
Elnarə Qasımova
Fevralın 2-də “Abzas Media” işi üzrə həbs edilən jurnalist Elnarə Qasımovanın ev dustaqlığına buraxılması ilə bağlı verilmiş vəsatətə baxılıb.

Elnarə Qasımova
Fevralın 2-də “Abzas Media” işi üzrə həbs edilən jurnalist Elnarə Qasımovanın ev dustaqlığına buraxılması ilə bağlı verilmiş vəsatətə baxılıb.

Sərdar Babayev
Fevralın 1-də Avropa İnsan Hüquqları Məhkəməsi şiə ilahiyyatçı Sərdar Babayevin işi üzrə qərarı elan edib.
Bu din xadimi Masallı şəhərində məsciddə cümə möüzələri oxuyub. 2017-ci ilin fevralında həbs edilib, çünki qanun xaricdə islam dini təhsili almış şəxslərə möizə oxumağı qadağan edir.
3 iyul 2017-ci ildə məhkəmə onu dini mərasimlərin keçirilməsi tələblərinin pozulmasında (Azərbaycan Cinayət Məcəlləsinin 168-1.3-cü maddəsi) təqsirli bilərək 3 il həbs cəzasına məhkum edib. Yuxarı instansiyalar hökmü qüvvədə saxlayıblar.
Müdafiə tərəfi Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verib və Babayevin Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü (qeyri-insani və ləyaqəti alçaldan rəftarın qadağan edilməsi), 5.3 (azadlıq və təhlükəsizlik hüququ), 6.2 (təqsirsizlik prezumpsiyası), 9 (fikir, vicdan və din azadlığı), 10 ( ifadə azadlığı), 11 (toplaşmaq və assosiasiya azadlığı) və 14-cü (ayrı-seçkiliyin qadağan edilməsi) maddələri üzrə hüquqlarının pozulduğunun tanınmasını xahiş edib.
Əsasən Babayevin Apellyasiya Məhkəməsində dəmir qəfəsə salınması qeyri-insani rəftar kimi qiymətləndirilib. Bundan əlavə, müdafiə tərəfi istintaq müddətində onun əsassız həbs olunduğunu və həbs cəzasına məhkum edildiyini bildirib.
Avropa İnsan Hüquqları Məhkəməsi Babayevin 3, 5.3 və 9-cu maddələr üzrə hüquqlarının pozulduğunu tanıyıb və ona dəyən mənəvi ziyana görə 6000 avro, məhkəmə xərclərinə görə 2500 avro təzminat ödənilməsini qərara alıb.
Babayevin vəkili Cavad Cavadov Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından razı qaldığını ifadə edərək, Babayevin 9-cu maddə (fikir, vicdan və din azadlığı) maddə üzrə hüquqlarının pozulmasının tanınmasının vacibliyini qeyd edib.
” Avropa İnsan Hüquqları Məhkəməsinin hazırkı qərarı presedent xarakter daşıyır və o deməkdir ki, Azərbaycanda vətəndaşlar dini ayinlərin icrası tələblərinin pozulmasına görə təqib olunmamalıdır”, -vəkil deyib.
O xatırladıb ki, 2023-ci ildə Babayev dövlətə xəyanət işi üzrə 17 il müddətinə azadlıqdan məhrum edilmişdi. Vəkil diqqəti ona yönəldib ki, Babayev 2021-ci ilin payızında Azərbaycan-İran münasibətlərinin gərginləşməsi fonunda həbs edilib və ümidvar olduğunu bildirib ki, Azərbaycan Ali Məhkəməsi kassasiya şikayətinə baxarkən müdafiə tərəfinin dəlillərini nəzərə alacaq və Babayevin hüquqlarının pozulmasını aradan qaldıracaq. Şikayət təmin edilmədiyi təqdirdə müdafiə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcək.
Qeyd edək ki, hüquq müdafiəçiləri Sərdar Babayevi siyasi məhbus kimi tanıyıblar.
Turan

Nazim Bəydəmirli
Yanvarın 31-də keçmiş deputat və sahibkar Nazim Bəydəmirlinin həbs müddəti iki ay uzadılıb. Bu barədə onun yaxınları bildiriblər.
Müdafiə tərəfi məhkəmənin qərarını əsassız hesab edir və ondan şikayət vermək niyyətindədir.
* Nazim Bəydəmirli ötən il iyulun 4-də Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb. Ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsilə (xeyli miqdarda əmlaka sahib olmaq məqsədilə hədə-qorxu ilə tələb etmək) ittihamı irəli sürülüb. Ertəsi gün məhkəmə onu 4 ay müddətinə həbs edib.
Bəydəmirli ittihamı rədd edərək onu uydurma və hüquqi əsaslardan məhrum adlandırıb. Onun sözlərinə görə, həbsinin əsl səbəbi ətraf mühitin çirkləndirilməsilə bağlı Gədəbəy rayonunun Söyüdlü kənd sakinlərinin etirazlarını dəstəkləməsidir.
Sentyabrın 1-də Bəydəmirliyə qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsilə (hədə-qorxu ilə təkrar tələb etmə) daha bir ittiham irəli sürülüb.
Vəkilin sözlərinə görə, bu ittiham 1996-cı ildə Rusiya Federasiyasının Lipetsk şəhərində guya Bəydəmirlinin təhdid yoluyla kimdənsə pul tələb etməsinə əsaslanır. Vəkil həm mahiyyət etibarilə, həm də iddia müddətinin keçməsilə əlaqədar ittihamın əsassız olduğunu deyib.
Hüquq müdafiəçiləri Nazim Bəydəmirlini siyasi məhbus kimi tanıyıblar.
Turan

Ruslan İzzətli
“III Respublika Platforması”nın üzvü Ruslan İzzətli hərbi təlimlərə çağırılıb.
O, Turan-a bildirib ki, yanvarın 31-də ona Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam Rayon Şöbəsindən zəng edilib:
“Dedilər ki, Ağdam rayonuna gəlməliyəm. Səbəb kimi bildirdilər ki, keçiriləcək hərbi təlimlərə cəlb olunuram”.
Ruslan İzzətli qeyd edib ki, son vaxtlar baş verən siyasi gərginlik fonunda bunu siyasi tapşırıq kimi qiymətləndirmək olar:
“Bununla paralel olaraq, mənimlə hərbi xidmətdə olan dostlarla da əlaqə saxlamışam və onların heç birinə bu təlimlərlə bağlı çağırış olmayıb”.
Siyasətçinin sözlərinə görə, o, hərbi xidmətdən yeni gəlib:
“Belə olan halda nə təlim? Həm də biz döyüşlərdə iştirak etmişik, bu təlimlərin ən yüksəyini görmüşük”.
O, əlavə edib ki, sabah Ağdama gedəcək və cümə günü tibbi komissiyadan keçəcək: “Tibbi komissiyanın qərarından bunun tapşırıq olub-olmadığını biləcəyik. Çünki 3 il əvvəl həmin komissiya mənə rəy vermişdi ki, səhhətimlə bağlı ciddi problem var, amma ikinci qərarda bu rəydən imtina ediblər və məni hərbi xidmətə apardılar”.
Ruslan İzzətli vurğulayıb ki, onun səhhətində problem, konkret olaraq isə bel yırtığı var və ona ağır fiziki işlər qadağandır: “Amma səhhətimdə problem olduğuna baxmayaraq, mən hərbi xidmətdən yayınmamışam, 2020-ci ildə əsgərlikdə olanda əməliyyat olunmuşam və əməliyyatdan sonra könüllü döyüşlərə getmişəm. Yenə də komissiya desə ki, təlimlərə yararlısan təlimlərə gedəcəm”.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinindən məsələ ilə bağlı münasibət öyrənmək mümkün olmayıb.
Turan

Ayxan İsrafilov
İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının İdarə heyətinin həbsdə olan üzvü Ayxan İsrafilov saxlanılma şəraitindən narazıdır. Bu barədə Turana onun ailə üzvləri məlumat veriblər.
Onların sözlərinə görə, A.İsrafilov 3 saylı İstintaq Təcridxanasında 10 nəfər üçün nəzərdə tutulmuş kamerada 16 nəfərlə saxlanılır.
Fəalın ailə üzvləri qeyd ediblər ki, onun səhhətində problemlər var: “Ayxan 3-cü qrup əlildir, ayağında problem var. Hələ azadlıqda olarkən həkim ona tez-tez gəzişmək lazım olduğunu deyib, amma hazırda saxlanıldığı şəraitdə buna imkan yoxdur və bu Ayxanın səhhətində əlavə problemlər yaradır”.
Onların sözlərinə görə, məsələ ilə bağlı fəalın saxlandığı müəssisəyə, həmçinin də onu 1 saylı Bakı İstintaq Təcridxanaslna köçürülməsi ilə bağlı müraciət etsələr də, müraciət cavabsız qalıb.
Penitensiar Xidmətindən Turana bildirilib ki, məsələ araşdırılacaq və bununla bağlı məlumat veriləcək.
* İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası İdarə Heyətinin üzvü Ayxan İsrafilov 2023-cü ilin avqustunda həbs edilib. O, Cinayət Məcəlləsinin 234.1-1-ci (narkotik maddələrin saxlanması və yayılması) maddəsilə ittiham olunub. Onu 3 ildən 8 ilədək həbs təhlükəsi gözləyir.
Ayxan İsrafilov ittihamı qəti şəkildə rədd edir və öz həbsini ictimai fəaliyyətilə əlaqələndirir ki, bu da özünü kuryer xidməti işçilərinin hüquqlarının qorunmasında göstərib.
Turan

Elvin Mustafayev
Elvin Mustafayev son sözündə ictimai fəaliyyətinə görə narkotiklə şərləndiyini deyib
İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının üzvü, 6 aya yaxındır həbsdə olan Elvin Mustafayevin məhkəməsi yekunlaşıb. Yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmə əsasən, Elvin Mustafayev 3 il azadlıqdan məhrum edilib.
Hakim Faiq Qəniyevin sədrliyilə keçirilən məhkəmə iclasında prokuror iddia edib ki, Elvin Mustafayevə Cinayət Məcəlləsinin 234.4.1 (bir qrup şəs tərəfindən narkotik əldə etmə, daşıma) və 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma) maddələrilə verilən ittihamlar məhkəmədə təsdiqini tapıb.
Dövlət ittihamçısı gənc fəalın 7 il azadlıqdan məhrum edilməsini istəyib.
Lakin hakimlər hökmdə ona qarşı irəli sürülmüş ittihamları Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsinə tövsif edib.
İttihama görə, Elvin Mustafayev saxlanılandan sonra Binəqədi Rayon Polis İdarəsində onun üstündən 3 qramdan bir qədər artıq narkotik maddə tapılıb.
Elvin Mustafayevin vəkili prokurordan sonra çıxış edərkən müvəkkilinin təqsirsiz olduğunu bildirib və onun haqqında bəraət hökmü çıxarılmasını istəyib.
Özü də son sözündə ictimai fəaliyyətinə görə narkotiklə şərləndiyini deyib.
“Narkotik mənim üçün utancdır. Bunu üzərimə götürmək istəmirdim. Müqavimət göstərdiyimi görüb təhdid eləməyə başladılar ki, “üzünə qadın qoyub, zorlama ittihamıyla göndərərik, İranın agenti ittihamı verə bilərik, ya da 3 nəfər bitmiş narkomanı üzünə qoyub, narkotik satışıyla məşğul olduğunu göstərərik”, – Elvin Mustafayev məhkəmədə bildirib.
İctimai fəalın vəkili onun haqqında hökmdən apelyasiya şikayəti verəcəyini bildirib.
Sosial şəbəkələrdə “Atilla Xan” profiliylə tanınan ictimai fəal Elvin Mustafayev bundan əvvəl – 2023-cü ilin yanvarında Saatlı Rayon Məhkəməsinin qərarıyla 25 sutka inzibati qaydada həbs olunmuşdu. Həmin vaxt o, İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535-ci (polisin qanuni tələbinə tabe olmama) maddələri ilə cəzalandırılmışdı.
Ancaq o zaman yaxınları Meydan TV-yə bildirmişdi ki, Elvin Mustafayev polisə çağırılıb və könüllü şəkildə özü gedib. Ona görə də xırda xuliqanlıq, polisə müqavimət ittihamları tamamilə yalandır. İctimai fəal özü də bildirmişdi ki, həmin vaxt Saatlıda sakinlərin su tələbinə yerli hakimiyyət təmsilçilərinin, polisin sərt reaksiyasını tənqid etdiyinə görə cəzalandırılıb.
Avqustun 1-də moped sürən kuryerlərin etiraz aksiyası olub. Onlar polislərin nəqliyyat vasitələrini cərimə meydançasına aparmasına etiraz ediblər. Kuryerlərin etiraz aksiyasında İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının üzvləri də iştirak edib.
Bundan dərhal sonra Konfederasiyanın sədri Afiəddin Məmmədov, daha sonra təşkilatın üzvləri Elvin Mustafayev və Ayxan İsrafilov həbs edilib. Hazırda adları çəkilən digər iki ictimai fəal da həbsdədir. Afiəddin Məmmədov xuliqanlıq və soyuq silahla bədənə xəsarət yetirmə, Ayxan İsrafilov isə narkotiklə ittiham olunur. Lakin onların heç biri özünü təqsirli bilmir, hər ikisi şərləndiklərini bildirirlər.
Meydan TV

Qubad İbadoğlu
Yanvarın 30-da Nərimanov Rayon Məhkəməsində siyasətçi Qubad İbadoğlunun vəkillərilə telefon danışıqlarına qadağa qoyulması ilə bağlı şikayətə baxılıb.
Vəkil Zibeydə Sadıqova bildirib ki, siyasətçiyə istintaq təcridxanasından öz vəkillərinə zəng eləmək qadağan edilib, halbuki, o, təcridxana rəhbərliyinə şifahi və yazılı şikayətlər verib.
“Biz bir dəfə şikayət verdik, onu təmin etmədilər. Yenidən məhkəməyə müraciət etməli olduq. Bu gün İstintaq Təcridxanasının nümayəndəsi prosesə gəldi və bildirdi ki, telefon danışığı barədə müraciətlər olmayıb. Belə vəziyyətdə sual yaranır, bəs niyə siz və biz buradayıq?”, – vəkil deyib.
Onun sözlərinə görə, İbadoğlu özü də prosesdə iştirak edib. Lakin məhkəmə şikayəti təmin etməyib.
İstintaq Təcridxanası, Penitensiar Xidmət və istintaq orqanından şərh almaq mümkün olmayıb.
2023-cü il iyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlunu saxta pul hazırlamaqda (Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci maddəsi), həmçinin 167-3.1 (ekstremizmyönlü materialların saxlanması və yayılması) ittihamı ilə 3 ay 26 gün müddətinə həbs edib.
Bir sıra ölkələr və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri Qubad İbadoğlunu siyasi məhbus kimi tanıyaraq onu azad etməyə çağırıblar.
Turan

Foto: Meydan TV
Valideynlər uşaqlarını məktəbə buraxmağa qorxduqlarını bildirirlər
“Kütləvi etirazlardan sonra 10 saylı məktəbin şagirdləri digər məktəbə köçürülür. Bizim isə müraciətlərimizə baxan yoxdur. Deyirlər ki, seçki ilidir, mətbuata yazmayın. Mətbuat yada salanda heç olmasa təlaşa düşürlər”.
Bunu Meydan TV-yə Lənkəran şəhər 9 saylı məktəbin valideynləri bildiriblər. Valideynlərin şikayəti ötən ilin sentyabrında-dərs ili yeni başlayanda işıqlandırılıb.
Şikayətçilər deyirlər ki, həmin ərəfədə onlara tezliklə məktəbdə təmir işləri başlanılacağı vəd olunub, hətta sinif müəllimləri belə aktiv valideynlərdən mətbuata şikayət olunmamasını xahiş ediblər.
“Yağan yağış sinif otaqlarına dolur, tavan tamamilə deşilib. Qarlı havalarda tavanın uşaqların başına düşəcəyindən qorxurduq. Hələ qarşıdan şaxtalı günlər gəlir. Döşəmə sıradan çıxıb, uşaqların ayağı çuxura düşür. Bir neçə dəfə həm müəllimlərin, həm də şagirdlərin ayağına mismar batıb”,-valideynlərdən Təranə Məmmədova bildirib.
Şikayətçi deyib ki, şaxtalı günlərdə uşaqları məktəbə göndərmək istəmirlər:
“Uşaqlar sinifdə bürünüb otururlar, soyuqdan dərsi dinləyə bilmirlər. Yazı yazanda əlləri donur. İbtidai siniflərin vəziyyətini təsəvvür edə bilməzsiz. Elə müəllimlər də o gündədirlər, amma səslərini çıxarmırlar. Qapı-pəncərə qırıqdır, soyuğun qarşısını almır. Xan şəhəri kimi tanınan Lənkəranda məktəblər bərbad vəziyyətdədir, ancaq baxan yoxdur”.

Foto: Meydan TV
Valideynlər deyiblər ki, 21-i əsrdə məktəbdə döşəmə çürüdüyündən uşağın ayağına mismar batmasını eşidənlər inanmırlar.
“Məktəb indiyədək 7 şəhid verib. Üstəlik, təhsilin səviyyəsinə görə seçilir. Buna görə də uşaqlarımızı digər məktəblərə aparmaq istəmirik”, – valideynlərdən biri deyib.
Valideynlərdən biri bildirib ki, direktorun özü də dəfələrlə təmirlə bağlı aidiyyatı orqanlara müraciət edib. Məktəbin vəziyyətindən Lənkəran Rayon İcra Hakimiyyətindən tutmuş Elm və Təhsil Nazirliyinədək hamısı xəbərdardır:
“Uşaqlar dərsdən yayınanda arayış tələb edirlər, sinif soyuq olduğundan isə tez-tez xəstələnirlər. Deyirlər ki, seçki ilində çox səs-küy salmayın. Mətbuatda yazılanlara da baxılmırsa, bizə çıxış yolu göstərsinlər. Qışı necə yola verək? Divarlar nəmişlikdən qaralıb, yağış olmayanda da su axır”.
Lənkəran-Astara Regional Təhsil İdarəsindən Meydan TV-yə bildiriblər ki, məktəb yaxın vaxtlarda təmir olunacaq.
Meydan TV

Rüfət Səfərov
Hakim Rüfət Səfərovun islah olunmadığını düşünür
“Müdafiə Xətti” insan haqlarını müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov üzərindəki məhkumluğun götürülməsi üçün məhkəməyə müraciət etmişdi. Bir həftə idi ki, onun müraciətinə Binəqədi Rayon Məhkəməsində baxılırdı. Yanvarın 29-da bu məsələ ilə bağlı qərar verilib – hakim Abbas Rzayev hüquq müdafiəçisinin müraciətini rədd edib.
Zərdab Rayon Prokurorluğunun müstəntiqi olan Rüfət Səfərov 2015-ci ilin dekabrında öz ərizəsilə bu vəzifədən istefa verib. O bəyanatda bildirib ki, ölkədə insan haqlarının davamlı pozulmasına, prokurorluqdakı korrupsiya və qanunsuzluqlara dözmək istəmir, bu üzdən belə bir addım atır.
Rüfət Səfərovun sözügedən ərizə və bəyanatından dərhal sonra Zərdabda onun yaşadığı evdə axtarış aparılıb, ardınca barəsində cinayət işi başlanıb. Rüfət Səfərova qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma-təkrar törədildikdə) maddəsilə ittiham irəli sürülüb. İlkin istintaq dövrü üçün onun barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilsə də, təxminən bir həftə sonra ev dustaqlığına buraxılıb. Lakin sonradan cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb və Rüfət Səfərovun barəsində 9 il azadlıqdan məhrumetmə hökmü çıxarılıb.
Rüfət Səfərov 2019-cu ilin martında əfv sərəncamıyla azadlığa buraxılıb.
Hüquq müdafiəçisi Meydan TV-yə bildirib ki, qanuna görə ağır cinayətlərdə cəza çəkiləndən 6 il sonra məhkumluq ödənilmiş sayılır. Lakin qanunvericilik məhkumluğun vaxtından əvvəl də götürülməsinə imkan verir. Rüfət Səfərovun sözlərinə görə, onun üzərindəki məhkumluğun başa çatmasına təxminən bir il qalıb. Ona görə də məhkumluğunun vaxtından əvvəl götürülməsi üçün məhkəməyə müraciət etmişdi.
Rüfət Səfərov əlavə edib ki, vəkil kimi fəaliyyət göstərmək istəyir. Vəkillər Kollegiyasına üzv olmaq üçün imtahanlara hazırlaşmaq niyyətindədir. Bu səbəbdən də məhkumluğunun vaxtından əvvəl götürülməsinə ehtiyac vardı:
“Müddətin bitməsinə 1 il qalmasına baxmayaraq, Baş Prokurorluğu təmsil edən prokuror məhkəmədə deyir ki, üzərimdən məhkumluğun götürülməsi üçün heç bir əsas yoxdur. Hakim də “Rüfət Səfərovun törətdiyi cinayətin xarakteri və islah olunmadığı nəzərə alınmaqla ərizəsi təmin edilməsin” dedi. Düz deyirlər, onların dediyi qaydada “islah olunmamışam”.
Rüfət Səfərov 2020-ci ilin yayında təsis olunmuş “Müdafiə Xətti” təşkilatının icraçı direktoru kimi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsilə məşğul olur.
O, keçmiş deputat, Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəisi Eldar Sabiroğlunun oğludur.
Meydan TV

Möhyəddin Orucov
Yanvarın 29-da Bakı Apellyasiya Məhkəməsində həbsdə olan ictimai fəal Möhyəddin Orucovun ailə üzvləri ilə telefon danışığı və görüşlərinin qadağan edilməsindən verdiyi şikayətə baxılıb.
Orucov dekabrın 13-də saxlanılıb, lakin ailəsinə bu barədə məlumat verilməyib. İki gün sonra onun barəsində narkotik ittihamı ilə həbs qətimkan tədbiri seçilib. Ailə üzvləri yalnız məhkəmə təhqiqatı günü fəal haqqında məlumat almağa müvəffəq olub.
Məhkəmənin qərarından sonra o, Şüvəlan qəsəbəsində 3 saylı İstintaq Təcridxanasına yerləşdirilib, burada qanunvericiliyin tələblərinə zidd olaraq, onun ailə üzvlərinə saxlanıldığı yer haqqında məlumat verməsinə icazə verilməyib.
Dekabrın 19-da müstəntiq Orucovun ailə üzvləri ilə telefon danışıqlarını və görüşlərini qadağan edib. Müdafiə tərəfi bu qərardan Suraxanı Rayon Məhkəməsinə şikayət verib. Lakin şikayət təmin edilməyib və bu qərardan apellyasiya şikayəti verilib.
Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və Orucovun ailə üzvləri ilə telefon danışığı və görüş hüquqlarının bərpa edilməsi haqqında qərar verib.
Orucovun səhhəti və saxlanma şəraiti ilə bağlı şikayəti var. O, böyrək xəstəliyindən əziyyət çəkir. Bundan başqa, o, Şüvəlan İstintaq Təcridxanasında 19 digər məhbusla birlikdə saxlanılır, baxmayaraq ki, kamera 10 nəfərlikdir.
Orucov son bir ayda həbs olunan 12 fəal və jurnalistdən biridir. Avropa İttifaqı və ABŞ Dövlət Departamenti də daxil olmaqla, beynəlxalq qurumlar Azərbaycan hakimiyyətini onu azad etməyə çağırıb.
Turan
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az