Sosial işçi Zamin Zəkiyə 7 il 6 ay həbs cəzası verilib

by Gozetci

Zamin Zəki

 

“QHT işi” üzrə ittiham olunan sosial işçi və hüquq müdafiəçisi Zamin Zəki 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmü martın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hakim Elmin Rüstəmov elan edib.

Məhkəmənin qərarına əsasən, Zamin Zəki Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma – xeyli miqdarda törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilinib.

Bundan əvvəl, martın 4-də keçirilən prosesdə dövlət ittihamçısı Zamin Zəkinin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Sosial işçi özünü təqsirli bilmir və ictimai fəaliyyətinə görə cəzalandırıldığını deyir. O, 2025-ci ilin aprelində həbs olunub.

“QHT işi” üzrə indiyədək təxminən 15 vətəndaş cəmiyyəti nümayəndəsinin cinayət məsuliyyətinə cəlb olunduğu bildirilir. Hazırda “Vətəndaş Hüquqları İnstitutu”nun rəhbəri Bəşir Süleymanlı, “Seçki Müşahidə Alyansı”nın direktoru Məmməd Alpay, Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov, ictimai fəallar Zamin Zəki və Əhməd Məmmədzadə həbsdə saxlanılır.

Eyni iş çərçivəsində “Sosial Hüquqlar Mərkəzi”nin rəhbəri Sübhan Həsənli və fəal Aytac Ağazadə ölkə xaricində olduqları üçün axtarışa verilib. Digər təqsirləndirilən şəxslər barəsində isə alternativ qətimkan tədbirlərinin seçildiyi bildirilir.

İş üzrə təqsirləndirilən şəxslər irəli sürülən ittihamları əsassız və siyasi motivli hesab etdiklərini bildiriblər.

AbzasMedia

You may also like