Bakı Ağır Cinayətlər Məhkəməsində
Anar Asəf oğlu Məmmədlinin son sözü
7 Sentyabr, 2026-cı il
Hörmətli məhkəmə heyəti və məhkəmə iştirakçıları!
Mənə qarşı irəli sürülən ittihamlar üzrə bu məhkəmə prosesi bir il öncə başlayarkən bildirmişdim ki, Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin apardığı cinayət işini siyasi sifarişli və əsassız hesab edir, belə ittihamlar üzrə məhkəmə prosesini siyasi tamaşa sayıram. Ötən dövr ərzində cərəyan edən məhkəmə prosesləri mənim qənaətimi yanıltmadı. Bu müddət ərzində məhkəmə nə ətraflı və müfəssəl araşdırma apardı, nə istintaqın tutarsız və sübutsuz ittihamlarını sorğuladı, nə də mənim çoxsaylı vəsatətlərimi təmin etdi. Belə bir məhkəmənin yekunu olaraq, müdafiəm üçün son çıxışımı etməyim təbii ki, faydasız və səmərəsiz görünə bilər. Ancaq bəzi ictimai öhdəliklərimi nəzərə alaraq, son sözümü təqdim etməyi zəruri sayıram.
Əvvəla qeyd edim ki, bu çıxışım Azərbaycan məhkəmə-hüquq sisteminin mövcud eybəcərliklərini gələcəkdə araşdıracaq tədqiqatçılar və hüquqşünaslar üçün nəzərdə tutulub. Əminəm ki, nə zamansa bütün siyasi repressiya qurbanlarına bəraət veriləcək, onların məruz qaldığı hazırki siyasi təqiblər isə öz tarixi-hüquqi qiymətini alacaq. Mən həmçinin inanıram ki, dünyada demokratik inkişaf prosesini keçmiş xalqlar sırasına nə vaxtsa Azərbaycan xalqı da qoşulacaq və indi milli utanc nümunəsi olan siyasi repressiyalara görə bir gün milli qınaq mərhələsi başlayacaq. Şübhəsiz ki, o zaman bu cür qondarma cinayət işləri əsasında təqiblər və həbslərin haqq, hüquq və ədalət anlayışlarını tapdaladığı etiraf olunacaq, bizim azadlıq hüququmuzun pozulması siyasi cinayət əməli kimi tanınacaq və həqiqi məhkəmələr isə bu hadisələrə öz hüquqi qiymətini verəcək.
Bu çıxışım həmçinin 20 ildən artıqdır ki, məni vətəndaş hüquq və azadlıqları uğrunda mübarizəyə həvəsləndirən siyasi inancımla bağlıdır. Mənim siyasi inancıma görə insanların hüquqları uğrunda mübarizədə məğlubiyyətlər və uğursuzluqlar müvəqqəti səciyyə daşıyır. Bu proses yekunda uğurla nəticələnəcək və gələcəkdə Azərbaycan vətəndaşları da müasir tarixin ən qaranlıq siyasi dövrünü arxada qoyub, siyasi aydınlığa çıxaracaq, siyasi azadlıqlarına qovuşacaqlar. Məhz o xoşbəxt nəslin təmsilçiləri üçün bu çıxışım tarixi ipucu rolunu oynasın.
Beləliklə, həyatım boyu ikinci dəfə üzləşdiyim siyasi sifarişli həbsimlə bağlı bu binada ikinci dəfə müdafiə çıxışı etməyə məcbur qalıram. Təbii ki, 2014-cü ildə olduğu kimi indi də özümü təqsirli hesab etmədiyimi, hər hansı cinayət əməlimin olmadığını bəyan edirəm. Mənə görə, ədalət mühakiməsinin əsas məqsədi həqiqəti ortaya çıxarmaqdır. Amma ədalət mühakimə hüququnu qorumaq əvəzinə siyasi sifarişlər icra etməklə vətəndaşlar üçün Bakı Siyasi Cinayətlər Məhkəməsinə çevrilən bu məhkəmədən ciddi ümidim olmadığı üçün bu qondarma cinayət işi ilə bağlı həqiqəti təqdim etmək istəyirəm.
Nəhayət, ötən iki ildən artıq müddətdə siyasi sifarişli həbsimə etiraz edən və məni müdafiə edən həmvətənlərimə, vəkillərimə və insan hüquqları müdafiəçilərinə mənim təqsirsiz olduğuma inandıqları, bununla da ailəmə və yaxınlarıma mənəvi dəstək nümayiş etdirdikləri üçün təşəkkür edirəm!
Mən həmçinin dünyanın müxtəlif ölkələrində çalışan insan hüquqları fəalları, vətəndaş cəmiyyəti təmsilçiləri, seçki ekspertləri və siyasi xadimlərə azadlıq hüququmun müdafiəsi uğrunda çağırışları və təşəbbüslərinə görə minnətdarlığımı bildirirəm. Bununla yanaşı, uzun illər əməkdaşlıq etdiyim BMT-nin İnsan Hüquqları Şurası, ATƏT, Avropa Şurası və Avropa Birliyinin müxtəlif strukturlarında çalışan əməkdaşlara, habelə beynəlxalq insan hüquqları təşkilatlarına Azərbaycanda siyasi repressiya qurbanlarını müdafiə etdikləri üçün təşəkkür edirəm.
Mən dünyadakı bütün insanların azad, ədalətli və bərabər şərtlər çərçivəsində yaşamaq haqqını hansısa dövlətin daxili məsələsi hesab etməmiş, əksinə bu haqqın bütün ölkələr üçün beynəlxalq öhdəlik olduğuna inanmışam. Həbsdə olduğum müddətdə mənim bu inancıma həmrəylik göstərən hər kəsə minnətdaram!
İttihamların əsassız və yalançı mahiyyəti
Hazırki iddialar və ittiham aktına gəldikdə, qısaca olaraq bizə qarşı irəli sürülən ittihamlarda ortaya çıxan hüquqi ziddiyyətlər və qanunsuzluqlara diqqətinizi çəkmək istərdim.
İstintaq qrupu həqiqiliyini müəyyən etmək mümkün olmayan bir sıra layihə sənədləri təqdim edərək, iddia edir ki, guya bunlar Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi adından bağlanmış müqavilələrdir və mən bu sənədlərdə göstərilən maliyyə vəsaitlərini tamah niyyəti ilə əldə etmişəm. Ancaq məhkəmə dövründə bizim tələblərimizə baxmayaraq, bu materialların həqiqiliyi ilə bağlı orada adı çəkilən beynəlxalq təşkilatlara sorğular göndərilmədi. Eyni zamanda nə istintaq orqanı, nə də məhkəmə bu qondarma sənədlərdəki maliyyə vəsaitlərinin həqiqətən qəbul olunub-olunmamasını hərtərəfli şəkildə araşdırmadı. İstintaq bu çürük və boş iddiasını davam etdirərək, həmin sənədlərdə bəhs edilən maliyyə vəsaitinin, yəni 500 min manatdan artıq məbləğin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirildiyini, bununla da kifayətlənməyərək, xeyli miqdarda əmlakın leqallaşdırıldığını iddia edir. Halbuki bu iddiaların araşdırılması üçün aşağıdakı mötəbər suallar məhkəmə dövründə araşdırılmadı:
- İstintaq həqiqətən ittiham aktında göstərilən qrant müqavilələrinin həqiqiliyinə əmindirsə, niyə bu sənədlərin orijinal versiyasını təqdim etmədi?
- İstintaq orqanı bu müqavilələrdə adı çəkilən beynəlxalq təşkilatlara sorğu göndərməyə niyə ehtiyac görmədi?
- İstintaq maliyyə vəsaitlərinin mənim tərəfimdən qəbul olunaraq ölkəyə gətirildiyinə dair niyə sübut və dəlillər təqdim etməyib?
- İstintaq orqanı bu vəsaitlərin qaçaqmalçılıq yolu ilə əldə olunduğunu iddia edirsə, bu vəsaitlərin gömrükdə bəyan edilmədən gizli şəkildə keçirildiyinə dair sübutlara, şahid ifadələri və digər dəlillərə malikdirmi?
- SMDT-nin dövlət qeydiyyatı olmadan fəaliyyət göstərməsi hansı konkret hüquq normasına əsasən özlüyündə “qanunsuz fəaliyyət” kimi qiymətləndirilir? Hüquqi şəxs kimi dövlət qeydiyyatının olmaması ilə həyata keçirilən fəaliyyətin cinayət xarakterli olması arasında səbəbli əlaqə hansı sübutlarla müəyyən edilmişdir?
Ətraflı: Anar_Məmmədli_sonl_söz_7_Sentyabr_2026__original_AZE_
