Jurnalist Hafiz Babalının səhhətində ciddi problemlərin yarandığı bildirilir

by Gozetci

Hafiz Babalı

 

Həbsdə olan araşdırmaçı jurnalist Hafiz Babalı səhhətində ciddi problemlərin yarandığını bildirir.

Dekabrın 4-də jurnalistin “Facebook” səhifəsində ictimailəşdirilən mesajda o qeyd edib ki, ayağında göyərmə, qızartı və açıq yaralar əmələ gəlib.

Hafiz Babalının sözlərinə görə, cəzaçəkmə müəssisəsinin həkimi də vəziyyətin ciddi olduğunu təsdiqləyib və təcili tibbi müdaxiləyə ehtiyac olduğunu bildirib.

Hafiz Babalı 2023-cü ilin dekabrında “Abzas Media işi” çərçivəsində həbs olunub.

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda “Abzas Media işi” üzrə təqsirləndirilən şəxslərə hökm oxunub.

Hakimin qərarı ilə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı, “Azadlıq Radiosu”nun jurnalisti Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, “Abzas Media”nın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.

Onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddədə ittiham ediliblər. Lakin jurnalistlər ittihamları rədd edib və məhz peşə fəaliyyətlərinə görə həbs olunduqlarını bildiriblər.

Toplum TV 

You may also like