Gültəkin Hacıbəylinin Türkiyədən Azərbaycana deportasiya edildiyi bildirilir

by Gozetci

Gültəkin Hacıbəyli

 

Türkiyədə saxlanılan Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, sabiq deputat Gültəkin Hacıbəylinin Türkiyədən Azərbaycana deportasiya olunduğu bildirilir.

Hökumətyönlü medianın yaydığı məlumatlara görə, deportasiya gecə saatlarında həyata keçirilib. Bildirilir ki, Hacıbəyli hələlik istintaqa cəlb olunmayıb və barəsində hər hansı qətimkan tədbiri seçilməyib.

Hadisə ilə bağlı nə Gültəkin Hacıbəylinin özü, nə də rəsmi qurumlar açıqlama verib.

Gültəkin Hacıbəyli ötən il noyabrın 30-na keçən gecə İstanbulda kirayə yaşadığı mənzildən Taksim Polis Şöbəsinə aparılıb. Daha sonra o, deportasiya mərkəzinə köçürülüb və “milli təhlükəsizlik üçün təhlükə yaradan xaricilər” kateqoriyası üzrə G-82 kodu ilə “idarə nəzarətinə” götürülüb.

Məlumata görə, dekabrın 15-də onun barəsində 5 il müddətinə Türkiyəyə giriş qadağası tətbiq edilməklə deportasiya qərarı çıxarılıb.

Gültəkin Hacıbəyli daha əvvəl deportasiya qərarını siyasi motivli hesab etdiyini bildirmiş, Azərbaycana qaytarılacağı təqdirdə həbs olunacağı ilə bağlı narahatlığını ifadə etmişdi.

Onun saxlanılmasının Azərbaycanda AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin həbsi ilə əlaqələndirilən və ictimaiyyət arasında “Ramiz Mehdiyev işi” kimi tanınan proseslə bağlı baş verdiyi ehtimal olunur.

AbzasMedia

You may also like