Zabil Qəhrəmanov
Vəkillər Kollegiyasının Rəyasət Heyəti oktyabrın 8-də Gəncə şəhərindəki 1 saylı vəkil bürosunun vəkili Zabil Qəhrəmanovun fəaliyyətinin dayandırılması haqqında qərar qəbul edib.
Bu barədə Zabil Qəhrəmanov “Toplum TV”-yə xəbər verib. Qərara əsasən, vəkil 6 ay fəaliyyət göstərə bilməyəcək.
Vəkillər Kollegiyası oktyabrın 8-də Rəyasət Heyətinin iclasının keçirilməsi haqda məlumat yaymışdı. Xəbərdə bildirilirdi ki, “intizam pozuntusuna yol verdiyinə görə 2 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb, 4 vəkilə xəbərdarlıq edilib, 1 vəkilə isə töhmət verilib”. Lakin həmin vəkillərin adları açıqlanmamışdı.
“Azadlıq Radiosu”nun xəbərinə görə, fəaliyyəti dayandırılan digər vəkil Ramil Rüstəmovdur.
Zabil Qəhrəmanov qərarın səbəbini açıqlamayıb. Ramil Rüstəmov haqqında intizam icraatının isə vətəndaş şikayəti əsasında başladıldığı bildirilir.
Zabil Qəhrəmanov Tovuz rayonunda 11 yaşlı Nərmin Quliyevanın oğurlanıb öldürülməsində suçlanan İlkin Süleymanovun vəkili kimi tanınır. O, həmçinin, AXCP Daşkəsən rayon şöbəsinin sədri Sahib Məmmədzadənin, partiyanın Gəncə şöbəsinin üzvü Şahin Hacıyevin və başqa fəalların da hüquqlarını qoruyub.
Vəkillər Kollegiyasının Rəyasət Heyəti oktyabrın 1-də keçirilən iclasında isə 2 vəkilin – Elxan Osmanovla Cavidan Osmanlının fəaliyyətinə xitam verilməsi haqda qərar qəbul edib.