Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

ABŞ səfirliyi Tofiq Yaqublunu həbsdən azad etməyə çağırır

by Gozetci 11:30, 19 Dekabr 2023
written by Gozetci

Tofiq Yaqublu

 

ABŞ-ın Azərbaycandakı səfirliyi Azərbaycan hökumətini Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunu həbsdən azad etməyə çağırıb.

“Tofiq Yaqublunun həbsi və saxlanması bizi çox narahat edir. Biz Tofiq Yaqublunu və fundamental azadlıqlardan istifadə etdiklərinə görə həbsdə olanların hamısını azad etməyə çağırırıq”, ABŞ-ın Azərbaycandaklı səfirliyi dekabrın 18-də X sosial media platformasında qeyd edib.

Xatırlatma

Tofiq Yaqublu dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi açılıb.

Son günlərdə ölkədə qaçaqmalçılıq, sənədsiz torpaq üzərində qanunsuz ev tikmək və başqa ittihamlarla 8 jurnalist həbs edilib. 2023-cü ilin iyul ayından iqtisadçı alim, ADR Partiyasının sədri Qubad İbadoğlu (satış məqsədi ilə saxta valyuta hazırlamaqda ittiham olunur), ötən ilin dekabrından insan hüquqları faəlı Bəxtiyar Hacıyev (Cinayət Məcəlləsinin 8 maddəsi üzrə ittiham olunur) həbs edilib.

Yerli hüquq müdafiəçilərinin hesabatlarına görə, hazırda ölkədə ümumilikdə siyasi iddialarla iki yüzdən çox insan həbsdədir.

Azərbaycandakı həbslər çoxsaylı beynəlxalq hüquq müdafiə təşkilatları, həmçinin ABŞ Dövlət Departamenti tərəfindən qınanılıb.

Rəsmi Bakı ölkədə insanların iradəsinə görə təqib edilmədiyini, siyasi məhbusların olmadığını bildirir. Dövlət rəsmiləri bu sahədə tənqidləri qəbul etmir və qərəzli sayır.

Amerikanın Səsi

11:30, 19 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Almaniyadan deportasiya olunan siyasi fəala hökm oxunub

by Gozetci 10:06, 19 Dekabr 2023
written by Gozetci

Samir Aşurov

Samir Aşurov: “Bu xalqın uğrunda üçüncü dəfə şərlənib həbs olunuram və buna görə fəxr edirəm”

Almaniyadan Azərbaycana deportasiya olunandan 20 gün sonra həbs olunan siyasi fəal Samir Aşurovun il yarıma yaxındır davam edən məhkəməsi yekunlaşıb. Dekabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun 6 il 6 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılıb.

Faiq Qəniyevin sədrliyilə, Samir Əliyev və Mahmud Ağalarovdan ibarət hakimlər kollegiyasının çıxardığı hökmə əsasən, Samir Aşurov Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələrilə təqsirli bilinib.

İddia olunur ki, siyasi fəal 2022-ci il aprelin 19-da axşam saat 21.00 radələrində metronun “Neftçilər” stansiyasının yaxınlığında gedərkən Elşən Nəbiyevin çiyninə dəyib. Nəticədə aralarında mübahisə yaranıb və Samir Aşurov ona bıçaqla xəsarət yetirib.

Dekabrın 18-də hökm elan olunmamışdan əvvəl hakim bildirib ki, zərərçəkmiş qismində tanınan Elşən Nəbiyev özü məhkəməyə gəlməyib, amma teleqram göndərib. Orada yazıb ki, ədalətli və qanuni qərar çıxarılmasını istəyir.

Daha sonra siyasi fəalın vəkili Elçin Sadıqov çıxış edib. Deyib ki, müvəkkili heç kimə xəsarət yetirməyib, təxribat nəticəsində həbs olunub:

“Çox ciddi şübhələrimiz var ki, zərərçəkmiş kimi tanınan şəxs əvvəldən polislərlə birlikdə həmin əraziyə gəlib, ssenariyə  uyğun şəkildə Samir Aşurova hücum edib. Elə ona görə də biz vəsatət vermişdik ki, zərərçəkmişin harada olduğunu müəyyənləşdirmək üçün mobil telefonunun lokalizasiyası haqda məlumatlar alınsın. Təəssüf ki, məhkəmə təmin etmədi. O məlumatlar alınsaydı, aydın olacaqdı ki, ora əvvəldən gəlib gözləyib, yoxsa yox…”.

Samir Aşurov özü də son sözündə deyib ki, il yarımdan çoxdur baş verməyən cinayətə görə həbsdədir. Onun sözlərinə görə, hakimlər özləri də bunu yaxşı bilir. Əvvəllər də polisə müqavimət, narkotik ittihamıyla şərlənərək həbs olunduğunu deyən Samir Aşurov bildirib ki, 2018-ci ildə Almaniyaya gedib. Lakin orada olanda da Azərbaycanda insan haqları, deməkratiya uğrunda mübarizəsini dayandırmayıb. Onun sözlərinə görə, mübarizəsinə görə də Bakıya qayıdandan 20 gün sonra həbs olunub:

“Mən heç vaxt mübarizəmdə qırmızı xətti keçməmişəm, qurşaqdan aşağı vurmamışam, söyüş söyməmişəm. 2022-ci il martın 29-da Azərbaycana qayıdandan sonra məni prokurorluğa çağırdılar. Orada sorğu-sual elədilər, hətta hədə-qorxu da oldu. Ondan sonra jurnalistlərə açıqlamamda dedim ki, həbs olunmaq təhlükəm var. Hamı bilsin ki, narkotiklə işim yoxdur, heç bir cinayət törətməmişəm. Çünki məndən əvvəl Almaniyadan deportasiya olunan 4 siyasi fəalı narkotiklə şərləmişdilər. Aprelin 7-dən təqib olunduğumu hiss elədim. Bu barədə sosial şəbəkələrdə də yazdım. Onlar məni narkotiklə şərləmədilər, başqa ssenari qurdular”.

Prokurorun törətmədiyi cinayətə görə ona 8 il həbs cəzası istəməsini yada salan siyasi fəal vurğulayıb ki, müddətin heç bir əhəmiyyəti yoxdur. Onun sözlərinə görə, Azərbaycan xalqının azadlığı, hüquqları uğrunda mübarizəsinə görə üçüncü dəfə şərlənir.

“Mənə fərqi yoxdur nə qədər cəza verəcəksiniz. Bu xalqın uğrunda üçüncü dəfə şərlənib həbs olunuram və buna görə fəxr edirəm. Orada ədalət mühakiməsi yazmısınız. İstəyirəm ki, məhkəmələr sifarişlə qərar verməsin, gerçəkdən ədalət mühakiməsi olsun”, – Samir Aşurov son sözünü belə yekunlaşdırıb.

Bundan sonra müşavirəyə gedən hakimlər geri qayıdaraq, 6 il 6 aylıq hökmü elan edib.

Samir Aşurovun vəkili Elçin Sadıqov bildirib ki, hökmdən apelyasiya şikayəti verəcək.

Son iki il ərzində Almaniyadan deportasiya edilən fəalların bir neçəsi ölkəyə qayıtdıqdan az sonra həbs edilib. Onların əksəriyyətinə narkotik ittihamı verilib. Lakin onlar ittihamı rədd edir və Almaniyada Azərbaycandakı siyasi məhbuslarla bağlı etirazlarında iştirak etdiklərinə, sosial mediadakı paylaşımlarına görə cəzalandırıldıqlarını deyirlər.

Daxili İşlər Nazirliyi isə onların bu haqda dediklərinin əsassız olduğunu, konkret cinayətə görə həbs olunduqlarını bəyan edib.

Meydan TV 

10:06, 19 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Azərbaycanda prezidentliyə namizədlərin sayı 7-yə çatıb

by Gozetci 14:21, 18 Dekabr 2023
written by Gozetci

Dekabrın 18-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin və Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputat Razi Nurullayevin növbədənkənar prezident seçkilərində iştirak etmək üçün namizədliyi irəli sürülüb. Bu barədə hər iki partiyanın bugünki iclaslarında qərar qəbul edilib.

Qüdrət Həsənquliyev 1965-ci il yanvarın 29-da Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Əbrəqunus kəndində anadan olub. O, Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirib.

Prezident Əbülfəz Elçibəy hökumətində dövlət katibinin köməkçisi işləyib. 2000–2003-cü illərdə Azərbaycan Mərkəzi Seçki Komissiyasının katibi olub.

Qüdrət Həsənquliyevin rəhbərliyi ilə 2004-cü il aprelin 3-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası təsis edilib.

Həsənquliyev ikinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış Azərbaycan Milli Məclisinin deputatı seçilib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavinidir.

O, 2003, 2008, 2013 və 2018-ci il prezident seçkilərində prezidentliyə namizəd olub.

Evlidir, 2 övladı var.

Razi Nurullayev 1 aprel 1971-ci ildə İmişli rayonunun Xəlfəli kəndində anadan olub. Azərbaycan Dövlət Dillər Universitetinin İngilis-fransız dilləri fakultəsini və Cənubi Rusiya Humanitar İnstitutunun Hüquq fakultəsini bitirib.

2009-cu il sentyabrın 15-dən 2015-ci ilin fevralınadək Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin xarici məsələlər üzrə müavini olub.

Nurullayev 2020-ci ildə Milli Cəbhə Partiyasını təsis edib.

Razi Nurullayev 2018-ci ildə Prezident seçkilərində prezidentliyə namizəd olub.

Evlidir, 2 övladı var.

Müstəqil Həmkarlar Birliyinin (MHB) sədri Fuad Əliyev də 7 fevral növbədənkənar Prezident seçkisində namizədliyini irəli sürüb. O, deyib ki, seçkiyə müstəqil şəkildə qatılır, Müstəqil Həmkarlar Birliyinin sədri kimi yox.

Bununla Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı 7-yə çatıb.

İndiyədək hazırkı prezident İlham Əliyevin, Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin Mədəniyyət Komitəsinin rəhbəri Fazil Mustafanın, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Orucun və Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayevin namizədliyi irəli sürülüb.

Müxalifət partiyaları, – Müsavat Partiyası növbədənkənar prezident seçkilərində iştirak etməmək, Azərbaycan Xalq Cəbhəsi Partiyaasi seçkiləri boykot etmək barədə qərar qəbul edib.

Azərbaycanda 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.

Növbədənkənar prezident seçkiləri Azərbaycanın Qarabağda suverenliyini bərpa etməsindən sonraya təsadüf edir.

Bununla yanaşı, növbədənkənar prezident seçkilərinin elan edilməsinin səbəbləri hələ rəsmi qaydada bəyan edilməyib. Növbədənkənar seçkilər ölkədə hər hansı siyasi partiya tərəfindən təşəbbüs irəli sürülmədən elan edilib.

Azərbaycan Konstitusiyasına görə, Azərbaycan Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir.

“Seçki Məcəlləsi”nə görə, seçki hüququ olan hər bir vətəndaş və yaxud vətəndaşlar prezidentliyə namizəd irəli sürmək üçün azı 100 nəfərdən ibarət olan təşəbbüs qrupu yarada bilərlər. Seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra prezidentliyə namizədlər irəli sürülür.

Siyasi partiya, siyasi partiyaların bloku və yaxud seçicilərin təşəbbüs qrupları prezidentliyə irəli sürdükləri namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda seçici imzası toplamalıdırlar.

Azərbaycanın hazırkı lideri İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Prezidenti seçilib. O, həmçinin 2008-ci il oktyabrın 15-də, 2013-cü il oktyabrın 9-da, 2018-ci il aprelin 11-də prezident seçkilərində qalib olub.

Turan 

14:21, 18 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBərabərlik hüququBölgəHüquq PozuntularıSliderXƏBƏRLƏR

İstintaq Sevinc Vaqifqızının anasının pensiya kartına həbs qoyub

by Gozetci 11:18, 17 Dekabr 2023
written by Gozetci

Ofelya Məhərrəmova

Ofelya Məhərrəmova pensiya kartının bloklanmasından apellyasiya şikayəti verib

“AbzasMedia”nın baş redaktoru Sevinc Vaqifqızının anası Ofelya Məhərrəmovanın pensiya kartına blok qoyulub.

Ofelya Məhərrəmova Meydan TV-yə deyir ki, bundan dekabrın 15-də xəbər tutub:

“Pensiyanı xəstəliklə bağlı alıram. Dünən nə qədər çalışdımsa, pulu çıxara bilmədim. “Kapital Bank”ın bankomatının ekranında 326 manat yazılır, amma pulu çıxarmaq olmur. Hamı pulunu çıxardı, bir məndən başqa. Dedilər ki, bloklanıb”.

2023-cü ilin noyabrında Xətai Rayon Məhkəməsi heç bir xəbərdarlıq etmədən “AbzasMedia”nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızının və onların ailə üzvlərinin bank hesablarına, həmçinin pensiya və əməkhaqqı kartlarına həbs qoyub.

Ülvi Həsənlinin vəkili Zibeydə Sadıqova “Amerikanın Səsi”nə bildirib ki, məhkəmənin qərarı əsassızdır.

“Biz məhkəmənin qərarından ona görə şikayət vermişik ki, məhkəmə öz qərarını əsaslandırmayıb. Biz həm də müddətin bərpasına dair vəsatətlər vermişdik. Çünki qərarlar noyabr ayında verilib, biz isə dekabr ayında xəbər tutmuşuq. Ümumiyyətlə, bizi heç məhkəməyə də dəvət etməmişdilər ki, belə bir qərarlar qəbul olunacaq, sizin fikriniz nədir”, – Zibeydə Sadıqova deyib.

Elçin Sadıqov

 

Sevinc Vaqifqızının vəkili Elçin Sadıqov Meydan TV-yə deyib ki, hesablara həbs qoyulmasına qanunvericilik yol vermir:

“Bununla əlaqədar Bakı Apelyasiya Məhkəməsinə müraciət olunub. Dekabrın 18-də məhkəmə işə baxıb, bununla bağlı öz qərarını verəcək”.

Hüquqşünas Səməd Rəhimli Meydan TV-yə deyir ki, məhkəmə qərarını əsaslandırmayıbsa, demək, qanun pozuntusuna yol verib.

“Cinayət-Prosessual Məcəlləsinin 248-ci maddəsinə görə, ilkin sübutlar olduğu hallarda barəsində cinayət təqibi aparılan şəxsin, onunla əlaqəli üçüncü şəxslərin, o cümlədən onun yaxınlarının bank hesablarına məhdudiyyət qoyula bilər. Belə olan halda, əmlak üzərinə həbs qoyulması və yaxud da bank hesabının dondurulması məsələləri üçün ən azından müəyyən bir əsaslı şübhə olmalıdır. Varsa, əsaslandırılmalıdır, yoxdursa, istintaqın vəsatətlərini rədd etməlidir”, – hüquqşünas belə deyir.

Səməd Rəhimlinin şəxsi arxivindən

 

Azərbaycanda 2020-ci il iyulun 1-dən etibarən pensiya, təqaüd və müavinət kartlarına (sosial kart) əlavə vəsaitlərin mədaxilinə məhdudiyyət qoyulub.

Yeni qaydalara görə, belə köçürmələr yalnız bankla göndərilməlidir və yaxud da kart sahibi banka yaxınlaşıb, ərizə-blankı doldurduqdan sonra xidmətdən istifadəni aktivləşdirə bilər.

Ofelya Məhərrəmova isə deyib ki, kartdan yalnız pensiya alınması məqsədilə istifadə edib.

O əlavə edib ki, bütün hesabları və bank üzərindən əməliyyatları dondurulub:

“Mənə nə pul gələ bilər, nə də bankdan pul çıxara bilərəm”.

Hüquqşünas belə olan halda, pensiya kartının bloklanmasını qanunsuz sayır:

“Bu, dövlətin verdiyi pensiyadır. İkinci bir tərəfdən bank transaksiyalara məhdudiyyət qoymaqla, karta pensiyadan kənar ödənişlərin gəlməsinin qarşısını ala bilərdi. Bunun üçün kartı bloklamağa ehtiyac yox idi. Blok qoyulubsa, deməli, bu, qanunsuzdur”.

Səməd Rəhimlinin sözlərinə görə, pensiya ödənişinin hər hansı bir şəkildə iddia olunan ittihamla əlaqəsi yoxdur:

“Mənim gümanım ondan ibarətdir ki, istintaq orqanı həm təqsirləndirilən şəxsin, həm də onun yaxınlarının hamısının bank hesabları və kartlarını ucdantutma bloklayıb. Bu da Azərbaycanın hüquq mühafizə orqanları üçün yeni akt deyil. Həmişə bu cür ediblər”.

Ülvi Həsənli noyabrın 20-də, Sevinc Vaqifqızı isə noyabrın 21-də həbs olunub. Xətai Rayon Məhkəməsi saytın direktoru barəsində 4 ay, baş redaktoru haqqında isə 3 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçib.

“AbzasMedia”nın daha iki əməkdaşı – direktor müavini Məhəmməd Kekalov noyabrın 20-də, jurnalist Nərgiz Absalamova isə noyabrın 30-da saxlanılıblar.

Onlar barəsində müvafiq olaraq 3 ay 27 gün və 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Araşdırmaçı jurnalist Hafiz Babalı da “AbzasMedia” işi ilə bağlı istintaqa cəlb edilib. Dekabrın 14-də onun  barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Hər beş şəxs Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham olunurlar.

Jurnalistlər ittihamları qəbul etmir, həbslərinin səbəbi kimi “AbzasMedia”da dərc olunan korrupsiya araşdırmalarının olduğunu bildirirlər.

Beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətinə müraciət edərək, azad mediaya qarşı təzyiqi dayandırmasını istəyiblər.

Baş verənləri mediaya qarşı “qisas” adlandırıblar.

Meydan TV 

11:18, 17 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Gürcüstanda təhsil alan jurnalist təhlükədə olduğunu deyir

by Gozetci 10:34, 17 Dekabr 2023
written by Gozetci

Elməddin Şamilzadə

“Üç nəfər yaxınlaşdı, məni bıçaqla hədələdilər”

Hazırda Gürcüstanın paytaxtı Tbilisidə təhsil alan jurnalist Elməddin Şamilzadə təhdidlə üzləşdiyini deyir.

Bu barədə jurnalist “Facebook” səhifəsində məlumat paylaşıb.

Onun dediyinə görə, dekabrın 15-də axşam saatlarında dostlarıyla Tbilisidəki məkanlardan birində əylənərkən tanımadığı 3 nəfər onu izləyib:

“Onlar bizim masaya baxırdılar. Çölə siqaret üçün çıxanda dostlara xəbərdarlıq etdim ki, problem yaratsalar, mənə deyin. Çox keçmədi ki, onlardan biri çölə çıxıb “səni tanıyıram” bəhanəsi ilə məni kənara çəkməyə başladı. Uzun-uzadı mənasız söhbətlər etdikdən sonra məni daha da uzağa çəkməyə çalışdı. Bıçaq çıxardığını gördüm. Digər 2-i də orada gözləyirdilər. Mən ona gəlməyəcəyimi deyib dostarın yanına qayıdandan sonra üçü də bizə sarı gəldilər. Guya mən onlara lənkəranlı olduğumu demişəm, əslində, azərbaycanlı olduğumu deməliyəmmiş kimi mənasız söhbətlər etməyə başladılar. Digər dostlar müdaxilə edəndə söhbətin istiqamətini dəyişməyə başladılar”.

Jurnalist yazıb ki, həmin adamlar guya maşınlarının benzinin qurtardığını deyiblər və pula ehtiyacları olduğunu söyləyib onlardan pul istəyiblər:

“20 lari verəndə məni yenə də uzaqlaşdırmağa çalışdılar, amma dostların müdaxiləsindən bir anda gözdən itdilər”.

E.Şamilzadə həmin adamların onunla bərabər başqa bir dostunu da təhdid etdiyini vurğulayıb:

“Onu döyməklərini eşidəndə söhbətin ciddiyyətinin fərqinə vardım”.

“Onları göndərənə deyirəm ki, niyyətiniz məni öldürməkdirsə, daha az ağrılı üsullar seçin. Bıçaqdan-zaddan zəhləm gedir, adam gec ölür. Tapança daha məqsədə müvafiqdir”, – deyə jurnalist əlavə edib.

O, ilk dəfə təqib olunmadığını da qeyd edib:

“Daha əvvəl də məkanların birində 1 saat susaraq yan masada bizi dinləyənlərin söhbətimiz bitəndə: “Bura maraqsızlaşdı”, – deyib getmək qərarı verdikləri anda azərbaycanlı olduqlarını anlamışdım. Çöldə bir xeyli bizi gözləyəndən sonra çıxmayacağımızı görüb getdilər”.

Jurnalist məsələ ilə bağlı Gürcüstan hüquq-mühafizə orqanlarına müraciət edəcəyini deyib.

Meydan TV 

10:34, 17 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

2023-cü il dekabrın 16-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

by Gozetci 20:15, 16 Dekabr 2023
written by Gozetci

Məzahir Pənahovun sədrliyi ilə dekabrın 16-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 18 oktyabr, 20 oktyabr və 8 dekabr 2023-cü ildə keçirilmiş iclaslarının protokolları təsdiq olunub.

Sonra bəzi seçki dairələri üzrə yeni seçki məntəqələrinin yaradılması məsələsinə baxılıb. Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə məskunlaşan və uzunmüddətli tikinti-quruculuq işlərində çalışan çoxsaylı seçicilərin seçki hüquqlarının qanunvericiliyə uyğun təmin edilməsi, eləcə də Seçki Məcəlləsinin bununla bağlı tələbinin ödənilməsi məqsədilə müvafiq seçki dairələrinin dairə seçki komissiyaları tərəfindən yeni seçki məntəqələrinin yaradılması zərurəti yaranıb. Komissiyanın qərarı ilə 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində qanunvericiliyin tələblərinə uyğun olaraq 1 saylı Şərur – Sədərək, 2 saylı Şərur – Kəngərli, 3 saylı Babək – Şahbuz – Kəngərli, 4 saylı Naxçıvan şəhər, 5 saylı Babək – Naxçıvan – Culfa, 47 saylı Sumqayıt – Abşeron – Qaradağ, 75 saylı Yardımlı – Masallı, 84 saylı Füzuli, 97 saylı Tərtər – Naftalan – Goranboy, 118 saylı Ağdam şəhər, 120 saylı Cəbrayıl – Qubadlı, 121 saylı Laçın, 122 saylı Xankəndi, 123 saylı Kəlbəcər, 124 saylı Şuşa – Ağdam – Xocalı – Xocavənd, 125 saylı Zəngilan – Qubadlı seçki dairələrinin hüdudları daxilində yeni seçki məntəqələrinin yaradılması və həmin seçki məntəqələri üzrə yeni məntəqə seçki komissiyalarının formalaşdırılması aidiyyəti seçki dairələrinin dairə seçki komissiyalarına həvalə olunub.

İclasda sözügedən seçkilərlə əlaqədar maarifləndirmə tədbirlərinin təşkilinə dair məsələyə də baxılıb. Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na və Seçki Məcəlləsinə əsasən seçki iştirakçıları üçün müxtəlif istiqamətlər üzrə çoxsaylı layihələri əhatə edən genişmiqyaslı maarifləndirmə proqramının gerçəkləşdirilməsi qərara alınıb.

Media nümayəndələri tərəfindən geniş işıqlandırılan iclasda, həmçinin bəzi seçki dairələri üzrə dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib və cari məsələlərə baxılıb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və kommunikasiya şöbəsi

20:15, 16 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

İctimai fəal Afiəddin Məmmədovun şikayəti təmin olunmayıb

by Gozetci 17:49, 16 Dekabr 2023
written by Gozetci

Afiəddin Məmmədov

Dekabrın 15-də ictimai fəal, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədovun ev dustağlığına buraxılması ilə bağlı məhkəmə prosesi keçirilib.

Xətai Rayon Məhkəməsi ictimai fəalın şikayətini təmin etməyib.
Xatırladaq ki, sentyabrın 21-də Xətai Rayon Məhkəməsi Afiəddin Məmmədov barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.
Gənc fəala qarşı Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələrilə ittiham irəli sürülüb.
O, ittihamları qəbul etmir, həbsinin ictimai fəaliyyəti ilə bağlı olduğunu bildirir.

AbzasMedia

17:49, 16 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

AXCP də seçkidə iştirak etməyəcək

by Gozetci 15:27, 16 Dekabr 2023
written by Gozetci

Qərarı partiyanın qurultayı qəbul edib

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) 7 fevral növbədənkənar Prezident seçkisində iştirak etməyəcək.

Bu barədə dekabrın 16-da partiyanın sədri Əli Kərimli VII (X) qurultayda bildirib.

Onun sözlərinə görə, partiyadaxili müzakirələr apararaq seçkilərdə iştirak etməməyə qərar veriblər.

Qurultay Əli Kərimlinin çıxışından sonra seçkidə iştirak edib-etməməyi səsə qoyub.

Qurultay seçkidə iştirakın əleyhinə səs verib, 2 nəfər isə seçkiyə qatılmağı dəstəkləyib.

Bununla da AXCP seçkini boykot qərarı çıxarıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXC) 1992-ci ildə Prezident seçkilərinə Əbülfəz Elçibəyin namizədliyini irəli sürüb və qalib gəlib.

1995-ci ildə parlament seçkilərinə siyasi partiya kimi qatılmaq məqsədiylə Azərbaycan Xalq Cəbhəsinin bazasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) təsis edilib, 1 sentyabr 1995-ci il tarixində Azərbaycan Xalq Cəbhəsi Partiyası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb.

AXCP-in qurultayı. Foto: Meydan TV

Partiya 1998-ci il Prezident seçkilərini boykot etsə də, 2003-cü ildə AMİP sədri Etibar Məmmədovun namizədliyini dəstəkləyib.

AXCP 2008-ci il Prezident seçkilərini də boykot edib. Amma 2013-cü ildə Demokratik Qüvvələrin Milli Şurasının vahid namizədi, professor Cəmil Həsənlinin namizədliyini müdafiə edib.

2018-ci il seçkilərində isə iştirak etməyib.

2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

İlham Əliyevin dekabrın 7-də imzaladığı sərəncamda qeyd olunub ki, Mərkəzi Seçki Komissiyası növbədənkənar Prezident seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.

Bu günə qədər ölkə başçısı İlham Əliyev və Sosial Tədqiqatlar Mərkəzinin (STM) sədri, deputat Zahid Oruc və Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa namizədliyini irəli sürüb.

Müsavat Partiyası isə dekabrın 15-də bəyanat yayaraq, seçkidə iştirak etməməklə bağlı qərar qəbul etdiyini açıqlayıb.

Partiya bunu seçkiqabağı mühit və ölkədəki siyasi həbslərlə əlaqələndirib.

Azərbaycanda sonuncu dəfə Prezident seçkiləri 2018-ci il aprelin 11-də keçirilib.

Həmin seçkilər də növbədənkənar olub.

İlham Əliyev 20 ildir ki, prezident vəzifəsini icra edir.

Meydan TV 

15:27, 16 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“İnsan Hüquqları Evi” Fondu Azərbaycan hakimiyyətini repressiyalara son qoymağa çağırıb

by Gozetci 11:30, 16 Dekabr 2023
written by Gozetci

Norveç “İnsan Hüquqları Evi” Fondu Azərbaycanda müstəqil KİV-ə və tənqidi səslərə qarşı hazırkı repressiya dalğasından narahatdır.

“Son 25 gündə ən azı 11 jurnalist və hüquq müdafiəçisi öz fikirlərini qanuni ifadə etdiklərinə görə şübhəli və əsassız ittihamlarla həbs edilib.

Bu hadisələr 7 fevral 2024 – cü il tarixli növbədənkənar prezident seçkilərində Azərbaycan mediasına və narazı səslərə narahatedici hücumdur”, – məlumatda deyilir.

Təşkilat Azərbaycan hakimiyyətini yeni həbs olunanlara qarşı cinayət işlərinə son qoymağa və onları  dərhal azad etməyə çağırır.

“Biz Azərbaycan hakimiyyətini çağırırıq:

– beynəlxalq hüquq üzrə öhdəliklərinə riayət etməyə və ittihamları dərhal ləğv etməyə, həbs edilmiş hüquq müdafiəçilərini və jurnalistləri azad etməyə;

– həbsdə olanların peşəkar tibbi yardıma çıxışını təmin etməyə;

– saxlanılanların öz ailələri və vəkillərilə ünsiyyətinə, o cümlədən telefonla əlaqə saxlamasına icazə verməyə;

–  saxlanılanlara qarşı amansız rəftar və işgəncə hallarını operativ və hərtərəfli araşdırmağa, günahkarları məsuliyyətə cəlb etməyə;

– öz fikrini sərbəst ifadə etməyə icazə verməyə, jurnalistlərin və vətəndaş fəallarının fəaliyyətini repressiyalardan qorumağa;

– ifadə azadlığının sıxışdırılmasına son qoymağa, azad vətəndaş məkanı üçün əlverişli mühit yaratmağa”, – bəyanatda deyilir..

* Norveçdə fəaliyyət göstərən “İnsan Hüquqları Evi” Fondu Avropanın bir çox insan hüquqları təşkilatlarını birləşdirir.

Turan 

11:30, 16 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

İctimai fəal Möhyəddin Orucov narkotik ittihamı ilə həbs edilib

by Gozetci 10:01, 16 Dekabr 2023
written by Gozetci

Möhyəddin Orucov

 

İctimai fəal Möhyəddin Orucov narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilib.

Bu barədə onun yaxınları məlumat verib.

Gənc dekabrın 13-də saxlanılıb, lakin əvvəlcə fəalın ailə üzvlərinə onun harada saxlanıldığını bildirməyiblər. Bir neçə saat keçdikdən sonra onlara Orucovun narkotiklə bağlı iş üzrə şübhəli şəxs qismində Suraxanı Rayon Polis İdarəsində saxlanıldığını təsdiq ediblər.

Dekabrın 15-də məhkəmə onun barəsində 4 ay həbs qətimkan tədbiri seçib. Orucov Azərbaycan CM-in 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham olunur, onu 5 ildən 12 ilədək həbs cəzası gözləyir.

Xatırladaq ki, Orucov oktyabrda “polisə tabe olmama” ittihamı ilə 30 gün müddətinə inzibati qaydada həbs edilmişdi.

O, azad edildikdən sonra bildirib ki, həbsinin əsl səbəbi sosial şəbəkələrdə hakimiyyəti tənqid etməsi olub. Buna görə polis bölməsində onu döyüblər və qeyri-insani rəftara məruz qoyublar.

Yaxınları hesab edirlər ki, indi bu bəyanata görə qisas olaraq Orucova qarşı saxta cinayət işi açılıb.

Turan 

10:01, 16 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir

  • Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib

  • Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir
20:17, 25 Mart 2026
Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib
22:20, 23 Mart 2026
Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir
16:26, 19 Mart 2026
Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia