Sevinc Vaqifqızı
AbzasMedia-nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızının ailəsi onunla son görüş zamanı müəssisə əməkdaşlarının təhqiramiz və zorakı davranışına məruz qaldığını bildirir.
Ailənin sözlərinə görə, oktyabrın 18-də Lənkərandakı Penitensiar Kompleksdə keçirilən görüş zamanı jurnalistin anası Ofeliya Məhərrəmova və bacısına qarşı alçaldıcı rəftar olub.
“Abzas Media işi” üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyun tarixli hökmü ilə Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadə 9 il, Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Sentyabrın 25-də Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Elnarə Qasımova Bakı İstintaq Təcridxanasından Lənkərandakı Penitensiar Kompleksə köçürülüblər. Yaxınları bu köçürülmənin görüş imkanlarını məhdudlaşdırdığını və jurnalistlərə təzyiq kimi qiymətləndirildiyini bildirirlər.
Məlumata əsasən, görüşdən əvvəl müəssisə əməkdaşları onları xüsusi otağa salaraq zorla yoxlamağa çalışıblar.
Ofeliya Məhərrəmova ürəyində aparat olduğunu və ehtiyatla davranılmasını tələb etsə də, əməkdaşlar ondan və qızından ayaqqabılarını çıxarmağı istəyiblər.
Yaşlı qadın ayaqqabılarını çıxarmaqda çətinlik çəkdiyini, qızının isə əməliyyatlı ayağına görə bunu edə bilməyəcəyini bildirib. Onlar xüsusi aparatla yoxlanılmalarını tələb ediblər.
Jurnalistin bacısı deyir ki, aparatla yoxlanıldıqdan sonra heç nə tapılmayıb, lakin görüşdən çıxarkən yenidən zorla yoxlanılıblar:
“Bu dəfə ayaqqabılarımı zorla çıxarıb içliyini sökdülər. Nəzarətçi qadın çox kobud davranırdı”, – deyə o bildirib.
Ailə həmçinin Sevinc Vaqifqızı ilə görüş zamanı konfidensiallıq hüququnun pozulduğunu vurğulayıb. Onların sözlərinə görə, görüş cəmi bir saat davam edib və otaqda bir nəzarətçi daim onların yanında olub.
Jurnalist bu haldan narazılıq edərək ailəsi ilə rahat danışa bilmədiyini deyib, lakin əməkdaş ona “belə əmr var” cavabını verib.
Deyilənlərə Penitensiar xidmət və aidiyyatı qurumlar münasibət bildirməyib.
Meydan TV