Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Apellyasiya Məhkəməsi Sevinc Vaqifqızının vəsatətini təmin etməyib

by Gozetci 13:10, 27 Noyabr 2023
written by Gozetci

Sevinc Vaqifqızı

Bu gün Bakı Apellyasiya Məhkəməsi “Abzas Media”nın baş redaktoru,  xarici valyuta qaçaqmalçılığında ittiham olunan Sevinc Vaqifqızının həbsindən şikayəti təmin etməyib.

Sevinc Vaqifqızının anası Ofeliya Məhərrəmova jurnalistlərə bildirib ki, qızı günahkar deyil, o, uydurma ittihamla həbs olunub.

“Redaksiyanın ofisində böyük miqdarda pul aşkar edildiyi iddia edilir, bəs niyə əskinaslardan barmaq izləri götürmədilər, çünkü orada Sevincin barmaq izləri yoxdur”, – ana deyib.

Məhərrəmovanın sözlərinə görə, Vaqifqızına ailəsilə telefon əlaqəsi yaratmağa imkan vermirlər.

“Qızım bilirdi ki, Bakıda onu həbs edəcəklər, biz bunu bilirdik,  mən xaricə, qızıma zəng elədim və xahiş etdim ki, qayıtmasın. Ancaq Sevinc cəsarətli qızdır,  dedi ki, jurnalist kimi işini görəcək, qoy, hakimiyyət də öz işilə məşğul olsun”, – Məhərrəmova deyib.

* Sevinc Vaqifqızı, “Abzas Media”nın direktoru Ülvi Həsənli və fəal Məhəmməd Kekalov noyabrın 20-21-də saxlanılıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb.

Onlar ittihamı rədd ediblər, beynəlxalq təşkilatlar həbs olunanların azad edilməsinə çağırıblar.

Turan 

13:10, 27 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Ülvi Həsənli ilə bağlı apellyasiya şikayətini təmin edilməyib

by Gozetci 13:05, 27 Noyabr 2023
written by Gozetci

Ülvi Həsənli

Bazar ertəsi Bakı Apellyasiya Məhkəməsi “Abzas Media” İnternet nəşrinin direktoru, xarici valyuta qaçaqmalçılığında ittiham olunan Ülvi Həsənlinin həbsindən şikayəti təmin etməyib.

Vəkil Zibeydə Sadıqova jurnalistlərə bildirib ki, müdafiə tərəfi məhkəmədən həbs qərarının ləğvini  xahiş edib, çünki Həsənlinin cinayət məsuliyyətinə cəlb edilməsi üçün hüquqi əsas yoxdur.

Həsənli özü də ittihamı rədd edib və bildirib ki, onu uydurma ittihamla təqib edirlər.

Həsənliyə və iş üzrə digər fiqurant, nəşrin baş redaktoru Sevinc Vaqifqızıya ailə üzvlərilə telefon əlaqəsi və görüş imkanı vermirlər.

Vəkillər bu məsələ ilə bağlı ayrıca şikayət vermək niyyətindədirlər.

Vaqifqızı  istintaq yeni başlasa da, onu və Həsənlini cinayət törətmiş kimi təqdim edən Report agentliyi tərəfindən təqsirsizlik prezumpsiyasının pozulmasından şikayət verib. Vəkil Fəriz Namazlının sözlərinə görə, Apellyasiya Məhkəməsi bu şikayəti də təmin etməyib.

*“Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı  və fəal Məhəmməd Kekalov noyabrın 20-21-də saxlanılıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb.

Onlar ittihamı rədd ediblər, beynəlxalq təşkilatlar həbs olunanların azad edilməsinə çağırıblar.

Turan 

13:05, 27 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

International Human Rights Protection Association Azərbaycan hakimiyyətini Abzas Media nümayəndələrini azad etməyə çağırıb

by Gozetci 10:41, 27 Noyabr 2023
written by Gozetci

Ülvi Həsənli, Sevinc Vaqifqızı və Məhəmməd Kekalov

International Human Rights Protection Association) Azərbaycanda müstəqil jurnalistlərə, fəallara qarşı artan təzyiqlər və son həbslərlə bağlı bəyanat yayıb.

Sənəddə deyilir: Azərbaycanda həbslərin artması müstəqil fəallara və jurnalistlərə qarşı təzyiqlərin gücləndirilməsinə işarə edir. Beynəlxalq İnsan Hüquqları Müdafiə Assosiasiyası Azərbaycanda azsaylı müstəqil media qurumlarından hesab olan “Abzas Media”nın direktoru Ülvi Həsənli və həmin nəşrin baş redaktoru Sevinc Vaqifqızının həbsini kəskin pisləyir. Beynəlxalq təşkilat eyni zamanda “Abzas Media”ya bağlı  fəal Məhəmməd Kekalovun da həbsindən narahatdır. @Biz Azərbaycan hökumətini onları dərhal həbsdən azad etməyə və bütün ittihamları ləğv etməyə çağırırıq», – daha sonra sənəddə deyilir.

Təşkilat gesab edir ki, həbslər “Abzas Media”nın hökumətdəki korrupsiya ilə bağlı araşdırma aparması ilə bağlıdır.

@İfadə azadlığının ölkə qanunları ilə qorunmasına baxmayaraq, Azərbaycanda media mühiti son dərəcə məhdudlaşdırılıb. Müstəqil jurnalistlər və bloqqerlər özünü senzura etməyə məcbur olu və ya hökumətin repressiyasına məruz qalır. Hazırda azı altı jurnalist siyasi motivli ittihamlarla həbsdədir. Siyasi hakimiyyət televiziya, radio və qəzetlər kimi ənənəvi media orqanlarına demək olar ki, tam nəzarəti həyata keçirib. 2021-ci ilin dekabrında Azərbaycanda “Media haqqında” yeni qanun qəbul edilib və bu qanun hakimiyyətə medianı və jurnalistləri kiçik əsaslarla sərt şəkildə cəzalandırmaq səlahiyyətini verib. Jurnalistlər də dövlət qeydiyyatından keçməli və digər sərt tələblərə cavab verməlidirlər. Avropa Şurasının Venesiya Komissiyası yeni qanunu beynəlxalq ifadə azadlığı standartlarına cavab vermədiyinə görə tənqid edib», – daha sonra bəyanatda deyilir.

Sənədin müəlliflərinin fikrincə, «adları çəkilən jurnalistlərin həbsi Azərbaycanda son dövrlər siyasi motivli həbslərin növbəti nümunəsidir». «2023-cü ilin iyulunda hökumətin korrupsiya siyasətini tənqid edən iqtisadçı və fəal doktor Qubad İbadoğlu saxta ittihamlarla həbs edilib. Əvvəllər siyasi məhbus həyatı yaşamış jurnalist Əvəz Zeynallı əsassız ittihamlarla həbsdədir. İctimai fəal Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrından qondarma xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə istintaqa qədər həbsdə saxlanılır», – sənəddə vurğulanır.

IHRPA “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyi, “Yüksəliş naminə” qəzeti və bir qrup Azərbaycan QHT-i tərəfindən 2013-cü ildə Belçikada yaradılıb və bu  dövlət tərəfindən rəsmən qeydə alınıb. Beynəlxalq təşkilatın əsas məqsədi riski yüksək olan ölkələrdə insan hüquqları və fundamental azadlıqlarını təbliğ etmək, hüquq müdafiəçilərini dəstəkləmək və dünyada insan hüquqları ilə bağlı halların illik hesabatlarını hazırlamaqdır.

Təşkilatın rəhbəri, hüquq müdafiəçisi və keçmiş siyasi məhbus Elçin Məmməddir.

Turan 

10:41, 27 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Avropa İttifaqı nümayəndəsi “Abzas Media”ya qarşı təzyiqlərdən narahatlığını ifadə edib

by Gozetci 18:41, 26 Noyabr 2023
written by Gozetci

Eymon Gilmor

Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi Eymon Gilmor “Abzas Media” xəbər saytına qarşı təzyiqlərdən narahatlığını ifadə edib, Azərbaycan hakimiyyətini jurnalistlərin sərbəst fəaliyyətinə şərait yaratmağa çağırıb.

“Azərbaycanlı jurnalistlər Ülvi Həsənli, Sevinc Vaqifqızı və Abzas Media ilə əməkdaşlıq edən Məhəmməd Kekalovun həbsindən olduqca narahatam. Biz Azərbaycanı müstəqil jurnalistika və ifadə azadlığı üçün azad və maneəsiz məkan təmin etməyə çağırırıq”, Aİ rəsmisi X səhifəsində yazıb.

Korrupsiya araşdırmaları ilə tanın “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı və saytla əməkdaşlıq edən Məhəmməd Kekalov “qaçaqmalçılıq” ittihamı ilə tutulub, Bakı Şəhəri Xətai Rayon Məhkəməsi onlar barəsində müvafiq olaraq 4 ay, 3 ay 29 gün və 3 ay 27 gün həbs-qətimkan tədbiri seçib.

Həsənli və Vaqifqızı ittihamları qəbul etmir, həbslərinin peşəkar fəaliyyətləri, “Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə bağlı olduğunu bildirirlər. Kekalov da heç bir cinayət törətmədiyini deyib.

Sərhədsiz Reportyorlar təşkilatı şənbə günü yaydığı bəyanatında Azərbaycan hakimiyyətini jurnalistləri dərhal azad etməyə çağırıb, beynəlxalq ictimaiyyəti Azərbaycanda mətbuat azadlığının vəziyyətinin pisləşməsi barədə xəbərdar edib.

“Azərbaycanda rüşvətxor elita yerinə onların yanlışlıqlarını ortaya çıxaran jurnalistlər həbsə atılır. Prezident İlham Əliyevin imzaladığı məhdudlaşdırıcı media qanunu hakimiyyətdəkilərin gözündə ölkədə mövcud olan nadir müstəqil medianı boğmaq üçün yetərli görünmür. Sərhədsiz Reportyorlar beynəlxalq ictimaiyyəti pisləşən vəziyyət barədə xəbərdar edir, Ülvi Həsənli, Sevinc Vaqifqızı və Məhəmməd Kekalovun azad edilməsinə çağırır”, Sərhədsiz Reportyorların Şərqi Avropa və Mərkəzi Asiya bürosunun rəhbəri Janna Kavelye deyib.

Ötən həftə ərzində digər bir sıra yerli və beynəlxalq insan hüquqları təşkilatları, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri “Abzas Media”ya qarşı təzyiqlərə son qoyulmasına çağırıb. “Forbidden Stories” beynəlxalq araşdırmaçı jurnalistlər şəbəkəsi “Abzas Media” jurnalistlərinin korrupsiya araşdırmalarını qaldığı yerdən davam etdirəcəyini açıqlayıb.

Amerikanın Səsi 

18:41, 26 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Ülvi Həsənli və Sevinc Vaqifqızının həbs qərarından apellyasiya şikayəti verilib

by Gozetci 17:24, 25 Noyabr 2023
written by Gozetci

Ülvi Həsənli və Sevinc Vaqifqızı

“AbzasMedia”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızının (Abbasova) haqqında noyabrın 22-də Xətai Rayon Məhkəməsində çıxarılmış həbs qərarından apellyasiya şikayəti verilib.

Şikayətlərə noyabrın 27-də Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Sevinc Vaqifqızının işi hakim Habil Məmmədovun, Ülvi Həsənlinin işi isə hakim Anar İbrahimovun icraatındadır.

Ülvi Həsənli saxlanılıb Bakı şəhər Baş Polis İdarəsinə aparılarkən, eləcə də sonradan idarədə işgəncəyə məruz qaldığını bildirmişdi.

Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, onun vəkili Zibeydə Sadıqova işgəncə ilə əlaqədar məhkəməyə şikayət verib.

Məhkəmə nəzarəti qaydasında verilmiş bu şikayətə də noyabrın 27-də Xətai Rayon Məhkəməsində baxılacaq.

Ülvi Həsənli noyabrın 22-də Xətai Rayon Məhkəməsində barəsində həbs qətimkan tədbiri seçiləndə də işgəncəyə məruz qalmasından danışıb.

Hakim Sülhanə Hacıyeva işgəncə şikayətinin araşdırılması üçün məhkəmənin prokurorluğa məktub göndərəcəyini bildirib.

Ülvi Həsənlininn yaxınları onun hələ də ekspertizadan keçirilməməsindən narazıdır:

“Həm prokurorluğa, həm də məhkəməyə işgəncədən şikayət verilib. Noyabrın 27-nə işgəncə ilə bağlı məhkəmə təyin olunub. Amma hələ də Ülvi ekspertizadan keçirilməyib. Zaman keçdikcə üzərindəki xəsarət izləri də yox olur. İzlər gedəndən sonra ekspertin gəlməyinin nə mənası qalır?”

Ülvi Həsənli noyabrın 20-də səhər saat 5 radələrində evinin qarşısında taksiyə minərkən saxlanılıb.

Sevinc Vaqifqızı isə noyabrın 21-nə keçən gecə saat 2 radələrində ölkəyə qayıdarkən Bakıdakı hava limanında təyyarə yerə enən kimi saxlanılıb.

Noyabrın 20-də “Abzas Media”nın ofisində və Ülvi Həsənlinin evində, Sevinc Vaqifqızı saxlandıqdan dərhal sonra isə gecə saat 3 radələrində onun yaşadığı mənzildə axtarış aparılıb.

Saytın ofisindən 40 min avro pul tapıldığı iddia olunub.

Ülvi Həsənli isə orada pul olmadığını, 40 min avronun ofisə onu tapdığını iddia edənlərin özləri tərəfindən qoyulduğunu bildirib.

Həm Ülvi Həsənli, həm də Sevinc Vaqifqızına qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb.

Saytın direktor müavini Məhəmməd Kekalov da noyabrın 20-də saxlanılıb. İki gün ərzində onun yeri, nədə ittiham olunduğu barədə heç bir məlumat verilməyib.

İki gün sonra onun da eyni cinayət işi üzrə saxlandığı məlum olub.

Noyabrın 23-də Xətai rayon Məhkəməsində onun da barəsində həbs qərarı çıxarılıb.

Təqsirləndirilən şəxslərin heç biri qaçaqmalçılıq ittihamını qəbul etmir.

Ülvi Həsənli və Sevinc Vaqifqızı bu ittihamın absurd olduğunu, “Abzas Media”nın fəaliyyətinə, konkret olaraq, korrupsiya araşdırmalarına görə həbs olunduqlarını bildirib.

Meydan TV 

17:24, 25 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq Pozuntularıİşgəncə və pis rəftarSliderXƏBƏRLƏR

“Tərtər işi: Validə Əhmədova ailəsinin təhdid olduğunu, oğlunun hədələndiyini deyir

by Gozetci 14:45, 25 Noyabr 2023
written by Gozetci

“Deyirlər ki, anan aksiyaları təşkil, Prezidenti tənqid edir, dayandırmasa, səni həbs edərik”

2017-ci ildə Tərtərdə əsgər və zabitlərə qarşı kütləvi işgəncələr nəticəsində həyatını itirənlərdən biri – hərbi qulluqçu Elçin Quliyevin anası Validə Əhmədova ailəsinin təhlükə altında olduğunu deyir.

Onun sözlərinə görə, Tərtər hadisələrilə bağlı etiraz aksiyalarında iştirakına, baş verənlərə görə Prezidentin məsuliyyət daşıması haqda dediklərinə görə digər oğlu həbslə hədələnir.

Validə Əhmədova Meydan TV-yə bildirib ki, iki gün əvvəl Prezident Administrasiyasının qarşısında etiraz aksiyasından sonra – noyabrın 23-də oğlu Emin Quliyevi Tərtərdə yaşadığı evdən mülki geyimlilər zorla aparıblar.

Sağlamlığında ciddi problemlər olan Emin Quliyev bir neçə saat ərzində Bərdə Rayon Polis İdarəsində təzyiq altında saxlanılıb, anasının etiraz aksiyalarında iştirakı, Prezident əleyhinə çıxışları davam edəcəyi halda, həbs olunacağıyla hədələnib.

Noyabrın 22-də zərərçəkmişlərin bir qrupu Prezident Administrasiyasının qarşısında keçirdikləri etiraz aksiyasında “Tərtər işi” üzrə istintaq və məhkəmə prosesindən narazılıq ediblər.

Onlar bildiriblər ki, 2021-ci ilin dekabrında “Tərtər işi” üzrə istintaq yenidən başlayanda əvvəlkindən fərqli olaraq, bu dəfə həqiqətlərin ortaya çıxarılacağını və təqsiri olan yüksək vəzifəli məmurların cəzalanacağını düşünürdülər. Lakin prosesin gedişində yanıldıqlarını görüblər.

Zərərçəkmişlər iddia edir ki, prokurorluq formal istintaq aparmaqla, əsl təqsirkarları, baş verənlərə rəhbərlik edən yüksək vəzifəli məmurları məsuliyyətdən kənarda saxlayıb.

Hazırda davam edən məhkəmələr də eyni işlə məşğuldur.

Onlar müdafiə naziri Zakir Həsənov, hərbi prokuror Xanlar Vəliyev, indiki və keçmiş baş qərargah rəisləri Nəcməddin Sadıqov və Kərim Vəliyev, general Hikmət Həsənov, hərbi hissə komandiri, polkovnik Teymur Məmmədov və başqa yüksək vəzifəli şəxslərin Tərtər hadisələrində birbaşa rolu olduğunu deyir və onların cəzalandırılmasını tələb edirlər.

Zərərçəkənlərin daha bir tələbi isə Tərtərdə işgəncə nəticəsində həyatını itirənlərə “şəhid” statusu verilməsidir.

Validə Əhmədova deyir ki, aksiyadan bir sutka sonra – noyabrın 23-də günorta saat 1 radələrində evə üç mülki geyimli şəxs gəlib:

“Torpaq sahəsinə baxmaq bəhanəsilə onu evdən çıxarıblar, sonra da maşına qoyub aparıblar. Tərtərdə “dörd yol” deyilən yer var. Orada onu düşürüb, qapalı bir maşına mindiriblər. Oğlumla cinayətkar kimi davranıblar. Oradan da Bərdə Rayon Polis İdarəsinə aparıblar. Orada həm hərbi geyimdə, həm də mülki geyimdə adamlar olub. Oğluma təzyiq göstəriblər. Deyiblər ki, guya mən adamları yığıb etirazlar təşkil eləyirəm, iğtişaş yaradıram, Prezidentin əleyhinə danışıram. Oğluma əvvəl həmin gün axşama qədər, sonra bir gün vaxt veriblər. Deyiblər ki, əgər mən bu cür hərəkətlərə son qoymasam, onu həbs eləyəcəklər. Xəbərdarlıq eləyiblər ki, namaz da qılırsan, başqa dindarlar kimi, onu da tutub salacaqlar həbsə. Üstəlik, bildiriblər ki, başqa dindarlar həbs olunanda ona güzəşt eləyiblər, qardaşının ölümünə görə. Amma mən dayanmasam, onu da eyni aqibət gözləyir…”

Validə Əhmədovanın sözlərinə görə, 35 yaşlı oğlu Emin Quliyev uzun müddətdir ki, xəstəlikdən əziyyət çəkir:

“İqtisad Universitetini bitirib, vergilər idarəsində işləyirdi. Qardaşının ölümündən sonra çox sarsılmışdı. Həm də Elçinin başına gələnlərdən sonra onu da işdən çıxardılar. Deyirdilər ki, “vətən xaininin qardaşısan”. Baş verənlər onun səhhətinə çox ağır ziyan vurdu…”

Validə Əhmədova bildirib ki, oğlu Bərdə Rayon Polis İdarəsində bir neçə saat təzyiq və təhdid altında saxlandıqdan sonra buraxılıb. Evə gələndən sonra bir müddət susub. Sonra başına gələnləri danışıb.

Validə Əhmədova noyabrın 24-də səhər Baş Prokurorluğa məktub göndərib.

O, məktubunda özü və ailə üzvlərinin təhlükə altında olduğunu vurğulayıb.

Oğlunun qanunsuz saxlanmasında iştirak edənlərin müəyyənləşdirilib cəzalandırılmasını istəyib.

Zərərçəkmiş Meydan TV-yə onu da bildirib ki, təzyiq və təhdidlərə baxmayaraq, geri çəkilmək niyyətində deyil:

“Məndə sağalmaz yara açıblar, ürəyimə dağ çəkiblər. Məni heç nə dayandıra bilməz. Nə qədər canımda can var, geri çəkilmərəm. Tərtər qatillərini qoruyurlarsa, oğlumun qatilləri azadlıqda, vəzifə başındadırsa, mən necə geri çəkilim? Oğlumun və Tərtərdə işgəncədən ölənlərin hamısının şəhidliyi verilməyənə, qatillər cəzalanmayana qədər öldü var, döndü yoxdur”.

Daxili İşlər Nazirliyi (DİN) Emin Quliyevin Bərdə Rayon Polis İdarəsindən təzyiq və təhdidlərə məruz qalması barədə anasının dediklərini təkzib edib.

Nazirliyin mətbuat xidmətinin Bərdə regional qrupundan Meydan TV-yə bildirilib ki, Validə Əhmədovanın dedikləri əsassızdır:

“Əsassız iddialardır və həqiqəti əks etdirmir”.

2017-ci ilin may-iyun aylarında Tərtərdə 500 nəfərdən artıq hərbçiyə ağır işgəncələr verilib.

Nəticədə 10 nəfərdən çox hərbi qulluqçu həyatını itirib.

Meydan TV 

14:45, 25 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBərabərlik hüququBölgəHüquq PozuntularıSliderXƏBƏRLƏR

Ülvi Həsənli və Sevinc Vaqifqızına ailələri ilə danışmaq, görüşmək izni verilmir

by Gozetci 12:54, 25 Noyabr 2023
written by Gozetci

Ülvi Həsənli və Sevinc Vaqifqızı

Onların işi ilə bağlı AİHM-ə müraciət edilib

Həbsdə olan “AbzasMedia”nın direktoru Ülvi Həsənliyə və baş redaktoru Sevinc Vaqifqızına ailələri ilə görüşməyə, telefonla danışmağa izin verilmir.

Bu barədə onların vəkilləri məlumat verib.

Vəkil Aqil Layıc Kürdəxanı İstintaq Təcridxanasında Sevinc Vaqifqızı ilə görüşüb:

“Beş gündür həbs edilib, ailəsi ilə görüşməsinə və telefonla danışmasına izin verilməyib. Bütün dostlara salam göndərdi. Bildirdi ki, həbsi sadəcə jurnalist araşdırmaları ilə bağlıdır”.

Bakı şəhər Baş Polis İdarəsində onların işi üzrə istintaqı aparan müstəntiqin qərarıyla görüş və telefon danışığı hüququ məhdudlaşdırılıb.

Həmin qərar noyabrın 24-də Bakı İstintaq Təcridxanasında onlara təqdim olunub.

Meydan TV-nin əldə etdiyi məlumata görə, məhdudiyyət 3 ay müddətinə qoyulub.

Sevinc Vaqifqızı və Ülvi Həsənli bu qərarı qanunsuz hesab edir.

Onların vəkilləri müstəntiqin sözügedən qərarından məhkəməyə şikayət verəcək.

Vəkil Elçin Sadıqov bildirib ki, Sevinc Vaqifqızının və Ülvi Həsənlinin hüquqlarının təmin edilməsi üçün Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) 39-cu qayda əsasında müraciət edib.

Vəkil ümid edir ki, AİHM tezliklə müraciətlərinə baxacaq:

“Məhkəmə müraciətə baxar, müvafiq qərar qəbul edərsə, bu, Sevinc Vaqifqızının, Ülvi Həsənlinin və digərlərinin hüquqlarını qoruyacaq və onları qanunsuz müdaxilədən mühafizə edəcək”.

Ədliyyə Nazirliyi və istintaq təcridxanasından onlara ailələri ilə görüş və danışmağa nə səbəbə izin verilməməsi ilə bağlı münasibət öyrənmək mümkün olmayıb.

“AbzasMedia”nın direktoru Ülvi Həsənli və ictimai fəal Məhəmməd Kekalov noyabrın 20-də saxlanılıblar. Sonradan Ülvi Həsənliyə qarşı Cinayət Məcəlləsinin 206.3.2. (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib.

“AbzasMedia”nın baş redaktoru Sevinc Vaqifqızı isə noyabrın 21-də Azərbaycana dönərkən hava limanında saxlanılıb. Ona qarşı da eyni ittihamla cinayət işi açılıb.

Noyabrın 21-də hər ikisi Xətai rayon Məhkəməsinin qərarı ilə dörd ay müddətinə azadlıqdan məhrum edilib.

Onlar həbslərini siyasi sifariş sayır, ittihamları qəbul etmirlər.

Məhəmməd Kekalov da “AbzasMedia”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızıyla eyni cinayət işi üzrə məsuliyyətə cəlb olunub və 3 ay 27 gün azadlıqdan məhrum edilib.

Sevinc Vaqifqızı və Ülvi Həsənlinin evində və “AbzasMedia”nın ofisində axtarış aparılıb. Medianın ofisindən 40 min avro tapıldığı iddia edilib.

Sevinc Vaqifqızı açıqlamasında bildirib ki, ofisdə 40 min avro olması mümkün deyil, oradan tapsalar, yalnız bir qazan dadlı yemək tapa bilərlər.

Beynəlxalq təşkilatlar da Azərbaycan hakimiyyətinə müraciət edərək, azad mediaya qarşı təzyiqi dayandırmasını istəyiblər. Baş verənləri mediaya qarşı “qisas” adlandırıblar.

Meydan TV 

12:54, 25 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

EFJ “Abzas Media” rəhbərliyini azad etməyə çağıran IFJ-ə qoşulub

by Gozetci 14:55, 24 Noyabr 2023
written by Gozetci

“Hakimiyyətdən gələn mesaj aydındır: Azərbaycanda hakimiyyətdə olanlarla bağlı korrupsiya işlərinin işıqlandırılmasını dayandırın”

European Federation of Journalists (EFJ) Azərbaycan hakimiyyətini “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı və direktor köməkçisi Məhəmməd Kekalovu azad etməyə çağıran International Federation of Journalists (IFJ) qoşulur.

EFJ hesab edir ki, həm jurnalistlər, həm də Kekalov Azərbaycanda hakimiyyət sıralarında korrupsiya ilə bağlı araşdırmaları davam etdirmələrinə mane olmaq məqsədilə polis manipulyasiyasının qurbanı olublar.

2023-cü il noyabrın 21-də və noyabrın 23-də Bakının Xətai Rayon Məhkəməsi Həsənli, Vaqifqızı və Kekalovun 4 ay müddətinə həbs edilməsi barədə qərar çıxarıb. Jurnalistlər və direktor köməkçisi “qaçaqmalçılıq, əvvəlcədən əlbir olan qrupla törədildikdə” ittihamında təqsirli bilinərlərsə, onları səkkiz ilə qədər həbs cəzası gözləyir.

Xatırlatma 

20 noyabr 2023-cü ildə Ülvi Həsənli polis tərəfindən saxlanılıb, mənzilində və redaksiyada axtarış aparılıb. O özü Bakı hava limanına gedərkən polis tərəfindən saxlanılıb və “valyuta qaçaqmalçılığı”nda ittiham olunub. Vəkilinin sözlərinə görə, Həsənli özünü təqsirli bilmir və ittihamları əsassız adlandırır.

Polisin bildirdiyinə görə, media qurumunun redaksiyasında 5 saatlıq axtarış nəticəsində 40 min avro nağd pul “tapılıb”. “Abzas Media”nın rəhbərliyi hesab edirlər ki, bu pullar medianın fəaliyyətinin dayandırılması və Ülvi Həsənliyə qarşı ittiham irəli sürülməsi üçün qanuni əsaslar əldə etmək məqsədilə istifadə olunub. Ülvi Həsənli axtarışa gətirilib və jurnalistlərə bildirib ki, polis idarəsində ona verilən suallar “Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə bağlı olub. O, dindirmə zamanı yumruq və təpiklərə məruz qaldığını da deyib.

“Abzas Media” Facebook-da bu barədə məlumat yayıb: “O, jurnalistlərə açıqlamasında deyib ki, həbs olunarkən gözünə yumruq zərbəsi endirilib. Daha sonra Bakı şəhər Baş Polis İdarəsinə aparılıb, orada qeyri-insani rəftar və işgəncələrə məruz qalıb. Onun sözlərinə görə, ona yumruq və təpiklə vurublar”.

“Abzas Media” Həsənlinin baş verənləri anlatdığı audio yazı da yayıb: “[Polisin iddia etdiyi] pul ora qoyulub, bu, açıq-aydın görünür. Çünki tapdıqları yer dəhlizdəki şkaf idi. [Aydındır ki, kimsə onu ora atıb]”, – səs yazısında deyilir.

Həmin gün özünü təqdim etməyən mülki geyimli şəxslər Məhəmməd Kekalovu Bakıdakı evindən noutbuku və mobil telefonu ilə birlikdə aparıblar. Daxili İşlər Nazirliyi ona qarşı qaçaqmalçılıq maddəsi ilə cinayət işi açıb.

Bir gün sonra – 21 noyabr 2023-cü il tarixində saat 1:50-də polis “Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızını İstanbuldan Bakıya qayıdarkən saxlayıb və evində axtarış aparıb.

Vaqifqızı Bakıya uçan təyyarəyə minməzdən əvvəl hava limanında “Meydan TV”yə müsahibəsində deyib ki, Həsənlinin həbsinin bilavasitə “Abzas Media”nın Qarabağda biznesi olan hakim ailəyə bağlı şəxslərə məxsus şirkətlərdə korrupsiya faktlarını araşdırması ilə əlaqədar olduğuna əmindir.

İyulun 22-də EFJ və IFJ-in baş katibləri Rikardo Qutyerrez və Entoni Bellanqer Bakıda Ülvi Həsənli ilə görüşüb və o, Qarabağda korrupsiya faktının araşdırılmasından sonra ona hakimiyyət tərəfindən təzyiqlərin artdığını deyib.

“Biz əminik ki, haqsız yerə həbs edilmiş jurnalistlər təkcə onları susdurmaq deyil, həm də ölkədə çalışan bütün jurnalistləri qorxutmaq məqsədi daşıyan kobud manipulyasiya obyektidir.

Hakimiyyətdən gələn mesaj aydındır: Azərbaycanda hakimiyyətdə olanlarla bağlı korrupsiya işlərinin işıqlandırılmasını dayandırın”, – deyə  – Qutyerrez bildirib.

Bu ilin əvvəlində Ülvi Həsənli Avropa Şurası Parlament Assambleyasının (AŞPA) üç komitəsinin Azərbaycanda jurnalistlərin həyatı və təhlükəsizliyinə təhdidlərlə bağlı birgə dinləmələrində iştirak edib. O, Azərbaycan hakimiyyətinin jurnalistləri necə təqib etməsindən, onların şəxsi həyatı ilə bağlı intim məlumatları dərc etməklə gözdən salmağa çalışmasından danışıb.

“Biz hesab edirik ki, cənab Həsənlinin qaçaqmalçılıqda şübhəli bilinərək son həbsi onun Parlament Assambleyası ilə əməkdaşlığa və hökumət üzvlərilə bağlı korrupsiya hallarına dair son jurnalist araşdırmalarına görə qisasdır”, – AŞPA məruzəçiləri Hanna Bardell (Böyük Britaniya), Mogens Yensen (Danimarka) və Sunna Aevarsdottirin (İslandiya) imzaladığı birgə bəyanatda deyilir.

Onlar Azərbaycan hakimiyyətini Ülvi Həsənlini dərhal azad etməyə çağırıblar.

EFJ və IFJ məsələ ilə bağlı Avropa Şurasının Jurnalistikanın Müdafiəsi Platformasına xəbərdarlıq göndərib.

AbzasMedia

14:55, 24 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Avropa Məhkəməsi Azərbaycandan göndərilmiş 15-dən artıq ərizə ilə bağlı qərarını elan edəcək

by Gozetci 14:25, 24 Noyabr 2023
written by Gozetci

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) noyabr ayının 30-da Azərbaycandan göndərilmiş 15-dən artıq ərizə ilə bağlı 10 yekun qərarını elan edəcək.

Azərbaycan Xalq Cəbhəsi Partiyası Azərbaycana qarşı

Bu məhkəmə işi müxalif siyasi partiya olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qeydə alınmış təsis sənədlərində edilmiş dəyişikliklərin Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmasından imtina olunması ilə bağlıdır. İşin hallarına görə, 2015-ci ilin fevralında partiyanın sədri cənab Kərimli partiyanın sədr müavini Nurullayevi tutduğu vəzifədən azad edib. Elə həmin ay cənab Nurullayev partiya üzvlüyündən istefa verdiyini elan edib.

2015-ci ilin sentyabrında partiyanın qurultayı partiyanı təmsil etmək səlahiyyətinə malik olan Kərimlini yenidən sədr seçib və onun əsas rəhbər orqanlarının üzvlərini təsdiqləyib. Ərizəçi tərəf həmin dəyişikliklərin qeydə alınması üçün Ədliyyə Nazirliyinə müraciət edib. Nazirlik qeydiyyat sənədlərini geri qaytarıb, qeyd edib ki, ona eyni məzmunlu başqa bir müraciət daxil olub. Həmin müraciətə əsasən, 2015-ci ilin oktyabrında partiyanın başqa bir qurultayı keçirilib, (“etimad qurultayı” adlandırılan) cənab Nurullayev partiya sədri seçilib, rəhbər orqanlar formalaşdırılıb.
Ərizəçi tərəf Ədliyyə Nazirliyinə qarşı məhkəmə iddiası qaldırıb, tələb edib ki, məhkəmələr, Ədliyyə Nazirliyinin üzərinə 2015-ci ilin sentyabrında çağırılan qanuni qurultayda qəbul edilmiş dəyişiklikləri qeydə almaq vəzifəsi qoyan qərar qəbnul etsin. Məhkəmələr həmin şikayəti təmin etməyiblər.

Ərizəçi, AİHM qarşısında iddia edib ki, ona münasibətdə 13-cü və 18-ci maddələrlə birlikdə götürülməklə, Konvensiyanın 11-ci maddəsinin pozuntusunu mübahisələndirib.

Əli İNSANOV Azərbaycana qarşı

Bu məhkəmə işi ərizəçiyə qarşı cinayət işinin başlanmasına və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə aiddir. Ərizəçi siyasətçi və keçmiş səhiyyə naziridir. Hadisələrin baş verdiyi vaxt o, bir neçə cinayətə görə məhkum edilmişdi, həbsxanada cəza çəkirdi (bu işlə bağlı cinayət prosesi Məhkəmənin İnsanov Azərbaycana qarşı (no. 16133/08, 14 mart 2013-cü il) qərarının predmeti olub). Ərizəçinin cəza müddəti 20 oktyabr 2016-cı il tarixdə başa çatacaqdı. 24 avqust 2016-cı il tarixdə ərizəçi qanunsuz olaraq narkotik vasitələrin, o cümlədən psixotrop maddələr olan dərmanların əldə edilməsi və saxlanmasında və cəzaçəkmə müəssisəsinin əməkdaşına zorakılıqla müqavimət göstərməkdə ittiham olunub. Qaradağ Rayon Məhkəməsi 24 avqust 2016-cı il tarixli qərarı ilə ərizəçinin 20 oktyabr 2016-cı il tarixinədək cəzaçəkmə müəssisəsindən istintaq təcridxanasına köçürülməsinə qərar verib. 11 oktyabr 2016-cı ildə Qaradağ Rayon Məhkəməsi ərizəçinin məhkəmə baxışına qədər, 11 yanvar 2017-ci il tarixinədək həbsdə saxlanılmasına qərar verib. Sonradan ərizəçinin həbs müddəti daha iki ay uzadılıb. Apellyasiya instansiyası həmin qərarlardan verilmiş şikayətləri rədd edib.

Konvensiyanın 5-ci maddəsinə əsaslanan ərizəçi AİHM qarşısında iddia edib ki, onun cinayət törətdiyinə dair əsaslı şübhələr olmayıb, ona qarşı ittihamlar uydurma olub, barəsindəki həbs-qətimkan tədbirinin davam etdirilməsi üçün yetərli və uyğun səbəblər mövcud olmayıb.

Abgül SÜLEYMANOV Azərbaycana qarşı

Məhkəmə işi müsəlman dini lideri olan ərizəçiyə qarşı cinayət işinin ədalətsiz olması iddiası ilə bağlıdır. Ərizəçi həmçinin, dini etiqad azadlığı, ifadə azadlığı, toplaşmaq azadlığı hüququnun Konvensiyanın 18-ci maddəsinə zidd olaraq pozulduğunu iddia edir.

Ərizəçi 2012-ci ildə bir sıra cinayətlərdə ittiham olunaraq, on bir il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. 20 noyabr 2014-cü ildə Ali Məhkəmə onun barəsindəki müvafiq hökmü qüvvədə saxlayıb.

Mehmet ÇELİK və Faiq Semih BAŞOĞLU Azərbaycana qarşı

Bu məhkəmə işi Türkiyə vətəndaşları olan ərizəçilərin saxlanılması və məcburi qaydada Türkiyəyə aparılmaları ilə bağlıdır.

Ərizəçilər iddia edirlər ki, onların saxlanılmaları və Türkiyəyə aparılmaları Konvensiyanın 3-cü və 5-ci maddələrinə zidd olub, Konvensiyanın 13-cü maddəsində nəzərdə tutulan qaydada effektiv müdafiə imkanlarına malik olmayıblar.

Nazim MƏMMƏDOV Azərbaycana qarşı

Bu işdə ərizəçi Nazim Məmmədov 1954-cü ildə anadan olmuş Azərbaycan vətəndaşıdır və Göygöl rayonunda yaşayır. Məhkəmədə onu Bakıda fəaliyyət göstərən vəkil H.Həsənov təmsil edib. Məhkəmə işi ərizəçinin alqı-satqı yolu ilə əldə etdiyi, müvafiq mülkiyyət şəhadətnaməsi olan torpaq sahəsinin əlindən alınması ilə bağlıdır. Ərizəçi mülkiyyət hüququna müdaxilənin dayandırlması, dəymiş zərərin kompensasiya edilməsi tələbi ilə daxili məhkəmələrə şikayət etsə də şikayətləri uğursuz olub.

Ərizəçi AİHM-də mülkiyyət hüququnun pozulduğunu iddia edir.

AİHM qeyd edilənlərdən başqa Azərbaycanla bağlı daha 5 qərar elan edəcək. Həmin işlərin detalları haqqında məhkəmənin sənədlər bazasında məlumat verilmir:

Abbasov və başqaları Azərbaycana qarşı (təmsilçi, Tural Hacıbəyli);

Həsənli və başqaları Azərbaycana qarşı (təmsilçi, Əsabəli Mustafayev);

Həziyev Azərbaycana qarşı (təmsilçi, Şəhla Hümbətova);

Hüseynov Azərbaycana qarşı (təmsilçi, Fuad Ağayev);

Salayev və başqaları Azərbaycana qarşı (təmsilçi, Əsabəli Mustafayev);

Aihmaz.org

14:25, 24 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“Freedom Now” təşkilatı “Abzas Media” rəhbərliyinin həbsi ilə bağlı bəyanat yayıb

by Gozetci 11:50, 24 Noyabr 2023
written by Gozetci

Azərbaycanda ardıcıl həbslər müstəqil fəallara və qruplara qarşı təzyiqlərin gücləndiyinə işarə edir

“Freedom Now” təşkilatı Azərbaycanın müstəqil mediası “Abzas Media”nın direktoru, jurnalist Ülvi Həsənli və bu nəşrin redaktoru Sevinc Vaqifqızının, “Abzas Media” ilə əməkdaşlıq edən Məhəmməd Kekalovun həbsini pisləyən bəyanat yayıb.

Bəyanatda bildirilib ki, “Freedom Now” təşkilatı Azərbaycanın müstəqil mediası “Abzas Media”nın direktoru, jurnalist Ülvi Həsənli və bu nəşrin baş redaktoru Sevinc Vaqifqızının həbsini qətiyyətlə pisləyir. Təşkilat həmçinin təxminən eyni vaxtda naməlum mülki geyimli şəxslər tərəfindən saxlanılan “Abzas Media”nın direktor müavini Məhəmməd Kekalovun taleyindən də son dərəcə narahatdır.

“Biz Azərbaycan hökumətini onları dərhal həbsdən azad etməyə və bütün ittihamlardan əl çəkməyə çağırırıq”, – bəyanatda deyilir.

Həsənli “Abzas Media”nın təsisçisi və direktoru, Vaqifqızı nəşrin baş redaktoru, Kekalov isə layihə meneceridir. “Abzas Media” Azərbaycanda fəaliyyət göstərən azsaylı müstəqil media qurumlarından biridir.

Yerli məlumatlara görə, Həsənli 2023-cü il noyabrın 20-də səhər tezdən hava limanına gedərkən həbs edilib. O, bir neçə saat qapalı vəziyyətdə saxlanılıb, bundan sonra rəsmilər onun saxlanılması faktını təsdiqləyib.

Vaqifqızının ertəsi gün xaricdən Bakı hava limanına gələn kimi saxlanıldığı bildirilir. Kekalovun ailəsi bildirib ki, həbs zamanı evindən kompüter və digər əşyalar götürülüb. Polis Həsənli, Vaqifqızı və Kekalovun evlərində, eləcə də “Abzas Media”nın ofisində axtarış aparıb. Həsənli və Vaqifqızının AR Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə qabaqcadan əlbir olaraq ölkəyə xarici valyuta keçirməkdə ittiham edilməsinə əsas olaraq ofisdə guya 40 min avronun “aşkar edilməsi” göstərilib.

Kekalovun saxlanılmasından təxminən iki gün sonra Daxili İşlər Nazirliyinin nümayəndəsi onun dəqiqləşdirilməmiş ittihamlarla həbsdə olduğunu təsdiqləyib. Kekalovun ailəsi həmçinin öyrənib ki, onlara məlum olmayan səbəbdən ona başqa vəkil təyin edilib. Kekalovun ailəsi tərəfindən işə götürülən vəkilin hələ də müvəkkili ilə əlaqə saxlamaq və onu görmək imkanı yoxdur.

Həbslərin “Abzas Media”nın hakim dairələrdəki korrupsiya faktları ilə bağlı apardığı jurnalist araşdırmaları ilə əlaqəli olduğu güman edilir.

“Freedom Now” təşkilatı Azərbaycan hakimiyyətinin əvvəllər də “Abzas Media”nın işinə müdaxilə etməyə çalışmasına diqqət çəkib.

“Həsənli 2023-cü ilin iyulunda hökumətin əvvəlki aksiyalara qəddar reaksiyasına etiraz edən qadın fəalların fləşmobunu lentə almağa cəhd edərkən qısa müddətə saxlanılıb. Bundan başqa, o, ətraf mühitlə bağlı etiraz aksiyasını işıqlandıran jurnalistləri saxlayan iki polis məmurunun fotosunun “Facebook”da paylaşdığına görə polis tərəfindən dindirilib.

Vaqifqızı da jurnalistik fəaliyyətinə görə təzyiqlərə məruz qalıb, “Pegasus” casus proqramı ilə izlənib. Bundan əlavə, nəşrin internet saytı Azərbaycanda blok edilib və hakimiyyət bir neçə ildir ki, nəşrin istifadə etdiyi müxtəlif saytları və platformaları bloklamağa çalışır”.

“Freedom Now” təşkilatı bəyanatında qeyd edir ki, söz azadlığının konstitusiya ilə qorunmasına baxmayaraq, Azərbaycanda media mühiti son dərəcə məhduddur və bu, müstəqil jurnalistləri və bloqerləri özünü senzura etməyə və ya hökumətin repressiyaları ilə üzləşməyə məcbur edir.

“Yerli qruplara görə, 2023-cü ilin oktyabrına qədər ən azı altı jurnalist siyasi motivli ittihamlarla həbs olunub. Hökumətyönlü hakim elita televiziya, radio və qəzetlər kimi ənənəvi media üzərində demək olar ki, tam nəzarəti həyata keçirib.

2021-ci ilin dekabrında Azərbaycanda “Media haqqında” yeni qanun qəbul edilib və bu qanun hakimiyyətə kiçik səbəblərə görə media və jurnalistləri sərt şəkildə cəzalandırmaq hüququ verib. Yeni qanun KİV-lərin qeydiyyatdan keçməsini və ölkədə daimi yaşayan Azərbaycan vətəndaşlarına məxsus olmasını tələb edir, həmçinin KİV-lərin hazırlamalı olduğu gündəlik məzmunun minimum miqdarı ilə bağlı tələbləri müəyyən edir. Jurnalistlər dövlət qurumlarında qeydiyyatdan keçməli və digər sərt tələblərə cavab verməlidirlər.

Avropa Şurasının Venesiya Komissiyası yeni qanunu beynəlxalq söz azadlığı standartlarına cavab vermədiyinə görə tənqid edib və qeyd edib ki, qanun “medianın fəaliyyətinin məhdudlaşdırılması kimi problemli məqsədə sahibdir”.

“Freedom Now” təşkilatı qeyd edib ki, Həsənli, Vaqifqızı və Kekalovun həbsi Azərbaycanda son vaxtlar siyasi motivli həbslərin daha bir nümunəsidir.

“2023-cü ilin iyulunda hökumətin korrupsiya və karbohidrogen hasilatı ilə bağlı siyasətini tənqid edən iqtisadçı və fəal doktor Qubad İbadoğlu saxta ittihamlarla həbs edilib. Demokratik hərəkatın fəalı Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrından qondarma xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamları ilə istintaq müddətində təcridxanada saxlanılır. Bu yaxınlarda bir neçə müharibə əleyhdarı olan dinc fəal əsassız həbslərə və təqiblərə məruz qalıb”.

Noyabrın 20-də “Abzas Media” nəşrinin direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı həbs ediliblər. Onlara qarşı AR CM-nin 206.3.2-ci maddəsilə (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan qrupla törədildikdə) ittiham irəli sürülüb.

Noyabrın 21-də Xətai rayon məhkəməsi Sevinc Vaqifqızı barəsində 3 ay 29 gün, Ülvi Həsənli barəsində 4 ay həbs qətimkan tədbiri seçib.

Onların hər ikisi ittihamları rədd edir və həbslərinin peşəkar fəaliyyətləri, “Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə bağlı olduğunu bildirirlər.

Noyabrın 20-də evindən mülki şəxslər tərəfindən zorakılıqla aparılan “Abzas Media”nın direktor müavini Məhəmməd Kekalova qarşı da cinayət işi açılıb. O da Ü.Həsənli və S.Vaqifqızı kimi CM-nin 206.3.2-ci maddəsilə (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan qrupla törədildikdə) ittiham olunur. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat katibi Elşad Hacıyev məlumat verib.

AbzasMedia

11:50, 24 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir

  • Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib

  • Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir
20:17, 25 Mart 2026
Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib
22:20, 23 Mart 2026
Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir
16:26, 19 Mart 2026
Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia