Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
BakıBərabərlik hüququBölgəHüquq PozuntularıSliderXƏBƏRLƏR

İctimai fəal istintaq təcridxanasında saxlanma şəraitindən şikayət edir

by Gozetci 14:03, 11 Dekabr 2023
written by Gozetci

Ayxan İsrafilov

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyətinin üzvü, 3 saylı İstintaq Təcridxanasında saxlanılan Ayxan İsrafilov saxlanma şəraitindən şikayət edir.

İsrafilov bu barədə Turan-a dekabrın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində öz işi üzrə iclas zamanı bildirib.

Onun sözlərinə görə, 10 nəfərlik kamerada 15 nəfər saxlanılır. Fəal həmçinin qeyd edib ki, ona göndərilən kitabların heç birini verməyiblər, üstəlik səbəbini açıqlamayıblar.

Dövlət ittihamçısı gəlmədiyinə görə fəalın məhkəmə prosesi dekabrın 18-nə təxirə salınıb.

Xatırladaq ki, Ayxan İsrafilov avqustda həbs olunub. Avqustun 12-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə  həbs qətimkan tədbiri seçilıb.

İsrafilov Cinayət Məcəlləsinin 234.1-1 ci maddəsilə (narkotik maddələrin saxlanması və yayılması) ittiham olunur. O, ittihamları qəbul etmir və həbsi öz ictimai fəaliyyətilə əlaqələndirir, bu da kuryer xidməti işçilərinin hüquqlarının qorunmasında özünü göstərib.

Turan 

14:03, 11 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

by Gozetci 12:19, 11 Dekabr 2023
written by Gozetci

Bu barədə, Nazirlər Kabineti müvafiq qərar verib.
Qərarə əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 2 aprel saat 06:00-dək uzadılıb.
Bundan əvvəl bu müddət 2024-cü il 2 yanvar saat 06:00-dək olan dövrü əhatə edib.

 

12:19, 11 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Həbslər, polis şiddəti, şikayətlər, aclıq aksiyaları, etirazlar

by Gozetci 10:07, 11 Dekabr 2023
written by Gozetci

Mitinq. Foto: Meydan TV

Azərbaycanda yazılan qanunların kölgəsində pozulan hüquqlar

BMT Baş Assambleyasının 1948-ci ildə qəbul etdiyi qətnaməyə əsasən, dekabrın 10-u İnsan Hüquqları Günü kimi qeyd edilir.

Həmin gün diqqət dünyada insanların hüquqlarına yönəlir. Gəlin, üzümüzü Azərbaycana çevirək – görək bu il ərzində ölkədə kimlərin hüquqları pozulub, insanların başına nə gəlib? Barələrində məlumat verəcəklərimiz tamda zərrədir, bütünlükdə ölkədə hər gün minlərlə insanın hüququ pozulur.

Tofiq Yaqublu. Foto: Meydan TV

İlin əvvəlində Milli Şuranın və Müsavat Partiyasının üzvü, 30 sutka həbsə atılan Tofiq Yaqublu aclıq aksiyasına başladı. Səbəb haqsız yerə cəzalandırılması idi. O, İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddələrilə təqsirli bilinmişdi. Özü isə bu həbsi qanunsuz sayır, əsl səbəbinin siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirirdi.
Onun aksiyasına sonradan həyat yoldaşı Maya Yaqublu da qoşuldu.

Problemdən danışan müəlliməyə töhmət verildi

İmişli rayonu Aranlı kənd tam orta məktəbində ayaqyolunun olmamasına etiraz edən ibtidai sinif müəllimi Leyla Nəcəfquliyevaya problemi işıqlandırdığı üçün bir neçə müddət sonra məktəb rəhbərliyi töhmət verdi. Əsas kimi dərsdən qalması göstərilib.

Leyla Nəcəfquliyeva. Foto: screenshot

Daha sonra həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb.
Vəkili Aqil Layıc bildirib ki, ona qarşı əvvəl Cinayət Məcəlləsinin 221-ci maddəsilə ittiham verilmişdi, sonradan bu ittiham (221.1) indi isə Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) maddəsinə tövsif olunub.
Əvvəlki maddədə alternativ cəzalarla yanaşı, maksimum 1 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulurdusa, indiki maddədə 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Almaniyadan deportasiya olunanlar

Readmissiya qaydasında Almaniyadan Bakıya deportasiya olunandan az sonra həbs edilən siyasi fəal Cəfər Mirzəyevə hökm oxunub. O, 6 il azadlıqdan məhrum edilib.

Almaniyadan deportasiya, Mənbə: dba87/shutterstock

Onun üstündən 6 qram narkotik tapıldığı iddia olunub. Bildirilib ki, o narkotik maddəni satış məqsədilə əldə edib, daşıyıb.
Hökmdən əvvəl Cəfər Mirzəyev son sözünü deyərkən bu ittihamın saxta olduğunu vurğulayıb.
İl ərzində Əlisahib adlı azyaşlı “Tik-tok”da polisi təhqir etdikdən sonra saçı qırxılmış halda sosial şəbəkədə görüntüləri yayılıb.
Sosial şəbəkə istifadəçiləri iddia edib ki, o, polisi təhqir etdikdən sonra bu vəziyyətə polis tərəfindən salınıb.
Daxili İşlər Nazirliyi (DİN) iddiaları qəbul etməyib.
Kəlbəcərdə yol tikintisində çalışan işçilər Meydan TV-yə şirkətin aylardır əmək haqlarını ödəmədiyini bildiriblər.

İranla əlaqədə suçlananlar

İlin əvvəlində Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın oldu. Nəticədə bir nəfər öldü, bir nəfər yaralandı, Azərbaycan Tehrandakı səfirliyini qapatdı.
Bu hadisədən sonra Daxili İşlər Nazirliyi “İran casusu şəbəkəsi” axtarışına çıxdı və 39 nəfəri saxladı.
Nazirliyin yaydığı məlumatda bildirilirdi ki, saxlanılan şəxslər Azərbaycanda “din pərdəsi” altında təxribat və pozuculuq əməlləri həyata keçirib, İran lehinə təbliğatlar aparıblar.
Saxlanılan şəxslərin yaxınları isə hesab edir ki, onların heç biri casus deyil və sadəcə iki ölkə arasında yaranmış gərginliyin qurbanlarıdır.

Fevralın 8-də Qaradağ Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan şöbəsinin sədri Zamin Salayev haqqında həbs qərarı verilib. Məhkəmənin qərarına əsasən, prokurorun təqdimatı təmin edilib və onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Cinayət işinin materiallarında iddia olunur ki, AXCP fəalı Natiq Süleymanov adlı şəxsə bıçaqla xəsarət yetirib.

Lakin məhkəmədə Zamin Salayev deyib ki, bu ittiham yalandır.

Zamin Salayev. Foto: Meydan TV

İyunun 22-də Sumqayıt Şəhər Məhkəməsi NİDA Gənclər Hərəkatının fəalı Elmir Abbasovu 20 sutka azadlıqdan məhrum edib.
Elmir Abbasov İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi (polisin müvafiq əmrinə tabe olmamaq) ilə ittiham olunub.
Özü isə bu ittihamı saxta hesab edib, ictimai fəaliyyətinə görə həbs edildiyini bildirib.

Gədəbəydə etiraz

İyunun 20-də Gədəbəy rayonunun Söyüdlü kəndində sakinlər kəndlərindəki qızıl mədənlərinin kimyəvi maddələri göllərə axıtdığını, nəticədə insanların müxtəlif xəstəliklərə tutulduğuna görə aksiya keçiriblər. Aksiya iştirakçılarına polis güc tətbiq edib, kəndin onlarla sakinini həbs edib.

Aksiyanı işıqlandıran reportyor Elməddin Şamilzadə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran şöbəsinə çağırılıb.

Söyüdlü kəndi, Fotolar: Meydan TV

Sonra reportyor polis tərəfindən saxlanılıb. O,“Facebook” hesabında “işgəncə” deyə son xəbərdarlıq postu paylaşıb.
Bir neçə dəqiqədən sonra həmin post silinib, özü ilə əlaqə saxlamaq mümkün olmayıb.

Səfirlikdəki tədbirdə həbs edilənlər

Üç nəfər ictimai fəal ABŞ səfirliyində bu ölkənin Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə kürsüdə çıxışlar zamanı boğazlarında çəkilmiş qara əl şəkillərini nümayiş etdiriblər. Bununla ölkədə hüququ pozulan insanlara diqqət çəkiblər.
İctimai fəallar Sənubər Heydərova, Gülnara Mehdiyeva, Nərmin Şahmarzadə və onları lentə alan jurnalist Ülvi Həsənli polis tərəfindən saxlanılıb.

İctimai fəalları səfirliyin mühafizəçiləri çıxarıb, onları səfirliyin qarşısında polislərə təhvil veriblər.

Foto: Meydan TV

Gədəbəy rayonunun Söyüdlü kəndində iyunun 20-də və 21-də keçirilən etiraz aksiyalarına görə Rusiya vətəndaşı olan Etibar Cabbarov həbs olunub. O, etiraz aksiyasının təşkilində ittiham olunub.
Özü bu ittihamı qəbul etməyib.

İl ərzində ictimai fəal Əmrah Təhməzov da bir neçə dəfə həbs edilib.
Xırda xuliqanlıq, polisin qanuni tələbinə tabe olmama maddələri ilə ona qarşı sutkalıq həbs cəzaları verilib. O, həbsini siyasi sayır, fəaliyyəti, sosial şəbəkədə yazdığı statuslar səbəbindən olduğunu bildirir.

Əmrah Təhməzov

Fotobloger Vəli Şükürzadə də il ərzində 30 günlük həbsə məhkum edilib. Ona qarşı xuliqanlıq və polisə müqavimət ittihamları verilib. Özü isə bunun yalan olduğunu, sırf peşə fəaliyyətinə görə həbs edildiyini bildirib.

Prezidentə müraciət etdi, həbs olundu

Prezident İlham Əliyevə şikayət xarakterli videomüraciət ünvanlayan dublyaj rejissoru, prodüseri və aktyoru Kamal Yaşar işdən çıxarıldığını bildirib.

“Televiziyada müəllifi və aparıcısı olduğum veriliş dayandırıldı. Bu, məhz bu gündə, milli televiziyanın yarandığı tarixdə baş verdi. Təşəkkür edirəm”, – aktyor “Facebook” səhifəsində yazıb.

Yaşar Kamal

Haqsızlığa etiraz edib, həbs olunanlar

İctimai fəal Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılmamasına etiraz edən gənclər saxlanılıb. Afiəddin Məmmədovla Samir Sultanovun hər biri 30 sutka həbs cəzası alıb.
Onlara qarşı İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrilə protokol tərtib olunub.
Polis bölməsində ac saxlanılmaqdan şikayətlənən gənclər, sırf etiraz etdikləri üçün şərlənərək, həbs edildiklərini bildiriblər.

Bölgələrdə etiraza cavab

Lənkəranın Təngivan kəndinin bir neçə sakini saxlanılıb. Səbəb həmin ərazidə fəaliyyət göstərən karxananın ekologiyaya və təsərrüfata vurduğu ziyana görə etiraz etmələridir.

Sakinlər deyirlər ki, 2014-cü ildən ərazidə fəaliyyət göstərən “PROFCO” MMC 40 hektardan çox çay sahilində torpağı 10 metrdən dərinliyində qazıb və daşıyıb. Əhalinin örüş sahələrinin çoxu qazılıb, yollar dağıdılıb. Onlar isə ayda bir neçə dəfə bununla bağlı etiraz aksiyası keçiriblər.
Samux sakini Azər Yusifov özünün də, 11-ci sinif şagirdi olan oğlu Fərid Yusifovun da rayon polis şöbəsində zorakılığa məruz qaldığını deyir. Onun sözlərinə görə, əlindəki ekspertiza rəyi də bunu sübut edir.

“Cəzadır, versinlər, gedək çəkək, yoxsa, bu, nə biabırçılıqdır?”

Martın 13-də Saatlı rayonunun Nabatkənd və Orta Muğan kənd sakinlərinin su problemi ilə əlaqədar keçirdiyi etiraz aksiyası zamanı saxlanılan şəxslərdən üç nəfər haqqında həbs qərarı verilib.

Məhkəmənin cəzalandırdığı şəxslər Anar Hüseynov, Şıxəli Məmmədov və Habil Xanlarovdur.

Martın 13-də polislər etiraz aksiyasının qarşısını alarkən yaralananlar olub.

Martın 8-də saat 15-də feministlər və ictimai fəallar paytaxtın Fəvvarələr meydanında “8 Marş – Yaşamaq istəyirik!” şüari ilə yürüş keçiriblər.

Aksiya başlanmazdan öncə ərazi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən əhatəyə alınıb.

Foto: DİN

Polislər aksiya iştirakçılarına yürüşün nəzərdə tutulmadığını xatırlatsa da, ciddi maneə törətməyiblər.
İlin mart ayında 3 gün ərzində ölkədə 25-ə yaxın inanclı fəal həbs olunub. Müsəlman Birliyi Hərəkatından bildirilib ki, həbs olunan inanclılar ayrı-ayrılıqda saxlanılsalar da, onların hamısına qarşı narkotik ittihamı irəli sürülüb.
Onlar ittihamı saxta adlandırıb.

Siyasi fəal Qiyas İbrahimov da il ərzində bir dəfə saxlanılıb. Anası deyib ki, səbəb onun Gədəbəy rayonunun Söyüdlü kəndində baş verən hadisələr haqda yazdığı status olub.
Sonradan Qiyas İbrahimova İnzibati Xətalar Məcəlləsinin 388-1.1 (İnternet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına) və 535-ci (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə ittiham elan olunub.

Qiyas İbrahimov

Həmçinin Söyüdlüdə çəkiliş edən “AbzasMedia”-nın əməkdaşı Nərgiz Absalamova, “Amerikanın Səsi”-nin jurnalisti Nigar Mübariz və bloger Elsevər Muradzadə polis zorakılığı ilə üzləşib. Səbəb ərazidə çəkiliş aparmaları olub.

İqtisadçı Nazim Bəydəmirli də həbs edilib. Əsl səbəb Gədəbəydəki aksiya barəsində yazmaqdır. Lakin ilkin açıqlamada bildirilib ki, o, vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib. Guya həmin şəxsi şantaj edib, pul tələb edib. Daha sonra barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Bu maddə ilə onu 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.
İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyətinin üzvü Ayxan İsrafilova qarşı narkotik ittihamı irəli sürülüb.

Nazim Bəydəmirli. Foto: Meydan TV

Onun haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham olunub. Özü isə həbsini siyasi hesab edib.

Avqustun 24-də Sumqayıt Şəhər Ağır Cinayətlər Məhkəməsi jurnalist Cəmil Məmmədli haqda həbs qərarı çıxarıb. Jurnalist məhkəmə zalındaca həbs edilib.
O, Cinayət Məcəlləsinin 178.2.4, 182.2.1, 182.2.2 və 221.2.2 maddələri (hədə-qorxu ilə tələb etmə, xuliqanlıq, dələduzluq) ilə ittiham olunub.
Özü isə ittihamları yalan, həbsini fəaliyyəti ilə əsaslandırıb.

Cəmil Məmmədli

Azərbaycan il ərzində Ermənistanla Xankəndini bağlayan Laçın dəhlizini bağlayıb, əraziyə sərhəd buraxılış məntəqəsi qoyub. Bundan sonra Ermənistan tərəf iddia edib ki, Dağlıq Qarabağda humanitar böhran vəziyyəti yaranıb. Həmçinin məlumatlar arasında Ermənistanın Qarabağın erməni icmasına göndərdiyi 400 ton humanitar yardım olan 19 yük maşını Laçın yolundan buraxılmadığı da bildirilib.

Laçın dəhlizi

Gəncə sakini Rövşən Ağamirov deyir ki, şəhərdə 6 nəfərlik ailəsilə birlikdə yaşadığı evi zorla söküblər. 1996-cı ildə aldığı evin onun mülkiyyətində olduğunu təsdiqləyən bütün sənəd-sübutlar da var. Onun sözlərinə görə, üstündən 11 il keçməsinə baxmayaraq, əmlakının dağıdılmasına görə ona dəymiş ziyan ödənilməyib.

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədova 30 sutka inzibati həbs cəzası alıb. O, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi) maddəsilə cəzalandırılıb. Özü isə həbsini fəaliyyəti ilə əlaqələndirib.

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədovdan sonra bu qurumun üzvü Elvin Mustafayev də saxlanılıb. Ona qarşı narkotik ittihamı irəli sürüldüyü bildirilib.

Afiəddin Məmmədov

Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının Xəzər Rayon Təşkilatının sədri Allahverdi Babayev həbs olunub.

Sentyabrın 16-da Xəzər Rayon Məhkəməsində ona polisə müqavimət ittihamıyla 30 sutka inzibati həbs cəzası kəsilib.
Allahverdi Babayev haqqında tərtib olunmuş protokolda iddia olunur ki, Xəzər rayonu, 1-ci polis bölməsinin sahə inspektoru Pərviz Aslanov onu evindəki tikinti işiylə əlaqədar bölməyə çağırıb. Lakin o, tabesizlik göstərib, səs-küy salıb, söyüş söyüb: “Mən Allahdan başqa heç kimdən qorxmuram”, – deyib və s.

Məhkəmə. Foto: Meydan TV

48 yaşlı Allahverdi Babayev özü isə məhkəmədə bildirib ki, protokolda onun haqqında yazılanlar başdan-ayağa yalandır.

Xəbərdarlıqlar

İl ərzində sosial mediada müharibə əleyhinə təbliğat aparan ictimai fəallar Cavid Əhmədov və Əmrah Təhməzov Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağırılıb. Onlarla söhbət aparılıb.
Sonradan Bərdə Rayon Məhkəməsinin qərarıyla Əmrah Təhməzova 30 sutka inzibati həbs cəzası kəsilib. Hakim Qamət Əbilovun imzası olan qərara əsasən, Əmrah Təhməzov İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1 (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsi) maddəsilə cəzalandırılıb.
İddia olunur ki, bu qərar Baş Prokurorluğun müraciəti əsasında çıxarılıb və ictimai fəalın özü də iştirak edib.

Göyçayda yaşayan və insan hüquqları fəalı kimi tanınan Taleh Xasməmmədov həbs olunub.

O, xuliqanlıqda ittiham olunub. Ona qarşı Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb və barəsində 3 ay həbs qətimkan tədbiri seçilib.

Taleh Xasməmmədov

Bu maddədə 2 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

45 yaşlı fəalın iki nəfərin şikayəti əsasında həbs olunduğu bildirilir.

İddia olunur ki, Taleh Xasməmmədov həmin şəxslərə xəsarət yetirib. Lakin anası bu ittihamın əsassız olduğunu deyir.

Anası Gülbuta Xasməmmədova hesab edir ki, oğlu insan haqlarının müdafiəsilə məşğul olduğuna, polislərin ünvanına səsləndirdiyi tənqidi fikirlərinə görə cəzalandırılıb.

İnanclıların həbsi

Müsəlman Birliyi Hərəkatının daha bir üzvü – İsfəndiyar Məmmədov həbs olunub. Son dövrlərdə həbs olunan yüzlərlə dini inanclı fəal kimi, ona qarşı da narkotik ittihamı irəli sürülüb.

Sabunçu Rayon Məhkəməsinin qərarıyla İsfəndiyar Məmmədov barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib. İddia olunur ki, o, saxlanılarkən cibindən külli miqdarda narkotik tapılıb.

Lakin yaxınları bu ittihamın yalan olduğunu bildirilir. Onlar hesab edir ki, İsfəndiyar Məmmədov dini inanclı şəxslərə qarşı davam edən repressiyalar çərçivəsində həbs olunub.

Dövlətə xəyanət ittihamıyla həbsdə olan ilahiyyatçı Sərdar Babayevin məhkəməsi yekunlaşıb. Sentyabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsi Sərdar Babayevi Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirli bilib və 17 il azadlıqdan məhrum edilib.

Sərdar Babayev İranın xüsusi xidmət orqanıyla əməkdaşlıqda, onlardan pul alıb göstərişlərini yerinə yetirməkdə ittiham olunur.
Lakin Sərdar Babayev bu ittihamı qəbul etmir. O bildirib ki, dövlətə xəyanət ittihamı əsassızdır. Sifarişlə həbs olunduğunu vurğulayan ilahiyyatçının sözlərinə görə, İranla Azərbaycan arasında siyasi münasibətlərin gərginləşməsi fonunda onu da qurban seçərək cəzalandırırlar.

Meydan TV-nin paylaşımına şərh yazdığı üçün

Bakı şəhər sakini İlkin Cəlilov Meydan TV-nin paylaşımına şərh yazdıqdan sonra Sabunçu rayon 12-ci polis bölməsinə çağırılıb.
Qardaşı ona polis bölməsində təzyiq göstərildiyini deyib.

Sabunçu rayon 12-ci polis bölməsi. Foto: Azərtac

Möhyəddin Orucov sosial şəbəkədəki səhifəsində prezidenti tənqid etdiyinə görə polisə çağırılıb, 30 sutka həbs cəzası alıb.
Yaxınları onun polis bölməsində döyüldüyünü bildirib. Onun haqqında İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrilə qərar çıxarılıb.
Ailəsi onun prezidenti tənqid etdiyi üçün həbs edildiyini deyib.

Arif Hacılı və Orxan Hacılı

Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılı oktyabrın 31-də tutulub. O, paytaxtın Yasamal rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsilə əlaqədar şübhəli şəxs qismində saxlanılıb.
Müsavat başqanı oğlunun tutulmasını qisasçılıq kimi dəyərləndirir.
“Bir dəfə də demişəm, mübarizəni özümüzlə aparın. Ailə üzvlərimizlə, övladılarımızla bizi təhdid etməyiniz heç bir çərçivəyə, heç bir kodeksə sığmır”, – Arif Hacılının sözləridir.

“AbzasMedia”nın əməkdaşlarının həbsi

“AbzasMedia”nın direktoru Ülvi Həsənli noyabrın 20-dən saxlanıb. Ona qarşı qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb. Bir gün sonra “AbzasMedia”nın baş redaktoru Sevinc Vaqifqızı da saxlanılıb, ona qarşı da eyni ittiham irəli sürülüb. Həmçinin media qurumun director müavini, ictimai fəal Məhəmməd Kekalova qarşı da eyni ittihamla cinayət işi açılıb. Hər üçün 4 aya yaxın azadlıqdan məhrum edilib.
İşlə bağlı şahid qismində istintaqa çağırılan journalist Nərgiz Absalamova da eyni maddə ilə ittiham edilərək, həbs edilib.
Jurnalistlər ittihamları əsassız sayır, sırf “AbzasMedia”nın korrupsiya araşdırmalarına görə həbs edildiklərini bildirirlər.

Sevinc Vaqifqızı və Ülvi Həsənli. Foto: Meydan TV

Daha sonra “Kanal 13” internet televiziyasının direktoru Əziz Orucov barəsində CM-in 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti…) maddəsi ilə cinayət işi açılıb. Əziz Orucov barəsində həbs qətimkan tədbiri seçilib.

Əziz Orucov, Foto: Meydan TV

Özü isə həbsini sırf fəaliyyəti ilə bağlayıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nərimanov rayon şöbəsinin üzvü Elnur Həsənova qarşı narkotik ittihamı irəli sürülüb. AXCP fəalına Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsilə ittiham verilib.
Ailəsi isə həbsini siyasi fəaliyyəti ilə əlaqələndirir.

İlhamiz Quliyev

Hüquq müdafiəçisi İlhamiz Quliyev haqqında dekabrın 6-da həbs qərarı verilib. Yasamal Rayon Məhkəməsində onun haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.
İlhamiz Quliyevə qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham irəli sürülüb.
Məhkəmədə İlhamiz Quliyev bu ittihamın saxta olduğunu, şərlənərək həbs edildiyini bildirib. O, işgəncəyə məruz qaldığını da hakimin nəzərinə çatdırıb.

Ölkəyə “həbs” edilənlər

Həmçinin Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2024-cü il yanvarın 2-dək uzadılıb.
Dünya Səhiyyə Təşkiları bir il öncə açıqlayıb ki, dünyada pandemiya bitib, lakin Azərbaycan virusu bəhanə edib, sərhədlərini açmır.
Bu da insanların ucuz qiymətə ölkədən kənara çıxmalarını əngəlləyir. Bu qərar ölkənin bütün vətəndaşlarının hüququnu pozur.

Meydan TV 

10:07, 11 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Müsavat Partiyası hakimiyyəti seçkiləri bərabərhüquqlu siyasi rəqabət şəraitində keçirməyə çağırır

by Gozetci 10:01, 10 Dekabr 2023
written by Gozetci

Azərbaycanda növbədənkənar prezident seçkilərinin təyin olunması ilə əlaqədar Müsavat Partiyası bəyanatla çıxış edib.

Sənəddə deyilir ki, Müsavat Partiyası Azərbaycan hakimiyyətindən seçkilərin keçirilməsi üçün demokratik mühitin yaradılmasını, bütün siyasi məhbusların azad olunmasını, sərbəst toplaşma, söz və ifadə azadlığının, seçki komissiyalarında iddiaçı tərəflərin təmsilçiliyinin təmin olunması tələb edir.

“Müsavat Partiyası Azərbaycan hakimiyyətindən bu şərtlərə əməl etməyi, seçkilərin bərabərhüquqlu siyasi rəqabət şəraitində keçməsini əngəlləyən bütün məhdudiyyətlərin aradan qaldırılmasını tələb edir”, bəyanatda qeyd edilir.

Partiya həmçinin bildirir ki, 1993-cü ildən başlayaraq Azərbaycanda keçirilən ümummilli seçkilərin və referendumların heç birində demokratik seçkilərin əsas şərtlərinə əməl edilməyib.

“Bütün bunlarla yanaşı son illərdə siyasi hakimiyyət öz “qələbəsini” asanlaşdırmaq məqsədilə növbədənkənar seçkilər praktikasından istifadə edir”.

Prezident İlham Əliyev 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə sərəncam imzalayıb.

Müsavat hesab edir ki, növbədənkənar seçkilər elan edilmədən ictimai müzakirələr keçirilməli və səbəbləri izah edilməli idi.

“Hakimiyyət bu qərarla siyasi müxalifətin və ölkədə dəyişiklik istəyən təbəqələrin, eləcə də potensial müşahidəçi missiyalarının seçkilərə hazırlaşmaq imkanını minimuma endirib. Seçki kampaniyasının tətillərin çox, günlərin qısa, havanın soyuq dövrünə düşməsi əhalinin seçki prosesində aktivliyinin azalmasına səbəb olacaq ki, bu da seçkini formal bir prosedura çevirmək istəyən hakimiyyətin maraqlarına uyğundur”.

Müsavat Partiyası hesab edir ki, seçkilər ərəfəsində ölkədə repressiyaların yeni dalğasına rəvac verilməsi, siyasi fəalların və jurnalistlərin həbsi hakimiyyətin bu dəfə də demokratik seçki keçirmək niyyətinin olmadığını bir daha təsdiq edir.

Öz növbəsində Yeni Azərbaycan Partiyasının üzvü olan Milli Məclisin deputatı Anar Məmmədov bildirib ki, siyasi partiyaların əsas funksiyalarından biri seçki yolu ilə siyasi mübarizə aparmaqdır.

“Bu mənada seçkilərin keçirilməsi ilə bağlı olan istənilən narazılıq yalnız qərəzli mövqeyin və məhdud potensialın nümunəsi kimi dəyərləndirilməlidir. Öz qərəzli ritorikalarında daim seçkiləri tələb edən radikal siyasi qüvvələrin gələn ilin fevral ayında nəzərdə tutulmuş seçkilərin keçirilməsi ilə bağlı qeyri-obyektiv yanaşmaları ucuz demaqogiyadan başqa bir şey deyil. “Siyasi partiyalar haqqında” yeni Qanuna uyğun olaraq cəmi 5 min üzv toplamaqda böyük çətinlik çəkən radikalların iddialarının heç bir əsası yoxdur. Heç bir elektoratı olmayan və ötən illər ərzində bütün etibar limitini itirmiş radikallar öz zəifliyini etiraf etmək əvəzinə növbəti dəfə təxribat və cəmiyyətdə ixtilaf yaratmaq yolunu seçib. Lakin onların bu cəhdləri bu dəfə də iflasa məhkumdur. Çünki Azərbaycan xalqı kimin kim olduğunu yaxşı bilir”, deputat Yeni Azərbaycan Partiyasının rəsmi internet saytında bildirib.

Amerikanın Səsi

10:01, 10 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBərabərlik hüququBölgəHüquq PozuntularıSliderXƏBƏRLƏR

“Abzas Media” işi üzrə həbs edilənlərin ailələri ilə görüşünə və telefon danışığına qadağa qoyulub

by Gozetci 21:32, 08 Dekabr 2023
written by Gozetci

Vəkil: “İstintaqın belə bir səlahiyyəti var. Ancaq bu iş üzrə belə qərar tamamilə qanunsuzdur”

“Abzas Media” işi üzrə həbs edilənlərə ailələrilə görüş və telefon danışığı qadağan olunub. “Abzas Media”nın həbsdə olan direktoru Ülvi Həsənlinin həyat yoldaşı Rübabə Quliyeva deyir ki, onunla əlaqə qura bilmədiklərinə görə nigarandılar:

“Ülvi Həsənlinin ailəsilə görüşməsinə, telefonla danışmasına icazə vemirlər. Ondan xəbər ala bilmədiyimiz üçün nigaranıq. Onun vəziyyətini ancaq vəkil vasitəsilə öyrənə bilirik. Görüşsək, danışsaq yaxşı olardı”, – Quliyeva bildirib.

Vəkil Elçin Sadıqov deyir ki, istintaq orqanı 3 ay müddətinə telefon və görüş qadağası haqda qərar qəbul edib. Onun fikrincə, bu qərar qanunsuzdur:

“İstintaqın belə bir səlahiyyəti var. Təqsirləndirilən şəxsin yeni cinayətlər törətməsinin və istintaq prosesinin digər iştirakçılarına təsir etməsinin qarşısını almaq üçün belə qərar verilə bilər. Ancaq bu iş üzrə belə hal ola bilməz, ona görə də qərar tamamilə qanunsuzdur. Hətta onun vəkili ilə telefon danışığına da qadağalar qoyurlar”, – deyə Sadıqov bildirib.

Görüş və telefon qadağasının “Abzas Media” işi üzrə həbs edilən Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Məhəmməd Kekalova da tətbiq edildiyi bildirilir.

Xatırlatma

Noyabrın 21-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 23-də isə direktor müavini Məhəmməd Kekalov barəsində “qrup halında qaçaqmalçılıq” ittihamı ilə 4 ay həbs qətimkan tədbiri seçilib.

Noyabrın 30-da jurnalist Nərgiz Absalamova dindirilmə üçün çağırıldığı Bakı Şəhər Baş Polis İdarəsində saxlanılıb və ona qarşı da “Abzas Media” rəhbərliyi ilə eyni maddə (qrup halında qaçaqmalçılıq) üzrə ittihamı irəli sürülüb. 1 dekabr tarixində Xətai Rayon Məhkəməsinin qərarı ilə jurnalist Nərgiz Absalamova barəsində ilkin istintaq dövrü üçün 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Jurnalistlər onlara qarşı irəli sürülən ittihamları rədd edirlər və həbslərinin jurnalistika fəaliyyətləri ilə bağlı olduğunu bildirirlər.

AbzasMedia

21:32, 08 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

AŞ NK alternativ hərbi xidmət haqqında qanunu təcili qəbul etməyə çağırır

by Gozetci 16:18, 08 Dekabr 2023
written by Gozetci

Avropa Şurası Nazirlər Komitəsinin 1483-cü toplantısında, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarının icra durumunun növbəti müzakirəsi başa çatıb. AŞ NK-nın 3 gün davam edən toplantısında Azərbaycanla bağlı 25-dən artıq qərarın icra durumu müzakirə edilib, qurumun yekun qətnamələri elan edilib.

Müzakirə olunan Anar Məmmədli Qrupunda AİHM-in Azərbaycanla bağlı qəbul etdiyi 5 qərarın – Anar Məmmədli, İntiqam Əliyev, İbrahimov və Məmmədov, Xədicə İsmayılova (2), Arif və Leyla Yunuslarla bağlı qərarların icrasına nəzarət edilir. Həmin qərarlar ərizəçilərin aktiv siyasi və sosial iştirakçılıqlarına, hökuməti tənqidə, insan hüquqları və seçkiləri izləmə sahəsində fəaliyyətlərinə görə Konvensiyanın 18-ci maddəsinə zidd olaraq məhkəməyə qədər həbs edilmələri və azadlıqdan məhrum olunmaları ilə bağlıdır.

AŞ NK-nın bu qrupla bağlı qətnaməsində təmsilçilər qeyd ediblər ki, ərizəçilərin məhkumluqlarının hələ də davam etməsindən dərin üzüntülərini ifadə edirlər. AŞ NK qərara gəlib ki, marta qədər bu qrupla bağlı nəzərəçarpacaq irəliləyiş olmayacağı təqdirdə, Nazirlər Komitəsinin rəhbərini müdaxilə etməyə, Azərbaycan hökumətinə məktub göndərməyə dəvət etsinlər.

Muradova, Məmmədov (Cəlaloğlu), Mikayıl Məmmədov Qrupları çərçivəsində AİHM-in Azərbaycanla bağlı 20-dən artıq qərarının icrasına nəzarət edilir. Həmin qərarlar ərizəçilərin qohumlarının ölümləri, ərizəçilərin işgəncə və ya pis rəftara məruz qalmaları ilə bağlı səmərəli araşdırmanın aparılmaması, tibbi yardıma çatım haqqının pozulması, həbslərin qanunsuzluğu, cinayət prosesinin həddən artıq uzanması, jurnalistlərə güc tətbiq edilməsi, dinc toplantıların dağıdılması, vəkilə çatım haqqının təmin edilməməsi ilə əlaqəlidir.

AŞ NK-nın bu qruplarla bağlı qətnaməsində ərizəçilərin bəzilərinə təzminatın hələ də ödənilməməsindən narahatlıq ifadə edilib. Qurum “ərizəçilərlə bağlı müəyyən edilmiş təzminat məbləğlərinin qeyd-şərtsiz ödənilməli olması öhdəliyini xatırladır və səlahiyyətli orqanları Badalyan, Xocoyan və Vardazaryan, Petrosyan, Emin Hüseynov, Lapşin və Sarıbekyan və Balyanın işləri üzrə ödənilməmiş məbləğləri gecikdirmədən ödəməyə çağırır”, qətnamədə qeyd edib. Sənəddə vurğulanır ki, hüquq-mühafizə orqanlarında pis rəftar təkrarlanan problem olaraq qalmaqdadır. Hökumət pis rəftar iddialarının dərhal və effektiv araşdırılması naminə qanunvericiliyə dəyişiklik etməyə, işgəncələrə görə təqib üçün qanunla müəyyən edilmiş müddətlərin aradan qaldırılması məsələsini nəzərdən keçirməyə dəvət edilir. Hökumətdən həmçinin, işgəncə və pis rəftarla bağlı ümumi mənzərəni əhatə edən də bütün bilgiləri – pis rəftarla bağlı şikayətlərin ümumi sayı, başlanmış cinayət təhqiqatlarının sayı, məhkumluqların sayı və təyin edilmiş cəzaların təfərrüatları haqqında statistik məlumatları təqdim etməsi istənilib.

Sənəddə həmçinin, Hökumətdən məhbusların qeyri-vəkil olan Avropa Məhkəməsindəki nümayəndələrinə çıxışı ilə bağlı izahat verməsi istənilib.

Müşfiq Məmmədov və Başqaları Azərbaycana qarşı qərarı hərbi xidmət yaşına çatmış ərizəçilərin həqiqi hərbi xidmətdən azad olunmaq, alternativ mülki xidmət keçmək tələblərinin rədd edilməsi, onların cinayət məsuliyyətinə cəlb edilmələri ilə bağlıdır.

AŞ NK-nın bu qərarla bağlı qətnaməsində Azərbaycan hökumətinin alternativ mülki xidmət haqqında qanun layihəsinin hazırlanması üçün ölkədaxili məsləhətləşmələrə başlamaq niyyətini təqdir edib. “Azərbaycanın Avropa Şurasına daxil olduqdan sonra üzərinə götürdüyü öhdəliyə uyğun olaraq, hərbi xidmətə alternativlər haqqında qanunvericiliyin təcili qəbul edilməsinin zəruriliyini vurğulayırıq”, qətnamədə qeyd edilir.

Aihmaz.org

16:18, 08 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Azərbaycanda yeni təşkilat yaradıldı: III Respublika Platforması

by Gozetci 13:52, 08 Dekabr 2023
written by Gozetci

“Missiyamız idarə olunan cəmiyyətdən özünü idarə edən cəmiyyətə keçidi təmin etməkdir”

Dekabrın 7-də  bir qrup ictimai-siyasi şəxs Azərbaycanda parlamentarizmin təsis olunmasının 105-ci ildönümündə III Respublika Platformasını təsis edib.

Platformanın təsisçiləri arasından Qurucu Heyət seçilib.

Heyətə Akif Qurbanov, Araz Əliyev, Elman Fəttah, iqtisadçı Rövşən Ağayev, Ruslan İzzətli, hüquqşünas Səməd Rəhimli və tarixçi-alim Yadigar Sadıqlı daxildir.

Bu barədə Meydan TV-yə təsisçilər məlumat veriblər.

Bildirilir ki, Qurucu Heyət təşkilatı təmsil və qərarların icrasını təşkil etmək üçün 1 il müddətinə Akif Qurbanovu Spiker seçib:

“Həmçinin Qurucu Heyətin digər üzvləri arasında sahələr üzrə məsuliyyət bölgüsü aparılıb”.

III Respublika Platformasının yaydığı bəyanatda isə bildirilir ki, Azərbaycanın 30 ilə yaxın işğal altında olan torpaqlarını azad etməsi və ərazi bütövlüyünü bərpa etməsi ölkənin gələcək ictimai-siyasi mənzərəsi ilə bağlı yeni reallıqlar yaradıb:

“Heç kəsə sirr deyil ki, bu gün Azərbaycan siyasi səhnəsində olan aparıcı oyunçuların hamısını (iqtidarda olan hakim siyasi qüvvə və onun əsas opponentləri) Qarabağ mövzusu meydana çıxarıb. 1990-93-cü illərdə Azərbaycanda üç hakimiyyət dəyişikliyinin səbəbi də məhz Qarabağda baş verən uğursuzluqlar olub. Həmin dövrdə cəmiyyətin ictimai-siyasi ovqatında Qarabağ probleminin həllində uğur qazanmağı vəd edən və buna inandırmağı bacaran istənilən siyasi qüvvəni hakimiyyətdə saxlamaq həlledici rol oynayırdı”.

“Özündən əvvəlki qüvvələrin taleyindən nəticə çıxaran hazırkı iqtidar daha çevik davranaraq hakimiyyətə gəldiyi ilk dövrdə üzləşdiyi hərbi uğursuzluqların ardınca qarşılıqlı atəşkəs razılaşmasını təmin etməyi və uzunmüddətli dövrdə öz hakimiyyətini möhkəmləndirməyi bacardı. Lakin bu amil İkinci Qarabağ müharibəsi başlananadək ötən 27 il ərzində dəyişməz iqtidar üçün siyasi və mənəvi legitimlik problemini həll etmədi. Məhz bu səbəbdən Yeni Azərbaycan Partiyasının hakimiyyətdə olduğu illərdə keçirilən 20-yə yaxın seçki istisnasız olaraq saxtalaşdırıldı və cəmiyyətin azad seçiminə etibar edilmədi”, – deyə təşkilatın quruluş bəyanatında vurğulanır.

Sənəddə daha sonra vurğulanır ki, hakimiyyət demokratiyanın boğulmasını, azad media və vətəndaş cəmiyyətinin, alternativ siyasi qüvvələrin sıradan çıxarılmasını ölkənin müharibə şəraitində olması, Qarabağ probleminin davam etməsi ilə əsaslandırmağa çalışıb və bütün təbliğat resurslarını bu rəyin ictimai düşüncədə oturuşmasına səfərbər edib:

“İctimai rəyə təlqin olunan əsas arqument bu oldu ki, demokratik siyasi islahatların həyata keçirilməsi, söz və ifadə azadlığının təşəkkül tapması Qarabağ problemini ortaya çıxaran separatizm meylləri üçün daha geniş meydan açacaq, ölkəni zəiflədəcək. Bir sözlə, 27 illik iqtidarın gücü və siyasi gündəliyi Qarabağ mövzusu üzərindən formalaşdırıldı. “Ölkənin Qarabağ boyda dərdi var!” populyar deyimi də məhz bu səbəblə məqsədli şəkildə ortaya atılmışdı. Fərqli arqumentlərlə oxşar yanaşma alternativ siyasi qüvvələr üçün də keçərli oldu. Belə ki, müxalifətin də siyasi gündəliyi əsasən Qarabağ mövzusu üzərindən formalaşmışdı”.

“Şübhəsiz ki, ictimai rəyin ölkənin ərazi bütövlüyünü bir nömrəli problem kimi qəbul etməsi faktı alternativ siyasi qüvvələrin təbliğat və proqramına təsir etməyə bilməzdi. Bununla belə, müxalifət Azərbaycanın çox dərin siyasi, demoqrafik, sosial-iqtisadi, ekoloji problemlərinin də Qarabağ məsələsi qədər əhəmiyyətli olması istiqamətində ictimai rəy formalaşdıra bilmədi. Son üç onillikdə ölkədə siyasi mübarizə və polemikanın aparıcı mövzusu Qarabağ məsələsi oldu və digər bütün fundamental problemlərin ictimai qavrayışı və müzakirəsi çox sönük qaldı”, – deyə təşkilat qeyd edib.

Bəyanatda iqtidarın işğala son qoyaraq Qarabağ üzərində Azərbaycanın suverenliyini təmin etməsinin hökumətin və alternativ siyasi qüvvələrin əsas siyasi mübarizə arqumentini aradan qaldırdığı bildirilir:

“Qarabağ mövzusunun meydana gətirdiyi, eləcə də 30 ilə yaxın ayaqda saxladığı qüvvələr üçün bütöv bir siyasi epoxa sona çatıb. Bununla belə, həm hakim, həm də opponent siyasi qüvvələrin əsas ideoloji kimliyi milliyətçilik və etatizm olaraq qalmaqda davam edir ki, bu da avtoritarizmi möhkəmləndirən əsas siyasi qidadır”.

III Respublika Platforması hesab edir ki, belə bir reallıqda ölkənin gələcəyi üçün yeni siyasi qüvvələrin fərqli gündəliklə ortaya çıxması zəruridir:

“Yeni gündəliyi şərti olaraq “Post-Qarabağ gündəliyi” də adlandırmaq olar. Bu gündəliyin aparıcı elementləri ölkədə avtoritarizmin qidası olan ifrat etatist siyasi təfəkkürdən imtina, çağdaş demokratik siyasi sistemə keçid, ictimai idarəçiliyə və seçki sisteminə etimadın bərpası, desentralizasiyanın təmin edilməsi vasitəsilə bölgələrarası inkişafda kəskin disbalansın aradan qaldırılması və bölgələrin yaşanılabilən məkanlara çevrilməsi, siyasi mənşəli gəlir bərabərsizliyinin mənbələrinin və endemik korrupsiyanın aradan qaldırılması, iqlim dəyişikliyinin ələlxüsus kənd təsərrüfatına vurduğu zərərin mümkün qədər azaldılması, keyfiyyətli həyat standartının inkişafı kimi strateji məsələlər olmalıdır. Bir müddət sonra post-Qarabağ dövrünü postneft dövrü müşayiət edəcək və bu mərhələ Azərbaycan üçün ağır sosial-iqtisadi problemlər meydana gətirəcək. Bu baxımdan dayanıqlı iqtisadi inkişaf məsələsi də “Post-Qarabağ gündəliyi”nin aparıcı elementlərindən biri olmalıdır. Yuxarıda sadalanan hədəflərə çatmaq naminə təsisçilər olaraq III Respublika Platformasını yaratdığımızı bəyan edirik”.

Platforma bəyan edir ki, fəaliyyətinin əsas ağırlıq mərkəzi təməl hüquq və azadlıqların təminatını hədəfləyən fəal vətəndaş iştirakçılığıdır.

Təşkilat həmçinin bildirir ki, onun missiyası idarə olunan cəmiyyətdən özünü idarə edən cəmiyyətə keçidi təmin etməkdir.

Meydan TV 

13:52, 08 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBərabərlik hüququBölgəHüquq PozuntularıSliderXƏBƏRLƏR

Ülvi Həsənliyə vəkili ilə əlaqə saxlamağa məhdudiyyət qoyulub

by Gozetci 11:35, 08 Dekabr 2023
written by Gozetci

Ülvi Həsənli

 

AbzasMedia-nın həbsdə olan direktoru Ülvi Həsənliyə vəkillə əlaqə saxlamağa icazə verilmədiyi bildirilir.

Bu barədə vəkil Zibeydə Sadıqova məlumat verib. Onun sözlərinə görə, Ülvi Həsənli ilə saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasında görüşə bilirsə də, zənglərə qadağa qoyulub:

“Bu, qeyri-qanunidir və mən bu məsələ ilə bağlı həm Penitensiar Xidmətə, həm də Ombudsman Aparatına müraciət etmişəm. Biz bu məsələyə görə məhkəməyə də müraciət etmək niyyətindəyik”.

Zibeydə Sadıqova bildirib ki, bundan əvvəl Ülvi Həsənliyə istintaq orqanından ailə ilə görüş və zəng qadağası qoyulub:

“Biz bu məsələ ilə bağlı məhkəməyə müraciət etmişik. Amma Ülvi bəyə hətta ailəsinin gətirdiyi kitabları belə götürmürlər”.

Penitensiar Xidmətdən “Turan”a bildirilib ki, bu məsələ araşdırılacaq və məlumat veriləcək.

Xatırlatma

Ülvi Həsənli noyabrın 21-də qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Daha sonra eyni ittihamla AbzasMedia-nın baş redaktoru Sevinc Vaqifqızı, jurnalist Nərgiz Absalamova və ictimai fəal Məhəmməd Kekalov barəsində də həbs-qətimkan tədbiri seçilib. Onlar ittihamı qəbul etmirlər.

AzadlıqRadiosu

11:35, 08 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Ədalətli mühakimə hüququHüquq PozuntularıQazax–TovuzSliderXƏBƏRLƏR

Söyüdlü sakini: “Mən heç vaxt narkotik görməmişdim”

by Gozetci 10:00, 08 Dekabr 2023
written by Gozetci

“Zəng eləyən nömrəni axtarışa verəndə oradan bildim ki, DTX işçisidir”

Gədəbəy rayonunun Söyüdlü kəndində iyunun 20-də yerli sakinlərin keçirdiyi etiraz aksiyası zamanı qaldırdıqları plakatları hazırlayan, aksiyadan bir gün sonra narkotik ittihamıyla həbs olunan Coşqun Musayevin məhkəməsi başlayıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyilə baxılır.

1980-ci il təvəllüdlü Coşqun Musayev Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma) maddəsilə ittiham olunur. Onun barəsində ilkin istintaq dövrü üçün 6 aylıq həbs qətimkan tədbiri seçilib.

Bu maddənin sanksiyasında 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulub.

İttihama əsasən, Coşqun Musayev iyunun 22-də Bakıda saxlanılıb və cibindən narkotik maddə (metamfetamin) çıxıb.

Coşqun Musayev özünü təqsirli bilmir. O, dekabrın 6-da məhkəmədə ifadə verərkən deyib ki, Söyüdlü hadisələrindəki plakatları hazırladığına görə onu narkotiklə şərləyərək cəzalandırıblar. Onun sözlərinə görə, ittiham aktında yazılanlar doğru deyil, onu Gəncədə saxlayıb, əvvəlcə Dövlət Təhlükəsizliyi Xidmətinin yerli şöbəsinə aparıblar. Oradan da Bakıya – Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə gətiriblər.

Söyüdlü sakini necə saxlanması haqda danışarkən bildirib ki, iyunun 21-də Gəncədə bazardan inşaat materialları alanda ona zəng gəlib. Zəng edən şəxs özünü polis əməkdaşı kimi təqdim edib. Deyib ki, onun satdığı telefonla bağlı problem yaranıb, oğurluq olduğu məlum olub. Bu səbəbdən onunla görüşməlidilər:

“Mən telefon alqı-satqısı və təmiri ilə məşğul idim. Əvvəl də telefonla bağlı nəsə problem olanda şöbəyə çağırırdılar. Bu dəfə zəng eləyən adamın özünün gəlib mənimlə görüşmək istəməsi şübhəli gəldi. Zəng eləyən nömrəni axtarışa verəndə oradan bildim ki, DTX işçisidir. Qəribə göründü ki, DTX niyə telefon oğurluğunu araşdırır? Yoldaşıma dedim ki, sən get evə, axşam gəlməsəm, atama, “102”yə xəbər verərsən. Dərhal gəlib məni olduğum yerdən götürdülər”.

Coşqun Musayev bildirir ki, ona DTX-nın Gəncə şöbəsində etiraz aksiyası barədə suallar veriblər. Təxminən 1 saat sonra onu orada saxlayıblar, amma ailə üzvlərilə əlaqə saxlamasına icazə verməyiblər. Daha sonra 3 nəfər mülki geyimli şəxslə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə gətiriblər.

Gecə orada saxlandığını deyən Söyüdlü sakininin sözlərinə görə, ertəsi gün səhər saatlarında idarənin 3 nəfər əməkdaşı onu Bakıda parklardan birinə aparıb.

“Dedilər ki, “mitinqlə əlaqəli bir nəfər var, görək səni üzdən tanıyırmı?” Guya məni buraxacaqdılar, onlara lazım olan həmin adam imiş. Mən də inandım. Parkda dedikləri kimi oturmuşdum, gördüm ki, kənardan şəklimi çəkirlər. Onda başa düşmədim ki, bu nədir? Sonra idarəyə qaytardılar, qabağıma bükülü bir şey qoydular, dedilər ki, “bunu götür qoy cibinə”. Mən ümumiyyətlə, heç vaxt narkotik görməmişdim. Əvvəl götürmürdüm, sonra fikirləşdim ki, hirslənib sumka ilə qoyarlar, bədbəxt olaram”.

Coşqun Musayev deyir ki, DTX-nın Gəncə şöbəsində olanda da, Bakıya gətiriləndən sonra Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində də onun üstünü yoxlamışdılar. Heç nə çıxmamışdı.

Coşqun Musayev prokurorun suallarını cavablandırarkən istintaq zamanı etirafedici ifadəyə imza atması, video qarşısında narkotikin özünə məxsus olması barədə dediklərini belə izah edib:

“Videoçəkilişdən əvvəl mənə öyrətdilər ki, 50 manata şəxsi istifadə üçün aldığımı, əməlimdən peşman olduğumu deyim. Məni döyməyiblər. Amma təzyiq ediblər. İbrahim müəllim deyirdi ki, “burada qəhrəmanlıq eləməyin yeri yoxdur, 10 kilo qoyarlar, bədbəxt olarsan”.

O, Söyüdlüdə qaldırılan plakatların hazırlanmasından da danışıb. O bildirib ki, Söyüdlü hadisələrindən əvvəl də plakat hazırlamaqla məşğul olub:

“Kəndimizin şəhidlərinin plakatlarını da düzəldirdim. Həm birinci, həm də ikinci Qarabağ müharibəsində həlak olan nə qədər şəhidlərimizin plakatlarını düzəltmişəm. Mən alimlərin, elm adamlarının da plakatlarını hazırlamışam. Söyüdlünün tarixi haqda plakat düzəltmişəm. May ayında kənddə söhbət yarandı ki, qızıl zavodu Söyüdlüdə ikinci zəhərli gölü yaradır. İnsanlar da oradakı zəhərin suyu çirkləndirməsinə, mal-qaranın qırılmasına, ağacların qurumasına görə narahat idilər. Ona görə dedilər ki, zəhərli gölün ağaclara, suya təsiri barədə plakatlar hazırlayım, gölün ətrafındakı məftillərə vursunlar.  Adamlar hər gün şirkətin işçilərinə iradlarını deyirdilər”.

Coşqun Musayev əlavə edib ki, Söyüdlü etirazlarına görə ondan başqa sakinlərə də narkotik ittihamı verilib.

Coşqun Musayevin məhkəməsi yanvarın 17-də davam edəcək.

Meydan TV

10:00, 08 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhkəmə Rüfət Muradlının həbsindən şikayəti təmin etməyib

by Gozetci 19:20, 07 Dekabr 2023
written by Gozetci

Rüfət Muradlı

7-də Bakı Apellyasiya Məhkəməsi Kanal-13 İnternet televiziyasının aparıcısı Rüfət Muradlının 30 sutka inzibati həbsindən şikayəti təmin etməyib. Bu barədə Turan-a vəkil Nazim Musayev bildirib.

O, Muradlının həbsi üçün əsasın olmadığını bildirib. “İnzibati xətanın törədilməsinə dair polis protokolundan başqa heç bir dəlil yoxdur. Orada yazılıb ki, Muradlı “nalayiq sözlər söyləyib”, “polisə tabe olmamaq” barədə isə heç nə yoxdur.

Xətai məhkəməsi istintaq aparmadan onu 30 sutka həbs edib”, – vəkil deyib.

Apellyasiya Məhkəməsinin hakimi Fərid Eyyubov müdafiə tərəfin vəsatətlərinin heç birini, o cümlədən jurnalistlərin zala buraxılması barədə vəsatəti təmin etmədən həbs qərarını qüvvədə saxlayıb.

* Rüfət Muradlı dekabrın 2-də 30 sutkalığa həbs edilib. Məhkəmə onu İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisə tabe olmamaq) maddələrilə təqsirli bilib.

“Sərhədsiz reportyorlar” və Jurnalistləri Müdafiə Komitəsi jurnalistin həbsini pisləyib və onu azad etməyə çağırıb.

Turan 

19:20, 07 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir

  • Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib

  • Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir
20:17, 25 Mart 2026
Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib
22:20, 23 Mart 2026
Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir
16:26, 19 Mart 2026
Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia