
Məmməd İbrahim
Dekabrın 8-də Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barəsində seçilmiş həbs qətimkan tədbirindən verilən şikayətə baxılıb.
Məhkəmə şikayəti təmin etməyib və birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Məmməd İbrahim barəsində dekabrın 1-də Səbail Rayon Məhkəməsinin qərarı ilə 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Həmin gün AXCP sədri Əli Kərimli haqqında da 2 ay 15 gün həbs qətimkan tədbiri müəyyən edilib.
Hər iki şəxsə Cinayət Məcəlləsinin 278.1-ci maddəsi (hakimiyyəti zorla ələ keçirməyə və ya onu zorla saxlamağa, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) ilə ittiham irəli sürülüb.
Məmməd İbrahimin noyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanıldığı bildirilir. Elə həmin gün AXCP sədri Əli Kərimlinin də saxlanıldığı, hər iki şəxsin evində axtarış aparıldığı qeyd olunub.
Hökumətyönlü media onların Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin cinayət işi çərçivəsində saxlanıldığını yazıb.
Ramiz Mehdiyev oktyabrın 14-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham elan olunub. Həmin gün məhkəmə onun barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
AbzasMedia