Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
Uncategorized

Həmkarlar ittifaqı fəalı Afiəddin Məmmədovun işi üzrə proses başlayıb

by Gozetci 18:00, 23 Yanvar 2024
written by Gozetci

Afiəddin Məmmədov

Çərşənbə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədovun işi üzrə hazırlıq iclası keçirilib.

Məmmədov sentyabrın 20-də öz evinin yaxınlığında, naməlum şəxs tərəfindən hücuma məruz qaldıqdan sonra saxlanılıb. Lakin Məmmədovun özünü həmin şəxsi bıçaqlamaqda ittiham ediblər. Ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3 (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddələrilə ittiham irəli sürülüb.

Sonradan fəala qarşı Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 228.4-ci (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri üzrə  ittiham irəli sürülüb. Onu 11 ilədək həbs cəzası gözləyir.

İclasın əvvəlində Məmmədov bütün ittihamları təkzib edib və müstəqil jurnalistlərin iştirakını və prosesin videoçəkilişinin və audioqeydinin aparılmasını təmin etməyi tələb edib. Bundan sonra jurnalistlər zala buraxılıb.

Vəkil Zibeydə Sadıqova da Məmmədovun əlləri arxadan qandallanmış vəziyyətdə zala gətirilməməsi haqqında vəsatət qaldırıb. O, həmçinin Məmmədovun ev dustaqlığına keçirilməsi barədə vəsatət qaldırıb.

Lakin məhkəmə prosesin videoçəkilişinin və audioqeydinin aparılması və Məmmədovun ev dustaqlığına keçirilməsi haqqında vəastətləri təmin etməyib. Qandallarla bağlı vəsatət də təmin edilməyib.

Məhkəmə zalında Məmmədov Turan-ın müxbirinə bildirib ki, saxlanma şəraitindən şikayəti yoxdur. Lakin o, ittihamları təkzib edir və ona arxadan qandal taxılmasından narazıdır. Mahiyyəti üzrə dinləmələr fevralın 6-na təyin edilib.

Məmmədov hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.

Turan 

18:00, 23 Yanvar 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

İctimai fəal Əhməd Məmmədli Korrupsiyaya qarşı Mübarizə İdarəsində dindirilib

by Gozetci 16:12, 23 Yanvar 2024
written by Gozetci

Əhməd Məmmədli

 

İctimai fəal Əhməd Məmmədli yanvarın 23-də Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsində dindirilib.

Bu barədə Turan-a Əhməd Məmmədli özü məlumat verib.

Fəalın sözlərinə görə, o, saxta sənəd məsələsinə görə dindirilib:

“2022-ci ildə mən Türkiyəyə oxumaq üçün getməli idim və bununla bağlı Muğla Sıtkı Koçman Universitetinə qəbul olunduğum haqqında sənədləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Komitəsinə (SHXÇDK) təqdim etmişəm. Getməzdən bir neçə gün əvvəl həbs olundum və oxumağa gedə bilmədim”.

Əhməd Məmmədli qeyd edib ki, elə o vaxt SHXÇDK təqdim etdiyi sənədləri saxta hesab edib və Cəlilabad rayon prokurorluğuna müraciət edib:

“Prokurorluqda iki dəfə dindirilmişəm və bundan sonra bu məsələ sönüb. Amma dünən mənə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən zəng vurublar ki, işi onlar aparacaqlar və idarəyə çağırıblar”.

Onun sözlərinə görə, o, şahid qismində dindirilib:

“Lakin mənə şifahi dedilər ki, bu iş üzrə şübhəli şəxs sayılıram. İmza nümunələrimi götürdülər, ekspertizaya göndərəcəklərini dedilər”.

Əhməd Məmmədli hesab edir ki, məsələnin yenidən aktivləşməsi son hadisələrlə bağlıdır:

“Mən heç bir saxta sənəd təqdim etməmişəm. Məsələnin 2022-dən sonra yenidən aktivləşməsi sadəcə ölkədəki son həbslərlə və hökümətin Qərblə münasibətlərin gərginləşməsi ilə bağlıdır”.

Məsələ ilə bağlı Baş Prokurorluqdan və Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsindən münasibət öyrənmək mümkün olmayıb.

Turan 

16:12, 23 Yanvar 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Polis prezident seçkilərinə etiraz aksiyasının qarşısını alıb

by Gozetci 17:15, 22 Yanvar 2024
written by Gozetci

Bazar ertəsi polis “Saxta seçkilərə yox!” şüarı ilə keçirilən razılaşdırılmamış etiraz aksiyasının qarşısını alıb. Aksiyanı Avropadakı azərbaycanlı siyasi mühacir Tural Sadıqlı növbədənkənar prezident seçkilərinə etiraz olaraq təyin edib.

İki gün öncə o, Facebook hesabında aksiyada iştiraka çağıran banner yerləşdirib:

“Etiraz mitinqi. Öz haqlarınızı tələb etmək üçün 22 yanvar saat 13:00-da Nərimanov metro stansiyasından McDonalds tərəfə çıxışa doğru gəlin”.

Bu gün  ehtimal olunan yerdə polis Sadıqlının valideynlərini saxlayıb və bir saat sonra onları sərbəst buraxıb.

Polis aksiyanın keçiriləcəyi ehtimal olunan yerdən daha bir neçə nəfəri, o cümlədən Azərbaycan Demokratiya və Rifah Partiyasının yaşlı üzvü Ənvər Ağamalıyevi və həbsdə olan fəal Rza Səfərsoyun xanımı Təranə Səfərsoyu uzaqlaşdırıb.

Daxili İşlər Nazirliyindən şərh almaq mümkün olmayıb.

Turan 

17:15, 22 Yanvar 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Avropa Şurası Parlament Assambleyasının deputatları Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılmasına səs veriblər

by Gozetci 16:00, 22 Yanvar 2024
written by Gozetci

Strasburqda Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının ilk günündə deputatlar  “təşkilatın prinsiplərini pozduğuna görə” Azərbaycanın nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılmasına səs veriblər.

Bu təşəbbüslə Almaniyadan olan deputat Frank Şvabe çıxış edib.

O, öz bəyanatında Azərbaycanda insan hüquqlarının pozulmasının davam etdiyini, siyasi məhbusların sayının artdığını, rəsmi Bakının 7 fevral prezident seçkilərini qiymətləndirmək üçün  Avropa Şurası Parlament Assambleyası nümayəndə heyətini dəvət etməkdən imtina etdiyini göstərib.

O 2023-cü ildə Azərbaycanın Avropa Şurası Parlament Assambleyası məruzəçilərini Laçın dəhlizinə buraxmaqdan imtina etdiyini də vurğulayıb.

Təklif səsverməyə çıxarılıb və səs çoxluğu ilə qəbul edilib.

İclasa sədrlik edən Emmanuelis Sinqeris deyib ki, bu təklifin qiymətləndirilməsilə Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsi məşğul olacaq. Komitənin öz rəyini təqdim etmək üçün 24 saat vaxtı var. Bundan sonra Avropa Şurası Parlament Assambleyası bu məsələni müzakirə edəcək və yekun qərar qəbul edəcək.

Eyni zamanda, Azərbaycan nümayəndə heyəti bu məsələ üzrə səsvermədə iştirak edə bilməz.

Turan 

16:00, 22 Yanvar 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBərabərlik hüququBölgəHüquq PozuntularıSliderXƏBƏRLƏR

Taleh Bağırzadənin xanımı: “Polislər bizə Şəhidlər Xiyabanına getməyə imkan vermədi”

by Gozetci 10:08, 22 Yanvar 2024
written by Gozetci

“Dedim ki, uşaqlardan birinin atasını Nardaranda öldürmüsünüz, birini şikəst eləmisiniz, birini də şərləyib Kürdəxanıya göndərmisiz, necə gəlsinlər? “

Müsəlman Birliyi Hərəkatının sədri, həbsdə olan ilahiyyatçı Taleh Bağırzadənin ailə üzvlərinə yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət etməyə imkan verilmədiyi bildirilir. Bu barədə Meydan TV-yə danışan ilahiyyatçının həyat yoldaşı Leyla İsmayılzadə deyir ki, Şəhidlər Xiyabanına gedəndə polislər onu və yanında olan 7 uşağı saxlayıb. Onun sözlərinə görə, hadisə yanvarın 20-də günorta saat 15.00 radələrində metronun “Elmlər Akademiyası” stansiyasının çıxışında baş verib.

Leyla İsmayılzadə danışır ki, həbsdə olan başqa bir dini inanclı fəal Ağəli Yəhyayevin xanımıyla öncədən razılaşmışdılar, “Elmlər Akademiyası”nın qarşısında görüşüb, Şəhidlər Xiyabanına birlikdə gedəcəkdilər.

“Mən metronun “Koroğlu” stansiyasından “Elmlər Akademiyası”na gəldim. Yanımda 7 uşaq vardı. Onlardan dördü öz övladlarım idi, biri 2015-ci ilin noyabrında Nardaran hadisəsində qətlə yetirilən Rəfael Bünyadovun oğlu, biri həmin hadisədə onurğasından güllələnərək şikəst edilən Əbülfəz Bünyadovun oğlu, biri də narkotik ittihamıyla şərlənərək həbsdə saxlanılan Mail Kərimovun oğlu idi. Eskalatordan çıxanda mülki geyimlilər bizi saxladılar. Biri dedi ki, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşıyıq. Əvvəl dedilər ki, sənədləri yoxlayırlar. Məni və 7 uşağı metronun qapısına yaxın bir otağa saldılar”, – Leyla İsmayılzadə bildirib.

Onun sözlərinə görə, telefonunu da alıblar, hətta görüşmək barədə öncədən razılaşdıqları və metronun qarşısında kiçik uşaqlarla birlikdə gözləyən qadına xəbər verməyə də qoymayıblar. Onları saat yarım metrodakı kiçik otaqda saxlayıblar:

“Gah dedilər ki, uşaqlar itir, ona görədir bu yoxlama. Şəxsiyyət vəsiqələrini istədilər. Uşaqların vəsiqələri üstümüzdə deyildi, ona görə portala vurdular. Əvvəl mənim böyük oğlumu portalda guya tapa bilmədilər, sonra tapdılar. Bizi tapsalar da, guya mənə əmanət olunan 3 uşağın heç birinin vəsiqəsini portaldan tapa bilmədilər. Axırda da dedilər ki, “yox, sizi Şəhidlər Xiyabanına getməyə qoya bilmərik, uşaqların valideynləri gəlib onları təhvil alsınlar”. Dedim ki, uşaqlardan birinin atasını Nardaranda öldürmüsünüz, birini şikəst eləmisiniz, birini də şərləyib Kürdəxanıya göndərmisiz, necə gəlsinlər? Bu müddətdə otaqdakı mülki geyimlilərdən ikisi də sinəsinə telefonu tutub, bizi çəkir. Uşaqlara da zülm elədilər. 7 yaşlı oğlum Abbas otaqda ora-bura vurnuxur, 5 yaşlı Mehdi sürünür. Deyirəm ki, sizin uşaqlarınız yoxdur? Görmürsünüz ki, uşaq sürünür?”

Leyla İsmayılzadənin sözlərinə görə, daha sonra onları məcburi şəkildə öz maşınlarına mindirib, üç uşağı bir-bir yaşadıqları evə aparıb təhvil veriblər. Onu da 4 övladı ilə birlikdə gətirib yaşadıqları evdə düşürüblər:

“Onların özlərinə də dedim ki, nəyə lazımdır bu biabırçılıq? Bu, həm də şəhidlərə olan münasibətin göstəricisidir. Uşaqlar Şəhidlər Xiyabanını ziyarət edəndə nə olacaqdı?”

Leyla İsmayılzadənin saxlanması haqda danışdıqlarıyla bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Xatırlatma

Taleh Bağırzadə 2015-ci ilin noyabrında Nardaranda ikisi polis, dördü yerli sakin olmaqla, 6 nəfərin qətlə yetirildiyi əməliyyat zamanı həbs olunub. O, dövlət çevrilişinə cəhd, terrorçuluq, qəsdən adam öldürmə və s. ittihamlarla 20 il azadlıqdan məhrum edilib. Lakin ilahiyyatçı və onunla birlikdə həbs olunanların hamısı bu ittihamları rədd edir, 6 nəfərin hamısı əməliyyatı keçirən polislərin özləri tərəfindən qətlə yetirildiyini bildirir.

Hazırda Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə də daxil olmaqla, təşkilatın ümumilikdə 50-yə qədər üzvü həbsdədir. Onların əksəriyyətinə qarşı narkotik ittihamı irəli sürülüb. İnanclı fəallar bu ittihamın saxta olduğunu bildirir.

Daxili İşlər Nazirliyi həbsdə olan təşkilat üzvlərinin şərlənməsi, narkotik ittihamının böhtan olması haqda iddiaları rədd edir. Nazirlik həmin şəxslərin konkret cinayətlərə görə həbs olunduqlarını bəyan edib.

Meydan TV 

10:08, 22 Yanvar 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Beynəlxalq jurnalist təşkilatları Azərbaycanda “repressiya dalğasını” pisləyir

by Gozetci 13:11, 20 Yanvar 2024
written by Gozetci

Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) və Avropa Jurnalistlər Federasiyası (EFJ) yanvarın 19-da birgə bəyanat yayaraq Azərbaycanda jurnalist həbsləri və media azadlığına qarşı təzyiqləri pisləyiblər.

“2023-cü ilin noyabrı hökuməti tənqid edən media orqanlarına və jurnalistlərə, habelə uydurma ittihamlarla iki fəal və bir müxalif siyasətçiyə qarşı repressiyaların başlanğıcı oldu”, bəyanatda qeyd edilir.

Bəyanatda korrupsiya araşdırmaları ilə tanınan “Abzas Media” xəbər saytına və müstəqil internet televiziyası “Kanal 13” televiziyasına qarşı təzyiqlər vurğulanır.

Ötən həftəsonu saxlanılan “Abzas Media” xəbər saytının jurnalisti Elnarə Qasımova son iki ay ərzində barəsində cinayət ittihamı qaldırılan 10-cu jurnalistdir.

Xətai rayon Məhkəməsi yanvarın 15-də Elnarə Qasımova barəsində 2 ay 17 gün həbs-qətimkan tədbiri seçib. Qasımova “Abzas Media”nın həbs edilən digər jurnalistləri kimi “qaçaqmalçılıq”da ittiham edilir.

Noyabr ayından bəri “Abzas Media” xəbər saytının direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kekalov və reportyor Nərgiz Absalamova həbs edilib. “Abzas Media” ilə əməkdaşlıq edən “Turan” agentliyinin araşdırmaçı jurnalisti Hafiz Babalı da bu iş üzrə həbs edilib.

“Abzas Media” jurnalistləri “qaçaqmalçılıq yolu ilə ölkəyə xarici valyuta gətirməkdə” ittiham edilsə də, onlar peşə fəaliyyətləri, xüsusən də yüksək rütbəli məmurların korrupsiyasına dair dərc etdikləri araşdırmalara görə cəzalandırıldıqlarını bildirirlər.

Azərbaycanda son bir neçə ay ərzində “Kanal 13” internet televiziyasının rəhbəri və təsisçisi Əziz Orucov, “Kanal 13”-ün əməkdaşı Şamo Eminov, habelə “Kanal 11” internet televiziyasının direktoru Teymur Kərimov və “azerinfo.az”xəbər saytının rəhbəri İbrahim Hümbətov Cinayət Məcəlləsinin müxtəlif maddələri üzrə ittiham edilərək həbs ediliblər.

“Biz ölkədə fəaliyyət göstərən bütün jurnalistləri, xüsusən də məmur korrupsiyasını araşdıran jurnalistləri qorxutmağa yönəlmiş repressiya dalğasının şahidi oluruq. Saxta sübutlar əsasında həyata keçirilən bu həbslər hər şeydən əvvəl siyasi hakimiyyətin və onların əlaltılarının cinayətkar fəaliyyətini qorumaq məqsədi daşıyır”, IFJ direktoru Antoni Bellanger və EFJ direktoru Rikardo Qutierrez qeyd ediblər.

Bugünədək bir sıra yerli və beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı, Avropa Şurası, ABŞ Dövlət Departamenti Azərbaycanda jurnalistlərin həbsi ilə bağlı narahatlıq ifadə edib, Azərbaycan hakimiyyətini müstəqil mediaya və tənqidi səslərə qarşı təqibləri dayandırmağa çağırıblar.

Amerikanın Səsi

13:11, 20 Yanvar 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

“Kanal 13” internet televiziyasının əməkdaşının apellyasiya şikayəti təmin olunmayıb

by Gozetci 10:39, 20 Yanvar 2024
written by Gozetci

Şamo Eminov

Yanvarın 19-da Bakı Apellyasiya Məhkəməsində “Kanal 13” internet televiziyasının əməkdaşı Şamo Eminovun həbsindən verilmiş şikayətə baxılıb. Vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib ki, qərar qüvvədə saxlanılıb.

“Özü də dedi ki, ancaq müsahibə jurnalistikası ilə məşğul olub. Ümumiyyətlə, qaçaqmalçılıqla əlaqəsi yoxdur. Gürcüstan vətəndaşı olduğunu bildirdi, son 4 ildə cəmi 2 dəfə Gürcüstana gedib və onda da gömrükdən rahatlıqla keçib. Dedi ki, üzərində heç bir pul vəsaiti olmayıb, buna baxmayaraq, məhkəmə Şamo Eminovu həbsdə saxladı. Onun əleyhinə heç bir sübut, dəlil yoxdur”.

“Kanal 13” internet televiziyasının əməkdaşı Şamo Eminov barəsində qaçaqmalçılıq maddəsi ilə cinayət işi açılıb. Məhkəmə Eminov barəsində 3 ay 5 gün müddətinə həbs qətimkan tədbiri seçib.

Ailəsinin məlumatına görə, Şamo Eminov dekabrın 22-də Səbail Rayon Polis İdarəsinə aparılıb. Şamo Eminov saxlanıldıqdan 4 gün sonra ailəsi ilə Bakı İstintaq Təcridxanasılndan əlaqə saxlaya bilib, vəkil istəyib.

“Şamo dindirilmə zamanı hədə-qorxuya məruz qalıb və vəkillə təmin edilməyib”, jurnalistin ailəsi qeyd edib.

“Kanal 13” İnternet Televiziyasının rəhbəri Əziz Orucov ötən ilin noyabrın 27-də saxlanılıb. Bakı Şəhər Səbail Rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.

Cinayət Məcəlləsinin 188.2-ci (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma, icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) və 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri üzrə ittiham olunan Əziz Orucov ittihamları rədd edir və həbsinin jurnalist fəaliyyətini məhdudlaşdırmağa yönəldiyini bildirir.

“Kanal 13″ün əməkdaşı Rüfət Muradlı isə dekabrın 7-də 30 sutkalıq inzibati həbs cəzasına məhkum edilib.

Dekabrın 11-də məhkəmə qərarı ilə “Kanal 13”-ə giriş məhdudlaşdırılıb.

“Kanal 13” 2008-ci il noyabrın 10-dan yayımlanır. Televiyanın YouTube kanalında 1 milyon 590 min abunəçisi var. Televiziya YouTube kanalında 37 mindən çox video yerləşdirib.

Sərhədsiz Reportyorlar, Amnesty International, Avropa Jurnalistlər Federasiyası və digər bir sıra yerli və beynəlxalq insan hüquqları təşkilatları, Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi, habelə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri Azərbaycan hakimiyyətini müstəqil mediaya qarşı təzyiqlərə son qoymağa, həbs edilən jurnalistləri azad etməyə çağırıb.

Amerikanın Səsi 

10:39, 20 Yanvar 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhkəmə Bəxtiyar Hacıyevin vəsatətini təmin etməyib

by Gozetci 18:30, 19 Yanvar 2024
written by Gozetci

Bəxtiyar Hacıyev

Yanvarın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Bəxtiyar Hacıyevin işi üzrə proses davam edib. Hüquq müdafiəçisi Zəfər Əhmədov jurnalistlərə bildirib ki, məhkəmə müdafiə tərəfin vəsatətlərini təmin etməyib.

Vəkillər məhkəmədən Hacıyev barəsində qətimkan tədbirinin dəyişdirilməsini və onun ev dustaqlığına keçirilməsini istəyiblər. Məhkəmə “dindirilməmiş şahidlərin olması və onların təhlükəsizliyinin təmin edilməsi zərurəti kimi absurd bəhanə ilə” bundan imtina edib.

Məhkəmə həmçinin Hacıyevin şüşə qəfəsdən çıxıb vəkillərinin yanında oturması haqqında vəsatəti təmin etməyib. Bu, “zərərçəkmiş qadının” zalda olması və Hacıyevin onu “təhdid edə biləcəyi” ilə əsaslandırılıb.

Müdafiə tərəfi həmçinin qanunsuz yollarla əldə edilmiş dəlillərin iş materiallarından çıxarılması haqqında vəsatət qaldırıb. Buna cavab olaraq hakim bu məsələyə dəlillərin araşdırılması zamanı baxılacağını bildirib.

* Bəxtiyar Hacıyev 9 dekabr 2022-ci il tarixində xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik (CM-in 221 və 289-cu maddələri) ittihamları ilə saxlanılıb.

Elə həmin ilin iyulunda ona qarşı CM-in 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə olunmuş gəlirlərin leqallaşdırılması) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə ittihamlar irəli sürülüb.

Noyabrın 7-də Hacıyevə qarşı CM-in 213.1-ci (vergi, işsizliyə görə, icbari tibbi və sosial sığorta pullarının ödənilməsindən yayınma) maddəsi ilə ittiham irəli sürülüb.

İrəli sürülən bütün ittihamlar saxtalaşdırılıb. Bəxtiyar Hacıyev həbsinin və ona qarşı ittihamların səbəbinin hakimiyyəti tənqid etməsi olduğu qənaətindədir. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.

Turan 

18:30, 19 Yanvar 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Araşdırmaçı jurnalist Hafiz Babalı ev dustaqlığına buraxılmayıb

by Gozetci 17:49, 19 Yanvar 2024
written by Gozetci

Hafiz Babalı

Yanvarın 19-da Bakı Apellyasiya Məhkəməsi araşdırmaçı jurnalist Hafiz Babalının ev dustaqlığına buraxılması barədə verilən şikayəti təmin etməyib.

Bu barədə vəkil Rəsul Cəfərov bildirib.

Onun sözlərinə görə, iclasda Babalı qaçaqmalçılıq ittihamının və ona qarşı cinayət təqibinin jurnalist araşdırmaları ilə bağlı olduğunu təkrar edib.

Ancaq məhkəmə apellyasiya şikayətini təmin etməyib.

Müdafiə tərəfi qətimkan tədbirinin dəyişdirilməsi üçün tədbirləri davam etdirir.

Xatırlatma

Dekabrın 13-də Turan Agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalı “xarici valyuta qaçaqmalçılığı” ittihamı ilə saxlanılıb. O, “Abzas Media” jurnalistlərinin işi üzrə istintaqa cəlb edilib.

Dekabrın 14-də Bakının Xətai Rayon Məhkəməsi Hafiz Babalı barəsində 3 ay həbs qətimkan tədbiri seçib.

Dekabrın 19-da Bakı Apellyasiya Məhkəməsi Hafiz Babalının barəsində verilmiş apellyasiya şikayətlərini təmin etməyib.

Araşdırmaçı jurnalistin həbsi çoxsaylı beynəlxalq təşkilatllar, həmçinin ABŞ Dövlət Departamenti tərəfindən qınanılıb.

Hafiz Babalı son günlər Azərbaycanda həbs edilən 9-cü jurnalistdən biridir.

Amerikanın Səsi 

17:49, 19 Yanvar 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Apellyasiya Məhkəməsi Elnarə Qasımova haqda həbs qətimkan qərarını qüvvədə saxlayıb

by Gozetci 16:52, 19 Yanvar 2024
written by Gozetci

Elnarə Qasımova

“Abzas Media” işi üzrə həbs edilən jurnalistlərin bütün vəsatətləri ardıcıl şəkildə rədd edilir
Yanvarın 19-da məhkəmə həbsdə olan jurnalist Elnarə Qasımovanın həbsindən verilmiş şikayətə baxıb.
“Abzas Media”nın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə hakim şikayəti rədd edib, Xətai rayon Məhkəməsinin Qasımova haqda həbs qətimkan qərarını qüvvədə saxlayıb.
“Abzas Media” işi üzrə həbs edilən jurnalistlərin bu günə qədər verdikləri heç bir vəsatət təmin edilməyib. Məhkəmələr ardıcıl şəkildə vəsatətləri rədd edir.
 Xatırladaq ki, “Abzas Media” işi üzrə ötən il noyabrın 20-də nəşrin direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də baş redaktor Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, son olaraq bu il yanvarın 13-də jurnalist Elnarə Qasımova saxlanılıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Jurnalistlər ittihamları qəbul etmir, həbslərinin jurnalist fəaliyyətləri ilə əlaqədar olduğunu bildirirlər.
16:52, 19 Yanvar 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir

  • Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib

  • Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir
20:17, 25 Mart 2026
Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib
22:20, 23 Mart 2026
Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir
16:26, 19 Mart 2026
Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia