Bəşir Süleymanlının cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib

by Gozetci

Bəşir Süleymanlı

 

Bu gün, oktyabrın 23-də Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlının cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Vüsal Mehralıyev ittiham aktını elan edib.

İttihama görə, Bəşir Süleymanlı ABŞ-ın “German Marşal Fondu”ndan (GMF) və digər fondlardan sosial məzmunlu layihələr keçirmək adı ilə ayrılan ümumilikdə 148 min manatdan artıq vəsaiti – qrantı mənimsəməkdə şübhəli sayılır. İddiaya görə, o, GMF-in Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimli və digərləri ilə əlaqəli olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib, alınmış qrantlar barədə müvafiq nazirliklərə məlumat verməyib.

Bəşir Süleymanlı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O habelə vurğulayıb ki, bu, siyasi, qurama işdir.

Prosesdə bəlli olub ki, Mehriban Rəhimli ilə bağlı iş ayrı icraata verilib və hazırda ibtidai istintaq davam edir.

Növbəti proses noyabrın 20-nə təyin edilib.

AzadlıqRadiosu

You may also like