Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

“Tərtər işi” məhkəmə prosesinin biri yekunlaşdı: Zərərçəkənlər də, təqsirləndirilənlər də hökmdən narazıdır

by Gozetci 12:29, 29 Noyabr 2023
written by Gozetci

“Tərtər işi”. Foto: Meydan T

Hərbi qulluqçular müxtəlif cəzalar aldı

2017-ci ildə Tərtərdə əsgər və zabitlərə qarşı kütləvi işgəncələrə görə keçirilən məhkəmə proseslərindən biri yekunlaşıb. İşgəncələrdə ittiham olunan 4 nəfərə noyabrın 29-da Sumqayıt Məhkəmə Kompleksində hökm oxunub.

Bakı Hərbi Məhkəməsinin hökmüylə Tərtərdəki N saylı hərbi hissənin komandiri olmuş polkovnik-leytenant Vüsal Ələsgərov, hərbi hissənin qərargah rəisi, polkovnik Rəşid Niftəliyevin hər birinə 5 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib.

Onlarla birlikdə iki nəfər müddətdən artıq xidmət etmiş kəşfiyyatçı-hərbi qulluqçu da mühakimə olunurdu. Onlardan Ramil Qarayevə də eyni cəza kəsilib – 5 il 6 ay.

Digər hərbi qulluqçu Rüstəm Ələsgərov isə 9 il 6 ay azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxslər də, zərərçəkənlər də hökmdən narazı qalıb.

Təqsirləndirilən şəxslər məhkəmədən bəraət istəmişdilər.

Zərərçəkmişlər isə ədalətli məhkəmə araşdırması aparılmadığını deyir.

Vüsal Ələsgərov, Rəşid Niftəliyev, Ramil Qarayev Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293 (işgəncə, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar) və 341-ci (vəzifə səlahiyyətlərini aşma) maddələrilə ittiham olunur.

Rüstəm Ələsgərova isə bunlarla yanaşı, həm də Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) və 126.3 (bədənə ağır xəsarət yetirmə, ölümə səbəb olduqda) maddələrilə də ittiham verilib.

Lakin o, ölüm hadisələrinə aidiyyəti olmadığını, ümumiyyətlə, işgəncələrdə iştirak etmədiyini bildirir. Onun sözlərinə görə, Tərtər işgəncələri başlayanda kəşfiyyat bölüyünün hərbi qulluqçularını hadisələrin cərəyan etdiyi binanın mühafizəsi üçün gətiriblər. O da 5 gün ərzində həmin binanın mühafizəsində olub. O vurğulayıb ki, əsl cinayətkarları məsuliyyətdən kənarda saxlayıb, onun kimi kimsəsizləri “gözdən pərdə asmaq üçün” cəzalandırırlar.

Polkovnik Vüsal Ələsgərov da bildirib ki, əgər onları mütəşəkkil cinayətkar dəstənin üzvü kimi mühakimə edirlərsə, o zaman dəstənin başçıları, Tərtər hadisələrinə göstəriş verənlər də cəzalandırılmalıdır.

Zərərçəkmişlər iddia edir ki, bu məhkəmə sadəcə, onları sakitləşdirmək, Tərtər işgəncələrinin araşdırılması görüntüsü yaratmaq məqsədi daşıyırdı.

Tərtərdə işgəncə nəticəsində həyatını itirən hərbi qulluqçu Elçin Quliyevin anası Validə Əhmədova məhkəmə prosesinin ədalətsiz keçirildiyini, cinayətə rəhbərlik edən şəxslərin məsuliyyətdən kənarda saxlandığını bildirib. Onun sözlərinə görə, zərərçəkmişlər həqiqətin üzə çıxması, o cümlədən Müdafiə naziri, Baş Qərargah rəisi, Hərbi prokuror, onun müavini və digər yüksək vəzifəli şəxslərin çağırılıb dindirilməsi barədə çoxsaylı vəsatətlər verib. Lakin onların heç biri təmin olunmayıb.

Meydan TV 

12:29, 29 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Ülvi Həsənli və Sevinc Vaqifqızının apellyasiya şikayəti təmin olunmadı

by Gozetci 09:20, 29 Noyabr 2023
written by Gozetci

Sevinc Vaqifqızı və Ülvi Həsənli

Noyabrın 28-də Bakı Apellyasiya Məhkəməsində “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızının evində axtarış aparılmasından verilən şikayətə baxılıb.

Məhkəmə hər iki jurnalistin şikayətini təmin etməyib. Vəkil Zibeydə Sadıqova Amerikanın səsinə açıqlamasında bildirib ki, Ülvi Həsənlinin evində axtarış aparılmasının qanuni əsası yox idi.

“Binəqədidə, Ülvinin yaşayış yerində keçirilən axtarışdan şikayət etmişdik. 20 noyabrda Binəqədi rayon məhkəməsinin qərarı var idi. Bildirdik ki, məhkəmə Ülvi Həsənlinin evində axtarış aparılması ilə bağlı qərar qəbul edib, lakin bunun heç bir əsaslandırması yoxdur. Həmin vaxt heç Ülvinin hansı statusda olduğu bilinmirdi. O, şahid idi, təqsirləndirilən, ya şübhəli idi, bu məlum deyildi. Digər arqumentlərimizi də səsləndirdik, ancaq məhkəmə şikayətimizi təmin etmədi” – deyə, vəkil qeyd edib.

Vəkil Elçin Sadıqov bildirib ki, Sevinc Vaqifqızı dünən noyabrın 27-də məhkəmədən pis şəraitdə aparıldığından nəfəs çatızmazlığı yaşayıb, vəziyyəti pisləşib. Şikayət edəndən sonra bu gün problem həll edilib.

“Sevinc Vaqifqızı bu günki məhkəmədə iştirak edirdi. Ətraflı axtarış və götürülmədəki qanunsuzluqlarla bağlı ətraflı danışdıq, bütün fikirlərimizi qeyd etdik. Lakin buna baxmayaraq, apellyasiya şikayətimiz təmin edilmədi”, o bildirib.

Xatırlatma

Ülvi Həsənli noyabrın 20-də, Sevinc Vaqifqızı isə noyabrın 21-də həbs olunub. Xətai Rayon Məhkəməsi saytın direktoru barəsində 4 ay, baş redaktoru isə 3 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçib. “Abzas Media”nın direktor müavini Məhəmməd Kekalov isə noyabrın 20-də həbs olunub və barəsində 3 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Onların hər üçü Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham olunurlar. Jurnalistlər ittihamları qəbul etmir, həbslərinin səbəbi kimi “Abzas Media”da dərc olunan korrupsiya araşdırmalarının olduğunu bildirirlər.

Amerikanın Səsi 

09:20, 29 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Əziz Orucov haqqında həbs qərarı çıxarılıb

by Gozetci 17:47, 28 Noyabr 2023
written by Gozetci

Əziz Orucov

Noyabrın 28-də Bakının Səbail Rayon Məhkəməsi “Kanal 13” İnternet televiziyasının rəhbəri Əziz Orucovu 3 ay müddətinə həbs edib.

Vəkil Aqil Layıcın Turan-a verdiyi məlumata görə, Orucov cinayət işini jurnalist fəaliyyəti ilə əlaqələndirib, çünki onun əməllərində cinayət tərkibi yoxdur.
İstintaq Orucovu dövlətə məxsus olan torpaq sahəsində qanunsuz ev tikməkdə ittiham edib. Baxmayaraq ki, həmin ərazidə minlərlə ev tikilib, onların sahiblərinə qarşı isə heç bir iddia irəli sürülmür.
Digər tərəfdən, torpaq dövlətin mülkiyyətidir, Orucova qarşı şikayəti isə bu torpaq sahəsi ilə əlaqəsi olmayan 11 vətəndaş verib.
“Ümumiyyətlə, bu işdə heç bir kriminal yoxdur, dövlət orqanları maksimum tikilini sökə bilərdi”, deyə vəkil qeyd edib. Onun sözlərinə görə, müdafiə tərəfi həbsdən apellyasiya şikayəti vermək niyyətindədir.
Xatırladaq ki, Orucova qarşı 188.2-ci (mülkiyyət hüququ olmadan torpaq sahəsində özbaşına tikinti işləri aparma) maddə ilə ittiham irəli sürülüb. Bu maddə ilə o, 3 ilədək azadlıqdan məhrum oluna bilər.
Qanunsuz tikinti aparmaq ittihamına baxmayaraq, polis Orucovun mənzilində, maşınında və kanalın ofisində axtarış aparıb, 2 noutbuk, mobil telefon və əvvəlki cinayət işinin materiallarını müsadirə edib.

Əziz Orucov bundan əvvəl də cinayət təqibinə məruz qalıb. 2017-ci ildə o, 6 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Sonradan cəzası yüngülləşdirilib və 2018-ci ildə o, vaxtından əvvəl şərti azadlığa buraxılıb.

Turan 

17:47, 28 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

AXCP üzvü mülki geyimli şəxslər tərəfindən saxlanılıb YENİLƏNİB)

by Gozetci 17:22, 28 Noyabr 2023
written by Gozetci

Elnur Hasan

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nərimanov rayon şöbəsinin üzvü, iki gün əvvəl saxlanılan Elnur Həsənova qarşı narkotik ittihamı irəli sürülüb. AXCP fəalına Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsilə ittiham verilib. O, 3 ay müddətinə həbs olunub

*   *    *

AXCP üzvü Elnur Hasan noyabrın 28-də Bakının Babək prospektində yerləşən avtomobil bazarında olarkən mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) məlumat yayıb.

AXCP fəalın saxlanılmasının onun sosial şəbəkələrdə tənqidi çıxışları ilə bağlı olduğunu bildirir.

Elnur Hasan Facebook səhifəsində dövlət yol polisinin faəliyyətini tənqid edən status paylaşıb. O bildirib ki, işıqforun qırmızı işığından keçməsi ilə bağlı yol polisi ona sübut təqdim edə bilmədiyi halda ona cərimə yazıb.

Fəal yol polisinin rəhbərliyini qanunsuzluqlara son qoyulması üçün tədbir görməyə çağırır və ölkə rəhbərlərinə şikayət edir.

DİN-dən şərh almaq mümkün olmayıb.

Turan 

17:22, 28 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Araşdırmaçı jurnalist və iqtisadçı Bakı şəhəri Baş Polis İdarəsinə çağırılıb

by Gozetci 17:10, 28 Noyabr 2023
written by Gozetci

Hafiz Babalı və Toğrul Vəliyev

Onların hər ikisinə çağırılmanın səbəbi deyilməyib

Araşdırmaçı jurnalist Hafiz Babalı və iqtisadçı Toğrul Vəliyev Bakı şəhəri Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıblar. Bu barədə özləri məlumat verib.

Toğrul Vəliyev deyib ki, bu gün ona zəng edərək, saat 6-da BŞBPİ-nə dəvət ediblər. Səbəbi barədə məlumat verməyiblər.

Hafiz Babalı isə saat 3-də idarəyə dəvət edilib. Deyib ki, ona zəng edib idarəyə dəvət edəndə səbəbini açıqlamayıblar:

“Motivi demədilər, mən də soruşmadım. “AbzasMedia”da dərc olunan çoxsaylı arasdırmaların müəllifiyəm və bunu gizlətmirəm”, – jurnalist əlavə edib.

Son günlər hökumətin maliyyələşdirdiyi media orqanlarında müstəqil media qurumu olan “AbzasMedia” ilə bağlı kompromat xarakterli materiallar dərc edilir.

Həmin materiallarda Toğrul Vəliyev və Hafiz Babalının da adı hallanıb.

Jurnalist və iqtisadçının nə səbəbə BŞBPİ-yə dəvət edilməsi ilə bağlı bu qurumdan məlumat almaq mümkün olmayıb.

Xatırlatma

“AbzasMedia”nın direktoru Ülvi Həsənli və ictimai fəal Məhəmməd Kekalov noyabrın 20-də saxlanılıblar. Sonradan Ülvi Həsənliyə qarşı Cinayət Məcəlləsinin 206.3.2. (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib.

“AbzasMedia”nın baş redaktoru Sevinc Vaqifqızı isə noyabrın 21-də Azərbaycana dönərkən hava limanında saxlanılıb. Ona qarşı da eyni ittihamla cinayət işi açılıb.

Noyabrın 21-də hər ikisi Xətai Rayon Məhkəməsinin qərarı ilə dörd ay müddətinə azadlıqdan məhrum edilib.

Onlar həbslərini siyasi sifariş sayır, ittihamları qəbul etmirlər.

Məhəmməd Kekalov da “AbzasMedia”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızıyla eyni cinayət işi üzrə məsuliyyətə cəlb olunub və 3 ay 27 gün azadlıqdan məhrum edilib.

Sevinc Vaqifqızı və Ülvi Həsənlinin evində və “AbzasMedia”nın ofisində axtarış aparılıb. Medianın ofisindən 40 min avro tapıldığı iddia edilib.

Sevinc Vaqifqızı açıqlamasında bildirib ki, ofisdə 40 min avro olması mümkün deyil, oradan tapsalar, yalnız bir qazan dadlı yemək tapa bilərlər.

Beynəlxalq təşkilatlar da Azərbaycan hakimiyyətinə müraciət edərək, azad mediaya qarşı təzyiqi dayandırmasını istəyiblər. Baş verənləri mediaya qarşı “qisas” adlandırıblar.

Meydan TV 

17:10, 28 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

İkinci sinif şagirdinin anası məktəbi səhlənkarlıqda və laqeydlikdə günahlandırır

by Gozetci 11:27, 28 Noyabr 2023
written by Gozetci

Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində Rixard Zorge adına 90 saylı məktəbin ikinci sinif şagirdi Təranə Məmmədzadə məktəbdə başqa uşaqla toqquşaraq sol gözündən xəsarət alıb. Məktəb rəhbərliyi təcili tibbi yardım briqadasını çağırmaq və məktəbin tibb bacısına müraciət etmək əvəzinə uşağı evə göndərib. Qızın anası Vüsalə Quliyeva uşağın aldığı xəsarətin ağırlaşmasına səbəb olan səhlənkarlığa görə məktəb direktorunun və sinif müəlliminin cəzalandırılmasını tələb edir.

Vüsalə Quliyeva Turan ilə söhbətində məktəbi öz vəzifələrinin yerinə yetirilməsinə səhlənkar yanaşmaqda və xəsarət səbəbindən məktəbə getməyən uşağın gələcək taleyinə marağın olmamasında ittiham edib. İkinci sinif şagirdi Təranə 7 noyabrda (2023-ci il) aldığı zədədən sonra hər gün həkimə getmək məcburiyyətində qalıb. Noyabrın 13-də Quliyeva məktəbə və polisə yazılı ərizə ilə müraciət edib, lakin direktor və müəllim uşağın sağlamlığı ilə maraqlanmır, – V. Quliyeva deyib. İdarələr yalnız 26 noyabrda – hadisədən təxminən iki həftə sonra reaksiya veriblər. Polis isə ananın Daxili İşlər Nazirliyinin “qaynar xətti”nə müraciətindən sonra araşdırmaya başlayıb.

“Müəllim qızının yıxıldığı yerə təcili olaraq məktəbin tibb bacısını və təcili tibbi yardım çağırmaq əvəzinə, digər uşaqlardan xahiş edib ki, çantadan soyuq termos çıxarıb qızın gözünə qoysunlar. Bu vəziyyətdə uşağı evə göndəriblər. Biz təcili yardıma müraciət etdik, həkim küt əşyanın zərbəsi nəticəsində göz zədələnməsi diaqnozunu qoydu. Qızım optik eynək taxmalı olacaq. Mən qızımın toqquşduğu digər uşağı günahlandırmıram. Toqquşma ola bilər, ancaq pedaqoq və məktəbin direktoru Svetlana Nəbiyeva öz vəzifələrini yerinə yetirməyiblər, V. Quliyeva Turan-a bildirib.

Hadisə ictimaiyyətə açıqlandıqdan sonra məktəbin direktoru S.Nəbiyeva qızın anasına baş verənləri açıqlamamaq, məktəbdən maddi yardım almaq təklifilə müraciət edib. Lakin V.Quliyeva yardım almaqdan imtina edib və təhsil müəssisəsinin rəhbərliyinin cəzalandırılmasını tələb edir.

“Direktor məktəbi günahkar hesab etmir, baxmayaraq ki, travmatik hadisədən dərhal sonra həkim çağırmayıblar”,- uşağın anası hesab edir.

Onun sözlərinə görə, nə Təhsil Nazirliyi, nə də polis onun müraciətinə cavab verib, yalnız DİN-in “qaynar xətti”nə (102) zəngdən və mətbuatda yayılan məlumatdan sonra həmin qurumlardan onun müraciətinə cavab gəlib.

V.Quliyeva güman edir ki, qızını başqa uşaqla toqquşaraq xəsaət aldğını söyləməyə məcbur ediblər, bəlkə də qız məktəbdə döyüldüyünü bildirmədən yalan danışmağa məcbur olub. Ana polis araşdırmasını tələb edir.

DİN-dən Turan-a bildiriblər ki, Sabunçu Polis İdarəsində uşağın döyülməsilə bağlı valideynin şikayəti üzrə araşdırma aparılıb. Yoxlama zorakılıq aşkar etməyib, xəsarət bir uşağın digərilə toqquşması nəticəsində baş verib, ikinci uşaq xəsarət almayıb.

Təhsil Nazirliyindən Turan-a bildiriblər ki, insident barədə vaxtında məlumat verilmədiyinə görə ibtidai sinif müəllimi töhmət alıb.

Turan 

11:27, 28 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Nemət Kərimli: “Orxan Hacılı həbsinin “Müsavat” partiyasının siyasi fəaliyyəti ilə əlaqəli olduğunu bildirir”

by Gozetci 10:35, 28 Noyabr 2023
written by Gozetci

Noyabrın 27-də Bakı Apellyasiya Məhkəməsində Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılının şikayətinə baxılıb.

Bakı şəhəri Yasamal Rayon Məhkəməsi noyabrın 22-də Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılının ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin etməmişdi.

Həmin qərardan şikayət verən Orxan Hacılının vəkili Nemət Kərimli Amerikanın Səsinə açıqlamasında bildirib ki, apellyasiya şikayəti təmin edilməyib:

“Həmişə olduğu kimi, heç bir əsaslandırma olmadan, qanunsuz olaraq vəsatət rədd edildi. Bu işlə bağlı bir məsələyə xüsusi yanaşmaq lazımdır. Bu günə qədər zərərçəkən şəxsin kimliyini müəyyən etmək mümkün olmamışdı. Onun təqsirli bilindiyi maddələrə əsasən, zərərçəkən şəxslə barışıq olduğu halda cinayət işinə xitam verilə bilər. Bununla bağlı müstəntiqə rəsmi müraciət edilib. Həmin şəxslə bağlı lazımı məlumatlar verilmir ki, bir razılaşma əldə edilsin. Bu məsələ ilə bağlı yenidən vəsatət qaldırıldı bu günki məhkəmədə, lakin təmin edilmədi”, Kərimli qeyd edib.

Vəkil hesab edir ki, Orxan Hacılı ilə bağlı həbs qərarı prosessual qanunvericiliyin pozuntusudur.

Orxan Hacılıya qarşı noyabrın 1-də Cinayət Məcəlləsinin 263.1 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi açılıb. Noyabrın 2-də Orxan Hacılı barədə iki aylıq həbs qətimkan tədbiri seçilib.

Kərimli deyib ki, həbsdən öncə hadisə ilə bağlı sosial şəbəkələrdə video-görüntülər yayılıb. “Orxan avtomobillə hərəkət edərkən qarşısına çıxan avtomobil sol tərəfə manevr edərək qaydanı pozur. Orxan avtomobili yayındırarkən həmin avtomobilə toxunur. Daha sonra Orxan avtomobilindən düşür həmin şəxslərlə görüşür. Həmin şəxslər hər hansı xəsarətin olmadığını bildirir. Hadisədən təxminən 20 gün keçəndən sonra deyirlər ki, guya orada səkidə kimsə oturubmuş, ona avtomobil dəyib və kəllə-beyin travması alıb”, Kərimli qeyd edib.

Amerikanın Səsi

10:35, 28 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov saxlanılıb

by Gozetci 08:17, 28 Noyabr 2023
written by Gozetci

Əziz Orucov

“Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov Bakının Səbail rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 188.2 maddəsi (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma _ icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) ilə şübhəli şəxs qismində saxlanılıb.

Bu barədə vəkil Bəhruz Bayramov Turana deyib.

Vəkilin sözlərinə görə, Orucov ittihamı qəbul etməyib və ittihamın jurnalist fəaliyyətinin məhdudlaşdırılmasına yönəldiyini bildirib.

“Əziz dedi ki, “20-ci sahə”dəki evlərin demək olar ki, heç birinin sənədi yoxdur. Orada minlərlə sənədsiz ev var. Onların hamısına cinayət işi qaldırılmalıdır?” vəkil jurnalstə istinadən qeyd edib.

Noyabrın 27-də saxlanılmamışdan öncə polis Əziz Orucovun yaşadığı evdə və ofisində axtarış aparıb.

Vəkil deyib ki, Orucov evində və ofisində məhkəmənin qərarı ilə axtarış aparılıb.

“Axtarışı Səbail rayon Polis İdarəsinin əməkdaşları apardı. Əziz Orucov Bakıda, “20-ci Sahə” adlandırılan ərazidə neçə illər əvvəl torpaq sahəsi alıb, guya orada qanunsuz ev tikib. Axtarış bu əsasla aparıldı. Orucovun avtomobili də saxlanılıb və avtomobilində də axtarış aparılıb”, o qeyd edib.

Əziz Orucovun həyat yoldaşı Lamiyə Orucova Amerikanın Səsinə bildirib ki, yaşadıqları evdə 8 nəfər polis əməkdaşı axtarış aparıb.

“Onlardan birinin üzü açıq, qalanları maskalı idi. Nə axtardıqları barədə hər hansı məlumat vermədilər. Əzizin iki ədəd noutbukunu, işlətmədiyi telefonlarını və onun əvvəllər həbsi ilə bağlı olan sənədləri götürdülər. Evimizin hər yerini axtardılar, hətta mətbəxdə də axtarış etdilər”, o qeyd edib.

Rəsmi qurumlardan jurnalistin saxlanılması, evində və ofisində aparılan axtarışla bağlı hələ münasibət öyrənmək mümkün olmayıb.

Axtarış bəzi media vasitələrində Avropa və ABŞ təşkilatlarından ölkəyə gətirilən qrantların qanunsuz olması ilə bağlı yazıların dərcindən və “Abzas Media” internet dərgisinin direktoru, direktor müavini və baş redaktorunun həbsindən sonraya təsadüf edir.

Bundan öncə Əziz Orucov 2017-ci ilin mayında qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui istifadə ittihamı ilə saxlanılıb, 2017-ci ilin dekabrın 15-də 6 il həbsə məhkum edilib. O özünü təqsirkar bilməyib.

2018-ci il arelin 4-də Ali Məhkəmə hakim Əli Seyfəliyevin sədrliyi ilə Əziz Orucovun azadlığa buraxılması barədə qərar qəbul edib.

Məhkəmə jurnalistin hərəkətində cinayət tərkibinin olmadığını nəzərə alaraq qanunsuz sahibkarlıq üzrə ittihamı Orucovun üzərindən götürüb.

Vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda ittihamı isə daha yumşaq ittihama tövsif edilib.

Onun cəza müddəti 3 ilədək azaldılıb və məhkəmə Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edib – üç il sınaq müddəti olmaqla şərti cəzanın tətbiqi və jurnalistin həbsdən azad edilməsi barədə qərar qəbul edib.

Turan 

08:17, 28 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Siyasi fəal Rza Səfərsoy həbs edilib

by Gozetci 17:23, 27 Noyabr 2023
written by Gozetci

Rza Səfərsoy

Noyabrın 24-də Xəzər rayon Polis İdarəsinin əməkdaşları siyasi fəal, özünü sosial şəbəkələrdə ALÖV (Azərbaycanın Ləyaqətli Övladlarının Vəhdəti) Partiyasının sədri kimi təqdim edən Rza Səfərsoyu saxlayıb.

Rza Səfərsoy barəsində Cinayət Məcəlləsinin 228-ci maddəsi (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) ilə cinayət işi qaldırılıb, həbs qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Rza Səfərsoya qarşı qeyd olunan maddə ilə cinayət işinin qaldırılması məlumatını təsdiqləyib.

Fəalın həyat yoldaşı Təranə Səfərsoy Amerikanın Səsinə deyib ki, noyabrın 24-də çoxsaylı polis əməkdaşları Xəzər rayonunda Binə-sovxoz adlanan ərazidəki evlərində axtarış aparıb və sonra Rza Səfərsoyu saxlayıb.

“Polislər evimizdə axtarış apardıqları zaman məni iki saatadək avromobillərində saxladılar. Evimizdən kompüter, mobil telefon və digər texniki avadanlıqları aparıblar. Axtarışla bağlı heç bir sənədləşmə işi aparılmadı. Axtarış bitdikdən sonra həyat yoldaşımı apardılar. Evimizdə hər şeyi alt-üst ediblər. Noyabrın 25-də məni də Xəzər rayon Polis İdarəsində sorğu-sual etdilər. İndiyədək həyat yoldaşımın taleyindən xəbərim yoxdur”, o qeyd edib.

Təranə Səfərsoy hesab edir ki, həyat yoldaşı sosial şəbəkələrdə ölkə rəhbərlərinin ünvanına səsləndirdiyi tənqidi fikirlərinə və ictimai-siyasi fəaliyyətinə görə saxlanılıb.

Bundan öncə Rza Səfərsoy 2018-ci ildə Facebook səhifəsində bəzi statuslarına görə Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar) və 281.1-ci (dövlət əleyhinə açıq çağırışlar etmə və ya bu məzmunlu materiallar yayma) maddələri ilə təqsirli bilinərək Səbail Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib. O, hökmdən apellyasiya şikayəti verərək, bəraət istəyib. 2019-cu il fevralın 11-də Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə onun şikayəti qismən təmin olunub. Səfərsoyun cəzası 2 ildən 7 ay 2 günə endirilib. O, həmin gün cəza müddəti tamam olduğuna görə məhkəmə zalından azadlığa buraxılıb. Rza Səfərsoy ittihamı qəbul etməyib.

Amerikanın Səsi

17:23, 27 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Afiəddin Məmmədovun apellyasiya şikayəti təmin olunmayıb

by Gozetci 14:35, 27 Noyabr 2023
written by Gozetci

Afiəddin Məmmədov

Noyabrın 27-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədovun həbs müddətinin uzadılmasından verilən apellyasiya şikayətinə baxılıb.

Abzas Media-nın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə ictimai fəalın şikayəti təmin edilməyib.

Xatırlatma

Afiəddin Məmmədov sentyabrın 20-də həbs olunub.

Rəsmi məlumatda bildirilib ki, o bir nəfərə xəsarət yetirib.

Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Onun barəsində ilkin istintaq dövrü üçün 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Noyabrın 15-də istintaqın yekunlaşmaması əsası ilə ictimai fəal barəsində seçilmiş həbs qətimkan tədbiri daha 2 ay uzadılıb.

Afiəddin Məmmədov məhkəmədə həbsinin siyasi sifariş olduğunu və işçilərin hüquqlarını müdafiə etdiyi üçün həbs olunduğunu bildirib.

Abzas Media

14:35, 27 Noyabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir

  • Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib

  • Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir
20:17, 25 Mart 2026
Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib
22:20, 23 Mart 2026
Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir
16:26, 19 Mart 2026
Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia