Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
BölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıŞəki–ZaqatalaSliderXƏBƏRLƏR

Polisin döydüyü azyaşlının atası və əmisi cəzalandırılıb

by Gozetci 12:04, 05 Dekabr 2023
written by Gozetci

Səxavət və Eldəniz Ağayev qardaşları xuliqanlıq, polisə qarşı zorakılıqda ittiham edilir

Qəbələnin Vəndam qəsəbəsində polisin yerə yıxıb, təpiklə döydüyü 12 yaşlı Dəniz Ağayevin atası həbs olunub, əmisi isə ev dustaqlığına buraxılıb. Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Səxavət və Eldəniz Ağayev qardaşları xuliqanlıq, polisə qarşı zorakılıq kimi əməllərdə ittiham olunur.

Uşağın atası – 1974-cü il təvəllüdlü Eldəniz Ağayevə Cinayət Məclləsinin 221.3 (silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələrilə ittiham verilib.

Onun qardaşı – 1981-ci il təvəllüdlü Səxavət Ağayev isə Cinayət  Məcəlləsinin 221.2.1, 221.2.2  (bir qrup şəxs tərəfindən, vəzifəsini yerinə yetirən şəxsə müqavimət göstərməklə xuliqanlıq) və 315-ci maddələrilə ittiham olunur.

İddia olunur ki, uşağın əmisi – 42 yaşlı Səxavət Ağayev dekabrın 2-də Vəndam qəsəbəsində sərxoş vəziyyətdə, etibarnamə olmadan avtomobil sürdüyünə görə saxlanılıb. Həmin vaxt qardaşı – 49 yaşlı Eldəniz Ağayev də maşında olub və onlar polislərə tabe olmayıblar.

“…polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb, onlara daş parçası, yumruq və təpiklə xəsarət yetirərək, qərəzli xuliqanlıq hərəkətlərilə müqavimət göstərmələrinə və Qəbələ Rayon Polis Şöbəsinə məxsus avtomobili zədələmələrinə əsaslı şübhələr müəyyən edilib”, – Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında belə deyilir.

Dekabrın 2-də saxlanılan Ağayev qardaşları dekabrın 4-də Qəbələ Rayon Məhkəməsində hakim qarşısına çıxarılıb. İlkin istintaq dövrü üçün Eldəniz Ağayev haqqında həbs, Səxavət Ağayev haqqında isə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Dekabrın 3-də sosial şəbəkələrdə polisin uşağı yerə yıxıb təpiklədiyini əks etdirən videogörüntülər yayılıb. Elə həmin görüntülərdə digər polis bir nəfəri də zorakılıqla Post-Patrul Xidmətinin maşınına mindirməyə çalışır. Məlum olub ki, görüntülərdə polislərin döydüyü 12 yaşlı Dəniz Ağayev və atasıdır.

“Dekabrın 2-də Dənizin ad günü idi, 12 yaşı tamam oldu. Polislər atasını götürüb aparmaq istəyəndə uşaq ağlamağa başlayıb. Uşağın gözünün qarşısında polislər atasını döyməyə, təhqir etməyə başlayıblar. Onda uşaq polislərə daş atıb. Polislərdən biri gəlib Dənizi yerə yıxıb, uşağa nə qədər təpik vurub”, – Vəndamdan Meydan TV-yə bildirilib.

Məlumata görə, polislər uşağı döyməklə kifayətlənməyib, onu da atası və əmisi ilə birlikdə Qəbələ rayon Polis Şöbəsinə aparıblar. Uşağı gecə buraxıblar.

Dəniz Ağayevin vəziyyəti ağırlaşıb və o, dekabrın 3-də axşam saatlarında Qəbələdə xəstəxanaya yerləşdirilib. Lakin dekabrın 4-də səhər onu xəstəxanadan çıxarıblar. Sosial mediada yayılan iddialara görə, uşaq sağalmadığı halda, xəstəxana rəhbərliyi onun məcburi şəkildə çıxarılmasına göstəriş verib.

Sosial şəbəkələrdəki etirazlardan sonra dekabrın 3-də Daxili İşlər Nazirliyi uşağa qarşı zorakılıq edən polisin daxili işlər orqanlarından xaric edildiyi haqda açıqlama yayıb.

Meydan TV 

12:04, 05 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

İctimai fəal İlhamiz Quliyev narkotik ittihamı ilə saxlanılıb

by Gozetci 10:20, 05 Dekabr 2023
written by Gozetci

İlhamiz Quliyev

 

“Şərlənərək həbs oluna biləcəyi ehtimalını nəzərə alaraq, bugünlərdə Narkoloji Mərkəzə gedərək, oradan narkotik istifadəçisi olmaması haqda arayış alıb”

İctimai fəal İlhamiz Quliyev dekabrın 4-də saxlanılıb. Ona qarşı narkotik ittihamı irəli sürüldüyü bildirilir.

Bu barədə məlumat verən yaxınlarının sözlərinə görə, İlhamiz Quliyev bir həftədən çoxdur ki, izlənilirdi, yaşadığı evin qarşısında polislər onu güdürdülər. Şərlənərək həbs oluna biləcəyi ehtimalını nəzərə alaraq, bugünlərdə Narkoloji Mərkəzə gedərək, oradan narkotik istifadəçisi olmaması haqda arayış alıb.

İlhamiz Quliyev oktyabrda da 30 günlük həbs olunmuşdu. Ona İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə qəsdən tabe olmama) maddələrilə 30 sutka inzibati həbs cəzası verilmişdi.

Yaxınları deyir ki, xuliqanlıq və polisə müqavimət ittihamı yalan idi, o zaman İlhamiz Quliyev “AbzasMedia”ya müsahibəsinə görə cəzalandırılmışdı.

Keçmiş polis əməkdaşı olan İlhamiz Quliyev həbsindən bir neçə gün öncə “AbzasMedia”ya müsahibə verib. Sözügedən müsahibədə polislərin vətəndaşları narkotiklə necə şərləməsindən danışıb, qeydiyyata alınmayan narkotiklərin bu məqsədlə istifadə olunduğunu deyib. Müsahibədə onun adı çəkilməsə də, üzü görünməsə də, İlhamiz Quliyev olduğu müəyyənləşdirilib və bir həftə sonra həbs olunub.

Arayış

Həmin vaxt İlhamiz Quliyev və ailə üzvləri baş verənləri ictimailəşdirməyib.

Yaxınlarının sözlərinə görə, İlhamiz Quliyev 30 günlük inzibati həbsdən çıxsa da, onun telefonu qaytarılmayıb. Üstəlik, ölkədən çıxışına qadağa qoyulduğu məlum olub. Noyabrın 25-də Gürcüstana gedərkən hava limanında ona ölkədən çıxışına məhdudiyyət qoyulduğu haqda məlumat verilib və buraxılmayıb. Bundan sonra isə izlənildiyini hiss edib və qabaqlayıcı tədbir kimi, Respublika Narkoloji Mərkəzindən arayış almaq qərarına gəlib.

O, dekabrın 4-də Yasamal rayonu ərazisində evindən çıxıb və ondan sonra yaxınları harada olması barədə heç bir məlumat ala bilməyib. Ailə üzvlərinin verdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin 102 xidmətinə, Ombudsman Aparatına şikayət olunsa da, İlhamiz Quliyevin yeri barədə xəbər ala bilməyiblər. Təxminən 3 saatdan sonra qısa telefon zəngilə Yasamal rayonu, 28-ci polis bölməsində olduğunu və onu narkotiklə şərləməyə çalışdıqlarını xəbər verib.

Yaxınları deyir ki, dərhal polis bölməsinə gediblər. Onlar bölmədə olanda İlhamiz Quliyevi Post-Patrul Xidmətinin avtomobiliylə Yasamal rayon Polis İdarəsinə aparıblar.
Yaxınları onun işgəncəyə məruz qaldığını, üzərində xəsarətlər olduğunu deyir:

“Ayağında, belində, başında zədələr var…”.

Hazırda Azərbaycanda onlarla ictimai-siyasi fəal narkotik ittihamıyla həbsdədir. Onlar bu ittihamı rədd edir, siyasi baxışlarına, tənqidi çıxışlarına görə cəzalandırıldıqlarını deyirlər.
Daxili İşlər Nazirliyi isə həbs olunanların konkret faktlar əsasında saxlandığını bəyan edir.

Meydan TV

10:20, 05 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Müsavat Partiyası siyasi hakimiyyətdən repressiyalara son qoymağı tələb edir

by Gozetci 17:49, 04 Dekabr 2023
written by Gozetci

“Müsavat Partiyası Azərbaycan hakimiyyətindən ölkə Konstitusiyasına və imzaladığı beynəlxalq konvensiyalara əməl olunmasını, bütün siyasi məhbusların dərhal azad olunmasını, repressiyalara son qoyulmasını, ölkədə söz, media, sərbəst toplaşma və digər fundamental hüquqların təmin olunmasını tələb edir. Müsavat Partiyası ölkə ictimaiyyətini və beynəlxalq birliyi repressiya qurbanı olan şəxslərə və qurumlara dəstək verməyə, irticaya qarşı etiraz səsini ucaltmağa çağırır”.

Bu barədə Müsavat Partiyasının dekabrın 2-də keçirilən 10-cu qurultayının “Azərbaycanda repressiyaların növbəti dalğası ilə əlaqədar” bəyanatında deyilir.

Sənəddə bildirilir ki, Azərbaycanda 30 ildən artıqdır hakimiyyət tərəfindən yürüdülən siyasət nəticəsində, ölkə demokratik seçkilərin keçirilmədiyi, müxalifətin daim təzyiq və təhdid altında saxlandığı, söz, ifadə, sərbəst toplaşma azadlığının təmin edilmədiyi, insan haqlarının mütəmadi və kütləvi olaraq pozulduğu bir ölkəyə çevrilib.

“Xalqın və siyasi qüvvələrin ordumuza dəstəyi sayəsində Azərbaycanın işğal olunmuş əraziləri tam azad olunduqdan sonra, siyasi hakimiyyət vətəndaş həmrəyliyini inkişaf etdirmək, dövlətin və cəmiyyətin bütün resurslarını əhalinin rifahının yaxşılaşdırılmasına və dövlətin gücləndirilməsinə yönəltmək əvəzinə, ölkədə siyasi repressiyaların yeni amansız dalğasına rəvac verib. Müsavat Partiyası Gənclər Təşkilatı İdarə Heyətinin üzvü, partiya başqanının oğlu Orxan Hacılı adi yol qəzasına görə heç bir əsas olmadan həbs edilib. Bu qanunsuz həbs ictimaiyyət tərəfindən birmənalı olaraq Müsavat Partiyasına və onun başqanına təzyiq kimi qiymətləndirilib. Ötən iki həftə ərzində “Abzas Media”nın baş redaktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekəlov, nəşrin baş redaktoru Sevinc Vaqifqızı, əməkdaşı Nərgiz Absalamova, “Kanal 13” televiziyasının rəhbəri Əziz Orucov, həmin kanalın aparıcısı Rüfət Muradlı uydurma ittihamlarla həbs ediliblər. İnzibati resurslar və qanunlara mürtəce dəyişikliklər etmək yolu ilə media orqanlarının və vətəndaş cəmiyyəti institutlarının bütün dünyada qəbul edilən legitim maliyyələşmə üsullarını məhdudlaşdıran hakimiyyət indi bu müddəalardan tənqidçiləri susdurmaq və cəzalandırmaq üçün istifadə edir. Hüquq mühafizə orqanları hakimiyyəti tənqid edən və korrupsiya faktlarını ortaya çıxaran jurnalistləri yox, korrupsioner məmurlar məsuliyyətə cəlb etməlidirlər”, deyə Müsavat Partiyası qeyd edir.

Bəyanatda deyilir ki, ölkədə siyasi məhbusların sayı getdikcə artmaqdadır.

“ADR sədri Qubad İbadoğu, ALÖV partiyasının sədri Rza Səfərsoy, iş adamı Nazim Bəydəmirli, Xural TV-nin rəhbəri Əvəz Zeynallı, AXCP üzvləri Zamin Salayev, Elnur Həsənov və digər şəxslər qanunsuz həbs ediliblər”, deyə sənəddə qeyd edilir.

Bununla yanaşı, Azərbaycan hakimiyyəti ölkədə bütün fundamental hüquqların tam bərpa edildiyini, insanların iradəsinə görə təqib edilmədiyini bildirir. Siyasi hakimiyyət tənqidləri qəbul etmir, qərəzli sayır.

Xatırladaq ki, hüquq müdafiə təşkilatları hazırda ölkədə 250-dən çox şəxsi siyasi məhbus kimi tanıyır.

Turan 

17:49, 04 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Lənkəranda reportyorlar Şəhla Kərim və Aytac Məmmədli saxlanılıb (YENİLƏNİB)

by Gozetci 15:00, 04 Dekabr 2023
written by Gozetci

Şəhla Kərim və Aytac Məmmədli

Aytac Məmmədli və Şəhla Kərim saxlanıldıqdan bir saat sonrasərbəst buraxılıb.

Qızlar bildiriblər ki, onlar şəhərin küçələrində sorğu keçirərkən saxlanılıblar.

Polis işçiləri bildiriblər ki, onların müvafiq sənədləri yoxdur və guya onların vətəndaşları narahat etdiklərinə dair şikayətlər daxil olub.

Onlardan qeydlərini silməyi tələb ediblər. Lakin onlar bundan imtina ediblər.

Son nəticədə onları qeydləri silmədən sərbəst buraxıblar.

*   *   *

Müstəqil reportyorlar Şəhla Kərim və Aytac Məmmədli Lənkəranda çəkiliş edərkən saxlanıldığı bildirilir. Bu barədə Turan-a onların yaxınları məlumat verib.

Jurnalistlər çəkiliş edərkən polis tərəfindən saxlanılıblar. Onlardan çəkdikləri materialları telefonlarından silmələri tələb edilib.

Hələlik DİN-in mətbuat xidmətindən şərh almaq mümkün olmayıb.

Turan 

15:00, 04 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BölgəHüquq Pozuntularıİşgəncə və pis rəftarŞəki–ZaqatalaSliderXƏBƏRLƏR

Qəbələdə polisin 12 yaşlı uşağı döydüyünün görüntüsü yayılıb (YENİLƏNİB)

by Gozetci 10:49, 04 Dekabr 2023
written by Gozetci

Qəbələ rayonunun Vəndam qəsəbəsində polisin 12 yaşlı Dəniz Ağayevi yerə yıxıb təpikləməsilə bağlı Daxili İşlər Nazirliyi yeni açıqlama yayıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumatdan aydın olur ki, uşağın atası və əmisi həbs olunub, polis cəzalandırılıb.

“S.Ağayev sərxoş vəziyyətdə avtomobil idarə edərək ictimai yerdə təhlükəli vəziyyət yaradıb. O, saxlanılan zaman onunla birlikdə olan yaxın qohumları və yanlarında olan yetkinlik yaşına çatmayan şəxs polis əməkdaşlarına müqavimət göstərib, daşla xəsarət yetirməyə və xidməti avtomobilə zərər vurmağa cəhd ediblər.

Fakta görə cinayət işi qaldırılıb və iki nəfər həbs edilib.

Eyni zamanda yetkinlik yaşına çatmayan şəxsə qarşı səlahiyyət həddini aşan polis əməkdaşı barəsində xidməti yoxlama aparılaraq o daxili işlər orqanlarından xaric edilib”, – DİN-in mətbuat xidmətinin yaydığı məlumat belədir.

Meydan TV-nin əldə etdiyi məlumata görə, həbs olunanlar Dənizin atası Eldəniz və əmisi Səxavət Ağayevlərdir.

*   *   *

“Atasını və əmisini də həm aparanda, həm də sonradan şöbədə çox döyüblər”

Sosial şəbəkələrdə polisin uşağı yerə yıxıb təpiklədiyini əks etdirən videogörüntülər yayılıb. Elə həmin görüntülərdə digər polis bir nəfəri də zorakılıqla Post-Patrul Xidmətinin maşınına mindirməyə çalışır.

Meydan TV-nin əldə etdiyi məlumata görə, bu hadisə dekabrın 2-də Qəbələ rayonunun Vəndam qəsəbəsində baş verib. Görüntülərdə polislərin döydüyü isə 12 yaşlı Dəniz Ağayev və atasıdır.

“Dekabrın 2-də Dənizin ad günü idi, 12 yaşı tamam oldu. Polislər gəliblər ki, səs-küy salırsız. Atasını götürüb aparmaq istəyəndə uşaq ağlamağa başlayıb. Uşağın gözünün qarşısında polislər atasını döyməyə başlayıblar. Onda uşaq polislərə daş atıb. Polislərdən biri gəlib Dənizi yerə yıxıb, uşağa nə qədər təpik vurub”, – Vəndamdan Meydan TV-yə bildirilib.

Məlumata görə, polislər uşağı döyməklə kifayətlənməyib, onu da atası və əmisi ilə birlikdə Qəbələ rayon Polis Şöbəsinə aparıblar.

“Atasını və əmisini də həm aparanda, həm də sonradan şöbədə çox döyüblər. 12 yaşlı uşağı da şöbədə saxlayıblar. Anası gedib şöbənin qabağında nə qədər ağlayıb. Ondan sonra gecə uşağı buraxıblar. Atası və əmisini hələ də saxlayıblar. Uşaq nə vəziyyətdədir”, – adının açıqlanmasını istəməyən Vəndam kənd sakini deyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, sosial şəbəkələrdəki videoda əks olunan insident araşdırılır:

“Hadisə dekabrın 2-də Qəbələ rayonunun Vəndam qəsəbəsində baş verib. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Adının açıqlanmasını istəməyən Vəndam sakini onu da bildirib ki, Fəxrəddin Abbasov Qəbələyə polis rəisi təyin olunandan sonra rayonda vətəndaşların polislərdən şikayətləri də artıb:

“Xüsusən yeni rəis gələndən sonra polislərin özbaşınalığı da artıb. Necə istəyirlər, elə də hərəkət eləyirlər. Vətəndaşlarla qul kimi davranırlar…”.

2023-cü ilin iyununda Qəbələ rayon Polis Şöbəsinin rəisi təyin olunan Fəxrəddin Abbasov bundan əvvəl Ağsu rayonunda eyni vəzifədə çalışıb. Ağsuda işlədiyi dövrdə də onun adı müxtəlif qalmaqallarda hallanıb.

Polis rəisi Fəxrəddin Abbasovun Prezidentin köməkçisi, Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun qohumu olduğu bildirilir.

10:49, 04 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

ADR repressiyaların şiddətlənməsini pisləyir və siyası məhbusların azad olunmasını tələb edir

by Gozetci 09:25, 04 Dekabr 2023
written by Gozetci

ADR sədrinin müavini və İdarə Heyətinin üzvü, Kanal 13-ün aparıcısı Rüfət Muradlının həbsi ilə bağlı ADR İH-i etiraz bəyanatı ilə çıxış edib.

«23 iyul 2023-cü ildə beynəlxalq səviyyədə tanınmış iqtisadçı alim, ADR Partiyasının sədri və London İqtisadiyyat və Siyasi Elmlər məktəbinin professoru Qubad İbadoğlunun şərlənərək həbs edilməsi ilə başlayan yeni məzmunlu repressiya dalğası kütləvi xarakter almaqdadır. Fundamental insan hüquq və azadlıqları, liberal iqtisadiyyat və digər demokratik prinsiplərin daşıyıcıları Qərbə qarşı absurd mübarizə fonunda şiddətli təqiblərə məruz qalıb», – deyə sənəddə bildirilir.

Hazırda Azərbaycan həbsxanalarında 250 nəfərə yaxın siyasi məhbusun olduğu bildirilir: o cümlədən, onların arasında son illərdə həbs olunmuş Polad Aslanov, Əvəz Zeynallı, Elnur Şükürov, İlham Aslanoğlu (Təhməzov), Osman Nərimanoğlu (Rzayev), Bəxtiyar Hacıyev, Nazim Bəydəmirli (Məmmədov), Niyaməddin Əhmədov, Rəşad Ramazanov, Pünhan Kərimli, Samir Aşurov, Qubad İbadoğlu, Afiyəddin Məmmədov, Ülvi Həsənli, Sevinc Vaqifqızı (Abbasova), Məhəmməd Kekalov, Əziz Orucov, Rza Səfərsoy, Nərgiz Absalamova və adı çəkilməyən çox sayda tanınmış siyasi, ictimai və mətbuat xadimləri də var. AXCP-nin 10-dan çox fəalı hazırda siyasi həbs həyatı yaşamaqdadır. Hətta təzyiq tədbiri kimi Müsavat Partiyasının Başqanı Arif Hacılının oğlu Orxan Hacılı da qondarma ittihamla həbs edilmişdir.

Dünən – 02.12.2023-cü il tarixdə isə ADR sədrinin müavini, Kanal 13-ün aparıcısı Rüfət Muradlı qondarma ittihamla şərlənərək həbs edilib, daha sonra bəyanatda vurğulanır.

Partiya,  professor Qubad İbadoğlu başda olmaqla bütün siyasi məhbusların azad edilməsini qətiyyətlə tələb edir.

ADR repressiya siyasətinə qətiyyətlə və təkidlə etirazıını bildirir, bu repressiyaların durdurulmasını qətiyyətlə tələb edir və hakim rejimi konstitusion normalara hörmətlə yanaşmağa dəvət edir.

Turan 

09:25, 04 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

“Kanal 13” internet televiziyasının aparıcısı Rüfət Muradlı saxlanılıb (YENİLƏNİB)

by Gozetci 17:19, 02 Dekabr 2023
written by Gozetci

Rüfət Muradlı

O, xırda xuliqanlıq və polisin tələbinə tabe olmamaqda günahlandırılır

“Kanal 13” internet televiziyasının aparıcısı Rüfət Muradlı 30 sutka müddətinə həbs edilib.

O, İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrilə ittiham olunub.

*   *   *

“Kanal 13” internet televiziyasının aparıcısı Rüfət Muradlı dekabrın 2-də günorta saatlarında saxlanılıb.

O, İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrilə ittiham olunur.

Bu barədə Meydan TV-yə Xətai Rayon Məhkəməsindən məlumat verilib.

Rüfət Muradlı haqqında inzibati xəta işinə Xətai Rayon Məhkəməsinin hakimi Sülhanə Hacıyeva baxır.

Bu günlərdə “AbzasMedia”nın baş redaktoru Sevinc Vaqifqızı və direktoru Ülvi Həsənli haqqında həbs qərarını da bu hakim vermişdi.

Rüfət Muradlı həm də Azərbaycan Demokratiya və Rifah (ADR) partiyasının İdarə Heyətinin üzvüdür.

Partiyanın sədr müavini Ədalət Yusubov bildirib ki, Rüfət Muradlıya qarşı xuliqanlıq və polisə müqavimət ittihamları saxtadır.

Onun sözlərinə görə, günorta saat 13.00 radələrində Rüfət Muradlı ADR-in İdarə Heyətinin üzvlərilə və başqa şəxslərlə birlikdə olub:

“Dostları  düşəndən  sonra  maşını yer tapıb saxlamaq üçün onlardan ayrılıb və qayıtmayıb. Dostlarımız  maşını düşdükləri  yerdən təxminən 100  metr məsafədə  görüblər. Amma Rüfət bəyin  özündən xəbər ala bilməyiblər. Rüfət bəyin  telefonuna  ilk 20 dəqiqədə  zəng  çatıb, amma cavab verən olmayıb. Sonradan telefon söndürülüb…”

“Kanal 13” internet televiziyasının icraçı direktoru Əziz Orucov da noyabrın 27-də saxlanılıb. Ertəsi gün Səbail Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Əziz Orucova Cinayət Məcəlləsinin 188.2 (Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) maddəsilə ittiham irəli sürülüb.

İddia olunur ki, “Kanal 13” rəhbəri inşasına icazə olmadan ev tikib.

Əziz Oruvov isə bu ittihamı rədd edir, jurnalist fəaliyyətinə görə həbs olunduğunu bildirir.

O deyir ki, ev tikdiyi ərazidə yüzlərlə evlər var və onların heç birinin mülkiyyətini təsdiq edən çıxarış yoxdur. Lakin aralarından yalnız onun seçilməsi və həbs olunması qərəzin sübutudur.

Rüfət Muradlının üzvü olduğu partiyanın sədri, professor Qubad İbadoğlu da yarım idir ki, 2023-cü ilin avqustundan həbsdədir.

Saxta pul ittihamıyla təqsirləndirilən Qubad İbadoğlu da sifarişlə həbs olunduğunu bildirir.

Meydan TV 

17:19, 02 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Jurnalistləri Mudafiə Komitəsi Nərgiz Absalamovanı azad etməyə çağırdı

by Gozetci 17:02, 02 Dekabr 2023
written by Gozetci

“Jurnalistlərin həbslərinin davam etməsi qəbuledilməzdir”

Jurnalistləri Mudafiə Komitəsi (CPJ) jurnalist Nərgiz Absalamovanın həbsini pisləyən bəyanat yayıb.

Komitə Azərbaycan hakimiyyətini “AbzasMedia” saytının həbs olunmuş bütün jurnalistlərini azad etməyə çağırıb.

““AbzasMedia” jurnalistlərinin həbslərinin davam etməsi qəbuledilməzdir. Həbslər yalnız onu göstərir ki, Azərbaycan hakimiyyəti media orqanını cəsarətli antikorrupsiya xəbərlərinə görə bağışlamaq iqtidarında deyil”, – CPJ-nin proqram direktoru Karlos Martinez de la Serna deyib.

“Jurnalistlər ictimai maraqlara xidmət edən reportajlarına görə cəzalandırılmamalı və ya diplomatik çəkişmələrə alət edilməməlidir. Azərbaycan hakimiyyəti Nərgiz Absalamovanı, onun “AbzasMedia”dan olan həmkarlarını və bütün digər haqsız yerə həbs edilən jurnalistləri dərhal azad etməlidir”, – bəyanatda deyilir.

Daha öncə “AbzasMedia”nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı və saytın direktor müavini, ictimai fəal Məhəmməd Kekalov qaçaqmalçılıq ittihamı ilə həbs olunub.

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi onlar barəsində müvafiq olaraq 4 ay, 3 ay 29 gün və 3 ay 27 gün həbs qətimkan tədbiri seçib.

Nərgiz Absalamova noyabrın 30-u Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib və daha sonra saxlanılıb. Dekabrın 1-də Xətai Rayon Məhkəməsi onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib.

“AbzasMedia”nın həbs edilən digər jurnalistləri kimi Nərgiz Absalamovaya qarşı da qaçaqmalçılıq ittihamı irəli sürülüb.

Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə səkkiz ilədək həbs cəzası gözləyir.

Korrupsiya araşdırmaları ilə tanınan “AbzasMedia” xəbər saytının jurnalistləri onlara qarşı irəli sürülən ittihamları qəbul etmir və həbslərinin peşə fəaliyyətləri, xüsusən də yüksək səviyyəli məmurların korrupsiyasına dair araşdırmaları ilə əlaqəli olduğunu qeyd edir.

Noyabrın 28-də daha bir jurnalist – “Kanal 13” internet televiziyasının rəhbəri və təsisçisi Əziz Orucov barəsində 3 aylıq həbs qətimkan tədbiri çıxarılıb.

Cinayət Məcəlləsinin 188.2 maddəsi (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma _ icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) üzrə ittiham olunan Əziz Orucov ittihamları rədd edib və həbsinin jurnalist fəaliyyətini məhdudlaşdırmağa yönəldiyini qeyd edib.

Sərhədsiz Reportyorlar, Amnesty International, Avropa Jurnalistlər Federasiyası və digər bir sıra yerli və beynəlxalq insan hüquqları təşkilatları, Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi, habelə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri Azərbaycan hakimiyyətini müstəqil mediaya qarşı təzyiqlərə son qoymağa, həbs edilən jurnalistləri azad etməyə çağırıblar.

Meydan TV

17:02, 02 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

ABŞ jurnalistlərin həbsinə görə Azərbaycana çağırış edib

by Gozetci 16:55, 02 Dekabr 2023
written by Gozetci

“Azərbaycan hökumətini israrla insan hüquq və əsas azadlıqlarına hörmət etməyə çağırırıq”

ABŞ Azərbaycanda jurnalistlərin davam edən həbslərindən narahatlıq hissi keçirdiyini bildirir.

Son 10 gündə artıq müstəqil mətbuatdan beş jurnalist həbs edilib.

Dekabrın 1-də Bakıda məhkəmə “AbzasMedia”nın jurnalisti Nərgiz Absalamovanı özünün rədd etdiyi xarici valyuta qaçaqmalçılığı ittihamı ilə üç ay müddətinə həbs edib.

“Biz ilkin hesabatları gördük. Əvvəlki kimi, Azərbaycanda jurnalistlərin həbsindən dərin narahatlıq hissi keçiririk”, – Dövlət Departamentinin nümayəndəsi bildirib:

“Biz Azərbaycan hökumətini israrla insan hüquq və əsas azadlıqlarına, o cümlədən fikri ifadə etmək azadlığını həyata keçirənlərin hüquq və azadlıqlarına hörmət etməyə çağırırıq”.

Nərgiz Absalamova “AbzasMedia”nın pul qaçaqmalçılığı ittihamı ilə həbs edilən dördüncü nümayəndəsidir.

Baş redaktor Sevinc Vaqifqızı, direktor Ülvi Həsənli və direktor müavini Məhəmməd Kekalov daha əvvəl eyni ittihamla həbs edilib.

Həmçinin Bakı məhkəməsi bu həftənin əvvəlində “Kanal 13”ün direktoru Əziz Orucovu qanunsuz tikinti aparmaq ittihamı ilə həbs edib.

Meydan TV 

16:55, 02 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq Pozuntularıİşgəncə və pis rəftarSliderXƏBƏRLƏR

Jurnalist Nərgiz Absalamova barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib

by Gozetci 14:41, 01 Dekabr 2023
written by Gozetci

Nərgiz Absalamova

 

Dekabrın 1-də Bakının Xətai Rayon Məhkəməsi “AbzasMedia” onlayn nəşrinin jurnalistini Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsilə- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq törədilməsi ittihamı ilə 3 ay müddətinə həbs edib.

Absalamova özünü günahkar bilməyərək jurnalist fəaliyyətinə görə mühakimə olunduğunu deyib.

Beləliklə, istintaq Absalamovanı “Abzas Media”nın digər üç əməkdaşı, daha öncə həbs edilmiş Ülvi Həsənli, Sevinc Vaqifqızı  və Məhəmməd Kekalovla əlbir olmaqda ittiham edib.

Məhkəmə binasına toplaşan  Absalamovanın həmkarları polis tərəfindən zorakılığa məruz qalıblar.

Noyabrın 30-da Absalamova saxlanıldıqdan sonra “Sərhədsiz Reportyorlar” beynəlxalq mətbuatı müdafiə təşkilatı Avropa Şurasının Media Freedom platformasını Azərbaycanda jurnalistlərə qarşı repressiyaların artmasını dayandırmaq və onların azadlığa çıxması üçün tədbirlər görməyə çağırıb.

 

Turan 

14:41, 01 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir

  • Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib

  • Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir
20:17, 25 Mart 2026
Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib
22:20, 23 Mart 2026
Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir
16:26, 19 Mart 2026
Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia