Anar Məmmədli və Anar Abdullanın apellyasiya məhkəməsi başlayıb

by Gozetci

Anar Məmmədli və Anar Abdulla

 

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli və ictimai fəal Anar Abdullanın həbs hökmlərindən verilmiş apellyasiya şikayəti üzrə ilkin məhkəmə iclasında müdafiə tərəfinin bütün vəsatətləri rədd edilib.

Oktyabrın 26-da Bakı Apellyasiya Məhkəməsində hakim Mehriban Qarayevanın sədrliyi ilə keçirilən prosesdə vəkillər təqsirləndirilən şəxslərin şüşə kabinədən çıxarılmasını, ev dustaqlığına buraxılmasını və cinayət işindəki sübutların yenidən araşdırılmasını tələb ediblər.

Vəkil Elçin Sadıqov Anar Məmmədli və Anar Abdullanın məhkəmə zalındakı şüşə kabinədən çıxarılaraq müdafiəçilərinin yanında əyləşməsini istəyib. Lakin məhkəmə vəsatəti təmin etməyib. Qərar zalın pəncərələrinin açıq olması və təqsirləndirilən şəxslərin qaçma ehtimalı ilə əsaslandırılıb.

Vəkil cinayət işindəki bir sıra sənədlərin sübut kimi qəbul edilməsinə də etiraz edib. Onun sözlərinə görə, həmin sənədlərə müdafiə tərəfinin iştirakı olmadan baxış keçirilib. Bu məsələ birinci instansiya məhkəməsində də qaldırılsa da, nəzərə alınmayıb.

“O sənədlərə müdafiə tərəfinin iştirakı olmadan baxış keçirilib, bu da qanunsuzdur və etibarsız sayılır, sübut kimi qəbul edilə bilməz”, – Elçin Sadıqov bildirib.

Məhkəmə bu vəsatəti də rədd edib.

Anar Məmmədli isə həbs edilərkən evindən götürülən kompüterinin qaytarılmasını tələb edib. O bildirib ki, iki il yarımdır kompüteri geri ala bilmir. Halbuki orada övladlarının fotoları, ailə videoları, elektron kitabları və uzun illər ərzində topladığı şəxsi arxivi var.

“Mən 2 min dollara yaxın pul xərcləyib, elektron formada ədəbiyyatlar almışdım. Nadir əsərlərdən sayılır. Kompüterimdə öz fəaliyyətimə aid illərlə topladığım arxivim vardı. Əvvəl istintaq gedirdi, başa düşdüm. Hökm də çıxıb, niyə qaytarılmır?” – Anar Məmmədli məhkəmədə deyib.

Lakin onun kompüterinin qaytarılması barədə vəsatət də təmin edilməyib.

Müdafiə tərəfi Anar Məmmədli və Anar Abdullanın apellyasiya məhkəməsinin yekun qərarınadək ev dustaqlığına buraxılmasını, həmçinin ekspertin dindirilməsi və əlavə sübutların araşdırılması üçün məhkəmə istintaqının aparılmasını istəyib. Məhkəmə bu vəsatətləri də rədd edib.

Növbəti məhkəmə iclası noyabrın 2-nə təyin olunub.

Anar Məmmədli 2024-cü il aprelin 29-dan həbsdədir. Ona əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb. İstintaqın sonunda ittihamlar ağırlaşdırılıb, ona qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, vergidən yayınma və digər maddələr də əlavə olunub.

Anar Abdullaya da eyni maddələrlə ittiham irəli sürülüb. Əvvəlcə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilsə də, sonradan həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Anar Məmmədli 13, Anar Abdulla isə 12 il azadlıqdan məhrum edilib. Onlar hökmdən apellyasiya şikayəti veriblər.

Anar Məmmədli bundan əvvəl də həbsdə olub. O, 2013-cü ilin dekabrında həbs edilib, 2016-cı ilin martında əfv sərəncamı ilə azadlığa buraxılıb. Həbsdə olduğu müddətdə Vatslav Havel mükafatına layiq görülüb.

Hüquq müdafiəçilərinin son hesabatına görə, Azərbaycanda 322 siyasi məhbus var.

Azərbaycan hakimiyyəti isə ölkədə siyasi motivlərlə həbslərin olmadığını, saxlanılan şəxslərin konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb edildiyini bildirir.

AbzasMedia

You may also like