Rüfət Səfərovun qanunsuz həbsindən bir il ötür

by Gozetci

Rüfət Səfərov

 

Bu gün hüquqşünas, insan haqları müdafiəçisi və “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının həm-təsisçisi Rüfət Səfərovun həbsindən bir il ötür. Onun həbsi, Azərbaycanda hüquqşünaslara və insan haqları müdafiəçilərinə qarşı sistemli repressiyanın ən ciddi nümunələrindən biridir.

Rüfət Səfərov artıq 365 gündür ki, heç bir hüquqi əsas olmadan azadlıqdan məhrum edilib və bu müddət ərzində onun həbsi həm milli qanunvericiliyin, həm də beynəlxalq insan hüquqları standartlarının kobud şəkildə pozulmasının çoxsaylı halları ilə yadda qalıb.

Rüfət Səfərov 3 dekabr 2024-cü ildə polis tərəfindən zorakılıqla saxlanılıb və bir neçə saat ərzində yerinin məlum olmaması onu faktiki olaraq qanunsuz olaraq təcrid vəziyyətinə salıb. Ertəsi gün o, Binəqədi Rayon Məhkəməsinə çıxarılıb və Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma-ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə), 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və 221.1 (xuliqanlıq) maddələri ilə ittiham olunaraq barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib.

Müdafiə tərəfi ev dustaqlığı və digər alternativ qətimkan tədbirləri barədə əsaslandırılmış vəsatətlər qaldırsa da, məhkəmə onların heç birini kifayət edici əsaslar göstərmədən rədd edib. Qərar Cinayət Prosessual Məcəlləsinin 155-ci maddəsinin tələb etdiyi hər qətimkan tədbirinin tətbiqi üzrə əsaslarvə işə xas spesifik hüquqi əsaslandırma edilməyib. AİHM-in Letellier Fransaya qarşı, Rasul Cəfərov Azərbaycana qarşı və digər presedentlərinə görə həbs yalnız real və sübuta yetirilmiş risklər əsasında tətbiq oluna bilsə də, bütün siyasi motivli işlərdə olduğu kimi Səfərovun işində belə risklər nə istintaq orqanı tərəfindən göstərilib, nə də məhkəmə qiymətləndirməsi ilə təhlil edilib.

Ötən bir il ərzində Rüfət Səfərov barəsində seçilmiş aylıq həbs-qətimkan tədbirinin müddəti məhkəmə qərarları ilə dörd dəfə ümumilikdə 12 aya qədər uzadılıb. Hər bir uzadılma qərarı ilə bağlı müdafiə tərəfinin Bakı Apellyasiya Məhkəməsinə verdiyi şikayətlər rədd edilib. Bu dövr ərzində müdafiə tərəfinin iş üzrə irəli sürdüyü təxminən 20 vəsatət ya rədd edilib, ya da ümumiyyətlə baxılmamış saxlanılıb. Səfərov Binəqədi Rayon Məhkəməsində, Bakı Apellyasiya Məhkəməsində və Bakı Ağır Cinayətlər Məhkəməsində ümumilikdə 13 dəfə məhkəmə qarşısına çıxarılıb, lakin məhkəmələrin heç biri şikayətlərə tam və obyektiv baxışı təmin edə bilməyib.

Məhkəmə prosesləri boyunca müdafiə tərəfi obyektiv araşdırmanın aparılması üçün çoxsaylı vəsatətlər qaldırsa da, iqtisadi ekspertiza, şahidlərin təzyiqə məruz qalmadan dindirilməsi, sənədlərin orijinallığının ekspertizası, rəqəmsal məlumatların texniki analizi və hadisə yerinə baxış kimi tələblər rədd edilib. Bu vəsatətlərin rədd edilməsi ilə iş üzrə obyektivlik və qərəzsizlik prinsipləri təmin edilməyib.

Məhkəmə işlərində vəsatətlərin əksəriyyəti ya dərhal rədd edilib, ya da ümumiyyətlə müzakirəyə çıxarılmayıb. Bu yanaşma işi həm fakt, həm də hüquq baxımından tam araşdırmaq öhdəliyinin pozulması deməkdir

Rüfət Səfərov məhkəmə dinləmələri verdiyi ifadədə ittihamların siyasi motivli olduğunu vurğuladı. O qeyd etdi ki, uzun illərdir Azərbaycanda işgəncələrin monitorinqi, siyasi məhbuslarla bağlı hesabatların hazırlanması, insan hüquqlarının müdafiəsi və ədalətsiz məhkəmə prosesləri haqqında məlumatların ictimailəşdirilməsi ilə məşğul olan bir hüquq müdafiəçisi kimi hakimiyyətin hədəfində olub.

Saxlanılmasından bir neçə gün əvvəl Səfərov ABŞ Dövlət Departamentinin İnsan Hüquqları Müdafiəçisi Mükafatına layiq görülmüş və tədbirə Dövlət Katibi Entoni Blinken tərəfindən dəvət almışdı. Vəkili Elçin Sadıqovun sözlərinə görə, məhz bu mükafatdan sonra Azərbaycan hökuməti onun saxlanılması barədə “siyasi qərar” qəbul edib və iş üzrə ittihamlar “sonradan düzülüb-qoşulub”. Vaşinqtondakı mükafat mərasimində Səfərov üçün ayrılmış rəmzi “boş stul” isə beynəlxalq ictimaiyyətin diqqətini onun əsassız həbsi üzərinə çəkən simvola çevrildi.

Qeyd etmək lazımdır ki, Rüfət Səfərovun həbsi ilk belə hal deyil. O, 2015-ci ildə prokurorluq sistemindən istefasını və korrupsiya, hüquq pozuntuları barədə ictimai açıqlamalarından sonra onun evində və iş yerində axtarış aparılmış, barəsində cinayət işi başlanmış, o, qısa müddətə həbs edilmiş və daha sonra ev dustaqlığına buraxılmışdı. Bu fakt da onun uzun illərdir ardıcıl siyasi təzyiq və təqib altında olduğunu göstərir.

Onun hazırkı həbsi həm yerli, həm də beynəlxalq səviyyədə sərt formada tənqid olunub. ABŞ Dövlət Departamenti dərhal narahatlıq ifadə edərək Azərbaycanda hüquq müdafiəçilərinin təhlükəsiz və maneəsiz fəaliyyət göstərməsinin vacibliyini vurğuladı. Amnesty International, International Federation for Human Rights (FIDH)digər beynəlxalq qurumlar ittihamların siyasi motivli olduğunu, istintaqın qərəzsiz aparılmadığını və məhkəmə prosesinin hüquqi standartlara cavab vermədiyini bəyan edərək onun dərhal azad edilməsini tələb etdilər.

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesi 30 iyun 2025-ci il tarixdə başlayıb və hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir. Mövcud mənzərə göstərir ki, ittiham tərəfi irəli sürdüyü iddiaların heç biri ilə bağlı faktiki və hüquqi əsaslar təqdim etməyib. Müdafiə tərəfinin vəsatətlərinin sistematik şəkildə rədd edilməsi, sübutların araşdırılmaması, məhkəmənin “tam yurisdiksiya” öhdəliyini icra etməməsi və siyasi motiv ehtimallarına hüquqi qiymət verilməməsi göstərir ki, proses azadlıq hüququnun təminatına dair milli qanunvericiliyin və Avropa İnsan Hüquqları Konvensiyasının tələblərinə cavab vermir.

Full link  to the text in English

You may also like