
Anar Məmmədli
İki beynəlxalq hüquq müdafiə təşkilatı Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədliyə 13 il həbs cəzası verilməsini pisləyib və Azərbaycan hakimiyyətini onu dərhal azad etməyə çağırıb.
“Human Rights House Foundation” (HRHF) və “Amnesty International” sentyabrın 7-də Anar Məmmədli barəsində çıxarılan hökmlə bağlı ayrı-ayrılıqda bəyanat yayıblar.
HRHF-nin direktoru Mariya Dale Məmmədliyə verilən cəzanı onun insan hüquqlarının müdafiəsi, seçkilərin monitorinqi və demokratik dəyərlərin təşviqi sahəsindəki fəaliyyətinə görə “cəzalandırılması” kimi qiymətləndirib.
“Bu hökmün mahiyyəti ilə bağlı heç bir şübhə yoxdur: bu, Məmmədlinin insan hüquqlarını müdafiə etmək, seçkiləri monitorinq etmək və öz ölkəsində demokratiyanı təşviq etmək istiqamətində müstəqil və legitim fəaliyyətinə görə cəzalandırılmasıdır. Ona qarşı ittihamlar tamamilə siyasi motivlidir və məhkum edilməsi Azərbaycan hakimiyyətinin açıq repressiya aktıdır”, – Dale bildirib.
HRHF rəhbəri qeyd edib ki, Anar Məmmədli təxminən 30 ildir Azərbaycanda demokratiya və insan hüquqlarının vəziyyəti ilə bağlı fəaliyyət göstərir. Bəyanatda onun daha əvvəl də siyasi məhbus kimi iki il yarım həbsdə saxlanıldığı və 2016-cı ildə azadlığa çıxdıqdan sonra seçki müşahidəsi və beynəlxalq hüquq müdafiə fəaliyyətini davam etdirdiyi xatırladılıb.
Təşkilat Məmmədlinin fəaliyyətinin beynəlxalq səviyyədə də tanındığını, onun Avropa Şurasının Vatslav Havel İnsan Hüquqları Mükafatına layiq görüldüyünü vurğulayıb.
HRHF Anar Məmmədlinin hökmünü Azərbaycanda müstəqil vətəndaş cəmiyyətinə qarşı daha geniş təzyiq kampaniyasının bir hissəsi hesab edir.
“Onun məhkum edilməsi Azərbaycanın yaxın tarixində siyasi repressiyaların ən ağır dövrlərindən birinə təsadüf edir. Bu, ölkədə müstəqil vətəndaş cəmiyyətindən qalan strukturlara qarşı daha geniş təzyiqlərin bir hissəsidir. Jurnalistlər, fəallar, akademik çevrələrin nümayəndələri və hüquq müdafiəçiləri siyasi motivli həbslər, pis rəftar, cinayət ittihamları və mühacirətlə üzləşirlər”, – bəyanatda deyilir.
Təşkilat Azərbaycan hakimiyyətini Anar Məmmədlini və fundamental hüquqlarından dinc şəkildə istifadə etdiklərinə görə həbs olunan digər şəxsləri dərhal və qeyd-şərtsiz azad etməyə çağırıb.
HRHF həmçinin beynəlxalq ictimaiyyətə və Azərbaycanla münasibətləri olan dövlətlərə müraciət edərək onların həbs olunan şəxslərin azad edilməsi üçün “mövcud bütün diplomatik və siyasi təzyiq vasitələrindən” istifadə etməsini istəyib.
“Anar Məmmədli unudulmuş növbəti siyasi məhbusa çevrilməməlidir. Onun azadlığı və Azərbaycanın müstəqil vətəndaş cəmiyyətinin azadlığı qorunmalıdır”, – Mariya Dale bildirib.
“Amnesty International” da hökmü siyasi repressiyaların davamı sayır
“Amnesty International” da Anar Məmmədlinin “törətmədiyi cinayətlərə görə” 13 il həbsə məhkum edildiyini bildirib.
Təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Mari Strazers deyib ki, Anar Məmmədli barəsində çıxarılan hökm “Toplum TV işi” üzrə doqquz nəfərə verilmiş uzunmüddətli həbs cəzalarının davamıdır.
“Bu hökmlər göstərir ki, hökumətin sui-istifadə hallarını ifşa edən, prezident İlham Əliyevin ailəsinin maraqlarına qarşı çıxan jurnalistlər və digər tənqidçilər sərt şəkildə cəzalandırılır”, – Strazers bildirib.
“Amnesty International”ın bəyanatında qeyd olunur ki, Azərbaycan hakimiyyəti 2009-cu ildən bəri tənqidçi QHT-lər və müstəqil media qurumlarının fəaliyyətinə qoyulan məhdudiyyətləri mərhələli şəkildə sərtləşdirib.
Təşkilat Azərbaycanın beynəlxalq tərəfdaşlarını ölkədə gücləndiyini bildirdiyi repressiyalara göz yummamağa, enerji və iqtisadi əməkdaşlığı insan hüquqlarından üstün tutmamağa çağırıb.
“Amnesty International” da Anar Məmmədlinin və fundamental hüquqlarından dinc şəkildə istifadə etdiklərinə görə həbs edilmiş digər şəxslərin dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edib.
Anar Məmmədliyə 13, Anar Abdullaya 12 il həbs verilib
Sentyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlini 13 il, onunla birlikdə mühakimə olunan ictimai fəal Anar Abdullanı isə 12 il azadlıqdan məhrum edib.
Onlar qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, qaçaqmalçılıq və vergidən yayınmada təqsirli biliniblər. Saxta sənədlərin hazırlanması və onlardan istifadə ilə bağlı ittihama isə xitam verilib.
Hökmdən əvvəl son sözünü deyən Anar Məmmədli həbsinin siyasi sifariş olduğunu bildirib və məhkəmə prosesini “siyasi tamaşa” adlandırıb.
“Ədalət mühakiməsi hüququnu qorumaq əvəzinə siyasi sifarişlər icra etməklə vətəndaşlar üçün Bakı Siyasi Cinayətlər Məhkəməsinə çevrilən bu məhkəmədən heç bir gözləntim yoxdur. Nə zamansa bütün siyasi repressiya qurbanlarına bəraət veriləcək. O zaman bu cür qondarma cinayət işləri ilə bizim azadlıq hüququmuzun pozulması siyasi cinayət əməli kimi tanınacaq”, – Məmmədli deyib.
Məmmədli vurğulayıb ki, onu ən çox sarsıdan 10 ilə yaxındır bloqer və ictimai fəal kimi tanıdığı Anar Abdullanın bu iş üzrə həbsidir. Hüquq müdafiəçisi hesab edir ki, onun ətrafında mütəşəkkil dəstə görüntüsü yaratmaq üçün Anar Abdullanı təqsirləndirilən şəxs qismində bu işə qoşublar:
“Əfsus ki, bu addımı atarkən Anarın anasının səhhətini və ailə vəziyyətinə təsirini nəzərə almadılar. Anarın anası oğlunun qayğısına möhtacdır. Anarın həbsindən sonra anasının vəziyyəti kəskinləşdi və psixi dispanserə yerləşdirildi. Bu rüsvayçılıq Anar Abdullanın azadlığa çıxması ilə həllini tapmalıdır”.
Ölkədə illərdir seçki problemlərini araşdırdığını deyən Anar Məmmədli əlavə edib ki, insan hüquqlarının və demokratik dəyərlərin müdafiəsinə görə ikinci dəfə siyasi məhbus həyatı yaşasa da, buna görə peşman deyil. O, çıxışının sonunda dünyanın müxtəlif ölkələrindəki siyasi məhbuslara əzm və dəyanət arzulayıb.
İctimai fəal Anar Abdullanın son sözü isə qısa olub. Deyib ki, ittihamda onun Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzində yeddi vəzifədə işlədiyini göstəriblər. Bunların arasında hüquqşünas, operator, dizayner, hüquqi məsələlər üzrə koordinator və s. vəzifələr var:
“Məni tanıyanlar bilir ki, kasıb adam olmuşam, nə orada yazılan işlərdə işləmişəm, nə də o qədər pulum olub. Mənim evdə adi kompüterim yox idi. Mən bu işdə “mütəşəkkil dəstə” donu geyindirmək üçün istifadə olunmuş adamam. Ona görə də özümü nədəsə müdafiə etməkdə bir məna görmürəm, gedib otururam yerimdə”.
O, qaçaqmalçılıq ittihamını da əsassız adlandıraraq məhkəmədə bununla bağlı sübut ortaya qoyulmadığını bildirib.
Anar Məmmədli 2024-cü il aprelin 29-da saxlanılıb. Anar Abdulla isə 2025-ci ilin aprelində eyni cinayət işi üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.
Əvvəlcə Abdulla barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib. O, 2026-cı il iyulun 11-də inzibati qaydada 30 sutka həbs edilib. Daha sonra dövlət ittihamçısının vəsatəti əsasında qətimkan tədbiri dəyişdirilib və o, məhkəmə zalında həbs olunub.
Anar Məmmədli və Anar Abdulla ittihamları qəbul etmirlər. Onlar cinayət təqibinin ictimai fəaliyyətləri ilə əlaqəli və siyasi motivli olduğunu bildirirlər.
Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları Anar Məmmədli və Anar Abdullanı siyasi məhbus hesab edirlər.
AbzasMedia