“Human Rights Watch” DTX-nin yeni databazasının ləğvinə çağırır

by Gozetci

 

“Human Rights Watch” beynəlxalq insan hüquqları təşkilatı Azərbaycanda yeni yaradılan, vətəndaşların şəxsi məlumatlarını yığacaq sistemin ləğvinə çağırıb.

Təşkilatın Avropa və Mərkəzi Asiya şöbəsinin direktor müavini Giorgi Qoqianın müəllifi olduğu bəyanatda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin (MİRAS) hüquqi legitimliyi şübhə altına alınıb.

“Avropa İnsan Hüquqları Məhkəməsi dəfələrlə vurğulayıb ki, nəzarət (müşahidə) tədbirləri qanunilik, zərurilik və proporsionallıq üzrə ciddi standartlara cavab verməli, həmçinin müstəqil nəzarət, şəffaf qaydalar və effektiv hüquqi müdafiə vasitələrini əhatə etməlidir. MİRAS bu təminatlardan məhrumdur. Orada şəxsi məlumatlara nə vaxt və hansı hallarda çıxış edilə biləcəyi göstərilmir, məhkəmə və ya müstəqil orqanın icazəsi tələb olunmur, məlumatların saxlanma müddətinə limitlər, minimallaşdırma standartları və ya xarici audit mexanizmləri nəzərdə tutulmur. Nəzarət tam şəkildə DTX-nin əlində mərkəzləşdirilir və ictimai hesabatlılıq, eləcə də şəxslərin öz məlumatlarına çıxış əldə etməsi və ya onları düzəltməsi üçün heç bir prosedur nəzərdə tutulmur”, – Qoqia qeyd edib.

Təşkilat nümayəndəsi Azərbaycanın “olduqca avtoritar bir dövlət” olduğunu və jurnalistlərə, hüquq müdafiəçilərinə və fəallara qarşı “qanunsuz rəqəmsal nəzarətin tətbiqi ilə bağlı keçmişə malik olduğunu” xatırladıb.

“Keçmiş araşdırmalar hakimiyyət orqanlarının tənqidçiləri izləmək və qorxutmaq məqsədilə internet istifadəsinin monitorinqi alətlərindən və cəsus proqramlardan istifadə etdiyini ortaya qoymuşdur. Bu kontekstdə, güclü və müstəqil nəzarət mexanizmləri olmadan müxtəlif sektorlar və qurumlar üzrə həssas şəxsi məlumatları mərkəzləşdirən vahid bir sistem, özbaşına və ya qeyri-mütənasib nəzarət risklərini ciddi şəkildə artırır”, – o əlavə edib.

Qoqia Avropa Şurası da daxil olmaqla beynəlxalq tərəfdaşları Azırbaycan hakimiyyətinə “rəqəmsal idarəetmə islahatları adı altında nəzarətsiz müşahidə səlahiyyətlərindən sui-istifadə etməməsi üçün” təzyiq göstərməyə çağırıb.

Noyabrın 21-də Azərbaycan prezidenti İlham Əliyev MİRAS-ı təsis edən və dövlət qurumlarına öz məlumat bazalarını sistemə inteqrasiya etməyi tapşıran fərman imzalayıb.

MİRAS haqda Əsasnamə də həmin gün prezidentin saytında dərc edilsə də, bir müddət sonra silinib.

Əsasnamədə məlumat bazasına hansı geniş həcmli məlumatların daxil olunacağı qeyd olunub. Bunlara şəxslərin identifikasiya məlumatları, müşahidə sistemlərindən əldə edilən məkan məlumatları, habelə ailə, iş, təhsil, fiziki və psixi sağlamlıq vəziyyəti haqda məlumatlar daxildir.

Əsasnamə çoxsaylı yarımbəndləri olan səkkiz bənddən təşkil olunub və DTX-ni yaradılacaq sistemin həm sahibi, həm də operatoru kimi müəyyənləşdirib.

Toplum TV 

You may also like