“QHT işi” üzrə həbsdə olan hüquq müdafiəçisi saxlanma şəraitindən şikayətçidir

by Gozetci

Məmməd Alpay

 

“Seçki Müşahidə” Alyansının direktoru, hüquq müdafiəçisi Məmməd Alpay saxlanma şəraitindən və hüquqlarının məhdudlaşdırılmasından şikayətlənib.

Onun şikayətləri barədə yaxınları məlumat verib.

Yaxınlarının məlumatına görə, “QHT işi” üzrə həbsdə olan Alpay son 6 ayda birinci dərəcəli ailə üzvləri ilə açıq görüşlərin faktiki olaraq dayandırıldığını bildirib. Onun sözlərinə görə, bu müddətdə yalnız şüşə arxasından görüşlərə icazə verilib.

Alpay deyir ki, təcridxana rəhbərliyi açıq görüşlərin bərpa olunacağını dəfələrlə bildirsə də, bu vəd indiyədək yerinə yetirilməyib. Hüquq müdafiəçisinin sözlərinə görə, ikinci dərəcəli qohumlar və dostlarla isə hətta şüşə arxasından görüşmək də mümkün deyil.

O, yaxınlarının göndərdiyi jurnal, qəzet və bəzi hallarda kitabların da ona çatdırılmadığını bildirib.

Məmməd Alpay məhkəmələrə aparılarkən istifadə olunan xüsusi nəqliyyat vasitələrində (“avtozaklar”) saxlanılan şəxslərin normadan artıq sayda yerləşdirildiyini də qeyd edib. Onun sözlərinə görə, bu, hərəkət zamanı ciddi narahatlıq yaradır.

Hüquq müdafiəçisi məhkəmə proseslərindən sonra saxlanılan şəxslərin dərhal təcridxanaya qaytarılmamasından da şikayətlənib. O bildirib ki, prosesləri başa çatan şəxslər saatlarla, bəzən isə bütün gün məhkəmə binalarında və ya avtozaklarda gözləməyə məcbur olurlar.

Alpayın sözlərinə görə, bu hallar saxlanılan şəxslərin fiziki və psixoloji vəziyyətinə mənfi təsir göstərir, onların yorğunluq, havasızlıq, susuzluq, qida və sanitar imkanlardan məhdud istifadə kimi problemlərlə üzləşməsinə səbəb olur.

Məmməd Alpay aidiyyəti qurumları bu məsələləri araşdırmağa və saxlanılan şəxslərin hüquqlarının təmin olunması üçün tədbirlər görməyə çağırıb.

Məmməd Alpay “QHT işi” kimi tanınan cinayət işi üzrə təqsirləndirilən şəxslərdən biridir.

O, 2025-ci il martın 14-də saxlanılıb. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Alpay iki ayrı cinayət işi üzrə ümumilikdə 11 maddə ilə ittiham olunur.

Ona qarşı “QHT işi”, həmçinin Anar Məmmədli işi üzrə Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması – xeyli miqdarda törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313-cü (vəzifə saxtakarlığı), 192.3.2-ci (qanunsuz sahibkarlıq), 193-1.2.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması – təkrar törədildikdə), 193-1.2.3-cü (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması – qulluq mövqeyindən istifadə edilməklə törədildikdə), 193-1.3.1-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması – mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə), 206.4-cü (qaçaqmalçılıq – mütəşəkkil dəstə tərəfindən törədildikdə), 213.2.1-ci (vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma – mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1-ci (rəsmi sənədlərin saxtalaşdırılması və qanunsuz dövriyyəsi) və 320.2-ci (saxta sənədlərdən istifadə) maddələri ilə ittihamlar irəli sürülüb.

Alpay həbsinin insan hüquqları müdafiəsi və seçki monitorinqi fəaliyyəti ilə bağlı olduğunu bildirir.

“QHT işi” çərçivəsində indiyədək təxminən 15 vətəndaş cəmiyyəti nümayəndəsinin cinayət məsuliyyətinə cəlb olunduğu bildirilir.

Hazırda “Vətəndaş Hüquqları İnstitutu”nun rəhbəri Bəşir Süleymanlı, “Seçki Müşahidə” Alyansının direktoru Məmməd Alpay, Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov, ictimai fəallar Zamin Zəki və Əhməd Məmmədzadə həbsdədir.

İş üzrə təqsirləndirilən digər şəxslər barəsində alternativ qətimkan tədbirləri seçilib.

Təqsirləndirilən şəxslər irəli sürülən ittihamları qəbul etmir, onları əsassız və siyasi motivli hesab etdiklərini bildirirlər.

AbzasMedia

You may also like