Azər Qasımlının işi üzrə növbəti məhkəmə prosesi keçirilib

by Gozetci

Azər Qasımlı

 

Dekabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru Azər Qasımlının işi üzrə məhkəmə prosesi davam edib.

Proses zamanı sənədlərin tədqiqi mərhələsinə başlanılıb. Azər Qasımlının və zərərçəkən qismində çıxış edən Qurbanəli Yusifovun istintaqa verdiyi ifadələr, Mingəçevir Şəhər Məhkəməsinin əvvəlki qərarı və digər istintaq materialları hakim Telman Hüseynov tərəfindən elan olunub.

Sənədlər oxunduqca müdafiə tərəfi Qurbanəli Yusifovun ifadəsindəki şübhəli məqamlara diqqət çəkib. Vəkillər bildirib ki, “zərərçəkən” Azər Qasımlının onu 2022-2023-cü illərdə borca görə atasını öldürməklə və oğlunu qaçırmaqla hədələdiyini desə də, bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etməyib.

Azər Qasımlı da qeyd edib ki, 2024-cü ilin aprelində Qurbanəli Yusifovun ona olan borcu ilə əlaqədar Mingəçevir məhkəməsində iş açılıb və həmin prosesdə Qurbanəli Yusifovun atası dindirilib, lakin o, hər hansı təhdiddən danışmayıb. Qurbanəli Yusifov cavab olaraq bildirib ki, həmin vaxt “məsələni şişirtmək istəməyiblər”. Başqa bir cavabında isə ümumiyyətlə Mingəçevir məhkəməsindəki prosesdən xəbərsiz olduğunu iddia edib.

Qurbanəli Yusifov Azər Qasımlı üçün “bitcoin” aldığını da inkar edib. Lakin müdafiə tərəfi sənədlərə əsaslanaraq vurğulayıb ki, Yusifovun atası Mingəçevir məhkəməsində oğlunun bunu etiraf etdiyini bildirib.

Növbəti məhkəmə prosesi dekabrın 17-nə təyin edilib.

Azər Qasımlı ötən ilin dekabrından həbsdədir. O, Cinayət Məcəlləsinin 182.2.3-cü maddəsi (hədə-qorxu ilə tələb etmə, zor tətbiqi ilə törədildikdə) ilə ittiham olunur.

Siyasətçi ittihamı rədd edir və həbsinin ictimai-siyasi fəaliyyətinə bağlı olduğunu bildirir.

Toplum TV

You may also like