Şəmşad Ağa
Oktyabrın 14-də Xətai Rayon Məhkəməsində “Meydan TV işi” üzrə həbsdə olan “Arqument .az” saytının baş redaktoru Şəmşad Ağanın (Ağayev) vəsatətinə baxılıb. Jurnalistin qardaşı qızının yas mərasimində iştirak etmək üçün müvəqqəti azadlığa buraxılması barədə müraciəti təmin edilməyib.
Yaxınlarının verdiyi məlumata görə, vəsatətdə Şəmşad Ağanın konvoy müşayiəti ilə bir neçə saatlıq ailəsi ilə görüşünə icazə verilməsi xahiş olunub.
“Meydan TV işi” çərçivəsində bu ilin fevralında saxlanılan Şəmşad Ağa hazırda istintaq təcridxanasında saxlanılır. Ümumilikdə bu iş üzrə 12 nəfər barəsində cinayət işi açılıb.
Əvvəlcə onlar Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham olunublar. Avqustun 28-də isə ittihamlar ağırlaşdırılaraq qanunsuz sahibkarlıq, vergidən yayınma, sənəd saxtalaşdırma və çirkli pulların yuyulması maddələri əlavə edilib.
Həbsdə olan jurnalistlər bütün ittihamları rədd edir və saxlanılmalarını siyasi sifariş, peşə fəaliyyətlərinə görə təzyiq kimi qiymətləndirirlər.
AbzasMedia