
Məmməd Alpay
Yanvarın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Seçki Müşahidə Alyansı”nın sədri, hüquq müdafiəçisi Məmməd Alpayın işi üzrə hazırlıq iclası keçirilib.
Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, iş üzrə prosessual məsələlər müzakirə olunub.
Hazırlıq iclası zamanı dövlət ittihamçısı vəsatətlə çıxış edərək iş materialları ilə tanış olmaq üçün əlavə vaxt istəyib. Məhkəmə vəsatəti təmin edib və iclas təxirə salınıb.
Növbəti məhkəmə iclası yanvarın 22-nə təyin olunub.
“QHT işi” çərçivəsində indiyədək təxminən 15 vətəndaş cəmiyyəti nümayəndəsi cinayət məsuliyyətinə cəlb olunub. Hazırda “Vətəndaş Hüquqları İnstitutu”nun rəhbəri Bəşir Süleymanlı, “Seçki Müşahidə Alyansı”nın direktoru Məmməd Alpay, Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov, ictimai fəallar Zamin Zəki və Əhməd Məmmədzadə həbsdə saxlanılır.
“Sosial Hüquqlar Mərkəzi”nin rəhbəri Sübhan Həsənli və fəal Aytac Ağazadə ölkədən kənarda olduqları üçün axtarışa verilib. Digər şəxslər barəsində isə alternativ qətimkan tədbirlərinin seçildiyi bildirilir.
Təqsirləndirilən şəxslərin hamısı irəli sürülən ittihamları əsassız və siyasi motivli hesab etdiklərini bəyan ediblər.
AbzasMedia