
Vüqar Məmmədov
Mayın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Hürriyyət TV” internet kanalının həbsdə olan baş redaktoru Vüqar Məmmədovun işi üzrə məhkəmə prosesi başlayıb.
“Azadlıq Radiosu”nun xəbərinə görə, hakim Elmin Rüstəmovun sədrlik etdiyi prosesdə V.Məmmədovun vəkili Aqil Layıc müvəkkili haqqında cinayət işinə xitam verilməsi və ya onun ev dustaqlığına buraxılması haqqında vəsatət verib.
O bildirib ki, hüquqi şəxsin müraciəti əsasında fiziki şəxsə qarşı hədə-qorxu ittihamı ilə cinayət işi başlanması aşkar qanunsuzluqdur.
Məhkəmə vəsatətləri təmin etməyib.
Cinayət işində iddia olunur ki, V.Məmmədov “Veysəloğlu”, “Azərlotereya” və “Azərsun” şirkətlərindən hədə-qorxu ilə pul tələb edib.
İclasda çıxış edən V.Məmmədov ittihamı rədd edib.
“Hamı bilir ki, mən Ramiz Mehdiyev işinə görə həbs olunmuşdum. Sonradan gördülər ki, mənim ona heç bir aidiyyətim yoxdur, başqa bir maddə ilə saxta ittiham verdilər. Ramiz Mehdiyevin özü çöldədir, məni onunla əlaqələndirib tutublar”, – o qeyd edib.
O əlavə edib ki, bir neçə il öncə cinayət işində adları keçən şirkətlərlə işgüzar əlaqələri olub və əgər şirkətlərin narazılığı olsaydı, həmin vaxt şikayət edərdilər.
Vüqar Məmmədov 2025-ci il oktyabrın 31-də həbs olunub.
Baş redaktor Cinayət Məcəlləsinin 182-ci (hədə qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunur.
Vüqar Məmmədov Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun və xaricdə yaşayan hüquqşünas, “AzerFreedom TV”-nin rəhbəri Qurban Məmmədovun bacısı oğludur.
S.Cəlaloğlu bacısı oğlunun həbsi ilə bağlı daha öncə mətbuata bildirib ki, V.Məmmədovun jurnalist fəaliyyətinə görə Prezident Administrasiyası və DTX-dən ona iradlar bildirilib.
“Mən də dəfələrlə çalışmışam ki, Vüqar Məmmədov çıxışlarında radikal olmasın, irad tutulan məsələlərə yer verməsin. Sadəcə, Vüqar gərgin vəziyyətdə idi. Fikirlərini radikal formada ifadə edirdi. Vüqarın valideynləri də həmin çıxışlarına görə ona dəfələrlə iradlarını bildiriblər. O, ağır iqtisadi-sosial vəziyyətə düşən insanları görüb, emosional reaksiyalar verirdi”, – o deyib.
Toplum TV