18 il azadlıqdan məhrum edilən talış tədqiqatçısı İqbal Əbilovun yenidən cərimə kamerasına (“kars”) yerləşdirildiyi və sentyabrın 25-dək orada saxlanılmasının nəzərdə tutulduğu bildirilir. Yaxınları onun bundan sonra qapalı tipli həbsxanaya köçürülə biləcəyini deyirlər.
Bu barədə sentyabrın 7-də İqbal Əbilovun Hüquqlarını Müdafiə Komitəsi məlumat yayıb.
Komitənin məlumatına görə, Əbilov iyulun 9-dan 13-dək Bakı İstintaq Təcridxanasında “kars”da saxlanılıb. İyulun 17-də 12 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüldükdən sonra isə yenidən “kars”a yerləşdirilib və avqustun 7-dək orada saxlanılıb.
Avqustun 7-də məhkəmə iclasında iştirak etmək üçün yenidən Bakı İstintaq Təcridxanasına aparılan Əbilov avqustun 21-də 12 saylı Cəzaçəkmə Müəssisəsinə qaytarılıb.
Müdafiə Komitəsi bildirir ki, həmin vaxt Əbilovun yüksək hərarəti və başgicəllənməsi olub, buna görə də o, bir neçə gün müəssisənin sanitar hissəsində saxlanılıb. Lakin komitənin iddiasına görə, səhhəti tam yaxşılaşmadan, avqustun 25-də yenidən “kars”a yerləşdirilib və onun sentyabrın 25-dək orada saxlanılması nəzərdə tutulur.
Komitə Əbilovun bundan sonra qapalı tipli həbsxanaya köçürülməsinin gözlənildiyini də bildirib. Qeyd olunur ki, belə olacağı halda onun ailəsi ilə görüşləri məhdudlaşacaq, yaxınlarından ərzaq bağlaması qəbul etməsinə isə yalnız üç ayda bir dəfə icazə veriləcək.
Açıqlamada Əbilovun ardıcıl olaraq “kars”da saxlanılması nəticəsində xroniki bronxitinin kəskinləşdiyi, tənəffüs problemlərinin və tutmalarının artdığı iddia olunur.
Komitə onun lazımi tibbi yardımla təmin edilmədiyini bildirir və qapalı tipli həbsxanaya mümkün köçürülməsinin Əbilovun sağlamlığı və təhlükəsizliyi ilə bağlı əlavə risklər yaratdığını deyir.
Müdafiə Komitəsi hesab edir ki, Əbilova verilən “kars” cəzaları və digər intizam tədbirləri onun istiqlal şairi Əli Nasirin talış dilində yazdığı şeirin yer aldığı köynəyi geyinməsi, həmçinin Bakı İstintaq Təcridxanasında ona qarşı fiziki güc tətbiq edilməsi barədə iddiaların mediada işıqlandırılması ilə əlaqədardır.
“Bəzi hallarda İqbal Əbilova intizam tədbirinin tətbiq edilməsinin formal səbəbi belə bildirilmir. İqbal Əbilov saxlanıldığı müəssisələrdə daxili intizam və davranış qaydalarını heç vaxt pozmayıb”, – komitənin açıqlamasında deyilir.
Komitə Əbilovun hüquqlarının və təhlükəsizliyinin təmin olunmasını, səhhətinin qorunmasını və ona lazımi tibbi yardım göstərilməsini tələb edib.
İqbal Əbilov 2024-cü il iyulun 22-də Masallı rayonunun Bala Kolatan kəndində saxlanılıb. Ona dövlətə xəyanət ittihamı irəli sürülüb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsi 2025-ci il mayın 20-də Əbilovu 18 il azadlıqdan məhrum edib. Sonradan Şirvan Apellyasiya Məhkəməsi və Ali Məhkəmə hökmü qüvvədə saxlayıb.
Əbilov ittihamı qəbul etmir. O, talış tarixi və mədəniyyəti ilə bağlı fəaliyyəti səbəbindən saxta ittihamlarla həbs olunduğunu bildirir.
Bir sıra yerli və beynəlxalq hüquq müdafiə təşkilatları İqbal Əbilovu siyasi məhbus kimi tanıyıb.
AbzasMedia
