
Zabil Qəhrəmanov
Yanvarın 23-də Bakı Apellyasiya Məhkəməsində həbsdə olan vəkil Zabil Qəhrəmanovun şikayəti üzrə proses keçirilib.
Müdafiə tərəfi təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin uzadılmasından şikayət verib.
Zabil Qəhrəmanovun vəkili Babək Həmidovun “Toplum TV”-yə dediyinə görə, Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb.
Xatırladaq ki, yanvarın 17-də Səbail Rayon Məhkəməsi Zabil Qəhrəmanovun barəsindəki həbs qətimkan tədbirinin müddətini daha 2 ay uzadıb.
Zabil Qəhrəmanov ötən ilin oktyabrın 23-də avtoyuma məntəqəsində bir nəfərə xəsarət yetirməkdə şübhəli bilinərək saxlanılıb.
Həmçinin, ona qarşı əlavə ittihamlar irəli sürülüb.
Hazırda Zabil Qəhrəmanov Cinayət Məcəlləsinin 4 maddəsi – 221.2.2-ci (xuliqanlıq – ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək), 178.2.2-ci (Dələduzluq, təkrar törədildikdə), 178.2.3-cü (Dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4-cü (Dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) ilə ittiham olunur.
Daha öncə – oktyabrın 8-də Vəkillər Kollegiyası Zabil Qəhrəmanovun fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib.
Qərara əsasən, vəkil 6 ay fəaliyyət göstərə bilməyəcəkdi.
Zabil Qəhrəmanov Tovuz rayonunda 11 yaşlı Nərmin Quliyevanın oğurlanıb öldürülməsində suçlanan İlkin Süleymanovun vəkili kimi tanınır. O, həmçinin, AXCP Daşkəsən rayon şöbəsinin sədri Sahib Məmmədzadənin, partiyanın Gəncə şöbəsinin üzvü Şahin Hacıyevin və başqa fəalların da hüquqlarını qoruyub.