Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

Toplum TV-nin ofisi möhürlənib, saxlanılanlara qarşı cinayət işi açılıb (YENİLƏNİB)

by Gozetci 19:02, 06 Mart 2024
written by Gozetci

Toplum TV-nin və III Respublika Platformasının ofisində saxlanılanlara qarşı qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb. Bu barədə polis axtarışı zamanı Toplum TV-nin ofisində saxlanılanlardan biri olan Fərid İsmayılovun vəkili Zibeydə Sadıqova bildirib. Onun sözlərinə görə, Fərid İsmayılova, Akif Qurbanova, Müşfiq Cabbara, Əli Zeynala, Ramil Babayevə, Elmir Abbasova, İlkin Əmrahova Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq) ittihamı ilə cinayət işi açılıb.

Vəkil İsmayılovun səhhətindən çox narahat olduğunu bildirib.

“Fərid ötən ilin noyabrında burnundan, dekabrında isə üç dəfə ağ ciyərindən cərrahi əməliyyat olunub. O hələ də həkim nəzarətində idi. Ona görə çox narahatıq”.

Sadıqova jurnalistə təzyiqlərlə bağlı şikayət verəcəyini deyib.

“O bildirdi ki, məcbur ediblərki sənədlərə qol çəksin. Lakin Fərid heç bir sənədə imza atmayıb. Bununla bağlı protokolda qeydlərimizi etdik. Müvafiq orqnalara şikayət edəcəyik”, Sadıqova qeyd edib.

Saat 22 radələrindən başlayaraq Toplum TV-nin Bakı şəhər Baş Polis İdarəsində saxlanılna əməkdaşları və təcrübəçiləri Pərvanə Qurbanlı, Alya Ağayeva, Ceyhunə Həsənli, Cəmilə Əzimova, Fidan Əlicanova, Cavid Ramazanov, Gülyetər Mahmudova, Samir Ağazadə, Sadiq Məmmədov sərbəst buraxılıb.

Bu barədə Toplum TV-nin baş redaktoru Xədicə İsmayılova Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, hazırda Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Akif Qurbanov, Ruslan İzzətli, Əli Zeynal, İlkin Əhmədov, həmçinin Toplum TV-nin əməkdaşları Taleh Bədəlov, Xanlar Əlizadə, Müşfiq Cabbarov və Fərid İsmayılzadə polisdə saxlanılır.

III Respublika Platformasının üzvləri Ruslan İzzətli və Araz Əliyev sərbəst buraxılıb. Bu barədə İzzətlə Facebook sosial şəbəkəsində paylaşdığı canlı yayımda bildirib.

Vəkil Şəhla Hümbətova Amerikanın Səsinə bildirib ki, Akif Qurbanov Cinayət Məcəlləsinin 206,3.2 maddəsi (qaçaqmalçılıq) üzrə şübhəli şəxs qismində saxlanılıb.

“Akif Qurbanov bildirib ki, axtarış zamanı evindən sənədlər götürülüb. O dedi ki, polislər III Respublika Platformasının ofisinə basqın ediblər, oraya 30 min avro yerləşdiriblər və sonra götürüblər. Akif Qurbanov və Ruslan İzzətlini bir otağa salıblar və özləri nəzarətsiz hərəkətlər ediblər. Qurbanov bildirdi ki, götürülən pulun ona və III Respublika Platformasına aidiyyatı yoxdur”, vəkil qeyd edib.

Amerikanın Səsinin müxbiri hadisə yerindən bildirib ki, hazırda Toplum TV-nin əməkdaşı Elmin Abbasovun evində axtarış aparılır.

***

Martın 6-da bir qrup hüquq-mühafizə orqanı əməkdaşı Toplum TV internet nəşrinin ofisində axtarış aparıb. Axtarışdan sonra nəşrin redaksiyasının qapıları möhürlənib.

Bu barədə Toplum TV-nin baş redaktoru Xədicə İsmayıl Amerikanın Səsinə deyib.

“İndi axtarış bitib, ofisimizi möhürləyiblər. Əməkdaşlarımızı Bakı Şəhər Baş Polis İdarəsinə aparıblar. Onu bilirəm ki, bizim ofisimizdə qeyri-qanuni heç nə olmayıb. Cinayət üçün heç bir hüquqi əsas verməmişik. Nə tapacaqlar, nə uyduracaqlar, bu artıq onların məsuliyyətidir”, o qeyd edib.

İsmayıl nəşrin neçə əməkdaşının saxlanıldığını bilmir.

“Amma ofisdə olan əməkdaşların heç birinə zəng çatmır”, o qeyd edib.

Xədicə İsmayıl axtarışın səbəbləri barədə bir söz deməyib.

“Sadəcə ölkədə bir repressiya dalğası var. Bütün tənqidi fikirləri susdurmağa çalışırlar. Çalışırlar ki, heç bir tənqid platforması qalmasın. Ölkəni qaraltmağa çalışırlar. Ölkədə bütün işıq gələn yerlər qapananadək yəqin ki, repressiya dalğasını davam etdirəcəklər”, o qeyd edib.

Axtarış yerində olan Amerikanın Səsinin müxbiri bildirib ki, hazırda III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun rəsmiləri Ruslan İzzətli, Elmir Abbasov, Araz Əliyev və Toplum TV-nin jurnalistləri Pərvanə Qurbanlı, Fərid İsmayılov, Alya Ağayeva, Taleh Bədəlov, Sadiq Qurbanov, Müşfiq Cabbarov, Cavid Ramazanov polis tərəfindən aparılıb.

Öz növbəsində Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinin sorğusuna cavab olaraq bildirblər ki, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib. Əlavə məlumat veriləcəkdir.

Toplum TV 2016-ci ilin oktyabr ayından fəaliyyətə başlayan müstəqil informasiya resursudur. Əsas məqsədi insan hüquq və azadlıqlarını, ifadə azadlığını ön planda tutaraq cəmiyyətin obyektiv informasiya ilə təmin olunmasına xidmət etməkdir. Sayt həmçinin Demokratik Təşəbbüslər İnstitutunun (IDI) “Demokratiya Məktəbi” proqramının jurnalistika təlimlərində iştirak edən gənclərin peşəkarlıqlarını artırmaq üçün platforma rolunu oynayır.

Amerikanın Səsi 

19:02, 06 Mart 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Avropa Şurasının məruzəsində: Azərbaycanda jurnalistlər təqib olunur

by Gozetci 19:38, 05 Mart 2024
written by Gozetci

Avropa Şurası

100 səhifəlik hesabatda azərbaycanlı jurnalistlərin həbsindən də yazılıb

Azərbaycan jurnalistlərin izlənilməsi üçün casus proqramlarından (Pegasus) istifadə olunan ölkələr sırasındadır. Həmin casus proqamından həmçinin Fransa, Yunanıstan, Türkiyə, Macarıstan, İspaniya da istifadə edib. Azərbaycanda, həmçinin “nümayişlərin işıqlandırılması” zamanı polisin jurnalistlərə hücum etdiyi 8 hadisə olub.

Avropa Şurasının Jurnalistikanın Müdafiəsi və Media Nümayəndələrinin Təhlükəsizliyi Platforması “Avropada mətbuat azadlığı: vəziyyəti dəyişdirməyin vaxtıdır” başlıqlı illik hesabatı dərc edib. Azərbaydan həmin hesabatın “jurnalistlərin qətlinə görə cəzasızlıq” adlı bölümünə də daxil edilib. Burada nümunə kimi jurnalist Elmar Hüseynovun və publisist Rafiq Tağının qətlinin üstünün açılmaması göstərilir. Həmçinin qeyd edilir ki, Azərbaycanda jurnalistlər peşə fəaliyyətlərini həyata keçirərkən qısamüddətli həbslərə məruz qalır.

“Xüsusən, 2023-cü ilin yayında Gədəbəy rayonunun Söyüdlü kəndində yerli əhalinin etirazlarından sonra polis yaşayış məntəqəsinə girişi məhdudlaşdırıb və jurnalistlərin işinə mane olub”, – deyə bildirilir.

Hesabatda qeyd edilir ki, “2023-cü ildə KİV azadlığı sahəsində on beş QHT tərəfindən dərc edilmiş xəbərdarlıqlar əsasında Avropa Şurasına üzv dövlətlərdə, Rusiya və Belarusda KİV azadlığına əsas təhdidlər” qiymətləndirilib.

Məruzədə Azərbaycanda jurnalistlərin təqibi faktları da əksini tapıb. Hesabatda həmçinin Azərbaycanda jurnalistlərin “fəaliyyətlərinə görə qisas olaraq” inzibati həbslərə məruz qaldığı hallar qeyd olunur.

Vüqar Məmmədovun (“Hürriyyət TV”), Nurlan Qəhrəmanlının (freelancer), Vəli Şükürzadənin (fotoreportyor) həbsləri bu silsilədəndir. Məlumatda qeyd edilir ki, “AbzasMedia”nın jurnalistləri bu gün “xarici valyuta qaçaqmalçılığı” ittihamı ilə həbs ediliblər. Daha sonra Avropa Şurasında həbsdə olan jurnalistlərin və blogerlərin adları sadalanır.

Bu siyahıda ümumilikdə 55 nəfərin adı var, onların 16-sı Azərbaycandadır. Siyahıda Ərşad İbrahimov (http://dunyaninsesi.az saytı), Aslan Qurbanov (bloger), Əvəz Zeynallı (http://xural.tv), Əziz Orucov (Kanal13), Elnarə Qasımova (AbzasMedia), Elnur Şükürov (Səda TV), Hafiz Babalı (Turan Agentliyi), İbrahim Şükürov (http://azerinof.az saytı), Məhəmməd Kekalov (AbzasMedia), Nərgiz Absalamova (AbzasMedia), Osman Nərimanoğlu (http://demokratik.az saytı), Polad Aslanov (http://xeberman.com saytı), Rəşad Ramazanov (bloger), Sevinc Vaqifqızı (AbzasMedia), Ülvi Həsənli (AbzasMedia), Şamo Eminin (Kanal13) adı var.

Məruzədə Avropa Şurasına Azərbaycan və Türkiyəni “Avropa Şurasının Jurnalistlərin Təhlükəsizliyi Platforması ilə dialoqa qayıtmağa” çağırmaq tövsiyə olunur. Müəlliflər Avropa Şurasına jurnalistlərin müdafiəsini və KİV azadlığını gücləndirən mexanizmlər işləyib hazırlamağı tövsiyə ediblər. Eyni zamanda, Avropa Şurasına üzv dövlətlərin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına riayət etməsini təmin etmək və ədalətsiz olaraq həbs edilənlərin dərhal azad edilməsinə nail olmaq üçün qətiyyətli davranmaq, jurnalistlərə qarşı təhdidlər haqqında məlumatları araşdırmaq və jurnalistlərin təhlükəsizliyinin təmin edilməsi üzrə milli fəaliyyət planları qəbul etmək təklif olunub.

Beynəlxalq jurnalistika təşkilatları və Avropa Şurasının tərəfdaşları tərəfindən hazırlanmış 100 səhifəlik məruzə martın 5-də Yunanıstanın Selanik şəhərində keçirilən mətbuat konfransında təqdim edilib.

Meydan TV

19:38, 05 Mart 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Bərabərlik hüququBölgəGəncə–DaşkəsənHüquq PozuntularıSliderTibbi yardım hüququXƏBƏRLƏR

Həbsdə olan jurnalistin səhhətində problem yarandığı bildirilir

by Gozetci 18:00, 04 Mart 2024
written by Gozetci

Osman Nərimanoğlu

Həbsdə olan “Demokratik.az” saytının redaktoru Osman Nərimanoğlunun (Rzayev) səhhətində problem yaranıb.

Jurnalistin həyat yoldaşı Arzu Rzayeva Amerikanın Səsinə bildirib ki, jurnalist revmatik ağrılardan, o cümlədən oynaq və böyrək ağrılarından, yuxsuzluqdan əziyyət çəkir.

“Həyat yoldaşım 20 aydır Gəncə şəhər 2 saylı istintaq təcridxanasında saxlanılır. Təəssüf ki, bu müddət ərzində Osman səhhəti ilə əlaqədar zəruri müayinə və müalicəyə cəlb ediləməyib. Hətta o, 15 gün aclıq edəndə belə fəsadları ilə bağlı müayinədən keçirilmədi”, o qeyd edib.

Onun sözlərinə görə, həyat yoldaşı təcridxananın rəisinə Penitensiar Xidmətin Müalicə Müəssisəsində müayinə və müalicə olunması üçün müraciət eməsinə baxmayaraq reaksiya verilmir.

Arzu Rzayeva həyat yoldaşının müayinə və müalicəyə cəlb edilməsi üçün Ədliyyə nazirinə, Penitensiar Xidmətin rəisinə və Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinə müraciət edib.

Müraciətdə deyilir ki, siyasi məhbus statusu daşıyan Osman Nərimanoğlunun hüquqları pozulub.

“Təcridxananın məsul şəxsləri tərəfindən səhiyyə və sağlamlıq haqqında, tibbi sığorta haqqında, xüsusilə, nazirlər kabinetinin həbsxana şəraitində dustaqların saxlanılması barədə qərarı qəsdən pozulur. Həyat yoldaşım revmatik xəstəlikdən, kəskin oynaq ağrılarından əziyyət çəkir. Təcridxananın qan analizləri üçün labarotoriyası yoxdur. Fizioterapiya şəraiti mövcud deyil. Ona görə də sizdən xahiş və tələb edirəm ki, Osman Nərimanoğlunun müayinə və müalicə üçün Penitensiar Xidmətinin mərkəzi tibb müəssisəsinə göndərilməsinə göstəriş verəsiniz”, Arzu Rzayevanın müraciətində deyilir.

Ədliyyə Nazirliyi, Ədliyyə Nazirliyinin Baş Tibbi İdarəsi və Penitensiar Xidmət jurnalistin səhhəti, müayinə və müalicəyə cəlb edilməməsinin səbəbləri ilə bağlı Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.

Bu il yanvarın 25-də Gəncə Ağır Cinayətlər Məhkəməsi “Demokratik.az” saytının redaktoru Osman Nərimanoğlunu 6,5 il həbsə məhkum edib. Jurnalist məhkəmə hökmündən apellyasiya şikayəti verib.

Osman Nərimanoğlu 5 iyul 2022-ci ildə rüşvət tələb etmək ittihamı ilə həbs olunub. O, həbsindən sonra bildirib ki, ittihamlar uydurmadır, rəhbərlik etdiyi saytda korrupsiya faktları ilə bağlı məlumatlar dərc olunan Goranboy və Göygöl rayonunun Meliorasiya İdarəsinin məmurları və həkimlər tərəfindən ona böhtan atılıb.

Hüquq müdafiəçiləri Osman Nərimanoğlunu siyasi məhbus kimi tanıyıb.

Amerikanın Səsi 

18:00, 04 Mart 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

İstintaq təcridxanasında keçmiş deputat Nazim Bəydəmirlinin səhhəti pisləşib

by Gozetci 15:42, 02 Mart 2024
written by Gozetci

Nazim Bəydəmirli

İstintaq təcridxanasında saxlanılan keçmiş deputat, sahibkar Nazim Bəydəmirlinin səhhəti pisləşib. Bu barədə onun xanımı Fəridə Bəydəmirli Facebook-da yazıb.

Onun sözlərinə görə, martın 1-də təcili elektrokardioqram və exokardioqram müayinəsi aparıblar.

“Həkim ona impulsiv ürək blokunun ikinci mərhələyə qədəm qoyduğunu bildirib. O, təcili qanvermənin və nəticədən asılı olaraq müalicə təyin olunmasının vacibliyini qeyd edib”, – Fəridə Bəydəmirli bildirib.

Lakin Bəydəmirli nəticələrə etibar edə bilməsi üçün analizlərin ailəsinin seçdiyi laboratoriyada aparılmasına israr edir.

Bundan öncə, fevralın 19-da Penitensiar Xidmətin həkimləri Bəydəmirlini müayinə ediblər və ona qan analizi verməyi təklif ediblər. Ancaq o xahiş edib ki,  onu etibar etdiyi həkimlər müayinə etsinlər.

Bununla əlaqədar  Bəydəmirlinin vəkili Penitensiar Xidmətin  rəhbərliyinə və ombudsmana müraciət edib. Müdafiə tərəfi həbs yerlərinin daxili intizam qaydalarının 27.6-cı maddəsinə istinad edir ki, bu da məhkumun öz seçdiyi mütəxəssis tərəfindən və öz hesabına müayinə edilməsinin mümkünlüyünü nəzərdə tutur.

*Nazim Bəydəmirli 2023-cü il iyulun 4-də Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb. Ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsilə (xeyli miqdarda əmlaka sahib olmaq məqsədilə hədə-qorxu ilə tələb etmək) ittiham irəli sürülüb. Ertəsi gün məhkəmə onu 4 ay müddətinə həbs edib.

Bəydəmirli ittihamı rədd edərək onu uydurma və hüquqi əsaslardan məhrum adlandırıb. Onun sözlərinə görə, həbsinin əsl səbəbi ətraf mühitin çirkləndirilməsilə bağlı Gədəbəy rayonunun Söyüdlü kənd sakinlərinin etirazlarını dəstəkləməsidir.

Sentyabrın 1-də Bəydəmirliyə  qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsilə (hədə-qorxu ilə təkrar tələb etmə) daha bir ittiham irəli sürülüb.

Vəkilin sözlərinə görə, bu ittiham guya  1996-cı ildə Rusiya Federasiyasının Lipetsk şəhərində Bəydəmirlinin təhdid yoluyla kimdənsə pul tələb etməsinə əsaslanır. Vəkil həm mahiyyət etibarilə, həm də iddia müddətinin keçməsilə əlaqədar ittihamın əsassız olduğunu deyib.

Hüquq müdafiəçiləri Nazim Bəydəmirlini siyasi məhbus kimi tanıyıblar.

Turan 

15:42, 02 Mart 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Nərgiz Absalamovanın həbs müddətinin uzadılmasından verdiyi şikayət təmin edilməyib

by Gozetci 17:48, 01 Mart 2024
written by Gozetci

Nərgiz Absalamova

Martın 1-də Bakı Apellyasiya Məhkəməsində “Abzas Media”nın əməkdaşı, jurnalist Nərgiz Absalamovanın həbs qətimkan tədbirinin uzadılması ilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından verilmiş şikayətə baxılıb. Məhkəmə apellyasiya şikayətini təmin etməyib.

Bu barədə məlumatı vəkil Rövşanə Rəhimli verib. Vəkilin sözlərinə görə, iclasdan əvvəl özünü Penitensiar Xidmətin əməkdaşı kimi təqdim edən mülki geyimli şəxslə onun arasında gərginlik yaşanıb.

“Nərgizlə şüşə kabindən hakimlər zala daxil olana qədər şikayətimizin dəlillərini müzakirə edirdik, bu zaman Penitensiarın həmin mülki geyimli əməkdaşı məhkəmə iclas katibinə müraciət etdi ki, Nərgizi zaldan çıxarırıq və hakimlər gələndə zala qaytaracağıq. Bunu niyə edirsiniz deyəndə, həmin şəxs qayıtdı ki, bura sizin üçün görüş yeri deyil, görüşmək istəyirsinizsə gedin təcridxanada görüşün. Daha sonra bu şəxs qapalı məhkəmə iclasında bütün proses boyu zalda oturdu. Baxmayaraq ki, içəridə xeyli sayda Penitensiarın xidməti geyimli əməkdaşları vardı. Mənim çıxışımdan sonra Nərgiz Absalamova davam edərək məhkəmədən tribunaya yaxınlaşıb oradan çıxış etməsini xahiş etdi və məhkəmə Nərgizin vəsatətini təmin etdi. Lakin Penitensiar Xidmətin həmin əməkdaşları hakimlərə yaxınlaşıb təhlükəsizlik baxımından bunun mümkün olmadığını bildirdilər. Mən bunun ağlabatan səbəbini soruşanda guya ki, Nərgizin təhlükəsizliyinə görə olmaz dedilər. Nərgizi kimdən qoruyursuz dedim, müdafiəçisindən, yoxsa müstəntiqdən,” vəkil bildirib.

Vəkil bildirdiyinə görə, Penitensiar Xidmətin əməkdaşlarının qanunsuz müdaxiləsi nəticəsində Nərgiz Absalamovaya kürsüdən çıxış etməyə imkan verilmədi.

“Penitensiarın əməkdaşları artıq neçənci dəfədir ki, bu qanunsuz hərəkətləri ilə süni gərginlik yaradaraq, mübahisəyə səbəb olur, əsəblərimizi pozmağa çalışırlar,” vəkil qeyd edib.

Penitensiar Xidmətdən məsələ ilə bağlı mövqe almaq mümkün olmayıb.

Yanvarın 15-də Xətai Rayon Məhkəməsi “Abzas Media”nın əməkdaşı, jurnalist Elnarə Qasımova barəsində 2 ay 17 günlük həbs qətimkan tədbiri seçib. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.

“Abzas Media” ilə bağlı cinayət işi üzrə ötən ilin noyabrın 20-də saytın direktoru Ülvi Həsənli saxlanılıb. Həmin gün onun evində və “Abzas Media”nın ofisində axtarış aparılıb və ofisdən 40 min avro pul tapıldığı iddia edilib.

Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-nə keçən gecə xaricdən qayıdanda hava limanında təyyarənin içində Sevinc Vaqifqızı saxlanılıb. Bir müddət sonra jurnalist Nərgiz Absalamova, ardınca da dekabrın 13-də araşdırmaçı Hafiz Babalı həbs olunub.

Fevralın 24-də Xətai rayon Məhkəməsi Nərgiz Absalamova barəsində həbs qətimkan tədbirnin müddətini daha 3 ay (mayın 29-dək) uzadıb.

Jurnalistlərin hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.

Onların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirir.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Azərbaycan hökuməti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Amerikanın Səsi 

17:48, 01 Mart 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Bəxtiyar Hacıyev: ‘Cibimə narkotik qoysaydılar, bundan abırlı olardı…’

by Gozetci 17:07, 01 Mart 2024
written by Gozetci

Bəxtiyar Hacıyev

Bir il 3 aydır həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev deyir ki, məhkəmədə danışdıqlarının, açıqladığı faktların onun haqqında hökmə təsiri olmayacağına əmindir. Ancaq istəyir ki, ictimaiyyət gerçəyi bilsin, bu üzdən, işdəki saxtakarlıqları məhkəmədə sadalayır:

“Bilirəm ki, məhkəmədə nə desəm də, “yuxarıdan” nə fətva gəlsə, hakim də onu oxuyacaq. Əgər desələr ki, “Bəxtiyarı azadlığa buraxın”, – mən burada lap “Cücələrim”mahnısını oxusam da, yenə buraxacaqlar. Yox, həbs fətvası gəlsə, təqsirsiz olduğumu təsdiqləyən nə qədər sübut ortaya qoysam da, xeyri olmayacaq”.

“Bu ittihamı verənlər müxbir hesabla cari hesabı ayıra bilmirlər…”

Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Martın 1-dəki məhkəməyə işdə zərərçəkmiş qismində tanınan bloger Ülviyyə Muradova (Alovlu) da qatılmışdı. B.Hacıyevin 2021-ci ildə Yasamal rayon Məhkəməsinin binasında həmin blogerə hücum etdiyi iddia olunur.

B.Hacıyev deyir ki, xuliqanlıq da daxil, ona verilən ittihamların hamısı saxtadır, heç bir gerçək sübut-dəlilə əsaslanmır:

“Ülviyyə Muradova ilə bağlı epizodda iki ifadə var. Bu ifadələrdəki 1200 sözdən 900-ü nöqtə-vergülünə, hətta hərf səhvlərinə qədər eynidir, çünki ifadə alınmayıb. Bir ifadəni başqa birinin adına köçürüblər. Mənə iqtisadi məsələlərlə bağlı ittihamlar veriblər – qanunsuz sahibkarlıq, cinayət yoluyla əldə olunmuş vəsaitləri leqallaşdırma, qaçaqmalçılıq. Amma iş materiallarının təhlili göstərir ki, bu ittihamı verənlər müxbir hesabla cari hesabı ayıra bilmirlər. Bank hesabındakı balansla dövriyyəni ayırd edə bilmirlər”.

Bəxtiyar Hacıyev iddia edir ki, onunla bağlı cinayət işinin istintaqı daxili işlər nazirinin nəzarətində olub. Onun sözlərinə görə, buna baxmayaraq, istintaq qeyri-ciddi aparılıb:

“O qədər qeyri-ciddi iş aparılıb, o qədər saxtakarlığa yol verilib, açıq-aşkar görünür. Bundansa məni narkotiklə şərləyib, cibimə nəşə qoysaydılar, daha abırlı olardı. Deyərdilər ki, getməlisən, nə vaxt desələr, onda da buraxılacaqsan. Amma indiki halda, çox qeyri-ciddi görünür”.

Bəxtiyar Hacıyev pul qaçaqmalçılığında ittiham olunduğunu, amma həmin vəsaiti nə vaxt, hansı gömrük orqanından gizli ölkəyə gətirməsi barədə heç nə olmadığını söyləyir. İctimai fəal deyir ki, ona vergidən yayınma ittihamı vermək üçün gəlirləri şişirdilib, xərcləri isə, əksinə, azaldılıb.

O, ifadəsinin sonunda vurğulayıb ki, təqsirsizdir, siyasi baxışlarına, insan haqlarının müdafiəsilə bağlı fəaliyyətinə, bir də hüquqları pozan məmurlara qarşı sanksiya çağırışlarına görə cəzalandırılıb.

Bəxtiyar Hacıyevin məhkəməsi martın 15-də davam edəcək. O, prokurorun və müdafiəçilərinin suallarını cavablandıracaq.

Xatırlatma

Bəxtiyar Hacıyev 2022-ci il dekabrın 9-dan həbsdədir. Həbs olunanda ona Cinayət Məcəlləsinin 221.2.2-ci (vəzifəsini yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1-ci (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham verilmişdi.

Bu ittihamlarda söhbət Yasamal rayon Məhkəməsindəki zalların birində onunla bloger Ülviyyə Muradova (Alovlu) arasındakı qalmaqaldan bəhs olunur.

İstintaqın gedişində B.Hacıyevə qanunsuz sahibkarlıq, cinayət yoluyla əldə olunmuş vəsaitlərin leqallaşdırılması, qaçaqmalçılıq, saxta sənədlərdən istifadə, vergidən yayınma və başqa ittihamlar irəli sürülüb.

Özünü təqsirli bilməyən ictimai fəal bu ittihamların hamısını əsassız sayır. B.Hacıyev daxili işlər naziri Vilayət Eyvazovun ünvanına tənqidlərinə görə və elə onun sifarişiylə həbs olunduğunu iddia edir.

B.Hacıyevə verilən ittihamlarda 12 ilədək həbs cəzası nəzərdə tutulub.

AzadlıqRadiosu 

17:07, 01 Mart 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Paytaxtda və bölgələrdə onlarla inanclı tutulub

by Gozetci 10:06, 28 Fevral 2024
written by Gozetci

“Evlərində xəstəsi, azyaşlı uşaqları olanları var, belə adamları narkotiklə şərləmək qeyri-insani hərəkətdir”

Son on gün ərzində dini inanclı şəxslərin növbəti həbs dalğasının başladığı bildirilir. Meydan TV-nin əldə etdiyi məlumata görə, paytaxtda və bölgələrdə onlarla inanclı həbs olunub.

Həbs olunanlar arasında Lənkərandan ruhani Rövşən Şərifov, Sakit Məmmədov, Neftçaladan Ramin Babayev, Göyçaydan Nəsrəddin Nəsirov, Gəncədən Ceyhun Sayadov, Astaradan Eyvaz Baxşıyev, Bəxtiyar Məmmədov və başqaları var.

Müsəlman Birliyi Hərəkatının 67 üzvü həbsdədir

“Hamısına qarşı narkotik ittihamı irəli sürülüb. Aralarında elələri var ki, siqaret çəkmir. Evlərində xəstəsi, azyaşlı uşaqları olanlar var. Bəxtiyar Məmmədovun həyat yoldaşı xərçəng xəstəliyindən əziyyət çəkir. Onsuz da bu ailənin dolanışığı ağır idi. Belə adamları narkotiklə şərləmək qeyri-insani hərəkətdir”, – həbs olunanlardan birinin yaxınları Meydan TV-yə danışıb.

Son vaxtlar Müsəlman Birliyi Hərəkatının daha üç üzvü həbs olunub. Təşkilatdan Meydan TV-yə verilən məlumata görə, hazırda birliyin sədri Taleh Bağırzadə də daxil olmaqla, hərəkatın 67 nəfər üzvü həbsdədir.

Son günlər həbs edilən hərəkat üzvlərindən biri də Amil Bilalovdur. Fevralın 22-dən yoxa çıxan inanclı fəalın ailəsi bir neçə gün onun yeri və saxlanma səbəbi barədə heç bir məlumat ala bilməyib:

“Fevralın 22-də axşam işdən çıxıb evə – Ceyranbatana gələndə onu oğurlayıb aparıblar. İşdən gələndə yolda dostlarıyla, ailəsilə danışıb, qəfildən əlaqə kəsilib. Bir neçə gün sonra məlum oldu ki, o da dindarlara qarşı repressiyaların növbəti qurbanıdır”.

Müsəlman Birliyi Hərəkatı yeni həbs dalğasını dini inanclı fəallara qarşı təmizləmə siyasəti hesab edir.

“Mən heç siqaret çəkmirəm, narkotiklə şərləyiblər”

Hərəkatın həbsdə olan üzvlərindən biri Azad Kərimova fevralın 27-də hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyilə çıxarılan hökmə əsasən, Azad Kərimov 3 il 6 ay azadlıqdan məhrum edilib.

2023-cü il yanvarın 30-da həbs olunan inanclı fəala qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama) və 167-3 (dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddələrilə ittiham irəli sürülmüşdü. Onun işi üzrə istintaq əvvəl Nəsimi Rayon Polis İdarəsində aparılsa da, sonradan Bakı şəhər Baş Polis İdarəsində davam etdirilib.

Cinayət işində iddia olunur ki, Azad Kərimovdan 13,9 qram heroin və dini ədəbiyyat tapılıb.

Məhkəmədə prokuror onun hər iki maddə ilə təqsirli bilinib, 8 il azadlıqdan məhrum edilməsini istəyib.

Azad Kərimov bildirib ki, ittiham saxtadır, dini inanclı şəxslərə qarşı repressiya çərçivəsində şərlənərək həbs olunub. Onun sözlərinə görə, Müsəlman Birliyi Hərəkatının üzvü olduğuna, Taleh Bağırzadə ilə dostluq münasibətlərinə görə bundan əvvəl də dəfələrlə hüquq-mühafizə orqanlarına çağırılıb, təzyiqlərə məruz qalıb: “Bandotdel”də məni toka verdilər…”.

Azad Kərimov məhkəmədə bildirib ki, həbsdə etdiyi dualardan biri də günahsız insanları şərləyərək zindanlara salıb, ailələrinə məhrumiyyətlər yaşadanların özləri və yaxınlarının cəzalanmasıdır:

“Allah onların özlərinin, balalarının qarşısına çıxarsın, elədikləri hərəkətlərin nəticələrini görsünlər…”.

O, son sözündə bildirib ki, özü dindardır, evində də dini kitab olub. Onun sözlərinə görə, həmin kitabı ekstremist material kimi qələmə vermək absurddur. Azad Kərimov son sözündə ona bəraət verilməsini istəyib:

“Bu ittiham bir yana, narkotik ittihamını ümumiyyətlə, yaxına buraxa bilmərəm. Mən heç siqaret çəkmirəm. Sizdən bir xahişim var: məni narkotiklə ləkələməyin”.

Hakimlər Azad Kərimova Cinayət Məcəlləsinin 234.4.3 maddəsilə verilən ittihamı 234.1-1 maddəsinə tövsif edib. Əvvəlki ittihamda satış məqsədilə narkotik saxlanmasından söhbət gedirdi və sanksiyasında da 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulub. Cinayət Məcəlləsinin 234.1-1 maddəsində satış məqsədi olmadan narkotik əldə edib, saxlamaqdan bəhs olunur. Burada cəza həddi 3 ildən 8 ilə qədərdir.

Azad Kərimova həm narkotik, həm də ekstremist materiallar saxlama ittihamlarıyla ümumilikdə 3 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib.

Onun vəkili Zibeydə Sadıqova bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin bu hökmündən apelyasiya şikayəti verəcək.

Hüquq müdafiəçiləri son ilyarım ərzində ölkədə 500-dən artıq dini inanclının həbs olunduğunu bildirir. Həbs olunanların əksəriyyətinə qarşı narkotik ittihamı irəli sürülüb. Lakin onlar özlərini təqsirli bilmir, saxta ittihamla cəzalandırıldıqlarını deyirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti isə həbs olunan şəxslərin konkret faktlar əsasında saxlandığını bildirir.

Meydan TV

10:06, 28 Fevral 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Əvəz Zeynallı 9 il, Elnur Şükürov 4 il müddətinə həbs olunub

by Gozetci 16:18, 26 Fevral 2024
written by Gozetci

Əvəz Zeynallı

Fevralın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində Xural TV internet resursunun rəhbəri Əvəz Zeynallının və Sada TV YouTube kanalının rəhbəri Elnur Şükürovun işi üzrə proses başa çatıb.

Müttəhimlərin hər ikisi çıxışlarını məhkəmədən onlara bəraət verməyi istəməklə yekunlaşdırıblar.

Məhkəmə müşavirəyə ayrılıb, daha sonra hökmü elan edib: Əvəz Zeynallı 9 il, Elnur Şükürov isə 4 il müddətinə azadlıqdan məhrum olunub.

Eyni zamanda, məhkəmə Zeynallının mənzilində axtarış zamanı götürülmüş 16 min manatı müsadirə edib.

Xatırladaq ki, prokuror məhkəmədən Zeynallını CM-in 311 (rüşvət alma) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)) maddələri ilə təqsirli bilməyi və 10 il müddətinə azadlıqdan məhrum etməyi,

Şükürovun isə 312-1.1-ci maddə ilə mühakimə edilməsini istəyib.

* Əvəz Zeynallı və vəkil Elçin Sadıqov sentyabrın 10-da rüşvət almaqda şübhəli bilinərək saxlanılıblar, sentyabrın 11-də isə məhkəmə hər ikisini həbs edib. İstintaqın məlumatına görə, Zeynallı həbs edilmiş sahibkar Rasim Məmmədov haqqında nüfuzdan salan məlumatlar dərc etməmək üçün Sadıqovun vasitəçiliyi ilə onun ailəsindən 20 min manat alıb.

Sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsi Sadıqovun işini ayrıca icraata ayıraraq, onu ev dustaqlığına keçirib.

Sonradan Zeynallıya qarşı CM-in 312-1.1-ci o maddəsi ilə (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)) yeni ittiham irəli sürülüb. Elnur Şükürov da eyni ittihamla həbs olunub.

Turan 

16:18, 26 Fevral 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBərabərlik hüququBölgəHüquq PozuntularıSliderTibbi yardım hüququXƏBƏRLƏR

İctimai fəal Möhyəddin Orucovun səhhətində problemlər yaranıb

by Gozetci 13:07, 26 Fevral 2024
written by Gozetci

Möhyəddin Orucov

Azərbaycanın alternativ həmkarlar ittifaqı konfederasiyası olan “İşçi Masası”nın həbsdə olan üzvü Möhyəddin Orucovun səhhətində problemlər yaranıb. Bu barədə Turan-a onun anası Təranə Orucova bildirib.

O qeyd edib ki, 2023-cü ilin oktyabrında inzibati qaydada həbs edildikdən sonra onu uzun müddət açıq havada saxlayıblar və onun böyrəklərinə soyuq dəyib. Həbs dövründə onu müayinə etməyiblər, sadəcə olaraq ağrıkəsicilər veriblər. Azad edildikdən sonra fəal müalicə olunub, lakin 2023-cü ildə yenidən həbs edildiyinə görə müalicəsi yarımçıq qalıb.

Orucovun anasının sözlərinə görə, hazırda onun böyrəklərində ağrılar artıb. Onu xəstəxanaya yerləşdirməkdən imtina edirlər. Vəkil sabah yenidən onun xəstəxanaya köçürülməsi üçün müraciət edəcək.

Fəal həmçinin saxlanma şəraitindən şikayət edir. “4-5 nəfərlik kamerada 18 nəfər saxlanılır. Onlar növbə ilə yatırlar”, deyə fəalın anası bildirib.

* Orucov 13 dekabr 2023-cü il tarixində külli miqdarda narkotik vasitənin dövriyyəsində (Azərbaycan CM-in 234.4.3-cü maddəsi) ittiham olunur.

Bir müddət əvvəl, 2023-cü ilin oktyabrında Orucov polisə tabe olmamaq ittihamı ilə inzibati qaydada 30 gün müddətinə həbs edilmişdi.

O, azad edildikdən sonra həbsinin əsl səbəbinin sosial şəbəkələrdə hakimiyyəti tənqid etməsi olduğunu bildirib. O, həmçinin polis bölməsində döyülməsindən və qeyri-insani rəftara məruz qalmasından şikayət edib.

Turan

13:07, 26 Fevral 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

AXCP fəalı Elnur Həsənovun həbs müddəti uzadılıb

by Gozetci 21:00, 24 Fevral 2024
written by Gozetci

Elnur Həsənov

 

Fevralın 24-də Bakının Xətai Rayon Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nərimanov rayon təşkilatının fəalı Elnur Həsənov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini daha bir ay uzadıb.

AXCP-nin məlumatına görə, məhkəmədən sonra yaxınlarına zəng edən Elnur Həsənov həbsdə olduğu 3 ay müddətində onunla bağlı heç bir istintaq hərəkəti aparılmadığını bildirib.

“Elnur Həsənov narkotik ittihamı ilə həbs olunub, ittihamı qəbul etmir, həbsini Daxili İşlər Nazirliyinin Baş Yol Polisi İdarəsinin rəhbərliyinə qarşı etdiyi tənqidi çıxışla əlaqələndirir”, AXCP bildirir.

Elnur Həsənov 2023-cü il noyabrın 28-də qanunsuz narkotik dövriyyəsi (Cinayət Məcəlləsinin 234.4.3-cü madddəsi) ittihamı ilə həbs olunub. AXCP fəalı hesab edir ki, onun həbsinin əsl səbəbi yol polisinin hərəkətlərini tənqid etməsidir.

Turan 

21:00, 24 Fevral 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir

  • Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib

  • Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir
20:17, 25 Mart 2026
Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib
22:20, 23 Mart 2026
Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir
16:26, 19 Mart 2026
Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia