Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

AİHM: Jurnalistə münasibətdə hərəkət azadlığı, azadlıq və toxunulmazlıq hüquqları pozulub

by Gozetci 10:38, 10 Noyabr 2023
written by Gozetci

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) noyabr ayının 9-da Azərbaycandan göndərilmiş 3 işlə bağlı yekun qərarlarını elan edib.

Kamran Mahmudov Azərbaycana qarşı

Tanınmış jurnalist olan ərizəçi axşam saatlarında Azərbaycandan Gürcüstana səfər edərkən sərhəddə saxlanılmışdı. Daha sonra yaxınlıqdakı polis idarəsinə aparılmışdı. Ərizəçiyə ölkədən çıxışına qadağa qoyulduğu bildirilib.

Ərizəçi AİHM qarşısında saxlanılmasının və ölkədən çıxışına qadağa qoyulmasının onun azadlıq və toxunulmazlıq, eləcə də hərəkət azadlığı hüquqlarını pozduğunu iddia edirdi. Məhkəmə qarşısında həmçinin, effketiv müdafiə vasitələrinə malik olmaq (Konvensiyanın 13-cü maddəsi) və ifadə azadlığı hüququnun (Konvensiyanın 10-cu maddəsi) pozuntuları da mabahisələndirilmişdi.

AİHM bu işdə jurnalistə münasibətdə yanlışlığın baş verdiyini və dərhal aradan qaldırldığını iddia edən hökumətin ərizənin baxılacaq işlərin çıxarılması barədə təqdimatını rədd edib. Qərar verib ki, K. Mahmudova münasibətdə həm azadlıq və toxunulmazlıq, həm də hərəkət azadlığı hüquqlarını pozuntusu baş verib.

Əbdül Əbilov Azərbaycana qarşı

Bu işdə ərizəçi blogger idi, sosial şəbəkələrdə hökuməti tənqid edən müxtəlif yazıları və tənqidi məzmunlu səhifəsi ilə tanınan ərizəçi, 2013-cü ildə Bakı şəhərindəki evlərinin yaxınlığında mülki geyimli polis əməkdaşları tərəfindən saxlanılmışdı. Polislər onu sürüyərək “Hundai Sonata” markalı avtomobilə mindirmiş və axtarış üçün evinə aparmışdılar. Axtarış ərizəçinin anasının və həyat yoldaşının iştirakı ilə aparılmışdı. Ərizəçi iddia edirdi ki, polis əməkdaşları onun qonaq otağında olan pencəyinin cibinə narkotik maddə qoymaq istəyiblər, ancaq bunu görən anası onlara mane olub. Bununla belə ərizəçinin gödəkçəsindən narkotik maddə tapılmışdı. Polis əməkdaşları axtarış zamanı ərizəçinin şəxsi kompüterini də götürmüşdülər.

Axtarışdan sonra ərizəçi qaynı ilə birlikdə Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmış, orda ərizəçinin üzərinə yenə baxış keçirilmiş, şalvarının cibindən narkotik maddə aşkar edilmişdi. Həmin gün ərizəçinin şübhəli şəxs qismində tutulması barədə protokol tərtib olunmuş, barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri hazırlama, saxlama, əldə etmə, daşıma və satma) maddəsi ilə cinayət işi başlanılmışdı. Həmin gün Nərimanov Rayon Məhkəməsi ərizəçinin məhkəməyə qədər üç ay müddətinə həbs olunması haqda qərar çıxarmışdı. Məhkəmə həbs qətimkan tədbirinin tətbiqini ittihamın ağırlığı və azadlıqda olacağı təqdirdə ərizəçinin istintaqdan yayına və istintaqa mane ola biləcəyi ehtimalı ilə əsaslandırmışdı. Həmin qərardan verilən şikayətlər rədd edilmiş, ərizəçinin həbs müddəti sonrakı mərhələlərdə yenidən artırılmışdı. Ərizəçinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə məhkəməyə müraciətləri də rədd edilmişdi.

Ərizəçi AİHM-ə şikayətində azadlıq və toxunulmazlıq hüququnun pozulduğunu iddia edirdi.

Bu ərizənin kommunikasiyası zamanı Hökumət məhkəməyə təktərəli bəyannamə təqdim edib, ərizəçinin iddia etdiyi pozuntuları etiraf edərək ona 8 min avro (mənəvi zərər və xərc, məsrəf əvəzi) təzminat ödəməyi təklif edib. AİHM bəyannaməni qəbul edib.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi Azərbaycana qarşı

Ərizəçi 2006-cı ildə dövlət qeydiyyatından keçmiş və Bakıda iqamət edən İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi idi. Ərizəçi 2010-cu ildə Nazirlər Kabinetinə informasiya sorğusu göndərərək, Nazirlər Kabinetinin tarixi dəqiq göstərilmiş Sərəncamının surətinin təqdim edilməsini xahiş etmişdi. Ancaq sorğuya cavab verilməmiş, ərizəçinin məhkəməyə müraciətləri də rədd olunmuşdu. Ərizəçi birlik AİHM qarşısında ona münasibətdə Konvensiyanın 6 (ədalətli məhkəmə araşdırması) və 10-cu (ifadə azadlığı) maddələrinin pozulduğunu iddia edirdi.

Məhkəmə bu ərizəni qəbuledilməz elan edib.

Aihmaz.org

10:38, 10 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Arif Hacılının oğlunun apellyasiya şikayəti təmin edilmədi

by Gozetci 10:15, 08 Noyabr 2023
written by Gozetci

Müsavat Partiyasının başqanı Arif Hacılı və oğlu Orxan Hacılı

Bakı Apellyasiya Məhkəməsində Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılının apellyasiya şikayətinə baxılıb.

Bu barədə Amerikanın Səsinə vəkil Nemət Kərimli bildirib. Onun sözlərinə görə noyabrın 7-də apellyasiya məhkəməsi ikinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

“Hamıya məlum idi ki, bu, siyasi prosesdir. Onun həbsi yalnız müsavatçı olduğuna görə, Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu olduğuna görədir”, o bildirib.

Vəkil qeyd edir ki, Orxan Hacılının ittiham olunduğu maddələr cinayət qanunvericiliyinə görə, ictimai təhlükə törətməyən cinayət təsnifatına aiddir.

Bununla belə, vəkil Nemət Kərimli hadisələrin gedişatından aslı olaraq, növbəti addım olaraq Orxan Hacılının həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə məhkəməyə müraciət edəcəyini deyib.

Öz növbəsində Arif Hacılı bildirib ki, şikayətin təmin olunmaması gözlənilən idi.

“Ümumiyyətlə bu hadisəni Azərbaycan cəmiyyətinə hörmətsizlik kimi dəyərləndirirəm. Çünki belə bir hadisəyə görə istintaq müddətində həbs-qətimkan tədbirinin seçilməsi, hətta Azərbaycanın hüquq mühafizə sistemi üçün yeni bir hadisədir”, Arif Hacılı qeyd edib.

Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılı barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilib.

Vəkil deyib ki, həbsdən öncə hadisə ilə bağlı sosial şəbəkələrdə video-görüntülər yayılıb.

“Orxan avtomobillə hərəkət edərkən qarşısına çıxan avtomobil sol tərəfə manevr edərək qaydanı pozur. Orxan avtomobili yayındırarkən həmin avtomobilə toxunur. Daha sonra Orxan avtomobilindən düşür həmin şəxslərlə görüşür. Həmin şəxslər hər hansı xəsarətin olmadığını bildirir. Hadisədən təxminən 20 gün keçəndən sonra deyirlər ki, guya orada səkidə kimsə oturubmuş, ona avtomobil dəyib və kəllə-beyin travması alıb”, Kərimli qeyd edib.

Xatırlatma

Orxan Hacılıya qarşı noyabrın 1-də Cinayət Məcəlləsinin 263.1 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi açılıb.
Öz növbəsində bununla bağlı hələlik Yasamal rayon məhkəməsindən və digər rəsmi qurumlardan rəsmi açıqlama almaq mümkün olmayıb.

Amerikanın Səsi
10:15, 08 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Vaqif Xaçaturyana hökm oxundu

by Gozetci 17:23, 07 Noyabr 2023
written by Gozetci

“O cinayəti törədənlər qalıb, mən məhkəmə qarşısında dayanmışam”

1991-ci il dekabrın 23-də Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı qətliamda təqsirləndirilən Vaqif Xaçaturyanın Bakıda təxminən bir aydır davam edən məhkəməsi yekunlaşıb. Noyabrın 7-də onun 15 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılıb.

Hökmə əsasən, o, cəzasının ilk 5 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

Bu hökmü Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev və Rafiq Abbasov, Camal Ramazanovdan ibarət hakimlər kollegiyası çıxarıb.

Vaqif Xaçaturyan hökmdən əvvəl məhkəmədə son sözündə təqsirsiz olduğunu bildirib. O, barəsində bəraət hökmü çıxarılmasını istəyib.

Təqsirləndirilən şəxs bildirib ki, Meşəlidə baş verən qətliamda heç bir rolu olmayıb.

“Mən Allaha inanan adamam. Allah o cinayəti törədənlərin cəzasını versin”, – Vaqif Xaçaturyan son sözündə bildirib.

O vurğulayıb ki, Badara kənd sakinidir, hadisə vaxtı da kənddə öz ailəsinin yanında olub. Onun sözlərinə görə, bu məhkəmədə zərərçəkmiş qismində dindirilən şəxslərin bir çoxunun yaxınlarıyla vaxtilə yaxın münasibətləri olub.

“O cinayəti törədənlər qalıb, mən məhkəmə qarşısında dayanmışam”, – Vaqif Xaçaturyan əlavə edib.

Vəkili də çıxışında Vaqif Xaçaturyanın təqsirsiz olduğunu deyib və ona bəraət verilməsini xahiş edib.

Meydan TV 

17:23, 07 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Bəxtiyar Hacıyevə daha bir ittiham verilib

by Gozetci 16:40, 07 Noyabr 2023
written by Gozetci

Bəxtiyar Hacıyev. Foto: Meydan TV

İctimai fəal vergidən yayınmada günahlandırılır

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevə daha bir ittiham verilib. İctimai fəala qarşı Cinayət Məcəlləsinin 213.1 (vergidən yayınma) maddəsilə yeni ittiham irəli sürülüb. Bu barədə Meydan TV-yə onun vəkili Elçin Sadıqov məlumat verib.

Vəkil bildirib ki, Bəxtiyar Hacıyev əvvəlki ittihamlar kimi, vergidən yayınmanı da qəbul etmir. O, ittihamın əsassız olduğunu deyir.

Vəkil deyir ki, Bəxtiyar Hacıyevin işi üzrə qanunda nəzərdə tutulmuş istintaq müddəti bitib. Buna baxmayaraq, ona qarşı yeni ittiham irəli sürülür.

Elçin Sadıqov da vergidən yayınma ittihamını əsassız sayır.

Xatırlatma 

Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında həbs olunub. O zaman ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham irəli sürülmüşdü. Onunla bloger Ülviyyə Alovlu arasında Yasamal Rayon Məhkəməsində insident baş verdiyi iddia olunurdu.

İyunun 16-da ona qarşı yeni ittihamlar irəli sürülüb. Bu ittihamlar əsasən maliyyə məsələlərilə – ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır. Ona həmçinin Cinayət Məcəlləsinin (CM) 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206 (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham verilib.

Bəxtiyar Hacıyev özünü təqsirli bilmir, sifarişlə həbs olunduğunu, Daxili İşlər naziri Vilayət Eyvazovun ünvanına səsləndirdiyi tənqidlərə görə cəzalandlrıldığını deyir.

Meydan TV 

16:40, 07 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Qalib Toğrul: ABŞ konqresmenləri Qubad İbadoğlu ilə bağlı Blinkenə müraciət edib

by Gozetci 10:48, 07 Noyabr 2023
written by Gozetci

Qubad İbadoğlu

ABŞ-ın Nyu-Cersi ştatını təmsil edən 9 konqresmen və 1 senator həbsdə olan iqtisadçı alim Qubad İbadoğlu üçün Dövlət katibi Antoni Blinkenə müraciət edib.

Bu barədə Qubad İbadoğlunun qardaşı Qalib Toğrul Amerikanın Səsinə bildirib.

“Müraciətdə Azərbaycanda həbs olunmuş Rutgers Universitetinin keçmiş professoru Qubad İbadoğlunun dərhal və qeyd-şərtsiz azad olunması məqsədilə ABŞ-ın bütün diplomatik kanallarını işə salması və beynəlxalq tərəfdaşlarla sıx işləməsi üçün çağırış edilib”, o bildirib.

Onun sözlərinə görə, konqresmenlər Dövlət Departamentindən Qubad İbadoğlunun həbsdən azad olunması istiqamətində görülən işlərlə bağlı hesabat tələb edib.

Qubad İbadoğlunun qardaşının sözlərinə görə, iqtisdadçı alimin səhhətində olan problemlər narahatlıqlar doğurur və bu problemlər daha da dərinləşir.

“İndi Qubad müəllim çox çətinliklə hərəkət edir. Yeriyəndə axsayır. Oturanda qalxa bilmir. Bunun üçün də Qubad bəyə fizioterapeya lazımdır. Xüsusi hərəkətlər lazımdır. Bu da təcridxana şəraitində mümkün deyil. Dəfələrlə vəkillər vasitəsi ilə müraciət eləmişik ki, Qubad müəllimin fizioterapeya alması üçün imkanlar yaradılsın. Ancaq təbii ki, bundan imtina edirlər. Bizə bununla bağlı hər hansı imkan da yaratmırlar. Bundan əlavə şəkər yüksək olanda həm böyrəkdə, gözdə və bütün daxili orqanlarda hansısa neqativ proseslərin getməsi gözləniləndir. Nə uzi müayinəsindən keçilir. Digər hər hansı bir müayinələr aparılmır. Şəkərin yüksək olması davam edir və o tənzimlənmir“, o bildirib.

Bundan əlavə ABŞ-ın Nyu-Cersi ştatını təmsil edən konqresmen Frank Pallone X (keçmiş twitter) paylaşımında Bayden Administrasiyasını Qubad İbadoğlunun azadlığını təmin etməyə çağırmağa davam edəcəyini qeyd edib.

Öz növbəsində Penitensiar Xidmətdən şərh almaq hələ mümkün olmayıb.

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə həbs-qətimkan tədbiri seçib. Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri, Avropa İttifaqı, ATƏT, Avropa Parlamenti İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.

Amerikanın Səsi 

10:48, 07 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Həbsdə olan AXCP üzvünün infarkt keçirdiyi bildirilir

by Gozetci 19:30, 06 Noyabr 2023
written by Gozetci

Elxan Əliyev

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan fəalı Elxan Əliyevin saxlandığı Bakı İstintaq Təcridxanasında infarkt keçirdiyi bildirilir.

Bu barədə Amerikanın Səsinə AXCP-dən məlumat verilib. Məlumata görə noyabrın 3-dən 4-nə keçən gecə təxridxanada Elxan Əliyevin səhhəti ağırlaşıb:

“Gecə ilə halı pisləşib, həkimlərin ilkin müayinəsinə görə onun infarkt keçirdiyini deyiblər”.

AXCP-dən verilən məlumata görə bu barədə xəbəri telefon vasitəsilə Elxan Əliyevin özü verib.

İyulun 26-dan həbsdə olan Elxan Əliyev təxminən bir il əvvəl insult keçirib.

Vəkili Nemət Kərimli bildirib ki, Elxan Əliyevin sağlamlığında problemlər var və həbsxana şəraitində saxlanması həyatına təhlükə yarada bilər, buna baxmayaraq məhkəmədə verilən vəsatətin heç biri təmin olunmayıb.

Xatırlatma

1982-ci il təvəllüdlü Elxan Əliyev Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham olunur.

Hazırda onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

O, təqsirsiz olduğunu, şərlənərək həbs edildiyini bildirir.

Cinayət işində söhbət əmlak alqı-satqısı prosesində dələduzluqdan gedir.

Həbsindən bir neçə gün öncə Elxan Əliyev ona qarşı təxribat hazırlanmasından şübhələndiyini bildirmişdi.

Bu barədə partiya funksionerlərindən birinə video göndərən Elxan Əliyev həmin görüntülərdə deyir:

“Əvvəllər ev alqı-satqısı işiylə məşğul idim. İndi məşğul deyiləm. İndi mənə bir nəfər zəng edir, əl çəkmir. Deyir ki, mənə ev tap, bağ tap. Birini tapdım, xoşuna gəlmədi. Yenə əl çəkmir, indi zəng edib ki, gedək çörək yeyək, yaxından tanış olaq. Bilmirəm ki, hakimiyyətin bir oyunudur, nədir…”

Cinayət Məcəlləsinin 178.3.2 maddəsində 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Amerikanın Səsi

19:30, 06 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Xaçaturyanın işi üzrə məhkəmə istintaqı başa çatdı: “Onların 95 faizi Ramil Usubova işləyirdi”

by Gozetci 15:36, 06 Noyabr 2023
written by Gozetci

Vaqif Xaçaturyan

Prokuror növbəti prosesdə iş istəyəcək

1991-ci il dekabrın 23-də Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qətliamda ittiham olunan Vaqif Xaçaturyanın bir aya yaxındır davam edən məhkəməsi yekunlaşmaq üzrədir. Bu cinayət işi üzrə dindirilməmiş bir şahid vardı ki, o da noyabrın 6-da məhkəmədə ifadə verib.

Vaqif Xaçaturyan haqqındakı cinayət işini Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev və hakimlər – Camal Ramazanovla Rafiq Abbasov araşdırır. Məhkəmə prosesi Yasamal Rayon Məhkəməsinin inzibati binasında keçirilir.

Noyabrın 6-da keçirilən məhkəmədə öncə şahid qismində ehtiyatda olan polkovnik Azay Kərimov ifadə verib. O bildirib ki, əvvəllər SSRİ qoşunlarında xidmət edib. 1990-cı ilin yanvarında Azərbaycana gələrək, Qarabağda xidmətə başlayıb. Şuşada Post-Patrulun qərargah rəisi olduğunu deyən şahidin sözlərinə görə, həmin dövrdə Qarabağda bir sıra şəxslər insanları milli münaqişələrə cəlb edirdilər.

“Köçəryan, Sarkisyan, Balasanyan, Babayan… Bu Xaçaturyan da onlara qoşulmuşdu. Adamları qızışdırıb, mitinqlərə cəlb edirdilər”.

Azay Kərimovun dediyinə görə, münaqişəyə qoşulmaq istəməyən erməniləri də özləri şantaj edir, cəzalandırırdılar.

Foto: Azay Kərimovun “Facebook” səhifəsindən

Şahidin sözlərinə görə, 1991-ci il dekabrın 23-də Meşəli hadisəsi baş verən gün o, Malıbəyli kəndində xidmətdə olub:

Mən Malıbəylinin müdafiəsini təşkil edirdim. Meşəli kəndinə hücumu eşitdim. Hadisənin ikinci günü ora getdik. Ora hücum edənlər 11 nəfər olub. Onlardan 8-ni biz zərərsizləşdirdik. Onların meyitini götürənlərdən biri də bu Vaqif idi. Orada təkcə adamları öldürməmişdilər. Evləri qarət eləmişdilər, it-pişiyi də güllələmişdilər”.

Azay Kərimov ifadəsində bildirib ki, 1991-ci ildə Meşəli hadisələrindən bir neçə ay öncə Vaqif Xaçaturyanı həbs edib, Şuşa türməsinə salmışdılar. Onun sözlərinə görə, Xaçaturyan türmədə dişləriylə damarlarını kəsərək intihara cəhd edib:

“Onu Şuşa xəstəxanasına apardıq. Axşam gördüm ki, damarına atılan tikişi də dişiylə açmaq istiyir. Sonra bunları buraxdılar. Bunlar da gedib Meşəlidəki qətliamı törətdilər. Niyə buraxdılar? Bu da özbaşına deyildi…”.

Ramil Usubov. Foto: DİN

Keçmiş daxili işlər naziri Ramil Usubovun o zaman cinayət-axtarış idarəsinin rəisi olduğunu xatırladan şahidin sözlərinə görə, bir çox erməni ondan çəkinirdi:

“Oradakı ermənilərin 95 faizi ona işləyirdi. Bu yolla əvvəldən məlumatları əldə edə bilirdik. O məlumatlar əsasında da hadisə yerinə gedirdik”.

Vaqif Xaçaturyan əvvəlki məhkəmə iclaslarında olduğu kimi, budəfəki iclasda da bildirib ki, Meşəli hadisələrində iştirakı olmayıb. Onun sözlərinə görə, həmin hadisələr vaxtı evində, ailəsilə birlikdə olub.

Şahid Azay Kərimovun dediklərinə gəlincə, təqsirləndirilən şəxs bildirib ki, onu tanıyır:

Amma o, məni tanımadı. İstintaq vaxtı məni də gətirmişdilər, onu da. Mən onu tanıdım, o isə məni tanımadı”.

Azay Kərimov isə onu tanımaması haqda deyilənlə razılaşmayıb. O bildirib ki, hətta üzləşmədə ondan İsgəndəri xatırlayıb-xatırlamadığını da soruşub.

“İsgəndərlə birlikdə işləmişik. Dost-qardaş olmuşuq…”, – Vaqif Xaçaturyan məhkəmədə belə deyib.

Şahid dindiriləndən sonra məhkəmədə sənədlərin elanı mərhələsi başlayıb. Cinayət işindəki ekspertiza rəyləri, üzləşdirmə protokolları açıqlanıb.

Daha sonra hakim Zeynal Ağayev məhkəmə istintaqının başa çatması məsələsini müzakirəyə çıxarıb. Prokuror bildirib ki, istintaq yekunlaşa bilər. Vaqif Xaçaturyan və vəkili də etiraz etməyib.

Vaqif Xaçaturyan deyib ki, törətmədiyi cinayətə görə mühakimə olunur. Bu üzdən məhkəmə prosesini uzatmağın faydası yoxdur. Onun sözlərinə görə, məhkəmədə gəlib adını çəkən şəxslər orada iştirakıyla bağlı dəqiq heç nə demirlər.

Məhkəmə istintaqının yekunlaşdığı elan olunandan sonra çıxış üçün dövlət ittihamçısına söz verilib. Lakin prokurorlar çıxışa hazır olmadıqlarını bildirib və vaxt istəyib. Onlara bir gün vaxt verilib. Noyabrın 7-də prokuror Vaqif Xaçaturyana cəza istəyəcək.

1955-cü il təvəllüdlü Vaqif Xaçaturyan iyulun 29-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyilə Ermənistana getmək istəyərkən Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.

Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, Vaqif Xaçaturyan hələ 2013-cü ilin noyabrından Azərbaycan Cinayət Məcəlləsinin 103 (soyqırım) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə beynəlxalq axtarışa verilmişdi.
Meşəli kəndindəki hadisələr zamanı 25 azərbaycanlının öldürüldüyü, 14 nəfərin xəsarət aldığı, 358 nəfərin isə yaşadığı yerdən didərgin düşdüyü bildirilir.

Meydan TV

15:36, 06 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Osman Nərimanoğlunun işi üzrə məhkəmə istintaqı əsassız olaraq uzadılır

by Gozetci 15:08, 03 Noyabr 2023
written by Gozetci

Osman Nərimanoğlu

Demokratik.az saytının rəhbəri Osman Nərimanoğlunun (Rzayev) məhkəməsi əsassız olaraq gecikir, onun xanımı Arzu Rzayeva bildirib. Onun sözlərinə görə, məhkəmə istintaqı artıq 16-cı aydır ki, davam edir.

Rzayevanın fikrincə, Roman Ələkbərlinin sədrliyilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin məhkəmə heyəti müxtəlif bəhanələrlə məhkəmə prosesini qəsdən təxirə salır.

Sonuncu dəfə məhkəmə iclası sentyabrın 7-də olub, məhkəmə mobil operatoruna sorğu göndərməyi  qərara alıb. Qanuna görə, məhkəmə sorğuları 30 gün ərzində təmin edilməlidir. Ancaq iki ay keçib, məhkəmə dinləmələri bərpa etmir.

Redaktorun xanımı hesab edir ki, məhkəmə prosesinin uzadılması Nərimanoğlunu mümkün qədər uzun müddət həbsdə saxlamaq və ona mənəvi təzyiq göstərmək üçün “sifarişdir”.

Öz növbəsində hüquq müdafiəçisi və vəkil Rəsul Cəfərov Turan-a bildirib ki, cinayət-prosessual qanunvericilikdə məhkəmə istintaqının son müddəti nəzərdə tutulmayıb.

Bir tərəfdən yazılıb ki, məhkəmə istintaqı “ağlabatan müddətdə” aparılmalıdır, digər tərəfdən qeyd olunub ki, o, “obyektiv və hərtərəfli” olmalıdır, ona görə də zamanla məhdudlaşmamalıdır. Lakin iş üzrə çoxlu müttəhimin, şahidin olduğu, müxtəlif ekspertizaların aparılmasına zərurət yarandığı vaxt məhkəmə istintaqının uzun müddət aparılması izahediləndir.

Xatırlatma

Osman Nərimanoğlu 5 iyul 2022-ci ildə zorla tələbetmə ittihamı ilə həbs edilib. Həbsdən sonra bildirib ki,  ittihamlar yalandır, Goranboy və Göygöl rayonlarının Meliorasiya İdarəsinin məmurları  və həkimlərin korrupsiya əməlləri barədə material dərc etdiyinə görə onlar tərəfindən şərlənib.

“Azərbaycan Siyasi Məhbusların Azadlığı Uğrunda” İttifaq onu siyasi məhbus kimi tanıyıb.

Turan 

15:08, 03 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

İran məhkəməsi Fərid Səfərlinin apellyasiya şikayətini təmin etməyib

by Gozetci 13:04, 03 Noyabr 2023
written by Gozetci

Fərid Səfərli

Fərid Səfərlinin anası: “Məhkəməyə nə Fərid, nə də vəkili dəvət olunub”

İranda casusluq ittihamı ilə 2 il azadlıqdan məhrum edilən Azərbaycan vətəndaşı Fərid Səfərlinin apellyasiya şikayəti təmin edilməyib.

Bu barədə Fərid Səfərlinin anası Dilarə Əsgərova Meydan TV-yə danışıb.

Dilarə Əsgərova hər gün Azərbaycan Konsulluğu vasitəsilə oğluyla danışdığını bildirib.

Onun sözlərinə görə, Apellyasiya Məhkəməsinə nə Fərid, nə də vəkili dəvət olunub:

“Hakimlər öz aralarında şikayətin təmin edilməməsi barədə qərar verib”.

Ana deyir ki, oğlu saxlanıldığı şəraitdən narazı deyil:

“Biz hər gün danışırıq, bu gün də vəkili ilə növbəti hüquqi addımları müzakirə edəcəyik”.

Dilarə Əsgərova Azərbaycan Xarici İşlər Nazirliyi ilə də əlaqə saxladığını qeyd edib:

“Nazirliyin Fəridin məsələsini diqqətdə saxladığını bilirəm. Onu bilirəm ki, onun Azərbaycana qaytarılması yönündə iş gedir. Əlbəttə, mən məhkəmənin hökmündən razı deyiləm. Elə apelyasiya şikayətinin təmin edilməməsindən də narazıyam. Fikirləşirdim ki, yeni faktlar irəli sürülmüşdü, yeni tərcümələr olmuşdu və buna görə Fəridə bəraət verəcəklər, amma olmadı”.

Xatırlatma

Avqustun 2-də İranda casusluq ittihamı ilə həbs olunan azərbaycanlı tələbə Fərid Səfərli 2 il azadlıqdan məhrum edilib.

Sentyabrın 14-də Baş Prokuror Kamran Əliyev Bakıda səfərdə olan İranlı həmkarı Mohammad Kazem Movahedi-Azadi ilə Fərid Səfərli ilə bağlı cinayət işi ətrafında  müzakirə aparıb.

Oktyabrın 1-də Kamran Əliyev yerli mediaya bildirib ki, o, İranın Baş prokurorundan Fərid Səfərlinin işinə yenidən diqqətlə baxılmasını, humanizm prinsiplərinin nümayiş olunmasını xahiş edib.

“O da mənə söz verdi ki, bu məsələyə bir daha baxılacaq, prokurorluq humanizm prinsiplərini əsas götürüb, mövqeyini ortaya qoyacaq”, – Kamran Əliyev bildirib.

Almaniyanın Yena Universitetində magistratura təhsili alan 27 yaşlı Fərid Səfərli 2023-cü il fevralın 20-də eyni universitetdə təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehrana gedib.

O, martın 5-də Almaniyaya qayıtmalı olsa da, geri qayıtmayıb.

Sonradan onun casusluq ittihamı ilə həbs olunduğu məlum olub.

Fərid Səfərli istintaq və məhkəmə dövründə verilmiş ittihamlarla əlaqəsiz olduğunu deyib.

19 iyul tarixində keçirilmiş məhkəmə iclası zamanı Fərid Səfərliyə qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) martın 9-da Fərid Səfərli ilə bağlı İrana nota verib.

Fərid Səfərlinin anası Dilarə Əsgərova oğlunun İranda həbs olunması ilə bağlı rəsmi məktubu iyunun 1-də alıb.

XİN-dən tələbənin anasına deyiblər ki, Fərid Səfərli İranda casusluq ittihamı ilə saxlanılıb.

İran hüquq-mühafizə orqanları onun saxlanılmasını 3 ay gizlədiblər.

Meydan TV 

13:04, 03 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBərabərlik hüququBölgəHüquq PozuntularıSliderXƏBƏRLƏR

Vəkil: Afiəddin Məmmədova zəng hüququndan istifadə etməyə icazə verilmir

by Gozetci 11:38, 03 Noyabr 2023
written by Gozetci

Afiəddin Məmmədov

 

Noyabrın 2-də Bakı İstintaq Təcridxanasında İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədovla görüşən vəkil Zibeydə Sadıqova Amerikanın Səsinə bildirib ki, ona zəng hüququndan istifadə etməyə icazə verilmir.

Vəkilin sözlərinə görə, bununla bağlı təcridxana rəisinə şikayət etmək istəyən Afiəddin Məmmədovun yazdığı ərizələr ona çatdırılmır:

“Vərəq bitəndə, hətta ərizə yazması üçün vərəq belə verilmir. Bununla bağlı rəsmi qaydada şikayət verəcəyik. Yaxınları və dostları ilə telefonla danışmağa icazə vermirlər”.

Vəkil bildirib ki, Afiəddin Məmmədovun sağlamlığında yaranan problemlər davam edir.

“Dedi ki, həbs olunan gün burnundan aldığı zərbəyə görə nəfəs ala bilmir. Nəfəs ala bilmədiyinə görə tez-tez gecə yuxudan oyanır, kəskin baş ağrılarının olduğunu dedi. Burnunun bir deşiyinin tamamilə tutulduğunu bildirdi. Həbsxanadakı həkim deyib ki, burnunda sınıq olduğu üçün gərək əməliyyat olunsun”- deyə, vəkil qeyd edib.

Məsələ ilə bağlı Penitensiar Xidmətdən mövqe almaq mümkün olmayıb.

Xatırlatma

Afiəddin Məmmədov sentyabrın 20-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Onun barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib.

Təşkilatın digər üzvləri Elvin Mustafayev və Ayxan İsrafilov narkotik ittihamı ilə həbs olunublar və hər ikisi barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Fəalların üçü də özlərini təqsirli bilmir və həblərini siyasi fəaliyyətləri ilə əlaqələndirirlər.

Hüquq müdafiəçiləri fəalların həbsini siyasi motivli hesab edir.

Hökümət nümayəndələri isə Azərbaycanda siyasi motivli həbslərin olmadığını bildirir.

Amerikanın Səsi

11:38, 03 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir

  • Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib

  • Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir
20:17, 25 Mart 2026
Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib
22:20, 23 Mart 2026
Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir
16:26, 19 Mart 2026
Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia