Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

“Abzas Media”nın mənbələrinin qorunması üçün Avropa Məhkəməsinə müraciət edilib

by Gozetci 11:26, 24 Noyabr 2023
written by Gozetci

Vəkil Elçin Sadıqov noyabrın 23-də “Abzas Media” internet nəşrinin direktoru Ülvi Həsənli və nəşrin baş redaktoru Sevinc Vaqifqızının mənbələrinin qorunması üçün Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət edib.

Elçin Sadıqov Amerikanın Səsinə deyib ki, Sevinc Vaqifqızının və Ulvi Həsənlinin hüquqlarının təmin edilməsi üçün Avropa İnsan Hüquqları Məhkəməsinə 39-cu Qayda (şikayətə prioritet qaydada, növbədənkənar baxılması-red) əsasında müraciət edib.

“Ümid edirik ki, AİHM bu gün və ya sabah bizim müraciətimizə baxacaq, Sevinc Abbasovanın (Vaqifqızı), Ülvi Həsənovun (Həsənli) və digərlərinin hüquqlarını qoruyacaq, onları qanunsuz müdaxilədən mühafizə edəcək”, vəkil qeyd edib.

Sadıqovun sözlərinə görə, axtarış zamanı istintaq orqanı məhkəmə qərarı olmadan “Abzas Media”ya məxsus komputer və digər avadanlıqları götürüb.

“Ülvi Həsənov və Sevinc Abbasova araşdırmaçı jurnalistdir. Onların jurnalist mənbələrinin qorunmasına zərurət var. Biz bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmişik. Avropa Məhkəməsi oxşar işlə bağlı 2018-ci ildə Ukraynaya qarşı müsbət qərar qəbul edib. Biz inanırıq ki, Avropa Məhkəməsi bu işdə də müsbət qərar qəbul edib araşdırmaçı jurnalistlərin və onların mənbələrinin həyatlarını qoruyacaq. Çünki həmin komputerlərdə və telefonlardakı məlumatlar əsasında hökumət mənbələri müəyyən edib, onları cəzalandıra, təqib edə bilər və bu qaçılmazdır. Ona görə biz məhkəmədən xahiş etmişik ki, belə hərəkətlər hökumətə qadağan edilsin və avadanlıqar dərhal geri qaytarılsın”, vəkil qeyd edib.

Sadıqov bu gün həmçinin 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalist Sevinc Vaqifqızı ilə görüşüb.

“Sevinc xanımın əhvalı yaxşıdır, saxlanma şəraitindən şikayəti yoxdur. O yolundan dönməyəcəyini bildirdi”, vəkil Amerikanın Səsinə deyib.

Xatırlatma

“Abzas Media” internet nəşrinin direktoru Ülvi Həsənli və direktorun müavini Məhəmməd Kekalov noyabrın 20-də, nəşrin baş redaktoru Sevinc Vaqifqızı noyabrın 21-də saxlanılıb. Bakının Xətai Rayon Məhkəməsi Ülvi Həsənli və Sevinc Vaqifqızı barəsində 4 aylıq həbs qətimkan tədbiri sdeçib.

Cinayət Məcəlləsinin 206.3.2 maddəsi (Qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ilə ittiham olunan jurnalistlər özlərini təqsirli bilmir. Onlar həbslərinin peşəkar fəaliyyətləri, “Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə bağlı olduğunu bildirirlər.

Amerikanın Səsi 

11:26, 24 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Vətəndaş cəmiyyəti nümayəndələri müstəqil mediaya basqını pisləyir

by Gozetci 09:36, 24 Noyabr 2023
written by Gozetci

Media azadlığı və insan hüquqları pozuntularına dair vətəndaş cəmiyyətinin BƏYANATI – AbzasMedia işi

Biz — aşağıda imza edən Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri, Azərbaycanda müstəqil mediaya qarşı siyasi həbslərin və repressiyanın yeni dalğası ilə bağlı narahatlığımızı və etirazımızı ifadə edirik.

Hazırkı repressiyasının spesifik hədəfləri “Abzas Medianın” direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı və direktor müavini, ictimai fəal Məhəmməd Kekalov olmaqla, ümumilikdə “Abzas Media” qurumudur. Onların həbsi ilə müşayiət olunan proses fundamental ifadə azadlığının kobud pozuntusu və ölkədə müstəqil mediaya qarşı repressiyanın tərkib hissəsidir.

20.11.2023-cü il tarixdə, gecə saatlarında Ülvi Həsənli xaricə səfər etmək üçün aeroporta gedərkən evinin qarşısında polis əməkdaşları tərəfindən saxlanılıb. Həmin gün günorta saatlarına qədər dostları və vəkili onun aqibəti barədə məlumat əldə edə bilməyib. Yalnız davamlı məlumat əldə etmək cəhdlərindən sonra, Ü.Həsənlinin Bakı Şəhəri Baş Polis İdarəsi (“BŞBPİ”) tərəfindən saxlanıldığı bəlli olub. Ülvi Həsənli saxlanılarkən pis rəftara (o cümlədən döyülməyə) məruz qalıb. Onu saxlayan polis əməkdaşları bildiriblər ki, Qarabağ problemindən yazmaq əvəzinə, yüksək ranqlı hökumət rəsmiləri barədə korrupsiya araşdırmaları apardığı üçün cəzalandırılır.

Yasamal Rayon Məhkəməsinin qərarına əsasən, “Abzas Media”nın ofisinin yerləşdiyi mənzildə əməliyyat müvəkkilləri tərəfindən baxış istintaq hərəkəti həyata keçirilib. Lakin Rayon Məhkəməsi baxış istintaq hərəkətini əsaslandırmayıb və mühim şübhə kimi yalnız qeyri-müəyyən “qərəzsiz mənbə” tərəfindən verilmiş informasiyaya istinad edib. Baxışdan əvvəl mənzilin yerləşdiyi bina polis tərəfindən mühasirəyə alınıb və aparılmış baxışın protokoluna əsasən mənzilin dəhlizində guya 40.000 avro valyuta “aşkar edilib”. Ülvi Həsənli baxış istintaq hərəkətinin nəticələrinə etiraz edib və qeydlərini protokola əlavə edib.

Həmin gün eyni zamanda, polis əməkdaşları M.Kekalovu yaşadığı mənzildə zorakılıqla tutublar və hər hansı hüquqi əsaslar olmadan onun “Notbuku” və mobil telefonunu götürüblər. Bu andan sonra Məhəmməd Kekalov inkommunikado həbsdə tutulub və ailəsi, eləcə də vəkili ilə əlaqə saxlamağa icazə verilməyib. Onun harada tutulması 3 gün bəlli olmayıb. Onun ailəsi və vəkili Kekalovla əlaqə saxlaya bilməyib və müvafiq qurumlar onun haqqında məlumat verməkdən imtina edərək onun ailəsi tərəfindən təyin edilmiş vəkillə görüşünə mane olublar.

Növbəti gün erkən saatlarda saytın baş redaktoru Sevinc Vaqifqızı ölkəyə qayıdarkən aeroportda BŞBPİ-nin polis əməkdaşları tərəfindən tutulub. Ülvi Həsənli və S.Vaqifqızının yaşadığı mənzillərdə baxış istintaq hərəkəti həyata keçirilib. Lakin bu baxışlar nəticəsində götürülmüş əşyalar sübut qismində cinayət işində istifadə edilməyib. Daha sonra Ülvi Həsənliyə və Sevinc Vaqifqızına qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq əməlinin törədilməsi) ilə ittiham irəli sürülüb. Bu ittihamlar üçün “Abzas Media”nın ofisinin yerləşdiyi mənzildə “aşkar edilmiş” xarici valyutaya istinad edilib.

Həmin gün BŞBPİ və müvafiq prokurorluq orqanı Ülvi Həsənli və Sevinc Vaqifqızı barəsində həbs qətimkan tədbiri seçilməsi barədə tələblə Xətai Rayon Məhkəməsinə müraciət edib. Həmin gün Xətai Rayon Məhkəməsi həbs qətimkan tədbiri tələbini təmin edərək ibtidai istintaq dövrü məqsədi ilə Ülvi Həsənli barəsində 4 ay, Sevinc Vaqifqızı barəsində 3 ay 29 gün müddətə həbs qətimkan tədbiri seçib. Həbs qətimkan tədbirinin seçilməsi üçün tələb edilən əsaslı şübhə elementi ilə əlaqədar ilkin sübutlar məhkəməyə təqdim edilməyib və məhkəmə tərəfindən də araşdırılmayıb.

Bundan əlavə, Xətai Rayon Məhkəməsi həbs qətimkan tədbiri seçilməsi üçün qaçmaq və ya sübutları saxtalaşdırmaq kimi lazımi tələbləri araşdırmayıb. Xətai Rayon Məhkəməsi detallarını araşdırmadan həbs qətimkan tədbirini tələb edən vəsatət və təqdimata olduğu kimi istinad edib.

Hazırda, Ülvi Həsənli və Sevinc Vaqifqızı Bakı İstintaq Təcridxanasına köçürülüb və orada saxlanırlar. Eyni zamanda, Məhəmməd Kekalov inkommunikado həbsdədir. Bu gün isə məlum olub ki, Məhəmməd Kekalov ailəsinin ona təyin etdiyi vəkillə görüşüb, görüş konfidensial olmayıb, müstəntiqin iştirakı ilə baş tutub. Məhəmməd görüşdə ailəsinin təyin etdiyi vəkildən imtina edib. Şübhələr var ki, bu imtina istintaqın təzyiqi nəticəsində olub. Elə həmin gün Xətai Rayon Məhkəməsinin qərarı ilə Məhəmməd Kekalov barəsində 3 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Kekalov da Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq əməlinin törədilməsi) ilə ittiham olunur.

Ülvi Həsənli və Sevinc Vaqifqızı Xətai Rayon Məhkəməsinə gətirildiyi vaxt polis əməkdaşları hadisələri işıqlandırmağa çalışan jurnalistlərə mane olub. Bu vaxt polis əməkdaşları tərəfindən media nümayəndələrinə hücum halları baş verib. Bunu qeyd etmək vacibdir ki, həbslər, cinayət işinin başlanılması və həbs qətimkan tədbiri iclasları qanunsuzluqla və insan hüquqlarının pozuntusu ilə müşayiət olunub.

Eyni zamanda, həbslər ərəfəsində və cinayət işi boyunca, hökumət rəsmiləri, dövlət mediası və hökumətyönümlü media qurumları tərəfindən müstəqil media, tənqidçi vətəndaş cəmiyyəti təşkilatları və müxalifət əleyhinə materiallar dərc edərək onları Qərb ölkələrinin, ələlxüsus ABŞ-ın “casusları” və “təsir agentləri” olmaqda günahlandırıb.

Bu materiallarda heç bir əsas və fakt olmadan “qanunsuz xarici qrantların” gətirilməsi və mənimsənilməsi vasitəsilə maliyyə pozuntuları törətməkdə günahlandırıblar. Bununla yanaşı, feminist və LGBTIQ+ fəallar “ailə dəyərlərini məhv etməkdə” və Qərb dövlətlərinin “marioneti” və “ruporu” olmaqda günahlandırılaraq hədəfə alınıblar. Hazırda belə diffamativ materialların yayılması davam edir.

Həbslərə dair faktlar, o cümlədən ofisdə baxış keçirilərək xarici valyuta aşkar edilməsi hüququn aliliyinə və konstitusional prinsiplərə bağlılığa dair ciddi suallar doğurur. Ötən günlərdə edilən bu hərəkətlər müstəqil medianı hədəfə alan və Azərbaycanda ifadə azadlığının təməl prinsiplərini sarsıdan siyasi motivli təqib kampaniyasının tərkib hissəsidir.

Biz qətiyyətlə bildiririk ki, Azərbaycan hökuməti tərəfindən yürüdülən təqib kampaniyası mövcud konstitusion hüquqi çərçivə və Azərbaycan Respublikasının insan hüquqlarına dair beynəlxalq hüquqi öhdəlikləri ilə bariz surətdə ziddiyyət təşkil edir.

BMT-yə, Avropa Şurasına və ATƏT-ə üzv dövlət kimi Azərbaycan beynəlxalq insan hüquqları standartlarına riayət etməyə borcludur. Azərbaycan hökumət orqanlarının cari addımları Konstitusiya ilə təmin edilmiş və beynəlxalq hüquqi müqavilələrlə tanınmış və Azərbaycan tərəfindən ratifikasiya edilmiş insan hüquqları öhdəliklərinin kobud pozuntusudur. Biz bu xüsusata diqqət cəlb etməyi vacib hesab edirik ki, ölkədə siyasi müxalifətə, tənqidçi vətəndaş cəmiyyətinə və müstəqil mediaya qarşı aparılan siyasi motivli təqib kampaniyasına, o cümlədən bu çərçivədə həyata keçirilən cinayət işlərinə və digər hüquqi məhdudiyyət tədbirlərinə dair Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən Avropa İnsan Hüquqlarının Konvensiyasının qeyri-legitim, siyasi motivli hüquq məhdudiyyətlərini qadağan edən 18-ci maddəsi üzrə Azərbaycana qarşı 11 hüquq pozuntusu qərarı qəbul edilib. Hazırda həmin qərarların icrası Avropa Şurası Nazirlər Komitəsinin nəzarətindədir.

Biz — Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri olaraq Azərbaycan hökumətinə çağırış edirik ki, insan hüquqlarına qoyulan siyasi motivli məhdudiyyətləri aradan qaldırsın, o cümlədən cinayət işlərinə xitam versin və Ülvi Həsənlinin, Sevinc Vaqifqızının, eləcə də Məhəmməd Kekalovun dərhal azad edilməsini təmin etsin.

Biz həmçinin, beynəlxalq tərəfdaşlara, o cümlədən BMT, Avropa Şurası, ATƏT-ə və digər beynəlxalq publik təşkilatlara ölkədə pisləşən insan hüquqlarının vəziyyətinə dair qəti addımlar atılmasına dair müraciət edirik.

İMZALAR:

1. Adnan Hacızadə, ictimai fəal

2. Akif Qurbanov, Demokratik Təşəbbüslər İnstitutu, sədr

3. Altay Göyüşov, tarixçi alim

4. Anar Məmmədli, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi, sədr

5. Araz Əliyev — Nida Vətəndaş Hərəkatı, İH üzvü

6. Arzu Qeybulla, müstəqil jurnalist

7. Aynur Elgünəş — MeydanTV, baş redaktor

8. Azər Qasımlı, Siyasi Menecment İnstitutu, sədr

9. Bəşir Süleymanlı, Vətəndaş Hüquqları İnstitutu, sədr

10. Elman Fəttah, siyasi şərhçi

11. Emin Abbasov, hüquqşünas

12. Emin Aslanov, hüquqşünas

13. Ələsgər Məmmədli, media hüququ üzrə ekspert

14. Gülnara Mehdiyeva, feminist fəal

15. Xalid Bağırov, hüquqşünas

16. Xədicə İsmayıl, ToplumTV, baş redaktor

17. İntiqam Əliyev, Hüquq Maarifçiliyi Cəmiyyəti, sədr

18. Jalə Bayramova, hüquqşünas

19. Leyla Həsənova, araşdırmaçı

20. Mehman Əliyev, Turan İnformasiya Agentliyi, direktor

21. Nəcmin Kamilsoy, araşdırmaçı

22. Nərmin Şahmarzadə, feminist fəal

23. Nicat Məmmədbəyli, hüquqşünas

24. Rəsul Cəfərov, hüquq müdafiəçisi

25. Rövşən Ağayev, iqtisadçı

26. Rövşən Hacıbəyli, Azadlıq.info, redaktor

27. Ruslan İzzətli, siyasi fəal

28. Rüfət Səfərov, Müdafiə Xətti, icraçı direktor

29. Samir Kazımlı, hüquq müdafiəçisi

30. Səməd Rəhimli, Müdafiəçi Hüquq Mərkəzi, rəhbər

31. Səyyad Yusifli, Müdafiəçi Hüquq Mərkəzi, koordinator

32. Şəmşad Ağa, Arqument.az xəbər saytı, baş redaktor

33. Yadigar Sadıqlı, tarixçi

34. Yalçın İmanov, hüquqşünas

35. Toğrul İsmayılov, ictimai fəal

36. Toğrul Vəliyev, iqtisadçı

37. Ülviyyə Əli, müstəqil jurnalist

38. Vəfa Nağı, ictimai fəal

39. Zöhrab İsmayıl, Azad İqtisadiyyat Yardım İctimai Birliyi, sədr

40. Əmrah Təhməzov — ictimai fəal

41. Elməddin Şamilzadə — AvasorTV, baş redaktor

42. Nemət Abbasov — ictimai fəal

42. Toğrul Abbasov — tədqiqatçı

43. Qiyas İbrahimov, ictimai fəal

44. Səbinə Rəhimova — ictimai fəal

45. Səməd Şıxı — yazıçı

46. Həmidə Qiyasbəyli — jurnalist

Bəyanat imzaya açıqdır.

09:36, 24 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Jurnalistlər Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb

by Gozetci 21:07, 23 Noyabr 2023
written by Gozetci

Mina Əlyarlı və Elnarə Qasımova

Onların şahid qismində dindiriləcəyi gözlənilir

Jurnalistlər Mina Əlyarlı və Elnarə Qasımova Abzas Media-nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızına qarşı açılan cinayət işi ilə bağlı şahid qismində Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb.

Eyni işlə bağlı bu gün jurnalistlər Sahilə Aslanova və Nərgiz Absalamova da BŞBPİ-yə çağırılmışdılar.
Xatırladaq ki, noyabrın 21-də Xətai Rayon Məhkəməsinin qərarı ilə Abzas Media-nın direktoru Ülvi Həsənliyə 4 ay, baş redaktoru Sevinc Vaqifqızına isə 3 ay 29 gün müddətinə həbs-qətimkan tədbiri verilib. Onlar Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.
Ülvi Həsənli və Sevinc Vaqifqızı ittihamları qəbul etmir, həbslərinin korrupsiya araşdırmaları ilə bağlı olduğunu bildirir.
Bu gün Abzas Media-nın direktor müavini Məhəmməd Kekalov barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 3 ay 27 gün həbs qətimkan tədbiri seçilib.
O da Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.
AbzasMedia
21:07, 23 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhkəmə Məhəmməd Kekalovu 3 ay 29 gün müddətinə həbs edib

by Gozetci 20:02, 23 Noyabr 2023
written by Gozetci

Məhəmməd Kekalov

Vəkil Rövşanə Rəhimova noyabrın 23-də Xətai rayon polis idarəsində ictimai fəal Məhəmməd Kekalovla görüşüb.

Vəkilin Turan agentliyinə verdiyi məlumata görə, görüş müstəntiqin iştirakı ilə baş tutub.

Eyni zamanda, Kekalov Rəhimovanın xidmətlərindən imtina edərək, artıq təyinatlı vəkilinin olduğunu  söyləyib.

Kekalovun ailəsi tərəfindən müdafiəyə cəlb edilən  Rəhimova fəala bir neçə vəkilin olmasına imkan verən hüquqlarını izah edib. Lakin Kekalov imtinasını təkrarlayıb. Eyni zamanda o, cinayət törətmədiyini qeyd edib.

Rəhimova müstəntiqdən Kekalovla təklikdə danışmağa icazə verməsini xahiş etsə də, rədd cavabı alıb.

Öz növbəsində, təyin olunmuş vəkil Sənan Əsədov Turan-ın müxbirinə təsdiqləyib ki, Kekalov ona qarşı irəli sürülən ittihamları qəti şəkildə qəbul etmir.

Vəkil Əsədov bildirib ki, noyabrın 23-də axşam saatlarında Xətai Rayon Məhkəməsi Kekalov barəsində 3 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 206.3.2 maddəsi (Qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ilə ittiham edilib.

Kekalov noyabrın 20-də saxlanılıb və o vaxtdan yalnız bu gün  fəalın ailəsi tərəfindən cəlb edilən vəkili Rəhimova onunla görüşə bilib.

Daxili İşlər Nazirliyi Kəkalovun “Abzas Media” rəhbərləri Ülvi Həsənli və Sevinc Vaqifqızının işi üzrə saxlanıldığını bildirib. Hər üç şəxs qaçaqmalçılıqda ittiham olunur. Həsənli və Vaqifqızı ittihamları rədd edərək, jurnalist araşdırmalarına görə təqib olunduqlarını bildiriblər. Bir çox beynəlxalq təşkilatlar onları dərhal azad etməyə çağırıb.

Turan 

20:02, 23 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Rəhbər Komitəsi Azərbaycanda mediaya və vətəndaş cəmiyyətinə qarşı repressiyaları pisləyib

by Gozetci 16:15, 23 Noyabr 2023
written by Gozetci

Ülvi Həsənli, SEvinc Vaqifqızı, Məhəmməd Kekalov

“Son 72 saat ərzində azı 3 jurnalistin həbs olunduğu Azərbaycanda müstəqil medianın qalıqları yenidən hücuma məruz qalıb”

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Rəhbər Komitəsi Azərbaycanda mediaya və vətəndaş cəmiyyətinə qarşı davam edən repressiyalar və bu yaxınlarda müstəqil jurnalistlərin həbsi ilə bağlı bəyanat yayıb.

Komitənin yaydığı bəyanatda bu repressiyalar qətiyyətlə pislənilib, həbs edilmiş müstəqil jurnalistlərin və bütün siyasi məhbusların dərhal azad edilməsinə çağırılıb.

“Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Rəhbər Komitəsi müstəqil jurnalistlər – “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, direktor müavini və əlillərin hüquqlarının müdafiəçisi Məhəmməd Kekalovun son həbslərini, Dr. Qubad İbadoğlunun həbs müddətinin bu yaxınlarda uzadılmasını pisləyir və Azərbaycan hakimiyyətini fəallara, jurnalistlərə qarşı siyasi motivli təqib və təzyiqləri dayandırmağa çağırır”, – bəyanatda deyilib.

Noyabrın 20-də “Abzas Media” müstəqil media platformasının direktoru Ülvi Həsənli həbs edilib və ona qarşı AR Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup şəklində qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb. “Abzas Media”nın “Facebook”da dərc etdiyi bəyanatında vurğulanır ki, həbs böyük ehtimalla Həsənli və komandasının hakimiyyətin yüksək çinli məmurlarının korrupsiya faktlarını ifşa edən silsilə araşdırmaları ilə bağlıdır.

Komitənin bəyanatında deyilib ki, Doktor Qubad İbadoğlunun hadisəsində olduğu kimi, polis “Abzas Media”nın ofisində də külli miqdarda nağd pul (40 min avro) aşkar edib.

“Həsənli bu pulların ona aid olmasını və onlarla hər hansı əlaqəsini inkar edir.

Bu, Ülvi Həsənlinin Azərbaycan polisi ilə ilk qarşılaşması deyil: o, Söyüdlüdə (Azərbaycanın Gədəbəy rayonu) ekoloji etirazları işıqlandırdığına və ABŞ-ın Bakıdakı səfirliyi qarşısında feminist qrup tərəfindən təşkil olunmuş fləşmobu lentə aldığına görə bu il azı iki dəfə dindirilib və saxlanılıb. Ülvi Həsənli Azərbaycanda qəbul edilən “Media haqqında” qanunu və onun ölkədə media azadlığına təsirini açıq şəkildə tənqid edən azsaylı şəxslərdən biridir”.

“Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızı 2023-cü il noyabrın 21-də İstanbuldan Azərbaycana qayıdarkən saxlanılıb. Onun evində axtarış aparılsa da, qadağan olunmuş əşya tapılmayıb. Həsənli kimi Vaqifqızı da AR Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup tərkibində qaçaqmalçılıq) maddəsi ilə ittiham olunur.

Həsənlinin həbs edildiyi gün gənc jurnalist və əlillərin hüquqlarının müdafiəçisi Məhəmməd Kekalov da mülki geyimli polis əməkdaşları tərəfindən evindən zorla aparılıb.

Komitə bildirib ki, 2022-ci ilin dekabrında Bəxtiyar Hacıyevin həbsi hadisəsi kimi, Kekalov 13-16 noyabr 2023-cü ildə Brüsseldə keçirilən ŞT CSF-nin İllik Assambleyasından Bakıya qayıtdıqdan qısa müddət sonra saxlanılıb.

“Kekalovun həbsindən sonra ailəsinə və dostlarına onun harada olduğu barədə heç bir məlumat verilməyib. Onlar Kekalovun həbsdə fiziki təzyiqə və işgəncəyə məruz qalmasından ehtiyat edirlər. M.Kekalova qarşı irəli sürülən ittihamlar və saxlandığı yerlə bağlı rəsmi açıqlama verilməyib”.

Bəyanatda bu ayın əvvəlində Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılının yol-nəqliyyat hadisəsi ilə bağlı həbs edilməsi də xatırladılıb. Azərbaycan hakimiyyətinin onun məhkumluğundan A.Hacılıya qarşı təzyiq vasitəsi kimi istifadə etməsi vurğulanıb.

“Son günlər hüquq müdafiəçiləri və jurnalistlərin hədələnməsi ilə yanaşı, noyabrın 16-da məhkəmə Qubad İbadoğlunun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətini daha 3 ay – 2024-cü ilin fevral ayının sonunadək uzadıb.

Bu yaxınlarda həyata keçirilən həbslər Azərbaycan hakimiyyətinin müxalifəti susdurmaq üçün narkotiklərin qanunsuz dövriyyəsi, narkotik vasitələrin saxlanması və xarici valyuta qaçaqmalçılığı ilə bağlı saxta ittihamlardan alət kimi istifadə etməsi praktikasına uyğun gəlir.

Belə bir şəraitdə biz Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Rəhbər Komitəsi beynəlxalq ictimaiyyətə qoşulur və Azərbaycan hakimiyyətini jurnalistlər Ülvi Həsənli, Sevinc Vaqifqızı, Məhəmməd Kəkalov, eləcə də Qubad İbadoğlu, Bəxtiyar Hacıyev və hazırda dəmir barmaqlıqlar arxasında həbsdə olan bütün siyasi məhbusları, hüquq müdafiəçilərini dərhal azad etməyə çağırırıq.

Biz Azərbaycan hakimiyyətini həbslər dalğasını, müstəqil mediaya və vətəndaş cəmiyyətinə qarşı davam edən repressiyaları dayandırmağa, onların qondarma ittihamlarla mühakimə olunması tendensiyasına son qoymağa çağırırıq”, – deyə bəyanatda qeyd olunub.

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Rəhbər Komitəsi Azərbaycan hökumətini getdikcə sərtləşən qanunvericilikdən və hökumət nəzarətini artıran, vətəndaş cəmiyyətinin, medianın və siyasi müxalifətin fəaliyyətini məhdudlaşdıran sərt tədbirlərdən, o cümlədən 2022-ci ildə qüvvəyə minən “Media haqqında” Qanundan imtina etməyə çağırıb.

“Biz Azərbaycan hökumətini dissidentlərə və onların vəkillərinə qarşı təqib, repressiya və zorakılıq kimi narahatedici tendensiyanı dayandırmağa çağırırıq.

Həmçinin Avropa İttifaqını və üzv dövlətləri Azərbaycanda siyasi motivli işlər üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarının icrasını diqqətlə izləməyə çağırırıq.

Biz Avropa İttifaqını və Üzv Dövlətləri Azərbaycanın hakimiyyət orqanları və hökuməti ilə təmasda olarkən Aİ-nin demokratik dəyərlərini və insan haqlarını ardıcıl surətdə dəstəkləməyə və Bakının insan hüquqları və fundamental azadlıqlar məsələsi üzrə təcrübəsini nəzərə alaraq strateji enerji tərəfdaşlığına yenidən baxmağa çağırırıq”, – deyə komitənin bəyanatının sonunda vurğulanıb.

AbzasMedia

16:15, 23 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

AŞPA məruzəçiləri Azərbaycan hakimiyyətini Ülvi Həsənlini dərhal azad etməyə çağırır

by Gozetci 14:19, 23 Noyabr 2023
written by Gozetci

Ülvi Həsənli

“Avropa Şurasının üzvü olan ölkədə buna dözmək olmaz”

AŞPA-nın “Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyatı və təhlükəsizliyinə təhdidlər” məsələsi üzrə məruzəçisi Hanna Bardell, AŞPA-nın media azadlığı və jurnalistlərin təhlükəsizliyi üzrə baş məruzəçisi Mogens Yensen və AŞPA-nın siyasi məhbuslar üzrə baş məruzəçisi Sunna Aevarsdottir “Abzas Media” müstəqil nəşrinin təsisçisi və icraçı direktoru Ülvi Həsənlinin həbsi və pis rəftara məruz qalması ilə bağlı bəyanat yayıblar.

Bəyanatda həmməruzəçilər “Abzas Media”nın hökumətin korrupsioner fəaliyyətinə dair araşdırma reportajlarından sonra Ülvi Həsənlinin susdurulmaq məqsədilə həbs edilməsi və saxlanma müddətinin uzadılması ilə bağlı dərin narahatlıqlarını ifadə ediblər, onun Azərbaycan hakimiyyət orqanları tərəfindən pis rəftara məruz qalmasını qınayıblar.

“Bu ilin əvvəlində Ülvi Həsənli AŞPA-nın üç komitəsinin Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyatı və təhlükəsizliyinə təhdidlərlə bağlı birgə dinləmələrində iştirak edib. O, Azərbaycan hakimiyyətinin jurnalistləri və hüquq müdafiəçilərini necə təqib etdiyini, şəxsi həyatları ilə bağlı intim məlumatları yaymaqla onları gözdən salmağa çalışdığını deyib.

Ülvi Həsənli həmçinin polisin aksiya iştirakçıları və jurnalistlərə qarşı vəhşicəsinə rəftar etdiyini və onların hərəkətlərinə görə mütləq şəkildə cəzasız qaldıqlarını bildirib. Azərbaycan hakimiyyətinin bu ölkədə qalan azsaylı müstəqil səslərdən birini korrupsiya faktlarını ifşa etdiyinə görə susdurmaq məqsədilə həbs etməsinə inanmaq mümkün deyil”, – deyə bəyanatda bildirilib.

AŞPA məruzəçilərinin birgə bəyanatında qeyd edilib ki, təcrübəli araşdırmaçı jurnalist Ülvi Həsənli əvvəllər insan haqları və qanunun aliliyinin müdafiəsinə sadiqliyinə görə hədəfə alınıb.

“Səhhətinin pis olmasına baxmayaraq, o, orduya çağırılıb, əsassız həbslərə məruz qalıb. Azərbaycan polisi onun jurnalist kimi fəaliyyətinə mane olub, etiraz aksiyalarından yazılan materialları silməyi ondan tələb edib. Onu müstəqil mediadan uzaqlaşdırmağa yönəlmiş bütün bu tədbirlərə baxmayaraq, Ülvi Həsənli AŞPA komitələrində müstəqil jurnalistlərin nəyin bahasına olursa-olsun, öz qərəzsiz fəaliyyətlərini heç vaxt dayandırmayacaqlarını bir daha təsdiqləyib.

Hesab edirik ki, Ülvi Həsənlinin qaçaqmalçılıqda şübhəli bilinərək son həbsi onun Parlament Assambleyası ilə əməkdaşlığına və hökumət üzvləri arasında korrupsiya faktları ilə bağlı apardığı son jurnalist araşdırmalarına görə repressiyadır. Onun həbsi və saxlanması tənqidi susdurmaq, Azərbaycanda müstəqil fikir və media azadlığını əngəlləmək məqsədi daşıyır. Bu, Azərbaycan hakimiyyətinin jurnalistlərə, hüquq müdafiəçilərinə, əslində isə hökumət ssenarisinə əməl etməyən hər kəsə qarşı repressiyasının növbəti nümunəsidir. Avropa Şurasının üzvü olan ölkədə buna dözmək olmaz”, – deyə bəyanatda qeyd olunub.

Həmçinin bildirilib ki, Azərbaycanda jurnalistin siyasi motivli həbsi hökumətin bu ölkədə söz azadlığının dəstəklənməsində Avropa Şurası ilə əməkdaşlıqdan son vaxtlar imtina etməsi fonunda baş verir.

“Biz Azərbaycan hakimiyyətini Azərbaycanın Avropa İnsan Hüquqları Konvensiyasından irəli gələn öhdəliklərinə uyğun olaraq, xüsusilə həbsdə pis rəftarla bağlı iddiaları operativ, hərtərəfli və müstəqil şəkildə araşdırmaq yolu ilə cənab Həsənlini dərhal azad etməyə və onun fundamental hüquqlarına hörmət edilməsini təmin etməyə çağırırıq.

Bu tələbin yerinə yetirilməməsi Azərbaycanın Avropa Şurasına üzv olduqdan sonra üzərinə götürdüyü və Avropa Şurasında davamlı üzvlüyünün bir hissəsi kimi Azərbaycan üçün məcburi olan öhdəlikləri açıq şəkildə pozur”, – deyə bəyanatın sonunda qeyd edilib.

Xatırlatma 

Noyabrın 20-də “Abzas Media” nəşrinin direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı həbs ediliblər. Onlara qarşı AR CM-nin 206.3.2-ci maddəsilə (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan qrupla törədildikdə) ittiham irəli sürülüb.

Noyabrın 21-də Xətai rayon məhkəməsi Sevinc Vaqifqızı barəsində 3 ay 29 gün, Ülvi Həsənli barəsində 4 ay həbs qətimkan tədbiri seçib.

Onların hər ikisi ittihamları rədd edir və həbslərinin peşəkar fəaliyyətləri, “Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə bağlı olduğunu bildirirlər.

Noyabrın 20-də evindən mülki şəxslər tərəfindən zorakılıqla aparılan “Abzas Media”nın direktor müavini Məhəmməd Kekalova qarşı da cinayət işi açılıb. O da Ü.Həsənli və S.Vaqifqızı kimi CM-nin 206.3.2-ci maddəsilə (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan qrupla törədildikdə) ittiham olunur. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat katibi Elşad Hacıyev məlumat verib.

AbzasMedia

14:19, 23 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Vəkil Məhəmməd Kekalovun harada saxlanıldığını öyrənib

by Gozetci 13:49, 23 Noyabr 2023
written by Gozetci

Məhəmməd Kekalov

 

Rövşanə Rəhimli: “Müstəntiqlə danışdım, saat 3-də görüşəcəyəm”

“AbzasMedia” saytının direktoru Ülvi Həsənlinin saxlanmasından az sonra mülki geyimli şəxslər tərəfindən evindən zorla aparıldığı deyilən ictimai fəal Məhəmməd Kekalovun yeri məlum olub.

Onun vəkili Rövşanə Rəhimlinin verdiyi məlumata görə, gənc fəal hazırda Xətai Rayon Polis İdarəsindədir.

“Məhəmməd Kekalovun işi üzrə müstəntiqlə danışdım. Saat 3-də Məhəmmədlə görüşəcəyəm”, – Rövşanə Rəhimli bildirib.

Vəkil 3 gündür ki, müxtəlif dövlət orqanlarına müraciət etsə də, hüquqlarını müdafiə etdiyi şəxslə görüşə bilmirdi.

Müdafiəçinin bildirdiyinə görə, hətta Məhəmməd Kekalovun harada olduğu barədə də məlumat verilmirdi.

Rövşanə Rəhimli. Foto: Meydan TV

Yalnız noyabrın 22-də Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev ictimai fəalın cinayət məsuliyyətinə cəlb olunduğunu bildirib:

“Məhəmməd Kekalovla bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə sonuncu müraciətim noyabrın 22-nə keçən gecə saat 01.52 radələrində olub. Xahiş etmişəm ki, şikayətimi təkrar qeydə alsınlar. Noyabrın 22-də isə Elşad Hacıyev mənə onun cinayət məsuliyyətinə cəlb edildiyini və başqa vəkili olduğunu bildirdi. Halbuki onun vəkili mənəm və bu barədə aidiyyəti qurumları rəsmi şəkildə məlumatlandırmışam”.

Elşad Hacıyevin bildirdiyinə görə, Məhəmməd Kekalov da “AbzasMedia”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızıyla eyni cinayət işi üzrə məsuliyyətə cəlb olunub.

Foto: Elşad Hacıyevin şəxsi arxivindən götürülüb

Söhbət Cinayət Məcəlləsinin 206.3.2. (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə başlanmış cinayət işindən gedir.

Günlərlə Məhəmməd Kekalovun yeri barədə məlumat verilməməsi, vəkili və yaxınlarının onunla görüşə buraxılmaması onun işgəncəyə məruz qalmasıyla bağlı ehtimallara əsas verib.

Sosial şəbəkələrdə ona işgəncə verilərək Ülvi Həsənli və Sevinc Vaqifqızı əleyhinə ifadələr almağa cəhd göstərildiyi barədə iddialar səslənir.

Ülvi Həsənli noyabrın 20-də səhər saat 5 radələrində evinin qarşısında taksiyə minərkən saxlanılıb.

Sevinc Vaqifqızı noyabrın 21-nə keçən gecə saat 2 radələrində ölkəyə qayıdarkən Bakıdakı hava limanında təyyarə yerə enən kimi saxlanılıb.

Noyabrın 20-də “AbzasMedia”nın ofisində və Ülvi Həsənlinin evində, Sevinc Vaqifqızı saxlandıqdan dərhal sonra isə gecə saat 3 radələrində onun yaşadığı mənzildə axtarış aparılıb.

Saytın ofisindən 40 min avro pul tapıldığı iddia olunub.

Ülvi Həsənli isə orada pul olmadığını, 40 min avronun ofisə onu tapdığını iddia edənlərin özləri tərəfindən qoyulduğunu bildirib.

Həm Ülvi Həsənli, həm də Sevinc Vaqifqızı onlara qarşı irəli sürülən ittihamın absurd olduğunu, “AbzasMedia”nın fəaliyyətinə, konkret olaraq, korrupsiya araşdırmalarına görə həbs olunduqlarını bildiriblər.

Meydan TV 

13:49, 23 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Jurnalistlər “AbzasMedia” işində şahid kimi dindiriləcək

by Gozetci 13:04, 23 Noyabr 2023
written by Gozetci

Nərgiz Absalamova və Sahilə Aslanova. Foto: MeydanTV

Nərgiz Absalamova və Sahilə Aslanova BŞBPİ-yə çağırılıb

Jurnalistlər Nərgiz Absalamova və Sahilə Aslanova “AbzasMedia”-nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızına qarşı açılan cinayət işi ilə bağlı şahid qismində dindirilmək üçün Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıblar.

Məlumatı “AbzasMedia” yayıb.

Xatırlatma

Noyabrın 21-də Xətai Rayon Məhkəməsinin qərarı ilə “AbzasMedia”-nın direktoru Ülvi Həsənliyə 4 ay, baş redaktoru Sevinc Vaqifqızına isə 3 ay 29 gün müddətinə həbs qətimkan tədbiri verilib.

Onlar Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

Ülvi Həsənli və Sevinc Vaqifqızı ittihamları qəbul etmir, həbslərinin korrupsiya araşdırmaları ilə bağlı olduğunu bildirir.

Beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətinə müraciət edərək, azad mediaya qarşı təzyiqi dayandırmasını istəyiblər. Baş verənləri mediaya qarşı “qisas” adlandırıblar.

Meydan TV 

13:04, 23 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

‘Human Rights Watch’ jurnalistləri azad etməyə çağırır

by Gozetci 11:50, 23 Noyabr 2023
written by Gozetci

Azərbaycan hakimiyyəti korrupsiyanı ifşa edən araşdırmaları ilə tanınan AbzasMedia-nın rəhbərləri Ülvi Həsənli və Sevinc Vaqifqızını həbs edib. AbzasMedia ilə işləyən ictimai fəal Məhəmməd Kekalov da saxlanıb.

“Human Rights Watch” insan haqları təşkilatı noyabrın 22-də yaydığı bəyanatda jurnalistlərin qaçaqçılıq kimi saxta ittihamlarla saxlandığını, təqsirli bilinəcəkləri halda, 8 ilədək həbsə məhkum olunacaqlarını bildirir.

“Azərbaycan hakimiyyəti tənqidçilərinə qarşı saxta, cəzalandırıcı ittihamlar irəli sürür. Həsənli, Vaqifqızı və Kekalovun saxlanması bu çoxdankı tendensiyanın son nümunələridir və onlar dərhal azad olunmalıdırlar”, – “Human Rights Watch”un Avropa və Orta Asiya üzrə direktor müavini Giorqi Qoqiya deyib.

Bəyanatda Kekalovun ailəsinin tutduğu vəkillə təmin olunmadığı qeyd edilir. AbzasMedia-nın yaydığı səs yazısında isə Ülvi Həsənli deyib ki, polis ondan rəhbəri olduğu media orqanının niyə Qarabağdan deyil, korrupsiyadan yazdığını soruşub.

Polisin bu deyilənlərə münasibəti bəlli deyil.

“Human Rights Watch” son həbslərin yayda tanınmış alim və müxalifətçi Qubad İbadoğlunun həbsindən sonraya təsadüf etməsinə diqqət çəkir. İqtisadçı saxta pul hazırlamaqda və dini ekstremizmdə ittiham olunur.

“İttihamlar fərqli olsa da, niyyətin eyni olduğu görünür: hökumətin tənqidçilərini susdurmaq və Azərbaycanda cəsur jurnalistlərə və fəallara sərt mesaj göndərmək. Hakimiyyət Həsənli, Vaqifqızı və Kekalovu dərhal azad, onlara qarşı saxta ittihamları ləğv etməlidir”, – Qoqiya vurğulayıb.

AzadlıqRadiosu 

 

 

11:50, 23 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Qubad İbadoğlunun vəsatətləri təmin olunmadı

by Gozetci 10:02, 23 Noyabr 2023
written by Gozetci

Qubad İbadoğlu. Foto: Meydan TV

 

Vəkillər onun qanunsuz həbsdə saxlanıldığını, sənədlərinin əsassız müsadirə edildiyini bildiriblər

Noyabrın 22-də Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri, professor Qubad İbadoğlu ilə bağlı iki məhkəmə prosesi keçirilib.

Bunlardan biri Qubad İbadoğlu haqqında istintaq dövrü üçün həbs müddətinin daha 3 ay uzadılması, digəri isə saxlandıqdan sonra onun rəhbərlik etdiyi partiyanın sənədlərinin götürülməsi və bu günə qədər qaytarılmamasıyla bağlı olub.

Noyabrın 16-da Nərimanov Rayon Məhkəməsində hakim Hafiz Kamranov ADR sədri haqqında prokurorun təqdimatını təmin edərək, həbs qətimkan tədbirinin müddətini daha 3 ay uzatmışdı.

Bu qərardan verilən apellyasiya şikayətinə noyabrın 22-də baxılıb.

Məhkəmədə vəkil Zibeydə Sadıqova şikayətini əsaslandırarkən bildirib ki, Qubad İbadoğluna qarşı ittihamlar əsassızdır.

Müvəkkilinin təqsirsiz olduğunu vurğulayan vəkil əlavə edib ki, üstəlik, onun səhhətində ciddi problemlər var.

Təcridxanada qapalı şəraitdə saxlanması, onun üçün vacib olan tibbi xidmətin əlçatan olmaması sağlıq durumunun günü-gündən pisləşməsinə gətirib çıxarır.

Zibeydə Sadıqova deyib ki, Qubad İbadoğlu həbsdə saxlanmadan da istintaq davam etdirilə bilər.

Müstəntiq isə buna etiraz edib.

O bildirib ki, hələ istintaq yekunlaşmayıb, bir sıra istintaq hərəkətləri aparılmalıdır.

Bu müddətdə isə Qubad İbadoğlunun həbsdə qalması məqsədəuyğundur. Çünki buraxılacağı halda, istintaqdan yayınmaq, istintaqın gedişinə təsir göstərmək imkanı ola bilər.

Qubad İbadoğlu özü də təqsirsiz olduğunu, sifarişlə həbsdə saxlandığını bildirib.

Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib, həbs qətimkan tədbirinin 3 ay artırılması haqda Nərimanov Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

ADR partiyasının sənədlərilə bağlı məsələyə gəlincə, vəkillər bundan ötrü Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmişdilər. Lakin onların müraciətlərinə müsbət cavab verilməmişdi.

Bu üzdən müdafiəçilər məhkəmə nəzarəti qaydasında şikayətlə Nərimanov Rayon Məhkəməsinə ərizə vermişdilər.

Ərizədə istintaqı aparan qurumun – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin üzərinə partiyanın sənədlərinin qaytarılması öhdəliyinin qoyulması istənilirdi. Lakin Nərimanov rayon Məhkəməsi bunu da təmin etməmişdi.

Noyabrın 22-də Bakı Apellyasiya Məhkəməsində bu məsələ ilə bağlı şikayətə baxılarkən vəkil Fəxrəddin Mehdiyev deyib ki, ADR partiyası qeydiyyatından imtina olunmasıyla əlaqədar bir müddət əvvəl məhkəməyə müraciət edib.

Hazırda qeydiyyat problemilə əlaqədar məhkəmə prosesləri davam etdiyinə görə həmin sənədlərə də ehtiyac var.

Üstəlik, partiyanın sənədlərinin Qubad İbadoğluna qarşı saxta pul ittihamına heç bir aidiyyəti yoxdur.

Apellyasiya məhkəməsi sənədlərin qaytarılması məsələsində də Qubad İbadoğlunun şikayətini təmin etməyib.

Hər iki məsələ ilə əlaqədar ölkədaxili hüquqi müdafiə vasitələri tükəndiyinə və bu kimi məsələlərdə Ali Məhkəməyə şikayət qanunla nəzərdə tutulmadığına görə vəkillər Avropa Məhkəməsinə müraciət edəcək.

Xatırlatma

London İqtisadiyyat Məktəbinin dəvətli mühazirəçisi olan professor Qubad İbadoğlu iyulun 23-dən həbsdədir.

Həmin gün ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

ADR sədri öncə daha dörd nəfərlə əlbirlikdə ittiham olunurdu. Onların adları ilk dəfə Qubad İbadoğlunun həbsi ərəfəsində Türkiyə mediasında açıqlanmışdı.

FETÖ (Fətullah Gülən Terror Örgütü) ilə əlaqəli şəxslər kimi təqdim olunan bu dörd nəfərə qarşı da Qubad İbadoğlu ilə eyni – Cinayət Məcəlləsinin 204.3.1 maddəsi ilə ittiham irəli sürülüb.

Sözügedən dörd nəfər Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov, Ruslan Əliyev və Anar Əliyevdir.

Qubad İbadoğlu saxlandıqdan sonra yayılan məlumatlarda iddia olunurdu ki, Anar Əliyev ifadəsində onun adını çəkib. Amma Qubad İbadoğlu ümumiyyətlə, bu şəxsi tanımadığını deyib.

Qubad İbadoğlu saxlandığı gün ofisdə keçirilən axtarışda 40 min dollar pul tapıldığı, onun bir hissəsinin saxta olduğu iddia olunur. Lakin ADR sədri bildirib ki, həmin pulun ona heç bir aidiyyəti yoxdur.

Avqustun 25-də ona Cinayət Məcəlləsinin 167-3.1-ci (Dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddəsilə yeni ittiham elan olunub.

Qubad İbadoğlu bu ittihamın da absurd olduğunu deyib və etiraz əlaməti olaraq, ifadə verməkdən imtina edib.

Qubad İbadoğlu həbs olunduğu gün axtarışdan sonra məkandan çıxarılıb aparılarkən Prezident İlham Əliyevin sifarişilə həbs olunduğunu bildirib.

Bundan başqa, avqustun 6-da Türkiyədə yaşayan və orada universitetdə işləyən azərbaycanlı alim Fazil Qasımov saxlanılaraq, Azərbaycana gətirilib.

Avqustun 8-də Nərimanov rayon Məhkəməsinin qərarıyla onun haqqında həbs qətimkan tədbiri seçilib.

Ona qarşı da eyni maddə ilə ittiham irəli sürülüb.

Meydan TV 

10:02, 23 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir

  • Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib

  • Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir
20:17, 25 Mart 2026
Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib
22:20, 23 Mart 2026
Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir
16:26, 19 Mart 2026
Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia