Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Apellyasiya Məhkəməsi jurnalist Nərgiz Absalamovanın şikayətini təmin etməyib

by Gozetci 15:00, 29 Yanvar 2024
written by Gozetci

Nərgiz Absalamova

Yanvarın 29-da Bakı Apellyasiya Məhkəməsi Abzas Media-nın həbsdə olan jurnalisti Nərgiz Absalamovanın ailə üzvləri ilə görüş və telefon danışığının qadağan edilməsindən verdiyi şikayəti təmin etməyib.

Vəkil Rövşanə Rəhimlinin Turan-a verdiyi məlumata görə, istintaq qadağanı Absalamovanın ailə üzvləri ilə ünsiyyətindən “cinayət törətmiş digər şəxslərin ifşasına mane olmaq üçün” istifadə oluna biləcəyi ilə əsaslandırır.

Müdafiə tərəfi bu iddiaları əsassız hesab edir.

* Nərgiz Absalamova ötən il noyabrın 20-dən etibarən “Abzas Media-nın işi” üzrə həbs edilən altıncı jurnalist və mətbuat işçisidir. Onlar hamısı valyuta qaçaqmalçılığında ittiham olunublar. Jurnalistlər ittihamları təkzib edirlər və cinayət təqibini Abzas Media-nın korrupsiya faktlarını araşdırması ilə əlaqələndirirlər.

Turan 

15:00, 29 Yanvar 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Bloger Arzu Sayadoğlu barəsində həbs qətimkan tədbiri seçilib (YENİLƏNİB)

by Gozetci 13:15, 29 Yanvar 2024
written by Gozetci

Arzu Sayadoğlu

Bloger hədə-qorxu ilə tələb etmə ittihamı ilə həbs olunub

Arzu Sayadoğlu yanvarın 16-da saxlanılıb, ayın 18-də isə 4 ay müddətinə həbs edilib. Bu barədə bazar ertəsi Turan agentliyinə Bakının Səbail Rayon Məhkəməsindən bildiriblər.

Sayadoğluna qarşı Azərbaycan CM-in 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə ilə onu beş ildən on ilədək həbs cəzası gözləyir. İstintaqı Dövlət Təhlükəsizliyi Xidməti aparır.

Hədə-qorxu ilə tələb etmənin məhz nədən ibarət olduğu və nə zaman baş verdiyi açıqlanmır.

*   *   *

İctimai fəal, bloger Arzu Sayadoğlunun barəsində Səbail Rayon Məhkəməsi təqsirləndirlən şəxs qismində həbs qətimkan tədbiri seçib. Bu barədə məhkəmənin elektron portalında məlumat var.

Bununla yanaşı məhkəmənin elektron portalında blogerin hansı cinayətdə ittiham olunduğu və barəsində hansı müddətə həbs qətimkan tədbiri seçilməsi barədə məlumat yoxdur.

Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Amerikanın Səsinə bildirib ki, Arzu Sayadoğlu polis əməkdaşları tərəfindən saxlanılmayıb.

Hüquq müdafiəçisi Rüfət Səfərov isə facebook səhifəsində blogerin Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanıldığını bildirib.

Dövlət Təhlükəsizliyi Xidmətindən şərh almaq mümkün olmayıb.

Hüquq müdafiəçisi Rüfət Səfərov hesab edir ki, Arzu Sayadoğlunun saxlanılması onun  sonuncu dəfə “Azad söz” YouTube televiziya kanalında sərt tənqidi çıxışı ilə bağlıdır.

“Bloger hakimiyəti sərt qaydada tənqid edirdi və yoxa çıxamazdan öncə sonuncu dəfə “Azad Söz” YouTube televiziya kanalında mühacirətdə olan fəal Tural Sadıqlı ilə canlı yayımda olub”, o qeyd edib.

Arzu Sayadoğlu “Xalqa Xidmət Hərəkatı” yaratdığını da elan edib.

Turan 

13:15, 29 Yanvar 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Araz Əliyev şəxsi əşyalarının qaytarılmadığını bildirir

by Gozetci 16:10, 26 Yanvar 2024
written by Gozetci

Araz Əliyev

III Respublika Platforması Qurucu Heyətinin və NİDA Vətəndaş Hərəkatının üzvü Araz Əliyev elektron cihazlar və şəxsi əşyalarının qaytarılmadığını bildirir.

Araz Əliyev “Turan”a bildirib ki, ötən il dekabrın 23-də həbs olunarkən üstündəki elektron cihazlar (noutbuk, makbuk, mobil telefon), o cümlədən bank və iş kartları, evin açarlarına qədər hər şey çantası ilə bərabər götürülüb:

“Bir aydan çoxdur ki, əşyalarımla bağlı hər hansı məlumat ala bilməmişəm. Onların harada olmasından və hansı məqsədlər üçün istifadə edildiyindən xəbərsizəm”.

Fəalın fikrincə, əşyalarını onu saxlayan mülki geyimli şəxslər götürüblər.

Araz Əliyev məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) müraciət etdiyini deyib.

DİN-dən məsələyə münasibət bildirilmədi.

Xatırlatma

Araz Əliyev dekabrın 23-də, axşam saatlarında saxlanılıb. Onun polisə itaətsizlik göstərdiyi deyilərək 25 sutka inzibati həbsə məhkum edilib. 29 yaşlı fəal məhkəməsində deyib ki, haqqındakı məhkəmə qərarında göstərilənlər yalandır, nə küçədə söyüş söyüb, nə də polislərə itaətsizlik göstərib. Fəal yanvarın 17-də azadlığa çıxıb.

Dekabrın 7-də Azərbaycanda parlamentarizmin təsis olunmasının 105-ci ildönümü günündə bir qrup ictimai-siyasi fəal III Respublika Platforması adlı siyasi təşkilat yaradıb.

“Tək Adama deyil, Hüquqa itaət edirik!” şüarı ilə çıxış edən platformanın əsas prinsiplərinin seçkili demokratiya, özünüidarə və güc tarazlığı (hakimiyyət bölgüsü) olduğu bildirilir.

Platforma Araz Əliyevin həbsi ilə bağlı açıqlamada bu olayın siyasi motivli olduğunu bəyan edib.

AzadlıqRadiosu

16:10, 26 Yanvar 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

İnsanları dinc etirazlara səsləyən şəxs yoxa çıxıb

by Gozetci 15:02, 26 Yanvar 2024
written by Gozetci

Arzu Sayadoğlu

Ailəsi 3 gündür Arzu Sayadoğludan xəbər ala bilmədiyini deyir

İnternet kanallarında hökuməti tənqid edən Arzu Sayadoğlunun ailə üzvləri üç gündür ki, ondan xəbər ala bilmir. Bu barədə Meydan TV-yə məlumat verən hüquq müdafiəçisi Rüfət Səfərov bildirib ki, jurnalistin hüquq-mühafizə orqanları tərəfindən saxlandığı ehtimal olunur.

“Youtube”dakı “Arzu Sayadoğlu” adlı kanalın rəhbəri və aparıcısı olan Arzu Sayadoğlu bu kanalda ölkədəki siyasi vəziyyəti, məmur özbaşınalığını tez-tez tənqid edirdi.

Rüfət Səfərov deyir ki, Arzu Sayadoğlu sonuncu dəfə öz kanalında yox, “Azad söz” kanalında çıxış edib, tənqidi fikirlərlə yanaşı, həm də insanları susmamağa, dinc etirazlara səsləyib. Bundan sonra isə o yoxa çıxıb.

“Üç gündür ki, yaxınları onun haqqında heç bir məlumat ala bilmir. Əvvəlki acı təcrübələri nəzərə alaraq, ehtimal edirik ki, onu ya polis, ya da DTX saxlayıb, yeri barədə ailəsinə məlumat verilməyib. Çünki bundan əvvəl də dəfələrlə olub ki, ictimai-siyasi fəallar yoxa çıxıb, bir neçə gün sonra onların səsi hansısa polis idarəsindən, istintaq təcridxanasından, DTX-dan gəlib. Hətta Arzu Sayadoğlunun hazırda işgəncə altında olduğu da istisna deyil”, – hüquq müdafiəçisi belə deyib.

Arzu Sayadoğlu son dövrlərdə “Xalqa xidmət hərəkatı” yaradıldığını və bu təşkilatın rəhbəri olduğunu bəyan etmişdi.

Daxili İşlər Nazirliyindən Arzu Sayadoğlunun saxlanması, onun yeri barədə məlumat almaq mümkün olmayıb.

Bakı Slavyan Universitetinin jurnalistika fakültəsinin məzunu olan Arzu Sayadoğlu əvvəllər bir neçə telekanalda və radioda çalışıb.

Meydan TV

15:02, 26 Yanvar 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Avropa Məhkəməsi: “2023-cü ildə Azərbaycanla bağlı mahiyyəti üzrə 40 qərar elan edilib”

by Gozetci 10:02, 26 Yanvar 2024
written by Gozetci

 

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 2023-cü ildə Azərbaycanla bağlı mahiyyəti üzrə 40 qərar qəbul edib, həmin qərarlardan 38-də azı bir pozuntu müəyyən edilib.

Bu statistik rəqəmlər AİHM prezidentinin yanvarın 25-də 2023-cü ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında açıqlanıb.

AİHM Azərbaycanla bağlı qərarlarında ən çox ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu tanıyıb – 10 qərar. Azadlıq və toxunulmazlıq, şəxsi həyata hörmət hüququnun pozuntuları 8 qərarda müəyyən edilib.

Yaşamaq hüququnun pozuntusu 3, işgəncə və pis rəftara məruz qalmamaq hüququnun pozuntusu 4, ifadə azadlığı hüququnun pozuntusu 3, birləşmək hüququnun pozuntusu 6, mülkiyyət hüququnun pozuntusu 5, effektiv müdafiə vasitələrinə malik olmaq hüququnun pozuntusu isə 1 qərarda tanınıb.

AİHM 2023-cü ildə ümumilikdə mahiyyəti üzrə 1014 qərar elan edib.

Mahiyyəti üzrə ən çox qərar Rusiyaya qarşı çıxarılıb – 217 qərar. Həmin qərarlarda ən çox azadlıq və toxunulmazlıq (168 qərar), işgəncəyə məruz qalmamaq (156) və ədalətli məhkəmə araşdırması hüquqlarının (138) pozuntuları tanınıb.

Rusiyadan sonra Türkiyə gəlir – 78 qərar. Qərarlarda ən çox azadlıq və toxunulmazlıq (16 qərar) və ədalətli məhkəmə araşdırması hüquqlarının (17) pozulmasına qərar verilib.

AİHM 2023-cü ildə Ermənistanla bağlı 25, Gürcüstanla bağlı 17 qərar elan edib. Ermənistana münasibətdə ən çox yaşamaq (11 qərar), Gürcüstana münasibətdə isə işgəncə və pis rəftara, ayrıseçkiliyə məruz qalmamaq hüquqlarının (hər biri üzrə 4 qərar) pozuntusu tanınıb.

Siyahıdan çıxarılan ərizələr

2023-cü ildə Azərbaycandan göndərilmiş 111 ərizəyə baxılması hökumətin təqdim etdiyi təktərəfli bəyannaməyə əsasən başa çatıb. Bu işlərdə hökumət ərizəçilərin idddia etdiyi pozuntuları etiraf edib. 2021-ci ildə Azərbaycandan göndərilmiş 55, 2022-ci ildə isə 4 ərizəyə baxılması hökumətin təqdim etdiyi təktərəfli bəyannaməyə əsasən yekunlaşımışdı.

2023-cü ildə Azərbaycandan göndərilən 154 ərizəyə baxılması tərəflərin dostca anlaşmaları ilə yekunlaşıb, ərizələr baxılacaq işlərin siyahısından xaric edilib. Bu göstərici 2021-ci ildə 67, 2022-ci ildə 64 olmuşdu.

Yeni ərizələr

2023-cü ildə yeni daxil olan ərizələrin sayında azalma müşahidə olunub. 2022-ci ildə 45 min 500 yeni ərizə icraata daxil olmuşdusa, 2023-cü ildə bu göstərici 34 min 650-yə düşüb. Həmin ərizələrin 438-i Azərbaycana aiddir. Bu göstərici 2021-ci ildə 425, 2023-cü ildə isə 389 olmuşdu.

2023-cü ildə ən çox ərizə Türkiyədən daxil olub – 8341. Ukraynadan 2531, Rumıniyadan 2821, Macarıstandan 2469 ərizə icraata daxil olub.

Məhkəmə Ermənistandan 147, Gürcüstandan 156 ərizəni icraata götürüb.

Baxılmasını gözləyən ərizələr

AİHM-də baxılmasnı gözləyən ərizələr azalıb – 2022-ci ildə 74 min 650 ərizə baxılmasını gözləyirdi, 2023-cü ildə bu göstərici 68 min 450-ə düşüb.

AİHM-də baxılmasını gözləyən ərizələrin sayı baxımından Türkiyə şəksiz liderdir. Hazırda baxılmasını gözləyən 68 min 450 ərizədən 23 min 397-i Türkiyəyə qarşıdır. Bu, bütün ərizələrin 34 faizindən çoxdur.
2-ci sıradakı Rusiyadan 12453, Ukraynadan 8737, Rumıniyadan 4171, İtaliyadan 2743, Yunanıstandan 2429 ərizə baxılmasnı gözləyir.

Azərbaycan 7-ci sıradadır, 1877 ərizə baxılmasnı gözləyir.

Ermənistandan 836, Gürcüstandan isə 185 ərizə baxılmasını gözləyir.

Pozuntusu ən çox tanınan hüquqlar

AİHM 2023-cü ildə ən çox ədalətli məhkəmə arşadırması (372), azadlıq və toxunulmazlıq (348), işgəncə və pis rəftarın yolverilməzliyi (344) hüquqlarının pozuntusunu müəyyən edib.

Aihmaz.org

10:02, 26 Yanvar 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhkəmə həbsdə olan jurnalist Elnarə Qasımovanı ev dustaqlığına buraxmayıb

by Gozetci 17:35, 25 Yanvar 2024
written by Gozetci

Elnarə Qasımova

Yanvarın 25-də Xətai Rayon Məhkəməsi “Abzas Media”nın əməkdaşı, jurnalist Elnarə Qasımovanın ev dustaqlığına buraxılması ilə bağlı verilmiş vəsatəti təmin etməyib.

Hakim Rəfail Sadıxovun sədrliyilə keçirilən məhkəmədə jurnalistin həbs olunması ilə bağlı qərar qüvvədə qalıb.

Jurnalistin həyat yoldaşı Nicat Əmiraslanov bildirib ki, o, Elnarə Qasımova ilə görüşə bilmir:

“Məhkəmədən çıxanda Elnarəni polis koridorundan keçirirlər ki, görə bilməyək, o da bizi görməsin. Bu qədər ucuzlaşmaq nəyə lazımdır ki? Görüş vermirlər, ən azından məhkəmədə görməyə mane olmasınlar”.

Yanvarın 15-də Xətai Rayon Məhkəməsi “AbzasMedia” saytının əməkdaşı, jurnalist Elnarə Qasımova barəsində 2 ay 17 günlük həbs qətimkan tədbiri seçib. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.

“Abzas Media” ilə bağlı cinayət işi üzrə ötən ilin noyabrın 20-də saytın direktoru Ülvi Həsənli saxlanılıb. Həmin gün onun evində və “Abzas Media”nın ofisində axtarış aparılıb və ofisdən 40 min avro pul tapıldığı iddia edilib.

Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-nə keçən gecə xaricdən qayıdanda hava limanında təyyarənin içində Sevinc Vaqifqızı saxlanılıb. Bir müddət sonra jurnalist Nərgiz Absalamova, ardınca da dekabrın 13-də araşdırmaçı Hafiz Babalı həbs olunub.

Jurnalistlərin hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.

Onların heç biri özünü təqsirli bilmir. Həbslərini peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirirlər.

Beynəlxalq jurnalist təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Azərbaycan hökuməti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Amerikanın Səsi

17:35, 25 Yanvar 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

AŞPA məruzəçisi Mogens Yensen: “Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir”

by Gozetci 16:53, 25 Yanvar 2024
written by Gozetci

Mogens Yensen

Avropa Şurası Parlament Assambleyasının media azadlığı və jurnalistlərin təhlükəsizliyi üzrə məruzəçisi, Danimarkalı deputat Mogens Yensen Azərbaycan və Türkiyəni Avropada jurnalist hüquqlarının pozulması faktlarının sayına görə lider hesab edir.

“Jurnalistlərin və bütünlükdə media hüquqlarının pozulması halları hər yerdə artmaqda davam edir. 2015-ci ildə belə halların sayı 180 olub, 2022-ci ildə 280-ə çatıb.

Ən pis vəziyyət Azərbaycan və Türkiyədədir. Bu ölkələrdə və bir sıra digər ölkələrdə jurnalistlərə ciddi hücumlar, o cümlədən qətl, təqib, mətbuat işçilərinə, xüsusən qadınlara qarşı qaralama kampaniyaları müşahidə edirik.

Bu gün Avropada 68 jurnalist həbsdədir və bu, bizim həll etməli olduğumuz böyük problemdir”, deyə Yensen AŞPA-nın bugünki sessiyasında Media Box resursuna müsahibəsində bildirib.

Bu məsələ ilə bağlı təklifləri haqqında suala cavabda mətbuat azadlığı üzrə məruzəçi Yensen belə deyib: “Biz bu ölkələrdən üzvü olduqları Avropa Şurasının standartlarına uyğun yaşamağı, belə halların baş verməməsi üçün qanunvericiliyi və onun tətbiqini dəyişdirməyi xahiş edirik. Biz həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını icra etməyə çağırırıq.

Eyni zamanda, bütün ölkələri mətbuatın inkişafı üzrə milli strategiya işləyib hazırlamağa və mətbuatın azadlığına və təhlükəsizliyinə hörmətə nail olmaq üçün mətbuat və hökumət arasında dialoqa başlamağa çağırırıq”, deyə Yensen qeyd edib.

Turan 

16:53, 25 Yanvar 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BölgəƏdalətli mühakimə hüququGəncə–DaşkəsənHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhkəmə “Demokratik.az” saytının redaktorunu 6 il 5ay müddətinə azadlıqdan məhrum edib

by Gozetci 15:34, 25 Yanvar 2024
written by Gozetci

Osman Nərimanoğlu

Cümə axşamı Gəncə Ağır Cinayətlər Məhkəməsi rüşvət tələb etməkdə ittiham olunan “Demokratik.az” saytının redaktoru Osman Nərimanoğlu (Rzayev) barəsində hökm çıxarıb.

Dövlət ittihamçısı onun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib, bu barədə Turan-a jurnalistin həyat yoldaşı Arzu Rzayeva bildirib.

Onun sözlərinə görə, “Osman nəşrlərinə və məmurlar arasında korrupsiya faktlarını ifşa etdiyini görə cəzalandırılması məqsədilə ittihamların saxtalaşdırıldığını bildirib”.

Müdafiə tərəfi Rzayevin təqsiri sübuta yetirilmədiyinə görə ona bəraət verilməsini istəyib. Bununla belə, məhkəmə redaktora 6,5 il müddətinə həbs verib.

Müdafiə tərəfi apellyasiya şikayəti vermək niyyətindədir.

Xatırlatma

Osman Nərimanoğlu 5 iyul 2022-ci il tarixində rüşvət tələb etmək ittihamı ilə həbs olunub. O, həbsindən sonra bildirib ki, ittihamlar uydurmadır, saytda korrupsiya faktları ilə bağlı məlumatlar dərc olunan Goranboy və Göygöl rayonunun Meliorasiya İdarəsinin məmurları və həkimləri tərəfindən ona böhtan atılıb. Hüquq müdafiəçiləri Osman Nərimanoğlunu siyasi məhbus kimi tanıyıb.

Turan

15:34, 25 Yanvar 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Azərbaycan nümayəndə heyəti AŞPA-da bir il səsvermə hüququndan məhrum edildi

by Gozetci 10:10, 25 Yanvar 2024
written by Gozetci

Avropa Şurası Parlament Assambleyası. Foto: Leonid Andronov/shutterstock

Biz seçki ərəfəsindəyik və nəticəni artıq hamı bilir”

“Deməli, bizim Azərbaycanda demokratik vəziyyət, insan haqlarının vəziyyəti və qanunun aliliyi ilə bağlı, həm də bütün təşkilat qarşısında öhdəliklərimiz var. Bu baxımdan Morqen Yensenin hesabatını dəstəkləməyinizi xahiş edirəm”, – bu fikirləri Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) çıxışı zamanı deputat Frank Şvabe deyib.

Yanvarın 24-də keçirilən axşam iclasında deputatlar Azərbaycan nümayəndə heyətinin AŞPA-nın 2025-ci ilin yanvar sessiyasına qədər səsvermə hüququndan məhrum edilməsinə qərar veriblər. Qərara dair 15 898 saylı qətnamə təsdiqlənib.

Qərarın 76 deputat “lehinə”, 10 deputat “əleyhinə” səs verib, 4 nəfər isə bitərəf qalıb.

Qərardan öncə müzakirələrdə çıxışçılar Azərbaycanda media azadlığına təzyiqlərdən, “AbzasMedia”nın jurnalistlərinin həbsindən danışıblar. Korrupsiya araşdırmaları ilə tanınan “AbzasMedia” əməkdaşları qaçaqmalçılıqda ittiham olunsalar da, özləri həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu deyirlər.

Müzakirə zamanı “Tərtər işgəncələri” və iqtisadçı professor Qubad İbadoğlunun həbsi xüsusi qeyd olunub.

Qərarın lehinə səs verən Norveç, İrlandiya, Xorvatiya, Almaniya, Lüksemburq, Fransa, İslandiya və s. ölkələrdən olan deputatlar olub. Onlar bu qərarı ədalətli və zəruri adlandırıblar.

Qərarın əleyhinə olan ukraynalı deputat Oleksey Qonçarenko çıxış edərək bildirib ki, Azərbaycanın çıxmasına yalnız Rusiya sevinə bilər:

“Çünki bu, Rusiyanın xeyrinədir. Gəlin, səsvermə hüquqlarını əllərindən almayaq, onlara şans verək”.

Çıxışı zamanı jurnalistlərin həbsinə toxunan Morqen Yensenin sözlərinə görə, bu qərarın yeganə səbəbi əməkdaşlığın olmaması və məruzəçilərin ölkəyə buraxılmamasıdır:

“Yəni, əgər məruzəçiləri ölkəyə buraxsalar, icazə verilsə ki, məruzə etsinlər, o zaman biz belə qərar qəbul etməzdik”.

Çıxışı zamanı siyasi məhbuslar və Azərbaycanın öhdəliklərinə toxunan F.Şvabe deyib ki, artıq siyasi məhbusların sayını hesablamağı dayandırıb:

“Bu gün Drezden Universitetində dərs deməli olan Qubad İbadoğlu həbsdədir. Qubad İbadoğlu Azərbaycanda çox tanınan professordur. O, indi Drezden Universitetində professor olmalı idi. Amma təəssüf ki, həbsdədir. Sadəcə həqiqəti dediyi üçün həbs olunub. Və o tək deyil. 200-dən çox siyasi məhbus var. Mən onları saymağı dayandırdım, çünki belə görünür, hər gün, hər həftə daha çox siyasi məhbus həbs olunur”.

“Müşahidəçilərin ölkəyə buraxılmaması, seçkiyə dəvət olunmama və siyasi məhbuslara görə Azərbaycanın səsvermə hüququnu əlindən aldıq. Biz seçki ərəfəsindəyik və seçkinin nəticəsini artıq hamı bilir. 7 fevral seçkiləri demokratik seçkilərin minimum kriteriyalarına belə cavab vermir və əvvəlki seçkilər də eyni idi, ondan əvvəlki də, daha əvvəlki də. Nəticələr həmişə eynidir. Bu, kifayət qədər problemlidir, lakin Azərbaycan nümayəndə heyətinin akkreditasiyasının məhdudlaşdırılmasına əsas deyil” – F.Şvabe vurğulayıb.

AŞPA-nın seçkilərə müşahidə missiyası göndərmək öhdəliyinin olduğunu xatırladan F.Şvabe bildirib ki, Azərbaycan bu missiyanı dəvət etməyə borcludur və bu, Parlament Assambleyasında nümayəndə heyətinin təmsil etdiyi parlamentin öhdəliyi və məsuliyyətidir:

“Daha da problemli olan odur ki, Azərbaycan bizi başqa beynəlxalq təşkilatlara, ATƏT-ə qarşı qoymağa çalışıb. 2015-ci ildə bizi ona görə dəvət etdilər ki, [Azərbaycan] korrupsiyaya uğrayıb və bizdə buna dair sübut var. ATƏT təşkilatının Seçki Müşahidə Missiyasının gəlməsinə icazə verilməyib. İndi ATƏT-i dəvət edirlər və Avropa Şurasının Seçki Müşahidə Missiyasının olmasını istəmirlər. Əgər buna imkan versək, Pandora qutusunu açacağıq, o zaman söhbət təkcə Azərbaycanla bağlı olmayacaq”, – F.Şvabe deyib.

M.Yensen də bildirib ki, Azərbaycan onlarla əməkdaşlıq etmir və öhdəliklərini yerinə yetirmir:

“Son illərdə insan hüquqlarının pozuntusu ilə bağlı 14 qətnamədə Azərbaycandan danışılıb. Qapı açıqdı, ümid edirəm Azərbaycan nümayəndə heyəti bura yenidən qayıdacaq. Onlar bunun üçün nə etməli olduqlarını bilirlər”.

Azərbaycan nümayəndə heyəti müzakirələrdən öncə bəyanatla çıxış edərək AŞPA ilə əməkdaşlığı dayandırdığını bildirib.

Bəyanatda bildirilib ki, dünyada heç kim, o cümlədən bu zalda əyləşənlər Azərbaycanla təhdid və şantaj dili ilə danışa bilməzlər:

‘’AŞPA-nın tarixində heç vaxt bu təşkilat özünü belə biabırçı şəkildə aparmayıb’’.

Nümayəndə heyəti bəyanatı səsləndirəndən sonra məkanı tərk edib.

Aytən Fərhadova

Meydan TV 

10:10, 25 Yanvar 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Mərkəzi Seçki Komissiyası müşahidəçilərin sayını açıqlayıb

by Gozetci 13:45, 24 Yanvar 2024
written by Gozetci

“İndiyədək 64 minə yaxın müşahidəçi qeydiyyatdan keçib”

Azərbaycanda 7 fevral bövbədənkənar Prezident seçkisini izləmək üçün qeydiyyatdan keçən müşahidəçilərin sayı açıqlanıb.

Bu barədə yanvarın 24-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, indiyədək 64 minə yaxın müşahidəçi qeydiyyatdan keçib:

“Onlardan 400-ü beynəlxalq müşahidəçidir”.

MSK sədri “exit-poll”un keçirilməsi üçün 3 təşkilatın müraciət etdiyini və yaxın günlərdə bunlara baxılacağını söyləyib.

Meydan TV 

13:45, 24 Yanvar 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir

  • Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib

  • Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir
20:17, 25 Mart 2026
Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib
22:20, 23 Mart 2026
Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir
16:26, 19 Mart 2026
Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia