Tofiq Yaqublu həbsxanadakı şəraitə etiraz olaraq ailəsi ilə telefon danışığından imtina edib

by Gozetci

Tofiq Yaqublu

 

Müsavat Partiyasının və Milli Şuranın həbsdə olan üzvü Tofiq Yaqublunun ailəsi onun saxlanıldığı 17 saylı Cəzaçəkmə Müəssisəsində şəraitin daha da ağırlaşdığını bildirir.

Siyasətçinin qızı Nigar Həzi noyabrın 12-də “Facebook” səhifəsində yazıb ki, atası həbsxanadakı şəraitə etiraz olaraq növbəsi çatmasına baxmayaraq, ailəsi ilə telefon danışığından imtina edib.

Onun sözlərinə görə, həmin gün Ombudsman Aparatının nümayəndələri cəzaçəkmə müəssisəsinə gəlsələr də, Tofiq Yaqublu ilə görüşməyiblər:

“Onlar Tofiq Yaqublu ilə yox, yalnız dindar məhbuslarla görüşüb gediblər. Halbuki son həftələrdə biz dəfələrlə Ombudsman Aparatının nümayəndəsi ilə əlaqə saxlayıb Tofiq Yaqublu ilə görüşmələrini istəmişdik. Nəticə isə budur”.

Nigar Həzi bildirib ki, atası həbsxanadakı problemlərlə bağlı müəssisənin rəisi Şəfaət Abbasovla görüşmək üçün dəfələrlə rəsmi müraciət etsə də, onunla görüşə bilməyib.

Siyasətçinin qızı həbsxanada məhbusların televizordan istifadə imkanlarının məhdudlaşdırıldığını, otaqlarda isə ciddi sıxlıq yarandığını deyir:

“Onun televizordan istifadə imkanı əlindən alınıb. Xatırladım ki, həbsxanada yeganə informasiya mənbəyi televizordur.

Bundan əlavə, balaca otaqlarda, baraklarda nəzərdə tutulandan daha çox məhbus yerləşdiriblər. Xeyli məhbus çarpayı yetməzliyindən yerdə yatır. Bir az böyük otağı boşaldıb ora bir televizor qoyublar və 300-400 məhbusa da ancaq bu televizordan istifadə ediləcəyini bildiriblər”.

Nigar Həzi son günlər digər cəzaçəkmə müəssisələrində saxlanılan siyasi məhbuslara qarşı təzyiqlərlə bağlı da məlumatların yayıldığını xatırladıb. O, vəziyyətin bir neçə həbsxanada oxşar olduğunu bildirib.

“Bu qədər də insanlıqdan uzaq olmaq olmaz. İnsanları günahsız həbs etdiyiniz azmış kimi, həbsxanalarda da yaşayışı cəhənnəmə çevirmisiz”, – deyə o qeyd edib.

Nigar Həzi həbsxanalarda vəziyyətin ağırlaşmasını Penitensiar Xidmətin yeni rəisi Sahib Rzayevin fəaliyyəti ilə də əlaqələndirib:

“Görünən odur ki, Penitensiar Xidmətin yeni rəisi Sahib Rzayev özünün yeni “qaydalar”ını tətbiq etməklə yuxarıdakıların yanında nüfuz sahibi olmaq istəyir. Özünü sanki “kim daha yaxşı qəddarlıq edir” yarışının iştirakçısı kimi aparır”.

Sahib Rzayev oktyabrın 27-də Penitensiar Xidmətin rəisi təyin edilib. O, 2025-ci ilin yanvarından Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin rəis müavini, daha sonra isə həmin idarənin rəisi vəzifəsində çalışıb.

Hələlik Nigar Həzinin açıqlamasına Penitensiar Xidmətdən və Ombudsman Aparatından münasibət almaq mümkün olmayıb.

Penitensiar Xidmət bundan əvvəl oxşar şikayətlərlə bağlı açıqlamalarında məhbuslarla qanun çərçivəsində davranıldığını bildirib. Qurum rəsmiləri cəzaçəkmə müəssisələrində sıxlıqla bağlı şikayətləri də əsassız hesab ediblər.

Tofiq Yaqublunun yaxınları bu ilin fevralında da onun həbsdə təzyiqlərə məruz qaldığını və cərimə kamerasına salındığını açıqlamışdılar. Ailəsi həmin vaxt baş verənləri siyasətçinin oğlunun ABŞ-də Azərbaycandakı siyasi məhbuslara dəstək aksiyasında iştirakı ilə əlaqələndirmişdi.

Tofiq Yaqublu 2023-cü il dekabrın 14-dən həbsdədir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama və ya ondan istifadə etmə ittihamları üzrə təqsirli bilinərək 9 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Siyasətçi ittihamları qəbul etmir, siyasi fəaliyyətinə görə şərlənərək həbs olunduğunu bildirir.

Tofiq Yaqublu bundan əvvəl də bir neçə dəfə həbs edilib. Yerli və beynəlxalq insan hüquqları təşkilatları onu siyasi məhbus hesab edirlər.

Azərbaycan hakimiyyəti isə ölkədə siyasi məhbusların olması fikrini rədd edir və bu siyahılara daxil edilən şəxslərin törətdikləri cinayətlərə görə məsuliyyətə cəlb olunduqlarını bildirir.

AbzasMedia

You may also like