“Toplum TV işi”ndə müdafiə çıxışları başa çatıb, təqsirləndirilən şəxslər son sözə hazırlaşır

by Gozetci

“Toplum TV işi” üzrə məhkəmə araşdırmasında müdafiə çıxışları başa çatıb. İyulun 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə vəkillər ittihamların sübut olunmadığını, işin siyasi motivli olduğunu və təqsirləndirilən şəxslərə bəraət verilməli olduğunu bildiriblər.

“Toplum TV”nin məlumatına görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə əvvəlcə Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı Ramil Babayevin vəkili Günay İsmayılova müdafiə nitqinə davam edib. Vəkil bildirib ki, müvəkkilinə qarşı irəli sürülən ittihamlar məhkəmə araşdırması zamanı sübuta yetirilməyib.

İttiham aktında Ramil Babayevin xaricdən qaçaqmalçılıq yolu ilə ölkəyə qanunsuz pul gətirdiyi iddia olunur. Günay İsmayılova isə deyib ki, müvəkkilinin xarici pasportu yoxdur.

“İstintaq orqanının Dövlət Sərhəd Xidmətindən götürdüyü məlumatlar da təsdiq edir ki, Ramil Babayev bir neçə dəfə şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə səfər edib. İstintaq orqanı təqsirləndirilən şəxslərə aid şəxsi yazışmaları da oxuyub, amma nədənsə Ramil Babayevin Türkiyəyə səfərinin sırf şəxsi səbəblərlə əlaqədar olduğunu ittiham aktında qeyd etməyib. “Ramil Babayev Türkiyədən ölkəyə necə pul gətirə bilərdi” sualına istintaq orqanı aydınlıq gətirməyib. İstintaqın iddia etdiyinin həqiqət olduğunu fərz etsək belə, xarici donorlar pulu Ramilə hansısa formada təqdim etməli idilər ki, o, qaçaqmalçılıq yolu ilə ölkəyə keçirə bilsin. Bir variant sürətli pul köçürmə vasitəsi ola bilərdi, lakin xaricdən göndərilən pulu Türkiyədə götürə bilmək üçün Ramil Babayev şəxsiyyət vəsiqəsini deyil, xarici pasportunu banka təqdim etməli idi, əks halda hər hansı bank əməliyyatı həyata keçirmək mümkün deyil”, – vəkil bildirib.

Günay İsmayılova cinayət işi materiallarındakı mütəxəssis rəyinə də toxunub. Onun sözlərinə görə, həmin rəydə Ramil Babayevin Azərbaycandakı bank hesablarına xaricdən pul göndərildiyi qeyd edilsə də, iş materiallarında bunu təsdiqləyən sənədlər yoxdur.

“Çox təəssüf ki, mütəxəssis özü müstəqil şəkildə araşdırma aparmadan istintaq orqanının verdiyi məlumatlar əsasında rəy verib. Halbuki mütəxəssis rəyi onun öz müstəqil araşdırması əsasında verilməli idi”, – vəkil deyib.

Daha sonra Günay İsmayılova IDI əməkdaşı İlkin Əmrahovun müdafiə nitqini səsləndirib. O, Əmrahovun da əsassız və qanunsuz ittihamlarla həbs edildiyini bildirib. Vəkilin sözlərinə görə, İlkin Əmrahovun da xarici pasportu yoxdur və o, ümumiyyətlə, heç vaxt ölkədən kənarda olmayıb.

“İstintaqın digər bir iddiası İlkin Əmrahovun qaçaqmalçılıq yolu ilə gətirilən pulun bölüşdürülməsində iştirak etməsidir. Halbuki bu da tamamilə istintaq orqanının fərziyəsidir. Çünki iş üzrə təqsirləndirilən şəxslər və yaxud şahidlər İlkin Əmrahovdan hər hansı məbləğdə pul aldıqlarına və yaxud ona pul verdiklərinə dair ifadə verməyiblər, əksinə, İlkinin IDI-də təcrübə keçdiyini bildiriblər. Digər tərəfdən, İlkin Əmrahov heç vaxt xarici valyuta dəyişməyib, onun yerli bank hesabına tələbə təqaüdü və özünün etdiyi xırda mədaxillərdən başqa heç bir mədaxil, xüsusilə də xarici valyutada mədaxil olmamışdır”, – vəkil qeyd edib.

Günay İsmayılova bildirib ki, İlkin Əmrahovun evindən tapıldığı iddia olunan pul əsginaslarının üzərində barmaq izlərinin yoxlanılması üçün tozlandırma prosesi aparılmayıb.

“Ən əsası isə İlkinin barmaq izlərinin pullar üzərində tapıldığı haqda rəyi verən qurum Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsidir. İstintaqı həyata keçirən qurumun daxilindəki digər qurumun verdiyi rəy mötəbər sübut kimi qəbul edilə bilməz və sübutlar siyahısından çıxarılmalıdır. Məhkəmə istintaqı zamanı müdafiə tərəfi təkrar daktiloskopik ekspertiza keçirilməsi barədə vəsatət versə də, məhkəmə bu vəsatəti təmin etmədi. Hətta müdafiə tərəfi rəyi vermiş ekspertin şahid qismində dindirilməsini istəsə də, bu da təmin edilmədi”, – vəkil bildirib.

Günay İsmayılova məhkəmədən hər iki müvəkkilinə bəraət verilməsini istəyib.

“Toplum TV”nin həmtəsisçisi, media hüququ eksperti Ələsgər Məmmədlinin vəkili Fəxrəddin Mehdiyev müdafiə nitqində ittiham tərəfinin ciddi qanun pozuntularına yol verdiyini deyib. Onun sözlərinə görə, bu pozuntuların miqyası o qədər böyükdür ki, onları sadəcə “kobud qanun pozuntuları” kimi xarakterizə etmək yetərli deyil.

“İttihamda əsas problem onun qərəzli və manipulyasiya xarakterli olmasındadır. Bu, onda özünü göstərir ki, maddi hüquq normaları ilə prosessual hüquq normaları arasında uçurum var. Əslində bunlar arasında vəhdət olmalıdır. Cinayətin baş verməsi faktı və halları prosessual normalarla əsaslandırılmalıdır. Çox qəribədir ki, ittiham tərəfi cinayətin baş verməsində maddi normalara istinad edir, ittiham elan edir, guya baş vermiş cinayətin faktı və halları barədə bir arqument gətirmir və bu zaman ümumi ifadələrə, söz kombinasiyalarına, qərəzli mülahizələrə yol verir”, – vəkil qeyd edib.

Fəxrəddin Mehdiyev Ələsgər Məmmədlinin müəllim və media eksperti kimi maarifləndirmə fəaliyyətindən də danışıb. O bildirib ki, Məmmədlinin media sahəsində beynəlxalq tədbirlərdə iştirakı və ekspert kimi fəaliyyəti ictimai əhəmiyyət daşıyır.

“Ələsgər Məmmədlinin ziyalı kimi, media sahəsində ekspert kimi dünya səviyyəsində keçirilən yüksək tribunalarda iştirakı böyük hadisədir. Ələsgər Məmmədli kimi şəxslərin qanunsuz həbsi təkcə şəxsi məsələ deyil, bu həm də ictimai məsələdir. Belə insanların cəmiyyətdən təcrid edilməsi, qanunsuz həbsi cəmiyyətin inkişaf qanunlarına ziddir. Çünki bu, cəmiyyətin inkişafını ləngidir və dayandırır”, – vəkil bildirib.

“Toplum TV” əməkdaşı Fərid İsmayılovun vəkili Zibeydə Sadıqova isə müdafiə nitqində hüquqi müdafiə qurmaqdan imtina etdiyini deyib. O, bunu məhkəmələrdə hüquqi nəticə əldə etməyin mümkün olmaması ilə izah edib.

“Azərbaycan məhkəmələrində hüquqi nəticə əldə etmirik, təəssüf ki. Fərid barəsində əvvəlcə həbs qətimkan tədbiri seçilməmişdi. Fərid sərbəst buraxılandan sonra jurnalist fəaliyyətinə davam etdi. Əgər qaçaqmalçılıqdan söhbət getsəydi, bu məhkəmələrdə qaçaqmalçılar ev dustaqlığına buraxılır. Sizin marağınız nə oldu ki, Fəridi ev dustaqlığına buraxmadınız? İndiyə qədər bəraət alacağımızla bağlı gözlənti yoxdur. Məhkəmələr o səviyyəyə çatmalıdır ki, belə gülünc cinayət işi məhkəməyə gəlməməlidir. Adam öldürən şəxslərə 9 il, həyat yoldaşını öldürən hakimə 7 il cəza verilir. Ancaq jurnalist fəaliyyətinə görə Fəridə 13 il cəza tələb edilir? Niyə? “Etirafedici” ifadəyə əsaslanacağıqsa, məhkəmələr nəyə lazımdır? Cinayət işi materiallarında bir sənəd-sübut yoxdur ki, ona qarşı müvəkkili müdafiə edək. Fərid İsmayılov azadlıqda ola-ola müsahibələr alırdı, dostlarını müdafiə edirdi. Bu, istintaqın xoşuna gəlmədi və buna görə cəzalandırıldı”, – vəkil bildirib.

III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli, “Toplum TV” əməkdaşı Müşfiq Cabbarov və IDI əməkdaşı Əli Zeynalovun vəkili Rəsul Cəfərov müdafiə nitqində deyib ki, ittihamları qiymətləndirərkən əvvəlcə cinayət işinin kontekstinə baxmaq lazımdır.

O bildirib ki, Azərbaycanda müstəqil qeyri-hökumət təşkilatlarının və media qurumlarının fəaliyyəti üçün ciddi maneələr var. Vəkilin sözlərinə görə, jurnalistlərin həbsi, təqibi və hücumlara məruz qalması davamlı müşahidə edilir.

“2023-cü ilin noyabr ayından etibarən hökumətyönlü mətbuatda ictimai fəallar, vətəndaş cəmiyyəti və media qurumları, o cümlədən həmin qurumların nümayəndələri ilə bağlı qarayaxma xarakterli silsilə məqalələr yazılmağa başlanmışdır. Həmin dövrdə “Abzas Media” resursu əsas hədəf kimi göstərilsə də, “Toplum TV” və “Demokratik Təşəbbüslər İnstitutu” kimi qurumlara və onların fəaliyyətinə də qarayaxma kampaniyalarında yer ayrılmışdır. Ərizəçilərə qarşı bilavasitə cinayət təqibinin başlanmasından qısa müddət öncə və cinayət işinin başlanmasından sonra bu kampaniyalar davam etmiş, hələ rəsmi ittihamlar məlum olmadan və məhkəmə qərarları verilmədən irəli sürüləcək ittihamların “əsaslandırması”na dair “araşdırma”lar, “təhlil”lər yayımlanmışdır. Bu kimi yazılar, o cümlədən hakim partiyadan olan deputatların müsahibələri ibtidai istintaq dövründə və məhkəmə araşdırması zamanı da davam etmişdir”, – Rəsul Cəfərov qeyd edib.

Vəkil bildirib ki, təqsirləndirilən şəxslər hər hansı cinayət əməlinə görə deyil, tənqidi mövqelərinə və fəaliyyətlərinə görə hədəfə alınıblar.

Rəsul Cəfərovun sözlərinə görə, ittihamlar əsasən “Toplum TV” və IDI-nin dövlət qeydiyyatı olmadan fəaliyyəti ilə əlaqələndirilir. O xatırladıb ki, Azərbaycan hökuməti “Ramazanova Qrupu” üzrə işlərlə bağlı Avropa Şurası Nazirlər Komitəsinə təqdim etdiyi Fəaliyyət Hesabatında ölkədə QHT-lərin təşkilinə heç bir maneə olmadığını, dövlət orqanlarının qeydiyyata alınmamış ictimai birliklərlə qeydiyyata alınmış qeyri-kommersiya təşkilatları arasında fərq qoymadığını bildirib.

Rəsul Cəfərov ittiham aktının tərtib olunma formasını da tənqid edib. Onun sözlərinə görə, istintaq orqanı ittihamı mürəkkəb və anlaşılmaz şəkildə təqdim etməklə ona “saxta legitimlik” verməyə çalışıb.

“İstintaq orqanı 9 səhifə uzunluğunda olan bir cümlədən ibarət ittihamla çıxış etmişdir. Üstəlik, ittihamlar iş materiallarında olan hər hansı bir sübutlarla təsdiq edilməyən və sırf müstəntiqlərin fərziyyəsi olan “tamah niyyəti ilə”, “ümumi cinayətkar niyyətlərini həyata keçirməkdən ötrü”, “cinayətlərin törədilməsinin uzun müddət davam edən sistemli planını hazırlamış” kimi şablon ifadələrlə, eyni ifadələrin dəfələrlə təkrarlanması ilə, məzmun olaraq daha da mürəkkəbləşdirilmişdir. Mürəkkəb cümlələrdə heç də az olmayan sintaksis səhvləri bəzən ittihamın mahiyyətini mücərrəd, anlaşılmaz və qarmaqarışıq etmişdir. Bununla, istintaq orqanı irəli sürdüyü ittihamları pərdələməyə, ittihamlara saxta legitimlik verməyə çalışmışdır”, – vəkil bildirib.

Vəkillər Bəhruz Bayramov və Elçin Sadıqov prosesdə iştirak edə bilməyiblər. Onlar əvvəlcədən müdafiə nitqləri ilə razı olduqlarını məhkəməyə bildiriblər.

Bununla da “Toplum TV işi” üzrə müdafiə çıxışları başa çatıb. Növbəti proses iyulun 13-nə təyin olunub. Həmin iclasda təqsirləndirilən şəxslərin son söz deyəcəyi gözlənilir.

“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Hazırda III Respublika Platformasının spikeri Akif Qurbanov, platformanın qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbarov, jurnalist Fərid İsmayılov, həmçinin IDI əməkdaşları Əli Zeynalov, İlkin Əmrahov və Ramil Babayev həbsdə saxlanılır.

Jurnalist Elmir Abbasov polis nəzarətindədir. “Toplum TV”nin redaktoru Şahnaz Bəylərqızı isə əvvəl ev dustaqlığına buraxılıb, daha sonra barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslər əvvəlcə qaçaqmalçılıqda ittiham olunublar. Sonradan onlara qarşı ittihamların ağırlaşdırıldığı bildirilib. Onlar ittihamları qəbul etmir, həbslərinin siyasi sifarişlə bağlı olduğunu deyirlər.

AbzasMedia

You may also like