
Əmrah Təhməzov
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) ictimai fəal Əmrah Təhməzovun 2023-cü ildə inzibati qaydada həbsindən verdiyi şikayət üzrə qərar verib.
Bu barədə məlumatı fəal Əmrah Təhməzov “Toplum TV”yə bildirib.
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) ictimai fəal Əmrah Təhməzovun 2023-cü ildə inzibati qaydada həbsinə dair şikayəti üzrə qərar qəbul edib.
Qərar bu il fevralın 6-da verilsə də, nüsxəsi ərizəçiyə noyabrın 7-də çatdırılıb.
Şikayət Əmrah Təhməzovun 2023-cü ilin mayın 29-da inzibati qaydada həbs olunması ilə bağlı olub. O, İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddələrilə ittiham olunaraq 30 sutka həbs olunmuşdu.
Əmrh Təhməzov ittihamları rədd edib və həmin vaxt “Facebook” səhifəsindəki paylaşımlarına, xüsusilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan şöbəsinin həbsdə olan sədri, həmin vaxt 3 ay yarım aclıq edən Əlizamin Salayevə görə prezident İlham Əliyevi tənqid edən paylaşımı ilə əlaqədar cəzalandırıldığını deyib.
AİHM “inzibati xəta üzrə icra olunan məhkəmə prosesində ədalətsiz mühakimə” səbəbindən Əmrah Təhməzovun Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsində qeyd olunan “qanunla yaradılmış müstəqil və qərəzsiz tribunal tərəfindən ədalətli və açıq dinlənmə hüququnun” pozulduğunu tanıyıb.
Qərarda göstərilir ki, Azərbaycan hökuməti də ərizəçinin hüququnun pozulduğunu qəbul edib. Buna görə də, məhkəmə iş üzrə hökumətin birtərəfli bəyanatı əsasında qərar verərək onu işlər siyahısından çıxarıb.
Məhkəmə maddi və mənəvi zərərə görə 900, hüquqi xərclərə görə 225 avro təzminat təyin edib.
İlham Əliyev bu il aprelin 9-da ADA Universitetində çıxış edərkən bildirib ki, Azərbaycan daha AİHM-in çıxardığı qərarları tanımayacaq. O, bunu Azərbaycanın nümayəndə heyətinin ötən il Avropa Şurası Parlamentlər Assambleyasından (AŞPA) kənarlaşdırılması ilə izah edib. Əliyev deyib ki, əgər nümayəndə heyəti Assambleyanın iclaslarında iştirak etmirsə və AİHM hakimlərinin seçimində səs verə bilmirsə, məhkəmənin Azərbaycan haqda çıxardığı qərarlar da etibarsız sayılacaq.
AŞPA ötən il yanvarın 24-də Azərbaycanın Avropa Şurasına üzvlükdən irəli gələn əsas öhdəliklərini yerinə yetirməməsini əsas gətirərək azərbaycanlı deputatların etimadnamələrini təsdiqləməyib.
AİHM işləri ilə məşğul olan vəkillər isə deyir ki, Azərbaycan hökuməti hələ 2024-cü ilin martından AİHM-in qərarlarını icra etmir.
Toplum TV