
Elnur Yusubov
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Sabunçu rayon şöbəsinin sədri Elnur Yusubov 30 sutka inzibati həbs cəzası alıb.
Partiya üzvlərinin məlumatına görə, Yusubov noyabrın 13-də İnzibati Həbs Olunanların Saxlanılma Mərkəzindən ailəsinə zəng edərək həbs olunduğunu bildirib.
AXCP fəalı sosial şəbəkələrdəki paylaşımlarına görə İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə təqsirli bilinib. Həmin maddə internetdə yayılması qanunla qadağan edilən məlumatların yerləşdirilməsinə görə məsuliyyət nəzərdə tutur.
Yusubovun konkret hansı paylaşımına görə cəzalandırıldığı açıqlanmayıb.
AXCP-dən bildirilib ki, ixtisasca diş həkimi olan Yusubov şöbə sədri vəzifəsinə yeni seçilib. Partiyanın məlumatına görə, o, sosial şəbəkələrdə hakimiyyəti tənqid edən paylaşımlar edib.
Yusubovun həbsi noyabrın 12-də onun itkin düşməsi barədə yayılan məlumatdan bir gün sonra məlum olub. Həmin gün AXCP onun səhər evdən çıxdığını, lakin iş yerinə çatmadığını və əlaqə saxlamağın mümkün olmadığını açıqlamışdı. Partiyanın məlumatına görə, Yusubovun avtomobili evinin yaxınlığında qapıları açıq, açarı isə üzərində vəziyyətdə tapılıb.
Partiya həmin vaxt fəalın saxlanıldığını ehtimal edirdi.
Son illər AXCP-nin çoxsaylı üzvü inzibati və cinayət məsuliyyətinə cəlb olunub. Partiyanın məlumatına görə, 20-dən çox fəalı uzunmüddətli həbs cəzası çəkir. Həbsdə olanlar arasında partiya sədri Əli Kərimli də var.
Partiye üzvlərinə qarşı irəli sürülən ittihamların siyasi motivli olduğunu bildirir.
Toplum TV