Anar Məmmədli işi: Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanın Avropa Məhkəməsi yanında rəsmi nümayəndəsindən məlumatların əldə edilməsinə dair vəsatət verilib

by Gozetci

Anar Məmmədli

 

Müdafiə tərəfinin vəsatətində bildirib ki, ittihamların əsassızlığını göstərən faktlar Avropa məhkəməsinin həm Məmmədlinin həbsi, həm də həmtəsisçisi olduğu ictimai birliyin qeydiyyatından imtina ilə bağlı qərarlarında artıq təsdiq edilib və bu qərarların icrasını gecikdirən dövlətin yaratdığı “qeydiyyatsızlıq” vəziyyəti ictimai fəaliyyətə qarşı təqibə səbəb ola bilməz

Noyabrın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədri Anar Məmmədli və ictimai fəal Anar Abdullayevin işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Məhkəmə iclasına Hakim Aygün Qurbanovanın sədrlik edib.

Məhkəmə iclasında Anar Məmmədlinin vəkili Cavad Cavadov Məhkəməyə ittihamların hüquqi və faktiki əsaslarını hərtərəfli şəkildə mübahisələndirən və ittihamlarıın tamamilə əsassız olduğunu sübut edəcək məlumatların və təsdiq edici sənədlərin əldə edilməsini tələb edən vəsatət təqdim edib.Vəsatətdə Avropa İnsan Hüquqları Məhkəməsi yanında Azərbaycan Respublikasının Səlahiyyətli Nümayəndəsindən (Hökümətin nümayəndəsindən) rəsmi sorğu ilə bir sıra məlumat və təsdiqedici sənədlərin əldə edilməsi tələb edilmişdir.

Müdafiəçi tərəfindən təqdim edilən vəsatətdə Məmmədliyə qarşı irəli sürülən ittihamların Avropa Məhkəməsinin Məmmədlinin əvvəlki həbsi və onun rəhbərlik etdiyi ictimai birliyin (Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi)  qeydiyyatından imtina ilə bağlı qəbul etdiyi qərarların icra edilməməsi ilə birbaşa əlaqəli olduğu əsaslı şəkildə göstərilmişdir. Vəsatətdə göstərilmişdir ki, Azərbaycan dövlətinin AİHM-nin həmin qərarlarını icra etməməsi Anar Məmmədliyə qarşı təkrar eyni ittihamların, üstəlik ağırlaşdırıcı halları ilə irəli sürülməsinə səbəb olub.

Vəsatətdə Avropa Məhkəməsinin “Məmmədli Azərbaycana qarşı” işi üzrə 19 aprel 2018-ci il tarixli qərarına istinad edilib. Qeyd edilib ki, Avropa Məhkəməsi həmin işdə Anar Məmmədlinin 2013-cü ildəki həbsini hüquqa zidd, əsassız və siyasi motivli hesab edərək Konvensiyanın 5-ci maddəsinin 1-ci və 4-cü bəndlərinin, həmçinin 18-ci maddənin 5-ci maddə ilə birlikdə pozulduğunu müəyyən etmişdir. Həmin qərarda Məmmədliyə qarşı açılan cinayət işi Azərbaycan dövlətinin cinayət hüququnda sui-istifadə edərək siyasi məqsədlərlə Anar Məmmədlini susdurmaq və cəzalandırmaq məqsədi daşıdığı açıq şəkildə göstərilib və dövlətdən həmin ittihamın və məhkumluğun mənfi hüuqi nəticələrinin tam aradan götürülməsi və Məmmədliyə bəraət verilməsi istənilib.

Vəkil bildirib ki, AİHM qərarına baxmayaraq, əvvəlki məhkumluq ləğv edilməyib və indi bu “məhkumluq statusu” yeni işdə ona qarşı ağırlaşdırıcı hal kimi istifadə olunur. Müdafiə tərəfi bu vəziyyətin həm Konvensiyanın 46-cı maddəsinə, həm də AR Konstitusiyasının 151-ci maddəsinə zidd olduğunu vurğulayıb.

Vəsatətdə ikinci olaraq SMDT Mərkəzinin hüquqi statusu ilə bağlı AİHM-in 12 yanvar 2023-cü il tarixli qərarına diqqət çəkilib. Həmin qərarda Məhkəmə təşkilatın dövlət qeydiyyatına alınmamasının əsassız və “özbaşına” olduğunu və bunun Konvensiyanın 11-ci maddəsinin – birləşmək azadlığının pozulması olduğunu müəyyən edib. Vəsatətdə qeyd olunub ki, dövlət bu pozuntunu aradan qaldırmaq əvəzinə, əksinə, təşkilatın bu günə qədər qeydiyyatsız qalmasını Anar Məmmədliyə qarşı hazırkı ittihamda əsas kimi göstərir. Bu isə tamamilə məntiqsizdir: dövlətin yaratdığı “qeydiyyatsızlıq” problemi indi təşkilat rəhbərinə qarşı ittiham üçün əsas kimi istifadə olunur.

Vəsatətdə qeyd edilib ki, AİHM qərarlarının icrasına nəzarət edən Avropa Şurası Nazirlər Komitəsinin 2019-cu ildən bəri apardığı müzakirələr də Azərbaycanın bu sahədə real addım atmadığını göstərir. Komitə dəfələrlə vurğulayıb ki, “Məmmədli qrupu” işlərində sistemli sui-istifadə halları mövcuddur və tam icra yalnız məhkumluqların ləğvi, onun hüquqi nəticələrin aradan qaldırılması və QHT-lərin qeydiyyat probleminin həll edilməsi (Ramazanova qrupu işlərində) ilə mümkündür. Vəsatətdə göstərilir ki, dövlətin bu öhdəlikləri yerinə yetirmədiyi halda, özünün yol verdiyi hüquq pozuntularını hazırkı cinayət işində müdafiə tərəfinin əleyhinə hüquqi fakt kimi göstərməsi yolverilməzdir.

Vəsatətin nəticə hissəsində vurğulanıb ki, işin obyektiv və hərtərəfli araşdırılması üçün lazım olan əsas hüquqi məlumatlar yalnız dövlət qurumlarında mövcuddur və müdafiə tərəfi bu məlumatlara çıxış edə bilmir. Bu səbəbdən vəkil məhkəmədən xahiş edib ki, Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının Səlahiyyətli Nümayəndəsinə rəsmi sorğu göndərilsin və hər iki qərarın icra vəziyyəti, Nazirlər Komitəsinə təqdim edilmiş fəaliyyət planları və hesabatlar, həmçinin indiyə qədər görülmüş fərdi və ümumi tədbirlər barədə rəsmi təsdiq edilmiş sənədlər məhkəməyə təqdim edilsin.

Müdafiə tərəfi bildirib ki, bu məlumatlar cinayət təqibinin legitimliyinin qiymətləndirilməsi, ittihamın siyasi motivli olub-olmadığının müəyyən edilməsi və Konvensiyanın tələblərinə uyğun ədalətli məhkəmə araşdırmasının təmin edilməsi üçün həlledici əhəmiyyət daşıyır. Vəsatətdə qeyd edilir ki, AİHM-in hüquq pozuntusu kimi tanınaraq onun aradan qaldırılması tələb olunduğu halda, qanundan eyni şəkildə təkrar sui-istifadə ilə yenidən ittihamın irəli sürülməsi hüquqən yolverilməzdir və məhkəmə bu məsələni mütləq araşdırmalıdır.

Hakim vəsatətə baxılmasını təxirə salaraq ona işin sonunda ayrıca münasibət bildirəcəyini qeyd edib.
Hakim eyni zamanda müdafiə tərəfinə vəsatətin tələbləri ilə bağlı Azərbaycanın Avropa Məhkəməsi yanında rəsmi nümayəndəliyinə də müraciət edilməsini tövsiyyə edib.

Müdafiə tərəfi müvafiq sorğu ilə Nümayəndəliyə müraciət ünvanlayıb.

Daha sonra ictimai fəal Anar Abdullayev yenidən sərbəst ifadəsini təqdim edib. İfadədən sonra Anar Abdulla dövlət ittihamçısının suallarını cavablandırıb.

Növbəti məhkəmə iclası 8 dekabr saat 14:30-a təyin edilib və şahidlərin ifadəsi ilə davam etdiriləcək.

*    *    *

Anar Mammadli Case: Motion Filed in the Baku Court on Grave Crimes Requesting Information from Azerbaijan’s Official Representative before the European Court of Human Rights

In its motion, the defense argued that the facts demonstrating the baselessness of the charges have already been established in the European Court’s judgments concerning both Mammadli’s arrest and the refusal to register the public association he co-founded, and that the “non-registration” situation created by the State’s delay in implementing these judgments cannot be used to justify prosecuting legitimate public activity.

On 17 November, the next court hearing was held at the Baku Court on Grave Crimes in the case of Anar Mammadli, Chair of the Election Monitoring and Democracy Studies Centre (EMDS), and civic activist Anar Abdullayev.

The hearing presided over by Judge Aygun Qurbanova.

At the hearing, Anar Mammadli’s lawyer, Javad Javadov, submitted a motion requesting the Court to obtain information and supporting documents capable of comprehensively challenging the legal and factual basis of the charges and demonstrating their complete lack of merit. The motion sought the issuance of a formal inquiry to the Representative of the Republic of Azerbaijan before the European Court of Human Rights (the Government Agent) in order to obtain a range of relevant information and corroborating documentation.

Follow the link to read more

 

 

 

 

 

You may also like