Ali Məhkəmə “Kanal 11”in rəhbəri Teymur Kərimovun cəzasını 2 il azaldıb

by Gozetci

Teymur Kərimov

 

“Kanal 11” internet televiziyasının həbsdə olan rəhbəri Teymur Kərimovun barəsində çıxarılmış hökmdən verilən kassasiya şikayətinə Ali Məhkəmədə baxılıb.

“APA”nın məlumatına görə, dekabrın 24-də Ali Məhkəmədə hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Məhkəmə kassasiya şikayətini qismən təmin edib və Teymur Kərimovun cəzasını 2 il azaldıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Teymur Kərimov 2 il jurnalistika fəaliyyəti ilə məşğul olmasına qadağa qoyulmaqla 8 il müddətinə azadlıqdan məhrum edilmişdi. Bakı Apellyasiya Məhkəməsi daha əvvəl onun cəzasını 1 il azaltmışdı.

Teymur Kərimov və onunla birgə ittiham olunan İstək Totiyeva Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi (hədə-qorxu yolu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ilə təqsirləndiriliblər.

İstək Totiyevaya isə 2 il sınaq müddəti təyin edilməklə şərti cəza verildiyi bildirilir.

Teymur Kərimov ittihamları qəbul etməyib, həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirib.

AbzasMedia

You may also like