxanasınin reanimasiya şöbəsindədir. Sürücü də zavodda fəhlə işləyən Xəqani Sucayevdir. O, özünü atıb deyə ona heç nə olmayıb. Onu polis saxlayıb”.

Kəndlilər deyirlər ki, karxana və onun rəhbərliyinə qarşı 2 il əvvəl cinayət işi açılıb. Lakin karxananın əsl rəhbərləri öz mövqeyindən istifadə etməklə yayına biliblər:

“Kənddə deyirlər ki, avtomobili idarə edən Xaqani Sucayevin sürücülük vəsiqəsi yoxdur. Ümumiyyətlə, zavodda işləyən fəhlələrin çoxunun nə əmək müqaviləsi, nə də sürücülük vəsiqəsi var. Videodan da görünür ki, avtomobillər dövlət nömrə nişanı olmadan idarə olunur”.

Daxili İşləri Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, rayon sakini Xaqani Sucayev idarə etdiyi “VAZ-21014” markalı avtomobillə rayonun Təngivan kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarəndakı çay yatağına aşıb. Hadisə nəticəsində həmin nəqliyyat vasitəsində olan Lənkəran rayon sakini Ümid Əliyev ölüb, Loğman Qurbanov isə bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən ittihamla bağlı danışmayıblar.

Lənkəran Rayon İcra Hakimiyyətindən isə bildiriblər ki, Təngivan kəndində çalışan karxananın bütün sənədləri qaydasındadır. Əks halda müvafiq qurumlar onların fəaliyyətinə icazə verməz. Kəndin yollarının qazılması və ya digər şikayətlərə gəldikdə, icra hakimiyyətindən narazılıqdan xəbərsiz olduqlarını deyiblər.

Meydan TV

15:34, 30 Oktyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Məhbus internetə görə Penitensiar Xidməti məhkəməyə verib

by Gozetci 14:32, 30 Oktyabr 2023
written by Gozetci

Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhbus Firudin Etibar oğlu Zeynalov Penitensiar Xidməti məhkəməyə verib.

Bu haqda Firudin Zeynalovun hüquqlarının müdafiəsi ilə məşğul olan Hüquqşünaslar Qrupunun koordinatoru, hüquqşünas Səyyad Yusifli məlumat verib.

Səyyad Yusiflinin sözlərinə görə, Zeynalov həbs olunmazdan əvvəl ölkədə və dünyada baş verən hadisələrlə yaxından maraqlanıb və hazırda onun gündəlik xəbərləri oxumasına, ölkədə baş verən hadisələri və məhkəmə işləri barədə xəbərləri, qərarları izləməsinə ehtiyacı var. Bundan əlavə, onun hüquqlarının pozuntusu ilə bağlı Avropa İnsan hüquqları Məhkəməsinə 2 şikayət göndərilib, bir şikayətin də göndərilməsi planlaşdırılır.

Zeynalovun vəkili Fariz Namazlı Penitensiar Xidmətə müraciət edərək Firudin Zeynalovun nəzarət altında “www.e-qanun.az”, “www.president.az”, “www.azertag.az”, “echr.coe.int”, www.meclis.gov.az internet saytlarına daxil olmasına şərait yaradılmasını xahiş edib. Penitensiar Xidmət 02 avqust 2023-cü il tarixli cavabında göstərib ki, müraciətin təmini imkan xaricindədir.

Zeynalov hesab edir ki, Penitensiar Xidmətin bu imtinası qanunsuzdur və onun məlumat almaq hüququnu pozur. Buna görə də, Firudin Zeynalov məlumat əldə etmək hüququnun pozuntusuna dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edib.

İddia ərizəsində Firudin Zeynalovun internet saytlarına girişə icazənin verilməsi öhdəliyinin Penitensiar Xidmətin üzərinə qoyulması qeyd edilib.

Qeyd edək ki, Firudin Zeynalov Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.1, 29, 120.2.3 və digər maddələri ilə təqsirli bilinərək 19 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

 

14:32, 30 Oktyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Beynəlxalq vətəndaş cəmiyyəti Qubad İbadoğlunun azad edilməsinə çağırır

by Gozetci 10:39, 29 Oktyabr 2023
written by Gozetci

Qubad İbadoğlu

 

Açıq Hökumət Tərədaşlığı (Open Government Partnership – OGP) Rəhbər Komitəsində təmsil olunan beynəlxalq vətəndaş cəmiyyətinin nümayəndələri bəyanat yayaraq həbsdə olan müxalif siyasətçi Qubad İbadoğlunun azadlığa buraxılmasına çağırıblar.

Bəyanatda Azərbaycan Demokratiya və Rifah partiyasının sədri, professor Qubad İbadoğlunun Azərbaycanda açıq hökumət dəyərlərini daşıyan yorulmaz lider, OGP prinsiplərinin Azərbaycanda tətbiqinin fəal və əvəzolunmaz iştirakçısı olduğu vurğulanır.

“Onun zorakılıqla həbs olunması, dözülməz şəraitdə saxlanılması, tibbi yardıma çıxışının olmaması və sağlamlığını sürətlə itirməsi barədə xəbərlərdən təlaşlıyıq. Biz onun təxirəsalınmaz şəkildə azad olunmasına, qabaqcıl beynəlxalq təcrübəyə uyğun hüquqi prosedurlara əməl edilməsinə və onun sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülməsinə çağırırıq”, bəyanatda qeyd edilir.

Azərbaycan hakimiyyəti həmçinin vətəndaş cəmiyyəti nümayəndələrinin hüquqlarını, o cümlədən ifadə və birləşmək azadlığını qorumağa və hörmət etməyə çağırılıb.

Məlumatda qeyd edilir ki, OGP Rəhbər Komitəsinin vətəndaş cəmiyyətindən olan üzvləri qurumun son sammiti çərçivəsində azərbaycanlı vətəndaş cəmiyyəti üzvləri ilə görüşərək Azərbaycanda demokratiya və insan hüquqları ilə bağlı məsələlərdə həmrəylik ifadə ediblər.

“Azərbaycan 2023-cü ildə OGP-dən kənarlaşdırılsa da, biz ölkədəki vətəndaş cəmiyyəti liderlərini dəstəkləməyə, hökumətin şəffaflıq, hesabatlılıq və ictimai iştirakçılıq kimi açıq hökumət prinsiplərinə əməl etməsi ilə bağlı çağırışlarımızı davam etdirəcəyik”, bəyanatda bildirilir.

Azərbaycan 5 ildən artıq müddətdə OGP qarşısındakı öhdəliklərini, vətəndaş cəmiyyətinin sərbəst fəaliyyətinin təmin edilməsi və bir sıra digər məsələlərə dair ünvanlan tövsiyələri yerinə yetirmədiyi üçün bu il qurumdan xaric edilib.

Hüquq müdafiəçisi Anar Məmmədli Azərbaycanın OGP-dən xaric edilməsi ilə bağlı qərarın verilməsində son bir ildə artan siyasi repressiyalar, o cümlədən Qubad İbadoğlunun qondarma ittihamlarla həbsinin rol oynadığını deyib.

BP şirkəti Qubad İbadoğlunun işi ilə bağlı səssiz qalmamağa çağırılıb

Çərşənbə günü Vaşinqtonda yerləşən “Crude Accountability” qeyri-hökumət təşkilatı bəyanat yayaraq BP şirkətinin Qubad İbadoğlunun həbsi ilə bağlı səssiz qalmasına diqqət çəkib.

“Crude Accountabilty” qeyd edir ki, Azərbaycanda fəaliyyət göstərən ən böyük korporativ xarici investor olan BP şirkəti, öz tərəfdaşları ilə münasibətlərində insan hüquqları, ifadə azadlığı, şəffaflıq kimi dəyərlərə sadiqliyi önə çəkdiyini bildirsə də, şəffaflıq və hesabatlılığın öndəgedən müdafiəçilərindən olan Qubad İbadoğlunun həbsi ilə bağlı heç bir ictimai açıqlama verməyib.

“Üç aydan çoxdur ki, demokratiya, şəffaflıq və hesabatlılığı təşviq edən tanınmış azərbaycanlı akademik və insan haqları müdafiəçisi Qubad İbadoğlu Azərbaycan hökuməti tərəfindən təcavüzə məruz qalıb, qanunsuz həbs edilib və ciddi tibbi yardımdan məhrum edilib. Bir sıra hökumətlər, beynəlxalq vətəndaş cəmiyyəti Azərbaycan hakimiyyətini qınayıb İbadoğlunun dərhal azadlığa buraxılmasını tələb edib. Bu səslər içərisində BP şirkəti öz susqunluğu ilə diqqət çəkir”, bəyanatda qeyd edilir.

BP-nin “Əliyev rejimi ilə sıx əlaqəsi və Azərbaycan iqtisadiyyatına hədsiz təsiri”nə diqqət çəkən “Crude Accountabilty” təşkilatı, Britaniya şirkətini öz öhdəliklərinə əməl etməyə, Qubad İbadoğlunun qeyd-şərtsiz azad edilməsini tələb etmək üçün Azərbaycandakı təsir imkanlarından istifadə etməyə çağırıb.

Xatırlatma

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs-qətimkan tədbiri seçib. Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri, Avropa İttifaqı, ATƏT, Avropa Parlamenti İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.

Amerikanın Səsi 

10:39, 29 Oktyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

İşçi Masasının İdarə Heyətinin üzvünün saxlanıldığı bildirilir

by Gozetci 15:45, 27 Oktyabr 2023
written by Gozetci

Tural Fərzili

Oktyabrın 27-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyəti üzvü Tural Fərzilinin saxlanıldığı deyilir. Bu barədə İşçi Masasından Amerikanın Səsinə bildirilib ki, Fərzili axşam saatlarında onlara mesaj yazaraq iş yerinə polis əməkdaşlarının gəldiyini və onlarla getdiyini deyib.

Məlumata görə, hazırda Tural Fərzili ilə əlaqə saxlamaq mümkün deyil.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İbrahim Əmiraslanlı bildirib ki, Tural Fərzili saxlanılmayıb:

“Yayılan məlumatlar əsassızdır. O, müraciəti ilə əlaqədar polis idarəsinə dəvət edilib, araşdırmanın nəticəsi ilə bağlı tanış olduqdan sonra idarəni tərk edib”.

Tural Fərzili saat axşam saat 8 radələrində sərbəst buraxılıb. Onun sözlərinə görə o, idarəyə şikayəti ilə bağlı aparılıb və onunla “profilaktik” söhbətlər aparıblar.

İşçi Masası Konfederasiyasının koordinatoru Afiəddin Məmmədov sentyabrın 20-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin (CM) 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Təşkilatın digər üzvləri Elvin Mustafayev və Ayxan İsrafilov narkotik ittihamı ilə həbs olunublar və hər ikisi barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Fəalların üçü də özlərini təqsirli bilmir və həbsini siyasi fəaliyyətləri ilə əlaqələndirirlər.

Hüquq müdafiəçilər fəalların həbsini siyasi motivli hesab edir.

Hökümət nümayəndələri isə Azərbaycanda siyasi motivli həbslərin olmadığını bildirir.

Amerikanın Səsi 

15:45, 27 Oktyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Dunya Miyatoviçin Ermənistana və Azərbaycana səfərinin yekunları haqqında bəyanatı

by Gozetci 14:24, 27 Oktyabr 2023
written by Gozetci

Dunya Miyatoviç

 

“İnsan hüquqlarının pozulması Qarabağ regionunda və onun ətrafında Ermənistan və Azərbaycan arasında uzunmüddətli münaqişənin son fəslində əlamətdar olub. Hamı üçün insan hüquqlarına tam hörmət və müvafiq beynəlxalq standartlara ciddi şəkildə riayət olunması iki ölkənin barışığı yolunda diqqət mərkəzində olmalıdır”, deyə Avropa Şurasının insan hüquqları üzrə Komissarı Dunya Miyatoviç Qarabağ regionu da daxil olmaqla, Ermənistana və Azərbaycana 16-23 oktyabr tarixlərində baş tutan səfəri başa çatdıqdan sonra bildirib.

Regiona səfər sentyabrın sonlarında cəmi bir neçə gün ərzində Ermənistana qaçan 100600-dən çox Qarabağ ermənisinin kütləvi köçü ilə bağlı olub. Bu, 19-20 sentyabr tarixlərində Azərbaycanın həyata keçirdiyi hərbi əməliyyatlar, regionun tamamilə onun nəzarəti altına keçməsi və “Qarabağ ermənilərinin Laçın dəhlizinin Azərbaycan tərəfindən doqquz aylıq mühasirəsi nəticəsində məruz qaldıqları hərəkət və əsas məhsulları, xidmətləri və enerji daşıyıcılarını əldə etmək imkanının uzun müddət pozulmasından” sonra baş verib. “Onlar hər hansı etibarlı təhlükəsizlik zəmanəti və ya hansısa tərəfin müdafiəsi olmadan tərk edilmiş vəziyyətdə qalıblar. Onlar üçün vətəni tərk etmək yeganə mümkün variant idi”, deyə Avropa Komissarının bəyanatında bildirilir.

Komissar Ermənistana səfəri zamanı Qarabağdan məcburi köçkünlər üçün sığınacaqlara baş çəkib və Avropa Şurası üzvlərini köçkünlərə kömək etməyə çağırıb.

Komissar Azərbaycana səfəri zamanı Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev və digər şəxslərlə görüşlər keçirib.

Azərbaycan hakimiyyəti komissara dövlətin Qarabağ regionunun və orada yaşayan insanların reinteqrasiyası üçün gördüyü tədbirlər haqqında məlumat verib. “Komissar qeyd edib ki, Azərbaycan regionda qalan və Ermənistana gedən etnik ermənilərin hüquqlarına, o cümlədən təhlükəsiz və layiqli bir şəkildə öz evlərinə qayıtmaq hüququna zəmanət verməlidir”.

Komissar həmçinin Azərbaycanın Qarabağ regionuna səfər edib. Bu, onillər ərzində ilk dəfə idi ki, belə bir hüquq müdafiə missiyası regiona səfər edə bilib, baxmayaraq ki, minaların mövcudluğu ilə əlaqədar təhlükəsizlik problemləri səbəbindən onun miqyası məhdud olub. Komissar Füzuliyə, Şuşaya, Malıbəyli kəndinə, Xankəndinə, Xocalıya və Ağdama səfər edib. O, sentyabrda əhalinin getməsindən sonra Xankəndi şəhərinin, demək olar ki, tamamilə boş qaldığını gördükdə şok keçirib. Ona bu rayonda çox az sayda etnik erməninin qaldığını bildiriblər. O, onlardan bəziləri ilə söhbət edib.

Füzulidə və Ağdamda komissar onillər boyunca xarabalıq vəziyyətində qalmış dağılmış şəhərlər və kəndlər görüb. Füzulidə bu yaxınlarda salınmış yaşayış məntəqəsinə baş çəkib, bir neçə gün əvvəl vaxtilə öz torpaqlarını tərk edən azərbaycanlılar bu yaşayış məntəqəsinə qayıdıb.

Azərbaycana səfəri zamanı komissar köçkünlər, mina qurbanları, şahidlər və insan hüquqları pozuntularına məruz qalan şəxslər və onların ailələri, habelə itkin düşmüş şəxslərin ailə üzvləri ilə görüşüb.

Hər iki ölkəyə səfər zamanı komissar uzanan münaqişə ilə əlaqədar ciddi insan hüquqları pozuntuları haqqında məlumatlar eşidib və mülki əhalinin uzun illər boyunca hərbi əməliyyatlar nəticəsində çəkdiyi əziyyətin şahidi olub.

Komissar Qarabağ regionunda və onun ətrafında münaqişənin, o cümlədən 2020-ci ildə Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatların başlaması, həmçinin Laçın dəhlizinin mühasirəsindən və Azərbaycanın həyata keçirdiyi hərbi əməliyyatdan sonra baş verən son hadisələr nəticəsində humanitar və hüquqların müdafiəsi ilə bağlı nəticələrini müzakirə edib.

O, bütün köçkünlərin insan hüquqlarının, o cümlədən layiqli və təhlükəsiz şəkildə qayıtmaq hüququnun; minalardan qorunmaq hüququnun; əsirlərin müdafiə hüququnun; itkin düşmüşlərin aqibətini öyrənmək hüququnun təmin edilməsinin vacibliyini; ciddi insan hüquqları pozuntularının müstəqil araşdırmalarının aparılması zərurətini və qurbanlara dəyən zərərin adekvat şəkildə qaytarılmasının vacibliyini bir daha vurğulayıb.

O qeyd edib ki, indi bütün tərəflər ədavət salınmasının qarşısının alınması və buna qarşı mübarizə üzrə heç vaxt olmadığı qədər qətiyyətli addımlar atmalıdır, həmçinin birgə yaşayışa və barışığa şərait yaradan təşəbbüsləri dəstəkləməlidirlər.

Avropa Komissarının tövsiyələri daha sonra açıqlanacaq, deyə bəyanatda bildirilir.

Turan 

14:24, 27 Oktyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq PozuntularıSliderTibbi yardım hüququXƏBƏRLƏR

Vəkil: Qubad İbadoğlunun səhhətində geri dönüşü olmayan problemlər ola bilər

by Gozetci 10:47, 27 Oktyabr 2023
written by Gozetci

Qubad İbadoğlu

 

Oktyabrın 26-da Nərimanov Məhkəməsində Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, professor Qubad İbadoğlunun girov müqabilində azadlığa buraxılması ilə bağlı vəkillərin şikayətinə baxılıb. Bu barədə Amerikanın Səsinə vəkil Zibeydə Sadıqova məlumat verib.

Vəkilin sözlərinə görə, Qubad İbadoğlunun səhhətində ciddi problemlər var və azadlığa buraxılmasa geri dönüşü olmayan problemlər ola bilər:

“Qubad müəllim II tip şəkər xəstəsidir. Həbs olunan zaman gün ərzində bir dərman qəbul edirdi, biz dəfələrlə şikayət verdik, lakin nəzərə alınmadı. Nəticədə avqustun 3-də həkim dedi ki, dərmanın dozasını artırmaq lazımdır. Son həftələrdə edilən müayinə nəticəsində məlum oldu ki, Qubad müəllimin şəkəri 360-ı keçir, həkim isə artıq insulin iynəsinin vurulmasını məsləhət görmüşdü. O da 12 dozalı insulin iynəsi vurmağa başladı”.

Zibeydə Sadıqova bildirib ki, bu həftədən insulin iynəsinin dozası yenidən artırılıb.

“Artıq doza 18-ə qalxıb, lakin yenə də qandakı şəkərin miqdarı düşmür. Bu isə onun səhhətinə ciddi təsir edir, gözü zəifləyib, böyrəklərində problem var, müayinə nəticəsində məlum olub ki, su çatışmazlığı yaranıb. Gün ərzində çoxlu su içməlidir ki, o problemi aradan qaldıra bilsin, amma problem arada qalxsın deyə adam nə qədər su içməlidir ki? Şiddətli bel ağrıları var, ona fizioterapiya lazımdır, lakin kamerada bunu necə etmək olar? Hansı hərəkətləri etməlidir, bədənin hansı hissəsi masaj olunmalıdır, bununla bağlı o heç bir yoxlanışdan keçməyib, nə də heç bir məsləhət verilməyib. Bayaq məhkəmədə də dedi ki, belində ağrılar var”- deyə, vəkil qeyd edib.

Qubad İbadoğlunun 13 oktyabr tarixində müayinədən keçdiyini deyən Sadıqova professorun necə müalicə olunacağı ilə bağlı həkim məsləhətinin verilmədiyini bildirib:

“Biz məhkəmədən xahiş etdik ki, heç olmasa girov müqabilində azadlığa buraxılsın və onun müalicəsi ilə ailəsi məşğul olsun. Təəssüf ki, həmişəki kimi məhkəmə bizim vəsatətimizi təmin etmədi. Məhkəmənin qərarından apellyasiya şikayəti verəcəyik”.

Qubad İbadoğlunun oğlu, Rutgers Universitetinin tələbəsi Emin Bayramlı atasının tibbi durumunun ağır olduğunu deyir: “Atam hal-hazırda yataqdan qalxa bilmir, əlləri silkələnir, danışığında problemlər var. Məhkəməyə gətiriləndə ayağını çəkirdi. Səbəb atama dərmanlarının verilməməsidir”.

Xatırlatma

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs-qətimkan tədbiri seçib. Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.

Amerikanın Səsi 

10:47, 27 Oktyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Adekvat yaşayış standartıHüquq PozuntularıMərkəzi AranSliderXƏBƏRLƏRYerli İcmalar

Mingəçevirdə: Üfunət dolu zirzəmilər, təmirsiz binalar, istismar müddətini başa vuran kanalizasiya sistemi

by Gozetci 13:16, 26 Oktyabr 2023
written by Gozetci

Fotolar: Meydan TV

 

Sakinlər köhnə binaların təmirini, mütəxəssislər isə yeni binaların tikilişini vacib sayır

“Bu evi ötən ilin aprel ayında almışam. Bir ildən artıqdır ki, problemlə üz-üzəyik. Birinci mərtəbəni satıb gəlib üçüncü mərtəbədən almışam, düşmüşəm tələyə. Sən demə, ev sahibi zirzəmiyə görə satırmış. Artıq anti-sanitariyadan xəstəlik tapmışıq. Biz gələndə iy varıydı, ancaq belə güclü deyildi deyə aldandıq. Əvvəlki binanı qoyub gəlməyimə peşmanam”.

“Hər yer pis qoxu, üfunət, anti-sanitariyadır”

Mingəçevir şəhər sakini Elmira Quliyeva yaşadığı “127-ci məhəllə” adlandırılan ərazidə, Xətai küçəsi 9 ünvanındakı binanın vəziyyətindən narazıdır. Yeni mənzilə köçməyinə peşman olub. Deyir ki, üzbəüz yerləşən Xətai 7 ünvanındakı binada da vəziyyət eynidir. Həm binaların təmirsizliyi, həm də zirzəmiyə toplanan çirkab sular sakinlərin yaşayışını çətinləşdirib. Onların sözlərinə görə, altı ildir ki, iki binanın daşıyıcı kanalizasiya xətləri istismar müddətini başa vurduğundan binanın çirkab, kanalizasiya suları axmır, nəticədə toplanıb zirzəmidə qalır. Üfunət iyindən sakinlərin nə gecələri var, nə də gündüzləri.

 

“Evdə yemək bişirə, çay içə, paltar yuyub sərə, pəncərə, qapını aça bilmirəm. Ev doludur ağcaqanadla. Gedib-gəlməkdən, deməkdən yorulmuşuq. Bu binada insan yaşamaz. O borular dağılıb, sökülüb yenisi salınmalıdır. Bu binanın altında obyektlər çalışır, aptek, market… Deyirik, nə olar, köməkləşib təmir edək, yaxın durmurlar”,- Elmira Quliyeva gileylənir.

“Binada 40 ailə evini satışa çıxarıb”

Digər sakin Lamiyə Quliyeva deyir ki, burada yaşayanların əksəriyyəti xəstəlik tapıb. Ayda 2-3 dəfə çəkilən çirkab sular da yenidən həyətə, zirzəmiyə dağıldığından vəziyyət daha da kritikləşir. Nə yumaq, nə xlorlamaq təsir etmir, əksinə bir metrəyə qədər yığılan çirkab su əlavə problemlər yaradır.

“Dörd lyukun ağzı hər gün qaynayır, yayılır məhləyə. Binanın hər yeri, arxası belə iyrənc durumda, su qaynayıb tökülür. Evin içində bir dəqiqə durmaq olmur, ağcaqanad sürü ilə içəri girir. Yaşyarımlıq uşaq o zirzəmiyə düşsə, ölər. Hörümçək toru, göbələk basıb hər yeri. Yumurta qutusu yandırırıq ki, iy, ağcaqanad getsin. Utandığımızdan qonaq qəbul edə bilmirik”, – Lamiyə Quliyeva danişır.

Sakin deyir ki, onda astma-bronxit xəstəliyi yaranıb:

“Boğula-boğula qalmışam, həkim də deyir, ünvanını dəyiş. İki dəfə hər iki binadan on nəfər yığışıb getmişik icra hakimiyyətinə. Söz verdilər ki, bu yayın sonuna düzəldəcəklər, ancaq yenə də heç nə yoxdur. Səsimizə səs verən, kömək edən tapılmır. Söz verirlər, əməl edilmir. İçi mənim ailəm qarışıq, binada 40 ailə evini satışa çıxarıb. Satıb qaçmaq istəyirik, o qədər dəhşətdir durum”.

“46-47 ildir bina tikilib, bir dəfə də olsun təmir olunmayıb”

İki binada şəhid, qazi və hərbçi ailələri də daxil 110 ailə yaşayır. Bu, azmış kimi binanın təmirsizliyi, ötən əsrin 60-cı illərindən qalması, həyətdə istirahət üçün şəraitin olmaması da sakinləri narahat edir.

“Bu binalarda bir neçə şəhid ailəsi var, biri bu sentyabrda oldu. Evimdə 96 yaşlı xəstə atam, uşaqlar var. Məsuliyyətsizlikdir. Elektrik xətlərinin üstü açıqdır. Neçə obyekt var binada, onların elektrik sayğacını gətirib doldurublar bizim bloka. Hərənin sayğacı öz obyektində olsun da. Vətəndaşı vecinə alan var? Pulunu verib işini görür”, – sakin Nəzakət Əliyeva danışır.

Qadın deyir ki, 50 ildən artıqdır bina tikilib, bir dəfə də olsun təmir olunmayıb:

“Şüşələr qırıq-qırıq, pəncərələr nə gündə, həyətin istirahət etmək üçün şəraiti, oturacaq, uşaqlar üçün oyun meydançası yox. Zirzəmilərin işıqlandırması belə yoxdur. Dörd yerdə şəhid bulağı var, işləmir heç biri. Deyirik aidiyyəti qurumlara ki, düzəldin, dəyişin. Deyirlər “sizin binanın növbəsi çatmayıb hələ”. Çatmayıb deyə ölək anti-sanitariyadan, şəraitsizlikdən? İcra hakimiyyətinə dəfələrlə demişik, yazmışıq, xeyri yoxdur”.

“Həm ötürücülük qabiliyyətini, həm istismar müddətini bitirib”

Mingəçevir Su-Kanal İdarəsinin rəisi Samir Əliyev Meydan TV-yə bildirdi ki, 2011-ci ildən etibarən dövlət proqramı əsasında Mingəçevirin su-kanalizasiya xətlərinin yenilənməsi prosesi mərhələli şəkildə aparılır. Hazırda su xətlərinin bərpası tam bitsə də, kanalizasiya xətlərinin 82 faizi icra olunub. İşlərin tamamlanması isə 2026-cı ilə qədər davam edəcək.

Qurum rəhbəri sözügedən binaların problemini köhnə və yararsız daşıyıcı kanalizasiya xətləri ilə əlaqələndirdi. Bu həftədən etibarən həmin binalarda işlərin görüləcəyinə söz verdi.

Ümumilikdə isə şəhər üzrə 466 binadan 166-nın yeni kanalizasiya şəbəkəsinə qoşulduğunu qeyd etdi:

“Adıçəkilən Xətai 9 və 7 A  ünvanlarında kanalizasiya xətləri bir il olar ki, Mingəçevir Su-Kanal İdarəsi tərəfindən əsaslı dəyişdirilib. Sadəcə daşıyıcı xətlərdə problem olduğu üçün həmin ünvanlarda problem qalmaqdadır. İstismar müddətini bitirib, sıfırlaşıb, ötürücülük işi yoxdur o boruların. Odur ki, qarşı xətt suyu daşımır, problem yaradır. 200 metrəyə yaxın xətdir, o dəyişilməlidir. İki həftədən bir zirzəmidən nasosla su kənarlaşdırılır. Ətrafa dağılır da, nə edək? Bu həftədən ərazidə işə başlanılacaq və yeni şəbəkəyə qoşulacaq o binalar”.

“Dəfələrlə vətəndaşlarla görüşmüşük, problemləri ciddidir. Əsas problemli olan binalar da məhz bunlardır. Hazırda bəzi binalarda da növbəli şəkildə iş davam etdirilir. Mingəçevir şəhərinin kanalizasiya xətti 60-ci illərdə 70 min əhaliyə xidmət üçün çəkilib, indi şəhərin 130 min əhalisi var. Həm ötürücülük qabiliyyətini, həm istismar müddətini bitirib. 12 ildir iş gedir, uzun görünsə də, kanalizasiya ağır işdir, yeraltı komunikasiya xətləri və Mingəçevir şəhərinin torpağının qumsal olması işin aparılmasına mane olur”, – Samir Əliyev bildirib.

O, iş üçün ayrılan vəsait barədə məlumatsız olduğunu deyir:

“Hər il üçün “Azərsu” və dövlət büdcəsindən görə biləcəyimiz işə uyğun vəsait ayrılır və ona uyğun da iş gedir. Layihə şəhər üzrə 2026-cı ildə bitəcək. Bütün binalar, fərdi evlər və hətta layihəyə düşməyən evləri belə əhatə olunacaq”.

“Əsaslı təmir işlərinə 450 min manat pul ayrılır”

127-ci məhəllədəki binaların əsaslı təmiri və həyətlərinin abadlaşdırılması ilə bağlı suallarımızı Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının müavini, şəhər təsərrüfatı şöbəsinin müdürü Məhluqə Cavadova cavablandırdı. Onun sözlərinə görə, şəhərdə mövcud 466 bina ötən əsrin 60-70-ci illərində inşa olunduğundan əsaslı təmirə ehtiyac var. Bu il üçün 32 bina əsaslı təmir üçün plana salınsa da, adıçəkilən binalar o planda yer almayıb. Səbəbi isə ərazidə kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı işlərin getməməsidir. Qurum rəsmisi onu da əlavə etdi ki, indiyə qədər 164 bina əsaslı təmir olunub ki, məhz dövlət büdcəsindən ancaq binaların əsaslı təmir işlərinə ötən ilədək 400 min, bu ildən isə 450 min manat vəsait ayrılıb.

Qurum rəsmisi adıçəkilən binalarda təmirin kanalizasiya xətlərinin yenilənməsindən sonra baş tutacağını bildirdi:

“Son illər dövlət xətti ilə heç bir yaşayış binası inşa olunmur. Köhnə binalardır. Əvvələr binaların ancaq dam örtüyü dəyişdirilirdi. İndi isə genişləndirib fasadların əsaslı təmiri ilə də məşğuluq. Bu il üçün 32 bina belə əsaslı təmir üçün plana salınıb ki, onlar arasında həmin binalar yoxdur. Əsas gücü məhəllədaxili ərazilərə vermişik, çünki beş “Abad” məhəllə yaradılmalıdır. Orada məhəllədaxili yol asfaltlanması, səki çəkilişi, idman meydançası və uşaqlar üçün əyləncə mərkəzi, eləcə də yaşıllığın salınması kimi kompleks işlərin görülməsi nəzərdə tutulub”.

Məhluqə Cavadova. Foto: müsahibin arxivindən

“Qeyd olunan 127-ci məhəllənin binaları o plana salınmayıb, orada 20-yə yaxın bina var. O ərazidə kanalizasiya xətlərinin çəkiliş işləri davam etdiyinə görə biz onu iş planına sala bilmədik. Təmir kanalizasiya xətləri çəkilən ərazilərdə gedir. Asfalt çəkilib, yenidən dağıdılası deyil, təcrübədə çox olub belə. Məcburuq ki, kanalizasiya ilə bağlı yenidənqurma işləri getsin və sonra biz öz təmir işimizi görək. Təmir həm Mənzil Fondunun əsaslı təmir xətti ilə, həm də balansımızda olan qurumların xətti ilə aparılır. Növbəti il bizə ayrılan vəsaitə uyğun olaraq işi davam etdirəcəyik”, – Məhluqə Cavadova deyib.

“İndiyə qədər sovet dövründən qalma binalar əsaslı təmir olunmalı idi”

Azərbaycan Qiymətləndirmə Cəmiyyətinin sədri, müstəqil ekspert Vüqar Oruc hesab edir ki, Mənzil İstismar Sahələrinin fəaliyyəti, köhnə binaların təmiri və sərf olunan vəsait ciddi şəkildə araşdırılmalıdır. Buna müvafiq dövlət qurumları xüsusi komissiya yaradaraq nəzarət etməlidir. Mütəxəssis hesab edir ki, təmir yalnız kosmetik səviyyədə aparılmamalıdır, binanın su-kanalizasiya xəttindən tutmuş liftinə qədər əhatə etməlidir. İstismar müddəti bitmiş binalar isə yenidən qurulmalıdır:

“Təmir dedikdə binanın üz görüntüsünün kosmetik dəyişikliyi, yaxud ayrı-ayrı şəxslərin mənzilləri deyil, ümumi istifadə olunan dəhlizlərin, pilləkanların, liftlərin, zirzəmilərin, fasadların təmirindən söz gedir ki, bu, binanı yeniləməli, problemlərini həll etməlidir. Bu təmir ehtimal əsasında hesablana bilməz. Lift təmir olunubsa, ümumi normativ qaydalara görə bir, yaxud iki aydan bir baxışdan keçirilməlidir. Kosmetik təmirdən söhbət gedirsə, elə böyük məbləğə ehtiyac duyulmur. İndiyə qədər sovet dövründən qalma binalar əsaslı təmir olunmalı idi. Bina istismar müddətini başa vurubsa, onda təmir işləri aparılmamalı, yenidən sökülüb tikilməlidir, köklü şəkildə iş getməlidir”.

Foto: Vüqar Orucun “Facebook” səhifəsindən

Ekspert deyir ki, bu işlər konkret mütəxəssis rəyi əsasında olmalıdır:

“Bir əsr öncə tikilən yaşayış binası istismar müddətindən kənar dövr yaşayırsa, bu binaların saxlanmasına, yaxud istismar müddətinin bitməsinə az qalmış binalarda təmirin aparılmasına ehtiyac varmı, yoxmu, bu, ekspert rəyi əsasında müəyyənləşməlidir. Köhnə binalara diqqət yetirilməlidir, xüsusilə yaşayışın uyğun olub-olmaması həyati əhəmiyyətli məsələdir. Köhnə binaların durumu ümumi qiymətləndirilməlidir. Müvafiq komissiya yaradılmalıdır. O komissiya əsasında binaların təbii hadisələrə dözümlülüyü, yaşayışa uyğun mövcud vəziyyəti, istismar müddəti bilinməlidir”.

“Büdcəyə də ciddi nəzarət edilməlidir”

Əmlak üzrə ekspert hər il dövlət büdcəsindən təmirə ayrılan vəsaitə nəzarətin olmasını da vacib sayır. Üstəlik bu vəsaitin ümumi deyil, fərdi binalara görə ayrılmasını və dəqiq layihə ilə həyata keçirilməsini uyğun hesab edir:

“Məbləğin hamısının il ərzində həmin binalara sərf olunub-olunmaması ciddi araşdırmalıdır. Büdcə də ümumi deyil, məhz komissiyanın həmin binalara verdiyi rəy əsasında, ayrı-ayrı binaya uyğun təyin edilməlidir. Büdcəyə də ciddi nəzarət edilməlidir. Ötən on il ərzində bu yaşayış binalarına 400-450 min vəsait ayrılsaydı, çoxdan bu iş yekunlaşardı. Hər il 30-32 binaya 400-450 min manatın ayrılması o deməkdir ki, hər birinə təxminən 15-16 min manat düşür. Bu məbləğlə həmin binaların müəyyən problemini həll etmək olar, ancaq əsaslı təmir üçün yetərli deyil, zənnimcə. Ciddi şəkildə araşdırılıb büdcəyə uyğun keyfiyyətli iş görülməlidir”.

“Ölkə üzrə çoxmərtəbəli binaların 80 faizi sovetdənqalmadır”

İqtisadçı Natiq Cəfərli isə binalarda aparılan təmir işlərində Türkiyə modelinin tətbiq olunmasını uyğun hesab edir. Deyir ki, orada seçkili orqan olan Böyük Şəhər bələdiyyələri həm təmiri keyfiyyətli, həm də ayrılan vəsaiti hesabatlı şəkildə həyata keçirir. İcra hakimiyyəti qurumlarının isə formal xarakter daşıdığını bildirən ekspert ölkədə mövcud çoxmərtəbəli yaşayış binalarının 80 faizinin sovet dövründən qaldığını deyir. Əksəriyyətinin isə sökülüb yenidən inşası qaçılmazdır:

Natiq Cəfərli, Foto: Meydan TV

“Başlıca problem Böyük Şəhər Bələdiyyələrinin Azərbaycanda olmamasıdır. Əslində bu ölkədə də onlar bu işlə məşğul olmalıdır. Köhnə binalara gəldikdə, normativ aktlara görə 50-60-cı illərdə tikilmiş binaların çoxu sökülməlidir. Onlar müvəqqəti xarakter daşıyırdı. Şəhərlərdə, xüsusilə Bakıda özəl sektorlar dövlət orqanları arasında razılaşma olub, belə işlər görülüb. Bunun bütün ölkəyə yayılması üçün iqtisadi səmərəlilik olmalıdır. Biznesə də sırf etməlidir ki, Mingəçevirdə köhnə binanı söküb yeni bina tiksin. Tələbat, alıcısı, sərfəli qiymətlər, güzəştləri olmalıdır. Bu baxımdan ölkədə Mənzil Fondu çox köhnədir”.

“Ölkə üzrə çoxmərtəbəli binaların 80 faizi sovetdənqalmadır. Bunun əksəriyyəti vaxtını bitirib, yenilənməsinə ehtiyac var. Tək paytaxtda son qərar vardı ki, 1500-ə yaxın bina yenilənməlidir.  Binaların təmiri üçün vəsaitin ayrılmasına gəldikdə isə hər binaya, yaxud ümumi ayrılması doğru deyil. Binalar var ki, bir, binalar var ki, on blokludur, sayı, ərazisi, həcmi, mərtəbəsi fərqlidir. Yəni fasadlarının təmiri fərqli olacaq. Hər kvadratmetrinə görə hesablanmalıdır. Belə bir hesablama qaydası olsa, doğru olar. Ölkə üzrə qəbul olunmuş bəlli standartlara ehtiyac var ki, ona əsasən vəsait ayırıb, şəffaflığa da riayət edilsin”, – Natiq Cəfərli vurğulayıb.

Meydan TV 

13:16, 26 Oktyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Bakı Apellyasiya Məhkəməsi AXCP fəalının şikayətini təmin etməyib

by Gozetci 17:31, 25 Oktyabr 2023
written by Gozetci

Orxan Baxış

Oktyabrın 25-də Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Orxan Baxışın inzibati həbsindən verilən apellyasiya şikayətinə baxılıb.

Vəkil Nemət Kərimli Amerikanın səsinə açıqlamasında bildirib ki, bu günki məhkəmə iclasında qaldırılan vəsatətlər təmin edilməyib:

“Biz onun həbsi ilə razı deyildik, buna görə də, apellyasiya şikayəti vermişdik. O yaşadığı binanın qarşısında, parkda oturarkən mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Bu günki məhkəmə iclasında ilk vəsatət ondan ibarət oldu ki, saxlanıldığı yerdə şəhər təhlükəsizlik kameralarından çıxarışlar almaq üçün müraciət olunsun. Həmin çıxarışlar əldə edildikdən sonra məhkəmədə araşdırılsın. Lakin hakim vəsatəti təmin etmədi. Qeyd edilir ki, Orxan Baxış polislərə qarşı nalayiq sözlərdən istifadə edib. Ali təhsilli şəxsin psixologiyasi yerindədir. Biz düşünmürük ki, bu doğrudur. Bu səbəbdən də, biz vəsatət verdik ki, məhkəmə tibbi ekspertiza təyin etsin, onun psixoloji problemlərinin olub-olmadığı araşdırılsın. Bu vəsatət də təmin edilmədi. Məhkəmə qərarı qüvvədə saxladı”.

Orxan Baxış özü də məhkəmə iclasında iştirak edib. O, öz həbsinin Facebook səhifəsində hökumət rəhbərlərini tənqid etdiyi statuslarla əlaqədar olduğunu bildirib.

Xatırlatma

AXCP-nin məlumatına görə, AXCP Gənclər Komitəsinin Məclis üzvü Orxan Baxış oktyabrın 16-da Bakının Xətai rayonu ərazisində mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Oktyabrın 17-də Bakının Xətai rayon Məhkəməsi hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Orxan Baxışı 20 sutka inzibati həbsə məhkum edib. Orxan Baxış İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə günahlı bilinib.

Orxan Baxış bundan öncə, bu il fevralın 2-də Xətai rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 535-ci madddəsi (polisin qanuni tələbinə tabe olmamaq) ilə günahkar bilinərək 30 sutka inzibati həbsə məhkum edilib.

O daha əvvəl, 2018-ci ilin mayında Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə 6 il azadlıqdan məhrum edilib. Sonradan Ali Məhkəmə satış məqsədini ittihamdan xaric edib, maddəni 234.1-ə tövsif edərək cəzanı 3 ilə endirib. O, 2021-ci ilin martında prezident sərəncamı ilə əfv edilib.

Amerikanın Səsi 

17:31, 25 Oktyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir

  • Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib

  • Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir
20:17, 25 Mart 2026
Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib
22:20, 23 Mart 2026
Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir
16:26, 19 Mart 2026
Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia