“Meydan TV işi”: Nurlan Libre təcridxanada döyüldüyünü bildirib, şahidlər dindirilməyib

by Gozetci

Oktyabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Meydan TV işi” üzrə keçirilən prosesdə həbsdə olan jurnalist Nurlan Libre (Qəhrəmanlı) istintaq təcridxanasında fiziki zorakılığa məruz qaldığını və məhkəməyə hazırlıq üçün topladığı sənədlərin əlindən alındığını bildirib.

“Meydan TV”nin yazdığına görə, jurnalist sənədləri qaytarılmadan özünü müdafiə edə bilməyəcəyini deyərək şahidlərin dindirilməsinə etiraz edib. Nəticədə məhkəməyə gələn şahidlərin ifadələri dinlənilməyib.

Hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Nurlan Libre bildirib ki, oktyabrın 18-də Bakı İstintaq Təcridxanasında saxlandığı kamerada axtarış aparılıb. Onun sözlərinə görə, ittiham aktı və məhkəməyə hazırlıq üçün topladığı qeydlər də daxil olmaqla, bütün sənədləri əlindən alınıb.

Jurnalist iddia edib ki, bundan sonra təcridxana rəisi Elnur İsmayılovun otağında döyülüb.

“İstintaq təcridxanasının rəisi Elnur İsmayılovun sifarişi ilə qaldığım kamerada “şmon” elədilər, bütün sənədlərimi götürdülər – ittiham aktını, qeydlərimi. Sonra da Elnur İsmayılovun otağında zorakılığa məruz qaldım. Vəkilim haqqında küçə qadınına yaraşan ifadələr işlətdilər, mən də dözmədim, o ifadələri qaytardım. Ona görə döydülər”, – Nurlan Libre deyib.

Jurnalistin sözlərinə görə, hadisədən sonra o, üç gün cərimə kamerasında (kars) saxlanılıb. Kamera yoldaşı da cəzalandırılaraq beton döşəmədə yatmağa məcbur edilib.

“Adını qoydular ki, guya “şmon”a maneçilik törətmişəm, ona görə kars cəzası veriblər. Amma yalan idi. Hicabla bağlı yazdıqlarıma görə cəzalandırırdılar”, – jurnalist bildirib.

Nurlan Libre sənədləri qaytarılmadan şahidlərə sual verə bilməyəcəyini deyərək məhkəmə iclasının təxirə salınmasını istəyib.

Prosesdə iştirak edən bir neçə vəkil də sənədlərin əlindən alınmasının jurnalistin müdafiə hüququna təsir etdiyini bildirib.

Məhkəmədə həbsdə olan digər jurnalist Xəyalə Ağayeva isə nikaha daxil olması ilə bağlı məhkəmə qərarının indiyədək icra edilmədiyini deyib.

O xatırladıb ki, bir neçə ay əvvəl həbsdə olduğu müddətdə nikah bağlamasına icazə verilməsi barədə vəsatəti təmin olunub. Lakin jurnalistin sözlərinə görə, qərar hələ də yerinə yetirilməyib.

“Məhkəmə olaraq siz mənim nikah bağlamaq barədə vəsatətimi təmin etmişdiniz. Lakin Penitensiar Xidmət qərarı icra eləmir”, – Xəyalə Ağayeva bildirib.

Hakim Zaur Hacıyev məhkəmənin belə bir qərar qəbul etdiyini təsdiqləyib və jurnalistin vəkilinin həmin qərar əsasında Penitensiar Xidmətə müraciət edə biləcəyini deyib.

Növbəti məhkəmə iclası noyabrın 2-nə təyin olunub.

“Meydan TV işi” üzrə həbslər 2024-cü il dekabrın 6-da başlayıb. Həmin gün “Meydan TV”nin bir neçə əməkdaşı saxlanılıb. Sonrakı aylarda iş üzrə başqa jurnalistlər də həbs edilib.

Hazırda iş üzrə 12 nəfər məhkəmə qarşısına çıxarılıb.

Onların arasında “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş, əməkdaşları Aysel Ümüdova, Natiq Cavadlı, Aytac Tapdıq (Əhmədova), Xəyalə Ağayeva və Ramin Deko, “arqument.az” saytının rəhbəri, redaktor Şəmşad Ağa (Ağayev), Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov, fotojurnalist Əhməd Muxtar, “Amerikanın səsi”nin əməkdaşı Ülviyyə Əli (Quliyeva), jurnalistlər Nurlan Libre və Fatimə Mövlamlı var.

Jurnalistlərə əvvəlcə qaçaqmalçılıq ittihamı irəli sürülüb, sonradan ittihamlar ağırlaşdırılıb.

Onlar ittihamları qəbul etmir, hökumətdə korrupsiya və digər qanunsuzluqlarla bağlı araşdırmalarına, eləcə də tənqidi jurnalist fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bildirirlər.

AbzasMedia

You may also like